Azəri
Sunday 16th of June 2019
  700
  0
  0

Onlar soruşdular: "Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?"

74. Onlar soruşdular: "Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?"

75. (Qardaşlar: ) "Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!" - deyə cavab verdilər.

76. (Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

77. (Qardaşlar) dedilər: "Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: "Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!"

78. (Qardaşlar) dedilər: "Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük".

79. (Yusif) belə cavab verdi: "Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!"

80. Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: "Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.

81. Atanızın yanına qayıdıb deyin: "Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).

82. Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!"

83. (Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: "Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!"

84. (Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: "(Heyf sənə) yazıq Yusif!" - dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).

85. (Oğlanları Yə’quba) dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!"

86. (Yə’qub) belə cavab verdi: "Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!

87. Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!"

88. (Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: "Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!"

89. (Yusif) onlardan: "Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?" - deyə soruşdu.

90. Onlar: "Yoxsa sən Yusifin özüsən?!" - dedilər. O da: "Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!" - deyə cavab verdi.

91. Onlar: "Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!" - dedilər.

92. (Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)

93. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!"

94. Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı övladlarına) dedi: "Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!"

95. Onlar: "Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!" dedilər.

96. Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: "Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!" söylədi.

97. (Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər.

98. (Yə’qub) dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"

99. (Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" dedi.

100. (Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"

101. (Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) "Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"

102. (Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!

103. Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!

104. Halbuki sən bundan (islamın təbliğı və imana də’vətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Qur’an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!

105. Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə’naları haqqında düşünməzlər).

106. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).

107. Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?

108. (Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!"

109. Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

110. Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!

111. (Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!

  700
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment