Azəri
Monday 20th of February 2017
code: 80051
ƏL-MUMINUN SURƏSI

 Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).

2. O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.

3. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.

4. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.

5. Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.

6. Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.

7. Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.

8. Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.

9. Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.

10. Onlardır varislər!

11. Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.

12. Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.

13. Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.

14. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!

15. Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.

16. Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.

17. Həqiqətən Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.

18. Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.

19. Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.

20. Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.

21. Həqiqətən heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.

22. Və onlara və gəmilərə minirsiniz.

23. Həqiqətən Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (peyğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»

24. Beləliklə onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).

25. O, yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı yaxud öldü).

26. Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»

27. Beləliklə ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.

28. Beləliklə elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur.»

29. Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan.»

30. Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən Biz (bəndələrimizi) həmişə sınayırıq.

31. Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.

32. Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!

33. Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»

34. Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.

35. O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?

36. Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!

37. Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.

38. O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.

39. (Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»

40. Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar.»

41. Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!

42. Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.

43. Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müddətindən) nə qabağa keçər və nə də geri qalar.

44. Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!

45. Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlil-sübutla göndərdik.

46. Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.

47. Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»

48. Beləliklə o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular.

49. Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.

50. Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.

51. Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.

52. Və bu (din və İslam şəriəti), siz (peyğəmbərlərin və nəsilləri kəsilənədək sizin ümmətləriniz)in yeganə din və şəriət olan din və şəriətinizdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsulid-din və füruid-dindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!

53. Beləliklə onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.

54. Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.

55. Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla

56. onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).

57. Həqiqətən Rəbblərinin (əzabının) qorxusundan iztirabda olanlar

58. və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər

59. və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar

60. (mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər

61. (bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.

62. Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.

63. Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.

64. (Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.

65. (Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.

66. Həqiqətən Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).

67. Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.

68. Belə isə heç bu kəlam (Qur’an) barəsində (onun insanın qüdrətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?

69. Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?

70. Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.

71. Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.

72. Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyr!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.

73. Doğrudan da sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.

74. Həqiqətən axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.

75. Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.

76. Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.

77. Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.

78. Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.

79. Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.

80. (Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!

81. Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.

82. Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»

83. Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.

84. De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»

85. Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»

86. De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»

87. Deyəcəklər: «(onlar da) Allaha məxsusdur.» De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»

88. De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»

89. Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»

90. Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.

91. Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.

92. Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.

93. De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən

94. onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»

95. Həqiqətən Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).

96. Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.

97. Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm.»

98. «Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»

99. (Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,

100. bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.

101. Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.

102. Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar.

103. Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.

104. Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.

105. (Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»

106. Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik.»

107. «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq.»

108. (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»

109. Həqiqətən Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.

110. Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.

111. Həqiqətən bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.

112. (Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)

113. Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»

114. (Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»

115. Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?

116. Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.

117. Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.

118. Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»


source : alhassanain
user comment
 

latest article

  QEYBƏTƏ QULAQ ASMAQ VƏ ONUN HÖKMÜ
  QEYBƏT YAXŞI ƏMƏLLƏRİ YANDIRIR, İBADƏTİ DƏYƏRDƏN SALIR
  Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
  Tövhid haqqında
  Təhrif olunmuş Tövrat və İncildə Peyğəmbərin (s) nişanələri
  Bağışlanmanın səbəbləri hansılardır?
  Xalis tövbə
  “Sаnki Onu görürsәn”
  İlаhi mәhәbbәtә nаil оlmаq yоlu
  VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?