Azəri
Tuesday 19th of March 2019
  593
  0
  0

ƏHLİ-HƏDİS (3)


ƏQİDƏLƏR (2)


1. Xəbəri sifətlər nədir?
2. Xəbəri sifətlər barəsindəki nəzərlər hansılardır?
3. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?


2. ƏHLİ-HƏDİSİN İNANCLARINDA XƏBƏRİ SİFƏTLƏR
Dördüncü dərsdə qısa şəkildə qeyd etdik ki, kəlam alimlərinin arasında ilahi sifətlər barədə çox güclü fikir ayrılığı yaranmışdı.
Onlar ümumi halda sifətləri iki qismə bölmüşlər:
1. Zati sifətlər;
2. Xəbəri sifətlər.
Zati sifətlər dedikdə, Allah-taalanın elm, qüdrət, həyat, eşitmək, görmək və s. kamal sifətləri nəzərdə tutulur. Xəbəri sifətlər dedikdə isə, Qur᾿an ayələri və rəvayətlərin zahirinin dəlalət etdiyi üz, əl, ayaq, qərar tutmaq və s. sifətlər haqda danışılır. Qeyd etmişdik ki, bu kimi sifətlər Qur᾿anda və rəvayətlərdə gətirildiyindən, onlara xəbəri sifətlər deyilir.
Bu bölgüdən sonra Allahın sifətlərinin zata necə bağlı olması, sifətlərin zata artırılması, yoxsa onunla eyniyyət təşkil etməsi ilə əlaqədar ixtilaf yaranmışdı. Daha çox münaqişə və mübahisələrə səbəb olan digər bir ixtilaf isə, xəbəri sifətlərin necə cilvələndirilməsi ilə əlaqədardır. Bu barədə dörd müxtəlif təfsir və izah yaranmışdır ki, onlardan biri əhli-hədisə və əş᾿ərilərə məxsusdur.
Bu dərsdə həmin üç məzhəbi tanıtdırmaqla yanaşı, əhli-hədisin də bu barədə qəbul etdiyi mövqeyi aydınlaşdıracağıq.
XƏBƏRİ SİFƏTLƏRLƏ ƏLAQƏDAR DÖRD MƏZHƏBİN MÖVQEYİ
1. Müşəbbihə məzhəbi: Bu məzhəb xəbəri sifətləri Allahın zatı üçün qəbul etmiş və onlar üçün müəyyən xüsusiyyətin olduğuna da inanmışlar. Bu məzhəbdə xəbəri sifətlər insani sifətlərə təşbih edilmiş və belə təsəvvür yaradılmışdır ki, Allah-taala da insan kimi iki gözə, iki ələ, iki ayağa malikdir. Şəhristaninin nəql etdiyinə görə, bunlar hətta Allahla əl verib görüşməyin mümkünlüyünü də qəbul etmişlər. Onların fikrincə, xalis müsəlmanlar əgər ruhi məşğələlər vasitəsilə imanın yüksək dərəcələrinə nail olsalar, həm dünyada, həm də axirətdə Allah-taala ilə qol-boyun olub görüşə bilərlər. Onlar təkcə axirətdə deyil, Hətta dünyada da Allahın görünməsini mümkün hesab etmişlər.
Bu məzhəbin ardıcılları Qur᾿anda Allah haqqında işlənən tə᾿birlərin hamısını, o cümlədən istiva, üz, əl, gəlmək, üstünlük və sairəni heç bir təfsir və yozum olmadan zahiri mə᾿nalarda izah etmiş və onlara e᾿tiqad bəsləmişlər.
Onların iddiasına görə, Peyğəmbəri-Əkrəmdən (s) rəvayət olunan çoxlu hədislərdə də Allah üçün zahiri və batini bədən üzvləri nəzərdə tutulmuşdur
2. Mö᾿təzilə məzhəbi: Bu məzhəbin ardıcılları xəbəri sifətlər barəsində tə᾿vil və yozuma inanaraq deyirlər ki, xəbəri sifətlərin hər birini, ondan əldə olunan mə᾿nalarla təfsir etmək lazımdır və bu kəlmələrin təkcə zahiri mə᾿naları ilə kifayətlənmək olmaz. Misal üçün, «Allah-taalanın ərşdə qərar tutması» ifadəsini qüdrətin aşkar edilməsi və hakim kəsilmə mə᾿nasına, yaxud «Allahın əlləri» ifadəsini qüdrət və ne᾿mət mə᾿nasına yozmaq lazımdır.
3. Əş᾿ərilərin bir qrupu inanırlar ki, ayə və rəvayətlərdə Allahın vəsf edildiyi bütün ifadə və sifətlərə, onların mə᾿nasında təfəkkür etmədən, təfsirə yol vermədən inanıb qəbul etməli və bunların həqiqi mə᾿nalarını Allahın özünə həvalə etməliyik. Buna görə də bu qrupa «müfəvvizə» (həvalə edən) deyilir.
4. Əhli-hədis və əş᾿əri məzhəbinin ardıcılları Allah-taala barəsində xəbəri sifətlərə inanır, o sifətlər üçün heç bir xüsusiyyət olmadığını deyir və Allahı insani sifətlərə təşbih etmirlər. Onlar həmin sifətləri zahiri mə᾿nalara yozur və başqa mə᾿nalar haqda düşünməkdən çəkinirlər.
Əhməd inbi Hənbəl «Əs-sünnə» kitabında deyir: «Allah eşidəndir və şəkk etmir; görəndir, tərəddüd etmir; alimdir, cahil deyil; bağışlayandır, paxıl deyil; helimlidir, tələsməz; hifz edəndir, unutmaz; ayıqdır, xəta etməz; yaxındır, qafil olmaz; danışar, eşidər, görər, baxar, gülər, şad olar, sevər, ikrah və nifrət edər, razı olar, qəzəb edər, rəhm edər, bağışlayar, əta edər, məhrum edər, hər gecə istədiyi şəkildə dünya asimanına nazil olar. Bəndələrin qəlbləri Allahın iki barmağının arasındadır ki, hər şəkildə istəsə, onları tutar, hər nəyi istəsə onda (qəlblərdə) yerləşdirər.
Allah-taala Adəmi Öz əli ilə xəlq etdi. Asimanlar və yer qiyamətdə Allahın əlinin içində olacaqdır. O, qiyamət günü bir dəstəni Öz əli ilə cəhənnəmdən çıxaracaq, öz gözü ilə behişt əhlinə baxacaq, onlar da Allahı görəcəkdir. Allah mərhəmət əlaməti olaraq, onlarda təcəlli edəcək (cilvələnəcək). Öz ne᾿mətlərindən onlara verəcək. Cəza günü olan qiyamətdə bəndələr Allaha təqdim olunacaq, Allah onların hesabı ilə şəxsən özü maraqlanacaq və onu heç bir şəxsə həvalə etməyəcəkdir.»
İbni Hənbəl daha sonra bir neçə rəvayəti nəql edir ki, onlarda Allah-taala üçün zahiri bədən üzvləri, o cümlədən əl, bilək, sinə, ayaq, barmaq, göz və s. üzvlər, eləcə də müəyyən fe᾿llər, o cümlədən səs, kəlam, gülüş və s. qeyd edilmişdir.
Əbul Həsən Əş᾿əri də həmin sifətlərin Allaha aid olduğunu deyir, onların başqa mə᾿nalara yozulmasından çəkinir və inanır ki, Allah-taala bu sifətlərə, heç bir xüsusiyyət və təşbih olmadan malikdir. O, xəbəri sifətlərin xüsusiyyətsiz olduğuna tə᾿kid edir. Halbuki, ibni Hənbəl yalnız «Leysə kəmislihi şəy᾿un» ayəsini misal çəkməklə kifayətlənir. Əş᾿əri «Əl-İbanə» kitabında belə deyir:
«Həqiqətən Allah-taala Öz ərşində qərar tutmuşdur. Necə ki, Qur`an özü buyurmuşdur: «Ərrəhmanu ələl ərşistəva»; Həqiqətən Allahın üzü vardır, amma xüsusiyyətsizdir. Necə ki, Qur`an özü buyurmuşdur: «Və yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram»; Həmçinin iki əli də vardır, amma xüsusiyyətsizdir. Necə ki Qur`an özü buyurmuşdur: «Xələqtu biyədəyyə»; Həmçinin buyurmuşdur: «Bəl yədahu məbsutətani»; Allahın xüsusiyyətə malik olmayan gözləri vardır. Necə ki, Qur`an özü buyurmuşdur: «Təcri bi ə`yunina».
O, həmin kitabın başqa bir yerində belə deyir:
Əgər «istiva barəsində fikriniz nədir?» - deyə soruşsalar, Özünün buyurduğu kimi, «Allah-taala Öz ərşində qərar tutmuşdur» deyərəm. Bu yerləşmə və «qərar tutma» Ona layiq olan tərzdədir və adi şəkildə başa düşülən istivadan tam fərqlənir - deyə cavab verərik.»
O, başqa bir yerdə deyir: «Allah-taala buyurmuşdur: «Kullu şəy`in halikun illa vəchəh». Həmçinin buyurmuşdur «Və yəbqa vəchu rəbbikə zülcəlali vəl ikram». Bu iki ayədə Allah-taala öz üzündən xəbər verir. Belə ki, Onun üzü fani, zavala uğrayan deyil, həlak olmazdır. «Təcri bi ə᾿yunina», «vəsnəil-fulkə» kimi ayələrdə Öz üzündən və gözündən xəbər verir. Belə ki, o, müəyyən xüsusiyyətə və həddə malik deyildir.»
TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
Aydındır ki, əhli-hədis və əş᾿ərilər təcəssüm (Allahı cism bilmək) və təşbih (Allahı cismə oxşatmaq) kimi yanlış fikirlərə düşməmək üçün, eləcə də Allah-taalanı məxluqatın sifətlərindən pak və münəzzəh bilmək üçün bu yolu tutmuşlar. Onlar Allahın sifətləri haqda mövcud olan ayə və rəvayətlərin hər birinə imanlı olmaq, tə᾿vil və təfvizə düçar olmamaq üçün belə bir mövqe seçiblər.
Şübhəsiz, hər bir mö᾿min şəxs Allahın Özünü vəsf etdiyi şeylərə imanlı olmalıdır. Bundan əlavə, Allah kəlamını onun zahirindən başa düşülən başqa bir mə᾿naya yozmaq və aşkar nəssin (Qur᾿an və ya rəvayətin) əsasında olmayan yozumlara əl atmaq olmaz.
Bu zaman bir tərəfdən təşbih və təcsimdən pəhriz etmək, digər tərəfdən isə əsaslı olmayan bir yozumdan qaçmaq üçün mö᾿tədil və orta bir mövqe seçmək lazımdır. Amma əhli-hədis və əş᾿ərilərin tutduğu yol bu hədəfi tə᾿min etmir. Çünki, «xüsusiyyətsiz» sözünün ümumi bir söz olmasından və ondan aydın bir mə᾿na başa düşülməməsindən əlavə, əsas e᾿tibarilə xüsusiyyət və necə olmaq əl, göz və s. sözlərin mə᾿na təzahürdür. Belə ki, bu sözlərdən xüsusiyyət götürüldükdə, onların həqiqəti aradan gedir. Misal üçün, «Allah-taala hər gecə dünya asimanına nazil olur, amma bu nazilolma xüsusiyyətsizdir» - deyilsə, nazilolmanın mə᾿nasını zehinlərə çatdırmaq olmaz. Çünki nazilolma məsələsində əsas ünsür hərəkətdir. Xüsusilə, dünya səması maddi bir varlıqdır və ondakı nazilolma və hərəkət də maddi olmalıdır.
Digər irad isə xəbəri sifətlərin varid olduğu rəvayətlərlə əlaqədardır.
Tədqiqatçıların e᾿tiqadına görə, bu rəvayətlərin əksəriyyəti sənəd baxımından mö᾿təbər deyildir. Buna görə də yalnız Qur᾿an ayələrində və səhih hədislərdə gələn sifətlərlə kifayətlənməli, onların izah və yozumunda da digər səhih hədislərə istinad edilməlidir.
Bu mövzu ilə əlaqədar digər bir irad da bundan ibarətdir ki, kəlmənin zahiri mə᾿nasını əxz etmək iki cür ola bilər:
Hərfi zahir və cümlə ilə əlaqədar olan zahir. Yə᾿ni, hər hansı bir sözə cümlə tərkibində deyil, təklikdə diqqət yetirildikdə, onun leksik və xüsusi mə᾿nası nəzərdə tutulur. Həmin sözə cümlə tərkibində baxıldıqda, mümkündür ki, o, öz həqiqi mə᾿nasında deyil, məcazi mə᾿nada işlədilmiş olsun. Məsələn, «əl» kəlməsi təklikdə işlənəndə, onun bədən üzvü olması başa düşülür, amma cümlə tərkibində işləndikdə, onun məcazi mə᾿nalarından biri olan güc və qüdrət mə᾿nasını çatdırması da mümkündür. Belə ki, «Sad» surəsinin 17-ci ayəsində bu söz məhz həmin mə᾿nada işlənmişdir. Aydındır ki, bu ayə «Bizim bəndəmiz olan Davudun əlləri vardır», yə᾿ni «onun bədənində «əl» adlı xüsusi bir üzv vardır» mə᾿nasını çatdırmaq istəmir. Çünki ələ malik olmaq təkcə Davud əleyhissəlama məxsus deyildir.
Omonim sözlər haqda verilən izahlara diqqət yetirməklə, deyilişi və yazılışı eyni olub, müxtəlif mə᾿nalar verən sözlərin işlənmə qaydalarını xatırlamaq bu mübahisələrin həll olunmasında kifayət edər.
Bu fikir həqiqətdə xəbəri sifətlər barədə söylənən beşinci nəzərdir ki, onun əsasında sifətlərin zahiri mə᾿nalarını götürüb, onları tə᾿vil etməkdən çəkinirlər. Amma burada sifətin «hərfi zahir» (leksik mə᾿nası) mə᾿nasına deyil, cümlənin zahiri mə᾿nasına diqqət yetirilir.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Xəbəri sifətlərin tə᾿rifini deyin.
2. Müşəbbihə məzhəbinin xəbəri sifətlər barəsindəki nəzəri nədir?
3. Mö᾿təzilə firqəsinin xəbəri sifətlərlə əlaqədar nəzərləri nədən ibartdir?
4. Kimlərə müfəvvizə deyilir? Nə üçün?
5. Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzərləri nədir?
6. Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdükləri nəzəriyyəyə tutulan iradları izah edin.

  593
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...
      ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? Ayəsinin təfsiri ...

 
user comment