Azəri
Monday 25th of March 2019
  512
  0
  0

Peyğəmbərdən sonra xilafət

Peyğəmbərdən sonra xilafət

 

ƏBU BƏKRİN XİLAFƏTİ
Əli (ə) və Haşim övladları Peyğəmbərin (s) dəfninə məşğul ikən bə’zi qəbilə başçıları Peyğəmbərin iki ay bundan əvvəl dediklərini unudaraq ümmətə hakim tə’yin etmək (seçmək) fikrinə düşdülər. Məkkə (mühacir) və Mədinə (ənsar) əhalisindən bir dəstə adam bəni Saidə adlı məşhur eyvanın altında toplaşdılar. Onlar tezliklə müsəlmanların hakimini seçmək istəyirdilər. Ancaq bu vəzifəyə kimi seçəydilər? Söhbətlər və mübahisələr başladı. Peyğəmbər (s) sağlığında onun də’vətini ilk gündən qəbul edənlər (mühacir) və onu Məkkədən Mədinəyə də’vət edənlərlə (ənsar) böyük problemin həlli məsələsində məşvərət edərdi. Eyvan altına toplaşanların fikri bu idi ki, müsəlmanların hakimi və ya xəlifəsi bu iki dəstənin arasından seçilməlidir. Hər iki dəstə – mühacir və ənsar özlərini digərindən ləyaqətli hesab edirdilər. Məkkə əhalisi deyirdi ki, islam bizim aramızda və bizim şəhərdə meydana gəlib. Peyğəmbər bizim əhalidəndir, biz də onun qohumlarıyıq. Biz sizdən qabaq dini qəbul etmişik, beləliklə müsəlmanların hakimi gərək mühacirlərdən olsun. Ənsar isə deyirdi: Məkkə bütövlikdə Məhəmməd (s)-ın də’vətini qəbul etmədi. Onunla mübarizə və düşmənçilik apardılar. Ona olmazın əzab-əziyyətini verdilər ki, məcbur olub Məkkəni tərk edib bizim yanımıza, Yəsribə gəldi. Bizlər ona yardım göstərib islama rövnəq verdik, bəs müsəlmanların hakimi gərək ənsardan seçilsin. Ənsardan bir dəstə adam hökumətin hər iki dəstənin nümayəndələrindən təşkil olunması razılığını əldə edərək dedilər: Bir nəfər sizdən, bir nəfər də bizdən hakim seçilsin. Lakin Əbu Bəkr bu təklifi qəbul etmədi və dedi: Belə bir addım müsəlmanların birliyinə xələl gətirər. Sonda peyğəmbərdən bu hədisi söylədi:
“İmamlar Qüreyşdəndir.” Doğrudur ki, bu hədisin sənədi və ibarəsi barədə ixtilaf mövcuddur. Lakin onun belə mühüm bir toplantıda söylənilməsinin böyük tə’siri oldu və ənsarın iddiasına son qoyuldu.
Əbu Bəkrin söylədiyi hədisdən əlavə, bu işdə Ous və Xəzrəc qəbilələri arasında olan keçmiş düşmənçiliklərin də mühacirlərin qələbə çalmasında az tə’siri olmamışdır. Belə ki, əgər ənsar hakimiyyətə sahib olsaydı bu iki qəbilədən heç biri digərinin hakim olmasına razı olmayacaqdı.
Xəzrəc qəbiləsindən olan Bəşir ibni Sə’din Əbu Bəkrin sözünü təsdiq etməsi, mühacirlərin hökumətinə razılıq verməsi bu narazıçılığın ən bariz nümunəsidir. Qüreyşin (mühacirlərin) hakimiyyəti aydınlaşdıqdan sonra hakim olacaq şəxs barədə söhbət ortaya çıxdı. Bu məclisi idarə edən iki-üç nəfər bu işi bir-birinin üzərinə qoydular. Lakin sonda Ömər və Əbu Ubəyyə Cərah Əbu Bəkri hakimiyyətə qəbul edib onunla bey’ət etdilər. İştirak edənlərnin əksəriyyəti onların gördüyü işi qəbul etdilər.
Səhərisi gün Əbu Bəkr peyğəmbər məscidinə gəldi. Ömər Əbu Bəkrin fəzilətli olması haqda, islamı ilk vaxtlar qəbul etməsi, dinə yardımçı olması və Peyğəmbəri Məkkədən Mədinəyə gələn zaman müşayiət etməsi haqda xütbə oxuyaraq xalqın onunla bey’ət etməsini istədi. Toplantıda iştirak edənlər ənsardan kiçik bir hissəsi və peyğəmbərin yaxın qohumlarını çıxmaq şərti ilə qalanlar onunla bey’ət etdilər. Beləliklə Əbu Bəkr xəlifə seçildi. Mühacir və ənsarın toplanıb Əbu Bəkri xəlifə tə’yin etməsi, başqalarının da bunu qəbul etməsi işi gələcək üçün bir ən’ənəyə çevrildi.
Əbu Bəkr həmin məclisdə çıxış edərək dedi: Məni hakim tə’yin etməyinizə baxmayaraq sizin içərinizdə ən yaxşısı deyiləm, bu məs’uliyyəti öhdəmdən götürməyə hazıram. Mən müsəlmanların işinin idarə olunmasında Allah kitabına və peyğəmbər sünnəsinə istinad edəcəyəm.
Əbu Bəkrə bey’ət etməklə müsəlmanlara rəhbər tə’yin edilməsi demək olar ki, sona yetdi. Ancaq belə seçki sonralar pis nəticə versə də peyğəmbərin vəfatından az bir müddət keçdiyi üçün çox nəzərə çarpmışdı. Lakin o illər ötdükcə bu ilin xoşagəlməz tə’sirləri üzə çıxırdı. Şəhristani “Millətlər və təriqətlər” adlı əsərində yazır: “İslamda heç bir dövrdə imamət üstündə axıdılan qan başqa bir şey üstə tökülməyib.” Ənsar və mühacir arasında hakimiyyət üstündə olmuş ixtilaf demək olar ki, sona yetdi, lakin bu ixtilafın kökləri kiçik bir dəstənin ürəyində qalaraq bir əsrdən sonra aşkar oldu və onun şö’ləsi şərqi islam ölkələrini, bəlkə də bütövlükdə islam dünyasını bürüdü.
ÇƏTİNLİKLƏRİN BAŞLANMASI
Keçmiş fəsillərdə qeyd etdik ki, islam Məkkədə ikən din olaraq qalmış, Mədinədə isə din əsasında hökumət də qurulmuşdu. Müsəlmanların bir çox ictimai işlərdə azad olmalarına baxmayaraq hökmlərin əsasını Qur’ani-kərim və vəhy müəyyən edirdi. Əgər bu quruluş (din əsasında qurulmuş hökumət) səfa və səmimiyyəti, güzəşti ən əsası təqva və ədaləti əldən verməsəydi bu gün müsəlmanların tarixi gözəl surətdə formalaşardı.
Peyğəmbər (s)-ın vəfatı günü qəbilə başçılarının hakim seçilməsində tələsmələri, rəhbərin mümkün qədər tez seçilməsi fikrindən irəli gəlmişdir, lakin onlar hökumətin necə idarə olunması haqqında heç bir şey fikirləşməmişdilər.
Doğrudur ki, bizim bu kitabımız qısaca da olsa islam tarixi haqqındadır, lakin bir məsələyə heç göz yummaq mümkün deyildir. Görəsən müsəlmanların taleyini həll edən belə bir məşvərət məclisinə nəyə görə Peyğəmbər (s) ailəsindən adam çağırılmadı? Nəyə görə Haşimin övladlarından birini və ya bir neçəsini o məclisə də’vət etmədilər? Əsl həqiqətdə bu tələsgənlik nə üçün idi?
Peyğəmbər (s) cənazəsi Aişənin evində idi. Yaxın adamları onun ətrafında toplanmışdılar. İslam fiqhinə (şəriət elmi) əsasən meyidin yuyulması və ona namaz qılınması gərək tez yerinə yetirilə. Müsəlmanın hər hansı bir müsəlman qardaşına namaz qılıb dəfnində iştirak etməsi bəyənilmiş əməllərdən hesab olunur. Bu ayin hər bir müsəlmana şamildir, həzrət Peyğəmbərə gəldikdə isə onun dəfninə biganə olmaq və bu mərasimdə iştirak etməməyə heç cür haqq qazandırmaq olmur. Bəs görəsən bu böyüklər nəyə görə özlərini belə bir fəzilətli işdən məhrum etdilər? Bəlkə fitnə baş verəcəyindən qorxub tezliklə müsəlmanlara rəhbər seçmək istəyirdilər. Lakin dəfn mərasimi nə qədər vaxt aparcaqdı?
Bəlkə də o günlər bə’ziləri din əsasında qurulmuş islam hakimiyyətinin yalnız bir tərəfinə - hökumət tərəfinə diqqət yetirmişlər. Ənsar tayfasının başçısının və digərlərinin söylədikləri bizim bu sözümüzü təsdiq edir. Orada söylənilənlər ilahi qanunlarla deyil, qəbilə quruluşu ilə uyğun gəlir. O toplantıda və ya ondan kənarda peyğəmbər ailəsidən olan rəhbərliyə səlahiyyəti çatan şəxslər nəyə görə hakim olmamalı idilər. Bunlar bir sıra suallardır ki, hələ də cavabı verilməmişdir. Verilən cavablar da həqiqəti aydınlaşdırmaq üçün deyil, höcət edənə qələbə çalmaq üçün verilən cavaba oxşayır.
O gündən 14 əsr ötüb keçmişdir. Orada toplaşanlar bilmirəm islamın qayğısına qalmış və ya müsəlmanların dağılmasından qorxub belə bir yolu seçmişlər. Hər halda onlar haqq dünyadadırlar və onların hesabı artıq Allahladır. Lakin elə o gündə müsəlmanlar arasında elə bir ayrılıq baş verdi ki, onlar hələ də birləşməyə müvəffəq bilmirlər.
Əbu Bəkrə bey’ət etməyənlərdən biri də Xəzrəc qəbiləsinin başçısı Sə’d ibni Ubadə olmuşdur. Ömərin xilafəti zamanı Şama gedərək Hauranda yaşamış, günlərin bir günündə gecə yarısı onun ox yarasından öldüyünü görmüşlər. Deyirdilər ki, onu cinlər öldürüb, hətta onun naməlum ölmü haqda şe’r də qoşdular.
Sə’d, Əli (ə) və Haşim övladlarından başqa bir neçə səhabə də bir müddət Əbu Bəkrə bey’ət etmədilər. Bə’zi tarixçilərin yazdığına görə Əli (ə) peyğəmbərin vəfatından 6 ay sonra, yə’ni Fatimə (s)-nın vəfatına qədər Əbu Bəkrə bey’ət etmədi. Lakin bu deyilənlər heç də həqiqətə yaxın deyil. Birincisi Fatimə (s) altı aydan tez olaraq vəfat etmiş, ikincisi Əli (ə) ümmət arasına düşə biləcək təfriqədən ehtiyat edərək bey’ət etməyi gecikdirməmişdir. Bundan əlavə qövm başçıları hakimiyyəti möhkəmləndirmək xatirinə onu bu müddət ərzində öz başına qoymadılar.
Əbu Bəkrə bey’ət etməkdə tərəddüddə qalmış Abbas, Zübeyr və başqalarını müxtəlif yollarla bey’ətə vadar edib hakimiyyəti möhkəmləndirdilər. Xəlifənin seçilməsi ilə Mədinə sakitləşdi, ancaq bundan sonra həm xəlifə, həm də müsəlmanlar böyük çətinliklərlə üzləşdilər.
DİNDƏN ÇIXANLAR
Qeyd etdiyimiz kimi, yarmadada yaşayan bir çox qəbilələr, həmçinin Məkkə, Mədinə və Taif ətrafında məskunlaşmış tayfalar Məkkənin peyğəmbər müqabilində təslim olmasından və o günün böyük və güclü qəbiləsi olan Qüreyşin məğlubiyyətindən sonra müsəlman oldular. Qüreyş qəbiləsinin təslimindən sonra onlar islamın qüdrəti müqabilində davam gətirə bilməyəcəklərini başa düşdülər. O andan peyğəmbərin vəfatına qədər çox da uzun müddət ötməmişdi.
Mə’lum olduğu kimi öz qəbilələrinin müqəddəratını həll edən bir dəstə şeyxlər qorxudan və ya tamahdan müsəlman olmuşdular. Onların bə’ziləri peyğəmbərlə görüşmüş, əksər qəbilələrin əhalisi isə peyğəmbəri şəxsən görməmiş və onun dediklərini eşitməmişdilər. Bu az vaxt ərzində fürsət olmadığından peyğəmbər tərəfindən müəllim göndərilməmişdir ki, onları Allahın kitabı və islam hökmləri ilə tanış etsin. Beləliklə onlar islam şəriətinin əsas mahiyyəti ilə tanış deyildilər. Bir çox qəbilələr islamın vacib qanunlarından sayılan zəkatı ödəməkdə çətinlik çəkirdilər. Belə ki, heç bir qayda-qanuna baş əyməyən səhra sakinləri zəkatı bir növ bac hesab edirdilər. Onlar peyğəmbərin vəfat xəbərini eşitdikdən sonra baş qaldırıb əmrdən çıxmağa başladılar. Qeyd olunduğu kimi peyğəmbərin həyatının son illərində bir neçə yalançı peyğəmbərlər də xalqı aldadaraq öz ətrafına toplamışdılar. Bir dəstə adamlar Əbu Bəkrin əmrinə tabe olmaqlarından əsla xəbərləri yox idi.
Məkkədə yaşayan Qüreyş, Taifədə yaşayan Səqifə qəbiləsi islam dinində qaldılar. Peyğəmbərin vəfatı xəbəri Məkkəyə çatdıqda şəhərin hakimi Əttab ibni Usəyd qorxusundan qaçıb gizləndi. Şəhər böyük bir nigarançılıqla üzləşdi, hamı qorxurdu ki, Məkkə əhlisi də dindən üz döndərəcəkdir. Elə bu an Süheyl ibni Əmr Kə’bə evinin qapısı qarşısında dayanıb ucadan qışqırdı: Ey Məkkə əhalisi! Məbada siz sonuncu müsəlman və ilk olaraq dindən üz döndərənlərdən olasınız! And olsun Allaha ki, islam dininin işləri düzələcək Peyğəmbərin və’dəsi yerinə yetəcəkdir. Süheylin bu çıxışı Məkkənin islam dinindən üz döndərməməsinə səbəb oldu. Bu həmin Süheyl idi ki, 5 il əvvəl Hüdeybiyyədə sülh sazişi imzalandıqda “Bismillahir-rəhmanir-rəhim” kəlməsini gördükdə demişdi: Mən Rəhman, rəhim tanımıram. Mən Məhəmməd (s)-ı peyğəmbər saymıram. Lakin bu qısa müddət ərzində başa düşmüşdü ki, yeni dinin müqabilində müqavimət göstərmək faydasız və qəbilə hakimiyyətini bərpa etmək isə imkansızdır. Qüreyşdən olan bə’ziləri imanlı müsəlman olmuş, qəbilə başçılarının bir çoxu isə öz xeyirlərini müsəlmançılıqda görüb xəlifə ilə həmkarlıq edirdilər. Nəcd, Yəmamə və bəni Təğləb qəbilələri yalançı peyğəmbərlərin ətrafına toplaşdıqdan sonra bu peyğəmbərin fəaliyyəti rövnəq tapmışdı.
Əbu Bəkr hakimiyyətə çatdıqdan sonra hər an dindən çıxan üsyankarların Mədinəyə hücumu gözlənilirdi. O, səy göstərib Usamənin qoşununu Mu’təyə göndərmək istəmədi, lakin Usamə və bə’zi böyük səhabələr ona e’tiraz edib cavab verdilər ki, nəyin bahasına olursa-olsun gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər ömrünün son günlərində bu qoşunu yola salmaq istəyirdi. Mən onun sünnəsinin əksinə çıxa bilmərəm. Nəhayət Usamənin qoşunu hərəkət etdi. Sonrakı hadislərdə üsyançıların yerinə oturdulmasında bu işin nə qədər tə’sirli olduğunu göstərdi. Onlar öz-özlərinə dedilər ki, əgər islam böyük qüvvəyə malik olmasaydı Əbu Bəkr bu çətin şəraitdə qoşunu uzaq bir səfərə göndərməzdi.
Usamənin qoşununu yola saldıqdan sonra xəlifə və dostları iğtişaşları bir-birinin ardınca yatırtmağa çalışdılar. Ərəbistanda sakitlik yaratmaq üçün Xalid ibni Vəlidin böyük rolu olmuşdur. Ancaq o, cəsarətli insan olmasına baxmayaraq heç də təqvalı bir müsəlman deyildi. Nəhayət peyğəmbərlik iddiası edənlər, o cümlədən Tuleyhə, Səcah, Müsəyləm, Əyas ibni Abdullah bir-birinin ardınca ya tutuldular, ya da qaçıb aradan çıxdılar. Cənub və şərqdə yerləşən şəhər və qəbilələr yenidən Mədinənin hakimiyyətinə tabe oldular. Həzrəmaut sakitləşdi, Yəmən də kiçik münaqişədən sonra təslim oldu.
İğtişaşlar yatırıldıqdan sonra baş vermiş ən mühüm hadisə bu oldu ki, artıq bədəvilər və qəbilə başçıları başa düşdülər ki, müqavimət göstərməyin və daxili münaqişələrin sonu gəlib çatmışdır. İslam hökumətinə tabe olub Əbu Bəkrə itaət etmələrinin onların xeyrinə olduğunu hiss etmişdilər. Nəticədə əqidəvi ictimai vəziyyətin dəyişməsi ilə tarixdə “Rəddə” müharibəsi adı ilə məşhurlaşmış daxili çəkişmələr sona yetdi. Qəbilələrdən təşkil olunmuş qüvvələr meydana gəldi ki, islam adı ilə Mədinədə əyləşmiş xəlifəylə müharibə etməyə başladılar. Daxili çəkişmələrin alovu yatırıldıqdan sonra təşkil edilmiş döyüşkən dəstələr özlərini iki böyük imperiyaya qarşı döyüşə hazırladılar (Rum və İranla). Çox həssas bir şərait yaranmışdı, – müsəlman ərəblərin İran və Rumla döyüşəcəkləri qəti bir məsələyə çevrilmişdi.
İRANDA İSLAM
Səhra sakinlərinin xislətlərini sadaladıqda yaşadıqları mühitin icbari olaraq onlara daimi münaqişədə olmaq və döyüşkənlik əxlaqını öyrətdiyini qeyd etdik. İslamı qəbul etdikdən sonra isə onlar dini tə’limlər nəticəsində öz aralarındakı kin-küdurəti kənara qoyub onu qardaşlıqla əvəz etmişdilər. İslam dini yolunda döyüşməyi özləri üçün vəzifə sayırdılar. Keçmişdə dəvə və qoyun mübahisəsinə görə qan tökülürdüsə, indi artıq Allah yolunda fədakarlıqlar göstərilirdi. Beləliklə təşkil olunmuş qüvvə İran sərhəddində yerləşdi. Artıq ya qələbə, ya da ki, şəhadət şüarı ilə dinə möhkəm bağlı olan bir qüvvə müharibə meydanına qədəm qoyurdu.
Keçən fəsillərdə qeyd etdik ki, cənub dövlətləri dağıldıqdan sonra bir dəstə əhali yarmadanın ayrı-ayrı məntəqələrinə hicrət etmişdilər. Onlar Ərəbistanın şimalında və ya şərqində yaşamağa münasib yer tapıb məskunlaşdılar. Xarici qüvvələrin (İran və Rum) nüfuzu Ərəbistanın daxilində genişləndikcə bu iki imperiyanın sərhəddinə yaxın ərazidə yaşayanlar onlara qoşularaq iki imperiya arasında müharibə baş verəndə yaxın olduğu qüvvəni müdafiə edərək ona köməklik göstərirdilər. O vaxtlar bu günkü İraq ərazisi Sasani hökumətinə tabe idi. Həmçinin çöldə yaşayan qəbilələrin İrana daxil olmağın qarşısını almaq üçün bir mane sayılırdı. Xosrov Pərviz buradakı yerli hökuməti məhv etdikdən sonra qəbilələrin qarşısında artıq mane gözə çarpırdı.
Xosrov Pərvizin hakimiyyəti dövrü Bəkr ibni Vail ilə Şəyban tayfalarının ərəb tarixində zi-qar adı ilə məşhur olmuş münaqişədə onlar İran qoşununu məğlub etdikdən sonra yarmadanın şərq nahiysində məskunlaşmış ərəblər belə bir fikrə düşdülər ki, Sasani qoşununa qalib gəlmək çox da çətin deyilmiş.
Keçmiş tarixçilərin yazdığına əsasən Bəkr ibni Vail qəbiləsinin rəhbəri Musənna ibni Haris Şəybani hicri tarixi ilə doqquzuncu ildə müsəlman olaraq öz qəbiləsi ilə birlikdə Fərat çayı sahilində yaşayırdı. Fürsət düşdükcə o İranla həmsərhəd ərazilərə hücum edərdi. Əbu Bəkrə məktub yazıb İranın daxili vəziyyətinin korlanmasından, ölkənin idarə olunmasında Sasani şahlarının zəifləməsindən xəbərdar edərək bu dövlətin işğal etdiyi ərazilərə hücum etmək üçün icazə istədi. Xəlifə icazə verərək Xalid ibni Vəlidi qoşuna əmir tə’yin etdi. Tutaq ki, verilən mə’lumat düzgündür və ya Musənnanın özünün Mədinəyə gedib İranın daxili vəziyyəti haqda mə’lumat verməsi də həqiqətdir. Amma mə’lumdur ki, ilk əvvəl nə xəlifə, nə sərkərdələr və nə də peyğəmbərin yaxın adamları İrana qoşun yürütmək fikrində olmamışlar. Bildiyiniz kimi, islamdan əvvəl Ərəbistanın daxilində baş vermiş müharibələr kiçik münqişələrdən ibarət olmuşdur. Bu münaqişələrdə bir qəbilə bir neçə qəbilə ilə ittifaq bağlayıb öz düşmənlərinə hücum edərdilər. Belə müharibələrdə köməkçi qoşuna, geniş və uzun müddətli planların qabaqcadan hazırlanmasına ehtiyac duyulmurdu. Peyğəmbər (s) zamanı baş vermiş müharibələr də müəyyən hüdud və müddət çərçivəsində olmuşdur. Demək olar ki, İrana qoşun yürütmək də müdafiə xarakteri daşıyırdı. Cisr Yuvəyb və həmçinin Qadisiyyə döyüşlərində İran ordusunun məğlubiyyətindən sonra məhz xəlifə və onun məsləhətçiləri ölkələri fəth etməyi genişləndirmək fikrinə düşdülər. Çox tezliklə əldə edilən qələbələr İrandakı məhəlli hökumətləri qorxuya saldı. Onlar artıq yəqin etdilər ki, belə bir qüdrətli orduya müqavimət göstərmək gücünə malik deyillər və müsəlmanların qorxusu onların ürəyinə elə hopmuşdu ki, silahın ərəb əskərlərinin bədəninə əsər etmədiyini güman edirdilər. Bu yürüşdə ərəb qəbiləsinin ən başlıca amili onların güclü imana malik olmasından əlavə, İrandakı ictimai-siyasi durumun da tə’sirini nəzərdən qaçırmaq olmaz.
İranın o dövrdəki ictimai-siyasi vəziyyətini təhlil etdikdə Zi-qar döyüşündən sonra ərəblərin bu ölkə barədə düşündüklərinin həqiqətə uyğun olduğu aydınlaşır. Sasani hökmdarlarının son dövrlərində xalq ağır vəziyyətlə üzləşərək bu durumdan yaxa qurtarmaq istəyirdilər.
Xosrov Pərvizin ölümündən üçüncü Yəzdəgürdün taxta əyləşməsinə qədər hələ dörd il ötməmişdi. Bu ötən dörd il ərzində Buraz şəhərinin şahını hesaba almasaq, bir-birinin ardınca 11 nəfər şahlıq taxtına əyləşmişdi. Hakimlərin bu sür’ətlə bir-birini əvəz etməsi son illərdə siyasi durumun nə qədər qeyri sabit olduğunu göstərir. Bu hadisələr belə bir geniş imperiyanın yalnız şah sarayını qorumaqdan başqa heç bir qüdrətə malik olmamasından xəbər verir. İlk illəri çıxmaq şərtilə İranla Rum arasında iyirmi il müddətində baş vermiş müharibələrdə həmişə zərər çəkmiş və xalq da təzyiqlərə məruz qalmışdı. Bu müharibələrdə çoxlu sayda insan tələfatı olmuş, neçə şəhər və kəndlər viran edilmiş, müharibənin xərcini ödəmək üçün uzun illər boyu xalqdan nə qədər vergilər tutulmuşdur! Şəhər yollarının qorxulu olması, ticarətin pisləşməsi, iqtisadi böhran və ümumiyyətlə hər bir amil təklikdə xalqın dövlətdən giley-güzar edib narazı qalmaları üçün kifayətdir, o ki qalmışdı bu problemlərin hamısı meydana çıxmış olsun.
Aydındır ki, belə bir vəziyyətdə hakimiyyəti xalq çevrilişindən qorumaq üçün casus şəbəkələrindən istifadə olunur və əhali də onların təhlükəsindən amanda qalmaq üçün zahirdə bir cür, batində isə bir ayrı cür olmalı idi. Onlar üzdə hökumətə vəfalı (tərəfdar), gizlində isə narazı olub azad olmaq arzusu ilə yaşayırdılar. Belə bir cəmiyyətdə hökumət və xalq bir-birlərini aldadır, öz həqiqi şəxsiyyətlərini gizlətməli olurdular.
Xosrov Pərvizin şahlıq dövrünün ikinci yarsından üçüncü Yəzdəgürdün taxt-taca sahib olduğu dövrə qədər İran xalqı iki əsas hissəyə bölünmüşdü: 1.Azlıq təşkil edən saray əyanları, onların qohumları, ordu, ruhanilər və ümumiyyətlə varlı sinif və torpaq sahibləri; 2.Əksəriyyət təşkil edən kasıb və yoxsul əhali; Şübhəsiz, Turanduxtun şahlığı ərəblərdə bu təsəvvürü yaratdı ki, artıq İranda kişi qalmamışdır, ona görə də orada qadın şahlıq edir və bu səbəbdən də onlar İrana hücum etdilər. Bu səbəbdən də İran əhalisi artıq təzyiqlərə dözməyib özləri üçün bir xilaskar axtarırdılar. Belə bir həssas şəraitdə xilaskar müsəlmanlıq fəryadı idi ki, ilk dəfə İranın işğal olunmuş cənub torpaqlarında, sonra isə qərb sərhədlərində eşidilməyə başladı.
Əgər Muğəyrə ibni Şö’bənin İran sərkərdəsi Rüstəmlə görüşü haqda deyilən dastan doğru olsa ərəb sərkərdəsinin bu məclisdə dediklərinin tə’siri böyük bir ordunun vurduğu zərbədən ağır olmuşdur.
Təbəri yazır: “Muğəyrə Rüstəmin sarayına daxil olarkən gəlib onun taxtının üzərində əyləşdikdə keşikçilər onu oradan yerə salırlar. Muğəyrə deyir: Biz sizin haqqınızda çox dastanlar eşitmişik, lakin ağılsız olduğunuzu bu gün dərk etdik. Biz müsəlmanlar bərabər hüquqa malik insanlarıq, bizlərdən heç biri digərini özünə kölə etməz. Mən güman edirdim ki, siz də bizim tək xalqla bərabər hüquqa maliksiniz, ancaq indi başa düşdüm ki, sizin bə’ziləriniz digərlərinə Allahlıq edir. Sizin aqibətiniz xeyirli olmayacaqdır. Həqiqətən də bərabərlik müjdəsi səbəb oldu ki, 25 il ərzində ərəb qoşunları Fərat sahilindən Hirmənd çayı sahilinə qədər çata bildi. İranın “Şahnamə” yazanları İran ordusunun Qadisiyyə müharibəsindəki məğlubiyyətini yersiz olaraq havanın yaxşı olmaması ilə əlaqələndirmişlər. (Keçmişdə İran ordusunun yürüşündəki məğlubiyyəti belə şeylə əlaqələndirmələri nəzərə çarpır). Lakin heç bir tə’sir kiçik bir qoşunun az bir müddət ərzində geniş bir ölkəni işğal etməsində xalqın öz vəziyyətindən narazı olması qədər tə’sirli olmamışdır.
Hirədən İrana üz tutan qoşunun sayını 8000-dən 10000-ə qədər yazmışlar. Lakin 8000-in özü də şişirdilmiş rəqəmdir. Belə bir rəqəmin doğru olduğunu fərz etsək belə, onlar sərhəd yaxınlığında yerləşmiş İran ordusundan yenə az idi. Əsgərlərin böyük əksəriyyəti piyada olmuş və nizədən başqa silahları olmamışdır. Necə oldu ki, belə kiçik bir qüvvə az bir zamanda böyük qələbələrə nail oldu. Danılmaz həqiqətdir ki, ərəb ordusunu hərəkətə gətirib ona arxa olan dini qüdrət olmuşdur, yalnız çox kiçik bir hissə qənimət üçün vuruşardı. Ancaq belə bir geniş ölkədə bə’zi müqavimətləri çıxmaq şərti ilə bütövlükdə əhali (xalq) tərəfindən heç bir əks-əməl göstərilmədi. Bu məsələ onların Sasani hökumətindən narazı olmalarını göstərir.
Xalid və Musənna dindən çıxmışları tənbih etdikdən sonra işləri Hirəyə və Fəratın qərb sahilində yerləşən şəhərlərə tərəf irəliləməkdən ibarət idi.
Qeyd etdiyimiz kimi, Musənnanın istəyi ilə Əbu Bəkr bu günkü İraq ərazisinə irəliləmək əmrini verdikdə müsəlmanların ilk növbədə nəzərini Hiyrə cəlb etdi. Hiyrə bu günkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. Ərəb ordusu oraya yollandıqda şəhərin hakimi barışıq edib doxsan min dirhəm ödəyərək tabeliyində olan ərazini hücumdan qoruya bildi. Deyilənlərə görə bu islamda ilk dəfə olaraq sülhlə əldə edilən müvəffəqiyyət olmuşdur. Hiyrədən sonra bə’zi şəhərlər, o cümlədən Abilə, Eynüttəmr də döyüş və ya sülh müqaviləsi ilə təslim oldular.
Təbəri və Bəlazorinin (tarixçi) yazılarında bir şəhərin bir neçə dəfə fəth olunmasında və ya müharibələrin tarixində müxtəlifliyə rast gəlinir. Görünür keçmiş tarixçilər baş vermiş hadisələrin tarixini dəqiq yazmağa əhəmiyyət verməmişlər. Bundan əlavə, ehtimal olunur ki, fəth olunmuş şəhərlərdən bə’zisini yenidən İran qoşunu geri almış və ya yerli əhali üsyan etdikdə ikinci dəfə qoşun üsyançıları yatırtmaq üçün yenidən şəhərə daxil olmuşlar. Təbii ki, belə olduqda bir şəhər, kənd və ya məntəqə bir neçə dəfə əldən-ələ düşmüşdür. Bununla da bir şəhərin fəth olunma tarixi başqa-başqa formalarda yazılmışdır.
Hiyrənin fəthi sona yetdikdən sonra Əbu Bəkr Xalidi İraqdan çağırıb Şamda yaşayan müsəlmanların köməyinə göndərdi. Yazılanlara görə Xalid icazəsiz olaraq həccə getmiş, bu işə görə Əbu Bəkr onu danlamış və cəzalandırmaq üçün İraq ordusuna rəhbərlik vəzifəsindən azad etmişdir. Lakin bu heç də məntiqi səbəb ola bilməz. Çünki Əbu Bəkr və onun müşavirələri çox uzaq görən olmuşlar və bilirdilər ki, belə çətin anda layiqli sərkərdəni iş başından uzaqlaşdırmaq olmaz. Həqiqətə uyğun olan budur ki, Hiyrədə bağlanan sülh Ənbar və Əynüttəmr şəhərləri tutulduqdan sonra müsəlmanların şərq nahiyəsində mövqeləri möhkəmləndi. Digər tərəfdən də göndərilmiş qoşunun Rum imperiyası tərəfindən məğlub edilməsi təhlükəsi olduğundan Əbu Bəkr Xalidi Şama göndərir. Şamda baş verən hadisələrdən də mə’lum olur ki, Xalidin vəzifəsinin dəyişlməsi müsəlmanlara üçün çox faydalı olmuşdur.
Xalidin İraqdan getməsi ilə Musənna orduya başçılığı öz üzərinə götürdü. O, Hiyrədən Babilə (bu gün onun ətrafında Hillə şəhəri tikilən yerə qədər) tərəf yollandı.
Təbəri yazır: Elə bu zaman Şəhrburaz ona bu məzmunda məktub yollayır. Səninlə vuruşmaq üçün donuz otaran və toyuq saxlayanları göndərəcəyəm. Musənna isə cavabında yazır: Bu iki haldan xaric deyil: Sən ya zülmkar və təcavüzkar, yaxud da yalançısan. Bil ki, Allahın və xalqın nəzərində ən yalançı və rüsvayçı adam şahlardır. Belə mə’lum olur ki, çarəsizlikdən bu işi görürsən. Şükr olsun Allaha ki, sənin hiylən donuz otaran və toyuq saxlayanlara sirayət edib.
Əgər belə bir məktubun Musənnaya yazılması doğru olsa (qətiyyən doğru deyil), Şəhrburaz İran sərhədini qoruyan qoşun başçılarından biri olub. İbni Əsir (tarixçi) onun adını Şəhiran Kəsra yazmışdır ki, bu doğru deyil, çünki Sasani sülaləsinin arasında Şəhiran adına rast gəlinməyib, onu da qeyd etmək lazımdır ki, müsəlmanlar İraqa hücum etməzdən qabaq onu qətlə yetirmişdilər. Daha düzgünü budur ki, əgər belə bir məktub yazılmışdısa da, Musənnaya deyil, Şəhburaz Tisfuna hücum edib üçüncü Ərdəşiri öldürdükdən sonra İran imperiyası ərazisinə hərdən hücum edən ərəb sərkərdələrindən birisinə yazılmışdır.
İraqdakı döyüşlər yavaş-yavaş müsəlmanların xeyrinə sona yetməkdə ikən 13-cü il cəmadiul-axir ayında Əbu Bəkr vəfat etdi. Tarixdən mə’lumdur ki, o, vəfat etməmişdən əvvəl Ömər ibni Xəttabı xəlifə tə’yin etdi. İraq ərazisindəki müsəlmanların sür’ətlə irəliləməsi İran müdafiəçiləri və sərkərdələrində belə bir təsəvvür oyatdı ki, ərəblərə qarşı fikirləşdikləri qədər müqavimət göstərmək asan deyilmiş. Digər tərəfdən isə ərəb ordusunu da Sasani hökumətinin əsas torpaqalarına hücum etməyə ruhlandırdı.
Ərəblərin irəliləməsində və ölkələrin fəth olunmasında ən başlıca amil Peyğəməbərin tə’limləri ilə onlarda yaranan iman hissi, bir də qeyri müsəlmanlarla döyüşdə iki qələbədən birini (qalibiyyət ya da şəhadət) əldə edəcəklərinə e’tiqadlı oluduqları olmuşdur. İran ordusunun müqavimət göstərməsi və ya ardıcıl olaraq məğlubiyyətə uğramaları daxili səbəblərdən irəli gəlirdi. Tarix özü şahiddir ki, ölkə başçıları və sərhədçilər nə qədər çalışsalar da əsgərləri müqavimət göstərməyə vadar edə bilmirdilər. Görəsən bu ümidsizlik və soyuqluq nədən irəli gəlirmiş?
Ümumilikdə keçmişdə baş vermiş münaqişələrə nəzər saldıqda bu nəticəyə gəlmək olur ki, məğlubiyyətə səbəb olan amilin ən başlıcası hücum edənin qüdrətindən çox xalqın hakimiyyətdən narazı qalmaları olmuşdur. Xüsusilə ərəblərin hücumu zamanı xalq sadə əsgərləri yenilməz və qüdrətli bir qoşun təsəvvür edirlər. Digər tərəfdən isə xalq sinfi bərabərsizliyin hakim kəsildiyi bir vaxtda islam ədaləti haqda xəbərlər eşidirdilər. Əgər bu münaqişələrdə xalq həqiqətən dövlət və ordu başçıları ilə həmrəy olub, islam əsgərlərinə yolu açmasaydılar, bəlkə də kiçik bir vaxt ərzində ardıcıl məğlubiyyətə düçar olmazdılar. İran sərkərdələri, o cümlədən Hörmüzan, Bəhmən Cadviyə və Rüstəm Fərroxzad feodal və sərhəd qoşunlarını ərəb qüvvələrinin qarşısını almağa ruhlandırmalarına baxmayaraq ümumi kütlə onlardan narazı idi. Hər halda Musənna Xalidin işini davam etdirirdi. Həmçinin Ömər Əbu Ubeydə Səqəfinin başçılığı altında ona kömək üçün yenidən bir qoşun da göndərdi.
Bu dövrdə İranın şahı üçüncü Yəzdəgürd idi. O, işgüzar, şücaətli və iradəli bir cavan idi. Az bir müddət ərzində dağınıq Sasani sarayına əl gəzdirdi. Belə mə’ulm olur ki, ölkənin daxilindən və xalqın vəziyyətindən düzgün surətdə mə’lumat əldə etməmiş və ya əhalinin hökumətdən narazı olması haqda xəbəri olmamışdır. Ancaq xəbəri olsaydı belə, bundan artıq bir iş görə bilməzdi. Yəzdəgürd xalqın islam dinini və ərəb ordusunu ölkənin ayin və ordu başçılarından üstün saymalarının səbəbini öyrənmək əvəzinə, böyük bir ordunu müsəlmanların hücumunun qarşısını almaq üçün yollayırdı. Əlbəttə ki, o, bu addımı atanda riyakar müşavirlərdən də məsləhət almışdı. Onun ordusunun başçıları layiqli olmalarına baxmayaraq, biri digərinin ardınca məğlub edilib öldürülmüş və ya müsəlmanlarla sülh müqaviləsi bağlamışlar. Yalnız Cisr döyüşündə iranlılar qələbə əldə edə bildilər. Qoşunun başçısı Bəhmən Cadaviyə Fərat çayının şərqində mövqe tutdu. Bu döyüşdə onlar özləri ilə bir neçə fil də gətirmişdilər. Ərəb atları bu iri cüssəli heyvanı görüb hürkərək dağılışdılar. Qoşun başçısı Əbu Ubeydə qılınc çəkib döyüş fillərinə hücum etdi, lakin fillərin ayaqları altında qalıb öldü. Ərəblər başçının öldüyünü görcək qaçmağa başladılar. Müsəlmanlardan biri qoşunun düşmən müqabilində qaçdığını görüb körpünü sındırıb onları hücum etməyə çağırdı. Ancaq bunun da bir faydası olmadı. Qaçanlardan bir hissəsi özlərini çaya atdı, az qalmışdı ki, qoşun bütövlükdə tələf olsun. Musənna böyük qırğının qarşısını almaq üçün yeni körpü tikilməsi əmrini verdi. Bu şücaətli addımı ilə qoşunu tam surətdə qırğından qoruyaraq sağ qalanları Fərat çayının o biri sahilinə keçirtdi. İran qoşunu bu müharibədən qalib çıxmışdı. Onlar adət üzrə irəliləyərək döyüşü davam etdirməli idilər, lakin Tisfunda vəziyyətin pisləşməsi ilə əlaqədar məcbur olub geri döndülər.
Elə bu hadisənin özü sübut edir ki, o günkü İran xalqı hökumətdən nə dərəcədə narazı imişlər, hakimin müharibə meydanına getməsindən istifadə edərək ayağa qalxıb üsyan etmişlər.
Hicrətin on üçüncü ili baş vermiş Cisr (körpü) döyüşü Mədinə ordusunu çox narahat etmişdi. Ancaq bu hadisdən bir il sonra Musənnanın qoşunu Buvəybə məntəqəsində qələbə çalaraq Cisrdəki məğlubiyyətin əvəzini çıxdılar. Buvəybə döyüşündən sonra Qadisiyyə müharibəsi baş verdi. Bu müharibədə müsəlmanların başçısı Sə’d ibni Əbi Vəqqas, İran ordusunun başçısı isə Rüstəm Fərroxzad olmuşdur. Tarixçilər hər iki qoşunun sayını həddən artıq çox yazmışlar. Ancaq bir şey aydındır ki, İran qoşununun sayı ərəb ordusundan çox olmuşdur. Qədim tarixçilərdən olan Bəlazori İran ordusunun 120000, ərəblərin isə 9000-dən 10000-ə qədər olduğunu qeyd etmişdir. Halbuki ibni Əsir ərəblərin sayını 30000-dən artıq, İran ordusunun isə Qadisiyyə döyüşündə 100000-dən artıq olduğunu qeyd etmişdir.
Təbiidir ki, o vaxtlar belə hadisələri nəql etdikdə rəqəmlərin düzgünlüyünə çox diqqət yetirilməmişdir. (Təəssüflər olsun ki, bu gün də belədir). Bu yürüşdə hər iki tərəfin coğrafi mövqeyinə, hərbi əməliyyat qərərgahına, qüdrət və imkanına nəzər saldıqda aydınlaşır ki, iranlıların sayı ərəb qoşunundan artıq olmuşdur.
Müasir tarixçilər hələ mübarizə başlamazdan əvvəl hər iki qoşun başçıları arasında baş vermiş danışıqlar və ərəb nümayəndələrinin Yəzdəgürdün yanına gedərkən onun əsəbləşməsi və nümayəndələrin ona cavab vermələri haqqında dastanlar qoşmuşlar. Danışıqların olması haqda şübhə yoxdur, lakin sonradan əsas mətnə əlavələr olunmuşdur. Aydındır ki, bu danışıqlar Sə’d ibni Vəqqasın nümayəndəsi ilə Rüstəmin göndərdiyi nümayanədə arasında olmuşdur, lakin ərəb nümayəndəsi Tisfuna gedərək Yəzdəgürdlə görüşməmişdir. Firdovsi “Şahnamə” əsərində Rüstəmin Sə’də, onun da öz növbəsində Rüstəmə verdiyi cavabını nəzmə çəkmişdir. Təbii ki, Rüstəm ölkənin və əhalinin vəziyyəti ilə Yəzdəgürddən daha yaxın tanış idi və o, ilk əvvəl müharibə tərəfdarları olmayıb, ərəbləri İrana hücum etmək fikrindən yayındırmaq istəyirdi. Lakin həmin şəraitdə gələcəkdən daha çox, özü haqda düşünüb öyünürdü. Bu danışıqlarda müsəlmanların sərkərdəsi iki şeydən birini - ya islamı qəbul etməyi, ya da vergi verməyi istəyirdi. Rüstəm isə deyirdi: Sizin hamınızı öldürməyincə əl çəkən deyilik. Müsəlmanların nümayəndəsi deyirdi: Bizim heç bir qorxumuz yoxdur, bizdən ölənin yeri cənnət, sizdən ölənin yeri isə cəhənnəmdir. Bizdən sağ qalanlar mütləq sizə qalib gələcəklər. Sülh danışıqları nəticəsiz qaldığından döyüş başlandı. Tarixçilər İran ordusunun məğlubiyyətini çətin hava şəraiti ilə əlaqələndirməyə çalışmışlar. Deyilənlərə görə döyüş gecəsi Rüstəm yuxuda olarkən göydən bir mələyin gəlib İran əsgərlərinin kamanlarını möhürləyib yenidən geriyə döndüyünü görür. Və ya döyüşün son gecəsində külək əksinə əsərək iranlıların məğlubiyyətinə səbəb olur. Lakin ölkədə və ordunun öz içərisində əsən külək o günkü əsən əks küləkdən daha da tə’sirli və güclü idi. İllər boyu ən yaraşıqlı paltarlarını geyib ən dəyərli qılınc qalxanını taxıb döyüşə gedən Sasani sərkərdə və əsgərləri əynində köhnə paltarları, əlində qırıq nizə və paslı qılınc götürmüş ərəb qoşunu ilə üzləşdikdə heyrətləndilər. Onlar ona görə təəccübləndilər ki, görəsən belə bir qoşun bu günə qədər İraqın yarısını necə tutub, demək onlara səmavi bir qüvvə kömək edir.
Rüstəm Sə’din göndərdiyi nümayəndələrdən hər dəfə birinin gəldiyini soruşduqda onlar cavab verdilər ki, bizim əmirimiz əsgərlər arasında bərabərliyə riayət edir və bu məs’uliyyətin ağırlığının bir nəfərin üzərinə düşməsini bəyənmir. Orada olanlar ordu içərisində olan bu bərabərliyə hakimin rəiyyətlə rəftarında ədalətə riayət etməsinə təəcüb etdilər. Qadisiyyə müharibəsi dörd gün çəkərək müsəlmanların qələbəsi ilə sona yetdi. (Hicri qəməri 14-cü il Məhərrəm ayı). Bu mühribədə Sə’d xəstə idi, birbaşa döyüşdə iştirak etməsə də uzaqdan qoşuna rəhbərlik edirdi.
Bu hekayəni nəql edənlər görünür adlı-sanlı sərkərdə olan Rüstəmin ölümünü adi ərəb sərkərdəsi ilə bir cərgədə çəkmək istəməmişlər. Həmin döyüşdə İranın məğlubiyyəti qətiləşdi, müsəlmanların Sasanilərin qışda paytaxtı olan Tisfun şəhərinə irəliləməsini daha da asanlaşdırdı.
Bir neçə sərkərdə Sə’din qoşunun qarşısını almaqda mübarizəni davam etdirməyə çalışsalar da, müsbət nəticə əldə edə bilmədilər. Onlardan biri Nəhavəndə, o birisi isə Əhvaza qaçdı, bir neçəsi də elə yoldaca qətlə yetirildi.
Tisfun şəhərinə girməklə müsəlmanlar Sasanilərin sarayını ələ keçirdilər. Bu qələbə nəticəsində əldə olunmuş qənimətlər şişirdilmiş olsa da, az da olmamışdır. Dastan qoşanlar sarayları ələ keçirmək haqqında həqiqətə uyğun olmayan çox şeylər söyləmişlər. Görəsən bu hadisələr doğrudanmı baş verib, yoxsa hücum edənləri təhqir etmək məqsədi ilə söylənilib. Doğru və düzgününü Allah bilir! Beləki deyilənlərə görə ərəblər duz əvəzinə kafur tökərdilər və ya itlərə qızılı suya çəkilmiş qablarda yemək verərmişlər. Və ya Bəharistan xalçasını parçalayıb öz aralarında bölüşdülər (Xosrovun yazı xalçası). Bunların əksəriyyəti, xüsusilə də sonuncu söz qondarmaya oxşayır. Guya xəlifə o qədər sadəlöhv olub ki, müşavirlər və tacirlər xalçanın parçalanmasının müsbət hal olduğunu ona çatdırmışlar. Belə olduqda xalçanın dəyəri aşağı düşmüş olar və əsgərlər arasında onun əsl dəyərinin əvəzinə sıradan çıxmış olan dəyərini bölmək lazım gələcəkdir. Hər halda döyüşlərdə belə hadisə və faktların meydana çıxması danılmazdır.
Yəzdəgürd Tisfundan qaçıb İranın qərbinə getmişdir. O, güman edirdi ki, ərəbləri İranın qərbindəki dağlıq ərazinin ətəklərinə çəkib sonradan qüvvə toplayaraq onlara zərbə endirib ötən məğlubiyyətin əvəzini çıxacaqdır. Lakin belə olmadı. Müsəlmanlar bir tərəfdən Xuzistana tərəf irəliləyib oranı ələ keçirdilər. Digər tərəfdən də qərbdə Cəlaulada baş verən müharibə nəticəsində İran qoşunu ağır məğlubiyyətə uğradı. Yəzdəgürd son səyini göstərmək qərarına gəldi. Nəhavəndə də böyük qoşun toplandı, ancaq bu qoşun da darmadağın edilərək müsəlmanların qələbəsi ilə sona yetdi. Bu müharibə (Nəhavənd) hicri qəməri tarixi ilə 21-ci ildə baş vermişdir.
Bu müharibə iranlıların ərəblər müqabilində sonuncu müqaviməti olduğuna görə islam tarixində fəthlər fəthi adlanmışdır. Nəhavənd müharibəsindən sonra Yəzdəgürd arvadları, qohumları, keşikçiləri və qoşunu ilə birlikdə Fars əyalətinə, oradan Xorasana getmiş və nəhayət 31-ci ildə Mərvdə qətlə yetirilmişdir.
Ərəblərin dinə və özlərinə inamdan əlavə, 10 ildən az bir müddət ərzində belə bir böyük imperiyanı süquta uğratmalarının səbəblərindən bir neçəsi aşağıdakılardan ibarət olmuşdur:
1.Sonuncu Sasani sülaləsindən xalqın narazı olması;
2.Hakim təbəqənin xalqı təzyiqə mə’ruz qoyması;
3.Təbəqələr arasında olan ayrı-seçkilik, müəyyən təbəqənin üstünlüklərə malik olması ilə yanaşı əksəriyyətin bu imtiyazdan məhrum olması;
4.Şahqubadın dövründən bu yana zərdüşt dininin əsas e’tibarilə aradan getməsi;
5.İslam göstərişlərinin İranda yayılması, bu dinin çox sadə və məntiqi olması; Xüsusilə xalqın öz gözləri ilə müşahidə etdikləri bərabərlik, ədalət ki, onlar bu xüsusiyyətləri bir-birlərinə müjdə verirdilər.
ŞİMAL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
Ötən fəsildə Qeyd etdiyimiz kimi, hicrətin səkkizinci ili baş vermiş Mu’tə müharibəsində müsəlmanlar məğlub oldular və peyğəmbərin əmisi oğlu Cə’fər ibni Əbi Talib bu döyüşdə şəhid edildi. Bu qüdrətli Rum imperiyası ilə baş verəcək müharibə üçün müqəddimə oldu.
Peyğəmbər (s) həyatının son günlərində Usamə ibni Zeydin başçılığı ilə Mu’təyə qoşun göndərməyi əmr etmişdi, lakin o həzrətin vəfatı nəticəsində bu iş təxirə düşmüş və Əbu Bəkrin xilafətinin əvvəllərində qoşun hərəkət etmişdi. Usamə 40 və ya 70 günlük uzun sürən səfərdən çoxlu sayda qənimət əldə edərək geri dönmüşdü.
On ikinci ilin sonu dindən çıxmışlarla (mürtədlər) mübarizə sona yetdikdən sonra Əbu Bəkr İordaniya və Fələstinə qüvvə yolladı. Müsəlmanların qoşunu Rum sərhədçiləri ilə döyüşdə qələbə çaldılar. Şərqi Rum imperatoru Heraklyus (610-641 miladi) böyük bir qoşun toplayaraq müsəlmanlarla döyüşə hazırlaşdı. Hər iki qoşun Yərmuk adlı yerdə üz-üzə gəldilər. İlk anda müharibənin taleyi mə’lum deyildi, Əbu Bəkr qoşuna şücaətli bir sərkərdəni başçı tə’yin edilməsini düşünürdü. Elə buna görə də İraqda olan Xalid ibni Vəlidi Şama göndərdi. Xalid kiçik bir dəstə ilə quru və susuz Şam çölünü qət edərək özünü müsəlmanların qoşununa çatdırdı. Belə quru səhranı qət etmək böyük dözüm və iradə tələb edirdi. Xalidin o gün gördüyü iş bir igidlik sayılırdı. Belə səfərə çıxmaqla o, qoşunun gözündə daha da ucaldı. Xalidin Yərmuka gəlməsiylə qoşunda canlanma əmələ gəldi və onlar misilsiz bir şücaətlə Rumluları məğlub etdilər. Rumlular Dəməşqə geriyə çəkilməyə məcbur oldular. Bu ərəfədə Əbu Bəkr vəfat edir və Ömər xəlifə seçilir. Məğlub olmaq istəməyən Heraklyus yenidən böyük bir qüvvə topladı, ancaq bu qoşun da məğlub oldu. Məüsəlmanlar İordaniya və Suriya şəhərlərini ardıcıq olaraq ələ keçirdilər.
Bu münaqişələr içərisində Ömərin xilafəti zamanı baş vermiş ən başlıca hadisə 17-ci ildə Fələstinin və 19-cu ildə isə Qeysəriyyənin fəthi olmuşdur. Fələstinin fəthi istər hərbi, istərsə də təbliğat baxımından böyük əhəmiyyət kəsb etmişdir. Çünki müsəlmanların ilk qibləsi olan Əqsa məscidi bu məntəqədə yerləşmişdir. Elə bu səbəbdən də Ömər şəxsən özü Dəməşqin 80 kilometrliyində yerləşən Cabiyə kəndinə səfər edərək xaçpərəstlərlə möhtərəm davranmış və onların hüquqlarını müəyyyən edə biləcək bir saziş bağlamışdı. Şam və Fələstin əhalisi illər boyu Rum hökumətinin cah-cəlalını gördükdən sonra islam ordusunun adiliyi, sadəliyi və müsəlman xəlifəsinin mülayim rəftarı ilə üzləşdikdə heyrətə gəldilər.
QƏLƏBƏNİN SƏBƏBLƏRİ
Yarmadanın şərq nahiyəsində əldə edilən qələbənin (İranın fəthi) ən başlıca amili olan iman və dini əqidədən əlavə, mövcud vəziyyət və şəraitin də bu qələbədə oynamış müstəsna rolunu qeyd etdik. Ərəbistanın şimalında baş vermiş döyüşdə də bir neçə səbəbin xüsusi rol oynadığına rast gəlinir ki, onlar aşağıdakılardır:
1.Bu ərazidə yaşayan əhalinin ərəb olmasalar və ərəb dilində danışmasalar da belə, adət ən’ənə və dil baxımından Rumlılardan daha çox ərəblərə yaxınlıq və bağlılıq əlaqələri olmuşdur.
2.Qeyd etdiyimiz kimi, qədim zamanlardan bəri (islamdan əvvəl) cənubdan bir dəstə əhali ticarət və ya işləmək məqsədilə bu torpaqlara gəlmiş və burada yaşayan əhali ilə qaynayıb-qarışmışdır. Təbii haldır ki, baş verən müharibələrdə onlar Rumlularla deyil, ərəblərlə birgə olmuşlar.
3.Qalib gəlmiş ordu imperiyanın nümayəndəsi ilə müqayisədə xalqla daha mülayim rəftar etmişdir. Əhali bunun ən bariz nümunəsini müsəlmanların xəlifəsinin Beytül-müqəddəsə gəlişində görmüşlər.
4.Müsəlmanların tutulmuş ərazilərdəki əhalidən aldıqları vergi onların öz hökumətlərinə verdikləri vergidən qat-qat az olmuşdur. Bütövlükdə bütün bu fəthlərin əsas səbəbini islamın ədalətində və sadəliyində axtarmaq lazımdır.
5.Başqa bir səbəbi də diqqətdən yayındırmaq olmaz. Əvvəldə Qeyd etdiyimiz kimi, bu günkü Suriya, İordaniya və Fələstində məskunlaşmış əhali xaçpərəstliyi qəbul etmişdilər. Misir əhalisi də xristian idilər. Lakin zaman ötdükcə xristianlıqda kəlami (sxolostika) mübahisələr meydana gəlmiş, müxtəlif e’tiqadi məktəblər və firqələr zühur etmiş, onların arasında münaqişə get-gedə şiddətlənmişdir. Katolik kilsəsi əqidə ixtilafına səbəb olan bütün firqələri sıxışdıraraq şiddətli mübarizə apardığından onlar da kilsədən üz döndərmişlər. Belə kəlami mübahisələr beşinci əsrdə özünün ən uca zirvəsinə çatmışdı. İslam dininin zühuruna yaxın bir vaxtda şərqi Rum imperatoru Heraklyus bu firqələri birləşdirməyə çalışmış, müsbət nəticə əldə edə bilməmiş və sonda özünə qarşı güclü nifrət hissi yaratmışdı. Müsəlmanlar bu torpaqları ələ keçirdikdən sonra xaçpərəstlərdən vergi alaraq öz din və ayinlərini yerinə yetirməkdə azadlıq verdilər. Onlar katolik kilsəsinin təzyiqləri altından çıxaraq azad nəfəs aldılar. Yenidən Rum istilası altına düşməmək üçün onları devirməkdə ərəblərə kömək etdilər.
Suriya ərazisi fəth olunduğu ilk gündən ərəblərin rumlularla müqayisədə yerli əhali ilə daha mülayim rəftar etmələri haqda sənəd mövcuddur. Ömər tərəfindən ordu başçısı tə’yin edilmiş Əbu Ubeydə Cərrah Heraklyusun qoşun toplayıb onlarla döyüşə hazırlaşdığını eşitdikdən sonra fəth olunmuş şəhərlərdəki nümayəndələrinə göstəriş verdi ki, xaçpərəstlərdən aldıqları vergini özlərinə qaytarsınlar. Eyni zamanda onlara desinlər ki, biz bunu sizləri qorumaq üçün almışdıq. Ancaq indi bizim aqibətimiz mə’lum deyil, ola bilsin döyüşdə məğlub olub üzərimizə götürdüyümüz öhdəçiliyə əməl edə bilməyək. Lakin xristianlar onların ərazilərini tutmuş adamların ədalətli rəftarını görcək belə cavab verdilər: Biz sizin rumlular üzərində qələbə çalmağınızı istəyirik, onların zülmündənsə sizin ədalətli rəftarınızı daha çox xoşlayırıq, Heraklyusun ordusu ilə döyüşdə sizinlə bərabər olacağıq.
MİSİRİN FƏTHİ
On doqquzuncu ildə Beytül-müqəddəsdə olan Əmr ibni A’s Misirə hücum etmək üçün Ömərdən izn istəyir. Deyilənlərə görə o, icazə almadan Misirə hücum etmişdir. Misirdəki vəziyyət də eynilə Suriya və İrandakı mövcud olan vəziyyət kimi idi. Bu ölkə miladi tarixinin ilk əsrində Rum imperiyasının tərkibinə daxil olmuşdur. Bol məhsul və çoxlu gəlir verən bu ölkə onlar üçün böyük əhəmiyyət kəsb etmişdir. Şərqi Rum imperiyası yarandıqdan sonra paytaxtın Konstantinopola köçməsi ilə xaçpərəstlik bu diyarda geniş surətdə yayılmışdı. Digər tərəfdən isə yüz illər əvvəl Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlaşmışdılar. Beləliklə Misirdə qibtilər, xaçpərəstlər və yəhudilər arasında ixtilaf üçün zəminə yaranmışdı.
615-ci ildə Xosrov Pərviz tərəfindən göndərilmiş Şəhrburaz 619-cu ildə Misiri bütövlükdə ələ keçirdi. Bu hücum nəticəsində Misir əhalisinin vəziyyəti daha da ağırlaşdı.
Digər tərəfdən bu ərazidə yaşayan xaçpərəstlərlə katoliklər arasında kəlami mübahisələr baş verirdi. O cümlədən, İsa (ə)-ın ilahiliyi və insani xüsusiyyətlərinin insan bədənində bir yerə sığması, hələ dünyaya gəlməmişdən əvvəl Məryəmin bətninə daxil olan ruh barədə mübahisələr gedirdi?
Belə mübahisə məclislərinin təşkil olmasına baxmayaraq problemlər həll olunmurdu. Təssübkeş başçıların oraya hakim tə’yin edilməsi ilə katolik kilsənin təzyiqi daha da güclənirdi. Məzhəb və əqidə cəhətdən kilsə başçıları ilə müxalif olanlar işgəncəyə məruz qalır və ya sürgün olunurdular. Məsələn, Benyamin Mətran katolik kilsəsi ilə müxalif olduğuna görə 13 il gizli bir daxmada yaşamış, İsgəndəriyyənin fəthindən sonra üzə çıxmışdır. Beləliklə soylar və məzhəblər arasında baş qaldırmış ixtilaf və vergi təzyiqləri iqtisadiyyatı dağılmış Misiri böhrana düçar etmişdi.
Əmr ibni As bir məsələni anlamışdı ki, Misir özünü müdafiə etmək qüdrətinə malik deyil. 19-cu il Rəcəb ayında Əmr Misirə yollandı və müqavimətə rast gəlmədən Bilbisə qədər irəlilədi. Orada yerli qoşunla kiçik bir döyüş oldu və ondan sonra Ummu Dunəyn adlı məşhur yerə qədər irəlilədi. Burada onunla imperiya qoşunları arasında toqquşma baş verdi. Lakin Əmr köməkçi qüvvə gəlincə qoşunla üzləşmədən vaz keçdi. Ömər on dörd min nəfərlik bir qoşunu onun köməyinə göndərdi. Bu qoşuna böyük səhabələrdən Zübeyr ibni Əvvam, Miqdad və Ubadə ibni Samit kimiləri da daxil idi. Əmr bu qüvvə ilə imperiya qoşunlarını məğlub etdikdən sonra orada onunla sülh müqaviləsi imzaladı. Lakin Herakl bu sazişi bir xəyanət kimi qəbul etdi. 641-ci ildə Heraklın ölümündən bir neçə ay sonra oğlunun da ölümü ilə 11 yaşlı nəvəsinin hakimiyyətə gəlməsi nəticəsində Misirin müdafiəsi daha da zəiflədi. Əmr Eyn Şəmsi və Babilyunu ələ keçirdi, lakin İsgəndəriyyə möhkəm qala divarları və 5000 nəfər əsgər vasitəsilə müdafiə olunduğundan hələ fəth olunmamışdı. Lakin Əmr 12000-dən artıq qoşunu olmasına baxmayaraq şəhəri mühasirəyə aldı və on dörd hücum cəhdindən sonra İsgəndəriyyə şəhəri də müsəlmanların əlinə keçdi. Misirin istər xaçpərəst, istər qibti, istərsə də yəhudi əhalisi imperiya qoşunlarının getməsindən qəmgin olmadılar. Müsəlmanlar onları dini vəzifələrini yetirməkdə azad buraxdıqlarına görə çox şad idilər. 645-ci ildə (25 hicri) rumlular İsgəndəriyyəyə hücum etdikdə Misir əhalisi müsəlmanlara kömək edərək onları qovdular.
QƏLƏBƏLƏRİN ÇOXALMASI VƏ PROBLEMLƏRİN MEYDANA ÇIXMASI
Hadisələrin təhlilində dəfələrlə qeyd etmişik ki, müsəlmanlar əvvəllər qeyri müsəlmanlarla döyüşdə (Bədr döyüşündə) elə də yüksək təchizata malik deyildilər. Qoşuna daxil olmayan müsəlmanlar da çox sadə həyat tərzi sürür, bə’ziləri isə hətta çətinlikdə yaşayırdılar. Sonrakı dövrlərdə də (Əbu Bəkrin, Ömərin xilafəti dövrü) bu sadə həyat tərzi davam edirdi. Peyğəmbər (s), Əbu Bəkr və Ömərin dövründə baş vermiş müharibələrdə müsəlmanların hədəfi təkallahlığı yaymaqdan ibarət olub. Ancaq yaddan çıxarmaq olmaz ki, bə’zilərinin hədəfi dünyəvi mənfəət əldə etmək də olub. Təqribən 25 il müddətində Qur’ani-kərimin tə’limləri və Peyğəmbərin (s) müsəlmanlara verdiyi islami tərbiyə (mühacir və ənsar) elə tə’sir bağışlamışdı ki, onlar Allahdan başqa heç nə düşünmür və islamın adını ucaltmaqdan başqa bir şey haqda fikirləşmirdilər. Qur’ani-kərimdə bu iki dəstənin tə’rifi haqda çoxlu sayda ayələr görmək olar. Mə’lumdur ki, Peyğəmbər (s) dünyadan köçərkən onların bir neçəsindən narazı idi. İslamı ilk olaraq qəbul etdiklərinə görə bu dəstə adamlara müsəlmanlar tərəfindən ehtiram olunurdu. Lakin onların özlərini başqalarında üstün sayma hallarına rast gəlinməmişdi. Qoşuna başçılıq etmək (sərkərdə) və ya islam hökmlərini başqalarına öyrətmək onlar üçün rütbə deyil, dini vəzifə sayılırdı.
Peyğəmbər (s)-ın dostları arasında mənsəb, məqam hərisliyi mövcud deyildi, hansı ailədən və soydan olması mühüm sayılmazdı. Hətta ictimai baxımdan islamı tez və ya gec qəbul etmək də fəzilət sayılmazdı. Keçən fəsildə Gördüyünüz kimi, yeniyetmə cavan olan Usamə ibni Zeyd qocalardan, əsirlikdən azad olunmuşlardan və islamı ilk əvvəl qəbul edənlərdən təşkil olunmuş bir qoşuna başçı seçilir. Peyğəmbər (s) dövründə müsəlmanların əhəmiyyət verdikləri şey təqva olmuş və onun da mükafatını xalqdan deyil, yalnız Allahdan istəmişlər. Qur’ani-kərim belə müsəlmanlar haqda buyurmuşdur:
“Allah onların qəlblərini imanla imtahana çəkmişdir.”
Lakin Peyğəmbər (s) Ərəbistan yarmadasını müsəlman edib bu fani dünyanı tərk edən zaman müsəlmanların hamısı belə bir əxlaqa malik deyildilər. Sınaqdan çıxmış müsəlmanların sayı çox az idi. Bəli, tarixdə həmişə belə olmuşdur (sınaq meydanında dindarlar həmişə az olmuşdur).
Yenicə müsəlman olmuş səhra sakinləri, həyatlarında Peyğəmbəri görməyib onun əxlaqı və davranışı ilə tanış olmayanlar və ya ömründə yalnız bir-iki dəfə Peyğəmbəri görən müsəlmanlar özlərini islam əxlaqı ilə nə dərəcədə ziynətləndirə bilərdilər? Bir gün onlar təsəvvür etmədikləri sərvətə malik olduqda, Qur’anın xəbərdar etdiyi kimi, necə tüğyan etməyəydilər?! İslam dini onların qəlblərində hələ kök salmadığı bir surətdə öz nəfsləri ilə necə mübarizə apara bilərdilər? Allah bilir!
Əbu Bəkrin xəlifə olduğu dövrdə əskərlər bir tərəfdən dindən xaric olmuşların üsyanını yatırtmağa məşğul olmuş, digər tərəfdən də xəzinəyə (beytül-mala) az gəlir gəldiyindən müsəlmanların ictimai həyatında köklü dəyişklik meydana gəlmişdi. İctimai problemlər Ömərin dövründə meydana çıxmasına baxmayaraq, o, onun qarşısını müəyyən qədər ala bildi. Ən mühüm problemlər aşağıdakılardan ibarət idi:
1.Ömərin on illik xilafəti dövründə müxtəlif millətlər islam dinini qəbul etdilər. Mədəniyyət və adət-ən’ənə baxımından təkcə ərəbistan əhalisi deyil, müsəlman olmuş bütün xalqlar bir-biri ilə kəskin şəkildə fərqlənirdilər. Nəticədə bu adətlər yavaş-yavaş əhalinin sadə həyatına daxil olmağa başladı. Ömər çalışırdı ki, ərəblərin əcnəbi adət-ən’ənələrini öyrənməsinin qarşısını alsın və o, bu məsələdə yeri gəldikdə onlarla sərt rəftar edirdi. Bə’zən Qüreyş qəbiləsinin böyüklərindən bir neçəsi onun yanına gəlib cihad etmək bəhanəsi ilə (bəlkə də doğrudan cihad etmək məqsədi ilə olub) Ərəbistandan xaricə səfərə getmələrini istəmişlər. Ömər onların rəftar və əxlaqlarının dəyişməsindən ehtiyat edərək belə demişdi: Peyğəmbər (s) zamanı etdiyin cihad sənin üçün kifayət edər, yaxşısı budur ki, evində otur, nə sən bir nəfəri gör və nə də bir kəs səni görsün.
2.Fəth olunmuş ölkələrin hər birisi özünəməxsus məhsuldar əraziyə malik olduğundan bu torpaqlardan lazımınca istifadə etmək zərurəti meydana çıxırdı. Bu ərazilərdən faydalı surətdə bəhrələnmək üçün təcrübəli və iş bacaran insanlara ehtiyac duyulurdu, lakin Mədinədə belə təcrübəli adamlar yox dərəcəsində idi və ya olsaydı da onların sayı çox az idi.
3.Sülh yolu ilə əldə olunmuş ərazilərin idarə olunması (sülh müqaviləsinə əsasən onlar islam hökumətinə vergi ödəyirdilər) hökumət üçün heç də çətinlik törətmirdi, lakin əsgərlərin hücum edərək işğal etdikləri ərazilərin idarə olunması yeni problemlər doğururdu. Belə ki, fəth olunmuş belə ərazilər əsgərlər arasında bölünməli idi. Aydındır ki, Hicazda yaşayan müsəlmanların hər il gəlib bu əraziləri əkib-becərib məhsulunu toplaması və sonradan geri dönməsi mümkün deyildi. Ömərin məsləhəti ilə həmin ərazilər orada çalışan əkinçilərin öhdəsinə verildi və onlarla bunun müqabilində hər il müəyyən vergi ödəmələri haqda müqavilə bağlandı. Mə’lum deyil ki, bu onun şəxsi fikri ilə və ya böyük səhabələrin məşvərəti ilə həyata keçirilmişdir.
İlk başlanğıcda belə bir addımın problem doğuracağı elə də nəzərə çarpmadı, lakin sonralar Osmanın xilafəti dövründə bu məsələnin böyük bir tufana səbəb olacağını görəcəyik.
4.Hakimlərin, şahzadələrin, zadəganların və torpaq sahiblərinin qoyub qaçdıqları ərazilər, beytül-mal adı ilə zəbt olundu və ondan əldə olunan gəlir də xəzinəyə daxil edildi.
Ömər məsləhət gördü ki, fəth olunmuş ərazilərin siyasi cəhətdən idarə edilməsi əvvəldən orada hakim olan məmurların öhdəsində qalsın, lakin onlar da öz növbəsində xəlifə tərəfindən göndərilmiş hakimin nəzarəti altında bu vəzifəni yerinə yetirməli idilər.
On dörd əsrdən sonra dünyanın müxtəlif siyasi quruluşlarını təhlil etdikdən sonra bu hadisələri araşdırarkən bəlkə də belə bir addımın atılması bizim üçün çox da əhəmiyyətli olmasın. Lakin bir az diqqət yetirsək o vaxta qədər məhdud mühitdən kənara çıxmayan, öz ailəsinə və ya tayfa və qəbiləsinə başçılıq etməkdən başqa bir şey bacarmayan məs’ul şəxslərin böyük ölkələri idarə etmələrinə, Afrika və Asiyanın yarısını necə də bacarıqla idarə etməsinə nəzər salsaq bizdə heyrət və təəccübdən başqa bir şey doğurmayacaqdır.
İrandan Mədinəyə yetişən qənimətin miqdarı o qədər çox idi ki, müsəlmanlar o günəcən o miqdarda mal görməmişdilər. Ömər nə edəcəyi barədə dostları ilə söhbət etdi. Bə’ziləri Peyğəmbər sünnəsinə əsasən əldə olunmuş malın xalq arasında birdəfəlik bölünməsi prinsipini dəstəklədi. Nəhayət qərara gəldilər ki, idarə yaradılsın və buradan müsəlmanlara müəyyən miqdarda pul ayrılsın. Bu addım məntiqi və düzgün bir iş idi, lakin gəlirin bölünməsindəki ayrı-seçkiliyin gələcəkdə problem doğuracağına diqqət yetirmədilər.
Bəlkə də o gün xəlifə və müsəlmanlar belə bir məsləhətin nə ilə nəticələnəcəyindən xəbərsiz idilər. Bəlkə də onların ağlına gəlmirdi ki, bir neçə böyük adamlara müəyyən edilmiş pul onların məxaricindən daha artıq idi.
Xəzinədən maaş alan adamların sıra sayı ilə müəyyən edilməsi haqda tarixçilər arasında ixtilaf mövcuddur. Bir şey aydındır ki, məvacibin miqdarının tə’yin olunmasında müsəlman olma müddətinin birbaşa tə’siri var idi. Döyüşçülərin məvacibi onların iştirak etdikləri döyüşdən asılı idi. Misal üçün Bədr döyüşündə iştirak edənlərin məvacibi Hüdeybiyyə sülhündən sonrakı müharibədə iştirak edən şəxslərin məvacibindən artıq idi. Şamın və Mədinənin fəthindən bir il keçmişdi ki, Ömər özünün və müsəlmanların böyük bir təhlükə ilə üzləşdiyini hiss etdi.
Ərəblərin qüdrətli və zadəgan qəbiləsi sayılan Qüreyş tayfası Mədinə qoşunu Məkkəyə daxil olduqdan sonra müsəlman olmuşdular. Müsəlman olduqdan sonra başqaları kimi Rum və İran imperiyaları ilə müharibələrdə iştirak edərək islam fiqhinə əsasən döyüşdə əldə olunmuş qənimətlərə (sərvət, torpaq) yiyələnmişdilər. Keçən fəsillərdə Qeyd etdiyimiz kimi, bu qəbilə islamdan əvvəl ticarət etmək səriştəsinə malik idilər. İslam qoşunlarının fəthi genişləndikdən sonra əldə etdikləri sərmayə vasitəsi ilə öz köhnə peşələrini davam etdirmək fikrinə düşdülər.
Təbəri bir rəvayətə əsasən belə deyir: Ömər Qüreyşin böyüklərini Mədinədə bir növ həbs etmişdi, onların bu şəhərdən kənara çıxmalarına izn vermirdi. Deyərdi: Qüreyş Allah malını öz işləri üçün sərf etmək və başqalarını bu işdən məhrum etmək istəyirlər. Nə qədər ki, Xəttabın oğlu sağdır, bu iş baş tutmayacaqdır. Mən Hərrə dərəsinin ağzında dayanıb Qüreyşin boğazından yapışacağam ki, onlar cəhənnəmə düşməsinlər.
O, dəfələrlə dövlət məmurlarının işini təftiş edər, onların özü üçün sərvət topladığını gördükdə deyərdi: Sən ki, xəzinədən (beytül-maldan) maaş alırsan, bəs bu qədər malı haradan toplayıbsan, dərhal onun əmlakını müsadirə edib xəzinəyə qaytarardı. Fəth olunmuş ərazi sahiblərini (Qüreyşdən olan şəxsləri) Hicaz əyalətindən kənara çıxmalarına icazə verməzdi.
Qüreyş başçılarından bir dəstə adam həm Ömərin qətiyyətindən, həm də Peyğəmbərin təqvalı dostlarının nəzarətindən ehtiyat edib bacardıqca qorunurdular. Lakin onlar Ömərin sərt rəftarından narazı idilər. Ömər özü də islamı ilk əvvəl qəbul etmələrinə və müharibədə iştirak etdiklərinə əsasən xəzinədən onlara xususi maaş ayrılmasının səhv addım olduğunu artıq başa düşmüşdü. Elə bu səbəbdən deyirdi: Əgər indi başa düşdüyümü əvvəlcədən anlamış olsaydım onların əlində olan sərvəti alıb xəzinəyə qaytarardım. Aydındır ki, çoxlu sərvət toplayanların belə bir siyasətlə barışacaqları mümkün olmazdı. Sonda xəlifə bu dəstə ilə etdiyi rəftarın nəticəsini gördü.
Ərəb tarixçiləri Ömərin qətlə yetirilməsinin əsas səbəbini iranlıların ərəblərə qarşı olan nifrəti ilə əlaqələndirmişlər. Belə deyirlər ki, Əbu Lö’lö Ömərin əlindən zara gəlmişdi. Bir tərəfdən ölkəsi Ömərin qoşunlarının əlinə düşdüyündən, digər tərəfdən isə o, öz sahibindən Ömərə şikayət edərkən onun şikayətinə əhəmiyyət vermədiyindən ilk əvvəl onu hədələmiş, sonra isə münasib fürsət əldə edərək öldürmüşdür. Əbu Lö’lö ilə Ömər arasında belə bir danışığın olması mümkündür. Lakin bir şey daha aydındır ki, Qüreyşdən olan bir sıra böyük adamlar Əbu Lö’lödən də artıq Ömərdən incimiş və narazı idilər. Onun bir dəstə şəxslərlə sərt davranışı, o cümlədən Əbu Lö’lönün sahibi Muğəyrə də bu dəstəyə daxil olmaq şərtilə, apardığı maliyə siyasətindən peşiman olması bu dəstə insanları nigaran etməyə bilməzdi. Belə nəzərə çarpır ki, Ömər başqa adamların qurduqları plan nəticəsində Əbu Lö’lönün əli ilə qətlə yetirilmişdir. Ömərin xilafəti dövrü görülən mühüm işlərdən biri də müsəlmanların tarixinin tə’sis olmunması olmuşdur. İbni Əsirin (tarixçi) nəql etdiyinə əsasən bu iş hicrətin 16-cı ilində Əli (ə)-ın məşvərəti ilə görülmüşdür. Tarixin başlanğıcı Peyğəmbərin hicrəti, ilin ilk ayı isə Məhərrəm ayı tə’yin olunmuşdur. Bə’zi mənbələrdə hicrətin beşinci və on üçüncü ilinə aid tarixi məktublara rast gəlinir. Lakin bu məktubların doğruluğunda şəkk vardır. Hər halda dövlət işlərində tarixin rəsmiləşməsi on altıncı ildə (hicri) Əli (ə)-ın göstərişi ilə qüvvəyə minmişdir.
OSMANIN XİLAFƏTİ
Ömər hicrətin 23-cü ili zil-hiccə ayında vəfat etdi. Lakin vəfat etməmişdən qabaq peyğəmbərin səhabələrindən altı nəfəri: Əli (ə), Osman, Zubeyr, Sə’d ibni Əbi Vəqqas, Əbdürrəhman ibni Ouf və Təlhə ibni Ubeydullaha tapşırıq verir ki, üç gün ərzində əyləşib məşvərət edərək öz aralarından birini xəlifə seçsinlər.
Əvvəldə mə’lum idi ki, xilafət Əli (ə)-a, ya da Osmana yetişəcək, ancaq Əməvi tayfası Əli (ə)-ın xəlifə olmasına razı deyildilər. Şura üzvlərindən biri olan Əbdürrəhman, Osmanla qohum olduğuna görə ona tərəfdar çıxdı.
Danışıqlar və get-gəllər başlandı. Sonda Əbdürrəhman Əli (ə)-a belə dedi: Əgər sənə bey’ət etsəm Allahın kitabına, Peyğəmbər sünnəsinə və Əbu Bəkrlə Ömərin əxlaqına əsasən rəftar edəcəyini qəbul edirsənmi? Aydındır ki, Əli axırıncı şərti qəbul etməmşdir. Çünki on iki il ərzində peyğəmbər sünnəsində elə dəyişikliklər baş vermişdi ki, onlarla barışmaq olmazdı. Beləliklə o Həzrət, Əbdürrəhmana belə cavab verdi: Mən Allah kitabına, peyğəmbər sünnəsinə və öz ictihadıma əsasən rəftar edəcəyəm. Əbdürrəhman bu şərti Osmana təklif etdikdə isə o, qəbul etdi və şura üzvləri onu xəlifə seçdilər. Ancaq görəsən Osman sona qədər bu şərtlərə riayət etdimi? Gələcək bu acı həqiqəti üzə çıxartdı ki, belə bir şərti dildə demək asan, lakin yerinə yetirmək qeyri mümkün idi.
Osmanın bu tərzdə xəlifə seçilməsi o günə qədər görünməyən bir hadisə idi. Bildiyiniz kimi, bəni Saidə eyvanı altında (mühacir və ənsar) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub yazaraq xəlifə tə’yin etmişdir. Belə yazırlar ki, Osman Əbu Bəkrin yazdığı məktubu müsəlmanların toplandığı yerə aparıb dedi ki, bu məktubda adı yazılmış Ömərlə bey’ət edəcəksiniz və onlar da qəbul etdilər. Lakin altı nəfərdən ibarət şura bir növ vəkalət xarakteri daşıyırdı. Bu şura hər hansı bir nəfəri seçməli, müsəlman icması da naçar onu qəbul etməliydi. Osmanın xəlifə seçilməsi də bir dəstə səhabələrin (mühacirlərin) arasında yalnız altı nəfərin rə’yi ilə həyata keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncülərinə əsasən müsəlmanların xeyrini bunda görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilafət məsələsi tezliklə həll edilməli idi. Lakin əgər xəlifə şura vasitəsilə tə’yin olunmalı idisə, görəsən şura üzvlərinin sayını niyə artırmadılar? Görəsən nəyə görə ənsardan bu məclisdə bir nəfər də olsun belə iştirak etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki, ənsar vəzirdilər? Xatırlamaq lazımdır ki, tarix boyu belə oxşar suallar ortaya çıxmış və bu barədə çoxlu sayda kəlami mübahisələr doğurmuşdur və bə’ziləri də bunlara cavab vermişlər. Ancaq bir şeyi unutmaq olmaz ki, bə’zi kiçik məsləhətli fikirlər bir tərəfdən müsəlmanların xeyrinə olsa da belə, digər cəhətdən böyük problemlər üzə çıxarırdı. Qeyd etmək lazımdır ki, bu problemlər ölçülüb-biçilmədən, tələsik atılan addımların nəticəsi idi. Hər halda belə bir addımın sonluğu bu nəticəni verməli idi.
Osman şərtləri qəbul edərək müsəlmanların xəlifəsi oldu. Ancaq xilafət ilk günlərdən Peyğəmbər (s) səhabələrinin bir dəstəsinin narazılığı ilə üzləşdi. Ömərin oğlu Ubeydullah, Əbu Lö’löünün Öməri qətlə yetirdiyi xəncəri əlində tovlayaraq müsəlman olmuş iranlı əsir Hörmüzan və Cufeynə Nəsrani ilə bir yerdə olması xəbərini eşitmişdi. Ubeydullah öz başına Hörmüzanın yanına gedərək onu öldürür. Sonra isə Cufeynəni qətlə yetirir. Nəhayət Əbu Lö’löünün evinə gedərək onun qızını öldürür. Təbiidir ki, Peyğəmbər (s)-ın zahid səhabələri belə yaramazlığa göz yuma bilməzdilər. Osmanın xilafətinin ilk günlərində xəlifədən Ubeydullahı qanunsuz olaraq adam öldürməsinə görə cəzalandırmasını istədilər. Qocalığı ilə mülayimləşən yumşaq təbiətli Osman, hakimiyyətin ilk başlanğıcında onun boynunda böyük haqqı olan bir şəxsin oğlunu öldürmək istəmirdi. Həmçinin öz qohum-qəbiləsinin tərəfini saxlayaraq belə dedi: Heç rəvadırmı ki, dünən atasını bu gün də onun (Ömərin) oğlunu öldürsünlər. Mən Ubeydullahın yerinə beytül-maldan qan bahasını ödəyirəm. Osman zahirdə bu ictihadı ilə bir müsəlmanı ölümdən xilas etdi. Lakin bir dəstə səhabə Osmanın islam qanunlarını pozaraq Allahın tə’yin etdiyi müəyyən cəza tədbirlərini yerinə yetirmədiyini gördülər. O məclisdə iştirak edənlər islam hökmlərinin icrası zamanı ayrı-seçkilik etmək, qəti ilahi hökm müqabilində şəxsi təfsir və ictihada istinad etməklə razılaşa bilməzdilər.
Ubeydullahın cəzasız qalmasının islam fiqhi baxımından münaqişə doğurması çox əhəmiyyət kəsb etməsə də, ictimai qurluşu həddindən artıq sarsıtdı. Əgər iş bununla qurtarsaydı Osmanla müxalif olan dəstənin gələcəkdə onunla müvafiq olan dəstənin sırasına qoşulmaları mümkün olardı. Lakin təəssüflər olsun ki, xəlifənin müşavirləri (Əməvilər və Qüreyş), yə’ni Ömərin sərt nəzarəti altında olanlar get-gedə ölkənin idarə olunmasına və siyasi işlərinə qarışmağa başladılar. Onların bu dəxaləti ənsarın siyasi səhnədən uzaqlaşması ilə nəticələndi.
Osmanın Ömər tərəfindən tə’yin edilmiş vali və hakimləri vəzifələrindən çıxarmayacağını qəbul etməsinə baxmayaraq, çox keçmədən onların hamısını işdən kənar edərək yerlərinə öz qohum-əqrəbasını tə’yin etdi. Görəsən bu iş onun öz istəyi, yoxsa onun Əməvi qəbiləsindən olan müşaviri Mərvanın təklifi ilə baş vermişdir? Allah bilir! Ancaq bir şey aydındır ki, iş başına gələnlər arasında dini, siyasi və iqtisadi təqvaya malik olmayan şəxslər də var idi.
Ötən bəhslərəmizdə İraqın cənub və şimalında məskunlaşmış ərəblər haqda söhbət açmışdıq. Ərəbistan yarmadasında müxtəlif ərəb tayfalarının və qəbilələrinin yaşaması barədə şərh verdik. Sinələri dolaşaraq yaddaşlara həkk olunmuş nəsəbnamələrə əsasən onlar iki dəstəyə - Ədnanilə və Qəhtaniyə - bölünmüşlər. Sonrakı dövrdə isə cənublular Yəmani, şimallılar isə Qeysi adlandırılmışlar. Qəbilələr arasında düşmənçilik və ixtilaf təbii bir hal sayılmış, bu düşmənçilik hələ islamın zühurundan bir neçə əsr qabaq da mövcud olmuşdur. Dinin yayılması, Peyğəmbər (s) tə’limləri xüsusilə o həzrətin göstərişi ilə ənsar ilə mühacir arasında qardaşlığın bərpa edilməsi, islami bərabərlik, tayfa üstünlüklərinin ləğv edilməsi sayəsində özünü öymə və fəxr etmə halları müvəqqəti də olsa aradan getdi. Ancaq zaman keçdikcə, xüsusilə, Qüreyş qəbiləsinin müsəlmanlara hakim olacağı aydın olduqdan sonra bu öyünmə və fəxr etmək yenidən dirçəldi. Lakin Ömərin hakimiyyətinin sadəliyi, səhabələrin güzəştə getməsi və ən başlıcası sərvət toplamağın rövnəqsiz olması da öyünməyə imkan vermirdi. Osmanın xilafətinin ikinci yarsında hər şey yeni rəngə boyandı. Bir tərəfdən əhali peyğəmbər zamanından və Əbu Bəkr dövrünün sadəliyindən uzaqlaşmalarından artıq iyirmi il ötmüşdü, digər tərəfdən isə Ömərin Qüreyşə qarşı olan sərt rəftarı yox idi. Başlıca məsələ budur ki, belə dövrlərdə rəhbərlik etmək hər əzab-əziyyətə qatlaşmaq, Allaha xatir məs’uliyyət hiss etmək tələb etdiyi bir halda təmtəraqlı və cah-cəlallı mənsəbə malik olmaq adi hala çevrilirdi ki, bunu da əldə etmək istəyənlər həddindən artıq çox idi. Bəni Saidə eyvanı altında Yəmani tayfasından sayılan Ənsarın xilafət barəsindəki öz iddialarını mühacirlərin xeyrinə geri götürmələrinə baxmayaraq, onların övladları və yeni müsəlman olmuşlar Misir, Bəsrə, Kufə və Şamın da hakimiyyətindən əl çəkib bütün bu şəhərlərin gəlirlərini Qeysi tayfasına təslim etməyə razı olmazdılar. (Ömərin vəfatından sonra islamda Qeysi ilə Yəmani arasındakı düşmənçilik yenidən baş qaldıraraq onun əhatə dairəsi daha da genişləndi. Bütün münaqişələrdə, Süffeyn, Nəhrəvan müharibələrində, Əməvilər və Abbasilər dövrünün müharibələrində də bu düşmənçiliyin acı tə’sirləri gözə çarpırdı. Hətta iş o yerə çatdı ki, Mö’təsimin hakimiyyəti zamanı türk hakimi islam hökumətində mühüm rol oynayaraq ərəbin siyasətə qarışmasına imkan vermədi).
Ömərin xilafəti zamanı başqa bir problem də yaranmışdı ki, bu məsələ onun sərt nəzarəti, bə’zi vaxtlar ədalətli rəftarı sayəsində çox nəzərə çarpmırdı. Onun acı nəticələri Osmanın xilafəti dövrü üzə çıxdı.
VƏZİFƏ SINAĞI
Bildiyimiz ki, islam dininin əsas ictimai prinsiplərindən biri də bərabərlik olmuşdur. Mədinə sazişi bağlanan gündən bəri qərara alındı ki, bir müsəlmanın hər hansı bir şəxslə bağladığı sazişə bütün müsəlmanların riayət etməsi vacib sayılsın. Peyğəmbər (s) dövründə ərəb dilində ərəblər kimi kamil surətdə danışmağı bacarmayan qaradərili Bilal Həbəşi müsəlmanların azan deyəni olmuşdur. O, qul övladı olmasına baxmayaraq islam qoşununa rəhbərlik etmiş, ənsar və mühacirdən olan böyük mənsəbli şəxslər onun başçılığı ilə döyüşə getmişlər. Dünənə qədər islam əleyhinə qılınc çalan şəxs Allahın təkliyinə və Məhəmməd (s)-ın peyğəmbərliyinə şəhadət verdikdən sonra ictimai hüquq nöqteyi nəzərdən ağır günlərdə Peyğəmbərə yardım göstərən ilk müsəlman olmuş şəxslərlə bərabər hüquqa malik olurdu.
Məkkə fəth olunan günün axşamı peyğəmbərin əmisi Abbas Əbu Süfyana sığınacaq verərək oun müsəlmanların düşərgəsinə gətirir. Həmin günün səhərisi Əbu Süfyan müsəlman oldu, canı və malı toxunulmaz sayıldı, hətta bir müddətdən sonra hakimiyyətə də yetişdi. Bu islam ədalətinin ən parlaq nümunəsi sayılır. Bu bərabərliyin başqa bir nümunəsini biz İran və Ərəb müharibəsində müşahidə edirik. Dediyimiz kimi, İran əhalisi hələ ərəblərə məğlub olmamışdın əvvəl islam dininə məftun olmuşdu. İranın fəthini asanlaşdıran əsas səbəb islamın bərabərliyi və müsavatı olmuşdur. Əgər dinə qarşı eşq və məhəbbət, həmçinin Sasani hökumətindən narazıçılıq hissləri olmasaydı kiçik bir qoşunun belə bir böyük imperiya üzərində qələbəsi bəlkə də mümkün olmazdı. Xatırlatdığımız kimi Mədinədə Peyğəmbər (s) mühacirlərlə (Ədnani) ənsar (Qəhtani) arasında qardaşlıq bərpa etdiyi gündən bəri bu iki dəstə arasındakı düşmənçilik və münaqişə birdəfəlik məhv oldu. Hətta Yəmanilər özlərini Ədnanilərlə bərabər səviyyədə nəzərə alır, yeri gəldikdə isə onları özlərindən üstün hesab edirdilər. Əgər bu güzəştli mərama hər iki tayfa riayət etmiş olsaydı, onların islami qardaşlığı davam edər və ya ən azı onlar arasındakı kin-küdurət atəşi yenidən alovlanmazdı. Ancaq belə davam etməyəcəyi təbii ki, mə’lum idi. Peyğəmbər (s)-ın vəfatından sonra Yəmanilər islamın inkişafında böyük rol oynadıqları üçün xilafət məqamını ələ keçirmək üçün baş qaldırdılar, hətta onlar bu vəzifəni şərikli surətdə idarə etməyə razı idilər. Lakin Əbu Bəkrin sözü, ələlxüsus o günkü durum onların iddiasına son qoydu.
Ömər özünün xilafəti zamanı bu iki tayfa arasında ədalətə riayət etməyə çalışırdı. Əgər bir şəhərə Yəmanilərdən hakim tə’yin etsəydi, digər şəhərə Ədnanilərdən göndərərdi. Osman xəlifə olanda Ömər kimi davranacağına və onun tə’yin etdiyi hakimləri işdən kənar etməyəcəyinə söz vermişdi. Lakin çox keçmədi ki, öz qohumlarını iş başına gətirərək mümkün qədər Yəmaniləri hakimiyyətdən uzaqlaşdırdı.
O, Yəmaniləri hakimiyyətdən uzaqlaşdırmaqla yanaşı bəni Uməyyədən savayı digər qəbilələrdən olanları da mühüm şəhərlərə hakim tə’yin etməzdi. Belə ki, Kufənin hakimi Sə’d ibni Əbi Vəqqası vəzifədən kənar edib yerinə Vəlid ibni Uqbəni tə’yin etmişdi. Yazılanlara əsasən hətta iş o yerə çatdı ki, bəni Uməyyədən olan bir nəfər Bəsrə şəhərinin hakimi Əbu Musa Əşə`rinin Yəmani olduğunu gördükdən sonra Osmanın yanına gedib dedi: Məgər sizin aranızda bir cavan yoxdurmu Bəsrəyə hakim gördərəsiniz? Bu qoca nə vaxtacan Bəsrədə qalacaq?
Peyğəmbər (s) sünnəsi, Əbu Bəkr və Ömərin davranışındakı baş vermiş bu dəyişikliklər müsəlmanların əksəriyyətini narahat edirdi. Xüsusilə də ərəb olmayan islam ədalətinə heyran olmuş yeni müsəlman olanları daha artıq narahat edirdi. Bunlar islamın şüarı olan bərabərliyin aradan getdiyini, Ərəblərin arasında layiq olmayan bir tayfanın hakimiyyəti əlinə keçirməsini müşahidə edirdilər. Qüreyşin müsəlmanların malını öz şəxsi mülkü hesab etmələri bu malı qanı bahasına, çətinliklərə qatlaşıb əldə etdikləri halda sahiblərindən alınma hallarına rast gəlirdilər. Cahiliyyət dövrünün öyünmə, fəxr etmə hallarının dirçəlməsi, xüsusi bir dəstənin xalqa zorla hakim olması halı müşahidə edilirdi.
İstər Mədinədə, istərsə də oradan xaricdə məzəmmətlər və tə’nələr eşidilməyə başladı. Nəhayət xəlifə vəziyyətin ağır olduğunu hiss etdi. Əgər xəlifənin xeyirxah və uzaqgörən müşavirləri olsaydı, bu problemlərin bə’zilərini həll etmək mümkün olardı. Lakin onun ətrafına toplaşanların gözünü qohumluq təəssübü tutmuşdu. Ona, yersiz bəxşiş və hədiyyələrin qarşısını almağı, gəliri ehiyacı olanlara paylamağı və Yəmaniləri də hakimiyyətə gətirməyi tövsiyə etmək yerinə, narazı insanların bir dəstəsini müharibə meydanlarına göndərməyi, oranın hakimlərinə onlara macal verməməyi tapşırırdılar. Xalq arasında böyük narazıçılığa səbəb olan bu kimi xoşagəlməz rəftarlar artıq çaxnaşmanın ilk zəminələri hazırlayırdı.
SƏRVƏT (MAL) SINAĞI
Peyğəmbər (s) Məkkədən Mədinəyə gələn zaman müsəlmançılıqda qabaqcıl olanların bir dəstəsi əliboş olmasına və hətta əyinlərində münasib paltar olmamasına baxmayaraq, o qədər vəfalı və güzəştə gedən insanlar olmuşlar ki, özləri yoxsul olduqları halda müsəlman qardaşlarını özlərindən üstün tutmuşlar. Sonradan ümumi vəziyyətləri yaxşılaşsa da öz həyat tərzlərini dəyişməmiş, peyğəmbər yaşayışını həmişə özlərinə nümunə götürüb onun kimi həyat sürmüşlər. Ömərin xilafəti dövründə müsəlmanların xəzinəsinə külli miqdarda gəlirin axmasına, əhaliyə müəyyən miqdarda məvacib tə’yin edilməsinə baxmayaraq, bir tərəfdən xəlifənin sadə həyat tərzi, digər tərəfdən də onun Qüreyşin böyüklərinə və dini ilk əvvəl qəbul edənlərə nəzarət etməsi onların külli miqdarda sərvət toplamalarına imkan vermirdi.
Lakin Osmanın dövründə bu davranış və rəftar da unuduldu. Qeyd etdiyimiz kimi, Osman mülayim təbiətli və qohum-əqrəbasını sevən bir adam idi. Əvvəlki xəlifələrdən fərqli olaraq xəzinəni xəlifənin şəxsi mülkü və malı saymış, onun harada və necə xərclənməsində özünü tam ixtiyar sahibi bilmişdir. Ümumi büdcədən yüksək miqdarda sərvətin ona-buna hədiyyə verilməsi yoxsulların qəzəbini artıraraq e’tiraz dalğalarının genişlənməsinə səbəb oldu.
Ömər məvacib paylanması üçün idarə təsis edən zaman, bir tərəfdən əskərlərin hüququnu onların neçə müharibədə iştirak etdiklərinə əsasən müəyyən edər, digər tərəfdən isə ənsarla mühacirləri başqalarından üstün tutardı. Demək olar ki, ilk dəfə bu addım vasitəsilə islami bərabərliyə zərbə dəydi. Lakin Ömər mə’nəvi şərəf sahiblərinə (dini ilk əvvəl qəbul edənlər) nəzarət edirdi ki, onlar həddindən artıq varlanıb sərvət üstünlüyünə sahib olmasınlar. Bacardıqca onların var-dövlətləri barədə hesabat aparırdı. Ömər vəfat etdikdən sonra Qüreyş rahat nəfəs almağa başlayıb yenidən sərvət toplamağa məşğul oldu. Bir müddət ötdükdən sonra əskərlər gördülər ki, onlar daim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri halda, bir dəstə adam Mədinədə xoşgüzəran keçirərək beytül-maldan yüksək məbləğdə məvacib alırlar. Həmçinin yeni müsəlman olmuşlar, onlardan yalnız bir neçə il qabaq müsəlman olduqlarına görə, ümumi büdcədən əlavə yardımlar da alırlar.
Hicri tarixinin 30-cu ilində Osman öz şəxsi fikrinə əsasən müsəlmanların xeyrinə ola biləcək bir addım atdı. Mədinə əhalisi onun bu işindən razı qalsa da sonrakı hadisələr göstərdi ki, zahirdə gözəl görünən bu iş çoxlu çətinliklər yaratdı və o zaman xəlifə və onun müşavirləri bu məsələyə diqqət yetirməmişdilər.
Ötən fəsillərdə işarə olunduğu və islam fiqhində də qeyd edildiyi kimi müsəlman olmayan ölkələr müsəlmanlarla barışıq (sülh) sazişi bağlamış olsalar onlardan vergi (cizyə) alınaraq xəzinəyə təhvil verilirdi. Lakin qoşunun döyüşərək əldə etdiyi ölkənin ərazisi fatehlər arasında bölünür.
Hicazdan kənarda yerləşən fəth olunmuş ərazilərin məhsulunu toplamaq müsəlmanlar üçün çətin idi. Onlar həmin ərazilərə şəxsən nəzarət etmək istəsəydilər və ya məhsulu toplamaq üçün oraya səfər etməli olsaydılar bu iş orada çoxlu sayda əhali toplaşmasına səbəb olardı.
Osman əhaliyə belə dedi: Mənim nəzərim budur ki, sizin payınızı özünüzə qaytarım, belə ki, hər kəs öz evində öz torpağına sahib olsun. Ondan bu işin necə mümkün olacağını soruşduqda belə dedi: Əskərləri çıxmaq şərti ilə bu torpaqların sahibləri öz ərazilərini Hicazda, Yəməndə və başqa yerlərdə əraziləri olanlarla dəyişdirə bilərlər. Mədinə əhalisi bu sözü eşitdikdə çox sevindilər və elə təsəvvür etdilər ki, onların üzünə xeyirli bir qapı açılmışdır. Çünki, belə olan halda hər bir kəs özünə yaxın olan ərazidə qalacaqdı. Beləliklə ərazilərin dəyişdirilməsi prosesi başlandı. Təlhə, Mərvan ibni Həkəm, Əşə’s ibni Qeys və başqaları öz torpaqlarını kiçik ərazi sahibləri ilə dəyişdirdilər və çox keçmədən Hicazda böyük torpaq sahibləri meydana gəldi. Onlar bir tərəfdən məhsuldar torpaqlardan kifayət qədər gəlir əldə edir, digər tərəfdən isə islamı ilk əvvəl qəbul etdiklərinə görə başqalarından çox məvacib alırdılar. Bundan əlavə onlar müntəzəm olaraq xəlifənin də verdiyi bəxşişlərə yiyələnirdilər.
Bu sərvət sahiblərinin adını yazmaq tarixçilərin vəzifəsi deyildir. Müsəlman cəmiyyətindəki bərabərliyi sarsıdan ən mühüm tə’sir və amili də nəzərdən qaçırmaq olmaz. Həmin amil bundan ibarət idi ki, bir dəstə müsəlman islamın ilk çağlarında Peyğəmbər (s)-la birgə olduqları və Ömərin xilafəti dövründə islam dinini ucaltmaq üçün rəşadət və vəfadarlıq nümunəsi göstərdikləri halda sonradan hər şeyi unutmağa başladılar. Həzrət Peyğəmbərin vəfatından sonra, Ömərin sərt rəftarından qurtaran kimi dünya onların gözündə ziynətləndi və nəfsani istəklər onlara qalib gəldi. Bunlar Allahı yaddan çıxartdılar, müsəlmanların malını öz şəxsi əmlakları hesab etdilər və hətta iş o yerə çatdı ki, hər tərəfdə e’tiraz səsləri eşidilməyə başlandı. Osmanın ilk on illik xilafəti dövründə bir tərəfdən əskərlər İran və Afrikadakı fəthlərlə məşğul olduqlarından, digər tərəfdən də bu təbəqə hələ tam surətdə formalaşmadığından bu narazıçılıqlar yalnız şikayət formasında bildirilirdi.
Xəlifə əgər qohumlarına qarşı məhəbbətini azaltsaydı, Ömər kimi Əməvilərlə Qüreyşin lovğalıqlarının qarşısını alsaydı, Mərvan kimilərin yerinə özünə təqvalı və bacarıqlı müşavirlər seçsəydi fitnə və alovu söndürmək bəlkə də mümkün olardı. Lakin tarixçilər heç də yersiz yerə Osmanın xilafətinin son illərini sınaq illəri adlandırmamışlar. Peyğəmbər (s)-ın səhabələri bu bir neçə ildə imtahan olundular və təəssüflər olsun ki, bu sınağın öhdəsindən yalnız kiçik bir dəstə gələ bildi. Peyğəmbər (s) dövrünün sadəliyini, bəzək-düzəksiz Ömər xilafətini görmüş zahid və təqvalı səhabə olan Əbuzər Ğəffari, sonradan müsəlman olmuş məxsus bir dəstənin cah-cəlallı yaşayışını gördükdə onlara irad tutmaya bilməzdi. O, belə deyərdi: Fəth edilmiş ərazilərdən əldə etdiyimiz mal-dövlət sizin şəxsi mülkünüz deyil, o bütün müsəlmanlara məxsusdur və dövlət xəzinəsinə verilməlidir. İslam dövləti üçün işləyən şəxslər xəzinədən öz ehtiyaclarını ödəyə biləcək miqdarda pul almalıdır, qalanı isə Allah yolunda xərclənməlidir. Əbuzər hamını Peyğəmbərlə və o həzrətin sadiq dostları ilə müqayisə edirdi. O imtahan zamanı (qiyamət) dindarların sayının az olmasını qəbul etmək istəmirdi. Qüreyş və Əməvilər onun bu iradlarına dözməyərək xəlifəyə şikayət edib dedilər: Əbuzər xalqı sənin əleyhinə üsyana qaldırır. Nəhayət xəlifənin tamahkar müşavirləri Əbuzərin sözlərinə əhəmiyyət verməyib öz işlərini davam etdirdilər. Əbuzər Şama sürgün edilsə də orada da Müaviyəni məzəmmət etməkdən çəkinmirdi. Buna görə də onu yenidən Mədinəyə, daha sonra Rəbəzəyə sürgün etdilər. Əbuzər uzun sürən məşəqqətlərdən sonra orada kimsəsiz və qərib halda vəfat etdi.
Xəlifənin müşavirlərinin tamahkarlıqları, Əməvilərin böyük şəhərlərdə etdikləri özbaşınalıqlar və beytül-malın şəxsi əmlak kimi tarac edilməsi əhalidə narazıçılıq yaradaraq e’tiraz dalğasını artırdı. İlkin narazılıqlar əskərlər tərəfindən başlandı. Deyirdilər: Mübarizə və ya sülhlə əldə olunmuş torpaqların gəliri bizə çatır. Lakin Osmanın tə’yin etdiyi hakimlər sülhlə əldə edilən torpaqları şəxsi mülkləri, fəth olunmuş əraziləri isə müştərək mal hesab edirdilər. Çoxlu sayda baş vermiş münaqişələrdən birini ibni Əsir belə qeyd edir: Kufə hakimi Sə’d ibni As bir gecə öz yaxın adamları ilə söhbət əsnasında dedi: Səvad (İraq ərazisi) Qüreyşin bostanıdır. Yəmani tayfasından olan Əştər Nəxə’i dedi: Bu ölkəni biz döyüşərək almışıq (qılınc gücünə), bura Qüreyşin bostanına necə çevrilə bilə? Əbdürrəhman Əsədi isə belə dedi: Əmirin üzünə ağ olursan, onun müqabilində söz deyirsən! Əştər yaxın adamlarına işarə etdikdən sonra, onlar Əbdürrəhmanın üstünə tökülüb o qədər vururlar ki, o, özündən gedərək qəşş edir. Bu tarixdən başlayaraq Yəmanilərlə Muzərilər arasında münaqişə yarandı.
Osmanın müşavirləri düzgün çıxış yolu tapmaqdansa, onu beytül-malı acgözlüklə qohum-əqrəba arasında bölüşdürməyə təhrik edir, yaxın qohumu olan əbu Muitə ailəsinin xalqa rəva gördükləri zülmlərin qarşısını almaqdansa, nadanlıqdan və ya bilərəkdən təqvalı insanları onun ətrafından uzaqlaşdırırdılar. Bə’ziləri peyğəmbər sünnəsini yaşatmaq üçün dinə olunmuş əlavələri (bid’ətələri) sıradan çıxarmaq məqsədi ilə xəlifəni nəsihət və ya məzəmmət edən zaman, Osmanı onları döyməyə, qovmağa və ya sürgün etdirməyə məcbur edirdilər. Onlar bu bəlanı, hətta ibni Məs’ud, Əbuzər və Əmmar Yasərlərin də başına gətirdilər. Xainlər ona məsləhət görürdülər ki, yeni ölkələr fəth etmək üçün əskərləri uzaq diyarlara göndərsin. Əli (ə) bir neçə dəfə xalqla onun arasında vasitəçilik etmiş, hər dəfə də Osman bu rüsvayçılıqlara son qoyacağına söz vermişdi. Lakin həmişə onun ətrafındakılar, xüsusilə də Mərvan ibni Həkəm bu işə mane olmuş və artıq e’tiraz dalğası uzaq sərhədlərdən keçərək içəriyə, (mərkəzə) təcavüz etmişdi.
Artıq narazılar dəstəsi Mədinəyə üz qoyub şikayətlərinə baxılmasını tələb edirdilər. Xəlifə onların şikayətinə baxacağına söz versə də, müşavirləri buna yol vermədilər. Çox keçmədi ki, bu narazılıqlar böyük bir iğtişaşa çevrildi. Bir dəstə adam bundan sonra çarə fikrinə düşsələr də artıq gec idi. Yazılanlara əsasən, misirlilər Osmanın dəyişiklik edəcəyi haqda verdiyi və’də ümidi ilə geri dönərkən yolda bir çaparla rastlaşırlar. Onun üst-başını yoxladıqda Osmanın Misirin hakiminə yazdığı məktubu tapırlar ki, orada bunların öldürülməsi əmri verilmişdi. Elə buna görə də iğtişaşçılar geri dönürlər. Görünür ilahi qəza belə imiş, bu hadisədən sonra islam xəlifəsi müsəlmanların əli ilə öldürüldü.
Təəccüblü burasıdır ki, Qüreyşdən və Əməvi tayfasından olan bir neçə əsilzadələr fitnə odunun haradan alovlanmasını bilmir və ya bilmək istəmirdilər. Müsəlmanların malını talan etmələri, ədalətsizlikləri, özlərini üstün tutmaları ilə sərhəd ərazilərdə yaşayan əhalinin mərkəzə hücum etməsi ilə nəticələnən prosesi qəbul etmək istəmirdilər. Osmanın ölməsini tayfa ixtilafları ilə əlaqələndirir, bəni Haşimin Üməyyə övladlarından intiqam almaları kimi qiymətləndirirdilər.
Osman iğtişaşçıların əli ilə qətlə yetirildikdən sonra onun qardaşı (anadan bir qardaş) Vəlid ibni Üqbə matəm mərasmində bəni Haşimə belə dedi:
Bəni Haşim! Bizdən nə istəyirsiniz?! Osmanın qılıncı sizin əlinizdədir!
Bəni Haşim! Bacı oğlunuzun silahını geri çəkin! Onu talan etməyin ki, bu sizə yaraşmaz!
Bəni Haşim! Bu necə mümkündür ki, biz əxlaqlı davrandığımız halda Osmanın zirehi və atları sizin yanınızdadır!
Əgər bir nəfər həyatı boyu içdiyi suyu unutsa belə, mən Osmanı və onun ölümünü unutmayacağam.
Bu məzmunda söylənmiş şe’rə diqqət yetirin, onu söyləyən dövrün xəlifəsi Osmanın qardaşı - özü də xəlifə tərəfindən Kufəyə hakim tə’yin olunmuş bir şəxsdir.
Peyğəmbərin (s) vəfatından bu zamana qədər 25 il keçmişdi. Ancaq Gördüyünüz kimi, islam dininin zühur edib yayıldığı bir məkanda, yə’ni Mədinə şəhərində müqəddəs ayinlər zahirdə müsəlman olan bir kişinin dili ilə necə məhv edilir.
Bu beytlərdə Osmanın nə səbəbə öldürülməsi haqda heç bir mə’lumat verilmir. Görəsən onun öldürlməsi ədalətsiz bir iş idi, yoxsa həqiqət? Görəsən o, qətlə yetirilən gün peyğəmbər sünnəsinə və özündən əvvəlki xəlifələrin rəftarına sadiq idi yoxsa yox? Göründüyü kimi, onlar qiyamçıların xəlifəyə nə üçün hücum edib onu öldürməsini soruşmurlar və ictimai fikri yayındırmaq üçün yalnız Üməyyə ilə Haşim övladları arasında olan keçmiş ixtilafı xatırlayırlar.
Osmanın ölümündə Haşimilərin bir başa və ya dolayı yolla da iştirakı olsaydı, bu sözləri yenə də üzürlü hesab etmək olardı. Lakin o açıq-aşkar töhmət vuraraq müqəssirlərin həzrət Əlinin evində və ya ətrafında olmasını iddia edir!
Bildiyiniz kimi, Osmanın ağır günlərində Əli (ə) onu himayə etmiş və onların iddiasının əksinə olaraq heç də onun əleyhinə döyüşə qalxmamış, qiyamçılara heç bir köməklik göstərməmişdir. Bu töhmət Əməvilərin qəlbində bəni Haşimə qarşı dərin kök salmış tarixi nifrətdən başqa bir şey deyildir. Çünki Peyğəmbər (s) Üməyyə övladlarından deyil, yalnız bu qəbilədən çıxmışdır. Onlar Osmanın ölümündən sonra xəlifənin bəni Haşim tayfasından seçilməsinə davam gətirə bilməzdilər. Burada sadəcə olaraq bir söz deyə bilərik ki, bə’zi qəbilə və tayfa başçıları digər qəbilərlə olan düşmənçiliklərini də unutmamışdılar. Yalnız müvəqqəti olaraq başları ayrı işə qarışdığından ona çox əhəmiyyət vermirdilər, fürsət tapan kimi yenidən keçmiş adət-ən’ənələrinə qayıdırdılar.
Osman öz xilafəti dövründə bə’zi mühüm işlər də görmüşdür. O işlərdən biri də Qur’anın tilavətində müxtəlifliyin mövcud olması ilə ilahi kəlamın azalıb-artmasının qarşısını almaq üçün Əbu Bəkr zamanı yazılmış Qur’an səhifələrini Ömərin qızı Həfsədən alıb onun bir neçə nüsxəsini köçürməsi olmuşdur. Bu Qur’anları mühüm sayılan islam şəhərlərinə göndərdikdən sonra yerdə qalan Qur’anları yandırdılar.
Osmanın xilafəti zamanı Müaviyə böyük dəniz qoşunu təşkil edərək Kipr adasına hücum etdi. Sonra isə Konstantinopolu ələ keçirmək fikrinə düşdü ki, buna nail ola bilmədi.
ƏLİ (Ə)-IN XİLAFƏTİ
Vəziyyət sakitləşdikdən və qiyamçılar işlərini sona çatdırdıqdan sonra Mədinə əhalisi müsəlmanların başsız qaldığına nəzər yetirib xalqa xəlifə tə’yin edilməsini düşündülər. Peyğəmbərin səhabələrindən bə’ziləri. o cümlədən Təlhə və Zübeyr hakim olmaq sevdası ilə yaşayırdılar. Lakin bütün işləri öz əllərində mərkəzləşdirən qiyamçılar onların rəhbər olmasına tərəfdar deyildilər. Müsəlmanların əksəriyyətinin, xüsusilə Mədinə əhalisinin (mühacir və ənsar) diqqəti Əli (ə)-a tərəf yönəlmişdi. Bə’zi tarixçilər yazırlar ki, elə həmin gün Əlidən (ə) xilafəti qəbul etməsini istəyib onunla bey’ət etdilər. Ancaq bə’zilərinin dediyinə görə, gediş-gəliş və danışıqlar üç gün çəkdi. Hər halda xalq Əliyə (ə) bey’ət etdikdən sonra o həzrət müsəlmanların imamı tə’yin olundu. Lakin Peyğəmbərin (s) vəfatından 25 il keçdikdən sonra ictimai baxımdan ədalətin icrası üçün münasib bir şərait yox idi. O həzrət qarşılaşacağı problemlərdən xəbərdar idi və ona görə də xilafəti qəbul etməyərək belə deyirdi: Məndən əl çəkin, bu məs’uliyyəti başqasının öhdəsinə qoyun.
Əmirəl-mö’minin (ə) geniş əraziyə malik bir ölkə, müxtəlif soylardan olan xalqlar, küncdə-bucaqda fürsət güdən iddiaçılar, ən başlıcası isə Mədinənin daxilində xilafəti əldə etmək istəyənlərlə üz-üzə durmuşdu. Peyğəmbər (s)-ın şəriəti, bə’zi səhabələrin əxlaqi rəftarları bu 25 il ərzində alt-üst edilmişdi. O, bu dəyişiklikləri aradan qaldırmalı, məhvə doğru gedən peyğəmbər sünnəsini dirçəltməli idi. İllər boyu sərvət toplamaq və özünə qulluq etməklə məşğul olanlar, bə’zi üstünlüklər əldə edənlər, Hicazın və islam ərazilərinin siyasi idarəsini əllərində mərkəzləşdirənlər yenidən sadəlik, bərabərlik və ədalət tələb edən həyat tərzinə qayıtmaq istəmirdilər. Onlar ifrat dərəcədə səxavətli və tələbkar olmayan müvafiq xəlifə istəyirdilər. Aydındır ki, Əli (ə) islamı öz həqiqi mehvərinə qaytarmaq istəyirdi, lakin bu iş heç də Hicaz dövlətlilərinin ürəyincə deyildi. Çünki o, beytül-malın bölünməsində hamıya bir gözlə baxırdı. Artıq 25 il ərzində məxsus yaşayışa alışmış adamlar üçün bu üslub həddindən artıq çətin və xoşagəlməz sayılırdı.
Əmirəl-mö’minin (ə) bey’ət sona çatdıqdan sonra öz nümayəndələrini islam əyalətlərinə yolladı. Osman ibni Huneyfi Bəsrəyə, Əmmarət ibni Şəhabı Kufəyə, Abdullah ibni Abbası Yəmənə, Qeys ibni Sə’d ibni Ubadəni, ondan sonra Məhəmməd ibni Əbu Bəkri, ondan sonra isə Malik Əştəri Misirə yolladı. Səhl ibn Huneyfi isə Şama vali tə’yin etdi. Bu valilərin heç biri öz işlərində lazımi müvəffəqiyyət əldə edə bilmədilər, çünki bütün şəhərlərdə ikitirəlik meydana gəlmişdi. Qeyd etdiyimiz kimi, bu ixtilafları Osmanın tərəfdarları vücuda gətirmişdilər. Osmanın iş üslubundan narazı olanlar Əli (ə)-ın göndərdiyi hakimlərdən razı olsalar da, Əməvi tərəfdarları, bir sözlə Qüreyşə bağlı olanlar İmamın valiləri ilə münaqişə yaradırdılar. Hətta onların bə’zələrini Müaviyənin adamları qətlə yetirdilər.
Təlhə və Zübeyr Kufə ilə Bəsrə şəhərlərinə hakim olmaq, xilafət işlərində başçılıq etmək arzusunda idilər, lakin Əli (ə) müsbət cavab vermədiyindən onlar Mədinədən getmək üçün icazə istədilər.
Müaviyə çoxdan idi ki, Şamda hakimiyyətini möhkəmləndirmişdi. Ağır günlərdə Osmana yardım etmək əvəzinə onu tənha qoydu, qətlə yetirildikdən sonra onu məzlum xəlifə adlandıraraq qisasını almaq üçün ayağa qalxdı. O, yaxşı bilirdi ki, xalqa Əli (ə)-ı Osmanın qatili kimi təqdim edə bilməyəcək, çünki müsəlmanlar o həzrətin imanına, sədaqətinə və təqvasına yaxşı bələd idilər. Müaviyə mühacir və ənsarın onunla bey’ət etdiklərini gördükdən sonra aşkar şəkildə vəzifədən əl çəkmək istəmirdi, digər tərəfdən də səbəbsiz olaraq açıq müxalifətə cür’ət etmirdi. Ona görə də zahirdə ehtiram əlaməti olaraq o həzrətə məktub yazır ki, Osmanın qatilləri sənin yanındadır, onları cəzalandırmaq üçün buraya göndərsən şəhərin hakimiyyətini istədiyin şəxsə təhvil verməyə hazıram.
Peyğəmbər zövcəsi Aişə Osmanın qatı müxaliflərindən idi. Xalqın Əli (ə)-la bey’ət etməsini eşitdikdə narazıçılığını bildirib Osmanı məzlum adlandırdı. İlk baxışdan, narazı insanların dünən bey’ət etdikləri xəlifə ilə üz-üzə duracaqları və işlərində ciddi olacaqları təsəvvür edilmirdi. Lakin Təlhə, Zübeyr və Əməvilərin bir neçəsi Əlinin (ə) ədalətindən təngə gələrək Aişəni də özləri ilə birgə Bəsrəyə apardılar və orada döyüş üçün hazırlıq görməyə başladılar. Bunların Bəsrəyə toplanması mərkəz üçün təhlükə sayılırdı. Xəlifə Hicazdan İraqa yollandı, müxalifləri danışıq yolu ilə özünə tabe etməyə çalışsa da bu iş mümkün olmadı, nəticədə iki dəstə arasında döyüş baş verdi. Düzdür müharibənin sonu xəlifənin qələbəsi ilə qurtardı, lakin bu müsəlmanlar arasında baş verən ilk daxili müharibə oldu. Rəddə müharibələrindən (mürtədlərlə döyüş) bu günə qədər ərəblər hər zaman ərəblər yaşamayan ölkələrdə müsəlman olmayanlarla vuruşmuşdular. Müharibə qurtardıqdan sonra Bəsrədə müvəqqəti sabitlik bərpa edildi. Əli (ə) böyük şəhərlərə öz nümayəndələrini göndərdi. Cəməl müharibəsində tamaşaçı rolu oynayan Müaviyə yavaş-yavaş tədarük görürdü. O, bir tərəfdən Rum imperiyası ilə sülh sazişi bağlamış, digər tərəfdən isə qüvvə toplamağa məşğul idi. Cəməl müharibəsindən sonra Şamla İraqın vəziyyətini diqqətlə araşdırmaq lazımdır. Qeyd edildiyi kimi, bu müharibədə on min nəfər həlak olmuşdu. Bu qədər döyüşçü qüvvəsinin azalması (bütövlükdə İraq sakinlərindən ibarət olmuşdur) əhalinin iqtisadi vəziyyətinə də böyük tə’sir göstərmişdi. Bunun əksinə olaraq Müaviyə isə rifah içində yaşayan müsəlman və xristinlara hakim idi. Əli (ə)-ın qoşunun tərkib hissəsi Kufə və bir sıra Bəsrə əhlisindən təşkil olunmuşdu. Bunlar islam müharibələri zamanı Hicaz səhralarından bu iki şəhərə yollanmış insanlar idi. Bu əhalinin əksəriyyətində islam tərbiyəsi və dini nizam-intizam tə’sir qoymamışdı. Şam əhalisindəki birlik və vəhdətdən fərqli olaraq İraq əhalisində hər cəhətdən müxtəliflik nəzərə çarpırdı. Bu xüsusiyyətlərə malik olan insanları qayda-qanuna tabe etmək həddindən artıq çətin idi. Bu məntəqə sakinlərinin müxtəlif əhval-ruhiyyədə olmaları barədə biz İmamın söylədiyi xütbələrdə rastlaşırıq. Hər halda Müaviyə böyük bir qoşun toplayaraq Osmanın qisasını almaq bəhanəsi ilə İraqa tərəf üz tutdu. Süffeyn səhrasında Şam qoşunu ilə İraq qoşunu üzləşdilər. Müharibənin son günlərində İraq qoşunlarının qələbəsi tam qətiləşəndən sonra Müaviyənin müşaviri Əmr As hiyləyə əl atdı. Şamlılara Qur’anları nizələrə taxıb İraq qoşununu ilahi hökmə tərəf çağırmağı tapşırdı. Əli (ə)-ın qoşununda olan bir neçə münafiq bu təklifi qəbul etdilər. O həzrət onlara bunun Müaviyənin öz xilası üçün əl atdığı hiylədən ibarət olduğunu nə qədər başa salsa da qəbul etməyərək dedilər: Əgər şamlıların təklifini qəbul etməsən səni öldürəcəyik. Əli (ə) məcburiyyət qarşısında qalıb onların təklifini qəbul etdi. Nəhayət növbə hər iki tərəfdən hakim tə’yin edilməsinə yetişdi. Bu iki hakim Dumətul-Cəndələ getməli, ilahi kitaba və peyğəmbər sünnəsinə əsasən Əli (ə)-la Müaviyənin hansı birinin müsəlmanlara layiqli rəhbər olmasını seçməli idilər!
Mə’lumdur ki, Şamın hakimi Əmr ibni Ası, Əli (ə) isə əmisi oğlu Abdullah ibni Abbası hakim seçmək istəyirdi, lakin elə həmin İraqlı münafiqlər nə Abdullahın, nə də başqa layiqli bir şəxsin hakim seçilməsinə razı olmadılar. Bu iş üçün Əli (ə)-ı sevməyən, Bəsrə döyüşündə iştirak etməyən sadəlöhv bir şəxsin - Əbu Musa Əşə’rinin adını çəkdilər. Onlar öz sözlərini Əli (ə)-a məcburi qəbul etdirdilər. Bu hakimliyin nəticəsində Şamın nümayəndəsi İraq nümayəndəsinə qalib gəldi. Bu iki nəfər əvvəlcə qərara aldılar ki, Əli (ə)-la Müaviyə xilafətdən kənar edilsin və müsəlmanlar özlərinə yenidən xəlifə seçsinlər. Nəzərdə tutulmuş gündə öz rəylərini elan etmək istəyən zaman Əmr As Əbu Musadan istəyir ki, minbərə birinci o çıxıb öz qərarını söyləsin. Əbu Musa minbərə çıxdıqdan sonra barmağındakı üzüyü çıxararaq belə dedi: Mən bu üzüyü barmağımdan çıxartdığım kimi Əli və Müaviyəni də xilafətdən kənar etdim. Ondan sonra növbə Əmr Asa yetişdi. O, dedi: Mən də Əlini o deyən kimi xilafətdən kənar etdim, əvəzində isə Müaviyəni xilafətə seçdim. Əbu Musa hirslənib dedi: Axı bu bizim qərarımızın əksidir, lakin artıq gec idi və iş-işdən keçmişdi. İraqlılar elə buradaca şamlılara aldandıqlarını anlayaraq Əli (ə)-dan Müaviyə ilə döyüşə hazır olmağı tələb etdilər. O həzrət isə belə buyurdu: Biz şamlılarla bir il döyüşməyəcəyimiz haqda müqavilə bağlamışıq. Gizlində Müaviyə ilə əlaqədə olan bu münafiqlər, bir dəstə təqvalı lakin sadəlövh müsəlmanı Əli (ə)-la Müaviyəni Allah dinində hakim seçmələrinin nahaqq olduğuna görə müxalifətə qaldırdılar. Onlar “Hakimlik yalnız Allaha məxsusdur, Əlinin və başqalarının ona qarışmağa haqqı yoxdur” deyirdilər. İlk baxışdan çox da əhəmiyyət kəsb etməyən bu söz sonradan böyük bir fitnənin yaranmasına səbəb oldu. Bir dəstə adam Əli (ə) tabe olmaqdan boyun qaçırıb dedilər: Allah dinində hakim tə’yin etməklə kafir olmusan, gərək tövbə edəsən və biz ondan sonra sənə tabe olarıq! Əli (ə) dəfələrlə onlara nəsihət verdi, lakin faydası olmadı. İddiaçılardan bir dəstəsi geri dönüb Müaviyəyə qoşuldu, başqa bir dəstə isə Nəhrəvan adlı yerdə toplaşaraq dedilər: Əli (ə) Şama yollanan zaman biz Kufəyə hücum edərik. Əli (ə) məcbur olub onlarla döyüşdü. Bu artıq, müsəlmanların üçüncü daxili müharibəsi idi. Bunlar islam tarixində “xəvaric” (xaric olmuşlar) adlanmışlar. Xəvaric həddini o qədər aşmışdı ki, hətta Əli (ə) minbərdə Qur’an oxuyan zaman yerdən qalxıb onun sözünü kəsər və deyərdilər ki, sən Allah dinində hakim tə’yin etməklə müşrik olmusan və sənin müşrikliyin parlaq keçmişini məhv edib.
Dəfələrlə Qeyd etdiyimiz kimi, o dövrdə siyasi və məzhəbi dəstələr öz iddialarını sübuta yetirmək və düşməni məğlub etmək üçün Qur’an ayələrinin yalnız zahiri mə’naları ilə kifayətlənirdilər. Əli (ə) Abdullah ibni Abbası xavəricin yanına danışığa göndərəndə belə buyurdu: Onlar üçün Qur’andan dəlil gətirmə, çünki ayələrin müxtəlif mə’naları vardır, Peyğəmbər hədislərindən istifadə et!
Xəvaric (onlar Mariqin də adlanmışlar) islam tarixində çox acı keçmişə malik olmuş və eyni zamanda bu dinə həddindən artıq ağır zərbələr vurmuş siyasi-əqidəvi bir firqədir. İslam tarixi, kəlam və fiqh elminin bir bölümünü xəvariclər özləri üçün ixtisas vermişlər. Gördüyünüz kimi, onlar digər siyasi dəstələr kimi başlanğıcda məhdud bir məsələyə toxunurdular, lakin sonradan başqa siyasi firqələr kimi fikir öz əməl dairəsini genişləndirərək bir çox e’tiqadi məsələləri də irəli sürdülər.
Xəvaric o qədər qorxunc bir məslək olmuşdur ki, hər iki məzhəb (şiə və sünni) peyğəmbərdən onlar barəsində və Nəhrəvan döyüşündə onlara rəhbərlik edən şəxsin haqqında çoxlu sayda hədislər nəql etmişlər

 

 

  512
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment