Azəri
Tuesday 23rd of July 2019
  643
  0
  0

. Əraf surəsi

Qurani-Kərimin
Azərbaycan dilinə tərcümə və şərhi

7. Əraf surəsi

(Məkkədə nazil olmuşdur, iki yüz altı ayədir)


Bağışlayan və mehriban Allahın adı ilə
1. Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
2. (Bu Quran) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.
3. Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.
4. Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
5. Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.
6. Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» – deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» – deyə) soruşacağıq.
7. Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.
8. Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
9. Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!
10. Həqiqətən, sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.
11. Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan ) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin». Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
12. Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
13. Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz, sən alçaq və xar edilmişlərdənsən».
14. Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
15. Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».
16. Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».
17. «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
18. Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz, onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
19. Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsil Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
20. Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir».
21. Və o ikisinə təkidlə and içdi ki, «həqiqətən, mən sizin xeyrinizi istəyənlərdənəm».
22. Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən, Şeytan sizin açıq-aşkar düşməninizdir?!»
23. Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq».
24. Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)».
25. Buyurdu: «Orada yaşayacaq, orada öləcək və (axirət günü) oradan çıxarılacaqsınız».
26. «Ey Adəm övladları, şübhəsiz, sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.
27. «Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı – belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı – kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik».
28. Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»
29. De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).
30. (Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.
31. Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.
32. De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.
33. De: «Həqiqətən, mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».
34. Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər.
35. (Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz cinsinizdən) sizə Mənim ayə və nişanələrimi oxuyan  peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar».
36. Bizim ayələrimizi təkzib edən və onları qəbul etməkdə təkəbbürlük göstərənlər isə od əhlidirlər ki, orada əbədi qalacaqlar.
37. Odur ki, kim Allaha yalan nisbət verəndən, yaxud Onun ayə və nişanələrini təkzib edəndən daha zalımdır?! Allah tərəfindən (ömür, ruzi və övlad kimi) yazılmış və qərara alınmış payları (dünyada) onlara çatacaq. Nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələn zaman «haradadır Allahın yerinə çağırdıqlarınız?» deyəcəklər. Onlar, «hamısı bizim gözümüzdən itdilər» deyəcək və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.
38. (Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».
39. Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə də əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.
40. Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
41. Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin ondan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.
42. İman gətirib yaxşı  işlər görənlər –  (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.
43. Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr  Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər». Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də)  əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
44. Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?» (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»
45. O kəslərə ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər.
46. O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ərafın üstündə  hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.
47. Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».
48. Və Ərafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»
49. (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız».
50. Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən, Allah bu ikisini kafirlərə haram etmişdir».

  643
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment