Azəri
Friday 19th of April 2024
0
نفر 0

NÜBÜVVƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

Bizim əqidəmiz budur ki, nübüvvət Allah-Taala tərəfindən təyin edilən bir vəzifə, Rəbbimizə məxsus olan bir elçilikdir ki, Allah-Taala bu vəzifəni Özünün saleh, insaniyyətdə kamil həddə çatmış övliyalarından olan bəndələrinə həvalə edir ki, sair insanları dünya və axirət səadətləri, məsləhət və mənafelərinə doğru hidayət edib, pis əxlaqlardan, yanlış adətlərdən paklayıb, saflaşdırsınlar, onlara mərifət və hikmət öyrətsinlər, xeyir və səadət yollarını bəyan etsinlər, nəticədə insaniyyət özünə layiq olan kamal həddinə çatıb, dünya və axirətdə (Allah dərgahında) yüksək dərəcələrə yüksəlsin.

Həmçinin inanırıq ki, mənası gələcəkdə qeyd olunacaq lütf qaydasına əsasən vacibdir ki, Öz bəndələrinə qarşı lətif olan Xaliq, bəşərin düz yola hidayət olunması və cəmiyyətdə islahat işləri aparmaq üçün peyğəmbərlər göndərsin. O peyğəmbərlər də Allahın (yer üzündəki) səfirləri, canişinləri (xəlifə) olsunlar. Habelə, inanırıq ki, Allah-Taala camaata peyğəmbər təyin etmək, seçmək hüququ verməmişdir; onların peyğəmbər seçmək üçün heç bir ixtiyarları yoxdur. Bu işlərin hamısı Allahın əlindədir, çünki O,

Öz risalətini harada qərar verməsini daha yaxşı bilir.

Həmçinin Allah-Taalanın xalqın hidayətçisi, bəşir (ilahi nemətlərə müqdə verən) və nəzir (ilahi əzabdan qorxudan) şəxs kimi göndərdiyi adam (peyğəmbər) və onun gətirdiyi hökmlər, sünnət və şəriət barədə xalqın təhəkküm (mühakimə, hökmetmə) haqqı yoxdur.

NÜBÜVVƏT İLAHİ LÜTFDÜR

İnsan çox sirli bir varlıq olub, zatında, təbiətində, nəfs və əql, hətta hər tək-tək fərdlərin şəxsiyyəti cəhətindən mürəkkəb quruluşa malikdir. (Belə ki, onun təbiətində bir-biri ilə zidd olan yönlər qoyulmuşdur–red.) Bir tərəfdən onun zatında fəsada, digər tərəfdən isə xeyirxah və gözəl əməllərə sövq edən qüvvələr qoyulmuşdur.

Digər tərəfdən, insan zatında olan özünü sevmək, həvayi-nəfsə itaət etmək, xudbinlik, şöhrətpərəstlik, hamıya qələbə çalmaq, təkəbbür, hamıdan üstün olmaq, dünya həyatı və onun bər-bəzəklərinə hərislik və s. kimi qərizələr və emosional xüsusiyyətlər əsasında xəlq edilmişdir. Allah-Taala buyurur:

And olsun Əsrə ki, bütün insanlar xəsarətdədirlər.

Həqiqətən insan elə ki özünü qəni görür, tüğyan edir.

Həqiqətən nəfs (əmmarə nəfsi) insanı pisliklərə sürükləyir.

Və s. kimi onun qərizələr və emosional xüsusiyyətə malik bir nəfsin varlığını göstərən sair ayələri qeyd etmək olar.

Digər tərəfdən, Allah-Taala insanda əql qüvvəsi də yaratmışdır ki, bu qüvvə insanı xeyir işlərə, saleh əməllərə doğru hidayət edir. Həmçinin Allah onun batinində vicdan qüvvəsi xəlq etmişdir ki, onu pis, çirkin əməllərdən, zülmdən və s. çəkindirib, qəbahətli, pis işlərin aqibətindən agah edir.

İnsanın bu iki daxili qüvvəsi–nəfs və əql arasında daimi çəkişmələr davam etməkdədir. Hər kəsin əqli nəfsinə qələbə çalsa, ən yüksək məqamlara, insaniyyətin kamal həddinə çatar, mənəvi və ruhi cəhətdən kamilləşmiş bir insan olar. Amma hər kəsin nəfsi əqlinə qələbə çalsa, ən alçaq dərəcələrdə olar, insaniyyət yolundan uzaqlaşar və heyvanlıq dərəcəsinə enər.

İnsandakı bu iki düşmən qüvvələrdən ən güclüsü nəfsani ehtiraslar və onların qoşunudur. Məhz buna görə də insanların əksəriyyəti şəhvətə, nəfsani ehtiraslara itaət edib, onun çağırışlarına müsbət cavab verdiklərinə görə zəlalətdə qərq olaraq düz yoldan, hidayətdən uzaq düşürlər.

(Ya Peyğəmbər) İnsanların əksəriyyəti–sənin istədiyinə baxmayaraq–iman gətirməzlər

Bundan əlavə, insan (əqlinin) qüsurlu olduğuna görə, bütün həqiqətlərdən, onu əhatə edən varlıqların və öz nəfsindən yaranan işlərin sirlərindən və s. lazımi qədər məlumatı olmadığından, ona faydalı və yaxud zərərli olan şeyləri, onu səadətə və ya bədbəxtliyə aparan yolları–istər təkcə özünə, istərsə də hər hansı insan növünə və cəmiyyətinə aid olan işlərdə–ayırd edə bilmir. Üstəlik onun elmi təbiət, maddi aləm barəsində artdıqca həmişə öz nəfsi barəsində cəhalətdə olub, cəhli artır, yaxud cəhlini daha yaxşı dərk edir.

Buna əsasən, insan, səadət dərəcələrinə çatmaq üçün səadət və aşkar hidayət yolunu göstərə bilən bir hidayətçiyə daha çox ehtiyac duyur ki, bu şəxsin (hidayətçinin) vasitəsilə əqlini qüvvətləndirib əql və nəfsani qüvvələrlə mübarizəyə hazırlaşdığı bir vaxtda, özünün inadkar düşməninə, nəfsani istəklərə sövq edən qüvvələrə qələbə çalsın.

İnsan bu yolda ən çox nəfsinin onu aldatdığı (əksər hallarda da nəfsin işi aldatmaqdır) pis əməllərini gözəl, yaxşı əməllərini cilvələndirib azğınlığa yuvarlanmasını təriflədiyi bir vaxtda belə bir şəxsə (hidayətçiyə) ehtiyac duyur ki, onun əlindən tutub, xeyirli, gözəl işlərə tərəf çəksin. Çünki nəfs, əql üçün yaxşı və xeyirli işləri pis və zərərli işlərdən seçmək üçün bir mərifət olmadığı vaxtda yaxşı şeyləri pis, pis şeyləri yaxşı cilvələndirir, məsləhətli, səadətli və nemət dolu yolu ona səhv göstərir.

Allahın ismət bəxş etdiyi şəxslər istisna olmaqla insanlardan hər biri də nəfs və əql arasındakı bu mərəkədə qərq olur.

Bu səbəbdən də nəinki vəhşi və cahil, hətta hər mütərəqqi və ziyalı şəxs özünü bütün xeyirli və məsləhətli yollara çatdırıb dünya və axirətdə ona faydalı, yaxud zərərli olan şeylər–istər şəxsən özünə aid olan, istərsə də cəmiyyətdə olan işlərə aid olsun–barəsində mərifət kəsb etməsi olduqca çətin bir işdir. Hətta bu yolda özü ilə həmfikir olan şəxslərdən kömək alsa da, böyük miqyaslı konfranslar, şuralar və s. təşkil etsələr də belə.

Deməli, Allah-Taalanın bəndələrə qarşı olan rəhmət və lütfü vacib edir ki:

Onların öz içindən olan peyğəmbər seçsin ki, Onun ayələrini xalqa tilavət edib nəfslərini (aludəliklərdən) paklaşdırsın, kitab və hikməti (elmi) onlara öyrətsin, bəndələri fəsad törədən işlərdən çəkindirib qorxutsun, səadəti və mənafeyi olan şeylərə müqdə versin.

Allahın bəndələrinə lütf göstərməsinin vacibliyinin səbəbi odur ki, lütf Onun mütləq kamalındandır və O, Öz bəndələrinə qarşı Lətif (lütf sahibi), Kərim (kəramət sahibi) və Cəvaddır (ehsan edəndir). Əgər məhəllin (bəndələr) lütf və ehsan üçün qabiliyyəti olsa, Allah hökmən Öz lütfünü onlara çatdırmalıdır. Çünki, Onun rəhmət dairəsində paxıllığa, kərəm və ehsanında nöqsana yol yoxdur.

Allahın lütfü barəsində deyilən vacibdir sözünün mənası bu deyil ki, kimsə Onu bu işi görməyə əmr etsin və əmrə itaət etmək də Ona vacib olsun. Amma qeyd olunan vacibin mənası vacibül-vücudda deyilən mənadır. (Yəni bu işi görmək Onun Zatındadır və Ondan ayrılması qeyri-mümkündür.)

PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Biz inanırıq ki, Allah-Taala Öz bəndələri üçün bir hidayətçi və peyğəmbər seçirsə, onu xalqa hökmən təqdim etməli, xalqı onlara tərəf yönəltməlidir. Bu da yalnız o vaxt ola bilər ki, Allah bu şəxslərin ilahi risalətinə dair bir dəlil, höccət bəyan etsin, peyğəmbərlər də onu xalqa göstərsinlər. Beləliklə də Öz lütfünü bəndələrinə tamamlayıb rəhmətini kamil etsin.

Bu dəlil və höccət də yalnız kainatın Xaliqi və Müdəbbiri tərəfindən baş verə bilən bir iş, başqa sözlə, bəşərin qüdrətindən xaricdə olmalıdır. Allah bu möcüzəli işləri göndərdiyi hidayətçi peyğəmbərin əli ilə icra edir ki, Öz peyğəmbərini tanıtdırıb xalqı da ona tərəf hidayət edə bilsin. Bu dəlil möcüzə (ərəb dilində möciz, yaxud möcizə, yəni aciz edən) adlanır. Çünki bu iş bəşəri, onun tayını gətirməkdə, o işlə qarşılaşmaqda aciz edir.

Peyğəmbərin camaata möcüzə göstərib, onun vasitəsilə höccət gətirməsi labüd bir məsələ olduğu kimi, möcüzənin ecazlı olması da camaat arasında elə aşkar olmalıdır ki, nəinki dövrün adi camaatı, hətta alimləri, mütəxəssisləri belə onu gətirməkdə aciz olsun. Habelə, möcüzə nübüvvət iddiası ilə eyni zamanda olmalıdır ki, onun iddiasına bir dəlil olsun. Əgər qeyd olunan alim və mütəxəssislər aciz qalsalar, məlum olar ki, bu iş bəşər qüdrətinin fövqündə dayanır və fövqəl-təbii, xariqül-adə bir işdir. Həmçinin məlum olar ki, möcüzəni gətirən şəxs, Xaliqlə ruhi əlaqədə olduğu üçün, adi bəşərdən üstün bir şəxsdir.

Hər kəsdə bu şərtlər ödənsə, yəni xarüqül-adə möcüzə baş versə və o bununla eyni zamanda nübüvvət iddiası etsə, qayda üzrə camaat onu təsdiqləyib iman gətirməli, söz və əmrlərinə itaət etməlidirlər. Bəziləri iman gətirir, bəziləri isə qəbul etməyib kafir olur.

Məlum olduğu kimi, hər peyğəmbərin möcüzəsi öz dövrünün elm və fənlərinə mütənasib olmuşdur. Məsələn, Musa (əleyhis-salam)-ın möcüzəsi əqdahaya dönərək sehr və caduya üstün gələn əsası idi. Çünki o Həzrətin dövründə sehr ən çox yayılmış işlərdən idi. Elə ki, Musa (əleyhis-salam) əsanı gətirdi, sehrkarların əməllərinin hamısı batil oldu və hamısı anladı ki, bu iş onların qüdrətləri dairəsindən xaricdə, onların işlərindən çox-çox yüksəkdədir, bəşərin mislini gətirə bilməyəcəyi ecazlı işlərdəndir ki, onun müqabilində elm və ustalıqları zəifləyib aradan gedir.

Həmçinin, İsa (əleyhis-salam)-ın möcüzəsi xora xəstəliyinə tutulanlara, anadangəlmə korlara şəfa vermək, ölüləri diriltmək idi. Çünki o Həzrət möcüzə gətirəndə, tibb elmi xalq arsında ən mühüm işlərdən sayılırdı. O vaxtın cəmiyyətində alimlər və təbiblər yüksək məqama və mənsəbə malik idilər. Onların elmi İsa (əleyhis-salam)-ın göstərdiyi işlər müqabilində aciz qaldı.

Bizim Peyğəmbərmizin də əbədi möcüzəsi Qurani Kərimdir ki, Ərəbistanda fəsahət və bəlağət intibahının çiçəkləndiyi, özünün ən yüksək mərhələsinə çatdığı bir vaxtda özünün fəsahət və bəlağəti (söz ustalığı) ilə möcüzə idi. O dövrdə bəlağət ustaları bəyanlarının gözəl, fəsahətlərinin ali dərəcədə olduğu üçün xalq arasında hörmətə layiq görülürdülər. Belə bir şəraitdə Quran ildırım kimi gəlib onları zəlil etdi, dəhşətə gətirdi və başa saldı ki, onunla qarşılaşa bilməzlər. Onlar da Həzrətin möcüzəsi müqabilində zəlil və bacarıqsız onunla qarşılaşmaqdan aciz oldular, onun ayağının tozuna belə çatmadılar.

Onların bu işdə aciz qalmalarına dəlalət edən işlərdən biri də budur ki, Quran onları mübarizəyə çağırır, heç olmasa onun kimi on surə gətirmələrini istəyir, amma onlar gətirə bilməyib aciz qalırlar. Sonra Quran heç olmazsa bir surə gətirmələrini istəyir, onlar yenə də aciz qalaraq bir iş görə bilmirlər.

Quranın onları mübarizəyə tələb etdiyi halda, aciz qaldıqlarını, sonra isə dillə deyil, qılınc-nizə ilə mübarizəyə qalxmalarından məlum olur ki, Quran möcüzədir və onu Həzrət Mühəmməd ibni Əbdillah (səlləllahu əleyhi və alihi və səlləm) özünün nübüvvət iddiası ilə bir zamanda gətirmişdir. Deməli, o, Allahın Rəsuludur, haqqı gətirmiş, özü də onu təsdiq etmişdir.

Allahın salam və rəhməti ona və onun məsum övladlarına olsun!

16. PEYĞƏMBƏRLƏRİN İSMƏTİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Bizim əqidəmiz budur ki, peyğəmbərlərin hamısı və İmamlar (əleyhimüssalam) məsumdurlar. Bu məsələ barəsində bəzi müsəlman firqələri bizimlə müxalif olub isməti nəinki İmamlar barəsində, hətta peyğəmbərlərə belə, vacib bilmirlər.

İsmət–kiçik və böyük günahlardan, (Allaha qarşı) üsyankarlıqdan (günahdan), xəta və unutqanlıqdan pak və uzaq olmaqdır (amma Peyğəmbərdən bu işlərin baş verməsi əqlən qeyri-mümkün sayılmır), üstəlik xalq arasında adət olan bizi kiçik şeylərdən (yolda bir şey yemək ucadan gülmək və s. kimi) həmçinin camaat arasında xoşagəlməz sayılan hər bir işdən uzaqdırlar.

İsmətin vacib olması dəlili budur ki, əgər Peyğəmbərin günah (məsiyət) və xəta etməsi, unutqan olması caiz olsaydı və bu qəbildən olan bir fel baş versəydi, bu halda ondan üsyankarlıq və xəta kimi baş verən işə tabe olmaq ya vacibdir, ya da vacib deyil. Əgər vacibdirsə, deməli günah və məsiyətə Allah tərəfindən icazə verilir, üstəlik bunu vacib də bilməliyik. Bu da həm din, həm də əql baxımından batil bir işdir.

Yox əgər bu işlərdə onlara tabe olmaq vacib deyilsə, deməli, Peyğəmbərə qeydsiz-şərtsiz itaət etməyin vacibliyi şərtinin həmişə peyğəmbərlik məqamı ilə birgə olmasına zidd çıxarıq.

Həqiqətdə isə əgər bu fərz doğru olsa və biz ondan baş verən hər bir feldə, danışdığı hər bir sözdə məsiyət, yaxud xəta ehtimalı versək onda heç bir şeydə ona tabe olmaq vacib deyil. Bu halda besətin heç bir mənası və faydası olmaz: peyğəmbər də sair insanlar kimi olar və onların kəlam və əməlləri üçün həmişə etimad olunası yüksək qiymət verilməz. Həmçinin onun əmrləri üçün hökmən, qeydsiz-şərtsiz itaət, sözlərinə və əməllərinə mütləq şəkildə etimad da aradan gedər.

Peyğəmbərlərin isməti barəsindəki bu dəlil eynilə İmam barəsində də tətbiq olunur. Çünki İmam barəsində əqidəmiz budur ki, o, Allah tərəfindən Rəsuli Əkərəmin canişinliyinə və xalqı hidayət etmək üçün seçilmişdir (bu barədə İmamət bəhsində müfəssəl danışılacaq).

17. PEYĞƏMBƏRİN XÜSUSİYYƏTLƏRİ BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Bizim etiqadımız budur ki, Peyğəmbərin məsum olması vacib olduğu kimi, xilqət və əqli cəhətdən ən kamil, ən fəzilətli sifətlərə–şücaətli, siyasətcil, idarəçilik, səbir, huşyarlıq, zəkalılıq və s. malik olmalıdır. Hətta bu sifətlərdə bir kəs onun mərtəbəsinə çata bilməz. Əks halda onun bütün məxluqata ümumi rəhbər olması səhih olma, bütün aləmi idarə etməyə gücü çatmazdı.

Həmçinin Peyğəmbərin hətta mövludu (doğumu) da pak-pakizə, besətdən qabaq əmanətdar, sadiq (doğruçu) və rəzil sifətlərdən pak olması da vacibdir ki, qəlblər ona doğru xatircəmliklə yönəlsin, nəfslər ona doğru meyl etsin, habelə bu əzəmətli və ilahi məqama layiq olsun.

18. PEYĞƏMBƏRLƏR VƏ ONLARIN KİTABLARI BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Biz inanırıq ki, bütün nəbi və mürsəl peyğəmbərlərin hamısı haqq olmuşlar. Habelə, onların da ismət və paklıqlarına iman gətiririk. Onların nübüvvətini inkar etmək, nalayiq söz demək, istehza etmək və s. kimi işlər dinsizlik və küfrdür. Çünki bu əməllər onları təsdiqləyən və onlar barəsində bizə xəbər verən öz Peyğəmbərimizin inkarına gətirib çıxarır.

Onların içərsində adları və şəriətləri məlum olanlar–Adəm, Nuh, İbrahim, Davud, Süleyman, Musa, İsa və Quranda adları zikr olunan peyğəmbərlərə xüsusi şəkildə iman gətirmək vacibdir. Hər kəs onlardan birini inkar etsə, ümumi halda hamısını, xüsusilə də bizim Peyğəmbəri inkar edir.

Həmçinin onlara nazil olan kitablar və s.-yə də iman gətirmək vacibdir.

Hal-hazırda xalq arasında mövcud olan Tovrat və İncilə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu iki kitab, Musa və İsa (əleyhiməssalam)-ın zamanından sonra tamahkarların, həvayi-nəfsə tabe olanların əlində oyuncağa çevrilmiş, nazil olduqları ilkin şəkildən çıxarılaraq təhrif olunmuşdur; bəzi şeylər artırılıb, bəzi şeylər isə əsgildilmişdir. Hal-hazırdakı Tovrat və İncilin əksəriyyəti, bəlkə də hamısı Həzrət Musa və İsa (əleyhis-salam) tabeçiləri tərəfindən yazılıb, toplanmışdır.

İSLAM BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Biz inanırıq ki, həqiqətən Allah yanında din yalnız İslam dinidir. Bu haqq ilahi şəriət, şəriətlərin sonuncusu və ən kamili olub, bəşərin səadəti ilə ən müvafiq, dünya və axirət mənafe və məsləhətlərini özündə ən çox cəm edən bir şəriətdir, dünya durduqca əbədi qalmağa səlahiyyəti var. Dəyişdirilə, başqası ilə əvəz edilə bilməz. Bəşərin ehtiyaclı olduğu fərdi, ictimai və siyasi qanunların hamısını özündə ehtiva edir.

İslam dini, ilahi şəriətlərin ən sonuncusudur və biz zülm və fəsada qurşanmış bugünkü bəşəriyyətin islahı üçün başqa bir dinin gəlişini gözləmirik. Deməli, hökmən bir gün gələcəkdir ki, İslam dini qüvvətlənib öz ədalətli qanunları ilə bütün cəmiyyətlərə hakim olacaq.

Əgər İslam şəriəti öz qanunları ilə yer üzündə kamil, səhih surətdə tətbiq olunlrsa, bəşəriyyət arasında ümumi, cahanşümul olar, onların səadətləri ktmilləşər. Hələlik yuxu kimi görünən rifah və izzət-şövkətdə, bolluq, rahatlıq və gözəl əxlaqda olar, dünyada zülmün kökü kəsilər, bütün insanlar arasında mehr-məhəbbət artar, dostluq, qardaşlıq bərqərar olar, yoxsulluq və fəqirlik vücud səhifələrindən məhv olub gedər.

Hal-hazırda isə biz, özlərini müsəlman adlandıranlar arasında acınacaqlı halları görürüksə, səbəbi budur ki, İslam dini yarandığı ilk zamandan indiyə qədər özünün həqiqi mənasında tətbiq olunmamış, onun həqiqi ruhu aşılanmamışdır. Müsəlmanları bu çirkin, acınacaqlı vəziyyətə salan şey İslam dininə arxalanmaq, ona tabe olmaq deyil, əksinə, müsəlmanların İslam təlimlərindən üz döndərmələri, onun qanunlarına hörmətsizlik göstərmələri, öz aralarında zülmün, düşmənçiliyin yayılması–istər padşahların, istər rəiyyətin, istər məxsus şəxslərin, istərsə də avam xalq tərəfindən–tərəqqi yolunda əngəllər törətmiş, qüvvələrini, mənəviyyatlarını həddindən artıq zəiflədərək tənəzzülə uğratmış, bəla və müsibətləri öz arxasınca çəkib gətirmişdir. Allah-Taala da onları, etdikləri günahlar səbəbi ilə həlakətə salmışdır:

Bunun səbəbi budur ki, həqiqətən Allah hər hansı bir qövmə verdiyi bir neməti–onların özləri o neməti dəyişməyincə–dəyişən deyil.

Bu Allahın məxluqatdakı sünnəti-dəyişilməz qanunudur ki:

Həqiqətən günahkarlar səadətə çatmazlar.

Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz.

Rəbbinin cəzalandırması bax belədir! Bir yeri cəzalandırsa–o yerin əhalisi də zalımlar olsa–cəzası çox dərdli və şiddətlidir.

Dinin yalnız vərəq üzərində yazılar olaraq əməl olunmadığı, onun ruhoxşayan təlimlərinə ən aşağı səviyyədə belə əməl olunmadığı halda onun bu ümməti hazırkı acınacaqlı haldan xilas etməsini necə gözləmək olar?

İman və əmanətdarlıq, sədaqət və ixlas, din qardaşı yolunda candan keçmək, gözəl rəftar, özün üçün sevdiklərini müsəlman qardaşın üçün də istəmək və s. kimi gözəl səciyyələr İslam dininin ən ilkin əsllərindəndir. Halbuki müsəlmanlar onları elə qədim zamanlardan bugünkü günə qədər boşlamışlar. Nə qədər vaxt keçirsə bir o qədər də çox pərakəndə firqələrə, dəstələrə parçalanır, dünya malı, maddiyyata görə bir-birinin canına düşür, puç xəyallara qapılaraq bir-birini əzişdirir, dərk etmədikləri fikir və rəylərə, yaxud ümumiyyətlə onlara aid olmayan işlərə görə bir-birini kafir hesab edirlər. Nəticədə dinin göhvərindən, özlərinin və cəmiyyətlərinin məsləhət və mənafelərindən yayınaraq Quranın əzəli, yaxud sonradan yaranan olması, əzab və rəcət, həmçinin cənnət və cəhənnəmin hal-hazırda yarandığı, yoxsa sonradan yaranacağı və s. kimi çox da mühüm olmayan məsələlər, aralarındakı anlaşılmazlığı daha da dərinləşdirmiş, bir-biri ilə çəkişməyə başlamış və bir-birini kafir hesab etmişlər. Bu çəkişmələrin hamısı onların, düzgün yoldan–sünnətdən azıb fəlakətə, fənaya doğru sürükləndiklərinə dəlalət edir.

Zamanın keçməsi ilə onların haqq yoldan sapmaları daha da dərinləşmiş, cəhalət və zəlalət onlara hakim olmuş, əsassız və lazımsız məsələlər, puç xəyallar, xurafat, müharibə, yersiz öyünməklə özlərini məşğul etmiş, nəticədə dibi görünməyən bir quyuya düşmüşlər. Bunların baş verdiyi bir vaxtda İslamla barışmaz düşmən və müsəlmanların qəflət dəryasına qərq olduqları bir vaxtda oyaq olan Qərb, müsəlmanların sakin olduqları bu ölkələri istila altına alıb öz müstəmləkəsinə çevirmişdir. Allahdan başqa heç kəs bu müsibətin müddətini və sonunu bilmir.

Sənin Rəbbin bir yeri (qəryəni)–oranın əhalisi islahatçı olduğu halda–zülm ilə həlak etməz.

Bu gün müsəlmanların bu acınacaqlı vəziyyətdən xilas olmaqları üçün yeganə yol budur ki, özlərinə qayıdıb etdikləri süstlüklərin, səhlənkarlıqların hesabını etsinlər, dinin gözəl, qiymətli təlimləri ilə öz nəfslərini və gələcək nəsilləri paklaşdırmağa səy göstərsinlər, aralarındakı zülm və zorakılığı aradan qaldırsınlar, özlərinə bu böyük bəladan nicat versinlər. Məhz bundan sonra, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolmalıdır. Necə ki, bunu Allah Öz Rəsuluna vədə vermişdir.

Bu da yalnız dinlərin sonuncusu olan İslam dinindən gözlənilir. Dünyaya sülh, səfa gəlməsi, islah olunması İslamsız mümkün deyil.

Həmçinin bir İmamın varlığı da labüd və zəruridir ki, O İslama daxil olan xurafatları, ona artırılan bidət, zəlalət və s.-ni dindən paklasın, bəşərə nicat versin, onları düşdükləri ümumi fəsaddan, daimi zülümdən və düşmənçilikdən, qiymətli əxlaqiyyatın, ruhun təhqirindən xilas etsin.

Allah Onun zühurunu tezləşdirib, bizim üçün asan etsin!

İSLAM ŞƏRİƏT SAHİBİ BARƏDƏ ƏQİDƏMİZ

Biz inanırıq ki, İslam risalətinin sahibi Həzrət Mühəmməd ibni Əbdüllahdır. O peyğəmbərlərin sonuncusu, mürsəl peyğəmbərlərin ağası, istisnasız olaraq hamısından əfzəl (ən fəzilətli) və üstündür. Habelə, o, bütün bəşəriyyətin ağasıdır. Heç bir fəzilətli şəxs fəzldə ona bərabər ola bilməz. Kəramətdə bir kəs ona çata bilməz. Əqldə heç kəs Ona yaxın bir dərəcədə ola bilməz. özəl əxlaqda heç kəs ona çata bilməz və O əzəmətli əxlaqdadır. Allah-Taala (Peyğəmbərə xitabən) buyurur:

Həqiqətən sən əzəmətli əxlaqdasan!

Bu üstünlüklər bəşərin vücuda gəldiyi dövrdən Qiyamətə kimi ondan savayı heç kəsdə ola bilməz.

QURANİ KƏRİM BARƏSİNDƏKİ ƏQİDƏMİZ

Bizim etiqadımız budur ki, Quran Allah tərəfindən, Onun Əziz Peyğəmbərinin qəlbinə nazil edilən ilahi vəhydir. Onda hər şeyin bəyanı vardır. Quran Peyğəmbərin əbədi möcüzəsidir ki, bəşər bəlağət və fəsahətdə, habelə ehtiva etdiyi ali həqiqət və məariflər müqabilində aciz qalmışdır. O dəyişdirilə, əvəz edilə, təhrif oluna bilməz.

Hal-hazırda biz müsəlmanların arasında mövcud Quran olan elə Peyğəmbərə nazil olan Qurandır. Hər kəs bu əqidədən başqa bir şey iddia etsə, dinə zərbə vurub ixtilaf və şübhə salmaq istəyənlərdir və bunların da hamısı hidayətdən sapmışlardır. Çünki, o, Allah kəlamıdır, elə bir kəlam ki,

Ona nə arxadan, nə də öndən (yəni heç bir tərəfdən) batil söz gəlməz.

Onun möcüzə olmasının dəlillərindən biri budur ki, zamanın keçməsi, elmi-texniki tərəqqinin bu qədər yüksəlişi ilə belə, o öz tər-təzə, təravətli və şirinliyində, özünün ali məqsəd, məram və ideologiyasında qalmaqdadır. Sabit elmi nəzəriyyələr baxımından onda heç bir yanlış, səhv xəta, həqiqi fəlsəfi nöqsan görünməz. Amma böyük filosofların, dahi alimlərin kitablarında, onların elmi məqamları, ideoloqi baxışları nə qədər yüksək olsa da belə, hamısının da olmasa, əksəriyyətinin nəzəriyyəsi zamanın keçməsi, elmin inkişafı ilə köhnəlib, qüvvədən düşür və öz əhəmiyyətini itirir, yaxud səhv olduğu aydınlaşır. (Yəni zamanın keçməsi ilə nəzəriyyələri dəyişilir.) Hətta dahi Yunan filosoflarından olan Sokrat, Aristotel, Əflatun kimi fəlsəfənin atası sayılan və bütün elmi şəxsiyyətlərin fövqündə dayanan şəxsiyyətlər də eyni qayda ilə.

Həmçinin biz inanırıq ki, Qurani Kərimə ehtiram göstərmək, sözdə və əməldə əzəmətlə yad edib təzim etmək vacibdir. Onun kəlmələri hesab olunan, hətta bir kəlməni də belə murdarlamaq caiz deyildir.

Təharətli olmayan şəxslərin Quran kəlmələrinə, hərflərinə məss etməsi caiz deyildir.

Ona təharətlilərdən başqa kimsə məss edə bilməz.

İstər cənabət, heyz, nifas və s. kimi böyük hədəs səbəbilə, istərsə də yuxu kimi kiçik hədəsdən paklanmayınca (yəni fiqhi kitablarda bəyan olunduğu kimi, birinci halda qüsl, ikinci halda dəstəmaz almayınca) Quran hərflərinə əl vurmaq olmaz.

Habelə, onu yandırmaq, camaat arasında hörmətsizlik sayılan hər hansı yolla: tullamaq, murdarlamaq, doğramaq, ayaq altına salmaq, yaxud həqir yerdə qoymaq və s. hörmətsizlik etmək olmaz. Əgər bir kəs qəsdən ona qarşı, qeyd olunan əməllərdən biri ilə hörmətsizlik etsə, təhqir etsə, o, İslamı və onun müqəddəslərini inkar edənlər sırasından, dindən çıxanlardan Allaha kafir olanlardan sayılır.

İSLAM VƏ SABİQ ŞƏRİƏTLƏRİN İSBAT OLUNMA YOLU

Bir kəs bizimlə İslamın səhih din olub-olmaması barəsində mübahisə etsə, biz bu dinin əbədi möcüzəsi–Qurani Kərim ilə onu qane edə bilərik. (Əvvəldə qeyd olunan möcüzə xüsusiyyətlərinə əsasən) Həmçinin bu isbat yolu hər bir azad fikirli insanın əqidəsinin formalaşıb təsbit olunmasında irəli gələcək sual və şəkkin əvvəlində də özümüzü qane edəcək bir yoldur.

Amma sabiq şəriətlərə gəldikdə isə, (yəhudilik və məsihilik) biz onların əslinin haqq olmasını islami əqidədən kənarda və Qurani Kərimə istinad etmədən isbat etmək istəsək, nə özümüz, nə də bu barədə təhqiqat aparan, şəkk edən şəxs üçün onların səhihliyinə qane edə biləcək bir dəlilimiz yoxdur. Çünki bu dinlərin bizim Əziz Kitabımız kimi əbədi möcüzələri yoxdur. Bu dinlərin tabeçilərinin sabiq peyğəmbərlərdən nəql etdikləri möcüzə və xariqül-adə işlərə gəldikdə isə, onları nəql edənlər, yaxud o işlərə istinadən hökm edənlərin özləri yalançılıqda müttəhim olunurlar. Sabiq peyğəmbərlərə mənsub edilən mövcud Tövrat və İncillərdə isə İslamın təsdiq etdiyindən öncə əbədi möcüzə kimi qəbul ediləcək, öz-özlüyündə qəti, qaneedici bir dəlil olacaq şeylər yoxdur.

Amma biz müsəlmanlar sabiq şəriətlərdəki nübüvvəti təsdiq edə bilərik. Çünki biz, İslamın haqq olmasını təsdiq etdikdən sonra, onun gətirdiyi və təsdiq etdiyi bütün şeyləri, o cümlədən, icmal şəkildə sabiq peyğəmbərlərin nübüvvətini təsdiq etməliyik.

Beləliklə müsəlman bir şəxs İslamı qəbul etdikdən sonra (əsl) məsihilik və ondan öncə mövcud şəriətlərin səhihliyində təhqiqat aparmağa ehtiyac duymur. Çünki, İslamı təsdiq etmək sabiq şəriətləri təsdiq etməkdir, ona iman gətirmək elə sabiq nəbi və peyğəmbərlərə də iman gətirməkdir və müsəlman şəxs üçün bu barədə bəhs etmək, o şəriətləri gətirən peyğəmbərlərin möcüzələrinin doğruluğunda təhqiqat aparmaq vacib deyildir. Çünki müsəlman şəxs İslama olan iman səbəbilə, onlara da iman gətirir.

Amma əgər bir şəxs İslamın səhihliyindən bəhs etsə və səhihliyi onun üçün sübuta yetməsə, (nəzər və mərifət kəsb etməyin vacib olması hökmü ilə) əqlən ona vacibdir ki, məsihi dininin səhihliyi barədə bəhs edib təhqiqat aparsın. Çünki o, İslamdan öncə olmuş dinlərin sonuncusudur. Əgər məsihi dini barəsində təhqiqat aparıb yəqinə yetməsə, növbəti sonuncu din barəsində (yəhudi dinində) təhqiqat aparmalıdır. Bu təhqiqatı o qədər davam etdirməlidir ki, hasısa bir dinin haqq, səhih olması barədə yəqinə çatsın, yaxud da hamısını kökündən inkar etsin.

Amma yəhudiyyət və məsihiyyətdə olanlar üçün yuxarıdakı məsələl tam əksinədir. Belə ki, bir yəhudinin öz dininə etiqadı onu İslam və məsihiyyətin səhihliyi barədə bəhs etməyə kifayət deyildir. Əksinə əqlin hökmünə görə, bu barədə əlavə məlumat kəsb etməlidir. Həmçinin məsihilər, İsa (əleyhis-salam)-a gətirdikləri imana arxalanıb İslamın səhih, haqq olmasını isbat edə bilməz və bu barədə təhqiqat, aparmalıdırlar. Əlavə təhqiqat aparmadan öz dininə qənaət etsə (və haqqa çatmasa-red.) üzrü qəbul olmaz. Çünki yəhudiyyət və məsihiyyət özlərindən sonra gələcək və bu dinlərin hökmlərini qüvvədən salacaq bir şəriətin varlığını nəfy etmirlər. Həmçinin nə Musa (əleyhis-salam), nə də İsa (əleyhis-salam) məndən sonra peyğəmbər yoxdur deməyibdir.

Bəs yəhudilər və məsihilər öz dinlərindən sonra gələn şəriət barəsində (yəhudilərin məsihiyyət barəsində, hər ikisinin İslam barədə) təhqiqat aparmadan öz əqidə üsullarına xatircəm olmaları, öz dinlərinə istinad etmələri necə mümkün ola bilər? Əqlin hökmünə görə, onlardan hər biri öz dinlərindən sonra gələn din barədə təhqiqat aparıb, səhih olduğu təqdirdə onu qəbul etməli, əks halda isə öz dinlərində qalıb ona istinad etməlidirlər.

Amma müsəlmanlara gəldikdə isə (qeyd etdiyimiz kimi), onların İslama etiqad bəslədikdən sonra nə keçmiş dinlər, nə də iddia olunacaq hər hansı gələcək din barədə təhqiqat aparmaları vacib deyil. Çünki keçmiş dinləri İslam təsdiq edir, belədirsə, əlavə dəlil axtarmağın nə lüzumu vardır? Keçmiş din hökmlərində bunu bilmək lazımdır ki, onlar İslam şəriəti vasitəsilə nəsx olunub (qüvvədən salınıb), nəticədə onların hökm və kitablarına əməl etmək vacib deyildir.

İslamdan sonra iddia oluna biləcək dinlərə gəldikdə isə, Peyğəmbərimiz Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in buyuruğuna istinad etmək kifayətdir. O Həzrət buyurub ki:

Məndən sonra heç bir peyğəmbər yoxdur və o doğruçu, əmanətdar, etimad olunacaq şəxsdir.

(Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Həvayi-nəfs üzündən söz demir, dedikləri ona ilham olunan vəhydən başqa bir şey deyil.

Belədirsə, bir kəs O Həzrətdən sonra (yalandan) nübüvvət iddiası edərsə, onun sözünün səhih olub-olmamasına dəlil istənilməməlidir (və Peyğəmbərin buyuruğuna əsasən, yalançı olduğu məlum olar-red.).

Amma risalət sahibinin dövründən uzun zaman fasiləsindən, məzhəb və rəylərin ixtilaflı olmasından, müsəlmanların müxtəlif firqələrə, dəstələrə parçalanmasından sonra hər bir müsəlman şəxsə vacibdir ki, risalət sahibi Həzrət Mühəmməd (əleyhis-salam)-a nazil olan hökmləri dəqiq yetirməsinə yəqini olan yol ilə getsin. Çünki müsəlman şəxs şəriət hökmlərinin hamısını necə nazil olubsa o qaydada da əməl etməyə vəzifəlidir.

Amma belə bir məsələ qarşıya çıxır ki, müsəlmanların müxtəlif firqələrə ayrıldığı, tayfalara bölündüyü halda haradan bilmək olar ki, hal-hazırdakı hökmlər elə o vaxt nazil olanlardır? Onların arasında vahid formada qılınan namaz, yekdilliklə qəbul edilib əməl olunan ibadət yoxdur, heç bir rəftar və əməldə yeknəsəqlik gözə dəymir. Bu halda nə etməliyik? Hansı təriqət əsasında namaz qılmalıyıq? Nikah, təlaq, irs, al-ver, cəza tədbirlərinin icrası, diyə verilməsi və s. kimi ibadi və müamilə əməllərində hası formada əməl etməliyik?

Müsəlmanın bu kimi əməllərdə ata-babalarına təqlid etməsi caiz deyildir. Qohum-əqrəbanın, dost-tanışın dedikləri qarşısında da təslim olmaq düz deyil. Bu barədə özü ilə Allah arasında yəqinə çatmalıdır. Kiminsə təklifini qəbul, onun razılığını əldə etmək üçün, kiməsə yaltaqlanmaq, kiminsə göstərişinə görə, yaxud sırf təəssübə görə olmamalıdır.

Amma bununla belə, insan yəqin etməlidir ki, bu yollardan ən düzgününü, ən şərifini seçərək, Allahın ona vacib etdiyi əməlləri düzgün yerinə yetirməklə, əməllərinin öhdəsindən gəlmişdir. Həmçinin yəqin etməlidir ki, Allah onu, düzgün yolla getdiyi, hökmləri oradan əxz etdiyi üçün cəzalandırmayacaq. Allahın razılığını qazanmaq, itaət etmək yolunda onu ələ salıb məsxərə edənlərin sözü ona təsir etməməlidir.

Aya, insan belə güman edir ki o, özbaşına buraxılacaq?!

Yox, insan öz nəfsinə (başqalarından daha) agahdır!

Həqiqətən bunlar təzikərdir (xatırlatmaqdır); hər kəs istəsə Öz Rəbbinə doğru yol seçər.

İnsan üçün yaranan ilk sual budur ki, Peyğəmbər Əhli-beytinin getdiyi yolu seçsin, yoxsa onlardan qeyrilərinin yolunu? Əgər Əhli-beyt (əleyhimüssalam)-ın yolunu seçərsə, bu halda yenə sual yaranır ki, görəsən burada da səhih yol 12 İmam məzhəbinin yoludur, yoxsa yerdə qalan şiə məzhəblərinin yolu?

Əgər sünnülərin yolunu tutursa, sual yaranar ki, görəsən dördlük təşkil edən məzhəblərə təqlid etsin, yoxsa, artıq aradan getmiş məzhəblərə? Bu qayda ilə ixtiyarlı və azad fikirli insan öz özündə baş qaldıran suallara cavab axtarıb etimadlı haqq dayağa pənah aparır.

Məhz buna görə bizlərə vacibdir ki, bundan sonra İmamət, daha sonra isə 12 İmam məzhəbinin növbəti əqidəsi barədə bəhs edək.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment