Azəri
Tuesday 19th of March 2019
  465
  0
  0

Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.

101. Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.
102. Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.
103. Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.
104. Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
105. Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan». Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
106. Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Və müşriklərdən üz döndər.
107. Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
108. Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə, (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
109. Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən, möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddia edənin öhdəsindədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
110. Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.
111. Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
112. Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
113. (İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
114. (Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
115. Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
116. Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
117. Həqiqətən, Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
118. Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
119. Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz, (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən, sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
120. Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
121. (Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
122. Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.
123. Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
124. Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
125. Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
126. Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.
127. Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
128. Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən, sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin)». 
129. Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
130. (Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
131. Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
132. Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.
133. Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.
134. Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).
135. De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
136. (Müşriklər) Allahın yaratdığı şeylərdən – əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.
137. Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
138. Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır». Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.
139. Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.
140. Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.
141. Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir. 
142. Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
143. Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin».
144. Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: «Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz».
145. De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır».
146. Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini – bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla – haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən, doğru danışanıq.
147. Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
148. Müşriklər tezliklə «əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!» deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: «Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız». (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)
149. De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz)».
150. De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma».

  465
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...
      ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? Ayəsinin təfsiri ...

 
user comment