Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Böyük günahlar

Böyük günahlar haqqında ayələr və onların tərcüməsi

Qur`ani-məciddə kəbirə günahlardan çəkinənləri mədh edən və onları müjdələyən ayələr mövcuddur.
Birinci ayə: “Əgər qadağa qoyulmuş böyük günahlardan çəkinib onları tərk etsəniz sizin kiçik günahlarınızı örtər, sizi pak və çox gözəl bir məkana daxil edərik. Orada heç bir nöqsan yoxdur və ora behiştdir.”
Səğirə (kiçik) günahın olmamasını düşünən alimlər ayəni belə mə`nalandırır:” Bu və bundan başqa surələrdə bəyan olunmuş böyük günahlardan çəkinsəniz, əlbəttə, biz sizin keçmiş günahlarınızı bağışlayarıq.” Yə`ni sizin hazırda bu günahları tərk etməyiniz keçmiş günahlarınızın kəffarəsidir.

İkinci ayə: “Sizə düyada verdiyimiz ailə, övlad və sərvət kimi şeylər dünya matahıdır, ölüm vaxtı hər biri sizdən ayrılasıdır. Behişt və behiştdə olan ne`mətlər kimi Allahın yanında olan axirət ne`mətləri imanlı, yalnız Allaha təvəkkül edən, böyük günahlardan və pis işlərdən çəkinənlər, zülmü bağışlayıb əvəzini çıxmayanlar üçün daha üstündür.”
Üçüncü ayə: “Göylərdə və yerdə nə varsa Allaha məxsusdur.”
“Nəcm” surəsinin bu ayədən öncəki ayəsində Allah-tәala öz elminin nəhayətsizliyini bəyan edir. Bu ayədə bəyan olunur ki, hər bir şəxsi əməllərinə görə cəzalandırıb günahkarları cəhənnəmə daxil etməsi bu nəhayətsiz elmin nəticələrindəndir. Allah həm də yaxşı iş görənlərə mükafat verir. Yaxşı iş görənlər isə böyük günahlardan və çirkin işlərdən çəkinənlərdir.
Saleh əməl sahibləri ismət məqamında olmadığından onlardan kiçik günahlar baş verə bilər. Amma onlar kiçik günahları təkrarlamırlar. Çünki kiçik günahların təkrarı özü böyük günahdır. Allah-tәala bu ayədə kiçik günahları istisna etmişdir. Bildirilir ki, yalnız təkrarlanmayan kiçik günahlar bağışlanasıdır.
Böyük günaha yol verməyənin kiçik günahı bağışlanır. Allah-tәala buyurur ki, Allahın mərhəməti böyükdür.
Bə`ziləri daim özünü tə`rif etdiyindən Allah-tәala buyurur ki, Rəbbiniz sizi daha yaxşı tanıyır və özünüzü tə`rif etməyin. Allah təqvalı olub kəbirə günahlardan çəkinənlərdən daha yaxşı xəbərdardır.
Müəllif deyir: Əgər bir şəxs özünü saxlayıb, tə`rifdən çəkinsə, ibadətdə riyadan uzaq olar, daha səmimi ibadət edər. Allah ona xatir yaxşılığa üz tutanların yaxşılığını zahirə çıxardır, məhəbbətini qəlblərə salır. Demək, insanın özünü tə`rif etməsinə ehtiyac yoxdur.
Çalış müşkü qoxusundan tanı sən,
Müşk tanınmır əttarın tə`rifindən.
Allah-tәala Qur`ani-kərimdə buyurur: “Həqiqətən, Allah Onun birliyinə, peyğəmbərin risalətinə, məada inanıb, saleh, Onun razılığına uyğun işlər görənlərin məhəbbətini qəlblərə salar.”

Rəvayətlərdə və fəqihlərin bəyanatında böyük günhaların sayı

Rəvayətlərdə və alimlərin buyuruqlarında müxtəlif saylı kəbirə günahlar qeyd olunur. Bə`zi alimlər yetmiş yeddi, bə`ziləri yetmiş, bə`ziləri altımış, bə`ziləri qırx, bə`ziləri iyirmi, bəziləri yeddi kəbirə günah olduğunu bildirir. Hәdislərdə kəbirə günahların otuz iki, iyirmi bir, yeddi, beş olduğu da qeyd edilir.

Birinci rəvayət: İmam Riza (ə) Mə`mun Ər-Rəşidə yazır: “İmanın xalislik əlaməti budur ki, mö`min böyük günahlardan çəkinsin.” Sonra buyurur: “Kəbirə günahlar bunlardır: Günahsızı öldürmək, zina, oğurluq, şərabxorluq, ata-ananı incitmək, İslam uğrunda savaşdan qaçmaq, yetimin malını zorla yemək, ölmüş heyvanın ətini yemək, qan içmək, donuz əti yemək, bütlərin adına kəsilmiş heyvanın ətindən yemək, haram olduğunu bilib sələm yemək, rüşvətxorluq, udub-uduzmaqla müşayiət olunan qumar, ölçüdə və çəkidə əskiltmək, pak qadını zinakarlıqda suçlamaq, livat (həmcinsbazlıq), haqsız yerə şəhadət, axirət rahatlığına ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, Allahın mərhəmətindən ümidsizlik, zalıma kömək və onlara meyl etmək, yalandan and içmək, güc çatan halda borcu ödəməyib haqqı saxlamaq, yalan, təkəbbür, israf (malı boş yerə və ya haram yolda sərf etmək), xəyanət, Həcdən boyun qaçırmaq (güc çatan halda Həccə getməmək, Həcci kiçik saymaq), Allah dostları ilə savaş, şər`ən bəyənilməyən boş işlərə məşğulluq, kiçik günahı davam etdirmək (naməhrəmə baxmaq kiçik günah olarsa, çox baxmaq).”
İkinci rəvayət: İmam Sadiq (ә) buyurur: “Əli ibn Əbi-Talibin (ə) yazısında beş böyük günahla rastlaşdım: Allah-tәalaya qarşı şirk, ağvalideynlik, sələm yemək, İslam savaşından qaçmaq, dini məsələləri öyrənmək şəraiti olan şəhərdən dini məsələlərin yada salınmadığı yerə köçmək.”
Bu çox incə məsələdir. Bir çox e`tiqadlı insanlar tanıyıram ki, dindar, məscidi olan məhəlləni qoyub, Tehranın dini mühiti olmayan yerinə köçüblər. Həmin yerdə onların nəinki dini mə`lumat əldə etmək imkanı yoxdur, hətta qonşuları qeyri-müsəlmandır. Məhz bu səbəbdən belələrinin övladları dindən uzaq düşür, oğlanları büdrəyir, qızları hicaba riayət etmir. Dini göstərişləri nəzərə almadan mənzili və yeri dəyişmək belə nəticələnir.
Ağlının, dininin artması üçün
Yoldaşın olmalı özündən üstün.
Əziz oxucular təqlid еtdiklәri müctәhidlәrdәn soruşa bilər ki, müsəlman ölkəyə hicrətdən sonra kafir ölkəyə qayıtmaq kəbirə günahdırsa, müsəlman məhəlləsindən qeyri-müsəlman məhəlləsinә köçmək hansı hökmdədir? Məzhəbi bir yerdən qeyri-məzhəbi şəhərə köçmək də günahdır, yoxsa yox?
Üçüncü rəvayət: Ravi nəql edir ki, İmam Sadiqdən (ə) kəbirə günah haqqında soruşdum və o belə cavab verdi: “Kəbirə günah beşdir və оnlаr еlә günahlardır ki, Allah-tәala оnlаrın müqаbilindә cəhənnəm odu və`d etmişdir:
1. Yetimin malını zorla yemək; Allah-tәala izzət və cəlalına and içir ki, yetimin malını zorla yeyənlərə od yedirəsidir. Belələri tezliklə cəhənnəm oduna sürüklənər.
2. İslam savaşından qaçmaq; Allah-tәala buyurur ki, ey iman gətirənlər, savaş meydanında kafirlərin çoxluğunu görüb onlara arxa çevirməyin. Yə`ni cihaddan qaçmayın. Şübhəsiz, islami savaşdan qaçanların yeri cəhənnəmdir.
3. Sələmçilk; həzrət sələmin haram olmasından danışarkən belə bir ayəni dəlil göstərir:” Ey iman gətirənlər, Allahdan çəkinin, günaha yol verməyin, sələm yeməyin, sələmin artığını almayın.” Yə`ni əgər mö`minsinizsə, verdiyiniz puldan mənfəət götürməyin.
4. Pak qadını zinada suçlamaq.
5. Mö`mini mö`min olduğu üçün bilərəkdən öldürmək.”
Dördüncü rəvayət: “İmam Sadiq (ə) buyurur ki, yeddi böyük günah var və bu günahlara bizə hörmətsizlikdən yol verilir: Allah-tәalaya münasibətdə şirk; Allahın möhtərəm saydığını öldürmək; yetimin malını zorla yemək; ata-ananın haqqına riayət etməmək; pak qadınları zinada suçlamaq; İslamı cihaddan qaçmaq; biz peyğəmbər ailəsindən olan əhli-beytin haqlarının inkarı.”
Allaha münasibətdə şirklə bağlı deyə bilərik ki, Allah biz Әhli-beyt (ә) haqqında ayə göndərmiş, hәzrәt Peyğəmbər (s) bizim haqqımızda tövsiyələr vermişdir. Səqəlеyn hədisi buna misal ola bilər. İnsanlar Allah və onun rəsulunu inkar etdilər, bizim haqqımızı tapdadılar. Beləcə, Allaha qarşı şirkə yol verdilər.
Möminin qətlə yetirilməsi ilə bağlı deyə bilərik ki, zalımlar imam Hüseyni (ə) və onun köməkçilərini qətlə yetirdilər.
Yetimin malının yeyilməsi ilə bağlı deyə bilərik ki, Allahın bizim üçün müəyyənləşdirdiyi xüms payını başqalarına verdilər.
Ata-anaya münasibətdə itaətsizliklə bağlı deyə bilərik ki, Allah Qur`anda peyğəmbərin insanlara onların özündən yaxın olduğunu bildirir. Peyğəmbərin zövcələri xalqa ana sayılır. Demək, hәzrәt Peyğəmbərə (s) qarşı itaətsizlik olunаnda, həzrət Xədicənin haqları pozuldu.
İffətli qadınların günahda suçlanması ilə bağlı deyə bilrik ki, xanım Fatiməyə minbərdə mane oldular. Dedilər ki, Həsən və Hüseyn qız nəvəsi olduğundan Peyğəmbərə (s) övlad sayılmır. Onların bu sözlərdə məqsədi imamət maqamını inkar etmək idi.
İmam Həsənin şəhadətindən sonra bu qəbil təbliğatlar Bəni-Üməyyənin proqramına çevrildi. Cümə namazlarında, dini bayramlarda yuxarıdakı məqsəd izlənilir, həzrət Fatimənin haqqı tapdanırdı.
Əslində xanım Fatimənin (s) hansısa şəkildə təhqiri nəzərdə tutulmur. Çünki xanım hətta düşmənlərin inkar edə bilməyəcəyi həddə pak və iffətli idi.
Cihad meydanından qaçmaq dedikdə həzrət Əliyə (ə) bey`ət edənlərin sonradan onu tərk etməsi nəzərdə tutulur.
Bizim haqqımızın inkarı isə aydın bir məsələdir və mübahisəyə yer yoxdur.”
Beşinci rəvayət: Həzrət Əbdül-Əzim Həsəni buyurur: İmam Məhəmməd Təqi (ə) mənə belə nəql etdi: Atam öz atasından belə eşitdiyini buyurdu: “Əmr ibn Übeyd atam imam Sadiqin (ə) yanına gəlib salam verdi və belə bir ayə oxudu:” Böyük günahdan uzaqlaşanların, onlara qılınan zülmü bağışlayanların, əvəz çıxmaq fikrində olmayanların...” O, sözünü yarımçıq saxladı. İmam buyurdu: “Nə üçün dayandın?” O dedi: “İstəyirəm Qur`andakı böyük günahları tanıyım.” İmam buyurdu: “Ey Әmr! Ən böyük günah Allaha qarşı şirkdir. Allah-tәаlа buyurur ki, Ona qarşı şirkə yol verənə behişt haramdır. Allaha şirkdən sonra növbəti böyük günah Onun mərhəmətindən ümidi üzməkdir. Çünki Allah-tәala buyurur ki, yalnız kafirlər Allahın mərhəmətindən ümidini üzür. Növbəti böyük günah insanın özünü Allahın cəzasından amanda bilməsidir. Allah-tәala buyurur ki, yalnız riyakarlar özünü Allahın cəzasından amanda bilir. Kəbirə günahlardan biri də ata-anaya ağ olmaqdır. Çünki Allah ağvalideyni zalım kimi tanıtdırır. Allah-tәala həzrət İsanın dilindən bəyan edir: “Allah məni anama münasibətdə xeyirxah qərar verdi və məni zalım buyurmadı.” Başqa bir böyük günah Allahın möhtərəm saydığı günahsız insanı öldürməkdir. Buna qisas misal ola bilər. Allah-tәala buyurur: “Hər kəs bilərəkdən mö`mini öldürsə, cəası cəhənnəmdir və orada əbədi qalar. Allah ona qəzəblənər, onu lə`nətləyər, ona böyük əzab hazırlayar.” Pak qadını zinada suçlamaq növbəti böyük günahdır. Allah-tәala buyurur ki, mö`minə pak qadınları günahda suçlayanlara dünya və axirətdə lə`nət olsun. Onlar üçün böyük əzab var. Başqa bir kəbirə günah yetimin malını zorla yeməkdir. Allah-tәala buyurur ki, yetimlərin malını zorla yeyənlər həqiqətən qarınlarını odla doldurur. Onlar şübhəsiz cəhənnəmə daxil olar, od tutub yanar. Cihad meydanından qaçmaq növbəti kəbirə günahdır. Çünki Allah-tәala buyurur ki, döyüş günü düşmənə arxa çеvirənlər Allahın qəzəbinə gələr. Döyüş mövqeyini dəyişmək, başqa bir dəstəyə qatılmaq üçün arxa çevirməyin eybi yoxdur. Başqa bir kəbirə günah sələm yeməkdir. Allah-tәala buyurur ki, sələm yeyənlər yalnız şeytanın məsx etdiyi kəslərdir. Sələmçi şəxs Qiyamət günü qəbirdən divanə kimi qalxar.
Bu təşbeh bir zümrənin gümanına əsaslanır. Onların fikrincə şeytan insanı özündən gedəcək vəziyyətə gətirir, cin onun ağlını əlindən alır. Yə`ni sələmçilərin ayağa qalxması divanələrin ayağa qalxması kimidir. Sələmçilik onların qəlbini daşlaşdırmış, hallarını dəyişmişdir. Bə`ziləri bildirir ki, sələm yeyənlər Qiyamət zamanı günah yükünün ağırlığında məst insanlar kimi sağa-sola gedər, yıxılıb-durar. Yedikləri sələm qəlblərində böyüyüb onları ayağa qalxmağa qoymaz.
“Məcməul-bəyan” təfsirində buyurulur ki, onlar yalnız şeytanın divanə etdiyi kəslər kimi ayağa qaldırılar. İbn Abbas və başqaları bildirirlər ki, belə bir sifət sələmçilərə məxsusdur.
Bə`ziləri düşünür ki, şeytan insanın ağlını əlindən almır, deyilənlər bir təşbehdir. Nəfs istəklərinin qalib gəldiyi insan zəifləyir və şeytan onu təhlükələrə sürükləyir. Belə bir hal yalnız vəsvəsələrlə baş tutur.
Başqa bir böyük günah sehr-cadudur. Allah-tәala buyurur ki, onlar şeytanın oxuduqlarına uydular. Küfr edən Süleyman yox, şeytanlar oldu. Onlar insanlara sehr-cadu öyrətdilər. Harut və Marut adlı mələklər onlara nazil olanı kimsəyə öyrətmirdilər. Amma onlar bunu öyrənib ərlə arvad arasına ayrılıq saldılar. Mə`lum oldu ki, sehr-cadunu satın alanlar axirətdə fayda görməz.
Zina da kəbirə günahlardandır. Allah-tәala buyurur: “Allahdan qeyrisini mə`bud kimi çağırmayanlar, Allahın haram buyurduğunu öldürməyənlər haqsızlıq və zina etməz. Bu işləri görənlər günahının cəzasına çatar, Qiyamət əzabı ikiqat olar. Onlar zəliledici əzabda əbədi qalar.
Kəbirə günahlardan başqa biri günah yolda and içməkdir. “Nəhayə” kitabında yazılır ki, günah yolda and içmək evləri viran qoyar. Allah-tәala buyurur ki, onlar Allahla əhdi və andlarını ucuz qiymətə satırlar və onlar üçün axirətdə bəhrə yoxdur.
Cihad qənimətindən oğurlamaq da kəbirə günahdır. Allah-tәala buyurur ki, qənimətdən oğurlayan kəs məhşər səhnəsinə oğurladığı şeylə gətirilər.
Vacib zəkatın qarşısını almaq böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, xalqı Allahın yolundan çəkindirənləri cəhənnəm odu gözləyir.
Yalan şəhadət vеrmәk və şəhadəti gizlətmək də böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, şəhadəti gizlədənin həqiqətən də qəlbi günahkardır.
Şərab içmək böyük günahlardan sayılır. Allah-tәala şərab içməyi bütlərə pərəstişi qadağan etdiyi kimi qadağan etmişdir. Yə`ni hər iki əməl yanaşı olaraq qadağan edilir. Mə’lum olur ki, hər iki günahın cəzası eynidir. Bu ayəyə əsasən şərabxoru bütpərəst sayırlar.
Namazı və ya namaz üçün vacib edilmiş bir əməli bilərəkdən tərk etmək böyük günahdır. Allahın rəsulu (s) buyurur ki, namazı bilərəkdən tərk edən Allahla və Allahın rəsulu ilə əhdini pozmuşdur.
Əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqələri kəsən, yer üzündə fəsad törədən insanlar üçün lə`nət var, axirət evinin pisliyi də onlar üçündür.
İmam Kazim (ə) buyurur ki, atamın buyuruqlarından sonra Əmr uca səslə ağlayaraq evimizdən çıxdı. O deyirdi: “Öz rə`yi əsasında fәtva verən həlak oldu və siz Peyğəmbər (s) əhli-beyti (ə) ilə elm və fəzilətdə çəkişməyə qalxdınız.”
Şübhəsiz ki, Əmr imamın müxaliflərini nəzərdə tuturdu. Onlar öz şəxsi rə`yləri əsasında hökm çıxarırdılar. Hansı ki, Qur`andan, Əhli-beytdən (ə) xəbərsiz idilər. Bizim alimlər “mənim fәtvam” dedikdə, Qur`an və hədis əsasında gəldikləri qənaəti nəzərdə tuturlar. Müctəhidin rə`yi onun zəhmətlərinin məhsuludur. Əslində isə ortada heç bir şəxsi rə`y yoxdur.
Altıncı rəvayət: Məhəmməd ibn Müslim nəql edir ki, imam Sadiqdən (ə) yeddi kəbirə günah olduğunu eşitdim. Bilərəkdən mö`mini öldürmək, pak qadını zinada ittiham etmək, cihad cəbhəsindən qaçmaq, İslam məmləkətinə hicrətdən sonra İslam hökmlərinin yada salınmadığı yerə qayıtmaq, yetimin malını haqsız yemək, sələmin haramlığını bildikdən sonra sələm yemək, müqabilində Allah tərəfindən cəhənnəm odu və`d olunmuş hər bir günah şirk kimidir.
Yeddinci rəvayət: Übeydə ibn Zurarə deyir ki, imam Sadiqdən (ə) kəbirə günahlar haqqında soruşdum, həzrət Sadiq (ə) imam Əlinin (ə) kitabında yeddi kəbirə günah qeyd olunduğunu bildirdi: Allah küfr, günahsızı öldürmək, ağvalideynlik, sələmçiliyin haram olduğunu bilib sələm yemək, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, hicrətdən sonra İslam olmayan məmləkətə dönüş.
Ravi nəql edir ki, imamdan soruşdum ki, bu günahlar böyük günаh sаyılırmı? İmam buyurdu ki, bəli. Mən yetimin malını haqsız yeməyin və ya namazı tərk etməyin böyük günah olduğunu soruşdum. İmam buyurdu ki, namazı tərk etmək daha böyük günahdır. Soruşdum ki, nə üçün namazın tərkini böyük günahlar kimi qeyd etmədiniz? İmam cavabında buyurdu ki, Sənə ilkin olaraq hansı günahı xatırlatdım? Dedim ki, küfrü. İmam buyurdu: “Həqiqətən, namazı tərk edən kafirdir. Yəni heç bir səbəb və üzr olmadan namaz qılmamaq küfrdür.”
Müəllif deyir ki, bir şəxs namazı inkar etsə, yəni desə ki, namaz vacib deyil, o şəxs mürtəd və murdardır. Namazı inkar etmədən yerinə yetirməzsə, kafir və murdar deyil, günaha yol verib və ruhu murdardır.
Kəbirə günahlarla bağlı yeddi rəvayət bunlar idi.

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü
Əl-Maidə (Süfrə) surəsi-3
Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək
İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?
MUSA VƏ QARDAŞININ TƏVAZÖKARLIĞI
Yахşı söz vә ruzinin аrtmаsı
İmam Həsən Müctəba (ə) (1)
ƏR-RUM ‏ SURƏSI

 
user comment