Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İMAMLA GÖRÜŞ

İMAMLA GÖRÜŞ

 İMAMLA GÖRÜŞ

Qeybət dövrünün açınacaqlı hadisə və çətinliklərindən biri də şiələrin öz mövlalarından uzaq olması, o misilsiz Yusif cəmallı şəxsiyyətin görüşündən məhrum qalmalarıdır. Qeybət dövranının başlanmasından e`tibarən zühurun intizarını çəkənlər daim fəzilətin uca sərvqamətli şəxsiyyətinin tamaşasından məhrum olduqlarından həsrətdə yanır, fəraq atəşini qəlblərdə çəkirlər. Əlbəttə, kiçik qeybət dövründə şiələr imamın xüsusi naiblərinin vasitəsi ilə o həzrətlə əlaqə bərqərar edir, onlardan bə`ziləri imamın hüzuruna çatırdılar. Belə ki, bu barədə çoxlu rəvayətlər mövcuddur. Lakin imamın kamil qeybdə olduğu qeybəti kubra dövründə qeyd olunan bu rabitə tamamilə kəsilmiş, o həzrətin hüzuruna getmək adi şəkildə və xüsusi şəxslərin vasitəsi ilə qeyri-mümkün olmuşdur. Bununla belə, alimlərdən çoxu inanırlar ki, bu dövrdə də o həzrətlə görüş mümkündür və bu iş dəfələrlə baş vermişdir. Böyük din şəxsiyyətlərindən bə`ziləri, o cümlədən Əlammə Bəhrül-Ülumun, Müqəddəs Ərdəbilinin, Seyyid ibni Tavusun və sair kimi şəxsiyyətlərin o həzrətin hüzuruna çatması tarixində məşhur məsələdir və böyük alimlərin kitablarında nəql olunmuşdur[1]

Amma imam Zaman (ə) ilə görüş barəsində aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

Birincisi budur ki, İmam Məhdi (ə) ilə görüş bə`zən insanların çıxılmaz vəziyyətdə düşdükləri bir zaman baş verir, bə`zən də adi hallarda, zərurət və çıxılmaz vəziyyət olmadan gerçəkləşir. Daha aydın desək, bə`zən İmam (ə) ilə görüş müəyyən şəxslərin əlindən tutmaq məqsədi daşıyır ki, çox ağır vəziyyətlərə düşmüş olur və onlarda tənhalıq və kimsəsizlik halətləri yaranır. Burada müxtəlif yerlərdə, o cümlədən Allah Evinə səfər edərkən yollarını itirən və imamın yaxud o həzrətin səhabələrinin birinin vasitəsi ilə sərgərdançılıqdan nicat tapanların, eləcə də sair görüşlərin çoxu həmin qəbildəndir.

Amma bə`zi hallarda imamla görüş qeyri-iztirar halətində olmuş və imamla görüşən şəxs özünün malik olduğu mənəvi xüsusiyyət və məqamına görə imamın hüzuruna şərəfyab olmuşdur.

Yuxardakı incə nöqtələrə diqqət yetirməklə aydın olur ki, o həzrətlə görüş iddiası etmək hər kəsdən qəbul olunmur.

İkinci məsələ budur ki, böyük qeybət dövründə və xüsusilə bizim dövrümüzdə müəyyən şəxslər İmam Zaman (ə)-la görüş iddiası edərək camaatı öz ətrafına toplamaq, şan-şöhrət qazanmaq istəmiş və bu yolla çoxlarını yollarından azdırıb əməl və əqidə də azğınçılığa düçar etmişlər. Belə şəxslər bə`zi duaları oxumağı, heç bir əsası olmayan əməlləri yerinə yetirməyi tövsiyə edir, imamla görüş arzusunda olanları nəzərə çarpacaq dərəcədə möhtəvası olmayan yığıncaqlara də`vət edir, bu kimi işlərlə Allahın höccəti ilə görüş və`dəsi verir və beləliklə də qaib imamla görüş məsələsini çox asan və hamının nail ola biləcəyi bir iş kimi cilvələndirirlər. Halbuki, o həzrət Allah təalanın iradəsinə uyğun olaraq kamil qeybət dövründə yaşayır və onların nicat yolu yalnız ilahi lütf və məzhərinin bir başa inayətləri olan az saylı insanlardan başqası üçün müyəssər ola bilməz.

Üçüncü məsələ budur ki, İmam (ə)-la görüş yalnız o zaman mümkün ola bilər ki, imam Zaman (ə) bu görüş baş verməsini məsləhət görmüş olsun. Buna əsasən, hərgah bir nəfər imamla görüşünə son dərəcə eşq bəsləsə və mümkün olan qədər sə`y və fəaliyyət göstərsə belə, amma o həzrətlə görüşə bilməsə, heç vaxt ümidsizliyə düçar olmamalı, bunu imamın lütf və inayətdən məhrum olmasına bir səbəb hesab etməməlidir. Necə ki, o həzrətlə görüş feyzinə nail olanlar da bu görüşü təqva və fəzilətdə kamal hədinə çatmaq nişanəsi saymamalıdırlar.

Bir sözlə, İmam Zaman (ə)-ın nurani cəmalını görmək və ürəkoxşayan sözlərini eşitmək böyük bir səadət olmasına baxmayaraq, bizim imamlarımız, xüsusilə həzrəti Vəliyyi Əsr (ə) şiələrdən istəməmişdir ki, öz imamları ilə görüş arzusunda olsunlar, bu məqsədə çatmaq üçün çillələr saxlasınlar yaxud çöllərə düşüb o həzrəti axtarsınlar. Əksinə, mə`sum imamların kəlamlarında tövsiyə olunmuşdur ki, şiələr daim o həzrəti xatırlasınlar, onun fərəci üçün dua etsinlər, onun razılığını qazanmaq üçün əməldə və sözdə çalışsınlar, onun böyük hədəflərinin həyata keçməsi yolunda qədəm götürsünlər, nəticədə o həzrətin zühuruna mümkün olan qədər tez zəminə yaratsınlar və aləm o həzrətin birbaşa feyzlərindən bəhrə alsın.

İmam Məhdi (ə) özü buyurur:

اَكْثِرُوا الدُّعاء بِتَعْجيلِ الْفَرَجِ فَاِنَّ ذالِكَ فَرَجُكُمْ[2]

«Fərəcin hasil olması və tezləşməsi üçün çoxlu dua edin; həqiqətən bu, sizin qurtuluşunuzdur.»

Burada münasib görürük ki, mərhum Hacı Əli Bağdadinin (o, öz dövrünün böyük şəxsiyyətlərindən biri olmuşdur) İmam Zaman (ə)-la görüşünü nəql edək. Lakin ixtisara riayət olunması üçün onun yalnız mühüm yerlərini qeyd edirik.

O təqvalı və ləyaqətli insan həmişə Bağdaddan Kazimeynə gedir, iki böyük imamı–İmamCavad (ə) və İmam Kazim (ə)-ın ziyarət edirdi. O deyir: mənim öhdəmdə bir qədər xüms və mali hüquq var idi. Ona görə də Nəcəfi-Əşrəfə getdim və onun iyirmi tümənini böyük alim və təqvalı fəqih Şeyx Ənsariyə, iyirmi tümənini böyük alim və fəqih Şeyx Məhəmməd Hüseyn Kazimiyə, digər iyirmi tümənini isə Ayətullah Şeyx Məhəmməd Həsən Şəruqiyə verdim. Qərara almışdım ki, yerdə qalan iyirmi tümənini də Bağdada qayıtdıqdan sonra Ayətullah Ali-Yasinə qaytaram. Əvvəlcə Kazimeynə getdim və iki böyük imamı ziyarət etdim. Ondan sonra Ayətullah Ali-Yasinin evinə getdim, şər`i borclarımın qalan hissəsini ona verdim və icazə aldım ki, onun qalan hissəsini tədrici olaraq ona, yaxud onun məsləhət bildiyi bir şəxsə qaytarım. O israrla dedi ki, onun yanında qalam, lakin mən vacib və zəruri işlərimə görə, üzürxahlıq edərək ondan ayrılıb Bağdada tərəf getdim. Yolun birini getmişdim ki, böyük şəxsiyyətli və vüqarlı bir seyyidlə qarşılaşdım. Başında yaşıl əmmaməsi vardı, yanağında qara bir xalı aşkar idi və ziyarət məqsədilə Kazimeynə gedirdi. O mənə tərəf gəlib salam verdi və mənimlə qızğın söhbətə başladı, məni qucaqlayıb sinəsinə yapışdırdı və «xoş gəldin!» Deyərək buyurdu: «Xeyir ola, hara gedirsən?» Dedim: «Ziyarət etmişəm, indi Bağdada qayıdıram.» O dedi: «Cümə axşamıdır. Qayıt, Kazimeynə gedək (bu gecəni orada qalaq).» Dedim: «Bu işi görə bilmərəm.» O dedi: «Görə bilərsən; qayıt, cəddim Əmirəl-mö`minin Əli (ə)-ın və bizim dostlarından olduğuna şəhadət verin, şeyx də buna şəhadət versin. Allah təala buyurur:

وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ[3]

«İki adil şahid tutun!»

Hacı Əli Bağdadi deyir: Mən bundan əvvəl Ayətullah Ali-Yasindən xahiş etmişdim ki, mənim üçün bir sənəd yazıb şahidlik etsin ki, mən Peyğəmbər Əhli-beytini sevənlərdən və onların şiələrindənəm. İstəyirdim ki, o məktubu kəfənimlə bir yerə qoyam. O seyyiddən soruşdum: Məni haradan tanıyır və bu şəhadəti necə verirsən?» Buyurdu: «Bir kəs başqasının haqqını kamil şəkildə verirsə, onu necə tanımaya bilərəm?!» Dedim: «Hansı haqq?» Buyurdu: «Həmən haqlar ki, mənim vəkilimə vermisən.» Soruşdum: «Sənin vəkilin kimdir?» Buyurdu: «Şeyx Məhəmməd Həsən!» Dedim: «O sizin vəkilinizdirmi?» Buyurdu: «Bəli!»

Onun sözlərindən heyrətə daldım. Fikirləşdim ki, mənimlə onun arasında çox qədimdən dostluq varmış ki, mən onu unutmuşam. Çünki ilk rəftarda məni öz adımla çağırdı! Güman etdim ki, bəlkə öhdəmdə olan xumsun müəyyən bir məbləğini ona verməyimi təvəqqe edir ki, Peyğəmbər nəslindən olduğuna görə, ona təqdim edim. Buna görə də dedim: «Siz Peyğəmbər övladlarınızın hüquqlarından bir miqdarı mənim yanımdadır və icazə almışam ki, onu özüm istifadə edəm.» O, təbəssüm edərək dedi: «Bəli! Bizim hüquqlarımızın bir miqdarını Nəcəfdə bizim vəkillərimizə vermisən.» Soruşdum: «Bu işim Allah dərgahında qəbul olunurmu?» Buyurdu: «Bəli!»

Özümə gəldim və fikirləşdim ki, bu seyyid necə olur ki, bu seyyid əsrin böyük alimlərini öz vəkili hesab edir?! Amma yenidən qəflətə düçar oldum və bu məsələni tamamilə unutdum.

Dedim: «Ağam! Bu söz düzdürmü ki, deyirlər hər kəs cümə gecəsi İmam Hüseyn (ə)-ı ziyarət etsə (Allahın əzabından amanda qalacaqdır)?» Dedi: «Bəli!» Həmin halda gözləri yaşla doldu və ağladı. Çox keçmədi ki, Kazimeyn (ə)-ın hərəmində olduğunu gördüm. Amma hərəmə çatan yolları ötmədən gəlib çatmış olduğumu gördüm. Kiriş qapısının yanında dayanıb mənə dedi: «Ziyarəti oxu!» Dedim: «Mənim sərvərim, yaxşı oxuya bilmirəm.» Dedi: «Mən ziyarət oxuyum sən ziyarət edəsənmi?» Dedim: «Bəli.»

O, Peyğəmbərə və bir-bir imamların hamısına salam verdi, İmam Həsən Əsgəri (ə)-ın mübarək adını dedikdən sonra mənə üz çevirib dedi: «Zamanənin imamını tanıyırsanmı?» Dedim: Necə tanımaya bilərəm?!» Buyurdu: «Onda, isə ona salam ver!» Dedim:

اَلسَّلامُ عَلَيْكَ ياحُجَّةَالله يا صاحِبَ الزَّمان يابْنَ الْحَسن!

O, təbəssüm edərək, buyurdu:

عَلَيْكَ السَّلام وَرَحْمَةُاللهِ وَبَرَكاتُهُ

Sonra hərəmə daxil olub zərihi öpdük. O buyurdu: «Ziyarətnaməni oxu!» Dedim: «Əziz ağam, mən yaxşı oxuya bilmirəm.» Buyurdu: «Sənin üçün oxuyummu?» Dedim: «Bəli.» O məşhur «Əminullah» ziyarətini oxudu, sonra buyurdu: «Cəddim Hüseyni ziyarət edirsənmi?» Dedim: «Bəli. Bu gecə cümə gecəsidir və İmam Hüseyn (ə)-ın ziyarət gecəsidir.» O, İmam Hüseyn (ə)-ın məşhur ziyarətnaməsini oxudu. Məğrib namazının vaxtı çatanda mənə buyurdu ki, namazı camaatla qılam. Namazdan sonra o Həzrət gözlərimdən görünməz oldu; nə qədər axtardımsa, tapa bilmədim.

Yavaş-yavaş özümə gəlib xatırladım ki, bu seyyid məni öz adım və əlamətlərimlə çağırdı. Məndən istədi ki, Kazimeynə qayıdım, amma mən istəmədiyim halda qayıtdım. Böyük fəqihləri özünün vəkili adlandırdı və nəhayət gözlənilmədən yoxa çıxdı. Bundan sonra bir az fikirləşib başa düşdüm ki, o həzrət İmam Vəliyyi Əsr imiş, amma heyflər olsun ki, onu çox gec tanıdım!»[4]


[1] Cənnətül Məva və Nəcmus- Saqib (Mühədis Nuri)

[2] Kəmalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 239

[3] Bəqərə surəsi, ayə 282

[4] Biharul-ənvar, 53-cü cild, səh 315, Ənnəcmus-Saqib, 31-ci hadisə

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment