Azəri
Friday 19th of April 2019
  482
  0
  0

Müharibələrin başlanması

Müharibələrin başlanması

 

Peyğəmbər (s)-ın Əqəbədə Mədinə əhalisi ilə bağladığı ikinci sazişdən sonra Qüreyşlə müsəlmanlar arasında münaqişə baş verəcəyi təsəvvür edilirdi.
Onun Yəsribə gəlişindən bir il keçmişdi ki, bu münaqişələr başlandı. Məkkədən gəlmiş mühacirlər Mədinə əhalisinin onlara göstərdiyi qonaqpərvərliyə baxmayaraq həmişəlik olaraq orada qala bilməzdilər. Qeyd etdiyimiz kimi, Mədinə əhalisi əkinçiliklə məşğul olduqları halda, Məkkəlilər bu peşəyə yiyələnməmişdilər. Onların peşəsi ticarət və alış-verişdən ibarət idi. Onlar keçmiş peşələrini davam etdirmək üçün bir tərəfdən Yəsrib Məkkəni əvəz etməli, digər tərəfdən isə Məkkə tacirlərinin yolunu (ticarət) kəsməli, bununla da Məkkəlilərin ticarət yolunu təhlükə altına salmalı idilər. Əgər yəsriblilər bu yeniliyi əldə etməsəydilər, məkkəlilər keçmişdə olduğu kimi çox asanlıqla öz karvanlarını bir tərəfdən Qəzzə və Əqəbə körfəzinə, digər tərəfdən isə Babül-məndəb və Hind okeanına çatdıraraq hər iki ticarət yolunu əldə saxlamış olardılar. Əgər iş bununla bitmiş olsaydı, bəlkə də çox təhlükə hesab olunmazdı. Lakin Məkkəlilər buna da razı deyildilər, onlar Yəsribi gələcəkdə nəzarətsiz buraxmaq istəmirdilər. Onlar hələ Peyğəmbər (s) Məkkədə ikən və müsəlmanların sayının az olduğu vaxtda iqtisadi hegemonluqlarının təhlükə altına düşdüyünü hiss etmişdilər. İndi isə lazımi potensiala malik və islamı qəbul etmiş bir şəhər müqabilində təhlükədən necə amanda qalacaqdılar. Yəsriblilər də çox gözəl bilirdilər ki, Məkkəlilərin onların şəhərinə göz tikməsinin qarşısını almaq üçün tə’cili tədbirlər görməli idilər.

Hicrətin ilk ilində Məkkə karvanları ilə vuruşmaq üçün dəstələr yola düşdü. Əgər Peyğəmbər özü qoşunla birlikdə bu döyüşlərdə iştirak etsəydi ona “ğəzvə”, yox əgər özü Mədinədə qalıb düşmən üzərinə qoşun göndərmiş olsaydı o döyüşlər “səriyyə” adlanardı.

İlk ğəzvə hicri tarixi ilə ikinci il səfər ayında baş verdi ki, o Əbva və ya Vəddan ğəzvəsi adlanıb. Lakin bu yürüşdə heç bir savaş olmadı. Bundan sonra rəbiul-əvvəl ayında Buvat ğəzvəsi irəli gəldi ki, yenə hər şey münaqişəsiz qurtardı. Cəmadiul-əvvəl ayında xəbər yetişdi ki, Qüreyş Əbu Süfyanın rəhbərliyi ilə Məkkədən Şama tərəf yollanır. Peyğəmbər onlara hücum etmək məqsədi ilə zatul-əşirəyə qədər getdi, lakin karvan ötüb keçmişdi. İbni Hişam Əmmar Yasərdən nəql edir ki, əşirə ğəzvəsində mən Əli (ə)-la yoldaş idim. Peyğəmbər (s) ora yetişərək atdan düşdü. Bəni-mudləc əhalisinin xurma bağında və bulaq başında işləmələri bizim diqqətimizi cəlb etdi. Əli (ə) mənə dedi: Ey Əmmar, gedək görək onlar nə işlə məşğuldurlar. Biz bir saat onları seyr etdikdən sonra yuxumuz gəldiyindən elə xurmalıqda yatdıq. Peyğəmbər (s) bizi tapandan sonra Əli (ə) belə dedi: Əbu Turab qalx ayağa. Çünki biz quru torpaq üzərində yatmışdıq. Sonra isə belə buyurdu: Sizə ən bədbəxt adamın kim olduğunu deyimmi? Biri Saleh peyğəmbərin dəvəsinin ayaqlarını qılıncla üzən, o birisi isə sənin saqqalını al-qana boyayan şəxsdir. Bu ğəzvənin ardınca bir səriyyə də baş verdi ki, Sə’d ibni Əbi Vəqqas Xərrar adlanan məkana qədər irəlilədi, lakin o səriyyədə də döyüş olmadı. Zatul-əşirə ğəzvəsindən sonra Kurz ibni Cabir Fehri Mədinənin qoyun sürüsünə hücum edib oğurluq etmişdi. Peyğəmbər (s) Mədinədən çıxaraq onun ardınca Bədr yaxınlığında yerləşən Səfəvan nahiyəsinə qədər gedib çıxdı, lakin artıq Kurz gözdən itmişdi.

Bu ğəzvələrin nəticəsiz olması ona görə idi ki, Mədinədə olan casuslar Peyğəmbərin niyyətindən xəbər tutaraq, qoşun yola düşməzdən qabaq özlərini Qüreşy karvanına çatdırır onları üzləşəcəkləri təhlükədən agah edirdilər. Buna görə də karvan ya yolunu dəyişir ya sür’ətlərini artırırdılar. Hicri tarixinin ikinci ili rəcəb ayında Peyğəmbər (s) Abdullahh ibni Cəhşə bir məktub təqdim edərək səkkiz nəfər mühacirlə yola saldı və tapşırdı ki, iki gün yol getdikdən sonra məktubu açıb oxusun və orada yazılanlara əməl etsin. İki gün yol getdikdən sonra Abdullahh məktubu açaraq göstərişi oxudu. Məkkə və Taif arasında yerləşən xurmalığa çatana qədər yol get! Orada Qüreyşliləri gözlə və onlar barəsində bizə mə’lumat göndər. Abdullahh onunla birgə gələnlərə verilən əmri çatdırdı, sonra özünün əmrə tabe olacağını bildirdi. Sonra isə əlavə edərək dedi: Sizlərdən kim şəhid olmaq istəyirsə gəlsin, ölümdən qorxan hər bir kəs geri dönsün. Onunla gələn şəxslərin hamısı onun əmrinə tabe oldular. Abdullahh Əmr ibni Xəzrəminin başçılıq etdiyi karvan ora yetişənə qədər pusquda durdu. Sonra öz adamları ilə birlikdə karvana qoşularaq yola düşdülər. Karvandakılar elə bildilər ki, bunlar umrə ziyarətinə gedirlər. Hərəmə az qalmış Abdullahh dedi: Bunlar əgər hərəmə daxil olsalar haram ayda (rəcəb) onlarla vuruşmaq bu aya olan ehtiramı sındırmaq sayılar, bəs nə edək? Nəhayətdə karvana hücum edərək onların mallarını və özlərindən də iki nəfəri əsir götürüb Yəsribə gətirdilər. Ancaq bu döyüş müsəlmanlar üçün ağır başa gəldi, Abdullahha tə’nə vurdular ki, niyə haram ayda döyüşübdür. Lakin bu tə’nələr aşağıdakı Qur’an ayəsi nazil olana qədər davam etdi.(Ya Məhəmməd!) Haram ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: “O ayda vuruşmaq böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək Mscidül-hərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yolunda daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha pisdir.” (Ey mö’minlər!) onlar (Məkkə müşrikləri) əgər bacarsalar dininizdən döndərənə qədər sizinlə vuruşmaqda davam edəcəklər.

Bu ayənin nazil olması ilə müsəlmanlar Abdullahı və onunla gedənləri məzəmmət etməkdən əl çəkdilər.

BƏDR MÜHARİBƏSİ
Elə bu əsnada Peyğəmbərə (s) xəbər verdilər ki, Əbu Süfyan çoxlu mal ilə yüklənmiş böyük bir karvanla Şamdan Məkkəyə dönür. Deyilənlərə görə karvanda min dəvə, 500 dinar dəyərində də mal var imiş. Peyğəmbər 313 nəfərdən ibarət (onun dörddə birini mühacirlər, qalanını isə ənsar təşkil edirdi) bir qoşunla Məkkə ilə Mədinə yolunun üstündə yerləşən Bədr quyusu ətrafında pusqu quraraq karvanın yolunu gözləməyə başladılar. Əbu Süfyan xəbərdar oldu ki, müsəlmanlar pusqu quraraq karvanın yolunu gözləyirlər, ona görə də bir tərəfdən Məkkəyə xəbər yollayıb yardım istədi, digər tərəfdən isə yolu dəyişərək karvanı sağ-salamat Məkkəyə çatdırdı. Karvanın təhlükəyə düşməsi xəbəri Məkkəyə çatınca Əbu Cəhl qəzəblənərək 900 nəfərdən ibarət bir qoşunla yola düşdü. Yolda təhlükənin sovuşması xəbərini eşitməsinə baxmayaraq yoluna davam edərək dedi: Gərək Yəsrib camaatına elə bir dərs verəm ki, bir də belə özbaşınalıq etməsinlər. Müsəlmanlarla məkkəlilər Bədrdə üzləşdilər, artıq döyüşün baş tutmayacağı mümkün deyildi. Müsəlmanlar özlərini Bədr quyularına çatdıraraq onları ələ keçirdilər. Məkkə qoşunu təpənin arxasında gizlənmələrinə baxmayaraq susuzluqdan məcbur olub oradan üzə çıxdılar. Təkbətək döyüş başlandı. Məkkəlilər Yəsrib əhalisindən üç qat artıq olmalarına baxmayaraq məğlubiyyətə uğradılar. Əbu Cəhl və yetmiş nəfər digər Qüreyş başçıları bu döyüşdə həlak edildi və elə həmin sayda da əsir götürüldü. Müsəlmanlardan yalnız 14 nəfər şəhid edildi.

Döyüşdə Əmirlə-mö’minin Əli (ə) Peyğəmbərə (s) göstərdiyi yardımı ilə yanaşı fədakarlığı ilə islam ordusunun sütunu sayılırdı.

Bu müsəlmanların ilk qələbəsi idi. Döyüşdən əldə edilən qənimət yetərincə çoxlu idi. Bu müharibə hicri tarixi ilə ikinci il ramazan ayının 17-də baş vermişdi. Şübhə yoxdur ki, müsəlmanların müharibədə qələbə çalmalarının əsas səbəbi onların imanı olmuşdu. Lakin bə’zi avropa tarixçiləri qələbənin əsas səbəbini mədinəlilərin cismi cəhətdən məkkəlilərdən qüdrətli olmalarında görməsi əsassızdır. Ola bilsin ki, bu da qalibiyyətdə rol oynasın, ancaq qələbəyə bir başa tə’sir göstərməmişdir.

Bədr döyüşü hərbi qələbədən əlavə olaraq dini və ruhi cəhətdən Yəsrib əhalisinə böyük tə’sir bağışladı. Onlar başa düşdülər ki, yalnız islama olan imanla, ilahi yardıma arxalanmaqla belə bir güclü düşmən üzərində qələbə çalmaq olar. Bu döyüşün mə’nəvi tə’siri o qədər çox olmuşdu ki, hətta Peyğəmbərin vəfatından sonra da bə’zi alimlər atalarının Bədr müharibəsində iştirak etmələri ilə fəxr edirdilər. Yəsrib ətrafında yaşayan qəbilələr Məkkə qoşunundan dəfələrlə az olan müsəlmanların qələbəsini görüb dedilər: Məhəmməd (s)-a onun Allahı yardım etdi ki, düşmənə qalib gəlsin, onun dini haqdır. Ancaq digər tərəfdən Qüreyş fikirləşirdi ki, Məhəmməd (s) və Yəsribi zəif və gücsüz hesab etmək olmaz. Məkkə əhalisindən bu döyüşdə ölənlər bacarıqlı tacirlər idi ki, şəhərin iqtisadi müqəddəratı onlardan asılı idi. Qüreyşlilər heç vaxt təsəvvür edə bilməzdilər ki, Əbu Talibin qardaşı oğlu bir dəstə əkinçinin köməyi ilə onları məğlub edə bilər və onlar başa düşdülər ki, Peyğəmbərin (s) işi fikirləşdikləri qədər də asan deyil. Onlar Peyğəmbəri məğlub etmək və ya Yəsribdən qovmaq məqsədi ilə yenidən müharibəyə hazırlaşdılar.

YƏHUDİLƏRLƏ MÜBARİZƏ
Qeyd etdiyimiz kimi, Peyğəmbərin (s) Yəsribə gəlişindən bir neçə ay keçməmiş yəhudilər müxalifət etməyə başladılar. Hətta iş o yerə çatdı ki, Qur’an onlara çatdırdı ki: İslam dininin əsası İbrahim (ə)-ın dinidir və İbrahim nə yəhudi, nə də xaçpərəstdir, bəlkə o, Hənif müsəlman olub. İslam dini də Hənifdir.

Qiblənin dəyişməsi ilə (Beytül-müqəddəsdən Məkkəyə tərəf) müsəlmanlarla yəhudilər arasında əlaqə kəsildi. Bu səbəbə görə onlar bərk narahat olaraq müsəlmanları incitməyə hazırlaşdılar.

Yəhudilərlə ilk toqquşma Bədr döyüşündə müsəlmanların qələbəsindən bir neçə həftə sonra baş verdi. Mədinənin kənarında bəni Qəynuqa’ yəhudilərinin bazarı var idi ki, orada zərgərlik və dəmirçiliklə məşğul idilər. Yazırlar ki, bir gün ərəb qadını bəni Qəynuqa’ bazarına gedib əşyasını satdıqdan sonra zərgər dükanı qabağında əyləşir. Yəhudilərdən biri onun paltarının ətəyini bir-birinə bağlayır və qadın ayağa qalxanda paltarı cırılır, yəhudilər isə ona baxıb gülürlər. Qadın haray salaraq müsəlmanları köməyə çağırır. Münaqişə baş qaldırır, həmin qadına köməyə gələn bir müsəlman, yəhudini öldürür. Yəhudilər hiddətlənərək o müsəlmanı öldürürlər və beləliklə fitnə son həddə çatır. Bu hadisədən sonra Peyğəmbər (s) Qüreyşin aqibətini yəhudilərə xatırladaraq onları qorxutmaq istəyir və onlara deyir ki, əgər burada qalmaq istəyiniz varsa gərək təslim olasınız. Bəni Qəynuqa’ tayfası cavab verdilər ki, Məkkə əhalisinin məğlubiyyəti səni aldatmasın, onlar döyüş bacarmırdılar. Əgər biz səninlə vuruşsaq öz bacarığımızı sənə göstərərik. Aşağıdakı ayə həmin yəhudilər haqqında nazil olmuşdur:

(Ya Məhəmməd!) Kafir olanlara de ki: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!” Cəhənnəm necə də pis yerdir!

(Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi.

Peyğəmbər (s) məcbur olub onları mühasirəyə aldı və bu mühasirə on beş gecə-gündüz çəkdi. Onlar təslim olduqdan sonra Abdullahh ibni Ubəyy israr etdi ki, Peyğəmbər (s) onları öldürməsin. Peyğəmbər (s) güzəştə gedib onları Şama sürgün etdi. Yəhudilərin bu mühasirəsi hicrətin ikinci ili Şəvval ayında baş vermişdir. Həmin ilin zil-hiccə ayında Səviq ğəzvəsi baş verdi. Əbu Süfyan Bədr müharibəsindən sonra Peyğəmbərlə (s) vuruşmayınca yuyunmayacağına and içmişdi. Öz andına vəfa etmək xatirinə 200 atlı ilə Mədinəyə yollandı. Lakin bu yürüşdə o yalnız bir-iki nəfəri öldürüb bir neçə xurmalığı yandıra bildi. Peyğəmbər (s) bir dəstə ilə onun ardınca getdi. Əbu Süfyan qaçıb oradan çıxdı. Müşriklər döyüşdən qaçan vaxt öz yüklərinin azalması, həm də onları təqib edənlərin başını qarışdırmaq üçün unla dolu kisələri yerə tökürdülər. Elə ona görə də bu ğəzvə qovut adlanmışdır. Hicrətin ikinci ilinin sonunda (Ühüd müharibəsindən əvvəl) bir neçə ğəzvə və səriyyə də baş vermişdir ki, qısaca onların adını çəkməklə kifayətlənirik: Qərqətul-Kudur, Zi-əmər ğəzvələri və Qərədə səriyyəsi baş vermişdir. Qərədə səriyyəsində müsəlmanlar çoxlu sayda qənimət əldə etdilər, belə ki, hər bir nəfərə 800 dirhəm çatdı.

ÜHÜD MÜHARİBƏSİ
Əbu Süfyan Bədr müharibəsindəki məğlubiyyəti yaddan çıxara bilmirdi, çünki Məkkə əhalisinin nəzərində onun hökumətinin nüfuzu aşağı düşmüşdü. Həmçinin artıq Suriya və digər bazarlar Məkkə tacirlərinin əlindən çıxmışdı. Əbu Süfyan böyük səylə çalışaraq qəbilələr arasında ittifaq yaradıb üç min kişi, iki yüz atlı və min dəvədən ibarət olan bir qoşun toplayaraq Mədinəyə tərəf yollandı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şura təşkil etdi. Bu şurada Abdullah ibni Ubəyy də iştirak edirdi. Peyğəmbər müsəlmanlardan nə etmək barəsində sual etdi. Təcrübəli və yaşlı olan bir dəstə adam dedi ki, müharibəni şəhərin daxilinə çəkərək müdafiə olunaq. Lakin əksəriyyəti çılğın cavanlardan ibarət olan o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Abdullah da birinci dəstədən idi. Sonda çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yaraqlanaraq şəhərdən çıxmaq üçün hazırlaşdı. Amma cavanlar Peyğəmbərin onların təklifini qəbul etməsinə peşiman olaraq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərar çıxarmaq rəhbər və başçının vəzifələrindəndir və hər anda yeni bir qərar qəbul etmək olmaz. Ona görə dedi: “Müharibə zamanı əyninə geyinmiş döyüş paltarını yenidən çıxarmaq Peyğəmbərə yaramaz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək oradan Yəsribin şimalına hərəkət edib Ühüd dağı ətrafında yerləşdilər. Bu yürüşdə Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibarət idi. Müharibə başlandı, əvvəl Abdullah e’tiraz əlaməti olaraq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi: Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşaqların sözünü qəbul etdi. Aşağıdakı ayə Abdullahın vəsfi haqda nazil olmuşdur:

*******Və münafiqləri onlardan fərqləndirsin. Onlara gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə dayanın! (Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik”-deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirdilər.

Abdullah öz dəstəsi ilə Peyğəmbərin qoşunundan ayrıldıqdan sonra yalnız 700 nəfər qaldı ki, onların nə dəvəsi, nə də atı var idi. Qoşun bölünüb mövqe tutduğu zaman Peyğəmbər ox atanların başçısı Abdullah ibni Cubeyrə dedi: Gözdə-qulaqda ol ki, düşmən arxadan bizə hücum etməsin. Döyüşdə bizim üstün olub-olmamağımızdan asılı olmayaraq sən öz durduğun mövqeni tərk etmə. İlk hücumda müsəlmanlar düşməni geriyə oturtdular. Lakin düşmən süvarilərinin irəliləməsinin qarşısını almaq vəzifəsinə götürmüş ox atanlar, qəniməti toplamaq ehtirası ilə öz mövqelərini tərk etdilər. Xalid ibni Vəlidin başçılıq etdiyi düşmən atlıları gözlənilmədən hücuma keçərək müsəlmanları məğlub etdilər. Bu müharibədə Peyğəmbər yaralandı, əmisi Həmzə isə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyan ucadan qışqırdı “Hubəl (büt adıdır, ucadır.” Peyğəbmər (s) durduğu mövqedən dedi: Ona cavab verin ki, “Cəlal sahibi və uca yalnız Allahdır.” Peyğəmbər dişinə və alnına dəyən zərbədən müşriklərin müsəlmanlar qarşısında qazdıqları qalaya düşmüşdü. Bu zaman müşriklər şüar verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmanlar dağıldılar. Təbərinin yazdığına görə bir nəfər dağın üstündə dayanaraq dedi: İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Abdullah ibni Ubəyyin yanına göndərək ki, Əbu Süfyandan bizə aman istəsin. Ey camaat, necə ki ölməyibsiniz evlərinizə dönün. Ancaq bu anda Ənəs ibni Nəzr ucadan dedi: Ey camaat, Məhəmməd (s) ölmüşsə də Məhəmmədin Allahı sağdır. İlahi! Mən bunların dediyi sözə görə üzr istəyirəm. Sonra isə düşmən üzərinə hücuma keçdi. Nəhayət o ağır vəziyyətdə Əli (ə) Peyğəmbərin əlindən tutaraq qaldırdı və Təlhət ibni Ubeydullah yaralı olmasına baxmayaraq onu çiyninə alıb yuxarı qaldırdı ki, müsəlmanlar onun ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dayanaraq yaxına gələni ya uzaqlaşdırır, ya da öldürürdü. Nəhayətdə müsəlmanlardan bir dəstə adam geri dönüb Peyğəmbərin ətrafına toplaşdılar və qoşun yenidən təşkil oldu. Əbu Süfyan döyüşdə qalib gəlməsinə baxmayaraq, Mədinəyə hücum etmədən geri döndü, ancaq söz verdi ki, bir ildən sonra yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyan Mədinəni ələ keçirməkdən vaz keçdi, bu ancaq qeybdən olan köməklik vasitəsi ilə ola bilərdi. Allah-təala onun ürəyinə qorxu saldı ki, Mədinə şəhərini mühasirə etməkdən yayınsın.

Bə’zi Avropa şərqşünasları deyirlər ki, Əbu Süfyan lazımi təchizatı olmadığından Mədinə şəhərini mühasirəyə almadı, lakin bu heç də düzgün izah deyildir. Düzgünü budur ki, Qur’ana istinad edərək deyək ki, Allah onların ürəyinə qorxu saldı.

Ühüd müharibəsi üçüncü hicri ili Şəvval ayında baş vermişdir. Müharibədən bir gün sonra Peyğəmbər əhaliyə düşmənin ardınca getməyi əmr etdi. Bundan məqsəd o idi ki, düşmən güman etməsin ki, qoşun tamamilə dağılıb. Hər halda Məkkəlilər bu döyüşdən lazımi nəticəni əldə edə bilmədilər. Birincisi müsəlmanların verdiyi itkiləri də nəzərə alsaq bərabər səviyyədə idi. Hər iki tərəf iki müharibənin nəticəsində bərabər itki vermişdilər ki, qəbilə adət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqayisədə üstünlüyə malik deyildi. Bundan əlavə müşriklər söz verdikləri kimi (onlar söz vermişdilər ki, Mədinə əhalisinə elə bir dərs verəcəklər ki, bir də özbaşınalıq etməsinlər) Yəsrib şəhərinə ziyan vura bilmədilər. Deyilənlərə görə Əbu Süfyan məkkəlilərin ilk hücumda geri çəkilib qaçmalarını bir növ döyüş taktikası adlandırmış, amma ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çaşdırmaq üçün etdiyini iddia etmişdi. Hər halda belə böyük qələbədən sonra Əbu Süfyanın geri qayıtmasında məqsədəuyğunluq görünmür. Yalnız bir şey demək olar, Allah onun ürəyinə qorxu, vəlvələ saldı ki, Mədinə şəhərinə toxunmadan geri dönsün.

Ühüd müharibəsində müsəlmanlar məğlub olsalar da, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Ali-imran” surəsinin bə’zi ayələrini oxuduqda bu dəyərlər aydınlaşır. Siz Bədr müharibəsində zəif idiniz, Allah sizə yardımçı oldu. Allah sizə yardım edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyan görmüşdür. Məgər siz Allah yolunda ölmək (şəhid olmaq) istəmirsinizmi, indi öz arzunuza çatdınız.

Bu səmavi nəsihətlər müsəlmanlara xatırlatdı ki, onlar Bədr müharibəsində xalis niyyətlə vuruşduqları üçün Allah onlara yardım etmişdir. Ancaq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxaraq qənimət və dünya malı dalınca getdikləri üçün məğlub oldular.

Ühüd müharibəsində itkilərlə yanaşı ictimai problemlər də meydana çıxdı. Bir çox arvad və uşaq başsız qaldılar. “Nisa” surəsinin əvvəlində görürük ki, müsəlmanlara 4 qadın almaq icazəsi verilir. Və onlara tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mallarını qorusunlar və ona əl uzatmasınlar.

FİTNƏKARLAR
Ühüd şəhidləri barəsində nazil olan Qur’an ayələri ürəyi dağlı ailələrə təskinlik verdi və həmçinin müsəlmanların Peyğəmbərə olan imanları sayəsində Allah və din yolunda verdikləri qurbanları öz ailələri üçün fəxr hesab edirdilər. Lakin bununla yanaşı, Mədinədə işin sona yetəcəyini gözləyən münafiqlər də yaşayırdı. Müsəlmanların bu məğlubiyyətindən sonra onlar fitnəkarlıqlarını aşkar etmək üçün fürsət əldə etmişdilər. Bədr müharibəsindəki qələbədən sonra müsəlmanlarla saziş bağlamış qəbilələr tərəddüd keçirirdilər və Yəsrib ətrafında məskunlaşmış islam düşmənləri də bu məğlubiyyətdən istifadə etmək fikrinə düşmüşdülər.

ƏBU SƏLƏMƏ SƏRİYYƏSİ
Bu səriyyə haqda Vaqidən (tarixçi) “Məğazi”də (kitab adıdır) yazmışdır. Bu əhvalat qısaca olaraq belədir ki, Peyğəmbər (s) Əbu Sələməyə dedi: Bəni Əsəd Mədinəyə hücum etmək qəsdindədir, onlar gəlməmiş sən gərək onlara hücum edəsən! Onunla birgə 150 nəfər yola salaraq onlara təqvalı olmalarını tövsiyə etdi.

Bu dəstə düşmən xəbərdar olmasın deyə gecələr yol gedib gündüzlər gizlənməli idilər. Əbu Sələmə verilən göstərişə əməl edərək Nəcd ərazisində yerləşən Qətan dağına yetişdikdə düşmənin qaçıb ketdiyindən xəbərdar oldu. Əbu Sələmə qənimət əldə edərək Yəsribə döndü. Məğlubiyyətdən sonrakı bu qələbə müsəlmanların mövqeyini münafiq və yəhudilərin nəzərində dəyişdirdi. Onlar artıq bildilər ki, Peyğəmbər və onun silahdaşları hələ təsəvvür etdikləri kimi zəifləməyibdir.

RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ HAZIRLIQ
Ühüd müharibəsindən sonra baş vermiş bu iki hadisə müsəlmanlara böyük zərbə vurdu və münafiqləri fəallaşdırdı. Rəci’ hadisəsi belə baş vermişdir ki, Əzəl və Qarə qəbiləsindən bir neçə nəfər Peyğəməbərin yanına gələrək onların tayfasından bir dəstə adamın müsəlman olduğunu dedilər. Onlar dedilər: Biz bir neçə nəfər istəyirik ki, onlardan dini hökmələri öyrənək. Peyğəmbər (s) 6 nəfər müsəlmanı oraya yolladı. Onlar Hicaz ərazisindəki bəni Huzeylə məxsus olan Rəci’ su hövzəsinə yetişdikdə müsəlmanlara hücum etdilər. Müsəlmanlar Huzeylə qəbiləsindən kömək istədilər, lakin heç kəs onlara yardım etmədi. Müşriklər altı nəfər müsəlmandan dördünü öldürərək ikisini əsir götürüb özləri ilə Məkkəyə apardılar. Məkkəlilər Bədr müharibəsində ölənlərin əvəzini çıxmaq üçün o iki nəfəri qətlə yetirdilər.

Be’r Məunə hadisəsi Rəci’ hadisəsindən daha ürək ağrıdıcı olmuşdur. Bəni Amir qəbiləsindən bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib Nəcd əhalisinin müsəlman olması ümidi ilə öz səhabələrindən bir neçəsini oraya göndərməyini istədilər. Peyğəmbər (s) dedi: Mən qorxuram ki, Nəcd əhalisi müsəlman olmasın. Bu dəstənin rəhbəri Əbu Bəra dedi: Nəcdə gedən hər bir şəxsə mən cavabdehəm. Peyğəmbər (s) 40 nəfər seçilmiş müsəlmanı onunla göndərdi. Bu dəstə bəni Amirlə bəni Suləym arasında yerləşən Be’r Məunəyə yetişdilər, bir qasidlə Peyğəmbərin (s) yazdığı məktubu Amir ibni Tüffeylin yanına göndərdilər. O, məktubu oxumadan qasidi öldürdü. Bu zaman o bəni Amir qəbiləsinin bu dəstəyə hücum etməsini istədi, lakin onlar qəbul etmədilər. Amir bəni Suləym qəbiləsindən yardım istədikdə isə onlar qəbul etdilər. Bu hadisədə Kə’b ibni Zeyddən savayı bütün müsəlmanlar həlak edildi. Bu dəstənin arxasınca gələn iki nəfər o yerə çatdıqda öldürülənləri görüb qatillərlə vuruşmağa başladılar. O iki nəfərdən birini öldürüb o birisinə isə dağ basıb buraxdılar. O şəxs Əmr ibni Üməyy idi ki, Mədinəyə dönəndə bəni Amirdən iki nəfəri də qətlə yetirdi.Be’r Məunə hadisəsi Peyğəmbərə (s) çox tə’sir etmişdi. Tarixçilər bu hadisə haqda yalnız qısa mə’lumat vermişlər və onu doğuran səbəblərə isə toxunmamışlar. Görünür Ühüd müharibəsindəki müsəlmanların məğlubiyyətindən bir az sonra baş vermiş bu iki hadisə ona görə olmuşdur ki, Mədinə ətrafında, Hicaz və Məkkə ətrafında yaşayan qəbilələrin Qüreyşlə gizli əlaqələri olmuşdur. Onlar fikirləşirdilər ki, belə işləri görməklə Peyğəmbəri (s) və müsəlmanları zəiflədib Qüreyşi özlərindən razı sala bilərlər. Buna dəlil isə Rəci’ hadisəsində əsir götürdükləri iki nəfəri öz qəbilələrinə deyil, birbaşa Məkkəyə aparıb Qureyşə təslim etmələridir.

BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİ
Be’r Məunə hadisəsində sağ qalmış Əmr ibni Üməyyə bəni Amirdən iki nəfəri qətlə yetirməsi yeni çətinliklər yaratdı. Bəni Amir Peyğəmbərlə (s) bağladıqları sazişə əsasən o iki nəfərin qan pulunu tələb etdilər. Bəni Nəzir yəhudilərinin bəni Amirlə sazişləri olduğundan Peyğəmbər (s) onlardan bu məsələdə vasitəçilik etməsini istədi. Bu bəni Nəzir yəhudilərinin müsəlmanlar qarşısında olan niyyətlərini aşkar etmək üçün çox münasib fürsət idi. Rəci’ və Be’r Məunə hadisələrindən sonra yəhudilər fəallaşaraq əks təbliğata başlayıb deyirdilər: Allahın göndərdiyi Peyğəmbər (s) belə məğlubiyyətə uğramaz.

Peyğəmbər (s) onların yanına gedib vasitəçilik etmələrini istədikdə dedilər ki, sənə köməklik edəcəyik. Lakin onlar gizlində məşvərət etdilər ki, bundan münasib fürsət ələ düşməyəcək. Peyğəmbər (s) divarın kənarında dayandığı zaman bir nəfər göndərdilər ki, damdan onun başına bir daş salsın. Peyğəmbər (s) onların niyyətindən agah olub Mədinəyə dönərək bu qəbiləni Mədinədən çıxarmaq qərarına gəlir. Bəni Nəzir qəbiləsinin mühasirəsi 6 gün çəkdi, nəhayət onlar təslim oldular. Onlardan ikisi müsəlman olaraq öz mallarına sahib oldular, lakin yerdə qalanların hamısı öz əmlaklarından məhrum oldular. Peyğəmbər (s) onları Suriyada yerləşən Əzrua’t adlı əraziyə sürgün etdi. İbni Hişamın dediyinə görə şərabın haram olması haqda hökm bu dövrdə nazil oldu.

ĞƏTƏFANLA MÜHARİBƏ
Hicrətin dördüncü ili Cəmadiul-əvvəl ayında Peyğəmbər (s) Əbuzər Ğəffarini Mədinədə öz yerinə tə’yin edib qoşunla birgə bəni Müharib və bəni Sə’ləbə tayfasının üzərinə yürüş etdi. Ğətəfan qəbiləsindən olan bu iki tayfa Nəcddə məskunlaşmışdılar. Müsəlmanlar düşmənlə üz-üzə gəldilər, lakin döyüş baş tutmadı və onlar düşmənin hiyləsindən ehtiyat edərək xovf namazı qıldılar (Döyüş vaxtı düşmən qorxusundan 4 rük’ətli namazın əvəzinə 2 rük’ət namaz qılınmasına – xovf namazı deyilir). Şə’ban ayında Peyğəmbər (s) Ühüd müharibəsində Əbu Süfyanla gəldiyi qərara əsasən müharibə etmək üçün Bədrə gəldi. Əbu Süfyan öz qoşunu ilə Məkkədən çıxaraq gəldiyi zaman yolda peşiman olub geri dönür. Hicri tarixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmasa belə, digər cəhətdən çox mühüm sayılırdı.

Ühüd müharibəsindəki məğlubiyyətdən sonra bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizam-intizam gözə çarpırdı. Bildiyiniz kimi, bu yer Suriyanın yaxınlığında yerləşən ərazidir ki, oradan Dəməşqə 5 günlük yoldur. İsti ayda bir belə məsafəni qət etmək elə bir şey deyildi ki, qəbilələrin nəzərindən qaçsın. Onlar fikirləşirdilər ki, artıq Qüreyşdən qorxmaq lazım deyil. Digər tərəfdən müsəlmanların dalbadal qələbələri bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sayda qənimət əldə etmələri, ən əsası isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbər (s)-ın hərbi qüdrət nümayiş etdirməsi Qüreyşi narahat və nigaran etmişdi. Onların ticarəti sarsılmış, yetmiş nəfərdən artıq böyük adamları həlak olmuşdu. Ən əsası isə Məkkə başçıları arasında ixtilaf meydana gəlmişdi.

XƏNDƏK MÜHARİBƏSİ
Qeyd edildiyi kimi Əbu Süfyan hicri tarixi ilə dördüncü ildə bir dəstə ilə Məkkədən çıxaraq yolda peşiman olub geri dönür. Onun bu hərəkəti Qüreyş başçılarının nəzərində nüfuzdan saldığına görə yenidən böyük təchizatlı bir qoşun düzəltmək qərarına gəlir. Nəhayət ki, beşinci ildə yeddi mindən on iki min arasında olan bir qoşun düzəldir ki, onun 600 nəfərini süvarilər təşkil edirdi. Bu qoşun Mədinəyə tərəf yollanır. Ordu müxtəlif ərəb qəbilələrindən təşkil olunmasına görə bu müharibə dəstələr müharibəsi (əhzab) də adlanmışdır. Bundan əlavə Xeybərdə yaşayan bəni Nəzir yəhudilərindən bir dəstə və Ğətəfan qəbiləsi Qüreyşlə birləşərək bu müharibədə Peyğəmbərə (s) qarşı vuruşmağa hazırlaşdılar. Mədinə kənarında məskunlaşmış bəni Qurəyzə yəhudiləri Qüreyşə kömək etməyəcəklərinə söz verdikləri halda, sazişi pozaraq Məkkə əhalisi ilə əlbir oldular. Belə böyük bir qoşun müqabilində Peyğəmbərin (s) qoşunu üç min nəfərdən ibarət idi ki, bir neçə atlıdan savayı hamısı piyada idi.

Ühüd müharibəsinin əksinə olaraq Mədinə əhalisi şəhərdə müdafiə mövqeyi tutmağı qərara aldı. Bu müharibədə Salman Farsinin təşəbbüsü ilə şəhəri düşməndən qorumaq üçün xəndək qazıldı. Mədinə üç tərəfdən xurma bağları və tikililərlə əhatə olunduğu üçün düşmənin bu üç səmtdən şəhərə daxil olma imkanı yox idi. Şimal tərəfdə xəndək qazılması süvarilərin hücumunun qarşısını almışdı. Məkkə qoşunu Mədinəyə çatmamış xəndək qazılmışdı. Düşmən ora çatan kimi təəccübləndi ki, hələ bu günə kimi irəliləyiş üçün belə bir maneyə rast gəlməmişdir. Süvarilər atlanıb xəndəki keçə bilmir və irəli gəldikdə isə ox atanlar onlara macal vermirdilər.

Əmr və İkrimət ibni Əbi Cəhl qərara gəldilər ki, xəndəkdən ötüb keçsinlər. Şücaətli və şöhrətli pəhlivan olan Əmr ibni Əbduvəd həzrət Əli (ə) vasitəsi ilə öldürüldü. Zahiri görünüşdə Xəndək müharibəsi Mədinə üçün zərər gətirdi. Müsəlmanların kiçik bir qoşunu böyük bir qoşun müqabilində nə edə bilərdi? Peyğəmbər (s) başda Ğətəfan qəbiləsini düşmən qoşunundan ayırmaq istədi. Onlara xəbər göndərdi ki, Qüreyşlə əlbir olmasanız Mədinənin məhsulunun üçdə biri sizə veriləcək. Ənsar Peyğəmbərdən (s) soruşdu: Bu saziş vəhyidirmi? Dedi: Xeyr. Dedilər: Onda biz belə bir məğlubiyyətə razı deyilik. Allah bizi islama, dinə hidayət etmədiyi vaxtlarda belə, bu kimi zəlalətə razı olmamışıq, indi isə Allah sənin vasitənlə bizə nicat verdiyi zaman özümüzü necə aciz saya bilərik. Sonda bu saziş (sülh) baş tutmadı.

Öz əqidəsini aşkar etməyən bir-iki müsəlman bir tərəfdən bəni Qurəyzə, digər tərəfdən isə Ğətəfan tayfasının içərisinə girərək onları bir-birinə qarşı bədbin etdi. İlahi təqdirin burada köməkliyi oldu. Külək əsərək havanı soyutdu. Məkkəlilərin işi daha da ağırlaşdı. Əbu Süfyan geriyə dönmək əmrini verdi. On beş gün mühasirədə qalan Mədinə təhlükədən yaxa qurtardı.

Xəndək müharibəsinin sonu müsəlmanlar üçün ümidverici olsa da məkkəlilər üçün həddən artıq sarsıdıcı oldu. Qüreyş tacirləri üçün aydın oldu ki, artıq Mədinə bazarlarını birdəfəlik əldən verdilər. Bundan əlavə Mədinə Məkkə tacirlərinin Suriyaya gedən ticarət yollarını təhlükə altına almaqla yanaşı, onların rahat öz işləri ilə məşğul olmalarına da imkan verməyəcəyini bilirdilər. Əbu Süfyanın rəhbərlik mövqeyi də Qureyşin nəzərində alçaldı. Ümumiyyətlə Qüreyş qəbiləsinin əzəməti digər qəbilələrin nəzərində nüfuzdan düşdü. Gözlənilməz hadisənin baş verməsi bə’zi bədəvi ərəblərin islama olan meylini artırdı və onlar artıq yəqin etdilər ki, qeyri-adi bir qüvvə müsəlmanlara yardım edir. Elə bu müharibədən sonra bütün hadisələr müsəlmanların xeyrinə tamamlandı.

Xəndək müharibəsi qurtardıqdan sonra Peyğəmbər (s) bəni Qureyzə qəbiləsinin üzərinə yürüş etdi. Qeyd etdiyimiz kimi, onlar Mədinə sazişinə əsasən müsəlmanlar əleyhinə qiyam etməsəydilər amanda qalacaqdılar, lakin onlar Xəndək müharibəsində islam düşmənləri ilə birləşdilər. Aydındır ki, belə təhlükəli bir dəstə ilə xoş rəftar etmək olmazdı. Peyğəmbər (s) onları mühasirəyə aldı və onlar iyirmi beş gün keçdikdən sonra təslim oldular. Bəni Qurəyzə ilə həmsaziş olan Ous qəbiləsi Peyğəmbərə (s) dedi: Bəni Qurəyzə bizim həmpeymanımızdır, gördükləri işdən də peşiman olublar. Onlarla Xəzrəc həmpeymanlarıyla davrandığın kimi rəftar et. Göründüyü kimi, bəni Qəynuqa yəhudilərinin əsirlərini onların həmsazişi olan Abdullah ibni Ubəyyəyə bağışladı. Peyğəmbər (s) bəni Qurəyzə əsirləri haqda hökm çıxarmağı Ous qəbiləsinin başçısı Sə’d ibni Muaza tapşırdı. Bəni Qurəyzə bu işə razı oldular. Elə ki, Sə’d məclisə daxil oldu Peyğəmbər (s) əyləşənlərə öz başçılarına ehtiram etmək üçün ayağa qalxmalarını dedi və onlar da ayağa qalxdılar. Məclisdə əyləşənlərdən biri dedi: Peyğəmbər (s) “öz başçınız” dedikdə mühacirləri deyil ənsarı nəzərdə tutmuşdur. Sə’d bəni Qurəyzədən soruşdur ki, onun hakim olmağına razıdırlarmı? Onlar dedilər: Bəli. Sonra Peyğəmbər (s) o tərəfə üz tutaraq ehtiram əlaməti olaraq onun adını çəkmədən dedi: Burada iştirak edənlər necə razıdırlarmı? Peyğəmbər (s) dedi: Bəli! Sə’d dedi: Mənim nəzərimcə onların kişiləri öldürülməli, qadın və uşaqları əsir götürülməlidir. Sə’din çıxardığı hökmə əsasən xəndəklər qazaraq bəni Qurəyzənin kişilərini ora aparıb başlarını bədəndən ayırdılar.

İbni İshaq bəni Qurəyzə əhvalatının sonunu eynilə belə yazmış, Təbəri də həmçinin onun yazdıqlarını öz kitabında qeyd etmişdir. Lakin 207-ci hicri ilində vəfat etmiş Vaqidi (tarixçi) bu hadisəni çox həyacanlı bir ifadə ilə yazmışdır. Bir tərəfdən o yazır: Bir xəndək qazıldı və əsirləri dəstə-dəstə xəndəyin yanına gətirdilər. Əli (ə) və Zübeyr ibni Əvvam onların boynunu vurdular. Digər tərəfdən isə belə yazır: Sə’d ibni Ubadə və Hubab ibni Munzər Peyğəmbərin (s) yanına gəlib dedilər: Ous qəbiləsi bəni Qurəyzə ilə həmsaziş olduğundan onların öldürülməsi onları narahat edir. Sə’d ibni Məaz isə dedi: Belə deyildir. Əgər Ous qəbiləsindən hər kim bu işdən narahat olsa Allah ondan razı qalmaz. Sonra Peyğəmbər (s)-a dedi: Bu əsirləri Ous qəbiləsinin arasında bölüşdür. Hər ailə öz payına düşən əsiri özü öldürsün və birinci olaraq mənim evimə göndər və Peyğəmbər (s)-da belə etdi. Əlli birinci hicri ilində anadan olub 124 hicri ilində vəfat etmiş İbni Şəhab Zöhri də Sə’din hökm çıxarmasına işarə etmiş, lakin məhkumların sayı barəsində mə’lumat verməmişdir. Yalnız ibni Əxtəbin ölümünü qeyd etmişdir. Bildiyiniz kimi, müəmmalarla əhatələnmiş bu əhvalat son əsrlərdə şərqşünaslar, xüsusilə yəhudi islamşünasların əlində bəhanəyə çevrilmişdir.

Görəsən bu əhvalat necə olmuşdur, doğrudanmı Əli (ə) bir günün ərzində 700 nəfərin boynunu vurub? Hadisənin bu tərzdə düzgün olduğunu qəbul etmək çox çətindir. İlk əvvəl bizi şübhəyə salan ölənlərin sayıdır ki, onların sayını 600-dən 900-ə qədər qeyd etmişlər. Bu doqquz yüz nəfəri Əli (ə)-la Zübeyr bir gün ərzində necə qətlə yetirə bilərdilər. Bəni Qurəyzə qəbiləsinin ümumi əhalisi nə qədər imiş ki, onun 900 nəfərini həddi-buluğa çatmış kişi təşkil edib? Məgər o dövrdə Mədinədə və onun ətrafında nə qədər əhali yaşayırmış ki, onun dörd minini bəni Qurəyzə əhalisi təşkil edib? Gördüyünüz kimi, bəni Qurəyzə qəbiləsinin qətli hekayəsi Ousla Xəzrəc arasında qurulmuşdur. Belə ki, Ous qəbiləsi Peyğəmbərə deyir: Bizim həmpeymanlarımızla Xəzrəc qəbiləsinin həmsazişləri ilə davrandığın kimi rəftar et, yə’ni onları bizə bağışla! Lakin Peyğəmbər bağışlamayıb onlara hakimlik etməyi Sə’d ibni Muazın öhdəsinə qoydu. Bu hekayəti söyləyən bəlkə də Xəzrəc tayfasından olmuşdur və o, bu əhvalatı öz qəbəlisini xeyrinə söyləmişdir. Bununla da o, öz qəbiləsinin Peyğəmbər nəzərində Ous qəbiləsindən hörmətli olduğunu nümayiş etdirmək istəyib.

Əsirlərin qətlə yetirilməsindəki müxtəlifliyə diqqət yetirilməlidir. İbni İshaqın dediyinə görə əsirləri xəndəklərin yanında qətlə yetirdilər. Vaqidi isə deyir: Əsirləri Ousdan olan ailələrə payladılar ki, onları qətlə yetirməklə Peyğəmbərin əmrinə tabe olduqlarını göstərmiş olsunlar. Bu məşhur əhvalat tarixi ziddiyyətlərə görə təhqiqatçı olan hər bir kəsi tərəddüdə salır.

Bundan əlavə biz, Peyğəmbərin (s) qabaqkı müharibələrində olan rəftarı ilə tanışıq. O, həmişə mehribançılığı, güzəştə getməyi intiqam və qətldən üstün tutmuşdur. Fərz edək ki, bəni Qurəyzənin sazişi pozduqları onu çox narahat etmişdir və onları bağışlamamışdır (belə bir fərziyyə təsəvvür edilməzdir). Ancaq Mədinəyə daxil olduğu ilk gündən hər iki Ous və Xəzrəc qəbiləsi ilə rəftarı eyni dərəcədə olmuş, onların hər ikisinin istəklərinə bərabər səviyyədə cavab vermişdir. Belə bir məsələdə Peyğəmbər (s)-ın onlar arasında ayrıseçkilik salması ağıla sığmır. Bu işin hakimliyini Ous qəbiləsinin başçısına tapşırmağın özü təqdirə layiq bir hadisədir.

Həqiqət budur ki, Peyğəmbərin Yəsribə gəlişi ilə Ousla Xəzrəc arasında olan rəqabət aradan getdi və yalnız o həzrətin vəfatından sonra bu məsələ yenidən baş qaldırdı. Gələcək bəhslərdə görəcəksiniz ki, ixtilafın ilk nişanələri bəni Saidə adlanın məkanda baş vermişdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Qüreyş və mühacirlər keçmiş arzularına çatdılar. Onun göstərişi ilə tarixçilər və şairlər Mədinə əhalisini və ənsarı təhqir edən əsərlər yaratdılar. Ənsarı əzmək yollarından biri də Ousla Xəzrəc arasında olan keçmiş kin-küdurətləri oyatmaq olmuşdur. Ondan sonra bəni Üməyyə hökumətinin bütün ərazisində Peyğəmbər dövrünün bütün müharibələri, xilafət dövründə hicri qəməri tarixinin qırxıncı ilinə qədər olan mə’lumatlara əl gəzdirilmiş, ənsarın xeyrinə olan mə’lumatlar isə dəyişdirilmişdir. 172 hicri tarixində vəfat etmiş Zübeyr ibni Bəkar “Əl-müvəffəqiyyət” adlı kitabında Əbban ibni Osmandan bizim sözümüzü təsdiqləyən bir əhvalat nəql etmişdir ki, onun xülasəsi belədir:

Süleyman ibni Əbdül-məlik vəliəhd olduğu dövrdə Mədinəyə gedərək Peyğəmbər (s)-ın müharibə etdiyi meydanlara tamaşa etdikdən sonra Əban ibni Osmana Peyğəmbərin (s) müharibələri haqda bir kitab yazmasını tapşırır. Əban isə belə bir kitabın onda olduğunu deyir. Süleyman həmin kitabın üzündən köçürülməsini istəyir. Lakin kitabı oxuduqdan sonra ənsarın vəsfini görərək bəyənmir və onun yandırılması əmrini verir. Şama döndükdən sonra bu məsələni atası Əbdül Məliklə müzakirə etdikdə deyir: Çox düzgün iş görmüsən, Şam əhalisi belə sözləri eşidib ənsarın fəzilətindən xəbərdar olmasalar yaxşıdır.

Əgər bu əhvalat da düzgün olmasa demək olar ki, Abbasilər dövləti zamanı Zübeyr Müvəffəq və onun atası Mütəvəkkilin xoşuna gəlmək üçün bunu yazmışdır. Bunların heç biri düzgün olmayan surətdə bilmək lazımdır ki, birinci və ikinci əsrdə (yazılı sənəd olmayan dövr) ravilərin söylədiklərinə istinad etmək olmaz. Bəlkə hər rəvayəti digər şahid və uyğunluqlarla müqayisə və ya tutuşdurmaq lazımdır.

Görünür bəni Qurəyzə əhvalatı o hadisədən neçə illər sonra, mühasirəyə düşənlər öldükdən sonra Xəzrəc qəbiləsindən olan yazıçı tərəfindən təhrif edilmişdir. Bununla o, istəmişdir Ousla Xəzrəcin Peyğəmbər (s) nəzərində bərabər səviyyədə olmadığını göstərsin. Elə buna görə də o, Peyğəmbər (s)-ın Xəzrəc həmpeymanlarını öldürməməsini, Ous qəbiləsinin həmsazişlərini isə qətlə yetirdiyini yazmışdır. Həmçinin Ous qəbiləsi rəhbərinin həmsazişlərinin hüquqlarına riayət etmədiyini göstərmək istəmişdir.

AŞKAR QƏLƏBƏ VƏ YA HÜDEYBİYYƏ SÜLHÜ
Xəndək savaşından, bəni Qurəyzə yəhudilərinin təslimindən sonra altıncı hicri ilində müsəlmanların qələbəsi ilə bir neçə müharibə baş verdi. Müharibədə əldə olunan qənimətlərlə yanaşı islamın qüdrəti yarmada əhalisinin nəzərində daha da ucaldı. Belə ki, bə’zi qəbilələr müsəlman olmağa, bə’ziləri isə islam hakimiyyəti altında yaşamağa razılıq verdilər.

Artıq islamın qüdrətini məkkəlilərə göstərməyin və onları islama də’vət etməyin vaxtı gəlib çatmışdı. Qüreyş müqavimət göstərmədən müsəlman olsaydı həm özləri, həm də müsəlmanlar üçün xeyirli olardı. Bir tərəfdən onların nicatı müsəlman olmaqda idi, layiqli və təcrübəli Məkkə əhalisinin bu dini qəbul etməsi də gələcək üçün böyük əhəmiyyət kəsb etmiş olardı. Altıncı hicri ili zi-qə’də ayında Peyğəmbər (s) 1500 nəfərlə ümrə ziyarətinə yollandı. Qüreyş həzrət Peyğəmbərin (s) məqsədindən agah olub onun qarşısını almaq üçün hazırlıq gördülər. Əvvəlcə Xalid ibni Vəlidlə İkrəmət ibni Əbi Cəhli yolladılar ki, onu Məkkəyə girmək fikrindən daşındırsınlar. Peyğəmbər (s) toxunulmaz ərazi sayılan Hüdeybiyyə adlanan yerdə dayanıb Məkkə əhalisinə xəbər göndərdi ki, müharibə etməyə deyil, ziyarət üçün gəliblər. Qüreyş isə qəbul etmədi. Nəticədə onunla Qüreyş nümayəndələri arasında on il bir-birləri ilə müharibə etməyəcəkləri haqda sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən müsəlmanlar həmin il Məkkəyə daxil ola bilməzdilər, lakin bir il sonra Məkkə əhalisi şəhəri üç günlüyə tərk edərək ziyarət etmək üçün şəhəri müsəlmanların ixtiyarına qoymalı idilər. Bu sülh sazişinin bəndlərindən biri də bundan ibarət idi ki, Məkkə ahlisindən hər kim Mədinəyə gedib müsəlmanlara qoşulsaydı Məkkəyə qaytarılmalı idi, ancaq bir nəfər Mədinə əhalisindən Məkkəyə getmiş olsa Qüreyş onun geri qaytarılmasına cavabdeh deyildir. Sazişin digər bir maddəsi belə idi: Hər bir qəbilə Qüreyşlə və ya həzrət Məhəmməd (s)-la saziş bağlamaqda azaddır.Geriyə Mündəricat Növbəti

Peyğəmbər (s)-ın bə’zi səhabələri bu sazişin əhəmiyyətinə və nəticəsinə varmadan narahatçılıq yaradıb onu özləri üçün bir məğlubiyyət hesab etdilər. Lakin bu sazşin imzalanması müsəlmanlar üçün böyük qələbə demək idi. Çünki bu günə qədər müşriklər Peyğəmbər (s)-ı və səhabələrini saya salmayaraq onların kökünü yer üzündən silmək istəyirdilər. Bu gün isə ancaq onu rəsmi tərəf müqabil kimi tanıyıb onunla müqavilə bağlamışdılar. Həmçinin bu sazişdə qəbilələrin azad surətdə ya Məhəmməd (s)-la, ya Qüreyşlə saziş bağlamaq imkanı da qeyd edilmişdi. Belə olan halda əgər müsəlmanlar və ya Qüreyş hər iki tərəfin həmpeymanları ilə müharibə etmiş olsaydı bu saziş ləğv olunmalı idi. Belə ki, görəcəyik Məkkənin fəthi Qüreyşin bu şərti pozmağından irəli gəlmişdi. Bu sazişin imzalanmasından az bir müddət ötmüşdü ki, müsəlman olmuş bir Məkkəli Hüdeybiyyə sazişinə əsasən Məkkəyə təhvil verilməli idi. Lakin o yolda qoruqçuların əlindən qaçıb Mədinəyə dönmək əvəzinə Qüreyşin Şama gedən karvan yolunun üstündə özünə mövqe hazırladı. Get-gedə Məkkə müsəlmanları ona qoşularaq Qüreyşin karvan yolunu təhlükə altına saldılar. Bu dəstəni geri qaytarmaq üçün heç bir qanun olmadığından məcbur olub onları bir neçə müddətdən sonra Mədinəyə çağırdılar. Beləliklə də qaçqınların geri qaytarılması ləğv olundu. Lakin ən maraqlısı budur ki, Qüreyş tərəfindən sazişin bir bəndinin pozulması Məkkə şəhərinin fəthinə səbəb oldu.

XEYBƏR MÜHARİBƏSİ
Xeybər yəhudilərinin mövqeyi müsəlmanların nəzərində şübhə yaratmışdı. Sonuncu nahiyədə toplaşmış yəhudi dəstəsi ilə də münasibətləri aydınlaşdırmaq vaxtı gəlib çatmışdı. Belə ki, onlar bəni Qurəyzə məsələsindən sonra fitnə törətməyə əl atmış, bə’zi tarixçilərin israrına əsasən hətta Mədinəyə hücum etmək fikrinə düşmüşdülər. Hicrətin yeddinci ili Peyğəmbər (s) onları mühasirəyə alır. Bir neçə gündən sonra onlar təslim oldular. Amma Peyğəmbər (s) sürgün etmək əvəzinə onlarla saziş bağladı ki, hər il əldə etdikləri məhsulun yarısını Mədinəyə göndərsinlər.

ALLAH EVİNİN ZİYARƏTİ
Hicri qəməri tarixinin yeddinci ili zi-qə’də ayında Hüdeybiyyə sazişinə əsasən Peyğəmbər (s) Məkkəyə yollandı. Peyğəmbərlə (s) müsəlmanların Məscidül-hərama daxil olması, ümrə ziyarətini yerinə yetirmələri, müsəlmanların Peyğəmbərə (s) qoyduqları ehtiram, Qüreyşin gözündə daha böyük cilvələndi. Onlara təqribən aydın oldu ki, artıq Peyğəmbərə (s) müqavimət göstərmək iqtidarında deyillər. Uzaqgörənlər dərk etdilər ki, qəbilə başçılarının, tacirlərin ağalığı dövrü sona çatmış, xalqın üzünə yeni qapı açılmışdır. Elə buna görə də bu qəbilənin böyüklərindən olan Xalid ibni Vəlid və Əmr ibni As özlərini Mədinəyə yetirərək müsəlman oldular.

MU’TƏ MÜHARİBƏSİ
Hicrətin səkkizinci ili Peyğəmbər (s) Kə’b ibni Uməyr Ğəffarini Zat-ətlaha göndərir. Gedənlər orada bir dəstə adama rast gəldilər və onları islama də’vət etdilər. Lakin onlar islamı qəbul etməyib müqavimət göstərib ox atmağa başladılar. Onların içərisində yalnız bir nəfər sağ qalıb gecə ikən qaçaraq özünü Mədinəyə çatdıra bildi.

Zat-ətlah Şam sərhədlərinə yaxın bir yerdi. Müsəlmanlar yarmadadan kənara çıxdıqlarına görə bu səriyyə böyük əhəmiyyət kəsb edirdi.

Hicri səkkizinci il Cəmadiul-əvvəldə Peyğəmbər (s) Mu’təyə qoşun göndərdi. Mu’tə Rum imperiyasının işğal etdiyi ərazidə yerləşirdi. Qoşuna Zeyd ibni Harisə başçılıq edirdi və Peyğəmbər (s) dedi: Əgər Zeyd həlak olsa Cə’fər ibni Əbu Talib başçılığı öhdəsinə götürsün və əgər o da öldürülsə Abdullah ibni Rəvahə qoşuna başçılıq etsin. Qoşun Məad adlı yerdə düşmənin hazır olduğundan agah oldu. İbni Hişamın yazdığına görə imperiya qoşunlarının sayı yüz min nəfər olmuşdur. Müsəlmanlar bu xəbəri eşitdikdən sonra nə edəcəkləri haqda məşvərət etdilər. Abdullah ibni Rəvahə onları döyüşə ruhlandırdı, çünki burada iki faydadan biri əldə ediləcəkdi – ya şəhadət (şəhid olmaq) ya da qələbə. Bu döyüşdə qoşun başçılarının üçü də şəhid oldular və qoşun Xalid ibni Vəlidi başçı seçdi. O da qoşunu hansı şəkildə olursa olsun Mədinəyə çatdırdı.

MƏKKƏNİN FƏTHİ
Hüdeybiyyə sazişinin qərarına əsasən hər bir qəbilə istər Qüreyş olsun, istərsə də müsəlmanlarla saziş bağlaya bilərdi. Xuzaə qəbiləsi Məhəmməd (s)-la, bəni Bəkr qəbiləsi isə Qüreyşlə saziş bağladılar. Hicrətin səkkizinci ili bu iki qəbilə arasında münaqişə baş verdi. Qüreyş bəni Bəkr qəbiləsini müdafiə edərək münaqişəyə qarışdı. Beləliklə Hüdeybiyyə sazişi pozuldu, çünki Qüreyş Peyğəmbər (s) həmsazişləri əleyhinə döyüşürdü. Əbu Süfyan başa düşmüşdü ki, onların bu hərəkəti cəzasız qalmayacaq, elə ona görə də özünü Mədinəyə çatdırdı ki, sazişi yenidən bərpa etsin, ancaq iş-işdən keçmişdi.

Hicərtin səkkizinci ili Ramazan ayında Peyğəmbər (s) on min nəfərlik qoşunla Məkkəyə yollandı. Yürüşü elə nizamlamışdı ki, heç kəs onun səfərindən xəbər tutmasın. Qoşun mərruz-zəhrana çatdıqda Peyğəmbərin (s) əmisi Abbas çadırdan bayıra çıxıb Məkkə əhalisindən bir şəxsi axtarırdı ki, Qüreyş həlak olmamışdan özünü Peyğəmbərə (s) çatdırmaq xəbərini göndərsin. Həmin gecə Əbu Süfyanla rastlaşdı, sonra onu Peyğəmbərin (s) yanına gətirdi. Əbu Süfyan müsəlman oldu. Səhəri gün Peyğəmbər (s) Abbasa göstəriş verdi ki, Əbu Süfyanı münasib yerdə saxlasın ki, qoşunun gəlib keçməsini müşahidə edə bilsin. Əbu Süfyan müsəlmanların qüdrətini görüb Abbasa dedi: Qardaşın oğlunun şahlığı böyümüşdür. Abbas dedi: Vay olsun sənə, bu peyğəmbərlikdir, şahlıq deyil! Dedi: Bəli belədir! Abbas Peyğəmbərə (s) dedi: Əbu Süfyan elə bir adamdır ki, güzəşt əldə etmək istəyir. Peyğəmbər (s) dedi: Hər bir şəxs evə girib qapını üzünə bağlasa amandadır. Hər bir şəxs Əbu Süfyanın evinə sığınsa amandadır. Hər bir kəs Məscidül-hərama getsə amandadır. Qoşun sakitcə Məkkəyə daxil oldu. İbni İshaqdan rəvayət edən ibni Hişam yazır: Xəzrəc qəbiləsinin başçısı Məkkəyə daxil olan kimi dedi: Bu gün qırğın günüdür! Bu gün ehtiramın alt-üst olan günüdür. Sə’d fikirləşirdi ki, Qüreyşdən və ya Ədnani tayfasından intiqam alacaq və Yəsrib əhalisinin qisasını məkkəlilərdən çıxacaq. Bu fikirin müsəlmanların arasında yayılmaması, eləcə də islam fəthinin qəbilə kin-küdurətinə çevrilməməsi üçün Peyğəmbər (s) Əli (ə)-ı göndərib dedi ki, bayrağı ondan al və bu günü Mərhəmət günü e’lan et. Müsəlmanlarla Məkkə əhalisi arsında bir neçə münaqişə baş verib. Peyğəmbər (s) məscidə daxil oldu, yeddi dəfə təvaf edib minikdən düşdü və Kə’bə evinin qapısı qarşısında dayandı.

Əhali hacılara su paylamaq və qulluq göstərməkdən başqa hər şeyi unutmuşdular. Peyğəmbər (s) iki həftə Məkkədə qaldı şəhərin işlərini qaydasına saldı. Məkkənin ətrafındakı bütxanaları viran etmək üçün adam yolladı. Kə’bə evinə qoyulmuş bütləri isə sındırdı. Peyğəmbərin (s) rəftarı islam güzəştinin ucalığını və bu dinin peyğəmbərinin alicənablığını rəqiblər qarşısında aşkar etdi. İyirmi il müddətində Məhəmməd (s)-a və müsəlmanlara heç bir işgəncəni əsirgəməyən Qüreyş bunun müqabilində cəza alacaqlarından qorxurdular. Elə ki, peyğəmbərdən “sizin hamınızı azad etdim” (bağışladım) cavabını eşitdilər, həmin gündən islam əleyhinə deyil, müsəlmanlarla bir olub qeyri müsəlman əleyhinə vuruşmaq qərarına gəldilər.

HÜNEYN DÖYÜŞÜ
Məkkənin təslim olub Qüreyşin müsəlman (istər razılıqla, istərsə də məcbur) olmasından sonra gərək münaqişə baş verməyəydi və ya ən azı Məkkə yaxınlığında heç bir qəbilə ayağa qalxmayaydı. Taifdə yaşayan Həvazin qəbiləsi ilə Səqif qəbiləsi Peyğəmbərin (s) qoşununa hücum etmək üçün birləşdilər. Bu döyüşdə onların nə məqsəd güddükləri mə’lum deyildir. Hər halda düşmənin qoşunu müsəlmanlar müqabilində çox az gözə çarpırdı. Müsəlmanlar düşməni ilk əvvəl məğlub edəcəklərinə şübhə etmirdilər. Belə ki, Qur’anda bu barədə xəbər verir”

Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı.

Lakin belə olmadı. Döyüşün başlanğıcında müsəlmanlar qaçdılar, lakin Peyğəmbər (s) və bir neçə mühacir və ənsardan olanlar müqavimət göstərdilər. Qaçanlar yenidən geri döndülər, sonda Həvazin qəbiləsi döyüşdən qaçdı. Arxada qalmış arvad uşaqlar əsir düşdülər, Peyğəmbər isə onların azad edilməsi əmrini verdi.

Hüneyn döyüşündə əldə edilmiş qənimətləri bölən zaman yeni müsəlman olmuş döyüşçülər qənimət əldə etmək üçün tələsərək hətta Peyğəmbərin paltarını belə çiynindən oğurladılar. Peyğəmbər (s) buyurdu: Ey camaat, mənim köynəyimi qaytarın! And olsun Allaha, Təhamə ağaclarının sayı qədər dəvə olsa hamısını sizə verərəm. Mən paxıl, qorxaq və yalançı deyiləm! Mən bu qənimətdən yalnız beşdə birini (xums) götürəcəm ki, onu da sizə qaytaracam. Sonra qənimətləri böldü və Qüreyş başçılarına da pay verdi ki, bəlkə islamı qəbul edələr. Fiqhdə muəlləfətun qulubuhum istilahı bu dəstəyə şamil edilmişdir.

Bu müharibədə Təmim qəbiləsindən bir nəfər Peyğəmbərə (s) dedi: Məhəmməd! Ədalətlə davran! Görürəm, ədalətdən çıxmısan! Peyğəmbər (s) dedi: Vay olsun sənə! Əgər mən ədalətli olmasam kim ədalətə riayət edər? Ömər ibni Xəttab dedi: İzn ver onu üzüağlığına görə öldürüm. Peyğəmbər (s) dedi: Xeyr, onu azad burax, tezliklə onun ətrafına adamlar toplaşacaq ki, öz dar düşüncələri sayəsində dindən çıxacaqlar. Zulxuvəysirə ləqəbli bu kişi Əli (ə) xilafəti zamanı “xəvaricin” sərkərdəsi olub və Nəhrəvan döyüşündə öldürülüb. Peyğəmbər (s) qənimətləri mühacirlər arasında böldüyü üçün ənsar arasınada narazılıq yarandı. Sə’d ibni Ubadə Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi, ənsar sənin bu rəftarından razı deyillər. Qəniməti öz qövminə verdin ancaq ənsara bir şey çatmadı. Peyğəmbər (s) buyurdu: Sənin nəzərin nədir? Dedi: Mən öz qövmümdən biriyəm. Peyğəmbər (s) dedi: Öz qövmünü səqifəyə topla. Ənsar toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: Ey camaat, bu narazılıq sizdə mənə qarşı necə yarandı? Siz yoldan azmış deyildinizmi? Allah mənim vasitəmlə sizi düz yola hidayət etdi. Ehtiyac içində idiniz sizi varlı etdi. Bir-birinizlə düşmən idiniz, sizi mehriban etdi. Dedilər: Bəli, Allahın və Onun peyğəmbərinin ne’mətləri bizim üçün bundan daha artıqdır. Sonra dedi: Mənə cavab vermirsiniz? Dedilər: Ey Peyğəmbər (s) nə deyək. Dedi: Deyin səni yalançı hesab etdikləri halda biz səni doğru danışan bildik! Köməksiz idin sənə yardım etdik! Qovulduğun halda biz sənə sığınacaq verdik! Dəvriş kimi tək qaldığın halda səni özümüzdən hesab etdik! Ey ənsar, mən camaata azacıq dünya malı bağışladım ki, islama rəğbəti çoxalsın, ancaq siz öz dininizə möhkəm bağlı olduğunuz halda bu işdən narazısınızmı? And olsun Allaha, mən Məkkədən Mədinəyə gələn gündən özümü ənsardan biri hesab etmişəm. Əgər bütün xalq bir yola, ənsar isə başqa bir yola üz tutsa mən ənsarla olacağam. İlahi ənsarı bağışla! Ənsarın övladlarını bağışla! Ənsarın övladlarının övladlarını da bağışla! Bu sözlərdən sonra bütövlükdə hamısı göz yaşı axıtdı, hətta ağlamaqdan saqqalları belə islandı. Sonra isə dedilər: Allah Peyğəməbri bizim payımıza düşdüyünə razıyıq.

TƏBUK MÜHARİBƏSİ
Hicri tarixinin doqquzuncu ilində baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə çarpmırdı. Peyğəmbər (s) adəti üzrə heç vaxt yürüş edəndə məqsədin nədən ibarət olduğunu qabaqcadan deməzdi. Lakin Təbuk döyüşündə qarşıya çıxan çətinliklərə görə e’lan etdi ki, Rumlular üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhali dedi: İndi istidir, bu isti fəsildə getməyin! Bu dəstə aşağıdakı Qur’an ayəsi ilə tənbih edildi:

“Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbər!) De ki, “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!

Bu ğəzvədə islam qoşunun sayı 30000 nəfərdən ibarət olduğunu qeyd etmişlər. Müsəlmanlar bu günə qədər apardıqları müharibələrdə bundan yuxarı sayda qoşuna malik olmamışlar. Bu yürüşdə Peyğəmbər (s) Əlini (ə) öz yerinə canişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin. Münafiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə aparmaq istəmirdi. Bu barədə Əli (ə) Peyğəmbərə (s) şikayət edir, Peyğəmbər (s) isə buyurdu: Mən səni öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim aramda olan münasibət Harunla Musa (ə) arasında olan münasibət kimidir, sadəcə olaraq məndən sonra peyğəmbər gəlməyəcək. Qoşun susuzluqdan əziyyət çəksələr də Təbuka çatdılar, lakin Rumluların döyüşə hazırlaşmaları xəbəri yalan çıxdı. Təbuk müharibəsi Peyğəmbər (s) hələ sağ ikən müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş sonuncu döyüş idi. Bunun ardınca bütövlükdə Ərəbistan təslim oldu. Hər qəbilədən nümayəndələr gəlib onların islamı qəbul etmələrini Peyğəmbərə (s) çatdırdılar. Təxminən demək olar ki, bütün qəbilələr müsəlman olmuşdular. Ona görə də bu il sənətul-vufud adlanmışdır, yə’ni həmrəylik, birlik ili.

ƏRƏBİSTANIN BİRLİYİ
Yarmadanın coğrafi və ictimai mövqeyini şərh edən zaman şimal sakinləri ilə cənub sakinləri arasında ixtilaf və qəbilələr arasındakı düşmənçilik haqda mə’lumat vermişdik. Qeyd etdiyimiz kimi, belə bir mühitdə (şimalda) əsl mə’nada ictimai həyat tərzi mövcud deyildi. Ərəblər hakimiyyət birliyinin nə olmasını təsəvvür belə edə bilmirdilər. Bu ərazidə ən yüksək birlik bir nəsildən olan bir neçə qəbilənin birləşib digər bir qəbilə ilə döyüşməsindən ibarət idi.

Onuncu ilin əvvəllərində tarixdə yeni bir möcüzə baş verdi. Bütün həyatı boyu qan töküb, soyğunçuluqla məşğul olan xalq vahid hakimiyyət altında yaşamağa razı oldular. Doğrudur ki, Şam ətrafında bə’zi qəbilələr Rum imperiyasına tabe idilər. Qərbdə və cənubda bə’zi qəbilələr bütpərəst, xəçpərəst və ya başqa dinlərə ibadət edirdilər. Lakin Qeyd etdiyimiz kimi, Hüneyn müharibəsindən sonra bir çox qəbilələr müsəlman olmuş və ya Məhəmməd (s)-la birlik yaratmışdılar. Beləliklə ərəb torpaqlarının daxilində müharibə, qan tökmək öz yerini birliyə, sülhə və əmin-amanlığa vermişdi. Əvvəldə Qeyd etdiyimiz kimi, Peyğəmbər (s) Mədinədə mühacirlə ənsar arasında qardaşlıq telləri bağlayaraq bədəvilərin xislətlərindən birini cilovlamış, dinin inkişafı naminə islam qardaşlığı yaratmışdı. Yarmadada vahid hakimiyyət yarandıqdan sonra onların digər xislətləri olan məğrurluq və kobudluq islam yolunda, cihadda fədakarlıq və qəhrəmanlığa çevrildi. Bunun əsasında cahiliyyətdə mal-qaranı qorumaq və otlaqları ələ keçirmək üçün tökülən qanlar Allah yolunda və islamın inkişafı yolunda mübarizə ilə əvəz olundu.


  482
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment