Azəri
Saturday 23rd of March 2019
  769
  0
  0

Həccin əməlləri İstitaət

Həccin əməlləri

İstitaət

 

Məsələ 1. Müstəti (imkanlı) şəxsə ömründə yalnız bir dəfə İslam həcci (həccətül-İslam) vacib olur.

Məsələ 2. Müstəti olan şəxsə həcc dərhal vacib olar. Yəni müstəti olduğu ilk ildə həcci yerinə yetirməlidir və onu təxirə salmaq lazım deyildir. Təxirə saldığı təqdirdə, sonrakı ildə həcci yerinə yetirməlidir.

Məsələ 3. Müstəti olduqdan sonra həcc əməlini yerinə yetirmək, səfərə çıxmaq və yol əşyaları hazırlamaq kimi bir sıra işlərə (müqəddimələrə) bağlı olarsa, həmin ildə həccə nail ola biləcək şəkildə onları hazırlamaq vacibdir.

Əgər mükəlləf səhlənkarlıq edib həccə getməzsə, həcc onun boynunda qalar və sonradan hər bir surətdə – hətta istitaəti (imkanı) aradan getsə də – həccə getməlidir.

İslam Həccinin vacib olma şərtləri

 

Həcc bir neçə şərtlə vacib olar (bu şərtlərin hamısı mövcud olmazsa, həcc vacib deyildir).

1 və 2. Həddi-büluğa çatmaq və aqil olmaq.

Deməli, uşaq və dəli şəxsə həcc vacib deyildir.

 

Məsələ 1. Əgər uşaq həcc ehramına daxil olub həcc əsnasında həddi-büluğa çatarsa, yerinə yetirdiyi əməllər İslam həcci üçün kifayət edir.

Məsələ 2. Əgər bir şəxs həddi-büluğa çatmadığını güman edib müstəhəb həcc niyyəti edər və sonradan onun həddi-büluğa çatdığı məlum olarsa, onun həccinin İslam həcci üçün kifayət etməsi şübhəlidir. Amma əgər Allah-Təalanın ondan istədiyi həcci yerinə yetirmək niyyəti ilə olarsa, kifayət edər.

Məsələ 3. Ovun kəffarəsi vəlinin (uşağın himayədarının) öhdəsinədir. Ovdan başqa kəffarələr isə (zahirən) nə vəlinin, nə də uşağın öhdəsinə deyil.

Məsələ 4. Həccdə qurbanlıq qoyun uşağın vəlisinin öhdəsinədir.

 

3. Mal-dövlət, bədənin sağlam və qüdrətli, yolun açıq və vaxtın kifayət qədər olması baxımından müstəti olmaq.

 

Məsələ 1. Mal-dövlət baxımından müstəti olmaq, yol azuqəsi və nəqliyyat vasitəsinin olmasından ibarətdir. Əgər bunların özü olmasa, onları əldə etmək üçün xərcləyə biləcək pul və ya malın olması da kifayətdir.

Qayıtmaq xərclərini də təmin etmək imkanının olması şərtdir. Müstəti olmaq üçün başqa şərtlər də vardır ki, onların bəyanı gələcək.

Məsələ 2. Həccin vacib olmasında gedib-qayıtmaq xərclərindən əlavə, öz şəninə uyğun həddə ev və ev əşyaları, nəqliyyat vasitəsi və məişət üçün zəruri olna başqa şeylərə də malik olması şərtdir. Əgər onların özü də olmasa, onları əldə etmək üçün lazımi qədər pulu, yaxud dəyərli bir əşyası olmalıdır.

Məsələ 3. Evlənməyə ehtiyacı olan və subaylıq ucbatından çətinliyə, yaxud xəstəliyə və ya harama düçar ola bilən və buna görə də pula ehtiyacı olan şəxs, həcc xərclərindən əlavə evlənmək xərclərinə də malik olduğu halda müstəti sayılır.

Məsələ 4. Başqasına borc vermiş və müstəti olmağın başqa şərtlərinə də malik olan şəxsin borcunu almaq vaxtı çatmışdırsa və ya vaxtının çatmasına bir şey qalmamışdırsa, zəhmətsiz və əziyyətsiz onu geri alması mümkündürsə, onu alıb həccə getməyi vacibdir.

Məsələ 5. Əgər müstəti olmayan şəxs həcc xərclərini başqasından borc götürərsə, müstəti olmaz və əgər onunla həccə getsə, İslam həcci üçün kifayət deyildir.

Məsələ 6. Həcc xərclərinə malik olan və eyni zamanda borcu olan şəxsin əgər borcu müddətlidirsə və onu öz vaxtında ödəməyə imkanı olacağından arxayındırsa, həccə getməsi vacibdir. Həmçinin, borcun ödənilmə vaxtı çatarsa, borcu verən şəxs də onun ödənilməsini təxirə salmağa razı olarsa və borclu onu tələb olunan zaman ödəyə biləcəyindən arxayındırsa, onun həccə getməsi vacibdir. Bu iki surətdən başqa borclu şəxsə həcc vacib deyildir.

Məsələ 7. Əgər həcc xərclərinin çoxluğu mükəlləfi müstəti olmaqdan çıxarmazsa, həccin vacibliyi onun boynundan götürülmür. Amma əgər bu cür xərclər yaşayış tərzini çətinləşdirərsə, həcc mükəlləfin boynundan götürülər.

Məsələ 8. Ehtiyac duyulmayan və artığını satdıqları təqdirdə həcc xərclərini təmin edəcək miqdarda malları olan şəxslər başqa şərtlərə də malik olsalar, həccə getmək onlara vacibdir.

Məsələ 9. Əgər malik olduğu malın istitaət üçün kifayət edib-etməməsində şəkk etsə, zahiri nəzərə əsasən, araşdırması vacibdir. Bu baxımdan öz malının miqdarını və ya həcc xərclərini bilib-bilməməsi arasında heç bir fərq yoxdur.

Məsələ 10. Həccin adi vəziyyəti və xərcləri ilə müqayisədə müstəti olmadığını bilən, lakin araşdırdıqda özünün hazırki vəziyyəti ilə həccə gedə bilmək üçün yol tapa bilməyəcəyinə ehtimal verən şəxsə araşdırma aparmaq lazım deyil. Amma həcc üçün müstəti olub-olmadığını bilməyən, lakin bilmək istəyən şəxsə, zahiri nəzərə əsasən, öz mövcud maddi vəziyyətini nəzərdən keçirməsi vacibdir.

Məsələ 11. Hacılara xidmət etmək üçün əcir olan şəxs xidmət əsnasında həcc əməllərini də yerinə yetirə bilərsə və qayıtdıqdan sonra öz yaşayışını maddi cəhətdən təmin edə biləcəksə, müstəti sayılır və həcc ona vacibdir, yerinə yetirdiyi həcc də İslam həcci üçün kifayətdir. Baxmayaraq ki, əcir olmaq ona vacib deyildir.

Məsələ 12. Həccdən qayıdana qədər ailəsinin xərclərini ödəməyə imkanı olmaq müstəti üçün şərtdir.

Məsələ 13. Həccdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyat tərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükan kimi mülkiyyət mənfəətinə malik olması, müstəti olmaqda şərtdir. Əgər öz halına uyğun qazanc əldə etmək qüdrəti olarsa, kifayətdir. Əgər qayıtdıqdan sonra dolanış tələbatı aylıq maaşla təmin olarsa, kifayətdir. Buna görə də həccdən qayıdarkən elmiyyə hövzələrinin aylıq təqaüdlərinə ehtiyacları olan və həmin təqaüdün onların yaşayış tələbatını ödəmək üçün kifayət edən elm əhlinə (tələbələrə) həcc vacibdir.

Məsələ 14. Həccin vacib olması üçün bədən, yol və zaman cəhətdən istitaətin olması şərti mötəbərdir. Buna görə də yol getmək qüdrəti olmayan, yaxud çox əziyyət çəkən xəstə üçün həcc vacib deyildir. Həmçinin, yolu açıq olmayan və ya həccə çata biləcək dərəcədə vaxtı olmayan şəxsə həcc vacib deyildir.

Məsələ 15. Əgər istitaətin şərtləri mövcud olan halda həcci yerinə yetirməzsə, günahkardır və həcc onun boynunda qalır. Buna görə də mümkün olan təqdirdə dərhal həccə getməlidir.

Məsələ 16. Müstəti özü həccə getməlidir və başqasının onun tərəfindən həccə getməsi kifayət etməz. Amma həcci boynunda qalan və qocalıq, ya xəstəlik ucbatından həccə gedə bilməyən şəxsin əvəzinə başqa birisi həccə gedə bilər.

Məsələ 17. Özü müstəti olan şəxs başqasının əvəzinə həccə gedə bilməz. Əgər başqasının əvəzinə həccə getsə, həcci batildir.

Məsələ 18. Boynunda vacib həcc olan şəxs onu yerinə yetirməyib dünyadan gedərsə, qoyub getdiyi maldan onun üçün həcc əməlləri yerinə yetirilməlidir. “Miqat” həcci də kifayət edər.

  769
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment