Azəri
Tuesday 26th of March 2019
  521
  0
  0

Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!

51. Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!     
52. Onlardır Allahın lənət etdiyi (Öz rəhmətindən uzaqlaşdırdığı) kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən.
53. Məgər onların (Tövrat və İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik və hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal və məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər də olsun (bir şey) verməzdilər!
54. Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik.
55. Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə (s)) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir.
56. Şübhəsiz, ayələrimizi (Quranı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.
57. İman gətirib yaxşı işlər görən kəsləri tezliklə (qəsrlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik. Onlar orada həmişəlik və əbədi qalarlar. Onlar üçün orada (qadınlara xas aybaşıdan, pis əxlaq və əməldən, cismani eyiblərdən) pak zövcələr vardır və onları geniş və sabit kölgə altına daxil edərik.
58. Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə və dava-dalaş barəsində və ya şəxslər və hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən, Allah həmişə eşidən və görəndir.
59. Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir.
60. Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
61. Onlara «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin» deyildikdə, münafiqlərin səndən tam üz döndərmələrini və başqalarını da saxlamalarını görərsən.
62. Belə isə, öz əlləri ilə etdiklərinin cəzası olaraq onlara bir müsibət gələn zaman (onların üzrxahlıq və rüsvayçılıqları) necə olacaq? Sənin yanına gələrək Allaha and içirlər ki, bizim (kafirlərin yanına mühakiməyə getməkdə) yaxşılıqdan və (iki tərəf arasında) barışıq yaratmaqdan başqa bir məqsədimiz yox idi!
63. Allah onların qəlblərindəkini (ikiüzlülük və düşmənçiliyi) bilir. Buna görə də onlardan üz çevir (mübarizə və döyüş fikrində olma), onlara nəsihət ver və yetərli və canlarına təsir edən söz de.
64. Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz, Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
65. Amma belə deyildir (onların imanları yoxdur). Sənin Rəbbinə and olsun ki, onlar aralarındakı ixtilaflarda səni hakim etməyincə, sonra isə sənin verdiyin hökmə görə özlərində heç bir sıxıntı və narahatlıq duymayıb tamamilə təslim olmayınca iman gətirməzlər.
66. Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün və ya öz vətən və evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz, bu, onlar üçün daha yaxşı və imanın sabitliyi və ruhun güclənməsi baxımından daha möhkəm olardı.
67. Onda Biz də mütləq onlara Öz tərəfimizdən böyük bir mükafat əta edərdik.
68. Və şübhəsiz, onları (etiqad, əxlaq və əməldə) doğru yola hidayət edərdik. 
69. Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla –  birlikdədirlər. Onlar gözəl dostlardır. 
70. (Həmin şəxslərlə) bu (dostluq) Allah tərəfindən olan bir əta və bəxşişdir. Allahın (hər kəsin layiq olduğu dərəcəni və ona münasib olan savabı) bilməsi kifayətdir.
71. Ey iman gətirənlər, (din düşmənləri qarşısında) öz hazırlığınızı qoruyaraq silahlarınızı götürün. Beləliklə (şəraitə uyğun olaraq) dəstə-dəstə və ya hamılıqla hərəkət edin və köçün. 
72. Şübhəsiz, sizin aranızda (cihada yola düşməkdə) ağır tərpənən (və başqalarını da ağır tərpənməyə vadar edən), beləliklə sizə bir müsibət üz verdikdə «Allah mənə lütf və kömək etdi ki, orada onlarla birgə olmadım» deyən də var.
73. Və əgər sizə Allah tərəfindən (qələbə və qənimət kimi) bir lütf və mərhəmət gəlsə, o, sizinlə onun arasında əsla bir dostluq və məhəbbət olmamış (və sizinlə birgə döyüşdə iştirak edə bilməzmiş) kimi deyər: «Kaş mən də onlarla birgə olub böyük bir feyzə nail olaydım!»
74. Odur ki, gərək dünya həyatını axirətə satan kəslər Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşaraq öldürülsə, yaxud qalib gəlsə, tezliklə ona böyük bir mükafat əta edəcəyik.
75. Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) – həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!
76. İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz, Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir müqabilində) zəifdir.
77. Məgər (cihad hökmündən qabaq Məkkədə) «(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən (lakin döyüşə tələsən), amma (Mədinədə) döyüş yazılan və qərara alınan zaman, bir dəstəsi insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxan və «ey Rəbbimiz, nə üçün bizə döyüş qərara aldın (yazdın)? Nə üçün bizə azacıq bir möhlət vermədin?» deyən kəsləri görmədinmi?! De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir».
78. Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindədir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindədir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?
79. (Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır). (Ey Peyğəmbər,) Biz səni insanlara elçi olaraq göndərdik. Allahın (sənin peyğəmbərliyinə) şahid olması kifayətdir.
80. Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
81. Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.
82. Bəs məgər onlar bu Quranın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.
83. Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz, onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız.
84. Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri də (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla və zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla və daha ağır cəza verəndir.
85. Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.
86. Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır. 
87. Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!
88. Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.
89. (Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə, əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.
90. Sizinlə aralarında əhd-peyman olan bir dəstəyə birləşənlər və ya sinələri sizinlə, yaxud öz tayfaları ilə vuruşmaqdan təngə gəlmiş halda sizin yanınıza gələnlər (bu hökmdən) müstəsnadırlar. Əgər Allah istəsəydi, şübhəsiz, onları sizin üstünüzə salar və onlar mütləq sizinlə vuruşardılar. Buna görə də əgər sizdən uzaqlaşsalar, sizinlə vuruşmaq istəməsələr və sülh təklifi versələr, onda Allah sizin üçün onlara qarşı (onlara hücum etməyə) bir yol qoymamışdır. 
91. Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə və müsəlmanlarla döyüşə çağırılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr və sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır.
92. Heç bir möminə səhv və xəta (tamamilə xəta üzündən baş verən və ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz (və bu həm ağıl, həm də şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli və öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü də mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir (və qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh və ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli və mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən və hikmət sahibidir.
93. Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər, onu Öz rəhmətindən uzaqlaşdırar və onun üçün böyük bir əzab hazırlayar.
94. Ey iman gətirənlər, Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətlə araşdırma aparın və sizə salam verən və zahirdə İslama mənsubiyyət bildirən şəxsə, dünya həyatının mənfəətini əldə etmək istəyərək (bu bəhanə ilə onu öldürmək üçün) «sən mömin deyilsən» deməyin, halbuki, Allah yanında çoxlu qənimətlər vardır. Bundan qabaq siz də, Allah (həqiqi imanla) sizin boynunuza haqq qoyana kimi elə idiniz (dildə iman gətirdiyinizi bildirir və həmçinin dünya mənfəəti üçün adam öldürürdünüz). Buna görə də gərək araşdırma aparasınız. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
95. Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli müqabilində) yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,
96. Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır.

  521
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment