Azəri
Thursday 27th of June 2019
  54
  0
  0

Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?

Fəsad barəsində söhbət açan Quran ayələri hansılardır?
Qısa cavab

“Fəsad” kəlməsi “səlah”ın antonimidir və hər bir pozucu, təxribatçı, dağıdıcı işə fəsad deyilir. Buna əsasən, hər iş təxribatçılıq və nöqsanlıq istiqamətində olsa və ya fərdi-ictimai məsələlərdə ifrat və təfrit yönünə malik olsa, fəsad kəlməsi ona aid edilir.

Qurani-kərimin əsas hədəfi insanların hər növ fəsaddan xilas edilməsidir. Buna görə də çoxlu ayələrdə bu məsələ ilə əlaqədar müəyyən məqamlar birbaşa və ya dolayısı yollarla bəyan olunmuşdur. Bu qısa məqalədə fəsadla əlaqədar olan bütün ayələr barədə bəhs etməyə macal olmadığından fəsad kəlməsinin tam aşkar və birbaşa şəkildə işləndiyi ayələri irəli çəkməklə kifayətlənirik. Bu ayələri aşağıdakı ünvanlarda təsnif etmək olar (belə ki, qısa cavabda yalnız ünvanları qeyd etməklə kifayətlənir və müfəssəl izahını ətraflı cavaba həvalə edirik):

1. Yer üzündə fəsadın zahir olması amilləri, 2. Kafirlərin nəfsani istəklərinə tabe olması və çoxlu ilahələrə pərəstiş etməsi nəticəsində asimanlarda və yerlərdə fəsad yaranması, 3. Fəsadın dəf edilməsinə səbəb olan şeylər, 4. Fəsad törədənlərə qələbə çalmaq üçün peyğəmbərlərin Allahdan kömək istəməsi, 5. Peyğəmbərlərin dəvətində xələl yaratmaq üçün fəsadın onlara nisbət verilməsi, 6. Fəsad törədənlərin hökmünün bəyanı, 7. Fəsaddan uzaqlaşanların savabı, 8. Allah-taalanın fəsad törədənlərə nifrəti, 9. Möminlərlə fəsad törədənlərin müqayisəsi, 10. Fəsad törədənlərin fəsadı inkar və islahatçılıq iddiaları etmələri, 11. Fəsad törədənlərin ardıcıllarına xəbərdarlıq, 12. Bəni-israilin yer üzündə fəsad törədəcəyini xəbər vermək, 13. Fəsad törədənlərin qismi: Firon, Qarun, yəhudilər, sehrkarlar, qohumluq əlaqələrini kəsənlər və s. 14. Fəsad törədənlərin axır-aqibəti.

Ətreaflı cavab

Qurani-kərimdə fəsad və fəsad törətmək barəsində gələn ayələri bəyan etməzdən əvvəl fəsadın mənasını açıqlayırıq ki, görək bu səmavi kitab təkcə fəsadın lüğətdəki mənası ilə kifayətlənmişdirmi, yoxsa onun üçün yeni bir məna da gətirmişdir?

“Məcməul-bəhreyn” adlı lüğət kitabında fəsad belə məna edilmişdir: “Fəsad – düz işin müqabili mənasınadır (antonimidir).”[1] Həmin məna “Lisanul-ərəb” kitabında da gəlmiş, lakin onun ardınca deyilmişdir: “Məfsədə – məsləhətin ziddidir, fəsad törətmək isə islahatçılığın antonimidir.”[2]

Rağib özünün “Müfrədat” kitabında yazır: “Fəsad normal səviyyədən xaric olmaqdır – istər az olsun, istərsə də çox (onun ziddinə “səlah” deyilir) və o, can və bədəndə, eləcə də düz və normal həddən xaric olan şeylərdə işlədilir.”[3]

Bu kəlmə hər növ təxribatçılıq və dağıdıcı əməldə də işlənir. Buna əsasən, nöqsanlı olan hər bir işə, habelə fərdi və ictimai məsələlərdə hər növ ifrat və təfritə fəsad deyilir, bu kimi işlər fəsadın nümunəsi hesab olunur.

Quranın bir çox ayələrində fəsad törətmək islahatçılığın müqabilində işlədilmişdir. Nümunə üçün: “O kəslər ki, yer üzündə fəsad törədirlər və islah etmirlər”,[4] “Allah fəsad törədənləri islahatçılardan ayırıb seçib”,[5] “Və (onları) islah et! Fəsad törədənlərin yoluna tabe olma!”[6]

Həmçinin, iman və saleh əməllər də fəsadın qarşılığı olaraq zikr olunmuşdur. Belə ki, Allah-taala buyurur: “İman gətirib saleh əməllər görənləri yer üzündə fəsad törədənlər kimi qərar verəcəyikmi?!”[7] Quranın əsas vəzifəsi istər dini, istərsə də dünyəvi işlərdə insanları fəsada səbəb olan şeylərdən xaric etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) də məhz camaatı haqqa dəvət etmək, fəsad ilə mübarizə aparmaq, yaxşılıqları cəmiyyətdə yaymaq və düzgün əxlaqa rəvac vermək üçün göndərilmişdir: “Həqiqətən mən buna görə peyğəmbərliyə məbus olmuşam (göndərilmişəm) ki, gözəl əxlaqları tamamlayam.”[8] Quranda da deyilir ki, Allah onun bərəkəti ilə Öz razılığına tabe olanları düzgün  və  sağlamlıq yollarına hidayət edir, onları Öz fərmanı ilə qaranlıqlardan nura doğru aparır.[9]

Quranda fəsad və islahat barəsində olan ayələrin hamısını sayıb qurtarmaz olmaz. Çünki bu ayələrin sayı olduqca çoxdur və Quranın böyük bir hissəsini özünə məxsus etmişdir. Nümunə üçün, fəsad mənasına gələn terminlərin bəziləri fəsad kəlməsi ilə yox, başqa kəlmələrlə bəyan edilmişdir: fəsadda həddini aşmaq mənasına olan “xəbal”, fəsadda şiddət mənasına olan “la təsov” kəlməsi,[10] eləcə də Allahın buyurduğu “dəxlən bəynəkum” ayəsindəki “dəxl” kəlməsi, “fəhşa”, “subur”, “bəvar” və s. bunların hamısı fəsad mənasını ifadə edir. Deməli, əgər fəsad məsələsini birbaşa və ya müəyyən yollarla irəli çəkən ayələrin hamısını sadalamaq istəsək, bir kitab lazım gələr. Buna görə də burada təkcə “fəsad” kəlməsinin özünün gəldiyi ayələri qeyd etməklə kifayətlənirik.

Aşağıda həmin ayələri, ehtiva etdiyi ünvanlar əsasında təsnif edirik:

1. Yer üzündə fəsadın zahir olması amilləri

Yer üzündə fəsadın zahir olmasına səbəb olan amillərin bəzisi aşağıdakılardır:

a) İnsanların Allahın əmr və fərmanları ilə müxalifəti və onların haqq yoldan azmaları. Allah-taala buyurur: “Fəsad quruluqda və dəryalarda camaatın əncam verdiyi (günah) işlər səbəbi ilə zahir oldu.”[11]

b) Camaata hakim kəsilmək də fəsadın yer üzündə yayılmasına səbəb olur: Allah-taala buyurur: “(Onun əlaməti budur ki,) səndən üz çevirdikləri (və sənin yanından xaric olduqları) zaman yer üzündə fəsad törətməyə çalışır, əkin sahələrini və mal-heyvanları məhv edirlər. Halbuki (bilirlər ki,) Allah fəsadı sevmir.”[12]

“Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə fəsad törədib qohumluq əlaqələrini kəsməyinizdən başqa şey təvəqqe edilmir.”[13]

“Padşahlar abad bir məntəqəyə daxil olan zaman oranı fəsada çəkib dağıdır, o yerin əziz insanlarını zəlil edirlər. (Bəli) onların işləri belədir!”[14]

“Qüdrətli və işgəncə verən Fironu; həmin qövm ki, şəhərlərdə tüğyan etdilər və çoxlu fəsad törətdilər.”[15]

 

2. Kafirlərin nəfsani istəklərinə tabe olması və çoxlu ilahələrə pərəstiş etməsi asimanlarda və yerdə fəsadın yaranmasına səbəb olur

Mütəal Allah bu barədə buyurur: “Əgər haqq onların nəfsani istəklərinə tabe olsaydı, asimanlar, yer və onlarda olanların hamısı fəsada düçar olardı! Amma Biz onlara elə bir Quran vermişik ki, onlar üçün (izzət və şərafəti) xatırladır. Onlar isə özlərinin xatırlanma səbəbi olan şeylərdən üz çevirirlər.”[16]

“Əgər asimanlarda və yerdə Allahdan başqa digər məbudlar (ilahələr) olsaydı, bu ikisi (asiman və yer) dağılar və fəsada düçar olardı (dünyaya hakim olan sistem pozulardı).”[17]

 

3. Fəsad törədənlərə qələbə çalmaq üçün peyğəmbərlərin Allahdan kömək istəməsi

“(Lut peyğəmbər) Allaha dedi: “Pərvərdigara! Fəsad törədən bu qövm qarşısında mənə yardım et!”[18]

 

4. Peyğəmbərlərin dəvətində xələl yaratmaq üçün fəsadı onlara aid etmək

Mütəal Allah bu barədə buyurur: “Fironun qövmünün əyan-əşrafları (ona) dedilər: Musanı və onun qövmünü boşlayırsan ki, yer üzündə fəsad törətsinlər?!”[19]

Yenə buyurur: “Firon dedi: Qoyun Musanı öldürüm və o öz Pərvərdigarını çağırsın (və ona nicat versin)! Çünki mən qorxuram ki, sizin dininizi dəyişdirsin, yaxud bu ölkədə fəsad törətsin!”[20]

 

5. Fəsad törədənlərin hökmünün bəyanı

“Kafir olan və (camaatı) Allahın yolundan saxlayanlara, törətdiyi fəsadlara görə əzablarına əzab artırarıq!”[21]

Yenə buyurulur: “Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxan və yer üzündə fəsad tərədənlərin (və silah işlədərək camaatın can, mal və namusunu təhdid edənlərin) cəzası yalnız budur ki, edam olunsunlar, yaxud dar ağacından asılsınlar, yaxud (sağ) əli (dörd barmağı) və sol ayağı – bir-birinin əksinə olaraq – kəsilsin, yaxud öz vətənlərindən sürgün edilsinlər. Bu onların dünyadakı rüsvayçılığıdır və axirətdə onlar üçün böyük cəzalar vardır.”[22]

Başqa bir ayədə buyurulur: “Törətdikləri fəsadlara görə kafir olan və (camaatı) Allahın yolundan saxlayanların əzabını artırarıq.”[23]

 

6. Fəsaddan uzaqlaşanların savabı

“(Bəli) bu axirət aləmini (yalnız) o kəslər üçün qərar veririk ki, yer üzündə təkəbbür və fəsad etməsinlər. Gözəl aqibət yalnız pəhrizkarlara məxsusdur!”[24]

 

7. Allah-taalanın fəsad törədənlərə nifrəti

Allah-taala bu barədə buyurur: “O kəslər ki, yer üzündə fəsad törətməyə çalışırlar, halbuki Allah fəsad törədənləri sevmir.”[25]

Yenə buyurur: “Yer üzündə fəsad ardınca olma! Çünki Allah fəsad törədənləri sevmir!”[26]

 

8. Möminlərlə fəsad törədənlərin müqayisəsi

“İman gətirib saleh əməllər görənləri yer üzündə fəsad törədənlərlə (bir səviyyədə) və ya pəhrizkarları günahkarlar kimi qərar verəcəyikmi?!”[27]

 

9. Fəsad törədənlərin fəsadı inkar və islahatçılıq iddiaları etmələri

“Onlara “yer üzündə fəsad törətməyin!” - deyildiyi zaman “biz yalnız islahat aparırıq!” - deyə cavab verirlər.”[28]

 

10. Fəsad törədənlərin ardıcıllarına xəbərdarlıq

“Allah sənə yaxşılıq və ehsan etdiyi kimi, sən də yaxşılıq et və heç vaxt yer üzündə fəsad ardınca olma! Çünki Allah fəsad törədənləri sevmir!”[29]

Yenə buyurulur: “Musa öz qardaşı Haruna dedi: Qövmüm arasında mənim canişinim ol və (onları) islah et! Fəsad törədənlərin yoluna tabe olma!”[30]

 

11. Bəni-israilin yer üzündə fəsad törədəcəyini xəbər vermək

“Biz Bəni-israilə kitabda (Tövratda) xəbər verdik ki, yer üzündə iki dəfə fəsad törədəcəksiniz – böyük bir fəsad.”[31]

 

12. Fəsadın dəf olunması amilləri

“Əgər Allah camaatın bəzisini digərlərinin vasitəsi ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmdəkilərə qarşı mərhəmət və ehsan sahibidir.”[32]

 

13. Fəsad törədənlərin qisimləri:

Firon

Allah-taala buyurur: “Firon yer üzündə üstünlük iddiası edir və onun əhlini müxtəlif qruplara bölürdü. Bir qrupu zəif və bacarıqsızlığa çəkir, oğlanlarını qətlə yetirir və qadınlarını (kənizlik və xidmətçilik üçün) diri saxlayırdı. Şübhəsiz, o, fəsad törədənlərdən idi.”[33]

Qarun

Quranda buyurulur: “Qarun Musanın qövmündən idi, lakin onlara zülm etdi... Allahın sənə verdiyi şeylərdə axirəti qazan və dünyadan olan payını unutma! Allah sənə yaxşılıq və ehsan etdiyi kimi, sən də ehsan et və heç vaxt yer üzündə fəsad törətmə! Çünki Allah fəsad törədənləri sevmir!”[34]

Yəhudilər

Allah-taala buyurur: “Yəhudilər dedilər: “Allahın əlləri bağlıdır!” Öz əlləri bağlı olsun!... Hər vaxt müharibə odunu qızışdırsalar, Allah onu söndürər. Onlar yer üzündə fəsad törətməyə çalışırlar. (Halbuki) Allah fəsad edənləri sevmir.”[35]

Digər bir ayədə buyurulur: “Görmədin sənin Pərvərdigarın Ad qövmü ilə nə etdi?! Əzəmətli İrəm şəhərinə (nə etdi)? Həmin şəhər ki, onun misli ölkələrdə xəlq edilməmişdi! Və Səmud qövmünə ki, dərələrin kənarında böyük salları yonur (və ondan ev və saray) düzəldirdilər?! Və qüdrətli, işgəncə verən Firona (nə etdi)?! Həmin qövmlər ki, şəhərlərdə tüğyan edib çoxlu fəsad törətdilər. Bu səbəblə Allah əzab zərbələrini onlara endirdi!”[36]

Salehin (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “Yada salın o zamanı ki, (Allah) sizi Ad qövmünün canişinləri qərar verdi və yer üzündə yerləşdirdi. Belə ki, çöllərdə özünüz üçün qəsrlər düzəldir və dağlarda özünüz üçün (daşlardan) ev yonurdunuz! Belə isə, Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törətməyə çalışmayın!”[37]

Şüeybin (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “(Şüeyb dedi:) Ey mənim qövmüm! Ölçü qablarını və çəkiləri ədalətli şəkildə, kamil verin! Camaatın şeylərinə (mallarına) eyb qoymayın və onların haqqını azaltmayın! Yer üzündə fəsad törətməyə çalışmayın!”[38]

Lutun (əleyhis-salam) qövmü

Allah-taala buyurur: “Və Lutu göndərdik, öz qövmünə dedi: “Siz çox çirkin bir əmələ qurşanmışsınız ki, sizdən əvvəl dünya əhalisinin heç biri bu işi görməmişdir! Siz kişilərin ardınca (şəhvətlə) gedir, (insan nəslinin davam etməsi) yolunu kəsir və məclislərinizdə yaramaz işlər görürsünüz?!” Amma onun qövmünün cavabı yalnız bu oldu: “Əgər düz deyirsənsə, ilahi əzabı bizə nazil et!” (Lut) ərz etdi: “Pərvərdigara! Bu pozğun və fəsad törədən camaatın qarşısında mənə yardım et!”[39]

Adil imamın (rəhbərin) əleyhinə qiyam edənlər

Allah-taala buyurur: “Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxanların, yer üzündə fəsad törədənlərin (silah gücü ilə camaatın can, mal-dövlət və namusunu təhdid edənlərin) cəzası yalnız budur ki, edam olunsunlar.”[40]

Padşahlar

Allah-taala buyurur: “Dedi: Padşahlar abad bir məntəqəyə daxil olduğu zaman onu fəsada çəkirlər.”[41]

Münafiqlər

Allah-taala buyurur: “Onlara (münafiqlərə) “yer üzündə fəsad törətməyin!”- deyildiyi zaman “biz yalnız islahat aparırıq!” - deyə cavab verirlər.”[42]

İsraf edənlər

Allah-taala buyurur: “İsrafkarların (israf edənlərin) fərmanına itaət etməyin! Həmin kəslər ki, yer üzündə fəsad törədir və islahat aparmırlar!”[43]

Qohumluq əlaqələrini kəsənlər

“Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə fəsad törətməyinizdən və qohumluq əlaqələrini kəsməyinizdən başqa bir şey təvəqqe edilirmi?!”[44]

“Fasiqlər o kəslərdir ki, Allahla bağlanan əhd-peymanlarını möhkəmləndirdikdən sonra pozur, Allah tərəfindən bərqərar olunmasına əmr edilən qohumluq əlaqələrini kəsir və yer üzündə fəsad törədirlər. Bunlar ziyana uğrayanlardır.”[45]

Sehrkarlar

Allah-taala buyurur: “Sehrkarlar (mübarizə meydanına) gəldiyi zaman Musa onlara dedi: “(Sehr vasitələrindən) nəyi bacarırsınızsa, atın!” Onları atdıqları zaman Musa dedi: “Sizin gətirdiyiniz şeylər sehrdir ki, Allah tezliklə onları batil edəcəkdir. Çünki Allah fəsad törədənlərin əməllərini (heç vaxt) islah etməz!”[46]

Bu hallardan əlavə, bir çox digər ayələr də fəsadın sair cəhətlərinə işarə edir ki, biz onları qısa şəkildə bəyan etdik.[47]

Qeyd olunmalıdır ki, fəsad və fəsad törətməyin müxtəlif səviyyələri vardır. Misal üçün, israf edən adi bir şəxsin fəsadı Fironun törətdiyi fəsadla eyni səviyyədə ola bilməz.

 

14. Fəsad törədənlərin axır-aqibəti

Allah-taala buyurur: “Sonra onların (əvvəlki peyğəmbərlərin) ardınca Musanı Öz ayələrimizlə Firon və onun ətrafındakılara doğru göndərdik. Amma onlar (haqqı qəbul etməyib) onlara (o ayələrə) zülm etdilər. Gör fəsad törədənlərin axır-aqibəti necə (acınacaqlı) oldu!”[48]

“İlahi əhdi möhkəmləndirdikdən sonra pozan, Allah tərəfindən bərqərar edilməsinə dair əmr olunan şeyləri (qohumluq əlaqələrini) kəsən və yer üzündə fəsad törədənlər lənətə düçar olacaqlar və axirət aləminin pisliyi (və cəzaları) onlara çatacaqdır.”[49]

 


[1] “Məcməul-bəhreyn”, 7-ci cild, səh. 231

[2] “Lisanul-ərəb”, 3-cü cild, səh. 335

[3] “Əl-müfrədat”, fəsədə maddəsi

[4] “Şüəra” surəsi, ayə: 152

[5] “Bəqərə” surəsi, ayə: 220

[6] “Əraf” surəsi, ayə: 142

[7] “Sad” surəsi, ayə: 28; “Təfsiri-nümunə”, 10-cu cild, səh. 202.

[8] “Mustədrəkül-vəsail”, 11-ci cild, səh. 187

[9] “Maidə” surəsi, ayə: 16 və “Bəqərə” surəsi, ayə: 257

[10] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 273

[11] “Rum” surəsi, ayə: 41

[12] “Bəqərə” surəsi, ayə: 205

[13] “Məhəmməd (səlləllahu əleyhi və alih)” surəsi, ayə: 22

[14] “Nəml” surəsi, ayə: 34

[15] “Fəcr” surəsi, ayə: 10-12

[16] “Mominun” surəsi, ayə: 71

[17] “Ənbiya” surəsi, ayə: 22

[18] “Ənkəbut” surəsi, ayə: 30

[19] “Əraf” surəsi, ayə 127

[20] “Ğafir” surəsi, ayə: 26

[21] “Nəhl” surəsi, ayə: 88

[22] “Maidə” surəsi, ayə: 33

[23] “Nəhl” surəsi, ayə: 88

[24] “Qəsəs” surəsi, ayə: 83

[25] “Maidə” surəsi, ayə: 64

[26] “Qəsəs” surəsi, ayə: 77

[27] “Sad” surəsi, ayə: 28

[28] “Bəqərə” surəsi, ayə: 11

[29] “Qəsəs” surəsi, ayə: 11

[30] “Əraf” surəsi, ayə: 142

[31] “İsra” surəsi, ayə: 4

[32] “Bəqərə” surəsi, ayə: 251

[33] “Qəsəs” surəsi, ayə: 40

[34] “Qəsəs” surəsi, ayə: 76-77

[35] “Maidə” surəsi, ayə: 64, “İsra” surəsi, ayə: 4

[36] “Fəcr” surəsi, ayə: 6-13; “Əraf” surəsi, ayə: 25 və 27, “Şüəra” surəsi, ayə: 133 və 140

[37] “Əraf” surəsi, ayə: 74

[38] “Hud” surəsi, ayə: 85

[39] “Ənkəbut” surəsi, ayə: 30-38

[40] “Maidə” surəsi, ayə: 33

[41] “Nəml” surəsi, ayə: 34

[42] “Bəqərə” surəsi, ayə: 11

[43] “Şüəra” surəsi, ayə: 151-152

[44] “Məhəmməd (səlləllahu əleyhi və alih)” surəsi, ayə: 22

[45] “Bəqərə” surəsi, ayə: 17, “Rəd” surəsi, ayə: 25

[46] “Yunis” surəsi, ayə: 80 və 81

[47] “Əl-möcəmul-müfəhrəs li əlfazil-Quranil-kərim”, fəsədə maddəsi

[48] “Əraf” surəsi, ayə: 86, 103, “Nəml” surəsi, ayə: 14

[49] “Rəd” surəsi, ayə: 25

  54
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment