Azəri
Friday 29th of March 2024
0
نفر 0

“Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?

“Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
Qısa cavab

Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi şərtlərə və ədəb qaydalarına riayət ediblər. Bu kimi ədəb qaydaları bu asimani kitabın tilavətinin zahiri ədəb qaydaları adlanır. Amma rəvayətlərə əsasən, Quranın həm zahiri, həm də (bir neçə) batini mənası olduğuna görə onun qiraət qaydaları da bir sıra zahiri ədəb qaydalarına, sonrakı mərhələdə isə batini ədəb qaydalarına malikdir. Bəzi Quran ayələrində, Peyğəmbərin və imamların sözlərində bu məsələyə işarə edilmişdir.

Ətreaflı cavab

Quran tilavətinin ədəb qaydalarını zahiri və mənəvi (batini) ədəb qaydalarına bölmək olar. Öz yerində bəyan olunduğu kimi, zahiri ədəb qaydalarında bir sıra şərtlərə və müqəddimələrə riayət etmək lazımdır.

Ayə və rəvayətlərə diqqət yetirməklə Quranın batini və mənəvi ədəb qaydalarını da əldə etmək olar.  Bir neçə ayədə Quran tilavət edənlərə tövsiyə edir ki, bu asimani kitabı “tərtil”lə oxuyub dərindən düşünsünlər: “Quranı tərtil ilə (kəlmələrini düzgün tələffüz etməklə, aram şəkildə, tərtiblə və dərindən təfəkkür etməklə) tilavət et.”[1] Başqa bir ayədə buyurulur: “Kitab verdiyimiz və onu layiqli şəkildə oxuyanların bu kitaba imanları vardır. Ona kafir olanlar, şübhəsiz ziyankarlardır.”[2]

Bu iki ayədə, habelə bəzi hədis və rəvayətlərdə zahiri tilavət qaydalarına işarə edilir, habelə Quranın tilavətinin mənəvi qaydaları da nəzərdə tutulur. “Bəqərə” surəsinin 121-ci ayəsinin təfsirində imam Sadiq (əleyhis-salam) buyurur: “Quranı layiqincə tilavət edənlər biz Əhli-beytik.”[3]

Təbiidir ki, imam Sadiq (əleyhis-salam) Quran tilavət edənlərin həqiqi nümunələrini bəyan etmişdir, halbuki onun tilavətinin zahiri və batini ədəb qaydalarına riayət edən çoxlu möminlər də “həqiqi Quran qariləri” cərgəsinə çatırlar. Buna görə də “Bu sənə göndərdiyimiz bərəkətli kitabdır ki, onun ayələrində dərindən təfəkkür etsinlər”[4] ayəsinin bəyanında imam Sadiq (əleyhis-salam) buyurur: “Məqsəd odur ki, onun ayələrini diqqətlə oxusunlar, həqiqətlərini dərk etsinlər, hökmlərinə əməl etsinlər, onun vədə və müjdələrinə ümidvar olsunlar, xəbərdarlıqlarından qorxsunlar, əhvalatlarından ibrət alsınlar, əmrlərinə müti olsunlar, nəhylərini qəbul etsinlər. Allaha and olsun! Məqsəd surələrin ayələrini və hərflərini oxuyub tilavət etmək deyil. Onlar Quranın hərflərini (oxuyub) əzbərləmişdirlər, amma onun hüdudlarını pozmuşdurlar. Məqsəd yalnız budur ki, Quran ayələrində dərindən düşünsünlər, hökmlərinə əməl etsinlər. Belə ki, Allah-taala buyurur: “Bu, xeyir-bərəkətli bir kitabdır, onu sənə nazil etmişik ki, ayələrində dərindən düşünsünlər.”[5] Bu nurani hədisə diqqət yetirməklə Quranın batini ədəb qaydalarından bir neçəsinə işarə edirik:

1. Vədə və müjdə ayəsinə çatan zaman ona ümidvar olsun, xəbərdarlıq verilən zaman ona düçar olmaqdan qorxsun; behişt və cəhənnəm ayələrinə çatanda dayanaraq Allahdan behişti istəsin və cəhənnəmdən Ona pənah aparsın.[6]

İmam Əli (əleyhis-salam) həqiqi möminlərin xüsusiyyətləri barədə buyurur: “Onlar gecə çağları ayaq üstündə dayanaraq Qurana məxsus olan ədəb qaydaları ilə onu tilavət edir, təşviq olan ayələrə çatan zaman ona çatmaq ümidi ilə ürək bağlayırlar, şövqün təsirindən əzizinin tezliklə gəlişini gözləyən və gözlərini onun yoluna dikən bir şəxs kimi olur. Qorxudan və xəbərdarlıq edən ayələrə çatdıqda isə bütün vücudları ilə ona diqqət yetirirlər; bədənlərinin dərisi qorxudan titrəməyə başlayır, qəlbləri qorxu hissi keçirir, bədənləri zəifləyir. Sanki, cəhənnəmin nərəsini, onun şölələrinin səsini (eşidirlər), oddan olan zəncirlərin səsləri onların qulaqlarındadır. Üzü üstdə torpağa düşür, göz yaşı axıdır, özlərini (bu əzablardan) xilas etmək üçün Allaha pənah aparırlar.”[7]

2. Quran tilavətinin batini ədəb qaydalarından biri də Quranı başa düşmək, ayələrində təfəkkür edib öyrənmək, ondakı ilahi hökmlərə əməl etməkdir. İmam Sadiq (əleyhis-salam) Əli (əleyhis-salam)-ın belə buyurduğunu nəql edir: “Agah olun! Təfəkkürlə yanaşı olmayan qiraətdə heç bir xeyir yoxdur.”[8]

3. Quran bəşər kəlamı deyil; Xaliqin əzəmətini nəzərə almaqla kəlama təzim edilməsi kəlam sahibinə təzim etməkdir.

4. Tilavətin digər batini ədəb qaydaları təhliyədir: Yəni insan özünü qarşılaşdığı hər bir ayə ilə uyğunlaşdırmasıdır. Əgər peyğəmbərlərin əhvalatlarını oxuyursa, ondan ibrət alsın, əgər Allahın ad və sifətlərini oxuyursa, onların nümunələrində diqqət etsin.[9]

5. Təxliyə – Qurandan hər hansı bir mətləbi öyrənmək istəyən şəxs üçün qiraətin digər qaydasıdır. Qurana müraciət edən bir insan özünü qəlbindəki şübhələrdən və pis fikirlərdən uzaqlaşdırmalıdır ki, onlar Quranı başa düşməyə pis təsir düşməsin.[10]

6. Quran tilavətinin batini qaydalarından biri də xoşagəlməz, rəzalət sifətlərini özündən uzaqlaşdırmaqdır. Xüsusilə təkəbbür, riyakarlıq,[11] həsəd və tamahkarlıqdan uzaq olmaqdır. İnsan bu vəziyyətdə və həmin sifətlərə qarışıq halda Qurana müraciət etsə, Allah kəlamının məna və məfhumu ona aydın olmayacaqdır.

7. Quran tilavətinin ən üstün mənəvi ədəb qaydalarından biri də ruhi və mənəvi paklıqdır. İnsanın ruhu pak olmayınca Quran öz həqiqətini ona göstərməz. Çünki Quran özü buyurmuşdur: لاَ يَمَسُّهُ الاَّ الْمُطَهَّرُِونَ “Ona paklardan başqası toxuna bilməz.”[12] Şairin dediyi kimi: پاك شو اول و پس ديده بر آن پاك انداز “Əvvəlcə pak ol, sonra Qurana pak nəzər sal.”

8. Quranın mənəvi tilavət qaydalarından biri də budur ki, qari Qurana sadəcə bir mətn ünvanı ilə deyil, ruhlara şəfa verən bir təbib nüsxəsi ünvanı ilə baxsın, ruhi paklığı ondan təvəqqe etsin. Rəvayətdə deyilir ki, bəzi insanlar Qurana bu nəzərlə baxır, qəlblərinin şəfasını ondan istəyirlər. Qəlblərinin və ruhlarının şəfasını Quranda axtaran məhz belə qarilərin səbəbi ilə Allah bəlaları və düşmənləri camaatdan uzaqlaşdırar, rəhmət yağışlarını onlara nazil edər.[13]

 


[1] “Müzzəmmil” surəsi, ayə: 4: كِتابٌ أَنْزَلْناهُ إِلَيْكَ مُبارَكٌ لِيَدَّبَّرُوا آياتِه

[2] “Bəqərə” surəsi, ayə: 124

[3] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 1-ci cild, səh. 215, "Darul-kutubil-islamiyyə", Tehran, 1365-ci şəmsi il

[4] “Sad” surəsi, ayə: 29

[5] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 432, "Darul-kutubil-islamiyyə", Tehran, 1374-cü şəmsi il

[6] Məşhədi, Məhəmməd, “Kənzud-dəqaiq və bəhrul-ğəraib” təfsiri, 2-ci cild, səh. 132, Maarif nazirliyinin nəşriyyatı, Tehran, 1368-ci şəmsi il

[7] “Nəhcul-bəlağə”, Sübhi Saleh, səh. 304

[8] “Kafi”, 1-ci cild, səh. 36

[9] Kaşifi Səbzvari, Molla Hüseyn, “Cəvahirul-təfsir”, səh. 270, “Mirasi məktub” nəşriyyatı, Tehran, bi.ta

[10] Yenə orada, azacıq dəyişikliklə.

[11] Hürr Amili, Məhəmməd ibni Həsən, “Vəsailuş-şiə”, 6-cı cild, səh. 182, “Alul-beyt” müəssisəsi, Qum, 1409-cu qəməri il

[12] “Vaqiə” surəsi, ayə: 79

[13] “Kafi”, 2-ci cild, səh. 627

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment