Azəri
Wednesday 27th of March 2019
  621
  0
  0

Müqəddəs məkan: Məscid

Bismillahir-Rəhmanir-Rəhim

 

 

Tarixə nəzər saldıqda görürük ki, lap qədim zamanlardan bütün insanlar – istər təkallahçı olsun, istərsə də çoxallahlılar – özlərinin Allah kimi tanııdğı varlığı müqəddəs bilmiş və öz fitrətlərinə əsaslanaraq ona ibadət etmək üçün xüsusi məkanlar ayırmış, o məkanları müqəddəs saymış, oranı qarşılaşa biləcək hər bir təhlükədən qorumuşlar. Mütəal Allah da belə ibadətgahlar tikilməsinin əmrini vermiş, o məkanları möminlərin əli ilə qorumuşdur. Qurani-kərim bu barədə buyurur: \"Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində daim Allahın adı səslənən soməələr, kilsələr, məbədlər və məscidlər viran olardı\".(\"Həcc\" surəsi, ayə 40.) Mütəal Allah bu məkanları o qədər müqəddəs bilir ki, hətta onu qorumağı Allah dinini qorumaq kimi dəyərləndirir və belə şəxslərə özünün köməyini vəd edir. Belə ki, yuxarıdakı ayənin davamında buyurur: \"Allah Ona (dininə) yardım edənlərə şübhəsiz, yardım edər\". (\"Həcc\" surəsi, ayə 40.) Sonra isə davam edərək Özünün qüdrət və qüvvət sahibi olmasını möminlərə bir daha xatırlamaqla onların bu işdə (məscidi düşmənlərdən qorumaqda) qalib olacaqlarını çatdırır və buyurur: \"Həqiqətən, Allah yenilməz qüdrət və qüvvət sahibidir.\"(\"Həcc\" surəsi, ayə 40.) İslam tarixinə də baxdıqda görürük ki, Peyğəmbəri-əkrəm (s) müşriklərin əlindən nicat tapan kimi İslamın formalaşmasında atdığı ilk addım məscid tikməsi olmuşdur. Peyğəmbəri-əkrəm (s) də məscidi müqəddəs bir məkan bilərək oranı Allahın ən çox sevdiyi yer adlandırıb buyurur: \"Allah-taalaya ən sevimli məkanlar məscidlərdir\".(\"Səhihi-Müslim\", c. 1, səh. 461.) Peyğəmbər (s) və məsum imamlardan (ə) olan rəvayətlərdə məscid \"Allahın evləri\", \"göy əhlinə nur saçan\", \"peyğəmbərlərin məkanı\", \"şeytandan sığınacaq yeri\", \"hər bir möminin evi\", \"Allahın seçdiyi məkan\", \"cənnnət bağları\", \"rəhməti cəzb edən\", \"aman yerləri\", \"yeganə Allaha tapınmaq üçün məkan\", \"Allah yad olunan yer\", \"Allaha ibadət ocağı\", \"şərafət və kəramət üçün ucaldılmış bina\" kimi möhtərəm adlarla yad olunmuşdur. Hətta, həzrət Əlidən (ə) nəql olunan bir hədisdə məscid Allaha sevginin meyarı kimi gəlmişdir: \"Peyğəmbər (s) meracda olarkən, Allah ona belə xitab etdi: \"Ey Əhməd, məscidi özünə ev seçməyənin \"Allahı çox sevirəm!\"- sözü doğru deyil\".(\"İrşad əl-qülub\", səh.199, 205. \"Bihar əl-ənvar\", c. 7, səh.30.) Məscid tikmək Hədislərdə məscid tikmək ən savablı və Allah yanında ən sevimli əməl kimi qələmə verilmişdir. Belə ki, ən kiçik məscid tikənə belə cənnət vədəsi verilmiş, belə şəxs \"Allahın qonşusu\", \"Allah qəbiləsindən olan\", \"qəbir evində rahat\" kimi qiymətləndirilmişdir. Amma məscid Allah yanında olduqca müqəddəs olduğundan onun tikintisi və abadlaşdırılması üçün hər kəsə icazə verilməməişdir. Mütəal Allah bu işdə icazəli olan şəxsləri Özü bizə tanıdaraq buyurur: \"Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirib, namaz qılan, zəkat verən, Ondan başqa heç kimdən qorxmayanlar abad edərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!\"( \"Tövbə\" surəsi, ayə 18.) Bu ayədə məscid təmir edə biləcək şəxs üçün dörd mühüm sifət zikr olunmuşdur: 1. Allah və qiyamət gününə iman; 2. namaz qılmaq; 3. zəkat vermək; 4. Allahdan başqa heç kimdən qorxmamaq. Görəsən nə üçün Mütəal Allah bu sifətlərə sahib olmayanları məscid tikməyə laiyq bilmir və onların sərmayələrindən istifadə etməyə icazə vermir? Belə ki, başqa bir ayədə bunu qəti surətdə qadağan edir: \"Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz\".(\"Tövbə\" surəsi, ayə 17.) Cavab çox aydındır: 1. Belə şəxslərin Allah yanında dəyərləri olmadığı üçün Allah yanında ən dəyərli və müqəddəs bir məkan tikməyə layiq deyildirlər. Quran özü də bunu bir səbəb kimi gətirərək buyurur: \"Onların (müşriklərin) bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur\".(\"Tövbə\" surəsi, ayə 17.) Başqa sözlə desək, pak və münəzzəh Allah Öz evi adlandırdığı məscidlərin napak əllərlə tikilməsini istəmir. 2. Bu dörd sifətə malik olmayanların məscid tikməkdə məqsədləri nədir? Yəni həqiqətən də onlar möminləri sevir və məscid tikməklə onlara kömək etmək, əxlaq, elm, mədəniyyət, iqtisadi tərəqqi, vətənpərvərlik ruhunun yüksəlişi və mənəviyyatlarının dərinləşməsini istəyirlərmi? Sözsüz ki, bu ağıla sığmır və onların niyyətlərinin pak olmaması üzə çıxır. Əməllərin meyvəsi niyyətlərin güzgüsüdür. Belə şəxslərin abadlaşdırdığı məscid də tezliklə öz acı meyvələrini büruzə verəcək və ondan bəhrələnmək istəyənləri zəhərləyəcəkdir. Məscidin əsas hədəfi olan fəaliyyətlər aradan gedəcək. Ona görə də biz görürük ki, Mütəal Allah münafiqlərin tikdiyi məscidi \"Zərərli məscid\" adlandırır və Peyğəmbərə (s) orada namaz qılmamağı əmr edir. Peyğəmbər (s) də o məscidin dağıdılması və yandırılıb yerlə-yeksan edilməsi əmrini verir. Çünki məscidin əsas hədəflərindən biri müsəlmanların birliyi olduğu halda münafiqlərin tikdiyi məscid bunun əksinə idi. Müqəddəs bir işi görmək üçün müqəddəs hədəf və niyyət lazımdır. Məscid ibadət ocağı Məscid bir neçə cəhətdən müqəddəs və əhəmiyyətlidir. Qurani-kərim məscidə başlıca olaraq ibadət mərkəzi kimi yanaşmışdır: \"Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!\"( \"Cin\" surəsi, ayə 18.) Başqa bir ayədə yenə buyurulur: \"Allahın adı çoxlu zikr olunan məscidlər\".(\"Həcc\" surəsi, 40.) Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunan hədislərdə də məscid yenə bir ibadətgah kimi zikr olunur və burada ibadətin zəifləməsinə, camaatın ibadət üçün gəlməsinə mane ola biləcək, diqqəti ibadətdən yayındıran hər bir məsələ - qızılla bəzəmək, şəkil çəkmək, dünya söhbətləri etmək, camaatı narahat edə biləcək pis iyli xörəklər yeyərək məscidə getmək və s. – qadağan olunur. Peyğəmbər (s) buyurur: \"Dörd şey dünyada qəribdir: ... camaat arasında olan məscid ki, orada namaz qılmırlar...\".( \"Əl-xisal\", səh.175. \"Bihar əl-ənvar\", c. 7, səh. 222. \"Kənz əl-ümmal\", c. 11, səh. 193.) İmam Sadiq (ə) Peyğəmbərin (s) belə buyurmasını nəql edir: \"Məsciddə namazın intizarını çəkmək ibadətdir, bu şərtlə ki, xoşagəlməz iş görülməsin. Soruşdular : \"Xoşagəlməz iş nədir?\" Həzrət buyurdu: \"Qeybət\".(\"Üsul əl-kafi\", c. 2, səh. 357.) İmam Əli (ə) buyurur: \"Allahın yadı niyyəti ilə sübh azanından gün çıxana qədər məsciddə oturmaq, yerin hər tərəfinə ruzi ardınca getməkdən daha yaxşıdır\".(\"Qürər əl-hikəm\", h. 2127. \"Əl-xisal\", səh. 612.) Peyğəmbər (s) buyurur: \"Bilin ki, camaat namazı üçün məscidə yola düşənin hər bir addımına yetmiş min savab yazılar və o qədər də dərəcəsi artar\". (\"Əmali\", səh. 517. \"Bihar əl-ənvar\", c. 76, səh. 336.) İmam Sadiqdən (ə) olan bir hədisdə də yenə məscid bir ibadət ocağı kimi önə çəkilir: \"Məscidlərdə çox namaz qılıb dua edin, onun hər yerində namaza durun ki, qiyamət günü namaz qılınan hər bir məkan öz sahibinin xeyrinə şahidlik edəcək\".(\"Əmali\", səh. 440. \"Bihar əl-ənvar\", c. 83, səh. 384.) Məscid elm ocağı İslamın ilk günlərindən Peyğəmbər (s) məsciddən – hicrətdən qabaq Məscidul-həramdan, hicrətdən sonra Mədinədə öz məscidindən - bir elm mərkəzi kimi istifadə etmiş, orada Quranı, halal-haramı müsəlmanlara öyrətmiş, İslam dinini tanımayanlara məlumat vermiş və bu barədə bəhslər etmişdir. Peyğəmbər (s) buyurur: \"Yalnız faydalı bir şey öyrənmək, ya da elm öyrənmək üçün səhərlər məscidə gedənin mükafatı tam ümrə, bunu axşamlar edənin mükafatı isə tam həcdir\".(\"Bihar əl-ənvar\", c.1, səh. 185. \"Əl-müstədrək əla əl-səhiheyn\", c.1,səh. 169.) Başqa bir hədisdə buyurur: \"Məsciddə üç işdən başqa hər növ dayanmaq hədər və bihudədir: Namazdan sonra Quran oxumaq, Allahı yad etməyə və elmi bəhslərlə məşğul olmaq\". Peyğəmbərdən (ə) nəql olunan bir hədisdə də yenə oxuyuruq: \"Allahın hər hansı evində toplanaraq Quran oxuyan və onu bir-birinə öyrədənlərin ürəklərinə təskinlik nazil olar, Allahın rəhməti onlara kölgə salar və mələklər onları qucaqlayarlar. Allah-taala onları Öz peyğəmbərləri, mələkləri və ... ilə bir yad edər\".(\"Səhihi-Müslim\", c.4, səh. 2074. \"Sünəni əbi Davud\", c. 2. səh. 71.) Elm genişləndikdən və elm öyrənənlər həddindən artıq olduğundan bunların hamısına özündə yer vermək məscidin öhdəsindən xaric olduğu üçün yavaş-yavaş məsciddən ayrılmışdır. Amma hələ də İslam elmlərinin əksəriyyəti məsciddə öyrədilir. Məscid tərbiyə ocağı Sözsüz ki, məscid tərbiyə mərkəzidir və Peyğəmbər (s) öz səhabələrinin tərbiyəsi ilə məsciddə məşğul olmuşdur. Məscid insanın etiqadi və əxlaqi tərbiyəsi ilə məşğul olur. Bu mövzuda bəhs çoxlu şaxələrə ayrıldığından bu barədə və bunun kimi bir neçə mövzuda növbəti məqalələrdə ayrıca bəhs edəcəyik. Məscid müqəddəs və toxunulmazdır Yuxarıda işarə etdiyimiz ayə və hədislərdən məlum oldu ki, məscid o qədər müqəddəsdir ki, Mütəal Allah onu Öz evi adlandırmışdır. Heç bir müqəddəs məkanın bundan artıq qiyməti ola bilməz. Ona görə də məscidə hörmət etmək vacib olmuş, ona qarşı hər bir hörmətsizlik qadağan olunmuşdur. Hətta, imam Sadiqdən (ə) nəql olunan bir hədisdə məscidi sevməyən şəxs təkidlə lənətlənmişdir. Əgər məscidə qarşı sevgisi olmayan bir şəxs İslam hədislərində məlun adlanırsa, onda ona hörmətsizlik edənin, uşurub, xarab edənin halı necə olar?! Məscidin bir kiçik daşının (ya əşyasının) oradan götürülüb aparılması haram olduğu, onun malının köhnəlikdən heç bir işə yaramayaraq dəyərdən düşdüyü halda belə yenə yalnız məscidə sərf olunması əmr olunduğu bir vaxtda onun özünü xarab edənə nə ad vermək olar?! Mütəal Allah belələrini ən zalım şəxslər adlandırmışdır: \"Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!\"( \"Bəqərə\" surəsi, ayə 114.) Bundan başqa cür də ola bilməz. Çünki yalnız Allah yad olunan, Ona səcdə edilən, İslam elmlərini, halal-haramı, haqqı, ədaləti, düzgünlüyü öyrədən, müsəlmanları birliyə səsləyən, milli adət-ənənələrin, abır-həyanın qorunmasına çağıran, vətəni, namus və qeyrəti qorumağa təkid edən bir mərkəzi uçurub viran edənlərdən zalım şəxs kim ola bilər? Məscidi uçurmaq həqiqətdə xalqa xəyanətdir. Ən azı ona görə ki, hal-hazırda dünyanın hər tərəfində televizviya, radio, internet, peyk antenaları, qəzet, jurnal şeytanın qoşunu kimi fəaliyyət göstərərək, bütün dünyanı fitnə-fəsada çəkdiyi, bütün əxlaqi və insani dəyərləri aradan apardığı bir vaxtda onun qarşısında dayanaraq insani keyfiyyətlərin qorunmasına xidmət edən məkanı uçururlar. Quran Bəni-İsrail qövmünün başına gələnlərdən söhbət açarkən buyurur: \"(Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verən, oğlan uşaqlarınızın başını kəsən, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ saxlayan fironçulardan nicat verdik.\"( \"Bəqərə\" surəsi, ayə 49.) Bəzi təfsirçilərin dediyinə görə ayədə \"oğlan uşaqlarınızın başını kəsən, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ saxlayan \" kəlamının mənası budur ki, hökumət başında olan fironçular müxtəlif üsullarla Bəni-İsrail oğlanlarının qeyrətini öldürürdülər. Qeyrəti öldürülmüş şəxs isə düşmən qarşısında ölüdən də hərəkətsiz olur. Çünki daha onun üçün namusunun hara getdiyinin, malının kimin tərəfindən aparılmasının, torpağının kimin tərəfindən işğal olunmasının, ona ağalıq edənin kim olmasının əhəmiyyəti yoxdur. Hal-hazırda da xalqın qeyrətinin öldürülməsinə və bununla da onun varına sahib olmağa çalışılan bir vaxtda xalqa kömək etmək üçün məscidləri abad edərək, xalqı ora gəlməyə təşviq etmək əvəzinə onu uçurmaqla düşmənə kömək edən şəxs xalqa xəyanət etmirmi? Bundan daha artıq zülm ola bilərmi? Amma belə şəxslər yaddan çıxarıblar ki, Mütəal Allah buyurur: \"Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində daim Allahın adı səslənən soməələr, kilsələr, məbədlər və məscidlər viran olardı\".(\"Həcc\" surəsi, ayə 40.) Bəs Allah Özü möminlərin dayağıdır və onların vasitəsilə Öz evləri adlandırdığı məscidləri qoruyacaq. Yenilməz qüdrət və qüvvət sahibi olan Allah qarşısında heç kəs dayana bilməz. Çoxları nadanlıq üzündən Allahla müharibəyə qalxdı, amma rusvaylıqla məhv oldular. Nəmrud ağcaqanadla, Firon qoşunu ilə birlikdə bir anda suda qərq olmaqla, Əbrəhə xırda daş atan kiçik quşların vasitəsilə! Bunlar yaddan çıxarıblar ki, \"Allah möminlərin başçısıdır\".(\"Bəqərə\" surəsi, ayə 257.) Ona görə də bu məqalədən istifadə edərək belə şəxsləri qəflətdən ayılmağa, Allaha tərəf qayıtmağa dəvət edir, Allah evi olan müqəddəs məscidləri uçurub, xalqa zülm və xəyanət etməkdən çəkinməyə çağırıram.

 

 


source : www.abna.ir
  621
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment