Azəri
Tuesday 26th of March 2019
  526
  0
  0

Bu xütbənin bir hissəs i Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir

Bu xütbənin bir hissəsi
Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir

 

Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.

 

Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir

 

(İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər.

Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu.[1] Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu.[2] Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm[3] (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız).

 

(İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir)

Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir.[4] Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar).

 

108-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalanın kamal və cəlal sifətləri, mələklərin vəsfi, insanların dünyaya aldanması, qiyamət gününün sorğu-sualı və Həzrət Peyğəmbərin yaxşı əməllərindən bəziləri barədə) xütbələrindəndir.

Mövcud olan hər şey Allah qarşısında boyun əyir və Ondan asılıdır. (Hər bir mövcudun varlığı Onun güc və qüdrətinin əlindədir.) Hər yoxsulu ehtiyacsız edən, hər zəlil və xarı hörmətli edən, hər acizi qüdrətliyə çevirəndir, hər məzlumun pənah yeridir. Hər danışanın sözünü eşidər, hər dinməzin sirlərindən agahdır, hər canlının ruzisini vermək Onun öhdəsinədir, hər ölənin qayıdışı Onadır.

Gözlər Səni görməyiblər ki, Səndən xəbər versinlər (necə olduğunu bəyan etsinlər), yaratdığın vəsf edənlərdən əvvəl var idin. Məxluqları tənhalıq qorxusuna görə yaratmadın, onları faydalanmaq üçün xəlq etmədin. İstədiyin hər bir şey Səndən qabağa keçməz, tutduğun şey çəngindən çıxmaz. Sənə qarşı günah və itaətsizlik edən kimsə Sənin hakimiyyətini azaltmaz, Sənə itaət edib yolunla gedən, mülk və padşahlığını artırmaz. Qəzavü-qədərindən razı, şad olmayan əmrini döndərə bilməz, fərmanından üz döndərən Səndən ehtiyatsız olmaz. (Əksinə, əmrindən üz döndərməklə belə sənə möhtac olar.) Hər örtülü Sənin üçün aşkardır, heç bir gizlin Səndən gizlin deyil. (Gizlin və aşkar, hüzuru olmaqla olmamaq Onun üçün eynidir. Çünki Onun zatı ilə eyni olan elmi hər şeyi əhatə edir.) Sən həmişə varsan və Sənin üçün son yoxdur, Sən sonsan (hər şeyin qurtaracağı Sənə qayıdır). Deməli, Səndən (əmr və fərmanından) qaçmaq olmaz və Sən (hər şeyin) qayıdış yerisən. Deməli, Səndən (əzabından) Sənə (rəhmətinə) qaçmaqdan başqa yol yoxdur. Hər bir canlının alın tükü Sənin (güc və qüdrətinin) əlindədir və hər insanın dönüşü Sənə doğrudur. İlahi, Sən hər eyb və nöqsandan uzaq, təmizsən. Sənin yaratdıqlarından gördüyümüz bizim nəzərimizdə necə də böyükdür! Sənin güc və qüdrətinin qarşısında onun böyüklüyü necə də kiçikdir! Sənin padşahlığından (Allahlığından ağıl gözü ilə) gördüklərimiz nə qədər qorxuludur! Bu gördüklərimiz Sənin padşahlığında (Allahlığında) bizlərə görünməz olanların yanında nə qədər miskindir. Səndən dünyaya nə qədər də çox nemətlər gəlib və onlar Axirət nemətlərinin yanında necə də aşağıdırlar!

 

Bu xütbənin (mələklərin vəsfi barədə) bir hissəsidir

 

Mələklərdən bəzisini öz səmalarında məskunlaşdırdın və öz yer üzündən yüksəltdin. Onlar (bütün mələklər) Səni məxluqlardan (peyğəmbərlər və onların vəsilərindən başqa) daha yaxşı tanıyır, Səndən daha çox qorxur və (bu baxımdan) onlardan Sənə daha yaxındırlar (məqam və rütbələri daha yüksəkdir). (Onlar ataların) bellərində yerləşməyib, (anaların) bətnlərindən çıxmayıblar, pis sudan (spermadan) yaranmayıblar. Ruzigarın hadisələri onları bir-birindən ayırmayıb, dağınıq salmayıb. Onlar Sənin yanındakı məqam və mənzilləri ilə, bütün istəklərini Səndə cəmləşdirmələrinə (Səndən başqa bir şeyi nəzərlərində tutmurlar) rəğmən, Sənə ibadətlərinin çoxluğu, əmr və fərmanından bir an olsa belə, qəflətdə qalmamaları ilə belə yenə də onlara gizli olan əslini və həqiqətini aşkar görsələr, əməllərini (Sənin əzəmət və böyüklüyünün müqabilində) kiçik sanaraq (itaətdə təqsirlərinə görə) özlərini danlayıb məzəmmət edəcəklər. Başa düşəcəklər ki, Sənə (Zatına) layiq olan ibadəti yerinə yetirməyiblər.[5]

 

(Bu fəsildə camaatın dünya malına aldanmasını məzəmmət edərək ölümün çətinliklərini xatırladır)

İlahi, Səni hər eyb və nöqsandan təmiz, yüksək hesab edirəm ki, məxluqların yaradıcısı və varlığın pərəstişgahısan. İmtahan və sınağından yaxşı çıxan məxluqların üçün saray (Cənnət) yaratmısan, orada qadınlar və xidmətçilər, qəsrlər, çaylar, gəmilər bərqərar etmisən, yeməli, içməli şeylərdən və meyvələrdən süfrə açmısan. Dəvət edəni (Həzrət Peyğəmbəri) göndərdin ki, (camaatı) ona tərəf çağırsın. Dəvət edənə cavab verməyib təşviq etdiyin nemətlərə rəğbət göstərmədilər, həvəsləndirdiyin yaxşılıqlara müştaq olmadılar. (Əksinə), murdara (dünyaya) üz tutaraq onu yeməklə rüsvay oldular, onunla dostluğa razılaşdılar. Hər kim nəyə aşiq olarsa, bu məhəbbət onun gözünü kor, ürəyini xəstə edər. (Belə ki, onun eybini görməyərək çirkinliklərini də gözəl sanar.) Deməli, o, (dünyanın fəsadlarına) görməyən gözlə baxar, (həqiqətləri) eşitməyən qulaqla dinləyər. Əbəs istəklər onun ağlını didib, dünya ürəyini öldürərək özünə valeh edib. O, dünyanın və dünyadan əlində bir şey olanın bəndəsidir. Dünya hansı səmtə dönsə, ora dönər, hara üz tutsa, ora yönələr. Allah tərəfindən qadağanedici və nəsihətçi olandan (Qurani-Kərimdən) qəflətdən oyanmayıb, öyüd almır. Halbuki götürülmüşlərin necə də qəfil yaxalandıqlarını və pozmaq, dönüş və qayıdışa imkanı olmadıqlarını Xudaya bizi dünyaya qaytarsan, əmr və fərmanlarına əməl edəcəyik» demələri üçün imkanı olmadıqlarını), təsəvvür etmədiklərinin (ölümün) onları necə haqlayaraq rahatlıqla yaşadıqları dünyadan ayırdığını, vəd olunan axirətə çatdırdıqlarını görürlər. Onların başına gələn çətinliklər vəsf olunmaz. Can verməyin çətinliyi, əldən gedənə görə qəm və kədər onları bürüyür, əl-ayaqlarını süstləşdirir və rənglərini dəyişir. Ondan sonra onlarda ölümün təsiri artır, hər birinin özü ilə sözü arasına maneə düşür. (Söz danışa bilmir.) Öz əhli-əyalı arasında gözü ilə (onların iztirab və narahatlıqlarını) görür, qulağı ilə (onların ah-naləsini) eşidir, ağlı yerində, fəhmi bərqərardır. Ömrünü necə başa vurduğunu, ruzigarını necə keçirdiyini fikirləşir. Topladığı malları, onları qazanmaq üçün (halala və harama) göz yumduğunu, onları (halallığı və haramlığı) aşkar və şübhəli yerlərdən əldə etdiyini yada salır. Doğrudan da o, mal-dövlət toplamağın ziyanlarına (ona görə olan cəzalara) düçar olub və onlardan ayrıldığında (bundan) agah olub. Bu mal-dövlət ondan sonra həmin naz-nemətdən istifadə edib xoş günlər keçirən sağ insanlara qalacaq. Deməli, o mal-dövlətin rahatlığı (onun xoş güzəranı) ondan qeyrisi üçündür və o yükün dəyəri (məsuliyyəti) isə onun kürəyindədir. Həmin kişi də o mal-dövlətin girovundadır. (O mal-dövlətin hesab-kitabından qurtulmayıb və qaçmağa yolu yoxdur.) Ölüm vaxtı ona aşkar olanların (çətinliklərin) təsirindən peşman olaraq əlini dişləriylə gəmirər, həyatı boyunca meyl etdiklərinə meylsiz olar. Arzu edər ki, ey kaş o malları özü yox, məqam və rütbəsini arzuladığı, malına həsəd apardığı başqa bir şəxs yığaydı. Ölüm (izləri) onun qulaqları da dili kimi işdən düşənə (heç bir söz eşitməyənə) qədər ardı-arası kəsilmədən onun bədənində görünər. Öz əhli-əyalı arasında elə hala düşər ki, nə dinib danışar, nə qulağı eşidər, öz gözlərini onların üzlərinə baxmaq üçün açar, onların dillərinin hərəkətini görüb sözlərini eşitməz. Sonra ölüm (izləri) daha da artıb ondan yapışacaq, qulaqlarını bürüdüyü (heç nə eşitmədiyi) kimi gözlərini də bürüyəcək (artıq heç nə görməyəcək) və canı bədənindən çıxacaq. Beləliklə, öz əhli-əyalı arasında murdar bir ət olar ki, ondan qorxaraq uzaq durarlar. Nə ağlayana yoldaşlıq edər, nə də çağırana cavab verər. Bundan sonra onu götürüb yerdəki (son) mənzilinə (qəbrə) gətirəcək və onu orada (tənha qoyub) əməlinə tapşıracaq, onu görməkdən əl çəkəcəklər.

(Daha sonra İmam əleyhis-salam qiyamət günü yaradılmışların necə geri dönəcəyini şərh edir.) O zaman ki Allah-təalanın insanlar üçün təyin etdiyi vaxt qurtaracaq, aləmin müqəddəratı bitəcək və yaradılmışların axırı əvvəlinə qovuşacaq (hamı öləcək) və Allahın istədiyi insanların yeniləşməsi (ölülərin dirilməsi) üçün fərmanı çatacaq. (O zaman) Səmanı hərəkətə gətirib yaracaq, yeri alt-üst edərək titrədəcək, dağları yerindən qopararaq ətrafa dağıdacaq, Allahın heybət, cəlal, əzəmət və qələbəsinin qorxusundan dağlardan bəziləri-bəzilərinə çırpılacaq. Yerin altında kim varsa, hamısını üzə çıxardacaq. Deməli, onları köhnəldikdən sonra yeniləşdirib, üzvləri dağıldıqdan sonra bir yerə yığacaq. Sonra gizli iş və əməllərinə görə sorğu-sual etmək istədiyi üçün onları bir-birindən ayıracaq. Onları iki dəstəyə ayırıb (dünyada yaxşı işlər görüb itaət edən) bir dəstəyə nemət əta edəcək, (pislik edib itaətsiz olan) dəstədən intiqam alacaq. Ancaq itaət əhlinin mükafatını rəhmətində qərar verəcək, Öz əbədi cənnətində yerləşdirəcək. Elə bir cənnət ki, daxil olanlar bir daha ondan çıxmaz, (isti, soyuq, qocalıq, cavanlıq və bu kimi şeylərlə) halları dəyişməz, qorxu onlara üz tutmaz, xəstəliyə mübtəla olmazlar, təhlükə ilə üzləşmədikləri, səfərlərin onları dəyişib (qəribçiliyin qəm-kədərini, evdən uzaqlığın qüssəsini çəkməmələri üçün) bir yerdən başqa yerə aparmaz. Ancaq günah əhlinin cəzası budur ki, onları ən pis yerə (cəhənnəmə) daxil edəcək, əllərini boyunlarına keçirəcək, alınlarının tüklərini ayaqlarına bağlayacaq və əyinlərinə (çox pis qoxulu yağ olan) qətran köynək, alov saçan paltarlar geydirəcək. İstisi çox yandıran əzabda, qapıları (çölə çıxa bilməmələri üçün) sakinlərinin üzünə bağlı olan evdə qalacaqlar. Çox yandırıcı, hay-həşiri, alovu ərşə çıxan və qorxunc səsli atəşdədirlər. O atəşdə olanlar çölə çıxmaz, ona əsir düşəndən fidyə (əsiri azad etmək üçün verilən mala deyilir) qəbul olunmaz, (çünki cəhənnəm odunda yananın özünü qurtarmaq üçün verməyə malı olmaz, tutaq ki, olsa belə, qəbul edilməz), qandal və bəndləri sınmaz. Onun üçün bir müddət yoxdur ki, sona yetsin, nə də onun sakinləri üçün müəyyən zaman var ki, başa çatsın. (Və onları əzabdan qurtarsın. اللّهُمَّ إنّا نَعُوذُ مِنْها بِرَحْمَتِكَ الَّتِى سَبَقَتْ غَضَبَكَ İlahi Sənin qəzəbindən öndə olan rəhmətinə pənah gətiririk.)

 

Bu xütbənin bir hissəsi Həzrət Peyğəmbərinsəlləllahu əleyhi və alih – (və o Həzrətin vəsilərinin) vəsfi barəsindədir

 

Həzrət Peyğəmbər dünyanı kiçik görürdü, onu xırda sanırdı (ona ürək bağlamadı) və ona əhəmiyyət verməyib onu aşağı hesab etdi. Bilirdi ki, Allah-təala onu seçib və dünyanı (məhəbbət dostluğunu) ondan uzaqlaşdırıb, kiçik və aşağı olduğuna görə onu Həzrətdən qeyrisinin nəzərində cilvələndirdi. (Dünyanı dünyapərəstlərə nəsib etdi.) O böyük şəxs də qəlbən dünyadan üz döndərib meylsizlik etdi və ya onu yada salmağı öz nəfsindən uzaqlaşdırdı (onu xatırlamaqla məşğul olmadı). Onun zinətindən bəzənmiş paltar istəməmək və ya orada yaşamağı arzulamamaq üçün dünyanın zinət və bəzəyinə baxmamağı sevərdi. Allahının tərəfindən (dəlil sübutla) hökmləri təbliğ etdi, ümmətini və ardıcıllarını (ilahi əzabla) qorxudub öyüd-nəsihət verdi, onları müjdələyərək Behiştə dəvət etdi.

(Biz on iki İmam əleyhimus-salam) Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dost və yarlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.)

 

109-cü xütbə

 

İmam Əli əleyhis-salamın (Allaha yaxın olmağın İslamın əlamətlərini qoruyub saxlamağın yolları barədə) xütbələrindəndir.

Allah-təalaya tərəf yaxınlaşmağın ən yaxşı yolu (ondur, onların birincisi) Allahın birliyini, vahidliyini və Onun elçisinin (Məhəmmədin - səlləllahu əleyhi alih -) peyğəmbərliyini təsdiqləyib etiraf etməkdir. (İkincisi) İslamın (əzəmətli sütununun) ucalmasına səbəb olan Allah yolunda (kafirlərə dinin düşmənlərinə qarşı) cihad və müharibə etməkdir. (Üçüncüsü) (İlahi bəndələr üçün) fitri və təbii olan ixlas kəlməsidir La ilahə illəllah» deməkdir). (Dördüncüsü) İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olan namaz qılmaqdır. (Əzəmət əhəmiyyətinə görə onu dinin özü adlandırmışdır.) (Beşincisi) Allah tərəfindən müəyyən edilmiş pay olan zəkatdır. Onu ödəmək (imkanı olanlara) vacibdir. (Altıncısı) əzab üçün sipər olan Ramazan ayının orucudur. (Yeddincisi) Allahın evinə Həcc ziyarətinə getmək, onun Ümrə əməllərini yerinə yetirməkdir. Həcc və Ümrə yoxsulluğu, pərişanlığı aradan götürər, günahı yuyub paklaşdırar. (Səkkizincisi) Malın, sərvətin artmasına və ömrün uzanmasına səbəb olan sileyi-rəhm (qohum-əqrəbaya yaxşılıq edib xeyir vermək). (Doqquzuncusu) Sədəqədir (yoxsullara əlacsızlara edilən ehsandır). Gizli verilən sədəqə günahı örtər. (Buna görə Allah-təala müsibət günahın nəticələrini azaldar.) Aşkar sədəqə pis ölümü (qəfil ölüm, suda batmaq, yanmaq, dağıntıların altında qalmaq bu kimi ölümləri) dəf edər. (Onuncusu) Bəyənilmiş işlər görmək (yaxşılıq, xeyirxahlıq qardaşların arasını düzəltmək). Yaxşı əməllər insanı zillət və xarlığa düçar olmaqdan qoruyar. (Yaxşı əməl sahibi dünyada axirətdə başıuca olaraq zillətə bədbəxtliyə düçar olmayacaq.)

Allahı xatırlamağa tələsin ki, Allahı anmaq zikrlərin ən yaxşısıdır. Pərhizkarlara vəd verdiyinə (cənnətə) rəğbət göstərin ki, Onun vədi ən doğru vəddir. Öz peyğəmbərinizin hidayəti və göstərdiyi yolla gedin ki, onun yol göstərməyi hidayətlərin ən üstünüdür. Onun sünnəsi və yoluna uyğun rəftar edin. Çünki onun yolu ən doğru yolgöstərən sünnə və yoldur.

Ən yaxşı deyim olan Quranı öyrənin. Ondakılar barədə fikirləşib düşünün ki, Quran qəlblərin baharıdır. (Ürəkdə elm hikmətin hər cür güllərini bitirir.) Onun hidayət nuru ilə (cəhalət nadanlıq xəstəliyindən) şəfa diləyin ki, Quran sinələrin (xəstəliklərinin) şəfasıdır. Onu gözəl oxuyun (sözlərini səhvsiz oxuyub mənasına riayət edin hökmləri barədə düşünün) ki, o, deyimlərin ən faydalısıdır. (Quranı bilənin rəftarı onun göstərişinə uyğun olmalıdır. Çünki) Elminin ziddinə hərəkət edən alim cəhalət və nadanlıqdan özünə gəlməyən cahil və nadana bənzəyir. (Elmin faydası olmayan yerdə bir tədbir qalmaz.) Əksinə, onun aqibəti üçün dəlil və sübut (Qiyamət günündə cahilə əzab üçün olan dəlil sübutdan) daha çox, həsrət və kədəri daha artıq, Allah yanında məzəmmət və qınağı daha boldur.[6]

 

110-cu xütbə

 

İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət etdiyi və ondan uzaqlaşmaq barədə) xütbələrindəndir.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, sizləri dünyadan (ona ürək bağlamaqdan) çəkindirirəm. Çünki dünya (dünyapərəstlərin ağzında) şirin və (onların nəzərində) yam-yaşıldır. Şəhvətlərə və əbəs istəklərə bürünmüşdür. Tez ötüb-keçən mal-dövləti ilə (istəyənlərinə) dostluq izhar edər, azacıq zivərləri ilə (camaatı) heyrətə salaraq şad edər. (Yersiz və güvənilməyən) Arzular və (nadanları) aldatmaq üçün özünü bəzəmişdir (öz istəyənlərinin din və dünya sərmayələrini oğurlamaq üçün özünü fahişə kimi bəzər). Onun şadlığı sabit deyil, dərd və kədərindən rahatlıq yoxdur, çox aldadıcı və ziyankardır. Halları dəyişəndir.[7] Fani, məhv və puç olacaq. (Hamını) həlak edən qarınquludur (yerin qarnı heç vaxt insandan doymaz və ruzigarın gərdişi insanları məhv etməkdən usanmaz). Ondan razı olan dünyapərəstlərin arzusu başa çatan zaman dünya olduğundan qabağa getməyəcək. Necə ki, Allah-təala (Qurani-Kərimin Kəhf surəsinin 45-ci ayəsində) buyurub: كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا yəni: Dünya göydən yağdırdığımız yağmura qarışıb (onunla yetişən), sonra sübh çağı (səhəri gün) dönüb küləyin sovurduğu quru çör-çöp olan yerdəki bitkiyə bənzəyir. Allah hər şeyə (hər bir işə) qadirdir. (Dünyanın rahatlığı və xoşgüzəranlığı qısa zaman ərzində quruyub varlığı fanilik küləyilə sovrulan yam-yaşıl bitkiyə bənzəyir.) Kimsə dünya malından boğaz qurudan göz yaşlarından (qəm və kədərdən) başqa sevinc və şadlıq görmədi. Pisliklərinin vurduğu ziyandan başqa bir kimsəyə xoş üz göstərmədi. (Dünyaya arxa çevirərək nemətini ondan almasından başqa heç kəs öz istəyi ilə dünyadan öz qarnını doydurmadı və öz arzusuna çatmadı.) Bu dünyada bəla buludu üstünə dalbadal yağış yağdırmaqdan savayı dolu yağışlar onu xoşbəxt eləmədi. (Dünyanın işi belə olduğuna görə) layiqdir ki, (dünya) səhərin erkən çağlarında insanın dostu, yarı olub ona yoldaşlıq etsin və gecə dəyişərək düşməninə çevrilsin. Onun bir tərəfi şirin və şəffaf olsa da başqa bir tərəfi acı və (öldürücü xəstəlik olan) vəbalıdır. Heç kəs müsibət və kədərlərinin ağrı-acısını dadmaqdan savayı onun xoşluğundan muradına yetməz, səhərini xof və qorxu qanadlarında açmadan bir gecəni belə rahatlıq və asayiş qanadında başa vurmaz. Çox aldadıcıdır. Onda nə varsa, hamısını aldadar. Fani olasıdır, ondakıların hamısı fani olar. Təqva və pərhizkarlıqdan başqa onun azuqələrinin heç birində xeyir və yaxşılıq yoxdur. Hər kim dünya malından azacıq qazansa, onu (qiyamətdə hesab-kitabın ağırlığından) çox qoruyacaq bir şey əldə etmişdir. Hər kim çox qazansa, (hesab-kitab vaxtı) onu həlak edəcək, (dünyada da) tezliklə zay olacaq bir şeyə sahib olmuşdur. Nə çoxdur dünyaya etimad edib ona ürək bağlayan, dünyanın isə dərdə saldığı insanlar. Nə çoxdur dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçaltdığı kimsələr. Nə çoxdur fəxr edən və özündən razı olan, dünyanın isə zəlil, xar etdiyi kimsələr. Dünyanın səltənəti və rəhbərliyi dövredicidir (gah ona, gah buna) və onun xoş güzəranı (küdurətlə) bulanıqdır. Onun (dünyapərəstlər üçün təmiz olan) saf suyu (aqil və gözüaçıq insanlar üçün) şor və çirklidir. Onun şirinliyi ağacın şirəsi kimi çox acıdır. Onun təamı ölümcül zəhərlər, vasitələri (ona ürək bağlanan şeyləri) çürümüş və tikə-tikə olmuş kəndirlər kimidir. Onun dirisi ölümə, sağlamı isə xəstəliyə doğru hərəkət edir. Onun hakimiyyəti əldən çıxmış, dəyərlisi əlaltı olmuş, varlısı müsibətə düşmüş, qonşusunun (dünyada yaşayanın) malı qarət edilmişdir.

Sizdən əvvəlkilərin olduğu yerlərdə deyilsinizmi? Hələ onların ömürləri daha uzun, izləri daha qalımlı, arzuları daha çox, insanları daha hazır və qoşunları daha sıx idi. Dünyaya necə vardısa, elə də pərəstiş edib seçdilər. Sonra dünyadan özləri ilə yola götürəcək azuqəsiz, yol getmək üçün miniksiz köçdülər (öldülər). Sizlər (ata-babalarınızın öldüyü vaxt) dünyanın özünü (və ya kimsəni ölməmələri üçün) fidyə verdiyini və ya onlara yoldaşlıq etdiyini, yaxşılığa görə onlara kömək etdiyini eşitmisinizmi? (Xeyr!!!) Əksinə, ömürlərinin dirəklərini çətinliklər və dərdli müsibətlərlə laxladaraq tərpədib və üzlərini, alınlarını torpağa sürtüb, mehtərlərinin əl-ayaqlarını təpiklə döyəcləyib. Köməkliyi bu olub ki, ruzigarın ağır hadisələrini başlarına gətirib. Belə isə, dünyanın ona yaxınlaşıb onu seçənlərə və etimad edənlərə dəyişdiyini və tanımsızlığını (düşmənçiliyini) gördünüzmü? Hətta ondan həmişəlik ayrılaraq köçdülər (bir daha onlar üçün qayıdış yoxdur). Onlara aclıqdan başqa bir azuqə, darısqallıqdan (gor) başqa bir yer, qaranlıqdan (qəbir) başqa bir işıq verdimi? Onların dalınca çətinliklərə görə peşmançılıqdan başqa bir şey tədarük gördümü? Belə bir (vəfasız) dünyanı seçir, ona ürək bağlayır, onu əldə etməyə tamahlanıb çalışırsınız? Ona bədgümanlıq etməyib orada yaşayanda təhlükəsindən qorxu-hürküsü olmayan üçün pis bir saraydır. Özünüz bilsəniz də agah olun ki, (əvvəl-axır) dünyanı tərk edib ondan köçəcəksiniz. «Güc və qüdrətdə bizdən üstün olan varmıdeyənlərdən ibrət alın. (Hamısı öldülər və) taxta miniklərə mindirilib gorlarına tərəf aparıldılar. Onlara süvari demirlər (çünki süvari miniyinin ixtiyarı əlində olana deyilir). Gorlarına qoysalar da onlara qonaq demirlər. (Çünki qonaq öz ayağı ilə bir yerə gedər və ona qulluq edərlər.) Onlar üçün yerin dibindən qəbirlər, torpaqdan kəfənlər, çürümüş və sınıq sümüklərdən qonşular müəyyən olundu. Onlar elə qonşudurlar ki, çağırana cavab verməz, (özlərinə edilən) zülm və sitəmin qabağını almaz, növhəyə etina etməzlər. Üstlərinə yağış yağsa, şadlanmaz, yoxsulluq üz versə, ümidsiz olmazlar. (Dünyanın qəm, kədər və çətinliyindən azad, özlərinə qapalıdırlar.) Hamılıqla bir yerdədirlər və tənhadırlar, qonşudurlar və bir-birindən uzaqdırlar. (Çünki bir-birlərinin vəziyyətindən xəbərləri yoxdur.) Bir-birləri ilə yaxındırlar və görüşmürlər, qohumdurlar və qohumluqlarını bildirmirlər. Səbrlidirlər və ürəklərində kin yoxdur, nadandırlar (heç nəyi dərk edib anlamırlar) və kinləri aradan getmişdir. Onların qəm və kədərindən kimsə qorxmur, onların köməyinə, yoldaşlıqlarına ümid də yoxdur. Yerin üstünü altına, (dünyanın) genişliyini darlığa (qəbrə), öz əhli və dostları ilə olmağı qəribçilik və tənhalığa, işıqlığı qaranlığa çevirmişlər. Torpaqdan lüt-üryan ayrıldıqları (yarandıqları) kimi yerin təkinə gəldilər (qayıtdılar). Öz əməl və işləri ilə dünyadan həmişəlik həyata və əbədi saraya köçdülər. (Orada yenidən diriləcək və bir daha ölməyəcəklər, istər yaxşı, istərsə də pis əməl sahibi olsunlar.) Allah-təala (Qurani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində) buyurur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ «İnsanları ilk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Bizim bu vədimiz mütləqdir, onu yerinə yetirəcəyik».[8]

 



[1] Din düşmənlərinin söndürmək fikrinə düşdükləri Haqqın nuru və gizlətmək istədikləri elmin həqiqət və sirləri İmamın vasitəsilə aşkar oldu. Deməli, cahilə və nadana üzrxahlıq etməyə yer qalmadı.

[2] Həzrət Peyğəmbər qiyamətə qədər olan həyatın bütün hallarını bəşərin ehtiyacı olduğu şeyləri elə bəyan etmişdi ki, sanki  qiyamət qopur. Deməli, başqa bir peyğəmbərin ortaya çıxaraq xeyir və fəsad yolunu bəyan etməsini gözləməyə söz yeri qalmır.

[3] Bəziləriniz ölülər kimi heç nəyi başa düşmür və düşmənin qabağını almır, canı olan, yəni, ağlı olan bəziləriniz isə başa düşürsünüz, lakin dünyapərəst olduğunuzdan döyüşə getmirsiniz.

[4] Onlar üçün suyu, bitkisi olan məsləhətli bir yer seçməli, öyüd və nəsihətdə xəyanət etməməlidir. الرَّآئِدُ لا يَكْذِبُ أَهْلَهُ yəni, - rəhbər öz ardıcıllarına yalan deməz - misalında olduğu kimi. Qısası, burada olanlar eşitdiyi bu elmləri və xəbərləri olmayanlara doğru-dürüst çatdırsınlar.

[5] Çünki onların ibadət və itaəti Allahı tanımaları və məlumatları qədərdir; məlumat artdığına görə ibadət və itaət də artar.

 

[6] Bilə-bilə günah və itaətsizlik edib Allahın göstərişlərinə əhəmiyyət verməyərək onun ziddinə hərəkət edib. Bunun özü günahların ən böyüyüdür.

[7] İmkanlını yoxsula, asayişi çətinliyə, həyatı ölümə, sağlığı xəstəliyə çevirir və ya həmişəlik səadəti və əbədi cənnəti əldə etməyə mane olur.

[8] İlahi, Əli əleyhis-salamın haqqına xatir bütün çətinlik və gərginliklərdə işlərimizin sonuna qədər bizə kömək ol, bizimlə Öz fəzl və kərəminlə rəftar et. وكُنِ اللَّهُمَّ بِعِزَّتِكَ لِى فِى كُلِّ الْأَحْوَالِ رَؤُوفاً وَ عَلَىَّ فِى جِمِيعِ الأُمورِ عَطُوفاً إِلَهِى وَ رَبِّى مَنْ لِى   غَيْرُكَ  İlahi, Öz izzətinə xatir bütün hallarda mənimlə mehribanlıqla və bütün işlərdə mərhəmətlə rəftar et. İlahi və Rəbbim, mənim Səndən qeyri kimim var?

  526
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment