Azəri
Thursday 20th of June 2019
  509
  0
  0

İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir.

111-ci xütbə

 

İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-təalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.)

Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qarnında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər?[1]

 

112-ci xütbə

 

İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət və axirətə təşviq etdiyi) xütbələrindəndir.

Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz (rahat qalacağınız) eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. (Bu səbəbdən də) Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış (əksinə, darlıq və çətinlikləri onlara nəsib etmişdir) və onu düşmənlərinə verməyə xəsislik etməmişdir.[2] Xeyri və yaxşılığı az, (deməli, himmət sahiblərinin ona rəğbəti yoxdur) şəri və pisliyi hazırdır (deməli, onda amanda deyillər). Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. (Deməli, ağıllı insanlar ona ürək bağlamazlar.) Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. (İbadət və bəndəliyi qazanmaq üçün səy göstərib çalışın.) Sizdən istədiyini (fərmanına əməl etməyi) yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. (Heç vaxt bu istəkdən qəflətdə qalmaq olmaz. Çünki əbədi xoşbəxtliyi qazanmağın mənşəyi diləyən hər kimsəyə əta etdiyi uğurdur.) Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin (çox təhlükəli bir yola azuqə yığın ki, öləndə əliboş olarsınız). Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır. Onlara verilənlərə (vəziyyətlərinin yaxşılığına) görə qibtə edilsələr də (ibadət və bəndəlikdə olan təqsirlərə görə) nəfslərinə olan qəzəbləri çoxdur. Ölümü xatırlamaq qəlblərinizdən qaçıb-gizlənmiş (onun çətinliklərini nəzərə almırsınız) və sizi yalan arzular bürümüşdür. Deməli, dünya sizlərə axirətdən daha çox hakim kəsilmiş, keçici dünya əbədi və daimi axirətdən daha çox sizləri özünə tərəf çəkmişdir. Allahın dinində siz hamınız (bir) qardaşsınız. Batinlərin natəmizliyi və düşüncələrin pisliyindən başqa bir şey sizlərin arasına ayrılıq salmayıb. Buna görə də bir-birinizin yükünü götürmür, (heç bir işdə bir-birinizə kömək etmir), öyüd-nəsihət vermir, (ehtiyaclı günlərinizdə) bir-birinizə yaxşılıq və xeyiriniz çatmır, dostluq etmirsiniz! Sizlərə nə olub ki, dünyanın azını tapanda sevinirsiniz, məhrum qaldığınız axirətin çoxunu itirməyiniz isə sizləri kədərləndirmir? Dünyanın (malının) azının əlinizdən çıxması sizə iztirab verib narahat edir. Əldən verdiyinizin narahatlığı və iztirabı sizin üzlərinizdə və dözümünüzün azlığında aşkara çıxır. Sanki dünya sizin əbədi məkanınız, onun malı isə sizin üçün həmişəlik qalandır!!! Eyblərinizin üzünüzə deyilmək qorxusundan başqa heç nə sizlərdən heç kimi öz (din) qardaşı ilə görüşdə onun eybini deməkdən və barəsində pis danışmaqdan çəkindirməz.[3] Doğrudan da axirəti əldən verib dünya ilə dostlaşmaqda bir-birinizə əsl dost olmusunuz. Sizin hər birinizin dini onun dili ilə yalaması qədərdir (dildə etiraf edib ürəyinizdə inanmırsınız). Sizin belə rəftarınız öz əxlaqından uzaqlaşaraq ağasının razılığına şərait yaradanın işinə bənzəyir (buna görə də istədiyiniz hər bir işi əminliklə görürsünüz).

 

113-cü xütbə

 

İmam Əli əleyhis-salamın (təqva və pərhizkarlığa çağırdığı, dünyanı məzəmmət etdiyi, dünyadan uzaqlaşıb axirətə yaxınlaşmağa təşviq etdiyi) xütbələrindəndir.

Həmd və şükrlər O Allaha məxsusdur ki, həmdi nemətlərlə və nemətləri şükrlə bağlayıb (nemətlərin müqabilində həmd etməyi vacib buyurub və eyni zamanda şükr etməyi nemətin bolluğunun səbəbinə çevirib). Bəlalarına görə şükr etdiyimiz kimi nemətlərinə də həmd edirik.[4] Boynuna vəzifə qoyulmuş şeyə (ibadət və bəndəliyə) süstlük, tənbəllik edən, yerinə yetirilməsi qadağan olunmuş şeyə (günah və itaətsizliyə) tələsən nəfslərin müqabilində Səndən kömək və yardım istəyirik. Onun elminin əhatə etdiyi və kitabının (bəndələrin əməllərinin qeydə alınması üçün təyin etdiyi Lövhi-məhfuzun) hamısını qeyd etdiyi günahlara görə Ondan bağışlanmaq diləyirik. Elə bir elm ki, qüsurlu və məhdud deyil (böyük və kiçik günahları bilir) və heç nəyi buraxmayan (heç nəyin qeydi unudulmayan) kitab gizlinləri (ölümün ağrı-acılarını, qəbr evinin sorğu-sualının, qiyamət günü hesab-kitabın ağırılığını və s.) aşkar görən, vəd edilmişlərə (pərhizkarlara əbədi cənnət, günahkarlara isə həmişəlik yanan atəşə) agah olan şəxsin imanı tək Ona iman gətiririk. Elə bir iman ki, ixlası ilə şirki silib atar (insanı təkallahlı edər), yəqinliyi ilə şəkk-şübhəni aradan götürər (buna görə də əsil möminlər Allahın, Peyğəmbərin və onun vəsilərinin əmrlərinə dərhal əməl edərlər). Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli məbud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu iki aydın əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz[5] və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa, heç bir əməl qəbul olunmaz).

Ey Allahın bəndələri! Sizə (axirət səfərinə) azuqəni, (ilahi əzabdan) pənah olan təqvanı və Allahdan qorxmağı tapşırıram. Bu, (sahibini mənzil başına) çatdıran azuqə və (çətinlikdən) azad edən bir pənah yeridir. Ən yaxşı eşidən, dəvət edən (Həzrət Peyğəmbər) camaatı ona dəvət etdi və ən yaxşı dərk edən (İmam əleyhis-salam) onu dərk etdi (ona əməl etdi). Dəvət edən onu eşitdirdi, dərk edən isə nicat tapdı.

Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır. Deməli, (axirət) dincliyini (dünyada) əziyyətə və (o günün) sirablığını (bu günün) susuzluğuna dəyişdilər. Ölümü yaxın bilərək yaxşı işlər görməyə tələsdilər, arzunu yalan sanaraq ömrün başa çatmasını nəzərdə tutdular. Deməli, dünya məhv olası bir saray, əziyyət, halların dəyişməsi və ibrətdir. Fanilik və yoxluq vəsilələrindən biri də ruzigarın (məhv etmək üçün) oxunu kamanın çilləsinə qoymasıdır. Onun oxları boşa çıxmaz, yaraları sağalmaz, ölüm oxunu diriyə, xəstəlik oxunu sağlama, çətinlik və əziyyət oxunu xilaskara tərəf atar. Qarnı doymayan yeyən, susuzluğu yatmayan içəndir.

 Əzab-əziyyət vasitələrindən biri də insanın yeməyəcəyi bir şeyi hazırlaması, yaşamayacağı evi tikməsi, sonra da malını götürmədən və binanı özü ilə aparmadan Allahın yanına getməsidir (dünyadan köçməsidir, boş əllə, evsiz-eşiksiz və əbədi həsrətlə köçür). Halların dəyişməsinin nümunəsi isə budur ki, (yoxsulluğuna və pərişanlığına görə) rəhm olunan bir kişiyə (indi xoş güzəranına və imkanına görə) qibtə edilir, (sərvət və nemətinin çoxluğuna görə) qibtə olunana isə (indi zəlilliyinə və çarəsizliyinə görə) rəhm edirlər. Bu ürək acıması (onun əlindən) getmiş nemətə və (onun yerinə) gələn çətinlikdən başqa bir şeyə görə deyil. İbrətlərdən biri budur ki, bir insan (ömrünü sərf edib çox əziyyətdən sonra) arzusuna çatmağa yaxınlaşan vaxt ölüm ümidini kəsir. Nə arzusuna yetir (ki, yaxşı yaşasın), nə də (ölümün çəngindən) xilas olur (ki, hər halda, ümidsiz olsa belə, yaşasın). İlahi, (əcəba,) bu nə olan şeydir ki, sevinci və şadlığı aldadıcıdır (belə ki, öz aşiqlərini ibadət və bəndəlikdən çəkindirir) və doyanları (axirətdə) susayar, kölgəsi (cəhənnəmdə) istilik yaradar? Nə gələcək (ölüm) keçəndir, nə də keçmiş (əldən çıxanlar) qayıdandır (ki, bir iş görsün). İlahi, (əcəba,) diri ona qoşulmaq üçün ölüyə nə qədər yaxın, ölü ondan əbədi ayrılığına görə diridən nə qədər də uzaqdır?[6] Cəzasına görə çəkilən əzabdan başqa (dünyada) pislikdən alçaq bir şey, (axirətdə) onun üçün təyin olunan mükafatından qeyri (dünyada) yaxşılıqdan gözəl bir şey yoxdur. Dünya barədə eşitdiyiniz hər bir şeyin böyüklüyü onu görməkdən daha artıq, axirətdən gördüyünüz hər şey onu eşitməkdən daha mühümdür. Deməli, (axirətin vəziyyətini) eşitmək və (peyğəmbər, İmam vasitəsilə) qeybdən, gizlindən xəbər tutmağınız sizi görməkdən qane edər. Bilin ki, dünyada az çatıb axirətdə çox olması, axirətdə az çatıb, dünyada çox olmasından yaxşıdır. (Mükafatı əbədi cənnət olan haram dinar-dirhəmdən gözünü çəkmək əbədi əzab cəzası ilə onu yığmaqdan daha yaxşıdır). Deməli, azlığı xeyir gətirən və çoxluğu ziyan vuran nə qədər şey var! Sizə vəzifə edilənlər çəkindirildiyinizdən və qadağan olmuşlarınızdan daha geniş və asandır. Sizə halal edilənlər haram olunmuşlardan daha çoxdur. Belə isə çox üçün azdan əl çəkin, genişlik və asanlıq üçün darlığı və çətinliyi buraxın. (Dünya malını qazanmaq üçün bu qədər çalışmayın, çünki) sizin ruzinizə zəmanət verilib (mütləq sizə çatacaq) və saleh əmələ (Xaliqə ibadət və xalqa xidmətə) borclu edilmisiniz. Deməli, zəmanət verilmiş ruzini istəmək sizlərə vacib edilmiş saleh əməli yerinə yetirməkdən əvvələ keçməməlidir. Ancaq Allaha and olsun, (din və əqidələrinizə) şəkk, şübhə düşüb və əminliyiniz, inamınız sarsılıb. Sanki sizə zəmanət verilmiş (ruzi istəmək) vacibə çevrilmiş, sizlərə vacib qılınmış (saleh əməl görmək) isə boynunuzdan götürülmüşdür. Odur ki, əmələ (ibadət və xidmətə) tələsin və qəfil ölümdən qorxun. Çünki ruzinin qayıtmasına ümid olsa da ömrün qayıtmasına heç bir ümid yoxdur. (Deməli, əməldə qüsura yol vermək və ömrü ruzi istəməyə sərf etmək səhvdir.) Bu günün ruzisindən fövtə gedənin sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə (ruzi), ümidsizlik isə (ömürdədir) keçmişdədir. Deməli, (Qurani-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُمْ مُّسْلِمُونَ İlahi əzabdan qorxun. Pərhizkar olun. Ona layiq bir pərhizkar. Müsəlman olmamış ölməyin (Allahın və Peyğəmbərin əmrlərinə əməl edin ki, müsəlman kimi öləsiniz).

 

114-cü xütbə

 

İmam Əli əleyhis-salamın yağış dilədiyi vaxt buyurduğu xütbələrindəndir.

İlahi, dağlarımız çatlayaraq quruyub, torpaqlarımız toza bələnib. Heyvanlarımız analar övladlarının müsibətində nalə çəkdikləri kimi susuzluqdan axurlarında heyran və sərgərdan qalıb nalə çəkirlər. Otlaqlara və su içdikləri yerə su həvəsi ilə gedib-gəlməkdən yorulub əldən düşüblər. İlahi, nalə edənlərin naləsinə və diləyənlərin arzusuna rəhm qıl. İlahi, heyvanların keçidlərdəki sərgərdanlığına və axurlarında (ot-ələf tapmadıqlarına görə) çəkdikləri naləyə rəhm et.[7] İllərin qəhətçiliyi arıq (zəif, gücsüz və biçarə) dəvələr tək bizlərə üz tutduğu, yağış ehtimalı olan buludların əleyhimizə çıxdığı vaxt (buludlar görünüb ürəklərdə yağış yağacağına ümid yaratsalar da yağmırdılar) Sənin fəzl və kərəminə olan ümidlə (öz evlərimizdən) bayıra çıxdıq. Sən qəmlinin ümidi, istəyənin diləyini yerinə yetirənsən. Camaatın (hər yerdən) ümidinin üzüldüyü, buludların yağmamasından heyvanların öldüyü bir vaxt Səni çağırırıq (Səndən istəyirik) ki, bizi (çirkin) , əməl və günahlarımızla mühakimə etməyəsən. Çox yağmurlu bulud, buludlu bahar, heyrətamiz bərəkətli çiçəklərinlə, ölənləri (quruyanları) diriltdiyin, aradan gedəni (nemət və bolluq) qaytardığın iri dənəli bol yağışınla rəhmətini bizə şamil et. İlahi, Səndən dirildən, doyduran, çox, bütöv, yaxşı, bərəkətli, içməli və bitki bitirən su istəyirik. Çiçəkləri yetişsin, budaqları meyvə versin, yarpaqları təzə-tər olsun ki, aciz bəndələrini bədbəxtlikdən qurtarasan, ölmüş (qəhətlik görmüş) şəhərlərini dirildəsən (onların nemətini bol edəsən). İlahi, Səndən su istəyirik ki, onunla yüksəkdəki torpaqlarımız çiçəklə dolsun, enişlərimizdən (çay və arxlarda) axsın, ətraf və dövrəmizi (şəhər və kəndləri) bolluğa yetirsin, meyvələrimiz çoxalsın, heyvanlarımıza yaxşı olsun, bizdən uzaqda olan camaata da çatsın, həmişə günün altında olan yerlər (səhra və tarlalar) istifadə etsin (doysun). Ehtiyacı olan məxluqlarına, (çöllərə) buraxdığın (və azuqəsi olmayan) vəhşi heyvanlara geniş bərəkətindən və saysız kərəmindən bəxş et. Bizə rəvan, arası kəsilmədən yağan yağış göndər ki, torpaq islansın (quraqlıqdan xilas olsun). Elə bir yağış ki, başqa yağışı dəf etsin (damlaları sürətlə başqa damcıları yusun və sürət gətirsin). İşığı yağmursuz, üfüqdəki geniş buludu faydasız, səpələnmiş buludları ağ, az yağışı soyuq küləkli yağışdan olmasın ki, qəhətlik görənlər onun çiçəklərinin çoxluğundan firavanlığa (bol nemətə) çatsınlar, çətinlik görənlər onun bərəkətindən rahatlıq tapsınlar. Çünki Sən məxluqların ümidsiz olduğu vaxt yağış göndərir, rəhmətini (dünya əhlinə) şamil edirsən. Sənsən hakim və (ehsanı ilə) öyülən. (Seyyid Rəzi buyurur:)

Xütbədəki heyrətamiz kəlmələrin mənası budur:

İmam Əli əleyhis-salamın buyurduğu انْصاحَتْ جِبَالُناyəni, «dağlar quraqlıqdan parçalandı» sözləri (ərəblər arasında) انصاحَ الثَوْبُ «paltar sökülən kimi», eləcə də انْصاحَ النَّبْتُ وَ صاحَ وَ صَوَّحَ «bitki tək soldu» kimi də deyilir. O Həzrətin buyurduğu وَهامَتْ دَوابُّنا «heyvanlarımız təşnədir» sözündə هُيامٌ təşnəlik mənasında işlənmişdir. Həzrətin buyurduğu حَدَابِيرُ السِّنِينَ ifadəsində حَدابير sözü حِدْبَار-ın cəmidir. Yol getməkdən arıqlamış dəvə deməkdir. Xütbədə isə quraqlıq və susuzluq olan il belə dəvəyə bənzədilmişdir. (Ərəb şairlərindən biri) Zurrummə demişdir:

حَدَابِيرُ ما تَنْفَكُّ إِلّامُناخَةً      عَلى الْخَسْفِ أَوْ تُرْمى بِهَا بَلَداً قَفْراً

Yəni: Onlar yol getməkdən arıqlamış dəvələrdilər ki, yalnız aclıq axurlarında və ya onları susuz, otsuz şəhərlərə aparanda bir-birindən ayrılırlar. O Həzrətin buyurduğu وَلاقَزَعٍ رَّبابُها cümləsindəki قَزَع səpələnmiş buludun kiçik parçalarına deyilir. O Həzrətin buyurduğu وَلاشَفّانٍ ذِهَابُها onun təqdiri (onda gizlənmiş söz) وَلا ذَاتَ شَفّانٍ ذِهَابُها deməkdir. شَفَّان soyuq külək ذِهَاب az yağış mənasını verir. Deməli, Həzrət (وَلا شَفَّانٍ ذِهَابُها cümləsində) dinləyicinin məsələdən xəbəri olduğuna görə ذَات sözünü çıxarmışdır.

 

115-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir.

Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.

 

Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir

 

Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, fərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə.[8] (Seyyid Rəzi buyurur:)

Deyirəm: «Vəzəhə» deməkdə məqsəd «xunfəsa»dır. (Bu sözün lüğətdə mənası «xunfəsa» deyil, Həccac onu «xunfəsa»ya aid etmişdir).

Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın «vəzəhə» ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil.

116-cı xütbə

 

İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır.

(Siz son dərəcə paxıl və xəsissiniz. Bu səbəbdən də) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara və zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr və qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz də onlar kimi bu dünyadan gedəcək və əməllərinizin cəzasına çatacaqsınız).[9]

 

117-ci xütbə

 

İmam Əli əleyhis-salamın Cəməl» döyüşü qurtardıqdan sonra öz səhabələrini öyərkən) buyurduğu kəlamlarındandır.

Siz haqqa yardımçı, dində qardaş, çətin gündə (döyüş meydanında) sipər, sirr səhabələrinin xasları və başqalarının deyil, (mənim) dostlarımsız. Sizin köməyinizlə (haqqa) arxa çevirənlərə qılınc çalır, (haqqa) üz tutanların itaət və tabeçiliyinə ümid bağlayıram. Belə isə nadürüstlük və şübhənin yol tapmadığı öyüdlə mənə yardım edin (dediklərimi qəbul edin). Allaha and olsun, mən (İmamlıq və onlara rəhbərlikdə) camaat üçün ən layiqli insanam.

 

118-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm və sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır.

O böyük şəxs (qoşun göndərmişdi və onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə nə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır və cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». (Bu söz həqiqətə uyğun deyildi və döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu:

Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat və nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi və qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tənə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq.

 

119-cu xütbə

 

İmam Əli əleyhis-salamın (özünü və məsum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi və qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır.

Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qurani-Kərimin təfsiri və təvilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər və Allahı tanımağın) qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam və o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır və onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı və pis niyyətlərin, şər və xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər və məsum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar.[10] Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun.

Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.[11]

 

120-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə baş vermiş «Hərir» gecəsi hadisəsindən sonra buyurduğu) kəlamlarındandır. (Hadisə haqda otuz altıncı xütbənin şərhində yığcam məlumat verilmişdir. Şam ordusu məğlub olub İraq qoşununda qələbə və fəthin nişanələrini gördükdə Əmr ibn Asın məkri, hiyləsilə döyüşdən əl çəkdilər və Quranları nizələrinə sancaraq iki hakimin qəzavətini xahiş etdilər. İraq qoşununun çoxu xahişi qəbul etsə də, İmam əleyhis-salam buna razı deyildi və onları xahişin qəbulundan çəkindirdi. Onlarsa çox israr edərək «onların xahişini qəbul etməsən, Osman ibn Əffanı öldürdüyümüz kimi səni də öldürərik» dedilər. Həzrət onların israrı və çirkin sözlərinin nəticəsində hakimliklə razılaşaraq ordusuna onu qəbul etməyə icazə verdi.) Səhabələrindən biri ayağa qalxaraq dedi: Bizi (iki hakimin) qəzavətə razılaşmaqdan çəkindirib sonra ona əmr etdin. Başa düşmədik ki, bu iki əmrdən hansı doğru yola, hidayətə daha yaxındır? İmam əleyhis-salam əlini əlinə çırparaq buyurdu:

Bu (heyrət və sərgərdanlıq) ayıqlıq və ehtiyatını əldən verən kimsənin (sözümə tabe olmayaraq iki hakimin-yəni, Əbu Musa və Əmr ibn Asın hakimliyini qəbul etməyə məni vadar edənin) cəzasıdır!! Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmamağınızı əmr etdiyim vaxt sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi (nəsibiniz fəth və qələbə idi) meylinizin isə olmadığı bir işə (Şam əhli ilə döyüşə) vadar etmişdim. Müqavimətiniz olsaydı (mənim ardımca gəlsəydiniz), sizə yol göstərərdim, əyri olsaydınız, düzəldərdim. Məndən (mənə itaətdən) imtina etsəydiniz, sizləri məcbur edərdim (əmrlərimi yerinə yetirməniz üçün sizi öldürər və ya zülm verərdim). Bu yolun hər anı (mənim və sizin üçün) əminlik idi, ancaq kimin köməyi, yoldaşlığı ilə? Kimdən yardım istəməklə?[12] Sizin özünüz mənə dərd və xəstəlik (məğlubiyyətimin səbəbkarı) olduğunuz halda sizinlə (köməyiniz və yoldaşlığınızla məğlubiyyət və düşmənin özümə hakim kəsilmək xəstəliyini) müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm.[13]

İlahi, bu əlacsız dərdin təbibləri usandılar, kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar (bu qövmün doğru yola yönələcəyinə ümidimiz yoxdur, Sən Özün əlac qıl). Hanı İslama çağrılanda onu qəbul edənlər, Quranı oxuyub onu möhkəmləndirənlər (ona uyğun əməl etdilər) və cihada ruhlandıranlar (onları təşviq etdilər). Sonra (düşmənlə döyüş, müharibə meydanına getməyə) aşiq oldular, dəvələr (onları bir-birindən ayıranda) balalarına aşiq olduqları kimi. Qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını (döyüş meydanını) bürüdülər. (Düşməni mühasirəyə aldılar. Bu fəthlər və qələbələr müsəlmanlara yalnız ona görə nəsib oldu ki,) bəziləri həlak oldu (öldürüldü),[14] bəziləri isə sağ qaldı.[15] Sağ qalmalarına (döyüşdə ölmədiklərinə) sevinməzlər. (Desəydilər «filankəs döyüşdən sağ çıxıb», buna sevinməzdilər. Çünki əbədi həyatı haqq yolunda ölməkdə görürdülər.) Ölənlərə görə başsağlığı istəməzdilər.[16] Gözləri (Allahın xofundan) ağlamaqdan ağardı. Qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu. Rəngləri oyaq qalmaqdan saraldı, üzlərinə təvazökarlığın qubarı (izləri) əyləşdi. Onlar (imanda) qardaşlarım (və dostlarım) idilər ki, getdilər. Layiq olanı budur ki, onların (onlarla görüşün) təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. (Çünki sizin aranızda onlar kimiləri tapılmaz.) Şeytan öz yollarını (azğınlığı) sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün açmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik, ittifaq əvəzinə təfriqə, ayrılıq və ayrılığın nəticəsində fitnə-fəsad yaratmaq istəyir (ki, nəticədə haqdan əl çəkib kafir olasınız). Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin (ona aldanıb əmrilə oturub-durmayın). Sizə öyüd-nəsihəti hədiyyə, ərməğan edəndən (İmam əleyhis-salamdan) onu qəbul edib qoruyun (dünya və axirət səadətini qazanmaq üçün onu qəbul edib əməl edin).

 



[1] Yaradılmışlardan biri olan ölüm mələyini əlamətlərindən başqa cür tanımaq mümkün olmadığı kimi. Şübhəsiz ki, dərkedilmədən uca və bütün məxluqların yaradıcısı olan Allah-təalanın zatının əslini də başa düşmək olmaz.

[2] Əksinə, dünyanı onlar üçün açmış və bol nemətlər bəxş etmişdir. Bunun özü dünyanın zəlillik və alçaqlığının sübutudur. Çünki neməti dostlardan alıb düşmənlərə bəxş etmək yaraşan bir iş deyil.

[3] Bir-birinizin eybini üzünə deməməyinizin səbəbi Allahdan qorxu deyil, öz eybinizin faş olmaq qorxusudur. Buna görə də öyüd-nəsihət və islah etmək niyyətilə üzünə demir, Allahdan qorxmayaraq fəsad məqsədilə onun arxasınca danışırsınız.

[4] Məqsəd budur ki, həm rahatlıq, həm də çətinlik vaxtı Allaha şükr etmək lazımdır. Bəlaya görə həmd nemətlərin həmdindən daha üstündür. Çünki fani və məhv olacaq dünya nemətlərinin artmasına, bolluğuna gətirib çıxaran nemət həmdindən fərqli olaraq bəlaya, çətinliyə görə həmd daima qalan axirət əta və bəxşişlərinə səbəb olur.

[5] Bu iki şəhadətə imana görə səhlənkarlıq edilmiş bəzi əməllərdən keçiləcək.

[6] Belə ki, hər bir canlı tezliklə öləcək, ölən isə heç vaxt geri dönməyəcək. Buna görə diri ölüyə çox yaxın, ölü isə diridən çox uzaqdır.

 

[7] Heyvanların və bütün canlıların aclığı, susuzluğu və çətinlikləri Allah-təala üçün əhəmiyyətli olduğuna görə İmam əleyhis-salam yağış diləyərkən onları vasitə etmişdir.

[8] Vəzəhə ərəbcə sidik və peyinin qarışması nəticəsində qoyunun quyruğunun altında bağlanıb quruyan qartmağa deyilir. İmam əleyhis-salam öz səhabələrindən incidiyinə görə bu cümləni buyurmuş, Həccacın gəlişini istəməklə qeybdən bu heyrətamiz xəbərə işarə etmişdir. Ancaq camaat «vəzəhə»nin nə olduğunu, Həzrətin kimi nəzərdə tutduğunu başa düşməmişdir. Yalnız Həccacın peyin qurdundan kiçik, ərəbcə «xunfəsa» adlı heyvanla olan əhvalatı, Həccacın «xunfəsa» adlandırılması və «vəzəhə» sözünün dillərə düşməsindən sonra İmamın məqsədini başa düşdülər. İbn Meysəm Bəhrani rəhmətullah «Nəhcül-Bəlağənin şərhi» kitabında bu barədə yazır: «Bir gün Həccac öz səccadəsində namaz qılırdı. Bu vaxt bir xunfəsa ona tərəf yaxınlaşdıqda dedi: «Onu məndən uzaqlaşdırın. O, şeytanın peyinindən bağlanan qartmaqdır». Belə rəvayət olunur ki, o, «bu heyvanın Allahın yaratdığı məxluq olmasını güman edənləri Allah öldürsün» sözlərini də işlətmişdir. «Kimin məxluqudurdeyə soruşduqda isə «şeytanın peyinidir» deyə cavab vermişdir.

[9] Qurani-Kərimin İbrahim surəsinin 45-ci ayəsində də belə buyurulur: «وَسَكَنتُمْ فِي مَسَـاكِنِ الَّذِينَ ظَلَمُواْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الأَمْثَالَ» «Siz özlərinə zülm edənlərin, «ilahi göstərişə uyğun rəftar etməyənlərin» yurdlarında sakin oldunuz, onların başına nələr gətirdiyimiz və necə həlak etdiyimiz də sizə bəlli oldu. Bu barədə sizin üçün məsəllər də çəkdik ki, ibrət alasınız».

[10] Hər kim bu gün iş görməyib vaxtı fövtə versə, sabah iş qarşısında daha aciz qalacaq və onun düzəlməsinə ümid daha da azalacaq. Belə isə Allah, Peyğəmbər və İmamların göstərişlərinə əməl edin ki, bəlkə sabah sizləri ölüm haqladı və fürsət əlinizdən çıxdı.

[11] Dünyada yaxşı ada və axirətdə savaba səbəb olan yaxşı əməllər, Allah yolunda əliaçıqlıq və bəxşiş başqasına miras qoyulan var-dövlətdən daha yaxşıdır. Çünki camaat arasında yaxşı ad çıxarmaq ona səbəb olar ki, qohum və yad onun adı gələndə bağışlanmasını diləsin. İrs isə yalnız çatdığı kimsəyə səmərə verər. İyirmi üçüncü xütbədə وَ لِسانُ الصِّدْقِ يَجْعَلَهُ اللهُ لِلْمَرْءِ فِى النَّاسِ خَيْرٌ لَّهُ مِنَ الْمالِ يُوَرِّثُهُ غَيْرَهُ cümləsinin şərhində bu mövzu daha geniş izah edilmişdir.

[12] Yoldaşım, köməyim olmadan və siz razılaşmadan sizin üçün xeyirli, məsləhət olan Şam əhli ilə döyüşməyi necə əmr edə bilərdim?

[13] Bu bir zərbül-məsəldir. İnsanın düşmənə meyl və rəğbət bəsləyən kimsədən kömək istədiyi vaxt işlədilir: Atalar sözü orijinalda belədir: لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا Yəni: «Tikanı tikanla çıxarma, çünki tikanın meyli tikanladır». Burada İmam əleyhis-salam səhabələrindən çox incidiyinə görə Allah-təalaya şikayət edərək Həmzə, fər, Salman, Əbuzər, Miqdad və Əmmar kimi din başçılarının xidmətlərini və bəyənilmiş sifətlərini xatırlamış, kömək və yardım üçün onların olmamasından təəssüflənmişdir. Sonda öyüd-nəsihət verərək sözünü davam etmişdir.

[14] Übeydə ibn Harisin «Bədr» döyüşündə, Həmzə ibn Əbdülmüttəlibin «Ühüd» döyüşündə və Cəfər ibn Əbu Talibin «Mu» döyüşündə şəhid olmaları kimi.

[15] İmam əleyhis-salam kimi. Qurani-Kərimin Əhzab surəsinin 23-cü ayəsində də belə buyurulur: مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا «Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (kafir və münafiqlərlə döyüşüb) şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhd-peymanı əsla dəyişməz, dönməzlikdən əl çəkməzlər.

[16] «Filankəs döyüşdə həlak oldu» desəydilər, kədərlənməzdilər ki, onlara təskinlik versinlər. Çünki Allah yolunda ölməyi əbədi səadət bilirdilər.

  509
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment