Azəri
Friday 19th of April 2024
0
نفر 0

YARMADANIN ŞİMALINDAKI DÖVLƏTLƏR

YARMADANIN ŞİMALINDAKI DÖVLƏTLƏR

Yarmadanın şimal və şimal-qərb nahiyəsində, Aralıq dənizinin sahilində yağışların yağması və yaxşı ticarət mövqeyi olması baxımından bir sıra dövlətlər tə’sis edilmişdir. Şimalda Əqəbə körfəzində Əl-ərbə vadisinə qədər uzanan ərazi Nibtilərin torpaqları olmuşdur. Deyilənə görə Nibti tayfası Ərəbistan səhralarından eramızdan 600 il qabaq bu ərazilərə köç etmişlər. Babil dövləti suquta uğradıqdan sonra onlar bir dövlət yaratmışlar. Eramızdan əvvəl dördüncü yüzilliyin sonunda – İsgəndərin hücumu nəticəsində Səba dövlətinin dənizdəki qüdrəti aradan getdikdə – Nibtilərin dövləti qüvvətlənmişdir. Onlar Sərhan vadisindən keçən ticarət yolunu da ələ keçirdilər.

Nibtilərin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mə’nası “daş” deməkdir. Nibtilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı “hisni səl’” qaya divar (sıldırm qala) olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nibtilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Rum imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nibtilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O İran körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.

PETRANIN YERİNƏ PALMİRA

Üçüncü əsrdə Sasani şahları ilə Rum imperatorları arasında baş vermiş müharibələr və Həbəşilərin Ərəbistanın cənubuna müdaxilə etməsi nəticəsində Hind okeanında gəmilərin gediş-gəlişi azaldı. Nəticədə dəniz vasitəsi ilə olunan ticarətin əvəzinə başqa Ərəbistanın quru səhralarından keçən ticarət yolu rövnəq tapdı. Bu dəyişikliyin əsərində Palmira (onun başqa bir adı Tədmurdur) Petranın yerini əvəz etdi.

TƏDMUR

Tədmur ya Palmira o günlərin ən mühüm ticarət yollarından olub. Dəməşq şəhərinin şimal-şərqinin 225 km-də onun xarabalıqları qalmaqdadır. Belə mə’lum olur ki, bu şəhəri Süleyman peyğəmbər (ə) tikmişdir. Ticarətdən əlavə bu şəhər hərbi cəhətdən də özünəməxsus mövqeyə malik olmuşdur. Bura İranla Rum arasında baş vermiş müharibələrdə Rumluların diqqət nəzərini özünə cəlb etmiş və get-gedə onların himayəsinə keçmişdir.

Üçüncü əsrdə Tədmurun hakimi Uzəynə İranın qoşunlarını Suriya və kiçik Asiyadan qovub çıxarmaqla, Rumlulara böyük kömək etmiş oldu. Sasani şahları tərəfindən Valeriyan əsir alındıqdan sonra, o, Rum imperiyasının şərqi Rum torpaqlarında canişini oldu. Mesopotomiyanı, Suriyanı, Kiçik Asiyanın bir hissəsini, hətta Misiri əhatə edən geniş bir dövlət (ölkə) yaratdı. Uzəynənin ölümündən sonra, onun Zənbiya adlı arvadı oğlunun tərəfindən hakimiyyəti əldə etdi. 270-ci ildə oğlunun adına sikkə (dəmir pul) düzəltdi. Ancaq bu dövrdə Rum imperatoru olan Zənubya əsir edilərək Romaya göndərildi və orada da vəfat etdi. Tədmur artıq əvvəlki rövnəqini əldə edə bilmədi.

CƏNUBDAKI DƏYİŞİKLİKLƏR

İstər Mə’rəb Səddinin dağılması, istərsə də daxili çəkişmələrin büruz etməsi cənub nahiyəsinin rahatlığını pozdu. Əkinçilik rövnəqdən düşdü, ticarət də təhlükə ilə üzləşdi. Qonşular bu ərazinin gəlir mənbəyini ələ keçirməyə cəhd edirdilər. Bu çətinliklər əhalinin öz torpaqlarını tərk edib, başqa bir yerlərdə məskunlaşmasına səbəb oldu. Cənub əhalisinin bir qrupu şimala üz tutaraq, Rum imperatorluğunun sərhədinə yaxın olan ərazini yaşayış üçün münasib bildilər. Digər bir qrup isə şərqdə Sasani imperiyası ilə həmsərhədd olan ərazilərdə yerləşdilər. Dəniz vasitəsi ilə yüklərin daşınması təhlükəli olduğundan, karvan yolları işə düşdü. Dəvə və at gəmini əvəz etd. Nəticədə cənubdan şimala uzanan bu yol üzərində kiçik şəhərlər meydana gəldi. Alaçıqda yaşayanlar, heyvandarlıqla məşğul olanlar bu şəhərciklərə axışdılar. Qoyun-quzu saxlamaq əvəzinə, yük daşımaq və karvanı müşayiət etmək vəzifəsini öhdələrinə götürürdülər. Cənubdakı böyük dövlətlərin süqutu və bu dəyişikliklərin ardınca həmin məntəqənin bə’zi qüdrət sahibləri, həmçinin şərqə və şimala hicrət edənlər qüvvətlənərək hökumət təsis etmək imkanı əldə edə bildilər. O vaxtlar müharibə iki böyük qüdrətli dövlət (İran və Rum) arasında olduğundan, kiçik dövlətlər bu iki dövlətin himayəsində idilər.

Mühacirlərin tə’sis etdiyi bu dövlətlər, Ğəssanilər, Ləxlilər İran imperiyasının himayəsində idi. Kənde qəbiləsini isə Həmirilər himayət edirdilər. Bu dövlətlərin tərəqqisi və tənəzzülü onları dəstəkləyən dövlətin qüdrətindən asılı idi.

ĞƏSSANİLƏR

Bu qəbiləni bə’zi vaxtlar Ali Cəfnə də (Babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf hicrət edərək Rum imperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq badiyətuş-şama (Şam çölünə) getmişdir. Ğəssan adlı çayın sahilində yerləşdiklərinə görə onları Ğəssani çağırırmışlar. Ğəssanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Rum imperiyasında baş verən müharibələrdə Rumluları himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər.

Justiyanın imperator olduğu dövrdə Ğəssani dövləti daha da gücləndi. O, bu qəbilənin əmiri olan Haris ibni Cəbləni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Ğəssanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Ğəssani dövləti islamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Rum imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Ruma və ya Kiçik Asiyaya getmişdir.

LƏXMİLƏR

Ləxmilər və ya Ləxm (bə’zən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq ali Münzir də deyirlər) üçüncü əsrin sonundan Hiyrə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hiyrə şahları Sasani dövlətinə tabe olmuş, Rum imperiyası ilə müharibədə onlara kömək etmişlər.

Görünür Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Ğəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti 7-ci əsrin əvvəlinə qədər davam etmişdir. Bu qəbilənin ən məşhur şahlarından biri Nə’man ibni Qeyeydir ki, 5-ci əsrin əvvələrində hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Nə’man Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Mə’lumata görə tikinti qurtardıqdan sonra, sarayın me’marlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı me’mar öldürülmüşdür. Nə’man ibni Münzir bu ailənin sonuncu adlı-sanlı şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibni Nə’mandır ki, onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vaxtına təsadüf edir.

SƏHRA SAKİNLƏRİ

Qeyd etdiyimiz kimi, Ərəbistan yarmadasının cənubunda yağışların yağması və torpağın məhsuldar olması ilə əlaqədar olaraq hələ qədim zamanlardan bəri, abadlaşmış və şəhərlər salınmışdır. Ancaq şimal ərazilərində və səhralarda cəmiyyət yox idi. Lakin belə deyil ki, orada abadlıqdan əsər-əlamət olmasın. Qırmızı dənizin sahilləri və Nəcddə – oradakı yer altı su mənbəsindən su quyuları meydana gəlmişdi – əhali yaşayırdı. Məsələn, Hicaz əyalətinin 200 dərəcə şimal zolağında Yəsrib şəhəri salınmışdır ki, sonralar Mədinətün-nəbi adı ilə əvəz olunmuş, daha sonra isə sadəcə olaraq Mədinə adlanmışdır. Bu şəhərdə su quyuları və kəhrizlər olduğundan, həmçinin torpağın əkinə yararlı olması əhalinin burada məskunlaşmasına səbəb olmuşudur. Şimal ərazisinin ucqar nöqtəsində Təbuk və Dumətul-cəndər kimi şəhərlər də mövcuddur. Burada Qırmızı dənizə yaxın olan bir sahədə Məkkə şəhərini qeyd etmək olar ki, onun barəsində ətraflı danışacağıq. Bu kiçik şəhərləri, suyu və yaşıllığı olan ərazini keçdikdən sonra həmin ərazinin əksəriyyətini geniş səhralar təşkil edir. Bə’zən qış və yaz mövsümündə Aralıq dənizindən gələn buludlar bu geniş səhranın üzünü örtür və yağışlar yağır. Gur yağan yağışların ardınca sel gələrək vadilərə axıb gedir. Ondan sonra otlar göyərir və torpaq bir müddət yaşıl çəmənə bürünür. Bə’zən də illər keçir, ancaq orada yağışdan heç bir əsər-əlamət görünmür. Bu nahiyənin yay günlərində havası isti, hətta çökək ərazilərdə istiliyin hərarəti 50-dərəcəyə çatır – gecələri isə mülayim olur. Hərdən qışda Şəmmər sıra dağlarının başına qar da yağır. Belə bir şəraitdə səhrada yaşayan əhali çətinliklə həyat sürürdü. Çöl ərəbi - dildə ona bədəvi deyilir – bu səhranın ətrafında yaşayırdı. Xariclə əlaqəsi olmadığından buranın yaşayışı uzun müddət dəyişilməmişdir. Səhra sakini yazın ikinci ayından payızın ikinci ayına qədər özünə və qəbiləsinə məxsus olan su nohurunun ətrafında yaşayırdı. İlk yağış yağdıqdan sonra isə səhraya tikanlı otlar toplamağa gedərdi.

Beləliklə cənub ərazisində əhalinin çox və sıx olmasının əksinə olaraq, şimal və mərkəzdəki geniş səhralarda əhali çox az idi. Bu günün özündə də orada ərazi azlıq təşkil edir. Belə bir yaşayış tərzi olan yerdə ev tikib daimi məskunlaşmağın heç bir mə’nası yox idi. Ona görə də səhra sakinin evi gərək yüngül olaydı ki, onu istədiyi vaxt söküb özü ilə apara və başqa bir yerdə qura biləydi. Belə bir ev keçi yunundan əyirilmiş iplə toxunmuş çadırlar, dirəyi isə xurma ağacının budaqları idi.

Köçəri halda yaşayan səhra sakinləri çalışırdı bu yer dəyişmələrdə hər zaman zəruri olan şeyləri özü ilə aparsınlar. Çadır (alaçıq), yatmaq üçün ev ləvazimatları, su tuluğu, su qızdırmaq üçün qab, ərzaq, ara-sıra kobud bir döşək, yük daşımaq üçün dəvə və bə’zi hallarda da qoyun onların əmlakı hesab olunurdu. Əlbəttə işlərin ağırlığı qadının üzərinə düşürdü, ancaq övladların barəsində təbiidir ki, çöldə yaşayan ərəb qız övladından daha çox oğlan uşağına meyl göstərirdilər. Çünki, oğlan uşağı uşaqlıqda dəvəyə göz qoyar, atanın işlərinə kömək edərdi. Böyüdükdə isə ailəni əsgər kimi düşmənin zərərindən qoruyardı. Belə şəraitdə qız uşağı əl-ayağa dolaşırdı və gərək daim onu qoruyan olaydı. Elə buna görə də çöl ərəbləri qız uşaqlarını sevmirdilər. Eşidəndə ki, onların qızları olub çox narahat olurdular. Qur’ani-kərimdə oxuyuruq: Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəbdən üzü qap-qara qaralardı. Verilən xəbərin pisliyi üzündən öz tayfasından qaçıb gizlənərdi. Gərəsən o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Bir görün onlar necə pis mühakimə yürüdürlər! (oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər) (Ən-Nəhl 58-59)

Bu narahatçılığın başqa bir səbəbi də var idi. İslamdan qabaq çadırda yaşayanlar, müharibə və münaqişə dolu bir həyat sürürdülər. Bu müharibələrdə qalib olan dəstə qadınları və qızları əsir götürüb aparırdılar. Qadın və qızın əsir düşməsi məğlub olan dəstə üçün ən böyük təhqir sayılırdı, çünki bununla nəslin namusu (təmizliyi) aradan gedirdi. Buna görə də biz ərəblərin nəsəblər kitabında görürük ki, onlar çalışıb öz nəsəbnamələrini qorumuşlar. Bununla onlar yad bir adamın onların öz nəsil və soylarına daxil olmamağını və soylarının təmiz qaldığını göstərmək istəyirlər.

 

Əvvəldə Qeyd etdiyimiz kimi, bədəvi ərəblər daim su tapmaq üçün hərəkətdə olmuşdur. Bu gediş-gəlişdə arvadı və övladı onunla birgə olmuş, çünki səhra çalışma səhrasıdır. Onu da qeyd edək ki, qarşıya çıxa biləcək bə’zi çətinliklərin öhdəsindən bir ailə belə təklikdə gələ bilmir. Çarəsizlikdən bu səfərlərdə bir neçə ailə birlikdə getməyə məcburdur. Ancaq bu ailələri bir-birinə yaxınlaşdıran səbəb (nəsəb-nəsil) olmalıdır. Belə ki, ya qardaş, ya əmi oğlu və ya qız alıb-verməklə bir-birləri arasında qohumluq əlaqəsi olmalıdır. Belə yaxınlıq əlaqəsi olan birliyə “qövm” deyilir. Bir neçə qövmün birliyindən isə qəbilə meydana gəlir. Qəbilələr çox vaxt “bəni Hərb, bəni Təyyim, bəni Ədiy” və s. bu kimi adlarla adlanırdılar. Alaçıqda yaşayanlar (yə’ni səhra sakinləri) heç vaxt kənar qəbilənin hökmranlığını qəbul etmirdilər.

Səhranı gəzmək, mənzil başında dayanmaq, ixtilaf düşdükdə hakimlik etmək, “şeyx” adlı rəhbərin üzərinə düşür ki, yaşca hamıdan böyük olurdu. Şeyx qəbiləni keçmiş ata-babalarından miras qalmış adət-ən’ənələrlə (sünnətlərlə) idarə edir. Bu vəzifəyə seçilən şeyx gərək lazım olan şərtləri və xüsusiyyətləri özündə toplaya bilən şücaətli, səxavətli, güzəştə getməyi bacaran, əlinin altındakılara təsəlli verən və qəbilənin marağını qorumağı bacaran şəxs olmalı idi. Düşmənçilik zamanı hakimlik etmək, müharibə əmrini vermək hansısa bir qəbiləyə birləşmək və ya ondan ayrılmaq kimi məsələlər də şeyxin öhdəsinə düşür. Hətta hansısa əqidəni və ya dinin qəbul edilib edilməməsində şeyxin rə’yi əsas rol oynayırdı. Əgər qəbilənin şeyxi hansı dini və ya ən’əni qəbul etsəydi, təbii olaraq qəbilənin üzvləri də o dini və adət-ən’ənəni qəbul edirdilər. Əlavə edək ki, islam dininin gəlişi ilə başqa sünnətlər kimi, qəbilənin bu adət-ən’ənənəsi də pozuldu. Belə ki, üzvlər islam dinini qəbul etdiyi halda, qəbilənin şeyxi ona meyl göstərmirdi.

Belə bir mühitdə həyat sürmək üçün daim gərək təbiət və insanla mübarizə aparasan. Elə ona görə də ardıcıl münaqişələr baş verirdi. Dəvə və qoyun onun mal-dövləti, su və ot isə onun dirilik mənbəyi idi. Qeyd etdiyimiz kimi, bu səhrada su və ot az tapılan bir şey, onu axtaranlar isə çox idi. Bunları əldə etmək üçün onlar bir-biri ilə üzləşməli və ya vuruşmalı idilər.

Bundan əlavə başqa dəstələrə hücum edərək var-yoxlarını qarət etmək, bununla da öz rahatlıqlarını tə’min etmək səhra sakinlərinin adi işlərdən biri sayılırdı. Elə bu səbəbdən də onların tarixində islamdan qabaq kiçik məsələlər üstündə çoxlu qanlar tökülmüş və adamlar öldürülmüşdür. Belə münaqişələr illər boyu davam etmişdir. Bu barədə daha ətraflı mə’lumat almaq üçün “Əyyamül-ərəb” kitablarına müraciət etmək lazımdır.

Biz burada yalnız nümunə olaraq Təğləb ilə Bəni-bəkr qəbiləsi arasında baş vermiş Bəsus müharibəsinə işarə edəcəyik. Bu qəbilənin hər ikisi Rəbiə tayfasındandır. Bunlar arasında baş verən müharibə 40 il davam edib. Səbəbi da bir qəbilənin otluq sahəsinə o biri qəbilənin dəvəsinin girməsi olmuşdur.

İslamdan qabaq ərəblər baş vermiş müharibələrə və münaqişələrə dair şe’rlər və qəhrəmanlıq dastanları qoşaraq iftixar hissi ilə oxuyurdular. Belə şe’r və dastanlar sinələri dolaşaraq nəsildən nəsilə ötürülürdü. (Elə bu səbəbdən idi ki, şe’r ərəblər arasında rövnəq tapmış, qəhrəmanlıq ədəbiyyatı isə güclənmişdi.)

Səhra övladı sağlam mühitdə böyüdüyü üçün gümrah və sağlam bədənə malik idi. Digər tərəfdən də heç bir qayda-qanuna tabe olmayaraq azad və lovğa yaşamaq istəyirdi. Şəhər yaşayışına, adət-ən’ənə və qoyulmuş qayda-qanunlarına e’tinasız və rişxəndlə yanaşırdı. Əgər zərurətdən bir neçə günlüyə şəhərə getmiş olsaydı belə, ürəyi səhra və alaçığının yanında qalırdı. Onun ömür sürdüyü ocaq ilk növbədə ailəsi, sonra qan qohumları idi ki, bir yerdə yaşayır, bir yerdən başqa yerə də birlikdə gedərdilər. Özünə və ona bağlı olan hər bir şeyə hörmət edər, onların müdafiəsi üçün canından keçməyi belə hazır olardılar. Onu bu müdafiyəyə təhrik edən yeganə amil nəsil cəhətdən bir-birlərinə bağlılıq idi. O, öz qohumuna arxa çıxan zaman kimin günahkar olmasını soruşmazdı. Qəhtani və Ədnani qəbilələrinin öz daxilində çoxlu sayda münaqişə və müharibələr baş verməsinə baxmayaraq, kənardan əgər onlara hücum etsəydilər bütün ixtilafları kənara qoyub birləşərək düşmənə qarşı birgə vuruşardılar. Məsələn, Həmdan və Qəzaə qəbilələri uzun müddət bir-birləri ilə müharibə etdiyi zaman, qəfildən Rəbiə qəbiləsi onlardan birinin üzərinə hücuma keçərdi. Bu vaxt onlar öz aralarındakı münaqişəni kənara qoyub bir yerdə Rəbiə qəbiləsi ilə vuruşardılar. Bu yaxın qohumların qeyrətini çəkmək hissidir ki, Qur’an bunu cahiliyyət dövrünün qeyrəti və şərəf hissi kimi qələmə vermişdir.

İsti və quru səhrada həyat sürmək, sərtliyi və rəhimsizliyi onlara təlqin edirdi. Əgər əlverişli şərait olsaydı, bəlkə də sərtlikdən istifadə etmək özünün son həddinə çatmazdı.

Bu döyüşkənlik, dözümlülük səhra sakininin hərəkət-tərzi idi. Ancaq onların təbii həyatlarında başqa şeylər də nəzərə çarpırdı.

Onunla bağlılığı olan bir nəfərin və ya bir neçə nəfərin yolunda fədakarlıq göstərməyə, malından, hətta canından da keçməyə hazır idi. Bə’zən belə fədakarlıq divanəlik həddinə gəlib çatardı. Ərəblərin zərbül-məsəllərində rast gəlirik:

Məsələn deyirlər ki, bir kişi səhər tezdən öz alaçığından bayıra çıxıb görür ki, bir dəstə adam onun xeyməsinin ətrafında toplanıb. Səbəbini onlardan soruşduqda deyirlər ki, dünən axşamdan bir dəstə çəyirtkə sənin alaçığının ətrafına toplaşıblar ki, biz də istəyirik onları ovlayaq. O kişi çadıra dönərək, nizəsini çiyninə alıb gəlir və onların qarşısında dayanaraq belə deyir: Çəyirtkələr mənim alaçığımın kölgəsinə sığınıblar, siz də istəyirsiniz onları ovlayasınız? Belə bir işə əsla icazə vermərəm. Əgər bir nəfər çəyirtkələrə yaxınlaşsa mənim nizəmin qurbanı olacaq. O, günəşin doğub çəyirtkələrin uçub getməsinə qədər müqavimət göstərdi. Sonra dedi: İndi çəyirtkələr mənim himayəmdə deyil, siz gedib onları ovlaya bilərsiniz.

Qeyd etdiyimiz kimi, beşinci yüzillikdən Ərəbistan yarmadasının ictimai həyatında dəyişikliklər baş verdi. Xalqın yaşayış tərzində də müəyyən yeniliklər hiss olunurdu. Karvan yolunun dəyişməsi yeni şəhərlər və şəhər tipli qəsəbələrin salınmasına səbəb oldu. Bu kiçik şəhərlər səhra sakinlərini özünə cəlb edirdi. Onlardan bir dəstəsi şəhərdə muzdurluq edər, başqa bir dəstə isə karvan yolunu qorumaq və ticarət mallarının limanlara çatdırılması vəzifəsini yerinə yetirirdilər. Karvanlara bələdçilik edən bədəvilərə kömək edən amil onların məharətli at minib-sürmələri idi. Dediyimiz cənubda Mə’rəb səddinin dağılması ilə əkinçiliyin ağır vəziyyətə düşməsi, bütövlükdə Ərəbistan yarmadasının ümumi vəziyyətinə tə’sir etmişdi. Ancaq həmin vaxtlar sahil boyu – İran körfəzindən tutmuş Qəzzə limanına qədər və Əqəbə körfəzi – ticarət əhəmiyyəti kəsb etdiklərini qoruya bildilər. Bu uzun yol boyunca cəzb olunan yerlərdə əhali cəmləşirdi. Belə ki, xaçpərəstlərin bir dəstəsi Hərrana, yəhudilər isə Yəsribə gedərək əkinçiliklə məşğul oldular.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

 
user comment