Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Digər tərəfdən Allah-taala Qur`ani-kərimdə müsəlmanlar üçün, demək olar ki, Özü, İslam peyğəmbəri (s) və “Əmr sahibləri”indən başqa heç kimin itaətini tam və mütləq şəkildə vacib etməmişdir.

Digər tərəfdən Allah-taala Qur`ani-kərimdə müsəlmanlar üçün, demək olar ki, Özü, İslam peyğəmbəri (s) və “Əmr sahibləri”indən başqa heç kimin itaətini tam və mütləq şəkildə vacib etməmişdir. Hətta müqəddəs Qur`anda Allahın yeganəliyindən sonra haqqında çoxlu tə`kid edilən valideyn barəsində belə buyurulur:

“Biz insana öz valideyninə qarşı yaxşılıq etməyi tövsiyə etdik. Amma onlar, səni, Mənə, bilmədiyin şeyi şərik qoşmağa vadar etsələr, onlara itaət etmə...”[35]

Gördüyünüz kimi bu ayədə valideynə yaxşılıq etmək göstərişi müəyyən şərt əsasında qeyd olunmuşdur.

Bütün bunlar mə`sum imamların (ə) həqiqi “əmr sahibləri” olduqlarını deməyə tam əsas verir.

Ayənin bu təhlilinə sübut olan hədislər müxtəlif hədis və təfsir kitablarında mövcuddur. Biz, burada onlardan bir neçəsini qeyd edirik:

1-Cabir ibn Abdullah əl-Ənsari nəql edir ki, Allah-taala öz Peyğəmbərinə (s): “Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”. (Nisa/59)-deyə buyurduğu ayəni nazil etdikdə, soruşdum:

Ey Allahın elçisi! Allahı və Onun elçisini tanıdıq. Amma Allah öz itaətini sənin itaətinlə yanaşı buyurduğu əmr sahibləri kimlərdir? Həzrət Peyğəmbər (s) buyurdu:

“Ey Cabir! Onlar mənim xələflərim və məndən sonra müsəlmanların imamlarıdırlar...”[36]

Qeyd etmək lazımdır ki, o həzrət (s) sözünün davamında on iki imamın adlarını sadalamışdır.

2-Əmirəl-möminin imam Əli (ə) buyurur:

“Həqiqətən, Allah-taala Peyğəmbərə itaət etməyi vacib etmişdir. Çünki peyğəmbər pak və mə`sumdur. Heç vaxt (xalqı) güaha doğru çəkməz. O, əmr sahiblərinə itaət etməyi də vacib etmişdir. Çünki onlar da pak və mə`sumdurlar. Heç vaxt (xalqı) güaha doğru çəkməzlər.”[37]

3-İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:

“(Allah-taala bu ayədə) xüsusilə bizi nəzərdə tutmuş (və) Qiyamətədək bizim itaətimizi bütün mö`minlərə vacib etmişdir.”[38]

4-İmam Baqir (ə) digər bir hədisdə bu ayə haqqında buyurur:

“(Ayədə buyurulmuş əmr sahibləri) Qiyamət gününədək Əli və Fatimənin(ə) övladlarından olan imamlardır.”[39]

5-İmam Sadiq (ə) bu ayə haqqında buyurur:

“(Ayədə buyurulmuş) əmr sahibləri, Əhli-beytdən olan imamlardır”.[40]

İslam peyğəmbəri (s) ilə “əmr sahibləri”nin itaətinin birgə bəyan edilməsindən belə nəticə almaq olar ki, həqiqi “əmr sahibləri”nə itaət etmək, əslində İslam peyğəmbərinə (s) itaət etmək, o həzrətə (s) itaət etmək isə əslində Allaha itaət etmək deməkdir.

Allah-taala bu ayənin davamında buyurur:

“…Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur“.

Həzrət Əmirəl-möminin imam Əli (ə) bu barədə buyurur:

“(Hər hansı bir işi Allahın öhdəsinə qoymaq,) onu Quranın (möhkəm) açıq-aşkar buyruqları ilə uyğunlaşdırmaq, Peyğəmbərin (s) öhdəsinə qoymaq“dan məqsəd isə, o həzrətin dolğun və mübahisəli olmayan sünnəsi ilə uyğunlaşdırmaqdır. Biz Peyğəmbərin Əhli-beytiyik. (Biz Quranın) aydın hökmünü Onun kitabından əldə edib, mütəşabih (oxşar) ayələrini ayırd edir, habelə qüvvədən salınmış (ayə və göstərişləri)... tanıyırıq”.[41]

Bütün bunlar, belə deməyə əsas verir ki, həzrət Peyğəmbərin (s) həyatı dövründə o həzrətin özünə, vəfatından sonar isə sünnəsinə və daha dəqiq ifadə ilə desək, o həzrətin (s) həqiqi xələfləri sayılan və sünnəsini olduğu kimi müsəlmanlara çatdıran mə`sum əhli-beytinə (ə) tapınmaq lazımdır. Bu, ayədə buyurulduğu kimi daha yaxşı və daha gözəl sonucludur.

MƏVƏDDƏT AYƏSİ

Allah-taala Qurani-kərimdə buyurur:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[42]

Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.

Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir.

Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?-deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[43]

Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?

Peyğəmbər (s) cavabında buyurdu:

«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»[44]

Əllamə Bəhrani bu hədisi Əhməd ibn Hənbəlin «əl-Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibn Cübeyrdən və o da ibn Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»[45]

«Təfsiri-kəbirin» müəllifi Fəxr Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır:

Mənim nəzərimə görə «Ali-Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Huseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir.

Əlbəttə, «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (s) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri ali kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir.[46]

Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın Peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:

«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»

Beləliklə, məlum olur ki, bu dörd nəfər həzrət peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram onlar üçün olamalıdır. Bu sözümüzə bir neçə sübut vardır:

1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.

2. Hamıya məlumdur ki, Həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»

Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Quran buyurur:

«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yəni mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.»[47]

«Hidayət olasınız deyə Peyğəmbərə tabe olun.»[48]

«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar.»[49]

«(Ey müsəlmanlar!) Həqiqətən Peyğəmbər sizin üçün yaxşı bir nümunədir.»[50]

Bu ayələrdən məlum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevməlidirlər.

3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmdin və ali Muhəmməd.»

Yəni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»

Bu böyük təzim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar cübutdur. Əhli-sünnə qardaşlarımızın tanınmış şəxsiyyətlərindən biri olan Şafei öz şerində belə deyir:

Məzmunu:

«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.»[51]

Həmçinin, Şafei öz şerində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir:

«Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Quran və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)

Təbəri ibn Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O Həzrət (s) buyurdu:

«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»

Bu hədisi Əhməd də «əl-Məhaqib» kitabında nəql etmişdir.[52]

İbn Münzər, ibn Əbi Hatəm, ibn Mərdəveyh və Təbərani «Möcəmul-kəbir» kitabında Abdullah ibn Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O Həzrət (s) buyurdu: «Əli, Fatimə, Həsən və Hüseyn.»[53]

Yenə də Möcəmul-kəbir kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:

«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik.»

Qurani-kərim Təthir (Əhzab/33) ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli Quran bu ayənin vasitəsi ilə İslam ümmətini Əhli-beytin (ə) yoluna sövq edir. Əgər Əhli-beytin (ə) yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Quranda bu ayələr nazil olmazdı. Həmçinin Həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti (ə) sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Əhli-beytin (ə) yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Quran o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli üstünliklərə malik olmağına zəmanət vermişdir. Beləliklə Quran bu kimi ayələrdə Əhli-beytin (ə) yolunu tutmaq və İslamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zəmanət vermək istəyir. Bu, Qurani-kərimim nəzəri idi. Amma, Həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırırıq.

Bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin (ə) məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt (ə) haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin (ə) hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və hərtərəfli rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar ağıl və məntiq əsasında onu düşünüb dərk etməlidirlər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti
Xanım Zəhranın (s.ə) mövludu münasibətilə qızıl gül paylanıb
İmam Rzanın mövludu münasibətilə hamını təbrik edirik! İmam Rzanın (ə) inci ...
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
Həcc karvanının ilk dayanacağı
Quran oxu sən ...
İmam Hüseyn ələyhis-salamın gözəl cəmalı
İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində
Həzrətin əyatı
Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...

 
user comment