Azəri
Wednesday 26th of June 2019
  595
  0
  0

İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır.

131-cü xütbə

 

İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır.

Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan (bir-birilə həmrəy olmayan) dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya (azğınların) əydikləri haqqı düzəltməyim nə qədər də çətindir! İlahi, Sən bizim işlərimizdən (döyüş və toqquşmalardan) agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir, (şəhərlərdə fitnə-fəsad yayıldığına, camaata zülm, sitəm edildiynə, halalla haram dəyişdiyinə görə) Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür. İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alihdən) başqa heç kəs namazda məndən öndə olmayıb.[1]

Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala. Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın, nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub başqasını xar etsin (güclülərin dostu olub möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batil və batili haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də Həzrət Peyğəmbərin yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün.

 

132-ci xütbə

 

İmam Əli  əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir.

Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün.[2] Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik).

 

Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir

 

Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin).

 

133-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalaya sitayiş barəsində) xütbələrindəndir.

Dünya və axirətin itaəti və cilovu (təvazökarlığın son həddi ilə) Allah-təalanın qüdrətinin əlindədir. (Sarvan dəvənin cilovunu istədiyi tərəfə çəkdiyi kimi, Onun da istədiyi şey olar.) Göylər və yerlər öz açarlarını Ona təhvil vermişlər (Ondan başqa qeyrisinin onlara təsiri və sahibliyi yoxdur). Yamyaşıl ağaclar hər səhər erkən Ona səcdə qılırlar (dilə gələrək Ona sitayiş edirlər). Onun əmrilə ağaclar budaqlardan işıq saçan (şöləli) alovlar yandırar.[3] Və həmin ağaclar Onun iradəsi, təkvini əmrləri ilə yeməli, yetişmiş meyvə verirlər.

 

Bu xütbənin (Qurani-Kərimin əzəməti barədə)
 
bir hissəsidir

 

Sizlərin aranızda olan Allah Kitabı dili yorulmaq bilməyən natiq (dünya və axirətin hər bir şeyi, mövzusu barədə yol göstərir), dirəkləri xarab olmayan bir ev (həmişə qalacaqdır və məhv olası deyil), dostları məğlub olmayan qalibdir (onun ardınca gedənlər həmişə əziz və hörmətlidirlər).

 

Bu xütbənin (Həzrət Peyğəbmərin vəsf edildiyi)
bir hissəsidir

 

Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi. (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər.) Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.

 

Bu xütbədən (dünyanı görmək axirəti istəmək barəsində) bir parçadır

 

Dünya qəlbi korların görməklərinin son həddindən başqa bir şey deyil. O, arxasında nə olduğunu görmür (dünyadan köçərək əbədi saraya gedəcəyinə inanmır). Gözüaçıq insanlar isə gözünü düzgün açıb onu (faniliyini və puçluğunu) görür və onun arxasında başqa bir sarayın olduğunu bilirlər. Deməli, gözüaçıq nəzər salaraq dünyadan uzaqlaşar (ona ürək bağlamaz), korun isə bütün diqqəti onda olar. Görən (dünyanın qalmaq yeri olmadığını bildiyindən) ondan (axirət səfəri üçün) azuqə toplayar (təqva və pərhizkarlığı seçər), kor isə (dünyanı əbədi məkan təsəvvür etdiyinə görə) onun üçün azuqə yığar (var-dövlət toplamaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə göz yumar).

 

Bu xütbənin (Allahın Kitabına söykənmək barədə) bir hissəsidir

 

Bilin ki, o (kor qəlbli dünyapərəst), yalnız həyatda yaşamaqdan başqa sahib olduğu hər şeydən doyar, usanar. Çünki ölümdə rahatlıq tapmaz (dünyada Allahın və Peyğəmbərin əmrlərinə uyğun rəftar etmədiyinə görə ölümdən sonra rahatlıq tapmaz). Dünyada bəsirətli olmaq (ölümdən sonra olanlara inanmaq) hikmət mislində olmaqdan başqa bir şey deyil. O, kor qəlb üçün həyat və yaşayış, kor göz üçün bəsirət, kar qulaq üçün eşitmə, (ilahi rəhmətə susayan) təşnə üçün doymaq deməkdir. Onda (dünyadan) tam ehtiyacsızlıq və (əzabdan) sağlamlıq var. (Sizin qurtuluş və nicat yolunuz) Onun vasitəsilə (haqqı) gördüyünüz, danışdığınız və eşitdiyiniz Allah Kitabıdır. (Qurani-Kərimdir). Onun bəzi hissələri digər bəzi hissələrindən danışır (onun ayələrindən bir qismi başqa ayələri izah edir) və bəziləri isə bəzi başqalarının şahididir. (Bir ayənin məqsədini başa düşmək üçün başqa bir ayə sübut gətirilir.) (Buna görə də) Quranın ilahi maarif və ehkamda ixtilafı yoxdur, öz ardınca gələni, mömini Allahdan ayrı salmır. (Əksinə, onu hidayət və qurtuluşun əsas yoluna çıxarır.) Siz (əlinizdə belə böyük yol göstərən olduğu halda) öz aranızda kin saxlamaq üçün birləşmisiniz və heyvanlarınızın peyinində ot bitib. (Sizin bir-birinizlə dostluğunuz üzdə yam-yaşıl, əslində isə iyli, əziyyətverici təzək üstündə bitib və heç kəsin meyl salmadığı ot kimidir). Arzuların dostluğuna görə bir-birinizlə dostlaşdınız və var-dövlət toplamaq üstündə düşmənçilik etdiniz. Sizləri çirkin olan şeytan heyran, səfil etmiş və (nəfsi-əmmarə ilə) aldadaraq azdırmışdır. Özüm və sizlər üçün (şeytanın şərindən və nəfsi-əmmarədən xilas olmaqdan ötrü) Allahdan kömək istəyirəm.

 



[1] Həzrət Peyğəmbərin dəvətini qəbul edib müsəlman olan və o Həzrətlə namaz qılan ilk şəxs mən olmuşam. İşin əvvəlində Allahın əmrini yerinə yetirmək və Onun razılığı üçün İslamı qəbul edən ömrünün axırında hakimiyyət və dünya malına görə qan tökməz.

[2] Çünki Allahın istədiyi hər bir şey hikmətə, məsləhətə uyğundur və bu bir nemətdir. Buna görə də bütün hallarda Ona şükr etmək lazımdır.

[3] Su damlalarının olduğu yaşıl ağacı yandıranda alov şölələrinin çıxması Onun qüdrətinin nişanələrindəndir.

  595
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment