Azəri
Tuesday 21st of May 2019
  601
  0
  0

Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamaz

101. Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.
102. Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən, onların çoxunu olduqca itaətsiz gördük.
103. O zaman onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı Öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə, onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!
104. Və Musa dedi: «Ey Firon, həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.
105. Allah barəsində yalnız haqqı  deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsil vətənləri olan Beytül-Müqəddəsə) göndər».
106. Firon dedi: «Əgər bir ayə və nişanə gətirmisənsə və doğruçulardansansa onda, onu gətir (və göstər)».
107. Beləliklə, Musa öz əsasını atdı və o, dərhal aşkar bir əcdaha oldu.
108. Və əlini (qoltuğunun altından və ya yaxasından) çıxartdı və o, baxanlar üçün ağ və parlaq oldu.
109. Fironun qövmünün başçı və böyükləri (bir-birlərinə) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır.
110. Sizi öz torpağınızdan çıxarmaq istəyir. Belə isə rəy və nəzəriniz nədir?»
111. (Firona) dedilər: «Onu(n) və qardaşını(n işini) saxla və şəhərlərə toplayıcı məmurlar göndər
112. ki, hər bir bilikli sehrbazı sənin yanına gətirsinlər».
113. Və sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»
114. Dedi: «Bəli, şübhəsiz, (saray sahibinə) yaxınlardan olacaqsınız».
115. (Sehrbazlar) dedilər: «Ey Musa, ya sən (öz cadugərlik vasitələrini) at, ya da biz ataq».
116. Dedi: «Siz atın». Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.
117. Və Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əcdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.
118. Beləliklə, haqq yerini aldı və onların etdikləri (onların sehri) puç oldu.
119. Beləliklə, (fironçuların hamısı) orada məğlub oldular və xar olaraq alçaldılar.
120. Və sehrbazlar (ixtiyarsız olaraq) səcdəyə düşdülər.
121. Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik.
122. Musa və Harunun Rəbbinə!»
123. Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!
124. Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam».
125. Dedilər: «(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).
126. Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyib və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür».
127. Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq  və biz onlara hakimik».
128. Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz, yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».
129. Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın».
130. Və həqiqətən, fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər.
131. Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.
132. Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik».
133. Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.
134. Və onlara (hər dəfə) əzab nazil olanda, (belə) deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik».
135. Beləliklə, elə ki, əzabı yetişməli olduqları müddətədək onlardan dəf edirdik, onlar yenə də əhd-peymanı pozurdular.
136. Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər.
137. Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.
138. Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.
139. Həqiqətən, bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».
140. Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»
141. Və (yada salın) o zaman(ı) ki, sizi, sizə ağır işkəncə verən fironçulardan xilas etdik. Onlar oğullarınızı rəhmsizcəsinə öldürür, qadınlarınızı (havayı işlətmək üçün) diri saxlayırdılar və bunda (bu işdə sizin üçün) Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
142. Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».
143. Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».
144. (Allah) buyurdu: «Ey Musa! Mən səni Öz risalət və tapşırıqlarımla (onların yerinə yetirilməsi ilə) və (səninlə) danışmağımla bütün insanlardan seçdim (üstün etdim). Buna görə də, sənə verdiyimi götür və şükr edənlərdən ol».
145. Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə  onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə, sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm».
146. Tezliklə, yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir.
147. Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!
148. Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov –  buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını və onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri və bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.
149. Və elə ki, özlərinə gəlib çox peşman oldular və doğrudan da azdıqlarını gördülər «həqiqətən, əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.
150. Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və (Tövratın) lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən, bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma».

  601
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment