Azəri
Tuesday 23rd of July 2019
  781
  0
  0

Əli (ə) Hira mağarasında

Əli (ə) Hira mağarasında

İslam Peyğəmbəri risalətə məbus olmamışdan qabaq hər ilin bir ayını Hira mağarasında ibadətlə məşğul olur, ayın axırında dağdan enib birbaşa Məscidül-Hərama gedərək, Allah evinin ətrafına yeddi dəfə dolanar, sonra öz mənzilinə qayıdardı.

Burada belə bir sual qarşıya çıxır ki, görəsən Peyğəmbər (s) dərin məhəbbət bəslədiyi Əli (ə)-ı özü ilə o gözəl ibadət və sitayiş yerinə aparırdımı, yoxsa bu müddət ərzində onu tərk edirdi?!

Mövcud əlamətlər göstərir ki, Peyğəmbər (s) Əli (ə)-ı öz evinə apardığı vaxtdan etibarən bir gün də olsun belə, onu tək buraxmamışdı. Tarixçilər yazırlar: "Əli həmişə Peyğəmbərlə birgə idi, belə ki, hər vaxt Peyğəmbər şəhərdən çıxıb dağa ibadət etməyə gedirdisə, onu da özü ilə aparırdı." İbni Əbil-Hədid yazır: "Düzgün hədislər göstərir ki, Cəbrail ilk dəfə Peyğəmbərə nazil olub ona risalət məqamını müjdə verəndə Əli onun yanında idi." Həmin gün Peyğəmbərin ibadət üçün Hira dağına getdiyi ayın günlərindən biri idi. Əli (ə) özü bu barədə buyurur: "Peyğəmbər hər il Hira mağarasında ibadətlə məşğul olurdu və məndən başqası onu görmürdü." Bu cümlənin Peyğəmbərin Hira dağında risalətdən sonrakı dövrünü göstərməsi də mümkündür, amma qeyd olunan əlamətlər, eləcə də Peyğəmbərin Hira mağarasında əsas etibarı ilə peyğəmbərliyə seçilməzdən qabaqkı dövrlərdə olması sübut edir ki, bu məsələ ondan qabaqkı dövrə aiddir.

Əli (ə) özünün ruhi və nəfsani pakizəliyi və həmçinin Peyğəmbərin onu müntəzəm surətdə tərbiyə etməsi nəticəsində elə uşaqlıq dövründən özünün həssas qəlbi, iti gözü və qulağı ilə adi adamların görə bilmədiyi şeyləri görür, eşidə bilmədiyi səsləri eşidirdi. Bu barədə İmam (ə)-ın özü buyurur: "Mən elə uşaqlıq çağlarında Hira dağında Peyğəmbərin yanında olanda, ona tərəf gələn vəhy və risalət nurunu görür, ondan nübüvvətin pak ətrini iyləyirdim."

İmam Sadiq (ə) buyurur: "Əmirəl-möminin besətdən qabaq islam Peyğəmbərinin risalət nurunu görür və vəhy mələyinin səsini eşidirdi." Peyğəmbər (s) vəhyin gəldiyi heyrətli və unudulmaz anlarda Əli (ə)-a buyurdu: "Əgər mən peyğəmbərlərin xatəmi (axırıncısı) olmasaydım, sən məndən sonra nübüvvət (peyğəmbərlik) məqamına layiq olacaqdın, amma sən mənim vəsim və varisim, müttəqilərin rəhbəri və övsiyaların sərvərisən."

Əli (ə) uşaqlıq çağlarında qeybi səsləri eşitməsi haqda belə buyurur: "Peyğəmbərə vəhy nazil olan zaman bir nalə səsi eşitdim. Ərz elədim ki, "bu nalə nədir?" Buyurdu ki, "bu, şeytanın naləsidir. Səbəbi də budur ki, mənim besətimdən sonra yer üzündə pərəstiş olunmaqdan naümid oldu." Sonra Peyğəmbər üzünü mənə tutub dedi: "Mən eşitdiyimi sən də eşidirsən, mən gördüyümü sən də görürsən, bir fərq ilə ki, sən peyğəmbər yox, mənim vəzirim və köməkçimsən."

  781
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment