Azəri
Wednesday 27th of March 2019
  658
  0
  0

25 illik vəhdət sükutunun bəhrələri

25 illik vəhdət sükutunun bəhrələri

 

Məzhəblər arası yaxınlığın təmin olunması isitqamətində keçirilən hər bir tədbir, yazılan hər bir kitab təqdirəlayiqdir və uca olan Allahın razılığına səbəb olar. Çünki vəhdət kiminsə irəli sürdüyü təklif yox, aləmlərin Rəbbinin müsəlmanlardan istəyi və göstərişidir. Məzhəblərarası vəhdətin zərurəti ünvani sanəvi, yəni ikinci dərəcəli hökmdən qaynaqlanmayıb, hökmü əvvəl, yəni birinci dərəcəli hökm olaraq Quranın bizə vacib etdiyi mükəlləfiyyətlərdəndir.
Belə konfranslarda vəhdət ilə əlaqədar səslənən fikirlər müsəlmanların əməllərində də öz əksini tapmalıdır.Yəni sözlərdəki vəhdət əməldə təzahür etməlidir. Belə olduqda vəhdət günəşi parıldayar və Muhəmməd ümmətinin ixtilaf adlı yarası sağalar.
Biz vəhdət ilə əlaqədar məsələləri köklü olaraq araşdır¬ma¬lı¬¬yıq. Yəni tarixdə baş vermiş ixtilaflar müqabilində Əhli-Beyt imamlarının rəftarı və münasibətləri tədqiq olunmalıdır. Bu gün məhz həmin istiqamətdə çıxış edəcəyik. Bütünlükdə Əhli-Beyt imamlarının vəhdətə münasibətinə yox, təkcə Əli (ə)-ın həyat tərzindəki bu haqda əməli vəhdət təzahürlərinə müraciət etməklə kifayətlənəcəyik.
Həzrət Əli(ə)-ın həyatı, digər məzhəb nümayəndələrinə qarşı müsbət mövqe tutmağı bizlər üçün bəs edir. Bizdən tələb olunan şey isə onun həyatını dərindən öyrənmək və bu örnək həyata müvafiq olan bir həyat tərzi qurmaqdır.
Bu gün biz Həzrət Əli (ə)-ın 63 illik mübarək həyatının 25 illik vəhdət sükutunun əhatə olunduğu illəri təhlil etməyə çalışacağıq. Həzrət Əlinin həmin illərdə baş verən ixtilafların həlli istiqamətindəki mövqeyi və rolu araşdırılacaq, onun digər xəlifələrə göstərdiyi münasibətlər təhlil ediləcəkdir.
Bəzən kitablardan Həzrət Əli (ə)-ın 25 illik sükutunu oxuduqda belə təsəvvür edirik ki, sanki o, bu illər ərzində heç nə danışmayıb və heç bir iş görməyib. Bu, köklü surətdə yanlış təsəvvürdür. Bu təsəvvürün yanlışlığı apardığımız təhlilin nəticəsində aydın olacaqdır.
Xilafətdən kənarlaşdırılan Həzrət Əli (ə) haqqının tapda¬lan¬masına baxmayaraq, ümumi İslamın mənafeyi və müsəl¬man¬ların vəhdəti üçün 25 il səbr edərək digər xəlifələrlə birlik¬də fəaliyyət göstərmişdir. Əli (ə)-ın fəaliyyəti ümumi İslamın tərəqqisinə xidmət edirdi, insanlığın zülmətlərdən ayrılıb nura doğru isitqamətlənməsinə kömək göstərirdi. İslam mütəfəkkiri Əllamə Fəzlullah Həzrət Əli (ə)-ın vəhdət öndəri olması haqqında buyurur: “İmam Əli (ə) İslami vəhdətin rəhbəridir və bizə ümumi yol göstərib. “Müsəlmanların işlərini sala¬mat edən şeyə tabe ol” (deyə buyurardı). O (ə), bütün mü¬səl¬manlar üçün məşvərət mərkəzidir. İmamlar öz şiələrinə (tərəfdarlarına) əmr edirdilər ki, bütün müsəl¬man¬larla gözəl münasibətdə olsunlar”.
Həzrət Əli (ə) Mədinədə oturaq bir həyat tərzi sür¬mə¬miş¬dir. Əslində bu şəhər İslami müraciət obyekti və İslamın dünyaya yayılma nöqtəsi olmuşdur. Demək olar ki, bu şəhər (Mədinə) müsəlmanların qütbü idi. Ustad Qəzvini buyurur: “Şəriət məsələlərinin həll edilməsi, xalqın problemləri¬nin çözülməsi və cəmiyyətdə İslam prinsip¬lərinin qorunub saxlanması üçün Həzrət Əli (ə) Mədinədə fəaliy¬yət göstə¬rir¬di”.
Ayətullah Cəfər Sübhani, İmam Əli (ə)-ın bu dövrdəki fəaliyyətlərini aşağıdakı şəkildə xülasələndirir:
“1. Allaha ibadət; özü də Əli (ə) kimi bir şəxsə layiq olan ibadət. Hətta İmam Səccad (ə) özünün heyrətləndirici ibadət və təhəccüdünü öz əziz cəddinin ibadətləri qarşısında çox az sayırdı.
2. Quran təfsiri, ayələrdəki müşkülləri həll etmək, ibn Abbas kimi şagirdlər tərbiyə etmək (O, Əli (ə)-dan sonra ən böyük müfəssir sayılır).
3. Başqa millətlərin və məzhəblərin alimlərinin sualla¬rına cavab vermək. Xüsusilə, Peyğəmbər (s) vəfat edəndən sonra İslam barəsində tədqiqat aparmaq üçün Mədinəyə gələn Yəhudi və Məsihilər elə suallar qarşıya qoyurdular ki, onlara Əli (ə)-dan başqa heç kəs cavab verə bilmirdi. Əgər bu boşluq Əli (ə)-ın vasitəsilə doldurul¬masaydı, İslam cəmiyyəti ağır xiffətlərə, xarlıqlara düçar olardı. İmam (ə) bütün suallara aydın və qəti cavab verdikdə Peyğəmbər (s)-in yerində oturmuş xəlifələrin üzlərində böyük heyrət yaranır və çöhrələri açılırdı.
4. İslamda əvvəl rast gəlməyən, barəsində Quranın göstərişi və Peyğəmbər (s)-dən hədis olmayan təzə hadisələrin çoxunun hökmünü bəyan etmək. Bu, İmam (ə)-ın həyatının ən həssas işlərindən biri idi. Əgər səhabə arasında Əli (ə) kimi bir şəxsiyyət olmasaydı, (Peyğəmbərin (s) təsdiq etdiyi kimi, ümmətin ən biliklisi, hökm və qəzavət işlərinə ən yaxşı şəkildə yiyələnən bir şəxs sayılırdı) İslamın əvvəlində bir çox məsələ¬lər həll olunmayaraq düyün kimi qalacaqdı.
5. Xilafət aparatı siyasi məsələlərdə və bəzi müşküllərdə çıxılmaz vəziyətdə qalan vaxtda İmam (ə) etimad olunacaq yeganə məşvərətçi idi. O, çox ali bir həqiqətgörənliklə müş¬kül¬lə¬ri onların yolu üzərindən qaldırıb işin axarını müəyyən¬ləşdi¬rir¬di. Bu məşvərətlərin bəziləri “Nəhcül-Bəlağə”də və tarix kitablarında nəql olunmuşdur.
6. Mənəviyyatda addım atmaq üçün ruhi hazırlıqları olan və batinləri pak insanları yetişdirib tərbiyə etmək. Nəticədə İmam (ə)-ın mənəvi rəhbərliyi və təcrübəsi sayəsində, mənəvi kamal zirvələrini fəth edib, zahiri gözlə görünməyən şeyləri batin və qəlb gözü ilə görsünlər.
7. Yoxsulların və binəvaların çoxunun həyatını təmin etmək üçün işləyib çalışmaq. Hətta İmam (ə) öz əli ilə bağ salır, kəhriz qazır, sonra isə onları Allah yolunda vəqf edirdi.
Bunlar İmam (ə)-ın bu 25 il ərzində gözə çarpan iş və fəaliyyət üsulu idi.”
Eyni zamanda bu dönəmlərdə xəlifə Əbu Bəkr, Ömər və Osmanın Əli (ə) ilə məsləhətləşmələri və bu məsləhətlər nəti¬cə¬sində İslamın yayılması da imamın ali hədəfindən xəbər verirdi. Ustad İsmayıl Daneş belə buyurur: “Həzrət Əli (ə) iqtisadi, hərbi, elmi, ədliyyə, məhkəmə sistemlərinin işlənməsində birinci xəlifənin məsləhətçisi kimi iştirak etmiş və ikinci xəlifənin də dövründə bu işlərdən əlavə bizanslılarla mübarizədə, Beytul-Müqəddəsin tutulma¬sında, İranın fəthində ikinci xəlifənin baş məsləhətçisi olmuşdur. Bu həmkarlıq üçüncü xəlifənin dövründə də davam etmişdir. O dövrün bəzi hadisələri ilə bağlı olaraq İmam Əli (ə) xəlifədən narazılarla xəlifə arasında vasitəçi olmuşdur. Evinin mühasirəsi zamanı susuzluqdan əziyyət çəkən xəlifə və onun ailəsini su ilə təmin etmək üçün İmam Həsən (ə) və İmam Hüseyn (ə) vasitəsi ilə su ilə dolu tuluq¬ları onun evinə göndərmişdir.
Bütün bu hadisələr İslam ümmətinin (xüsusilə də dövrümüzdə) bu birliyə nə qədər böyük ehtiyac duydu¬ğunu göstərir. Həzrət Əli (ə)-ın fəaliyyətləri bir daha onun bu vəhdətin dayağı olduğunu sübut edir...
Həzrət Əli (ə) müsəlman ümmətinin vəhdətinin qoru¬nub saxlanması üçün öz tərəfdarlarını İslam dinini zəif¬lədə biləcək hər bir hərəkətdən çəkindirirdi və xəlifələrlə heç bir fikir ayrılığına şərait yaratmırdı...”
İlk xəlifənin Həzrət Əli (ə)-ın barəsində “Əli olmasaydı, Əbu Bəkr həlak olardı” (Bu ifadəni xəlifə Ömər və Osman da işlətmişdir) sözü Əli (ə)-ın ümumi İslam üçün çalışmasını göstərir. Həzrət Əli (ə) bu 25 il ərzində, digər üç xəlifəni həlakətdən qurtardığına görə onlar bu ifadəni işlətmişlər.
Hər üç xəlifə hər dəfə ortaya çıxan problemlər qarşısında çətinliklə üzləşdikdə Həzrət Əli (ə)-a müraciət edər və dəyərli məsləhətlər alardılar.
Ustad İsmail Daneş belə buyurur: “Peyğəmbərin vəfatından sonra bir qrup avanturist Həzrət Əlini beyətə dəvət edərək ixtilaf və fitnə yaratmaq istəyirdilər. Lakin Həzrət Əli onlara rədd cavabı verdi və İslam ümmətinin birliyi və dincliyinə xatir susdu və İslamın möhkəm¬lən¬məsi üçün xəlifələrlə həmkarlıq etdi.
Həzrət Əli 25 illik sükutu dövründə öz ilahi və hu¬manist vəzifəsini vicdanla yerinə yetirdi. Siyasi, elmi, iqti¬sadi və hərbi məsləhətləri ilə dinin qorunub saxlanması və güclənməsi üçün öz qüvvəsini əsirgəmədi. O İslam dinini və İslam ümmətini ciddi təhlükələr dövründə tək buraxa bilməzdi. Bu hadisələrə etinasız qala bilməzdi. Sözsüz ki, xəlifələrə olunan kömək o səviyyədə idi ki, bu köməklik¬dən öz şəxsi mənafelərinə uyğun şəkildə istifadəyə cürət etməz¬dilər.
Həzrət Əli bu üç dövrdə 3 müxtəlif xəlifə ilə çalış¬mış¬dı ki, bunların da hər birinin özünəməxsus xüsusiyyətləri var idi. Üçüncü xəlifənin dövründə isə xəlifə ilə imamın münasibətləri sırf məsləhətçilik formasında deyildi. İmam xəlifə ilə üsyançılar arasında vasitəçilik etmiş, mühafi¬zəsini təşkil etmiş, ən çətin günlərdə yaxından köməklik göstərmiş və onun dəfnini də Həzrət Əli özü etmişdir”.
Hər iki İslam məzhəbi mənsublarının bu illərdən, yəni 25 il müddətindən götürəcəkləri ibrətlər həddindən artıq çox¬dur. Əhli-Sünnə mənsubları səhabələrin, şiələr isə İmam Əli (ə)-dan başlayaraq on iki İmamların (ə) tərəfdarlığını edir¬lər. Hər iki böyük İslam məzhəblərinin nümayəndələri tərəf¬darı ol¬duğu məzhəb rəhbərlərinin, İslami hədəflərin həyata keç¬məsindəki nümayiş etdirdikləri əməli vəhdət tətbiqatla¬rın¬dan ibrətlər çıxarmalıdırlar. Bu ibrətlərdən düzgün nəticə çıxarıl¬dıqda müsəlmanlar təəssübdən ayrılıb vəhdət halında və vəh¬dət ruhunda yaşayarlar. Və bunun nəticəsində də bütün məz¬həb mənsubları ilahi vəhdət çağrışını həyata keçirmiş olarlar.
İndi isə bu 25 il müddətində Həzrət Əli (ə)-ın digər xəlifələrlə münasibətini tarix prizmasından araşdıraq.

HƏZRƏT ƏLİNİN
BİRİNCİ XƏLİFƏ İLƏ DAVRANIŞI.
1-Hərbi müşavirə;
Əbu Bəkrin xəlifəliyinin birinci ili əsasən yalançı peyğəmbərlərlə, dönüklərlə, zəkat verməkdən imtina edənlərlə mübarizəyə sərf olunmuşdu. Bu səbəbdən də fəthlər və müharibələr əsasən bizanslılarla döyüş, Şam və Suriya üzərinə hücumla yekunlaşmışdı...
Tarixi məlumatlara əsasən, Peyğəmbərin vəfatından sonra bizanslılarla mübarizə etmək barəsində fikir ayrılığı var idi. Bunun üçün xəlifə bir çoxları ilə məsləhətləşsə də verilən cavablar onu qane etmədi. Əli ilə məsləhətəşdikdə Həzrət onu bu işə təşviq etdi və bildirdi ki, əgər bizanslılar üzərinə hücum edilərsə tezliklə qələbə çalacağıq. Xəlifə bu məsələdən çox şad olaraq üzünü camaata tutub dedi: “Ey müsəlmanlar! Əli Peyğəmbər elminin varisidir. Hər kim onun düzlüyünə şübhə edərsə, münafiqdir. O öz sözü ilə məni bizanslılarla cihada təşviq etdi, məni çox sevindirdi”.
Həzrət Əli (ə)-ın tərəfdarlarının da iştirak etdiyi bu fəthlər böyük qələbələrin əldə olunmasına gətirib çıxartdı.
2-Elmi həmkarlıq;
Yəhudi alimlərlə polemikalar
Peyğəmbərin vəfatından sonra bir qrup xristian və yəhudi alimi İslamı zəiflətmək üçün Mədinəyə gəldilər, öz elmi suallarını xəlifəyə çatdırdılar.
Həmçinin bir qrup yəhudi ravini Mədinəyə gəldilər və xəlifəyə bildirdilər ki, biz Tövratda oxumuşuq ki, peyğəm¬bərlərin canişinləri insanların ən savadlısıdırlar. Siz də Pey¬ğəm¬bərin canişinisiniz. İndi cavab verin ki, Allah haradadır? Göylərdə, yoxsa yerdədir?
Əbu Bəkrin verdiyi cavab onları qane etmədi. Əbu Bəkrin verdiyi cavabın mənasından belə anlaşılırdı ki, Allah göylərdədir. Yəhudi alimləri dedilər: “Belə olan halda Allah ancaq göylərin hakimidir və yerə hökm edə bilməz”. Bu mühüm anda Həzrət Əli yenə də İslamın köməyinə gəldi. Onların cavabında belə buyurdu: “Məkanları Allah yaratmışdır. O bütün məkanlardan üstündür. Heç bir məkana sığmaz. O hər yerdədir. Ancaq heç bir varlıqla əlaqədə olmaz. Hər bir şey onun qüdrətindən asılıdır və heç bir şey onun qüdrətindən kənarda qala bilməz”.
Həzrət Əlinin gözəl məntiq və dahiyanə cavabı yəhudi alimlərini düşünməyə vadar etdi, ixtiyarsız olaraq sözlərini qəbul edib, onun xəlifəliyə daha layiq olduğunu etiraf etdilər.
Bir nəfər yəhudi Mədinəyə daxil olaraq müsəlmanların rəhbərini görmək istədiyini bildirdi. Onu Əbu Bəkrin yanına apardılar. Yəhudi alim üzünü xəlifəyə tutaraq bildirdi ki, mənim üç sualım vardır ki, onu Peyğəmbərin varisindən başqa heç kim bilmir və o üç sualı bildirdi:
1-O nədir ki, Allahda yoxdur?
2- O nədir ki, Allahın dərgahında yoxdur?
3- O nədir ki, Allah onu bilmir?
Əbu Bəkr cavab tapmayaraq bildirdi: “Bu cür suallar Allahın düşmənlərinə aiddir”. Və ona işgəncə verməyə əmr etdi. Məclisdə iştirak edən ibn Abbas etiraz edərək bildirdi: “Siz bu insanla ədalətli rəftar etmirsiniz. Ya onun suallarına cavab verin, ya da onu Əlinin yanına aparın!”.
Məclisdəkilər və xəlifə Həzrət Əlinin yanına gəldilər. Xəlifə imama dedi: “Bu yəhudi azdırıcı suallar verir”. Yəhudinin sualına Həzrət belə cavab verdi: “O şeyi ki, Allah bilmir, o siz yəhudilərin sözüdür ki, deyirsiniz Üzeyir Allahın oğludur. Allahın övladı yoxdur. Özü üçün belə oğulu tanımır. O şey ki, Allahın dərgahında yoxdur, bəndələrə olunan zülmdən ibarətdir. Yəni Allah Öz dərgahında bəndəsinə zülm etməz. O şey ki, Allahda yoxdur, o da Onun şərikinin olmamasıdır”. Elə bu andaca yəhudi şəhadət gətirərək müsəlman oldu. Əbu Bəkr və müsəlmanlar isə Əlini “Müfərricul-Kərb” (qəm-qüssəni aradan götürən) adlandırdılar.
3-Məhkəmə işlərində həmkarlıq;
Birinci xəlifənin dövründə Həzrət Əli (ə) məhkəmə işlərində də ondan öz köməyini əsirgəməmişdir. Bunlardan bir neçəsini nümunə gətiririk. Əbu Bəkrin xilafəti dövründə bir nəfəri içki içmək ittihamı ilə tutmuşdular. O öz günahını boynuna alaraq dedi: “Mən elə bir yerdə yaşayıram ki, orada içki içməyi və murdar yeməklərdən istifadəni halal bilirlər. Əgər mən də haram olduğunu bilsəydim içməz¬dim”. Xəlifə Ömərdən hökm verilməsini istədi. Ömər cava¬bında dedi: “Bu belə çətin bir işdir ki, Əlidən başqa heç kim onu həll edə bilməz”. Əlinin evinə yola düşdülər. İmam buyurdu: “Mühacir və ənsardan mənə göstərin ki, içkinin qadağan olunması barəsində ayəni bu kişiyə oxumuşdur. Mühacir və ənsardan heç kəs bu kişiyə ayə oxumadıqları üçün Həzrət Əlinin göstərişi ilə həmin kişini buraxdılar.

HƏZRƏT ƏLİ
İKİNCİ XƏLİFƏNİN DÖVRÜNDƏ
1-Hərbi sahədə həmkarlıq;
İkinci xəlifənin dövründə yürüşlər və müharibələr geniş vüsət aldı. Həzrət Əlinin rolu birinci xəlifənin dövründən daha çox hiss edilməyə başladı.
Həzrət Əlinin məsləhətlərindən bir neçəsini nümunə göstəririk.
a) Cisr döyüşü;
Bu döyüşdə müsəlmanlar uduzdular. Xəlifə müsəl¬man¬ları cihada səslədi. Bu barədə bir çox əshab və o cümlədən Həzrət Əli ilə məsləhətləşərək, orduya kömək etmək üçün özünün döyüşə getmək təklifini irəli sürdü. Həzrət Əli xəlifəyə getməməyi məsləhət gördü.
b) Bizanslılarla döyüş;
Bizans imperatoru Heraklın ordusu ilə İslam ordusu arasında gedən döyüş zamanı Əbu Ubeydə xəlifədən yardım almaq məqsədilə ona məktub göndərdi. Xəlifə səhabənin böyükləri ilə bu barədə məsləhətləşdi. Həzrət Əli xəlifəyə bu təklifi irəli sürdü: “Əbu Ubeydəni orduya komandan təyin et. Müqavimət göstərib qələbə çalacaqlar”.
c) Beytul-Müqəddəsin fəthi;
Beytul-Müqəddəsin fəthi zamanı da ikinci xəlifə səhabə ilə məsləhətləşdi. Həzrət Əlinin məsləhətindən ruhlanan xəlifə əshaba müraciət edərək dedi: “Mən Əlinin məsləhəti olmadan bir iş görmək istəmirəm. Onun məsləhətlərinə hər zaman ehtiyacım var. Onun alnını hər zaman açıq görürəm”.
ç) Xorasan döyüşü;
Xorasanın fəthi zamanı da İmam Əli əyalətin xüsusiy¬yətləri barəsində xəlifəni müfəssəl şəkildə məlumatlandırdı, onun tutulmasına təşviq verdi.

Həzrət Əlinin tərəfdarlarının müharibələrdə rolu
Həzrət Əlinin tərəfdarlarının ikinci xəlifənin hakimiyyəti dövründə xüsusi bir rolu olmuşdur. İslamın qələbə çalmasında Əli tərəfdarlarının rolu danılmazdır. Sözsüz ki, onların rolu və fəaliyyətləri öz həqiqi rəhbərlərinin məsləhəti ilə həyata keçirilirdi. Xəlifə tərəfindən Mədainə vali göndərilən Salman Muhəmmədi Həzrət Əlinin icazəsi və təklifindən sonra bu vəzifəni qəbul etdi. Malik Əştər Qadisiyyə döyüşündə iştirak edirdi. Aməd və Nəsibin onun vasitəsi ilə tutulmuşdu. Hüzeyfə ibn Yəman Nəhavənd döyüşündə ordu komandanla¬rından biri idi. Dinəvərinin bildirdiyinə görə, Numan ibn Muqrindən sonra İslam ordusunun komandanlığını öz öhdəsinə götürmüşdü. Misirin fəthi zamanı Əmmar ibn Yasir süvari dəstəsinin komandanı idi. O həmçinin, Miqdad ibni Əsvəd ilə birlikdə Diyarbəkrin fəthində də iştirak etmişdi. Səd ibn Əbi Vəqqasın əmisi oğlu Haşim ibn Ütbə Mirqal Həzrət Əlinin vəfalı və fədakar dostlarından biri idi. İkinci xəlifənin zamanında o, beş minlik orduya sərkərdə seçilmiş və Beytul-Müqəddəsin fəthində də iştirak etmişdi. Azərbaycanın fəthi zamanı da o qoşun başçılarından biri idi.
Cərir ibn Abdullah Bəcli Qadisiyyə döyüşündə qoşun başçılarından biri olub. İraqın və Hirənin tutulması zamanı da o komandanlıq etmişdi. Həzrət Əlinin tərəfdarlarının xəlifələr zamanında müharibələrdə iştirakı İslamın geniş yayılmasına səbəb oldu.

Həzrət Əlinin tərəfdarları və hakimiyyət
Həzrət Əlinin bir çox tərəfdarları vəhdətin qorunub sax¬lanması üçün siyasi hakimiyyətdə onun icazəsi ilə iştirak edir¬dilər. Mədainin tutulmasından sonra Salman Mühəmmədi Səd ibn Vəqqasın vasitəsilə xəlifə tərəfindən həmin şəhərə vali gön¬dərildi. Xəlifə, Əmmar ibn Yasiri də Kufəyə vali təyin etmişdi.
Həzrət Əlinin hökümətdə iştirakı
Xəlifə ümumi işlərlə bağlı Mədinəni tərk edən zaman Həzrət Əlini öz yerinə canişin təyin etmişdi. İslam ümmətinin birliyinə xatir Həzrət Əli bunu qəbul etmişdi. Haqqının tapdalanmasına baxmayaraq, o, heç nəyi büruzə vermirdi. Həzrət Əli 3 dəfə Mədinəyə canişin seçilmişdi. Bunlardan birində xəlifə onu rəsmən canişin təyin etmişdi. Şama hücum zamanı o orduya müraciət edərək bildirdi:
“Ey insanlar! Şama tərəf gedirəm, əgər müsəlmanlar üçün təhlükə olmasaydı, mən heç zaman Mədinəni tərk etməzdim. Əli Mədinədədir. Ona diqqət edin. Mən Onu sizə hakim təyin edirəm. Onun sözlərinə qulaq asın və itaət edin. Bildiniz mən sizə nə tapşırdım?” Hamı “Bəli! Eşitdik və itaət edirik”-deyə cavab verdilər...
2-Siyasi müşavirə;
İkinci xəlifənin siyasi məsələlərdə Həzrət Əlinin məsləhətlərinə böyük ehtiyacı var idi. Həzrət Əlinin uzaqgörənliyi, müxtəlif məsələlərdə verdiyi məsləhətlər İslam cəmiyyətinin güclənməsinə səbəb oldu.
a) Bir çox alimlərin qeyd etdiyinə əsasən demək olar ki, Ömərin xəlifəliyi zamanı işğal olunmuş İran şəhərlərində iğtişaş yaranması barədə xəlifəyə məlumat çatdırılmışdı. Həmin şəhərlərin əhalisi bir-biriləri ilə məktublaşaraq, eyni zamanda üsyana başlamaq arzusunda idilər. Bu xəbəri eşidən Ömər mühacir və ənsarların bir qrupunu məscidə dəvət edərək, məsləhətləşməyə başladı. Ancaq heç bir cavab onu qane etmədi. Yenə Həzrət Əliyə müraciət etməli oldular. O belə buyurdu: “Məkkə, Mədinə, Şam və Yəmən əhalisini yerindən tərpətmə. Bəsrə xalqına isə yaz ki, 3 qrupa bölünsünlər. Birinci qrup qadınları və uşaqları qorumaq üçün Bəsrədə qalsın. İkinci qrup əhli-zimməyə nəzarət etmək üçün qalsın ki, arxadan zərbə vurmasınlar. Üçüncü qrup isə öz qardaşlarının köməyinə getsin”. Ömər dedi: “Mən bu fikirlə tamamilə şərikəm və ən düzgün məsləhət budur”.
Xəlifə hicrətin 16-cı ili Mədain şəhərinin tutulmasından sonra təqvimin yaradılmasını təklif etdi. Həzrət Əlinin məsləhəti ilə Peyğəmbərin hicrəti bu tarixin başlanğıc ili sayıldı.
3-İqtisadi məsələlər;
Şübhəsiz ki, Həzrət Əlinin dünyagörüşü Peyğəmbərin bütün səhabələrindən üstün idi. Bu səbəbdən də xəlifələr müxtəlif problemlərlə qarşılaşdıqda Həzrət Əliyə müraciət edirdilər, məsələnin həllini ondan soruşurdular. Həmçinin iqtisadi məsələlərdə də ona müraciət olunurdu.
a) Beytul-maldan istifadə qaydası ilə bağlı xəlifə Ömər Həzrət Əli ilə məsləhətləşmə apardı. Son nəticədə hər kəsə özünün və ailəsinin təminatı üçün maaş və təqaüd təmin olunması qərarlaşdırıldı.
b) Kəbəyə aid olan zinətlərin istifadə edilməsi barədə Ömər Həzrət Əli ilə məsləhətləşdi. Ömər istəyirdi ki, Kəbəyə aid gəlirləri İslam ordusu üçün xərcləsin. İmam ona bildirdi ki, hətta Peyğəmbər özü onlara toxunmamışdı və sən də toxunma. Ömər Həzrətin təklifini qəbul etdi.
c) İraq torpaqlarının bölünməsi. İkinci xəlifə sahilyanı torpaqları bölmək istəyirdi. Bu barədə Həzrət Əlidən soruşduqda, o belə cavab verdi: “Əgər sən bu torpaqları indiki nəsil arasında bölsən, gələcək nəsillər ondan fayda götürməyəcək, ancaq sən həmin torpaqları öz sahiblərində saxlasan, onlar işləyəcək, İslam dövlətinə vergi ödəyəcəklər və hər iki nəsil bundan faydalanacaqdır”. İkinci xəlifə “Çox yaxşı fikirdir”-deyib Həzrət Əli ilə razılaşdı.
4-Həzrət Əli və məhkəmə işləri;
Həzrət Əli xəlifələrin dövründə bir çox məhkəmə işlərində iştirak edərək, onların ədalətlə həllinin tapılmasında öz köməkliyini göstərmişdi. Onlardan bir neçəsini misal göstərək.
a) Ruhi xəstəliyə tutulmuş bir qadın zina etmişdi. Ömər məsləhətləşmədən sonra həmin qadının daşqalaq olunması əmrini verdi. İmam bu hadisədən xəbər tutaraq, Ömərin yanına gəlib bildirdi: “Sən məgər bilmirsən ki, bu üç qrupa qarşı hökm çıxartmaq olmaz? Əgər ruhi xəstə sağalmazsa, yatmış şəxs yuxudan ayılmazsa, uşaq həddi-buluğa çatmazsa onlara qarşı cəza yoxdur? Ömər bu cavabdan sonra təkbir dedi və əmr etdi ki, qadını azad etsinlər.
5-Həzrət Əlinin elmi rəhbərliyi;
Peyğəmbərin ölümündən sonra müsəlmanlar bir çox problemlərlə qarşılaşdılar ki, onların cavabını nə Quranda, nə də Peyğəmbərin hədislərində tapa bilmədilər. Bu suallara cavab tapmaq üçün bəzi səhabələrə müraciət edirdilər. Onlar öz növbəsində Qurana və hədisə müraciət edərək, öz rəylərinə və gümanlarına uyğun fikirlər söyləyirdilər. Həzrət Əli bu məsələlərdə də xəlifələrdən öz köməyini əsirgəmədi. “Əli olmasaydı, Ömər həlak olardı” şüarı həmin dövrdə yaranmışdı...
İki nəfər xəlifədən talaq barədə öyrənmək istədilər. Ömər arxaya çevrilərək “Ey Əli! Sənin bu barədə fikrin nədir?”-deyə soruşdu. İmam iki barmağının işarəsi ilə onların cavabını verdi. Ömər də öz növbəsində sual verənləri cavablandırdıqda onlar etiraz etdilər ki, biz səndən soruşuruq, sən isə başqasından soruşursan? Ömər dedi: “Siz cavab verən şəxsi tanıyırsınızmı? O, Əli ibn Əbi Talibdir. Mən Peyğəmbər¬dən eşitmişəm ki, Əlinin imanının çəkisi göylərin və yerlərin çəkisindən ağırdır".
Ömərin zamanında bir qrup yəhudi alim Mədinəyə gələrək dedilər: “Bizim bir neçə sualımız vardır ki, onlara cavab versəniz İslamın haqq din, Muhəmmədin isə Allahın Peyğəmbəri olduğuna inanacağıq. Əks təqdirdə, İslam dini batil dindir”. Suallar bundan ibarət idi: “Göylərin qıfılı nədir? Göylərin açarı nədir? Hansı qəbir öz sahibini bu tərəfdən o tərəfə yırğalayırdı? Hansı kəs öz qəbiləsini qorxudurdu, ancaq cin və ins deyildi? Və bir neçə başqa sual verdilər. Ömər cavab tapa bilmədi, başını aşağı salaraq dedi: “Suallara cavab verməmək Ömər üçün eyb deyildir. O şeyi ki, bilmirəm cavabsız qoyuram. Yəhudi alimlər hücuma keçərək dedilər: “Məlum oldu ki, İslam batil dindir”. Salman bu hadisənin şahidi idi, Əlinin yanına gələrək “İslama nicat ver” deyərək Həzrətdən kömək istədi. Həzrət Əli Peyğəmbərin paltarını geyinərək məscidə gəldi. Ömər Əlini görərək ayağa qalxdı və dedi: “Hər hansı bir problem yaranarsa, sənin yanına gəlirlər”. İmam yəhudi alimlərlə belə bir şərt kəsdi ki, verdiyi cavablar Tövratla uyğun gələrsə, onlar İslamı qəbul edəcəklər. Alimlər bununla razılaşdılar. İmam dedi: “Göylərin qıfılı şirkdir ki, insan ona əməl etməklə qabağa getməz. Açarı isə şəhadət kəlməsidir. Öz sahibini gəzdirən qəbir isə həmin balıqdır ki, Yunisi udmuşdur. Öz qəbiləsini qorxudan varlıq isə qarışqa idi ki, nə cinlərdən idi, nə də insanlardan. Həmin qarışqa digər qarışqalara demişdi: “Öz yuvalarınıza daxil olun ki, Süleyman və onun qoşunu sizləri əzməsin”. Yəhudi alimləri üçü də İslamı qəbul etdilər və Əlini İslam ümmətinin ən biliklisi kimi tanıdıqlarını söylədilər.
HƏZRƏT ƏLİ VƏ ÜÇÜNCÜ XƏLİFƏ
Üçüncü xəlifə də Həzrətin elmi, siyasi məsləhətlərindən faydalanırdı. Biz həmin münasibətlərin bir neçəsini sizin diqqətinizə çatdırmaq istəyirik.
İmam Əli və Osmanın verdiyi hökmlər;
Bir qadın ərə gedəndən 6 ay sonra dünyaya uşaq gətirmişdi. Osman onu daşqalaq etmək əmri verdi. İmam Əli ona dedi: “Məgər Quran oxumamısan?” Osman dedi: “Oxumaşam”. İmam buyurdu: “Məgər eşitməmisən ki, Allah-Taala belə buyurur:
“...Onun (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti 30 aydır...”
Başqa bir yerdə isə belə buyurulur:
نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ
“Analar uşaqlarını tam iki il əmizdirsinlər. ...” Bu hesabla hamiləlik müddəti 6 ay edir”. Osman dedi: “Allaha and olsun ki, bu həqiqəti bu vaxta qədər bilmirdim”. Bəzi əhli-sünnə alimləri bu hadisəni kiçik bir fərqlə gah Osmana, gah da Ömərə aid edirlər...
İmam Əli və xəlifədən narazı olanlar;
İmam Əli hər üç xəlifənin dövründə müxtəlif vəziyyətlərlə qarşılaşmışdı. Birinci və ikinci xəlifələrin dövründə vəziyyət üçüncü xəlifəyə nisbətdə daha sakit gö¬rünürdü. Lakin üçüncü xəlifənin dövründə vəziyyət gərgin¬ləşməyə başladı.
1-Vasitəçilik;
İmam Əli xəlifə ilə ondan narazı qalan qüvvələr arasında vasitəçilik rolunu öz öhdəsinə götürdü. Xəlifənin müdafiə olunması o səbəbdən irəli gəlirdi ki, cəmiyyətdə qarşıdurma sakitləşsin və fitnənin qarşısı alınsın. Dəfələrlə Həzrət Əlinin vasitəçiliyi xəlifənin üsyançıların qəzəbindən xilas olmasına səbəb olmuşdu. Xəlifə Həzrət Əlidən onu müdafiə etməsini xahiş etmiş və üsyançıların tələblərini yerinə yetirəcəyinə söz vermişdi. Onlar xəlifədən yazılı şəkildə iltizam alaraq 3 gün ərzində iqamətgahının qarşısından mühasirəni götürərək geri dönmüşlər.
2-Suyun göndərilməsi;
Üsyançılar Osmanın evini yenidən mühasirəyə aldıqda Həzrət Əlinin vasitəçiliyi də kömək etmədi. Üsyançılar tam ciddiyyətlə xəlifədən istefa etmək və Mərvanı təhvil vermək tələbini irəli sürdülər. Ancaq xəlifə Mərvanı təhvil vermədi, çünki qorxurdu ki, onu öldürərlər, özü də istefa verməyə hazır deyildi. Osman İmam Əliyə məktub yazaraq bildirdi ki, bu insanlar bizi öldürmək istəyir və suyumuzu kəsiblər. O, İmamdan su istədi. İmam su ilə dolu tuluqları övladları Həsən və Hüseynin vasitəsi ilə göndərdi. Üsyançılar su aparanların Həzrət Əlinin övladları olduğunu gördükdə mane olmaqdan çəkindilər.
3-Xəlifənin öldürülməsinin qarşısının alınması;
Üsyankarların Osmanı öldürmək planı olduğunu eşitcək Həzrət Əli oğlanları Həsən və Hüseyni çağıraraq onlara belə tapşırdı: “Qılınclarınızı götürün və xəlifənin evini müdafiə edin, ona toxunmağa imkan verməyin”. İmamın övladları özlərini təcili olaraq xəlifənin evinə çatdırdılar. İğtişaş o dərəcəyə gəlib çıxmışdı ki, İmam Həsənin başı və üzü qana bulaşmışdı. Həzrətin qulamı Qənbər isə ağır yaralanmışdı.
4-Osmanın dəfni;
Xəlifənin qətli barəsində xəbər imama yetişdikdə o tələsik özünü onun evinə çatdırdı. Həzrət Əlinin vasitəçiliyi ilə Osmanın dəfninə icazə istənildi. İmam və bir neçə səhabə Osmanı dəfn etdilər.
Nəticə: Bizim bu tarixdən çıxardacağımız ən böyük dərslərdən biri Həzrət Əlinin öz haqqını İslamın haqqı uğrunda fəda etməsidir. Həzrət Əli (ə) onlara nə üçün məsləhətlər verirdi? Çünki Əli (ə) müsəlmanların vəhdətinin pozulmasını istəmirdi. İslam mədəniyyətinin dünya mədəniy¬yət¬lərinə nümunə ola biləcəyini göstərmək üçün onlarla birgə fəaliy¬yət göstərirdi. Ümumi İslam mənafeyi üçün digər 3 xəlifə ilə sülh və əminamanlıq içində keçindi. Onlara lənət etmədi. Həzrət Əli (ə) buyurur: “...Mənim üçün İslamın mövcudluğu bir neçə günlük hakimiyyətdən daha üstündür. Bunun üçün mən müsəlmanların köməyinə qalxdım və batil aradan getdi. Sülh və əmin-amanlıq yenidən bərqərar oldu”
Həzrət Əli (ə)-ın bu illərdə etdiyi fəaliyyət, söylədiyi hikmətli nəsihətlər, xütbələr, məsləhətlər İslam nurunun dünyaya yayılmasına səbəb idi. Hətta şəxsi mülahizəmizə əsasən söyləyə bilərik ki, İslamın bu günlərə rəngarəngliyi ilə gəlib çatmasında Həzrət Əli (ə)-ın o illərdəki xəlifələrə etdiyi kömək və ümumiyyətlə onun həmin dövrdə etdiyi cəhdlər olmuşdur. Hər bir Əli (ə)-ın tərəfdarı olan müsəlman bundan böyük ibrətlər çıxarmalıdır. Bilinməlidir ki, ən gözəl adı Quran bizə vermişdir. O da müsəlman və mömin adıdır. Əli (ə) həmin illərdə bu adları dirçəltdi və yaşatdı.
Həzrət Əli (ə)-ın həyatı ibrət və hikmətlərlə doludur. O, Haqdan bir an olsun belə ayrılmadı. Bunun üçündür ki, Allah Rəsulu (s) buyurmuşdur: “Əli Haqq ilə, Haqq da Əli ilədir”.
Sonrası bizim üzərimizə düşən vəzifədir. Bu tarixdən nəticə çıxarıb, Əli (ə)-ın həyatına, mənəviyyatına, ruhuna yaxınlaşmalıyıq.
Həzrət Əli (ə) digər xəlifələrə kin saxlamadı, onlara lənət etmədi. Bunun üçün də o, tarix yaratdı. İmamət missiyasını həqiqəti ilə davam etdirdi.
Həzrət Əli (ə), qardaşlığımızı Allahın dininə bağlıli¬ğımız¬da, qardaşlıq bağının ayrılmasını isə məqam¬pərəstlik və qəlbin çirkinliyində olduğunu bildirərək belə buyurur: “Həqiqətən Allahın dinində bir-birinizin qardaşı¬sınız. Aranızda heç bir şey təfriqə yarada bilməz. Aranızda ixtilaf və təfriqə məqampərəstlik və qəlbinizin çirkin olmasından qaynaq¬lanır”.
Hər bir müsəlman fərdi vəhdət həqiqətinin gerçəkləşmə¬sini istəyirsə, bu mövzuda söylənən fikirlərə, verilən fətvalara, yazılan kitablardakı əməli göstərişlərə tabe olaraq, onları əməli təzahürə keçirməlidir. Və ən əsası vəhdət ayələrinə sədaqətini nümayiş etdirməlidir.
Əllamə Fəzlullahın qəlblərdə ülfət yaradan sözü ilə mövzumuzu yekunlaşdırırıq:
“Nifrət yox, məhəbbət. Parçalanma yox, birlik. Düşmənçilik yox, qardaşlıq! Bütün bunlar o şeylərdir ki, Allah müsəlmanlardan bu şeylər üzərində hərəkət etmələrini istəyir”.

 

 

 

  658
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment