Azəri
Friday 29th of March 2024
0
نفر 0

Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya məsləhəti tərk etmişdimi?

Quran Bədr və Təbuk müharibələri ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-i məzəmmət edərək “nə üçün belə bir qərara gəldin, nə üçün bu işi gördün?” deyə buyururmu? Bunlar Peyğəmbərin isməti ilə ziddirmi?
Qısa cavab

Müsəlman alimlərindən bir qrupu inanır ki, hər hansı bir mühüm hadisə barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə vəhy gəlməsəydi, o həzrət öz ictihadı (nəzəri) üzündən qərar qəbul edirdi. Əlbəttə, o həzrətin qərarlarının övləviyyətin (daha üstün olan şeyin) və ya məsləhətin əksinə olması mümkün idi. Bədr və Təbuk müharibələri ilə əlaqədar ayələrdə zikr olunanlardan biri budur ki, Allah-taala Öz Peyğəmbərini “nə üçün övləviyyətin və ya məsləhətin əksinə əməl etdin?!” deyə danlayır.

Digər bir qrup alim də inanır ki, peyğəmbərlərin isməti tərki-övla ilə zidd deyildir, lakin eyni zamanda bu ayələr barəsində qəti dəlil və şahidlərə istinad edərək deyirlər: “Ənfal” surəsinin 67-ci ayəsi: “Heç bir peyğəmbərə layiq deyildir ki, onun üçün əsirlər olsun...” İslam Peyğəmbəri üçün danlaq və məzəmmət deyil; əksinə xitab Bədr müharibəsində iştirak edənlərə yönəldir.

Həmçinin, “Tövbə” surəsinin 43-cü ayəsində Allah səni bağışlasın! Nə üçün Təbuk müharibəsindən qaçanlara icazə verdin...” Peyğəmbəri-əkrəmə nisbət verilən “zənb” – günah kəlməsi nə ürfi günahdır, nə də lüğət mənasına olan günah. Bu ayədəki məzəmmət də ciddi deyil, həqiqətdə Peyğəmbər barəsində dua, təşəkkür və əzizləmək məqsədi güdür.

Deməli, bu hadisələrdə Peyğəmbərdən nə tərki-övla baş vermişdir, nə də o həzrət məsləhəti tərk etmişdir.

Ətreaflı cavab

“Peyğəmbərlərin isməti hətta tərki-övla etməmələrini də tələb edirmi, yoxsa belə bir şeyi tələb etmir?” sualı ilə əlaqədar islam alimləri tərəfindən çoxlu bəhslər irəli çəkilmişdir. Onlar peyğəmbərlərin isməti bölməsində demişlər: Bürhanın dəlalət etdiyi son məsələ budur ki, onlar (peyğəmbərlər) tərki-övlanı etməməkdə yox, sadəcə üsyankarlıq, xəta və unutqanlıq məsələləri qarşısında ismətli – toxunulmazdırlar. Allah da bəzən Öz peyğəmbərlərini “nə üçün biri nisbətən yaxşı, digəri isə daha yaxşı olan iki iş arasından daha yaxşı olanı seçməmişdir?!” deyə müəyyən cəzalara düçar edirdi.[1]

Bəzi alimlər də demişlər: Əgər hər hansı bir mühüm mövzu və hadisə barəsində vəhy nazil olmasaydı, Peyğəmbər elə qərar qəbul edirdi ki, ona başqa şəkildə də əməl edilməsi mümkün idi. Belə olan halda dərhal vəhy nazil olur və onun rəyini əksinə dəyişdirirdi. Məsələn, Bədr əsirləri[2] ilə əlaqədar, yaxud Təbuk müharibəsində[3] münafiqlərdən bir qrupuna icazə verməsi ilə əlaqədar Peyğəmbərə xəbərdarlıq verilir ki, övla (daha üstün olan) hökmə qayıtsın.[4]

Amma şiə alimlərinin əksəriyyəti tərki-övlanı peyğəmbərlərin isməti ilə zidd hesab etmir, eyni zamanda bu iki ayənin mənasının Peyğəmbər tərəfindən tərki-övla olduğunu da qəbul etmirlər. Məsələn, Bədr müharibəsi barəsində deyirlər ki, bu ayədə xitab Peyğəmbərə deyil və məzəmmət ona tərəf istiqamətlənməmişdir.

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində yazır: “Ayənin mənası budur ki, Allah-taalanın Öz peyğəmbərləri arasında qoyduğu ilahi sünnətlərdə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir kəsi əsir tutmağının və bu yolla müəyyən qədər mal-dövlət əldə etməyinin misli görünməmişdir. Bu işə yalnız o zaman icazə verilirdi ki, onun dininin hüdudları genişlənmiş olsun.

Bütün müfəssirlər yekdil fikirlə demişlər ki, bu ayələr Bədr hadisəsindən sonra nazil olaraq həmin müharibədə iştirak edənləri məzəmmət etmiş və sonra qəniməti onlara mübah (halal) bilmişdir.[5] Amma bəzi alimlər inanırlar ki, bu ayələr “nə üçün fidyə aldınız?!”, yaxud “nə üçün qənimətlər Allah tərəfindən mübah edilməzdən qabaq halal etdiniz?!” deyə məzəmmətlə əlaqədardır. Belə olan halda Peyğəmbər də məzəmmət olunur. Çünki o həzrət Allah tərəfindən izn olmadan fidyə barəsində öz köməkçiləri ilə məşvərət etmişdi. Lakin bu söz əsla düzgün deyildir: müsəlmanlar bu ayələr nazil olandan sonra fidyə almışdılar; bu ayələrdən qabaq almamışdılar ki, məzəmmətə layiq görülərlər. Peyğəmbəri-əkrəm də elə yüksək məqamlıdır ki, onun barəsində Allahın izni və vəhy olmadan hər hansı bir şeyi halal etməsi ehtimalı verilə bilməz. Allah-taala da Öz Peyğəmbərini əzəmətli (böyük) bir əzabla təhdid etməsi qeyri-mümkündür. Çünki təqsir olmadan əzab göndərməsi Allaha layiq deyildir, halbuki Allahın Özü Peyğəmbəri günahlardan saxlayır. Məlumdur ki, “böyük əzab” yalnız böyük günaha nazil olar.[6]

“Təfsiri-nümunə” kitabında bu barədə deyilir: Yuxarıdakı ayələrin zahiri mənası müharibədən sonra fidyə almaq barəsində deyil, müharibə əsirləri tutmaq barəsindədir. Buna əsasən, ayənin təfsirinin düşünülməsində bəzi müfəssirlər üçün yaranan iradların çoxu öz-özünə həll olunub aradan gedir.

Həmçinin, danlaq və məzəmmət də kamil qələbədən öncə maddi hədəflər üçün əsir tutmağa başlayan qruplara yönəlir, onun Peyğəmbərlə və yalnız cihad hədəflərini izləyən möminlərlə heç bir əlaqəsi yoxdur. Deməli, “Peyğəmbər burada günaha düçar olubmu və bu onun ismət məqamı ilə necə uyğun gələ bilər?” kimi bəhslərin hamısı yersizdir.

Habelə, bu ayənin təfsirində əhli-sünnətin bəzi kitablarında qeyd olunan “ayə Bədr müharibəsindən sonra və Allah tərəfindən izn verilməmişdən qabaq Peyğəmbərin və müsəlmanların müharibə əsirləri müqabilində fidyə almaları ilə əlaqədardır” və s. kimi sözlər tamamilə əsasız hədislərdir.

Amma Peyğəmbərin Təbuk müharibəsində münafiqlərdən bəzilərinə icazə verməsi barəsindəki irada gəldikdə isə, Fəxr Razi və başqa bir qrup demişlər ki, burada əfv etmək tərki-övla müqabilindədir və tərki-övla da mürəşərri ürfündə günah sayılmır, məzəmmətə layiq görülmür.

Başqa bir qrup da demişdir ki, bu ayədə “əfv etmək” daha üstün və daha səlahiyyətli bir iş müqabilindədir və onun tərk olunması lüğətdə günah sayılmasa da, “zənb”in “məsiyyət”lə fərqi vardır. Hər bir halda o həzrətin izn verməsi öz ictihadı üzündən idi və əvvəllər bu barədə ona vəhy gəlmədiyindən bu kimi hallarda səhvə yol verilməsi peyğəmbərlər barəsində caiz və mümkündür. Caiz olmayan şey isə vəhyə müxalif olan şeyin baş verməsi və Allaha itaətsizlikdir ki, bütün peyğəmbərlər ondan məsumdurlar. Peyğəmbərin yalan danışması, ona vəhy olunan şeylərdə səhv etməsi və ya əməldə onunla müxalifət etməsi qeyri-mümkündür

Mərhum Əllamə Təbatəbai bu nəzəriyyələri nəql və tənqid etməklə eyni zamanda buyurur: Bu ayə müharibədən imtina edənlərin nifaq və yalanının zahir olmasını iddia etmək məqamındadır. Onlar müxtəsər bir imtahanla ifşa edilərək rüsvay olunurdular. Bu məqama münasib olan məsələ budur ki, xitab və məzəmmət dinləyiciyə yönəlsin və onu məzəmmət etsin. Məsələn, dinləyici səbəb olur ki, onların abır-heysiyyətləri qorunsun və onların rüsvayçılıqlarının üstünə pərdə salsın. Bunun özü də kəlamın ədəb qaydalarındandır və ondan məqsəd yalnız və yalnız mətləbin açıq-aydın olmasını bəyan etməkdir, bundan əlavə heç bir şeyi çatdırmır. Eynilə “sənə deyirəm, ey divar, eşit!” məşhur atalar sözü kimidir ki, onun əsl mənası nəzərdə tutulmur.

Bu cümlədə də məqsəd o deyildir ki, təqsiri Peyğəmbərin boynuna atsın, sonra “Allah sənin təqsirindən keçsin!” desin.  O cənab Allah əmrinin dirçəldilməsində heç vaxt sui-tədbirə yol verməz və bu yolla günaha batmazdı. Əksinə, məqsəd yalnız və yalnız münafiqlərin yalanını aşkar etmək idi.

“Nə üçün onlara icazə vermişsən?” sözünün mənası budur ki, əgər onlara icazə verməsəydin, daha yaxşı olar və daha tez rüsvay olardılar. Onlar batinlərinin xəbis və niyyətlərinin xarab olduğuna görə buna layiqdirlər, nəinki “icazə verməmək dinin məsləhətinə daha yaxın və ümumiyyətlə, daha artıq məsləhətə malik idi” deyə buyurmuş olsun.[7]

Buna görə də Peyğəmbərin izni nə lüğətdə, nə də ürfdə günah deyildir. Habelə, bu ayədəki məzəmmət ciddi deyildir və həqiqətdə “Allah səni bağışlasın” cümləsi xəbər cümləsi deyil, duadır.[8]

Bu mövzu ilə əlaqədar daha artıq mütaliə və tədqiqat üçün bax:

1. “Üsuli-fiqh elmində mülahizələr”, üsul elminin xaric dərslərinin silsiləsi, birinci kitab, beşinci dəftər, səh. 31-33, ustad Hadəvi Tehrani

2. Görünüş: “Quran nəzərindən peyğəmbərlərin isməti”, sual 8596 (sayt: az8565)

3. Görünüş: “Quranda peyğəmbərlərin ismətli olub-olmamasını göstərən ayələr”, sual 10851 (sayt az10688)

 


[1] Hadəvi Tehrani, Məhdi, “Üsuli-fiqh elmində mülahizələr”, üsul elminin xaric dərsləri silsiləsi, birinci kitab, beşinci dəftər, “sünnətin verilmə mənbələri”, səh. 21-22

[2] Quran Bədr əsirləri barəsində buyurur: “Heç bir peyğəmbərə layiq deyildir ki, dini bütün yer üzündə qərarlaşana qədər əsirləri olsun...” “Ənfal” surəsi, ayə: 67

[3] Bu müharibədə münafiqlərdən bir qrupu Peyğəmbərin yanına gələrək müxtəlif bəhanələr gətirməklə, hətta and içməklə icazə almaq istəyirlər ki, həzrət onları müharibə meydanına aparmaqdan üzrlü hesab etsin, Peyğəmbər də bu qrupa icazə vermişdi.

عَفَا اللهُ عَنْکَ لِمَ اَذِنْتَ لَهُمْ

“Allah səni bağışlasın, nə üçün onlara icazə verdin?!” Nəzərə alaq ki, bu ayədəki sual inkar və ya məzəmmət üçündür. Ayənin əsl mənası belə olur: “Yaxşı olardı ki, müharibədən qaçmaq istəyən və döyüşdən boyun qaçıran bu şəxslərə heç bir vəchlə icazə verməzdin!” “Tövbə” surəsi, ayə: 43

[4] Əbdül-Ğəni, “Quran və müasir elm”, səh. 64

[5] Yəni Allah-taala bu ayələrdə Bədr müharibəsində iştirak edən müsəlmanları ona görə məzəmmət edir ki, onlar kafirlərdən əsir tutmuşdular və sonra Peyğəmbərdən istəyirdilər ki, onların qətlinə fərman verməsin, əvəzində qan bahası alsın, sonra onları azad etsin, nəticədə kafirlər əleyhinə müharibədə döyüş qüvvələri artsın və mövcud nöqsanlı halları islah etsinlər. Allah bu hadisədə müsəlmanları şiddətlə məzəmmət etsə də, onların təklifləri qəbul edildi: qan bahasına şamil olan qənimətlərdən istifadə edilməsinə icazə verdi.

[6] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 9-cu cild, səh. 177-180

[7] Bu mənanın dəlili sözügedən ayədən sonrakı dördüncü ayədir:

لَوْ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمْ إِلاَّ خَبَالاً ولأَوْضَعُواْ خِلاَلَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ

Çünki bu ayədən başa düşülür ki, o həzrətin icazə verməsində öz-özlüyündə məsləhət yox idi, əksinə izn verməməyin məsləhəti daha çox idi; çünki əgər izn verməsəydi və münafiqləri özü ilə aparsaydı, sair müsəlmanların da fikrini qarışdırar, onların ittifaq və birlikləri təfriqəyə, ixtilafa düçar olardı. Deməli, ən məsləhətli yol bu idi ki, müharibəyə getməmələrinə icazə verməsin. “Əl-mizan”ın tərcüməsi, 9-cu cild, səh. 383

[8] Bu barədə əlavə məlumat almaq üçün bax: Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 9-cu cild, səh. 381-388

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment