Azəri
Tuesday 26th of March 2019
  565
  0
  0

. Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qurana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi

101. Onlara (yəhudi və xristianlara) Allah tərəfindən əllərində olanı (Tövrat və İncili) təsdiq edən bir peyğəmbər gəldikdə, onlardan kitab (elmi) verilmiş bir dəstə Allahın kitabına (Qurana və ya öz kitablarına, onun Allahın kitabı olmasını) bilmirmiş kimi arxa çevirdi.
102. (Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə – Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!
103. Əgər onlar iman gətirsəydilər və təqvalı olsaydılar (Allahdan qorxsaydılar) əlbəttə ki, Allah tərəfindən olan savab daha yaxşı olardı, əgər bilsəydilər!
104. Ey iman gətirənlər! (Peyğəmbərə xitab edərkən) «raina» (bizi riayət elə) deməyin, «unzurna» (bizə nəzər sal) deyin (çünki, birinci ifadə yəhudilərin yanında nifrin mənasınadır) və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı bir əzab vardır.
105. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər Rəbbiniz tərəfindən sizə (vəhy, kitab və qələbə kimi) bir xeyir nazil olmasını sevmirlər, halbuki Allah Öz rəhmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf, mərhəmət sahibidir.
106. Hər hansı bir nişanəni aradan aparsaq, ya yaddaşlardan silsək, ondan daha xeyirlisini, ya onun bənzərini gətirərik (hər hansı bir Quran ayəsini, ya ümumi bir hökmü, ya hansısa bir ilahi dəlili və ya digər əlamətləri götürsək, onun yerinə başqasını gətirərik). Məgər Allahın hər bir şeyə qadir olmasını bilmirsən?!
107. Məgər bilmirsənmi ki, göylərin və yerin həqiqi mülkiyyəti, səltənəti və hökuməti yalnız Allaha məxsusdur?! (Çünki hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun istəyindən asılıdır.) Sizin Allahdan başqa heç bir başçı və yardımçınız yoxdur?!
108. Yoxsa siz də Peyğəmbərinizdən bundan qabaq Musadan (Allahın gözlə görülməsi) istənilən kimi (qeyri-mümkün və ya faydasız bir iş) istəmək istəyirsiniz?! İmanın yerinə küfrü qəbul edən şəxs, həqiqətən, doğru yolu itirmişdir.
109. Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir.
110. Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir.
111. Və dedilər: «Cənnətə yəhudi, ya xristiandan başqa əsla heç kəs daxil olmayacaqdır». Bu, onların xam xəyallarıdır. De: «Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin».
112. Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar.
113. Yəhudilər dedilər: «Xristianlar haqq dində deyildirlər». Və xristianlar dedilər: «Yəhudilər doğru dində deyildirlər». Halbuki, onların hamısı (səma) kitab(ı) oxuyurlar. (Deməli iddiaların hər ikisi səhvdir və hər iki şəriət yalnız öz zamanlarında haqdır.) (Müşriklər kimi) nadanlar da onların sözləri kimi (sözlər) dedilər (ki, müsəlmanlar haqq deyildirlər). Odur ki, barəsində ixtilafa düşdükləri şey barəsində onların aralarında Qiyamət günü Allah hökm edəcəkdir.
114. Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər. Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır.
115. Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz, Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
116. Və (kitab əhli) dedi: «Allah (Özü üçün) övlad götürmüşdür!» O (bütün bunlardan) pakdır! Əksinə, göylərdə və yerdə olanların hamısı Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə olunması və yox edilməsi Onun əlindədir). Hamı Onun qarşısında təslimdir. (Belə olan halda, mülkiyyət necə övlad ola bilər və mülkiyyət sahibinin ona nə ehtiyacı var?)
117. (O,) göyləri və yeri yoxdan (layihə və plansız) yaradandır. Bir şeyin vücuda gəlməsi əmrini verəndə, ona yalnız «ol!» deyər, (həmin şey də) dərhal olar. (Bir şeyi istədiyi zaman həmin şey dərhal vücuda gələr.)
118. (Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır və ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq və inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid və Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik.
119. Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan.
120. Sən yəhudi və xristianların dinlərinə tabe olmayınca, onlar heç vaxt səndən razı qalmayacaqlar. De: «Həqiqətən, (əsl) hidayət yalnız Allahın hidayətdir». Əgər sənə gələn elmdən sonra, onların nəfsi istəklərinə tabe olsan, Allah tərəfindən sənin üçün əsla bir başçı və yardımçı olmayacaqdır.
121. Ona (Qurana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir.
122. Ey İsrail övladları, sizə verdiyim nemətimi və sizi (öz zamanınızda) bütün aləmdəkilərdən üstün etməyimi xatırlayın.
123. Və heç kəsin bir başqasının əzabını dəf edə bilməyəcəyi, (əzabın yerinə) ondan bir əvəzin qəbul olunmayacağı, şəfaətin ona heç bir fayda verməyəcəyi və onlara heç bir köməyin də göstərilməyəcəyi gündən çəkinin.
124. Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz».
125. Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kəbəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): «İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.
126. Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə  – hər növ meyvə və məhsullardan ruzi ver». Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
127. Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»
128. «Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən, çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!»
129. «Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!»
130. İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır.
131. O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi.
132. İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»
133. (Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.
134. Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
135. Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız». De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb».
136. (Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq».
137. Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!
138. (Bəli, bizim qəlblərimizin imanı) ilahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik.
139. De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).
140. Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub və (Yəqubun nəvələri olan) Əsbat yəhudi, ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz, yoxsa Allah (ki, onların yəhudilik və xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir və siz bunu bilir və gizlədirsiniz)?» Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti gizlədəndən daha zalım kim ola bilər?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
141. Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız.
142. Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kəbəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir». (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kəbəyə üz tutmaq məsləhətdir.)
143. (Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən, Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.
144. Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, bu, (Kəbəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.
145. Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.
146. (Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi (s) Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən, onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.
147. Bu haqq (qiblənin dəyişdirilməsi hökmü və haqq olan hər hansı digər bir hökm) sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma.
148. Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kəbəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
149. Və haradan (səfərə) çıxsan, (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Şübhəsiz bu, sənin Rəbbin tərəfindən haqq (fərman)dır və Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
150. (Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kəbə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.

  565
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment