Azəri
Wednesday 29th of March 2017
code: 80921
QEYBƏTƏ MANE OLMAQ

İslam dininə əsasən, çirkin və haram işlə rastlaşarkən həmin işin davamına mane olmaq hər bir müsəlmanın borcudur. Bu zərurət yalnız qeybətə aid deyil, mövzumuz qeybət olduğundan, bu zəmində də söz açmağı lazım gördük. Qeyd etmək lazımdır ki, kiminsə qeybətinin olunmasına mane olmaqla bərabər, qeybəti olunan şəxsin müdafiəsi də lazımdır. Bu məzmunda nəql olunan rəvayətlərin sayı az deyildir və biz burada onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ رَدَّ عَنْ عِرْضِ اَخيهِ بِالْغَيْبِ كانَ حَقّآ عَلَى اللهِ اَنْ يَعْتِقَهُ مِنَا لنّارِ

“Mömin qardaşının arxasınca deyilən nalayiq sözləri ondan uzaqlaşdıran şəxsi Allah-Taala cəhənnəm odundan uzaqlaşdırar.” (“Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh.226.)

Digər bir rəvayətdə o həzrət qeybəti olunan şəxsin müdafiəsinə qalxmayanları məzəmmət edir və imam Əliyə (ə) buyurur:

يا عَلِىُّ! مَنْ اُغْتيبَ عِنْدَهُ اَخُوهُ الْمُسْلِمُ فَاسْتَطاعَ نَصْرَهُ فَلَمْ يَنْصُرْهُ خَذَلَهُ اللهُ فِي‌الدُّنْيا وَالْآخِرَة

“Ey Əli! Yanında müsəlman qardaşının qeybəti olunarkən onu müdafiə etməyə qadir olan şəxs, qardaşına kömək etməzsə, Allah-Taala onu dünya və axirətdə xar edəcəkdir.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh.291, 16332-ci hədis.)

İmam Baqir (ə) də bu məsələyə təkidlə yanaşır, qeybəti olunan şəxsin müdafiəsinə qalxmayanın aqibəti haqda belə buyurur:

مَنْ اغْتيبَ عِنْدَهُ اَخُوهُ الْمُؤْمِنُ فَنَصَرَهُ وَ أَعانَهُ نَصَرَهُ اللهُ وَ اَعانَهُ فِى الدُّنْيا وَ الْآخِرَةِ وَ مَنْ لَمْ يَنصُرْهُ وَ لَمْ يُعِنْهُ وَ لَمْ يَدْفَعْ عَنْهُ وَ هُوَ يَقْدِرُ عَلى نُصْرَتِهِ وَ عَوْنِهِ خَفَضَهُ اللهُ فِي‌الدُّنْيا وَ الْآخِرَة

“Bir şəxsin yanında mömin qardaşının qeybəti olduğu halda, həmin şəxs qardaşını müdafiə edərsə, Allah-Taala da dünya və axirətdə ona kömək edəcəkdir. Amma o şəxs kömək edə biləcəyi halda, qeybətin davamına mane olmayaraq onu müdafiə etməzsə, Allah-Taala onu dünya və axirətdə xar edəcəkdir.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh.291, 16333-cü hədis.)

Peyğəmbəri-Əkrəm (s) qeybətə mane olan şəxsin böyük mükafata layiq görüləcəyinə işarə edərək buyurur:

مَنْ رَدَّ عَنْ اَخيهِ غِيبَةً سَمِعَها فى مَجْلِسٍ رَدَّ اللّهُ عَنْهُ اَلْفَ بابٍ مِنَ الشَّرِّ فِى الدُّنْيا وَ الْآخِرَةِ فَاِنْ لَمْ يَرُدَّ عَنْهُ وَ اَعْجَبَهُ كانَ عَلَيْهِ كَوِزْرِ مَنِ اغْتابَ

“Allah-Taala mömin qardaşının qeybətini eşidib onu müdafiə edən şəxsdən min bəlanı uzaqlaşdırar, olunan qeybətin qarşısında susub onu rədd etməyən, hətta təəccüb hissləri keçirən insanı isə qeybət edən şəxs kimi günah sahibinə çevirər.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 292, 16336-cı hədis.)

Başqa bir rəvayətdə qeyd olunur ki, bir məclisdə mömin qardaşının ardınca qeybət olunarsa və tərəf-müqabili onu müdafiə edə biləcəyi təqdirdə buna göz yumarsa, onun günahı qeybət edən şəxsin günahından yetmiş dəfə çox olar. (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild,səh. 282, 16313-ci hədis.)

Hədislərə istinadən belə qənaətə gəlirik ki, qeybət olunan zaman insan qeybəti olunan şəxsi müdafiə etməyərək susarsa, qeybət edən şəxs üçün daha da münasib şərait yaranır. Həqiqətən də, qeybətin qarşısını almamaq onu günaha təşviq etmək kimidir.

Əgər bir nəfərin qeybətini eşidən şəxs heç cür onu müdafiə edə bilməzsə, digər metodlardan istifadə etməlidir. Məsələn, sözün mövzusunu dəyişə bilər. Bu metodla da günahın qarşısını ala bilməzsə, qeybət olunan məclisi tərk etməlidir. Bu da mümkün olmazsa, ən azından qəlbində bu işə narazılığını bildirməlidir.

user comment
 

latest article

  Kafirlə müşrikin fərqi nədir?
  Qiyаmәtdә әmәllәr niyyәt әsаsındа ölçülür?
  Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?
  Yeddi xislət - Bəndəliyin yolu
  Dörd хislәt günаhlаrı silәr
  Allah qorxusu insana nə üçün lazımdır?
  Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
  Bütün təqva Allah Təalanın bir ayəsində
  Əxlaqı dəyişdirmək mümkündürmü?
  Riyakar və saxtakar insanın üç əlaməti