Azəri
Tuesday 26th of March 2019
  580
  0
  0

Quran məfhumları silsiləsindən

 

 

Qurbanlıq

   Allah-taala İbrahimi (ə) çox böyük və bənzərsiz imtahanla qarşılaşdırdı. Belə ki, Quran bu imtahan haqqında buyurur: “Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi”(“Saffat”, 106). Hansı ki, İbrahim (ə) və övladının Allah fərmanına tam mənada təslim olduğunu aşkara çıxartı. Allah ömrünün ixtiyar çağında ona İsmail və İshaq adlı iki oğul nəsib etdi. Həzrət İbrahim (ə) bu haqda deyir: “İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!” (“İbrahim”, 39). İsmail işləyə biləcək yaşa çatdıqda bu imtahan baş verdi. Yaxşısı budur bunları vəhy dilindən eşidək: (İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!” (“Saffat”, 99 -109).

Burada üç məqama diqqət yetirmək zəruridir:

1. “Biz ona böyük bir qurbanlıq əvəz verdik” (“Saffat”, 107)  ayəsində böyük qurbanlıqda məqsəd İsmailin qurban verilməsinin əvəzidir. Yəqin ki, burada böyük və hər il keçirilən qurban bayramı nəzərdə tutulur. Çünki Həcc mövsümünün qurbanlıq mərasimində məqsəd İbrahimin (ə) fədakarlığının xatirəsnini yaşatmaqdır. Şeyx Səduqun “Xisal” və “Uyuni əxbar ər-Rza” kitablarında İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə deyilir: “Minada qiyamər gününədək kəsilən bütün qurbanlar İsmailin (ə) fidyəsidir. (“Bihar əl-Ənvar”, c. 12, səh. 123). “Uyuni əxbar ər-Rza (ə) kitabında əlavə olunur ki, Həcc mövsümündən qeyri vaxtlarda kəsilən qurbanlar da İsmailin (ə) fidyəsidir.

2. Rəvayətlərdə deyilir ki, İbrahim (ə) o gün bir qoç kəsdi. Fikrimcə, bu o həzrətin əli ilə böyük qurbanlığın başlancığı idi. Yəni Allah İsmaili (ə) böyük və davamlı həcc qurbanlığı ilə əvəz etdi.

Bəzilərinə görə, böyük qurbanlıqda məqsəd İmam Hüseyn (ə) və fədailərinin şəhadətidir. Onlar bu fikri rəvayətlərlə əsaslandırırlar. Biz bu məzmunda rəvayət tapa bilmədik. Hədislərdə sadəcə İmam Hüseynin (ə) şəhid olacağı Allah tərəfindən İbrahimə (ə) bildirildi və o həzrət hüznləndi, –deyə bildirilir. Bu zaman Allah buyurdu: “Bu kədərinin savabı İsmaili (ə) qurban kəsib, Allah yolunda kədərlənib savab qazanmaq istədiyin kədərin savabı qədərdir”. Bu, yuxarıda qeyd olunan ehtimalla tam fərqlidir. Burada İmam Hüseyn (ə) və fədailərinin şəhid olması İsmailin (ə) əvəzi idi.

3. Burada (bəzilərinin geniş söhbət açdığı kimi) göstərişin, əmrin qüvvədən düşməsindən danışmağa, yəni öncə İbrahimə (ə) İsmailin (ə) başını kəsmək əmr olunmuşdu, sonra isə qüvvədən düşdü şəklində izah etməyə lüzum yoxdur. Çünki diqqət yetirdikdə əmrin qüvvədən düşmədiyini, ləğv olunmadığını görürük. İbrahim (ə) yuxuda gördüyünü eynilə həyata keçirdi. O, oğluna: “Mən yuxuda gördüm ki, sənin başını kəsirəm”, - dedi. “Gördüm ki, Sənin başını kəsdim” demədi. Başqa sözlə, həzrət (ə) yuxuda işin bitmiş tam halını görməmişdi. “أَرَى أَذْبَحُكَ” və  “أَرَى ذبَحتكَ” ifadələri arasında fərq var.  O, yuxuda gördüyünə əməl etdi və işini sona yetirəcəyini güman edirdi. Lakin açıq-aşkar vəhy bu gümanı aradan apardı. Bu qurbanlıq Tövratda da (“Yaradılış” kitabı, 22-ci fəsil) nəql olunmuşdur.

 

Kəbənİn İnşası

 

Kəbə Allahın evi olmaqla yanaşı camaatın da evidir və camaat üçündür. “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (“Ali-İmran”, 96). Ayələrə diqqət yetirdikdə aydın olur ki, Kəbə həzrət İbrahimdən (ə) öncə inşa edilmişdir. O həzrət (ə) dağıldıqdan sonra onu bərpa etdi. Arvadını və oğlunu abadlıqdan əsər-əlamət qalmayan çöllükdə məskunlaşdırdı. Get-gedə abadlaşdı və insanlar oraya toplaşdılar. Həzrət İbrahimin (ə) Kəbəni inşa etməkdə öz ailəsini oraya yerləşdirməkdə Allahın razlığından başqa məqsəd güdmürdü. Bu hadisələr “Bəqərə”, “İbrahim” və “Həcc” surələrində geniş verilmişdir (“Kəbə” sözünü izah edərkən ətraflı söhbət açacağıq).

Həccin hazırkı əməl və ayinləri həzrət İbrahimin (ə) əhkamıdır ki, səmavi vəhy vasitəsi ilə onun övladı həzrət Məhəmməd ibn Abdullaha (s) göndərilmişdir.

Quranda İbrahimlə (ə) bağlı başqa hadisələrdən də xəbər verilmişdir. Bunlardan biri dörd quşun Allahın əmri ilə hərzrətin məada əminliyi artması üçün dirilməsidir. Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (“Bəqərə”, 260)

“Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” ibarəsindən aydın olur ki, İbrahimin (ə) məqsədi hansı şəkildə diriltmək idi. Misal üçün, kimsə sizdən Bağdad şəhərinin necə şəhər olduğunu soruşduqda onun üçün şəhəri təsvir edirsiniz. Soruşan əslində Bağdad adlı şəhərin mövcudluğundan əmindir. Lakin onu gözü ilə görmək, marağını öldürmək istəyir.

“Səhihi-Müslimdə” (c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: “Biz şəkk etməyə İbrahimdən (ə) daha haqlıyıq. O, Allaha: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi (“Bəqərə” 260).

Maraqlıdır, Allah İbrahimin (ə) imanlı olduğuna şahidlik edir, Əbu Hüreyrə isə onun axirətə şübhə ilə yanaşdığını söyləyir və bunu Peyğəmbərə (s) isnad edərək deyir: “O (Peyğəmbər), şəkk etməyə ondan (İbrahimdən) daha haqlı idi”.

Əbu Hüreyrənin sözü İslam ölçüləri və “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər” (“Bəqərə”, 285) ayəsi ilə necə uyuşur? Peyğəmbər (s) axirət mövzusunda şəkk-şübhədə idimi?

Tövratın “Yaradılış” kitabında (fəsil 17, ayə 24) deyilir: “ İbrahim (ə) özünü doxsan yaşında sünnət etdi”.

“Səhih Müslim”də ( c. 2, İbrahimin (ə) fəzilətləri fəsli) və “Səhihi-Buxari”də (c. 4, “Nisa”, 125 ayəsi fəsli) Əbu Hüreyrənin Peyğəmbərə (s) isnad etdiyi hədisdə deyilir: “İbrahim (ə) həştad yaşında (özünü) sünnət etdi. Çox güman ki, Əbu Hüreyrə bu məlumatı Kəb əl-Əhbardan almış və Peyğəmbərə (s) aid etmişdir.

Əgər “Ənam” surəsinin 84-85-ci ayələrinə diqqət yetirsək görərik ki, Həzrət İbrahimin (ə) qövmü ilə bütlər haqqında söhbətləri, ulduzlara, Aya, Günəşə baxıb “Bu mənim rəbbim”dir deməsi və sonra bunun yanlış olduğunu bildirməsi hamısı onun vətənidə, Babilistandan çıxmazdan öncə baş vermişdir. Bu, “Tarixi-Yəqubi”, “Tarixi-Kamil”, “Məcmə əl-bəyan” və “Muruc əz-zəhəb”də də qeyd olunmuşdur.

Hörmətli alim Sədr Bəlaği və Məhəmməd Əhməd Cad əl-Mövlanın “Quran qissələri” kitabında bu söhbətin Hərran şəhərində oranın ulduzpərəstləri ilə olması qeyd olunmuşdur. (Güya) o həzrət öz şəhərindən çıxmış, Hərrana gəlmişdir. Bu məlumatın haradan götürüldüyü bəlli deyil və Quranın verdiyi məlumatlarla ziddiyyət təşkil edir.

 Mr. Haks “Qamuse-kitabe-Müqəddəs” (səh. 4) kitabında yazır: “İbrahim (ə) yəhudi tayfasının, Bəni-İsmail və digər tayfaların banisi, yaradıcısı, böyük başçısıdır.

Qeyd etməliyik ki, yəhudilər haqq olduqlarını  göstərmək üçün “İbrahim (ə) bizdən idi, yəhudi idi”, - deyirlər. Xristianlar isə deyirlər: “İncilin gəlməsi ilə din xristianlara qayıtdığı üçün İbrahim (ə) xristiandır və bizdəndir”. Lakin hər iki iddia yanlışdır. Çünki Yəhudilik və xristianlıq Tövrat və İncil nazil olduqdan sonra meydana gəlmişdir. İbrahim (ə) isə onların hər ikisindən öncə yaşamışdır. Quranda bu haqda oxuyuruq: Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz! İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi (“Ali-İmran”, 65-67). Sözügedən kitabın müəllifi yəhudiliyin yaranmasını İbrahimə (ə) nisbət verməkdə yanılmışdır.

Burada İbrahim (ə) haqqında deyilənlər hamısı Qurandan iqtibas edilmişdir. Peyğəmbərlərin (ə) həyatının Quranla araşdırılmasında israrlıyıq.

Fikrimizcə, müsəlmanlar Peyğəmbəri (s) tanımaqda diqqətli olmalı saxta hədislərə (İsrailiyyat)  yox, tam əminliklə qəbul olunan hədislərə müraciət etməlidirlər. Quranda İbrahimlə (ə) bağlı digər nadir hadisələr də nəql olunmuşdur. Son olaraq bildirmək istəyirik ki, Tövrat və Əbu Hüreyrələrin peyğəmbərlər (ə) haqqında söylədiklərinin Quran və düzgün hədislərlə üst-üstə düşmədiyi təqdirdə heç bir elmi etibarı yoxdur.

 

  580
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment