Azəri
Friday 19th of April 2019
  1336
  0
  0

HƏMD SURƏSİ HAQDA ÜMUMİ MƏ᾽LUMATLAR

HƏMD SURƏSİ HAQDA ÜMUMİ MƏ᾽LUMATLAR

Nazil olduğu yer:

Bir çox müfəssirlərin fikrincə Həmd surəsi Məkkədə nazil olmuşdur. Lakin bə᾽ziləri onun Mədinədə nazil olduğunu qeyd etmişlər. Surənin Məkkədə nazil olduğu daha həqiqətə uyğundur və bunu sübuta yetirəcək iki əsaslı dəlilə istinad etmək olar.

1) Həmd surəsinin digər adlarından biri də Səb`ül-Məsani (yeddi ayə )-dir. Hicr surəsinin 87-ci ayəsində bu haqda deyilir:

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

”[Ya Məhəmməd!] Biz sənə [hər namazda oxunub] təkrarlanan yeddi ayəni [Fatihə surəsini] və böyük [əzəmətli] Qur᾽anı verdik.)

«Həmd» surəsi haqda mə᾽lumat verən bu ayə Məkkədə nazil olmuşdur və buna əsasən, deyə bilərik ki, «Həmd» surəsi də Məkkədə nazil olmuş surələrdəndir.

2) «Həmd» surəsinin Məkkədə nazil olduğuna dəlalət edəcək ikinci əsaslı dəlil Namaz hökmünün Məkkədə verilməsidir. Belə ki, məzhəbindən asılı olmayaraq hər bir müsəlman namaz qılarkən «Həmd» surəsinin oxunmasını zəruri hesab edir. Peyğəmbərdən (s) bu barədə nəql olunmuş rəvayətdə deyilir:

(La səlatə illa bifatihətil kitab – Fatihəsiz namaz, namaz deyildir.)

Bu hədis sünnü və şiə mənbələrində mütəvatir olaraq nəql olmuşdur. Belə bir nəticəyə gəlirik ki, «Həmd» surəsi Məkkədə nazil olmuş və müsəlmanlar elə ilk gündən namazlarında «Həmd» surəsini oxumuşlar.

Bə᾽zi müfəssirlər isə bu barədə üçüncü nəzəri irəli sürmüşlər. Onların fikrincə «Həmd» surəsi böyük əhəmiyyət kəsb etdiyi üçün iki dəfə, yə᾽ni, bir dəfə Məkkədə və bir dəfə Mədinədə nazil olmuşdur. Lakin bu nəzəriyyəni sübuta yetirəcək elə bir tutarlı dəlil yoxdur. Bəlkə də surənin «Səb᾽ul-Məsani» adlandırılmasına səbəb müfəssirlərin dedikləri kimi onun iki dəfə nazil olması olmuşdur. Lakin bunun başqa bir səbəbi də ola bilər. O da «Həmd» surəsinin namazın birinci və ikinci rəkətlərində oxunmasıdır.

HƏMD SURƏSİNİN FƏZİLƏTİ

«Həmd» surəsinin fəziləti barədə bunu qeyd etmək kifayətdir ki, Allah-taala Hicr surəsinin 87-ci ayəsində bu surəni Qur᾽anla müqayisə edərək onların eyni əhəmiyyətə malik olduğunu bəyan edir. «Həmd» surəsinin ikinci böyük əhəmiyyət kəsb edən və onu Qur᾽anın digər surələrindən fərqləndirən xüsusiyyətlərdən biri də onun gündəlik namazlarda oxunmasıdır. «Həmd» surəsinin digər üstün xüsusiyyətlərindən biri də onun gündəlik [və sair] namazlarda digər surələrlə əvəz olunmamasıdır. Belə ki, dinin sütunu olan namaz, müsəlmanları qeyri-müsəlmanlardan fərqləndirir və bu [yə᾽ni namaz] müsəlmanlar üçün ən gözəl, üstün xüsusiyyət hesab olunur. Bu surədə bir çox mühüm elmi mətləblərə toxunulmuşdur və biz növbəti fəsillərdə onların hər biri haqda ətraflı söhbət açacağıq.

Bütün bunlarla yanaşı «Həmd» surəsinin fəziləti barədə bir çox hədis və rəvayətlər də nəql olunmuşdur.

Şeyx Səduq, İmam Həsən Əsgəri (ə)-dan, o da atasından və o da cəddi Əli (ə)-dan nəql etdiyi hədisdə deyilir:

«Bismillahir-Rəhmanir-Rəhim» – «Həmd» surəsinin ayələrindən biridir. Bu ayə ilə birlikdə «Həmd» surəsi yeddi ayədən ibarət olur. Əli (ə) əlavə edərək buyurur: Allahın Rəsulu (s) buyurdu:Allah-taala

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

ayəsini mənə nazil etdi və «Həmd» surəsinin Qur᾽anla müqayisədə eyni əhəmiyyət kəsb etdiyini mənə əyan etdi. Bəli! «Həmd» surəsi Qur᾽anın ən dəyərli surələrindən və İlahi Ərşin qiymətli xəzinələrindən biridir.[1]

Buxari, Əbi Səid ibni Mə᾽ladan nəql etdiyi rəvayətdə deyir: Namaz qılarkən Peyğəmbər (s) məni səslədi, lakin namaz qıldığım üçün ona cavab vermədim. Namazı qılıb qurtardıqdan sonra Peyğəmbərə (s) yaxınlaşıb dedim: Ya Rəsulullah! Namaz qıldığım üçün sizə cavab vermədim. Buyurdu: Məgər Allah-taala bunu sizə əmr etmədimi

اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم

Allahın və Onun Peyğəmbərinin də᾽vətini qəbul edin.)[2] Sonra sözlərinə əlavə edərək buyurdu: Məsciddən çıxmazdan əvvəl sənə ən böyük surəni öyrətməyimi istərsənmi? Məsciddən çıxarkən dedim: Ya Rəsulullah! Ən böyük surəni öyrədəcəyinizi buyurdunuz. Peyğəmbər (s) «Həmd» surəsini tilavət edib buyurdu: Bu mənə nazil olmuş həmən «Səb᾽ul-Məsani» və əzəmətli Qur᾽andır.[3]

HƏMD SURƏSİNİN AYƏLƏRİNİN SAYI

Bir çox müfəssirlərin fikrincə «Həmd» surəsi yeddi ayədən ibarətdir. Lakin bu barədə bir neçə müxtəlif nəzəriyyələr də irəli sürülmüşdür. Belə ki, Hüseyn Cə᾽fəri «Həmd» surəsinin altı, Əmr ibni Ubeyd isə səggiz ayədən ibarət olduğunu hesab etmişlər. Lakin bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

1. İslam alimlərinin əksəriyyəti «Həmd» surəsinin yeddi ayədən ibarət olduğunu hesab edir.

2. İstər sünnü, istərsə də şiə mənbələrində nəql olunmuş rəvayətlərdə «Həmd» surəsinin yeddi ayədən ibarət olduğu göstərilir.

3. Bir qədər əvvəl qeyd etdik ki, «Səb᾽ul-Məsani – yeddi ayə» deyildikdə «Həmd» surəsi nəzərdə tutulur. Və bu da «Həmd» surəsinin yeddi ayədən ibarət olduğunu bir daha sübuta yetirir.

Bu nəzəriyyəyə əsasən, «Bismillah» ayəsini müstəqil ayə və «Həmd» surəsinin bir hissəsini təşkil etdiyini hesab edənlər «Siratəlləzinə» ayəsini surənin sonunadək bir ayə hesab edir, lakin «Bismillah» ayəsini «Həmd» surəsinin müstəqil ayəsi hesab etməyənlər «ğəyril məğzubi» ayəsini müstəqil hesab edir. Beləliklə hər iki nəzəriyyəyə əsasən, «Həmd» surəsinin yeddi ayədən ibarət olduğu sübuta yetirilir.

HƏMD SURƏSİNİN HƏDƏFİ

«Həmd» surəsində iki mühüm məsələyə işarə olunur.

1. Tohid [təkallahlıq] – İnsan Allahın birliyinə iman gətirməli, Ondan başqa heç bir varlığı ibadətə layiq görməməli və yalnız Ona ibadət etməlidir.

2. Məada [axirət dünyasına] iman gətirmək.

Bəşəriyyəti təkallahlığa də᾽vət edən müqəddəs İslam dininin tə᾽limləri məhz bu iki amilin üzərində formalaşmışdır. Ali-İmran surəsinin 64-cü ayəsində deyilir:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ

[Ya Məhəmməd!] Söylə ki: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki:] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!»)

Demək, peyğəmbərlərin göndərilməsində və səmavi kitabların nazil olmasında əsas məqsəd bəşəriyyəti haqq yola hidayət etmək və təkallahlığa də᾽vət etmək olmuşdur. Və haqqında söhbət açdığımız surədə bu mətləbə xüsusi diqqət yetirilmişdir.

İzah:

Şüurlu insan, başqa birisinin qarşısında özünü kiçik hesab etdikdə ona tabe olur və özündə görmədiyi üstün xüsusiyyətləri onda müşahidə etdiyi üçün ona möhtac olduğunu hiss edir. Bu hiss onda ya mə᾽nəvi zəiflikdən, ya maddi asılılıqdan, ya ehtimal verdiyi zərər və təhlükəni özündən uzaqlaşdırmaqdan, ya onun diqqətini cəlb etməkdən və yaxud da onda mənfəət duyduğundan irəli gəlir. Tabe olunan və özünü başqalarından üstün görən şəxs isə başqasının ona tabe olduğunu görməklə yanaşı, ona tabe olan şəxsin bir gün ona qarşı çıxacağından da bərk nigarançılıq keçirir.

Bütün bunlar insanın başqa birisinin qarşısında tə᾽zim və tabe olmasına səbəb olan ən başlıca amillərdir. Lakin bir şüurlu insan əgər diqqət yetirərsə, bu həqiqətin şahidi olacaq ki, bu xüsusiyyətlərin hamısı hər şeyə qadir və ibadətə layiq yeganə varlıq olan aləmlərin Rəbbinin müqəddəs zatında təcəlli olmuşdur. O Allah ki, hər şeyi yoxdan yaratmış, varlıqları fitri və şəriət yoluna hidayət etmiş, ruzi verərək kamala doğru yönəltmişdir. Bəli, Odur ibadətə layiq olan yeganə varlıq! Odur yaratdıqlarına ruzi verən və onları kamala çatdıran!

Bütün bunları nəzərə alaraq şüurlu insan Allahdan başqa bir varlığa pənah apararaq ona arxalana bilərmi?! Halbuki, Allahdan başqa bütün yaranmış varlıqlar məxluq və mümkünəl — vücuddur. Və belə bir varlıq özünün mövcud olmasında başqa birisindən möhtac və tam mə᾽nada asılı olur. Heç bir varlığa ehtiyacı olmayan və bütün eyb və nöqsanlardan uzaq olan yeganə varlıq isə Allahın müqəddəs zatıdır. O hamıdan ehtiyacsız, hamı isə Ona möhtacdır!!!

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

«Ey insanlar! Siz Allaha möhtacsınız, Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tə᾽rifə layiqdir!) (35/15).

Allah-taala bu surədə şükür və sənanın məhz Onun Özünə aid olduğunu bəyan etdikdən sonra insanlara qəlblərinin dərinliklərindən – «İyyakə nə᾽budu və iyyəkə nəstəin – Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» itaət şüarını dilə gətirməyi xatırladır.

Sonra insanlara ümumilikdə işarə olunaraq buyurulur:

Peyğəmbərlər və səmavi kitablar göndərilsə də, onlar üç əsas dəstəyə bölündü:

a) Tükənməz ilahi ne᾽mətlərdən bəhrələnərək haqq yola hidayət və kamala nail olan kəslər;

b) Haqq yoldan azan, lakin haqqın qarşısında inadkarlıq etməyən kəslər; Onlar böyük səhvə yol verərək haqq yoldan uzaq düşmüş və bu yolun nakam yolçularına çevrilmişlər. Əgər həqiqəti dərk edərlərsə, onun müqabilində inadkarlıq etməz və tutduqları səhv yolu davam etdirməzlər.

v) Var-dövlət, vəzifə və müxtəlif dünyəvi əyləncələrə qurşanan, haqqın müqabilində inadkarlıq və düşmənçilik edən kəslər; Onlardan bə᾽ziləri əvvəllər haqqı dərk etməmiş, bə᾽ziləri isə dərk edərək ona göz yummuş, hətta inkar da etmişlər. Sözün əsl mə᾽nasında onlar şəxsi meyl və istəklərinin əsiri olmuş və onun itaətkar bəndələrinə çevrilmişlər.

Allah-taala başqa bir surədə buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ

«Ya Peyğəmbər!] Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən [onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün] yoldan çıxardığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?» (45/23).

Onlar haqqın qarşısında inadkarlıq edərək küfrə və bu səbəbdən də haqq yoldan uzaq düşmüş ikinci dəstəyə aid olan şəxslərdən daha ağır əzaba düçar olarlar. Bəşər təbiəti var-dövlətə, sərvətə, ad-sana meyl edən bir varlıqdır. Bu səbəbdən də əgər İlahi hidayət ne᾽mətindən bəhrələnməzsə öz batini meyl və istəklərinə tabe olaraq gec-tez haqq yoldan uzaq düşəcəkdir.

وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَا مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاء وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

«Əgər Allahın sizə ne᾽məti və mərhəməti olmasaydı, [günah] sizdən heç vaxt pak olmazdı. Lakin Allah dilədiyini [günahdan] pak edər. Allah [hər şeyi] eşidən və biləndir». (24/21).

Allah əgər rəhm etməsə, insan batini istəklərinə tabe olduğu üçün hər an batini meylinin qarşısında məğlub olmaq ehtimalı vardır. Bu səbəbdən də Allah-taala insanlara hidayət olmalarını diləmələrini xatırlardır. «İhdinəsiratəl mustəqim – [İlahi] Sən bizi doğru yola yönəlt!» «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!»

Namaz qılan hər bir şəxs gündəlik namazlarında bu ayəni dəfələrlə təkrar edir və Allahdan onu ne᾽mət vermiş və haqq yola hidayət etdiyi kəslərdən qərar verməsini diləyir.

أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا

«Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin [Yə᾽qubun] nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın ne᾽mət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın [Allahın] ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar». (19/58).

Xülasə:

«Həmd» surəsinin ümumi məfhumu bundan ibarətdir ki, Allah-taala ilk növbədə özünü, öz kamal sifətləri ilə vəsf edir. Burada bir daha xatırladılır ki, Allah axirət gününün sahibi və Onun rəhmət və tərbiyəsi bu dünyada hamıya şamil olunur. Sonra belə bir nəticə əldə olunur ki, ibadətə layiq olan yeganə varlıq Allahın müqəddəs zatıdır. Və insan Ondan başqa heç bir varlıqdan kömək diləməməlidir.

Daha sonra necə ibadət etməyi və öz ibadətlərində Ondan tükənməz ne᾽mətləri olan haqq yola yönəltmələrini istəmələrini xatırladır. Son mərhələdə haqq yola hidayət olmuş və ilahi ne᾽mətlərdən bəhrələnən mö᾽min və əməli-salehlərlə Allahın qəzəbinə gəlmiş və haqq yoldan sapmış şəxslər arasında olan fərq bəyan olunur. Demək, «Həmd» surəsi dörd mühüm hissədən ibarətdir və onlardan hər biri böyük əhəmiyyət kəsb edən mətləbə toxunur.

1. Allahın kamal sifətləri vəsf olunur;

2. İbadətə layiq olan yeganə varlıq Allahın müqəddəs zatıdır. İnsan yalnız Allaha ibadət etməli və yalnız Ondan kömək diləməlidir;

3. Haqq yolu tanımağı və bu yola hidayət olmağı Allahdan diləmək lazımdır;

4. Əməli-saleh insanların hidayət yolu, qəzəbə gəlmişlərin (məğzubin) və haqdan uzaq düşənlərin (zallin) yolundan ayrı və fərqlidir.

BİSMİLLAH AYƏSİNİN TƏFSİRİ

«Həmd» surəsinin ilk ayəsi «Bismillahir-Rəhmanir-Rəhim» ayəsidir. Bu ayəni «Bəsmələ» də adlandırırlar. Və bu ayə beş kəlmədən ibarətdir:

İzah:

«» – qarammatikada bu hərfə «ğərr hərfi» deyirlər. Kəlmənin əvvəlində işlənir və nəinsə başlanmasına dəlalət edir. Belə ki, hər şey Allahın adı ilə başlanmalıdır. Əks təqdirdə həmin iş olduqca dəyərsiz və naqis olacaqdır. Bir qədər sonra bu barədə ətraflı mə᾽lumat verəcəyik.

«İsm» – İsim kəlməsi lüğətdə nişan və əlamət mə᾽nasını daşıyır. Əvvəldəki həmzə kəlməyə əlavə olunmuşdur, onun əsl hissəsini təşkil etmir və bu səbəbdən də başqa bir kəlmə ilə birləşdikdə tələffüz olunmur. “Bismillah” cümləsində isə yazılışda ixtisara düşmüşdür.

İsm kəlməsinin müxtəlif yazılış və tələffüz üsulları vardır. Lakin əksər hallarda ya kəsrə ilə «ism – sim» və ya zəmmə ilə «usm – sum» oxunur.

İsm kəlməsi ucalıq mə᾽nasını daşıyan «sumuvv» kəlməsindən götürülmüşdür. İsm kəlməsinin belə bir mə᾽na daşımasına səbəb bəlli olmayan bir şeyi aşkara çıxarmaq və ya heç bir mə᾽na daşımayan bir kəlməni adlandıraraq onu heç bir mə᾽na və məfhum daşımayan kəlmələrdən fərqləndirmək olmuşdur.

Alimlərin bə᾽zilərinin fikrincə, ism kəlməsi «əlamət» mə᾽nası daşıyan «səmət» kəlməsindən götürülmüşdür. Lakin bu nəzəriyyə tamamilə səhv və əsassızdır. Çünki bildiyimiz kimi ism kəlməsinin cəm halı «əsma», kiçiltmə mə᾽nasında «suməyy», tə`sirlik halında «səmməytu» və «əsməytu» kimi istifadə olunur. Və əgər «səmət» götürülsəydi, cəm halda «əvsam» təsğir (kiçiltmə) halında «vusəym», nisbət verildikdə «vəsmiyy», tə᾽sirlik halında isə «vəssəmtu» və ya «əvsəmtu» kimi istifadə olunardı.

«Alla – Allahın müqəddəs zatına xas olan adlardandır. Ərəblər hətta cahiliyyət dövründə də bu addan öz şe᾽rlərində istifadə edərdilər.

Allah-taala Loğman surəsinin 25-ci ayəsində bu barədə buyurur:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ

«[Ya Məhəmməd!] Həqiqətən əgər sən müşriklərdən «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan, onlar mütləq «Allah!» deyə cavab verəcəklər».

«Allah» kəlməsinin xüsusi ad kimi deyil, ümumi ünvan daşıdığını iddia edənlər böyük səhvə yol vermiş olurlar. Və biz bunu sübuta yetirəcək bir neçə dəlilə işarə edə bilərik.

1) «Allakəlməsi «Ləfzi-cəlalə» də adlanır. Belə ki, bu kəlməni eşitməklə heç bir dəlil və sübuta ehtiyac duyulmadan ilk növbədə insanın zehnində Allahın müqəddəs vücudu canlanır.

2) Başqa bir kəlməyə vəsf gəlmir. Məsələn, «Əl alimu – Əllahu, «Əl-xaliqu Əllahu (yə`ni, sifəti Allah olan alim, yaxud sifəti Allah olan Xaliq kimi ifadələrdən istifadə edərək) «Allah» kəlməsini vəsf şəklində gətirə bilmərik. Demək, Allah kəlməsi başqa bir kəlmədən götürülməmişdir (müştəq deyildir) və Ona xas olan adlardandır.

3) Əgər ləfzi-cəlalə Allaha xas olan ad olmasaydı «La ilahə illəllah – Allahdan başqa heç bir ilah, mə`bud yoxdur» təkallahlıq şüarı nə tohid kəlməsi adlanar, nə də Allahın birliyinə dəlalət edə bilərdi. Belə ki, (La ilahə illərraziq – Ruzi verəndən başqa bir Allah yoxdur), (La ilahə illəl xaliq – Yaradandan başqa Allah yoxdur) və bu kimi ifadələr Allahın birliyinə dəlalət etmir. Və əgər bir şəxs bu ifadələri (La ilahə illəllah) kəlməsinin yerinə istifadə edərsə, onu Allaha iman gətirmiş bir müsəlman kimi qəbul etmək olmaz.

4) Hər bir varlığın özünəməxsus müəyyən adı olduğu kimi aləmlərin Rəbbinin də özünə xas adı olmalıdır. Və bunu da bilirik ki, ərəb dilində bu müqəddəs zata «Allah»dan başqa heç bir ad verilməmişdir. Demək, «Allah» aləmlərin Rəbbinə xas olan bir addır.

İradlar:

1. Əgər bir şəxs hər hansı bir varlığa müəyyən bir ad qoyursa, demək ilk növbədə onu zehnində canlandırmış və özündə yarandığı təsəvvürə müvafiq olaraq ona nəzərdə tutduğu adı vermişdir. Lakin Allaha gəldikdə isə, bu iş qeyri-mümkündür. Çünki Allah təsəvvür olunası bir varlıq deyildir. Və insan kimi naqis və məhdud bir varlığın, elm və qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığı nə təsəvvür etməsi mümkündür və nə də adlandırması.

Və əgər «Allah» kəlməsinin «müqəddəs zata» verilən ad olduğuna ehtimal verilərsə, bunu da əsaslı hesab etmək olmaz. Çünki əvvəla bilirik ki, «Allah» adını qoyan Allahın özü deyildir. Digər tərəfdən isə adın qoyulması ilə yanaşı onu dilə gətirdikdə də insan onu zehnində canlandıra bilməlidir. Lakin qeyd etdiyimiz kimi, bəşərin bu müqəddəs zatı təsəvvür etməsi qeyri-mümkündür və belə bir halda «Allah» adını da [təsəvvür edə bilmədiyi] bir varlığa qoyması imkan xaricindədir. Demək, bəşərin müqəddəs zat üçün ad tə᾽yin edib, onu bu adla adlandıra bilməsi qeyri-mümkün olduğu üçün deyə bilərik ki, «Allah» kəlməsi tanrıya xas olan bir ad deyildir.

Cavab:

Hər hansı bir varlığa ad qoymaq üçün bu kifayət edər ki, insanın zehnində həmən varlıq barədə cüz᾽i və təqribi olsa da belə, təsəvvür yaranmış olsun. Və belə bir icmali təsəvvürün istər Allah kimi mütləq bir varlıq, istərsə də digər məhdud varlıqlar haqda olunması tamamilə mümkündür. Təsəvvürü mümkün olmayan isə Allahın müqəddəs zatı və Onun kamal sifətləridir. Halbuki, belə bir dəqiq təsəvvür nə adın tə᾽yin, nə də istifadə olunmasında lazımdır. Və əgər belə bir təsəvvür zəruri olsaydı, varlıqları adlandırmaq tək Allaha dair deyil, həqiqət və mahiyyəti bəşəriyyətə tamamilə bəlli olmayan mələk, cin, ruh kimi varlıqlarda da böyük nöqsanlar doğurardı.

Digər tərəfdən də heç kim işarə və şəxs əvəzliyinin Tanrının müqəddəs zatı üçün istifadə olunmasının doğruluğunda şəkk və tərəddüd edə bilməz. Demək insan işarə və şəxs əvəzliklərini tələffüz etməklə Allahı nəzərdə tuta bilər. Belə isə hər hansı bir kəlməni tələffüz etməklə Allahı nəzərdə tutmağımızın və bu kəlməni Ona xas olan ad hesab etməyimizin nə kimi nöqsanı ola bilər? Və Tanrının müqəddəs zatı bu kamal sifətlərinə malik olduğu üçün adlandırmaq mərhələsinə gəldikdə, bütün o kamal sifətlər nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq deməliyik ki, «Allah» kəlməsi bütün kamal sifət və xüsusiyyətlərə malik olan mütləq varlığa xas olan bir addır.

2. Əgər «Allah» kəlməsi xüsusi ad olarsa, Ən᾽am surəsinin 3-cü ayəsinin verdiyi mə᾽na bir o qədər doğru və düzgün olmayacaqdır. Ayədə deyilir:

وَهُوَ اللّهُ فِي السَّمَاوَاتِ وَفِي الأَرْضِ

«Göylərdə də, yerdə də [ibadətə layiq olan] yalnız O Allahdır».

Çünki əgər «Allah» kəlməsi Tanrının xas adı olarsa, belə olduqda ayədən belə bir qənaətə gəlməli olacağıq ki, Allahın müəyyən yeri və məkanı vardır. Halbuki, Allahın nə yeri var, nə də məkanı vardır. Bu səbəbdən də deməliyik ki, «Allah» kəlməsi Tanrının xas adı deyil, «mə᾽bud» mə᾽nasını daşıyacaqdır. Və belə olduqda ayənin mə᾽nası belə olacaqdır. (Odur göylərin və yerin mə᾽budu).

Cavab:

Demək, ayədən əldə etdiyimiz mə᾽naya əsasən, Allah üçün yer və məkan heç bir mə᾽na kəsb etmir. O, göylərdə və yerdə hər nə varsa əhatə edir və heç nə Ondan gizli və pünhan deyildir. Ayənin ardı bu mətləbə dəlalət edir.

يَعْلَمُ سِرَّكُمْ وَجَهرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

«Gizlində də, aşkarda da tutduğunuz [bütün] əməlləri O bilir!)

Əbu Cə᾽fər – Şeyx Səduqun fikrincə Məhəmməd ibni Ne᾽man həmən şəxs olmuşdur – nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan (Və huvəllahu fissəmavati və fil ərzi – göylərdə də, yerdə də yalnız O Allahdır) ayəsinin təfsirini soruşdum.

İmam (ə) buyurdu: Bəli, O hər yerdədir.

Dedim: O Öz vücud və zatı ilə hər yerdə olurmu?

Buyurdu: Söylədiklərinə diqqət yetir! Yer və məkanlar məhduddur. Əgər, Allah Öz zatı ilə filan yerdədir desən, deməli Onun digər varlıqlar kimi müəyyən və məhdud bir yerdə olduğunu təsəvvür etmiş olursan. Lakin bu heç də belə deyildir. O nə məhduddur, nə də məhdud bir yerə sığır. O yaradılmışlardan ayrı və onların malik olduqları sifət və xüsusiyyətlərdən də uzaqdır. Lakin eyni zamanda elm və qüdrəti hər şeyi əhatə edir.

«Allah» kəlməsi böyük və olduqca əhəmiyyətli mə᾽na kəsb etdiyi üçün «ləfzi-cəlalə» adlandırılmışdır. Bu kəlmənin özünəməxsus xüsusiyyətlərindən biri də budur ki, kəlmənin əvvəlindəki «Əlif və lam» xüsusi isim olduğundan kəlmənin əsas tərkib hissəsini təşkil etsə də, eyni zamanda həmzə digər kəlmələrdə olduğu kimi — nida cümləsi istisna olmaqla – Ya Allah – başqa bir kəlmə ilə birləşdikdə ixtisara düşərək tələffüz olunmur. Bu yalnız «ləfzi-cəlalə»yə xas olan xüsusiyyətdir. Və biz digər kəlmələrdə belə xüsusiyyətlərlə qarşılaşmırıq.

Lakin bunu da qeyd etməliyik ki, ləfzi-cəlalə «Lahə» kəlməsindən götürülmüşdür və bu da gizli qalmaq, bə᾽zən də ucalıq mə᾽nasını daşıyır. Demək, «Allah» kəlməsi tərkib baxımından məsdər, mə᾽na baxımından fail, istifadəyə gəldikdə isə Tanrıya xas olan ad kimi işlənilir. Belə ki, onun mə᾽nalarında bir neçə mətləbə toxunulmuşdur: «Allah» – yə᾽ni, bütün eyb və nöqsanlardan uzaq, hər şeydən uca və hər şeyə sahib və hakim olan mütləq bir varlıq. Elə bir varlıq ki, nişan və əlamətləri hamıya bəlli və gün kimi aşkardır. Eyni zamanda insanlar Onu görməz, əql və düşüncələri ilə zatının nədən ibarət olduğunu dərk etməzlər.

فيك يا اعجوبة الكو                  ن غدا الفكر كليلا

انت حيرت ذوي                     اللب و بلبلت العقولا

كلما اقدم فكري                     فيك شبرا فر ميلا

ناكصا يخبط في                        عشواء لا يهدي سبيلا

«Ey aləmi heyrətə gətirən varlıq! Ağıl və düşüncələr səni dərk etməkdən aciz qalmışlar. Sənsən ağıl və şüur sahiblərini heyrətə gətirən! Sənsən onları özünə valeh və heyran edən! Hər zaman səni dərk etmək üçün bir qarış irəliləyirəmsə fasilələr geri çəkilir. Zülmət və qaranlıqda sərgərdan sənə doğru irəliləyirəm. Və heç bir yol məni sənə doğru gətirmir».

4. Rəhman.

Bəsmələ cümləsinin dördüncü kəlməsi «Rəhman kəlməsidir. Mərhəmət, bağışlamaq və rəhm etmək mə᾽nasını daşıyan bu kəlmə «Rəhmət» kəlməsindən götürülmüşdür.

Allah-taala Qur᾽ani-Kərimdə buyurur:

أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ

«[Mö᾽minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər.) (48/29).

اعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

«Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayan, rəhm edəndir!» (5/98).

Rəhmət dedikdə, biz həm bu kəlmənin həqiqi mə᾽nasını yə᾽ni, bağışlamaq, mərhəmətli olmaq və rəhm etməyi, həm də «ürəyi yumşaqlıq» kimi məcazi mə᾽nada nəzərdə tuta bilərik. Lakin biz bu kəlmənin yalnız həqiqi mə᾽nasını Allaha nisbət verə bilərik. Çünki «rəhmət» «ruzi vermək», «yaratmaq» kimi Allaha xas olan xüsusiyyətlərdəndir. «Ürəyi yumşaqlıq» isə bu kəlmənin məcazi bir mə᾽nası kimi insana aid olan xüsusiyyətdir. Allah-taala Qur᾽ani-Kərimdə bu barədə buyurur:

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ

«Rəbbiniz sizi daha yaxşı tanıyır [kimin mö᾽min, kimin kafir olduğunu çox gözəl bilir]. İstəsə sizə rəhm edər, istəsə əzab verər». (17/54).

يُعَذِّبُُ مَن يَشَاء وَيَرْحَمُ مَن يَشَاء وَإِلَيْهِ تُقْلَبُونَ

«Allah istədiyinə əzab verər, istədiyini bağışlayar». (29/21).

Qur᾽anın bir çox ayələrində insanlara Ondan bağışlanmalarını istəmələrini xatırladır.

وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ

«[Ya Məhəmməd!] De ki: «Ey Pərvərdigar! [Bizi] bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan». (23/118).

Bir çox müfəssirlərin və lüğət alimlərinin fikrincə, rəhman kəlməsi rəhmət kəlməsinin mübaliğə və çoxaltma formasıdır. Və bunu rəhman kəlməsinə də – bütün tərkib hissəsi istər istifadə olunsun, istərsə də olunmasın – aid etmək olar. Belə bir istifadə ümumiyyət xarakteri daşıyır. Və onun ümumi məfhumu rəhmətin bütün yaradılmışlara şamil olduğuna dəlalət edir. Belə ki, biz Qur᾽anın heç bir ayələrində belə bir ifadə ilə qarşılaşmırıq:

«Həqiqətən Allah insanları və ya mö᾽minləri bağışlayan və rəhm edəndir».

Yə᾽ni Qur᾽ani-Kərimin heç bir ayəsində rəhman kəlməsi insanlar və ya mö᾽minlərlə birlikdə işlənməmişdir. Lakin rəhim kəlməsinin bu kimi hallarda Qur᾽anın bir çox ayələrində istifadə olunduğunun şahidi oluruq.

Rəhman – sanki Allaha verilən bir ləğəbdir və bu ləqəb Ondan başqa birisi üçün istifadə olunmur. Bu səbəbdən də bə᾽zi ayələrdə başqa bir kəlmədən istifadə olunmadan Allahın müqəddəs zatına aid oluduğu göstərilir.

قَالُوا مَا أَنتُمْ إِلاَّ بَشَرٌ مِّثْلُنَا وَمَا أَنزَلَ الرَّحْمن مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلاَّ تَكْذِبُونَ

«Siz də bizim kimi ancaq adi bir insansınız. Rəhman [sizə] heç bir [kitab, mö᾽cüzə] nazil etməmişdir». (36/15).

إِن يُرِدْنِ الرَّحْمَن بِضُرٍّ لاَّ تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلاَ يُنقِذُونِ

«Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni [Allahın əzabından] xilas edə bilməzlər». (36/23).

 هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ

«Bu, Rəhmanın məxluqata buyurduğu və᾽ddir [Qiyamət günüdür]. Peyğəmbərlər doğru deyirmişlər!». (36/52).

مَّا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِن تَفَاوُتٍ

«Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən». (67/3).

Məryəm surəsinin 65-ci ayəsinə də işarə etmək olar.

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا

«O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol!»

Göründüyü kimi «Rəhman» kəlməsinə bu ayədə xüsusi diqqət yetirilir. Və bu kəlmə Məryəm surəsində 16 dəfə işlənmişdir. Belə bir qənaətə gəlmək olur ki, Allahla eyni ada malik olan ikinci bir varlıq yoxdur. Bu ad yalnız Allaha xasdır və Ondan başqa heç bir varlığa aid olunmur.

5. «Rəhim» – kəlməsi “Bəsmələ” cümləsinin sonuncu kəlməsini təşkil edir. Və burada ya mübaliğə, ya da fe᾽li sifət rolunu oynayır. «Fəil» vəzninin cümlədə ifa etdiyi rollardan biri də hər hansı bir xüsusiyyəti daimi olaraq nəyə və ya kiməsə aid etməsidir. (Qadir, alim, səxavətli, şərafətli, uca, alçaq, düşgün və bu kimi xüsusiyyətlər). Demək, «Rəhman» ilə «Rəhim» arasında olan fərq bundan ibarətdir ki, «Rəhim» Allahdan ayrılmaz və daimi xüsusiyyətlərə deyilir. «Rəhman» isə yalnız Tanrının bağışlayan və mərhəmətli olmasına dəlalət edir. Bunu da qeyd etmək lazımdır ki, «Rəhim» kəlməsi Qur᾽ani-Kərimdə daim «bi» tə᾽sirlik şəkilçisi ilə işlənmişdir.

إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ

«Allah insanlara qarşı, əlbəttə mehriban və mərhəmətlidir». (2/143).

وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا

«...Allah mö᾽minlərə rəhm edəndir». (33/43).

Bizə elə gəlir ki, bu yerlərdə ona aid olan sözlərlə işlənən həmin kəlmə tə᾽sirli formadan çıxaraq tə᾽sirsiz hala salınmış və müstəqil şəkildə işlədilmişdir. Əgər o tə᾽sirsiz halda olsaydı, «bi» hərfi ilə tə᾽sirli hala salınmazdı. Bu kəlmənin tə᾽sirsiz fərz olunması onun məfhumunun zati olmasını sübuta yetirir.

Alusi bu kəlmə barəsində belə bir nəzər irəli sürmüşdür ki, onlar fe᾽li sifətlər deyildirlər, çünki hər iki kəlmə «Rəhmanəd-dünya vəl axirəti və rəhiməhuma» cümləsində öz tamamlığı ilə izafə təşkil etmişdir. Halbuki fe᾽li sifətlər tə᾽sirli deyil, tə᾽sirsiz fe᾽llərdən düzəlir. Başqa sözlə desək, fe᾽li sifətlərin heç vaxt tamamlığı olmur ki, onunla da izafə təşkil etsin.

Alusinin bu sözləri çox təəccüblüdür, çünki qeyd olunan cümlədə bu iki sözün izafə təşkil etməsi sözün öz tamamlığı ilə izafəi növündən deyil, məkan və ya zamanla izafə növündəndir. Bu növ izafədə də tə᾽sirli və tə᾽sirsiz fe᾽llər arasında fərq yoxdur.

Nəql olunmuş bə᾽zi rəvayətlərdə «Rəhim» kəlməsinin xüsusi isim və ümumi mə᾽na daşıdığı göstərilmişdir. Çünki hər ikisi axirət və ya mö᾽minlərə aid olunur. Lakin bu rəvayət ya kənara qoyulmalı, ya da izah olunmalıdır. Çünki rəvayətlərin zahiri mə᾽nası Qur᾽an ayələri ilə ziddiyyət təşkil edir. Çünki «Rəhim» kəlməsi Qur᾽ani-Kərimdə «mö᾽minlərə» və ya «axirətə» aid olmadan bir çox yerdə işlənmişdir.

فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ

«İndi kim ardımca gəlsə, o şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, [bilin ki, tövbə edəcəyi təqdirdə] Sən [günahları] bağışlayan və bəndələrinə rəhm edənsən». (14/36).

نَبِّىءْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ

«[Ya Məhəmməd!] Bəndələrimə xəbər ver ki, [tövbə edəcəkləri təqdirdə] Mən, həqiqətən bağışlayan və rəhm edənəm». (15/49).

إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ

«Həqiqətən, Allah insanlara şəfqətli və mərhəmətlidir». (22/65).

رَّبُّكُمُ الَّذِي يُزْجِي لَكُمُ الْفُلْكَ فِي الْبَحْرِ لِتَبْتَغُواْ مِن فَضْلِهِ إِنَّهُ كَانَ بِكُمْ رَحِيمًا

«Sizin üçün [bol] ne᾽mətlərdən özünüzə ruzi diləmək [qazanmaq] məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir. Həqiqətən, Rəbbiniz sizə qarşı rəhimlidir». (17/66).

وَيُعَذِّبَ الْمُنَافِقِينَ إِن شَاء أَوْ يَتُوبَ عَلَيْهِمْ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

«Allah [bununla] doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah [bəndələrini] bağışlayan və (onlara) rəhm edəndir». (33/24).

Göründüyü kimi «Rəhim» kəlməsi bu ayələrdə ümumi mə᾽nada işlənmişdir. Yə᾽ni, Allah hər iki dünyada istər mö᾽min, istərsə də münafiqlərə qarşı mehriban və bağışlayandır.

Bu ifadələrə bə᾽zi dualarda da rast gəlmək olur.

Ya Rəhmanəd-dunya vəl axirəti və Rəhiməhuma – Ey dünya və axirətdə bağışlayan.



[1] Tәfsiri-Burhan, 1-ci cild, 26-cı sәh.

[2] Әnfal /24

[3] “Sәhihi-Buxari”, 6-cı cild, 103-cü sәh.

  1336
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment