Azəri
Saturday 23rd of March 2019
  568
  0
  0

MÜT᾽Ə AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI

MÜT᾽Ə AYƏSİNİN ALİMLƏR İCMASI TƏRƏFİNDƏN NƏSX OLUNMASI

Bəlkə də bə᾽ziləri müt᾽ə ayəsinin digər Qur᾽an ayələri və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə isbat olunduğunu güman edirlər. Lakin bu hökm müsəlman icma alimləri tərəfindən nəsx olunmuşdur.

Cavab:

Hər hansı bir məsələ ətrafında mə᾽sumun rə᾽yini bilmədən icmanın verdiyi hökm heç bir e᾽tibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl bizə mə᾽lum oldu ki, Peyğəmbərin (s) həyatında və ondan sonra Ömərin xilafətinədək müt᾽ənin haramlığına dair heç bir hökm sadir olunmamışdır.

Səhvə yol vermələri tamamilə təbii olan bə᾽zilərinin verdikləri fətvaları əsas tutaraq Qur᾽an ayələrini və Peyğəmbər (s) sünnətini kənara qoymaq nə dərəcədə düzgün olardı? Əgər bu, düzgün üsul olarsa, Qur᾽an və mütəvatir hədis və rəvayətlərlə sabit olunan digər şəriət hökmlərini də nəsx etmək tamamilə mümkün olacaqdır.

Belə bir məntiqə əsaslanaraq asanlıqla deyə bilərik ki, şəriətin namaz, oruc, həcc və bu kimi vacib hökmləri alimlər icması tərəfindən nəsx olunmuşdur. Halbuki, heç bir müsəlman bunu qəbul etməyə hazır deyildir.

Bunu da qeyd etmək lazımdır ki, müt᾽ənin haramlığına dair icma hər hansı bir hökm sadir etməkdə heç bir səlahiyyətə malik deyildir. Çünki səhabələrdən bir çoxu, xüsusilə Əhli-beyt ilə həmrə᾽y olanlar – o Əhli-beyt ki, Allah onları bütün eyb və nöqsanlardan, günah və çatışmazlıqlardan uzaq etmişdir – müt᾽ənin haram olmasına dair verilmiş hökmə qarşı öz e᾽tirazlarını bildirmişlər.

Demək, müt᾽ənin haramlığına dair Ömərin buna dair verdiyi hökmdən başqa heç bir dəlil qalmır və hamıya mə᾽lumdur ki, Qur᾽an və Peyğəmbərin (s) sünnətinə tabe olmaq, başqalarının verdiyi hökmlərə tabe olmaqdan daha əsaslı və daha məntiqidir.

Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, Ömərin oğlu Abdullah həcc müt᾽əsinə icazə verdiyi zaman bə᾽ziləri ona e᾽tiraz edərək deyir: Atan bunu haram etdiyi bir halda sən onu halal edərək atana qarşımı çıxmaq istəyirsən?

Abdullah onların cavabında deyir: Vay sizin halınıza, Allahdan qorxmursunuzmu? Peyğəmbərə (s) tabe olmağınız lazımdır, yoxsa Ömərə?![1]

Nəticə:

Dediklərimizdən belə nəticəyə gəlmək olur ki, müt᾽ə hökmü nəsx olmamış və hələ də qüvvədə qalmaqdadır və Qur᾽anın bu kimi zəif və əsassız dəlillərlə nəsx olunması sadəcə qeyri-mümkündür.

MÜT᾽ƏDƏ DAŞQALAQ

Nəql olunmuş bir çox mö᾽təbər rəvayətlərdə Ömərin cəza məqsədi ilə müvəqqəti evlənənlərə qarşı daşqalaq hökmü verdiyi göstərilir. Bir qədər əvvəl biz onlardan bir neçəsinə işarə etdik. Burada da onlardan bir neçəsi haqda söhbət açmağı daha məqsədəuyğun hesab edirik.

1) Cabir deyir: Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik. Ömər xəlifə olduqdan sonra minbərə çıxıb oxuduğu xütbələrin birində dedi: Allah istədiyi hər bir şeyi Peyğəmbər (s) halal etmişdir. Qur᾽anı da müəyyən hədəf üçün nazil etmişdir. «Ümrə həccini» – Allahın tə᾽yin etdiyi qanunlar əsasında yerinə yetirin və qadınlarla daimi olaraq evlənin. Kimin müt᾽ə etdiyi haqda mənə bir xəbər verilərsə daşqalaq olunmasına əmr edəcəyəm.[2]

2) Şafei, Malikdən, o da İbni Şəhabdan və o da Urvədən nəql etdiyi rəvayətdə deyir: Həkimin qızı Xəulə, Ömər ibni Xəttabın [xəlifənin] yanına gəlib deyir: “Uməyyə oğlu Rəbiə cavan bir qadınla müt᾽ə etdi və həmən qadın ondan hamilə oldu.” Ömər bu sözləri eşitdikdə çox qəzəblənərək otaqdan bayıra çıxıb dedi: “Əgər belə bir evlənməni əvvəllər yasaq etmiş olsaydım, Rəbiəni daşqalaq etdirərdim.”[3]

3) Nafe deyir: Abdullah ibni Ömərdən müt᾽ə barəsində soruşdum. O, qətiyyətlə bunun haram olmadığını bildirdi. Sonra əlavə edərək dedi: Bilin ki, əgər Ömər birinin müt᾽ə etdiyini eşitmiş olsaydı, həmən şəxsin daşqalaq olunmasına əmr edərdi.[4]

Abdulla ibni Zubeyr bu barədə xəlifə Ömərin verdiyi hökmə istinad edərək müt᾽ənin haram olduğunu hesab etmişdir. İbni Abbas onun belə bir mövqe tutduğunu görüb deyir: “Sən olduqca sadəlövh və səfeh bir adamsan. Çünki halal olan bir şeyi özünə haram etmisən. And olsun Allaha, biz Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik və o Həzrət də bunu bizə qadağan etməzdi.” İbni Zubeyr dedi: “Əgər edə bilərsənsə indi də buna əməl et. And olsun Allaha! Əgər müt᾽ə etmiş olsan, səni daşqalaq etdirəcəyəm.”[5] İbni Zubeyrin verdiyi hökm insanı heyrətə gətirir. Çünki öz əməllərində Qur᾽an və Peyğəmbər sünnəsinə əsaslanan bir müsəlmanı, xəlifə ilə müxalif olduğu üçün daşqalağa məhkum etmək necə mümkün ola bilərdi?

Fərz edək ki, həmin şəxs ictihad edərək müt᾽ə etmiş, lakin öz ictihadında səhvə yol vermişdir. Belə olduqda da daşqalaq hökmü düzgün olmayacaqdır. Çünki tə᾽yin olunmuş hədd və cəzalar şübhə ilə götürülər. (Yə᾽ni, bilmədən belə bir iş tutubsa, onun haqqında həmin cəza növünü tətbiq etmək düzgün deyildir.)

Biz burada ictihadı fərz etsək də buna heç bir ehtiyac yoxdur. Çünki müt᾽ə şübhə doğurmayan qəti məsələlərdən biridir və qeyd etdiyimiz kimi nəsx olunmasına dair heç bir dəlil və sübut yoxdur.

Əgər diqqət yetirsək görəcəyik ki, müt᾽əyə dair Ömərin və Əbu Hənifənin verdikləri fətvalar arasında böyük fərq vardır. Belə ki, o [Əbu Hənifə] bir çox hallarda hökmün qüvvədən düşdüyünü bildirmiş və icra olunmasını tə᾽xirə salmışdır.

Məsələn, o deyir: Əgər bir şəxs ona məhrəm olan qadınlarla və ya başqa bir qadınla qeyri-qanuni olaraq evlənib və onunla yaxınlıq edərsə və ya hər hansı bir iş üçün əcrini verərək işlətdiyi qadınla yaxınlıq edərsə, bütün bu hallarda cəza hökmü onun üzərindən götürülmüş olur.

Əbu Hənifə bu kimi şəraitlərdə cəza hökmünün götürüldüyünü hesab edir və verdiyi hökmə belə istinad edir: “Məhrəm və ya başqa birisi ilə evlənməyə gəldikdə, evlənmə qeyri-qanuni və batil olsa da, müşahidə olunur və evli olduqları bir halda onlara qarşı heç bir cəza tədbiri görülməməlidir. Haqqı ödənilən qadın barədə də bunu demək kifayətdir ki, verilən məbləğ əslində onun mehriyyəsi hesab olunur. Belə ki, Allah-taala Qur᾽ani-Kərimdə mehriyyəni ücrət (əcr) adlandırır.”[6]

MÜT᾽Ə BARƏDƏ YANLIŞ TƏSƏVVÜRLƏR

Müt᾽ə hökmünün heç bir Qur᾽an ayəsi, rəvayət, Peyğəmbərin (s) sünnəsi və icma tərəfindən nəsx olmadığı və hökmün hal hazırda qüvvədə qaldığı sübuta yetirilir.

Bu səbəbdən də bə᾽zi qərəzli şəxslər müxtəlif vasitələrə əl ataraq Ömərin Qur᾽an ayələrinin və Peyğəmbər (s) sünnəsi ilə ziddiyyət təşkil edən verdiyi hökmü mə᾽nalandıraraq bəraət qazandırmağa cəhd göstərmişlər.

Biz burada nəsx mövzusunu dəyişərək tutulan əsassız mövzular haqda söhbət açmaq istəyirik. «Təfsirul-mənar»ın müəllifi öz kitabında yazır: «Müt᾽ə – qadın isməti və [daimi] evlənmə ilə ziddiyyət təşkil edir [xələl gətirir]. Çünki bu kimi evlənmədə kişinin cinsi ehtiyacını [şəhvətini] ödəməkdən və zinadan savayı başqa heç bir məqsədi [hədəfi] olmur. Və beləliklə sözün əsl mə᾽nasında qadının iffət və həyasına xələl gəlir. Çünki ücrət [pul] alaraq hər gün özünü yad kişilərin ixtiyarında qoyan qadının, təbii ki, iffət və şəxsiyyəti sual altına düşmüş olur. Belə bir qadın [şair təxəyyülünün] nümunəsinə çevrilir.

(Kurətun huzifət bisəvaliğəti fətələqqəfəha riclun min riclin – O [qadın] çovqanda atılan topa bənzər və birindən başqa birisinin əlinə düşər).

O həmçinin belə güman etmişdir ki, müvəqqəti evlənmə “Mu᾽minun” surəsinin 5-7-ci ayələri ilə ziddiyyət təşkil edir:

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ  فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ

“O kəslər ki, ayıb yerlərini [zinadan] qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla onlar [zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü] qınanmazlar. Bundan artığını istəyənlər [halaldan harama adlayaraq] həddi aşanlardır. [Allahın əmrini pozanlardır].»

Müəllif sonra yazır: Ömərin müt᾽əni haram etməsi heç də onun öz şəxsi rəy᾽i ilə olmamışdır. Əgər o belə bir qərara gəlmişsə, bu barədə hökmən Peyğəmbərdən (s) hədis və rəvayət eşitmişdir. Və əgər o müt᾽əni öz şəxsi rəy᾽i əsasında yasaq etmişsə, onun bundan əsas məqsədi hökmü əvvəlcədən qanuniləşdirmək deyil, birinci qadağanı e᾽lan etmək və ya onu icra etmək olmuşdur.

Müəllif bunu deməklə kitabının əvvəlində dediklərini ya unutmuş, ya da qulaq ardına vurmuşdur. Çünki o, kitabının ilk fəsillərində Ömərin ictihad edərək müt᾽ənin haram olmasına dair hökm verməsinə və səhabənin onun çıxardığı hökmlə həmrəy olduqlarına işarə edir.[7]

Müəllif:

Bu yanlış təsəvvürün cavabında deyirik:

1. Müvəqqəti evlənmənin qadın ismətinə xələl gətirməsinə gəldikdə deməliyik ki, müəllif müvəqqəti həyat yoldaşının qeyri-qanuni olduğunu təsəvvür etmişdir. Bu səbəbdən də müt᾽əni zina adlandırmışdır. Bir qədər əvvəl bu fərziyyənin əsassız olduğuna işarə edərkən qeyd etdik ki, müvəqqəti evlənmə də tamamilə qanuni və əsaslıdır. Lakin bağlanılan əhd-peyman hər şeydə olduğu kimi burada da [evlənmədə də] bə᾽zən daimi olur, bə᾽zən də ehtiyacların ödənilməsi və günahlardan çəkinmək üçün müvəqqəti.

2. Müəllifin «Müvəqqəti evlənmənin [daimi olmayan] həyat yoldaşlarının ismət və ayıb yerlərini qorumaqla tamamilə ziddiyyət təşkil edir» deməsi ilə iddiasının əsassız olduğu bir daha bəlli olur. Çünki müvəqqəti həyat yoldaşlarının da, daimi həyat yoldaşı kimi qanuni olduğu sübuta yetirildikdən sonra artıq belə bir iradın tutulması tamamilə əsassızdır.

3. Müəllifin müt᾽ə olunmuş qadını icarə olunmuş qadına və çovqan topuna bənzətməsinə gəldikdə isə, deməliyik ki, əgər belə bir irad əsaslı olarsa, Peyğəmbərin (s) zamanına da şamil olmalıdır. Çünki hamıya mə᾽lumdur ki, Peyğəmbərin (s) zamanında müt᾽ə hökmü qüvvədə olmuş və müsəlmanlar tərəfindən buna əməl olunmuşdur. Belə ki, əgər hər hansı bir iş nalayiq və xoşagəlməz olarsa bu müəyyən dövrə deyil, bütün zamanlara şamil olmalıdır.

Təəccüb doğuran budur ki, müəllifin yalnız həqiqəti bəyan etməsi və məsələyə məzhəb təəssübü hissi ilə yanaşılmamasını iddia etməsidir.

Lakin bu bir həqiqətdir ki, onu buna vadar edən məhz məzhəbi təəssüb hissi olmuşdur. Belə ki, o, Qur᾽anın, Peyğəmbərin (s) sünnəsinin və icmanın verdiyi qəti hökmü rədd edərək buna tənqid gözü ilə baxır.

Bunu da əlavə etmək lazımdır ki, müəllif qadının müvəqqəti evlənmədə bir kişidən başqa birisinə getməsinə təhqir gözü ilə baxaraq bunu yolverilməz hesab edir. Və belə bir məntiqə əsasən, qadının təlaq verərək başqa birisi ilə əqd bağlamasını və kənizlərin alqı-satqısına da gərək təhqir gözü ilə baxaraq, bunu da yolverilməz hesab edək. Halbuki, müsəlmanlar bu kimi məsələlərə heç bir irad tutmamışdır. Lakin görünür «Təfsirul-mənarın» müəllifi bu kimi iradların tutulmasında başqalarından istisna olmuşdur. Çünki o, müt᾽əni halal hesab etmədiyi kimi, köləliyə də [kölə saxlamağa] mənfi gözlə baxır. Onun fikrincə, kölə saxlamağın [cəmiyyətə] bir sıra mənfi tə᾽siri vardır və İslam alimləri bu məsələyə göz yumaraq onun mənfi tə᾽sirlərini bəyan etməmişlər. Müəllifin bütün İslam alimlərinin nəzəri ilə müxalif olan iddialarından biri də budur ki, əgər daimi evlənmədə əvvəlcədən təlaq nəzərdə tutularsa, belə bir nikah qeyri-şər`i və batildir.

4. Daha da təəccüb doğuran burasıdır ki, Ömər müt᾽ənin yasaq olunmasını öz şəxsi rə᾽yi olduğunu e᾽tiraf etdiyi bir halda, müəllif bunu müxtəlif yollarla yozmağa cəhd göstərir və hökmün xəlifənin şəxsi rə᾽yi olmadığını sübuta yetirməyə cəhd edir. Halbuki, belə bir yozumun heç bir əsası yoxdur. Çünki xəlifənin bu ictihadı Peyğəmbərin (s) buyruqları ilə tam ziddiyyət təşkil etmişdir. Yə᾽ni, öz şəxsi ictihadı ilə Peyğəmbərin (s) buyruqlarından yasaq hökmünü çıxarmış və onu e᾽lan etmiş, ya da [kimlər tərəfindənsə] müt᾽ənin yasaq olunmasına dair hədis və rəvayət nəql olunmuşdur. Hər halda bu, üç [və eyni zamanda batil] haldan xaric deyildir. Yasaq hökmünə dair Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə gəldikdə isə, biz bunu iki səbəbə görə batil etməliyik.

Bir tərəfdən ona görə ki, Ömərin yasaq hökmünün öz şəxsi rə᾽yi olduğunu bəyan edən bir çox rəvayətlərin zahiri mə᾽nası ilə uyğun gəlmir.

Digər tərəfdən isə «müt᾽ə hökmü Ömərin xilafətinin son illərinədək qüvvədə olmuş, lakin sonralar xəlifə tərəfindən yasaq olunmuşdur» və bu məzmunda nəql olunmuş bir çox rəvayətlərin məzmunu ilə ziddiyyət təşkil edir.

Doğrusu Ömər, Əbu Bəkrin xilafət dövründə harda idi ki, Peyğəmbərdən (s) müt᾽ənin yasaqlığı haqda nəql olunmuş bu rəvayəti ortaya çıxarmadı?! Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, Ömərin nəql etdiyi rəvayət «vahid xəbər» halında nəql olmuşdur və bildiyimiz kimi, Qur᾽anın nəsx olunması vahid xəbərlə sübuta yetirilmir. Ömərin ictihadının Peyğəmbərin (s) yasaq hökmündən qaynaqlandığını iddia etmək də bir neçə səbəbdən əsassız hesab olunur:

1. Əvvəla ona görə ki, bu iddia əshabın bir çoxunun müt᾽ə hökmünün Peyğəmbərin (s) həyatının sonunadək qüvvədə olduğunu təsdiq etməsi ilə ziddiyyət təşkil edir.

2. Bütün bunlarla yanaşı hər iki ehtimal xəlifənin «Peyğəmbərin zamanında halal olan hər iki müt᾽əni mən sizə yasaq edirəm, kim buna əməl edərsə, bundan sonra cəzalandırılacaqdır!» deməsi ilə də tamamilə ziddiyyət təşkil edir. Buradan belə bir qənaətə gəlmək olur ki, müt᾽ənin yasaq olunmasının Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş rəvayət və onun buyruqlarından çıxarılan nəticə [ictihad] ilə heç bir bağlılığı yoxdur.

Demək xəlifənin verdiyi yasaq hökmünü Qur᾽an və Peyğəmbərin (s) sünnəsi ilə müxalif olan şəxsi ictihaddan savayı bir şey adlandırmaq olmaz. Belə bir ictihad isə batil və istinad olunmazdır.

Bu səbəbdən də əhli-sünnə həcc müt᾽əsinin və müvəqqəti evlənmənin yasaq olunmasında xəlifə Ömərin ictihadına göz yumaraq verdiyi hökmə tabe olmuşlar. Halbuki, müsəlmanlar Peyğəmbərin (s) buyruqlarına tabe olmalı, o Həzrətin sünnəsinə və verdiyi hər bir hökmə müxalif olan ictihad və şəxsi rə᾽yləri kənara qoymalıdırlar.

“Əhzab” surəsinin 36-cı ayəsində bu haqda buyurulur:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ

Allah və Peyğəmbəri bir işə hökm etdiyi zaman heç bir mö᾽min kişiyə və qadına öz işlərində başqa yol seçmək [ayrı cür hərəkət etmək] yaraşmaz.»

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur: «Mən Allahın halal etdiyi şeylərdən savayı nə bir şeyi halal etdim, nə də Onun haram etdiklərindən savayı bir şeyi haram etdim.» (Təbəqat, İbni Sə᾽d, 4-cü cild, 12-ci səh.)

Başqa bir yerdə buyurur: «And olsun Allaha! Mənim ağzımdan haqdan savayı bir şey xaric olmur.»[8]

Bu bir həqiqətdir ki, Peyğəmbərin (s) Allah tərəfindən buyurduğu hər bir kəlam haqdan savayı bir şey deyildir. Lakin Fazil Qumi bu həqiqətə göz yumaraq xəlifəni üzürlü hesab edərək deyir: Belə bir müxalifəti Ömərə irad tutmaq olmaz. Çünki ictihad məsələsində müctəhidin başqa bir müctəhid ilə müxalif olması tam adi bir haldır.[9] Amədi deyir: Bizim alimlər Peyğəmbərin (s), ayə olmayan məsələlər haqda ictihad edib-etməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Əhməd ibni Hənbəl və Qazi Əbu Yusifin fikrincə Peyğəmbər bu kimi hallarda öz ictihadına əməl edərdi. Şafei də öz kitabında bu barədə qəti fikir irəli sürmədən bu fərziyyəni təstiq edir. Şafeinin, Qazi Əbdül Cabbar və Əbdül Həsən Bəsrinin tərəfdarlarının bə᾽ziləri də bu fikirdə olmuşlar. Amədi sonra əlavə edərək deyir: Mənim fikrimcə bu nəzəriyyə tamamilə düzgündür. Çünki Peyğəmbərin (s) ictihad etməsinin də əqli baxımdan heç bir nöqsanı yoxdur. Bizə gəlib çatan rəvayətlərdə də ictihadın bu növü sabit olunmuşdur. Peyğəmbərin (s) ictihadını qəbul edən şəxslər onun ictihadda səhvə yol verib-verməməsi barədə müxtəlif fikirlər irəli sürmüşlər. Onlardan bə᾽ziləri Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verməsini qeyri-mümkün hesab edirlər. Lakin onların əksəriyyəti, yə᾽ni, Hədis, Hənbəli, Cəbai və Mö᾽təzilə məzhəbinin tərəfdarları Peyğəmbərin (s) öz ictihadlarında səhvə yol verdiyinin mümkün olduğunu hesab etmişlər. Bu şərtlə ki, o yol verdiyi səhvləri təkrar etməmişdir. Amədi axırda deyir: Mənim fikrimcə haqq onlarladır.[10]

NƏTİCƏ

Dediklərimizdən belə qənaətə gəlmək olur ki, müt᾽ə ayəsi (daha dəqiq desək, müt᾽ə hökmü) nəsx olunmadan öz qüvvəsində qalmaqdadır. Və bə᾽zilərinin e᾽tiraf etdikləri kimi, xəlifə Ömər və onun tərəfdarlarının verdikləri yasaq hökmü, Qur᾽an ayələrinin müqabilində ictihad və əldə olunan nəticədir. Lakin nə etməli, onlar xəlifələrinin verdikləri hökmə tabe olmağı Peyğəmbərin (s) sünnəsinə tabe olmaq kimi lazım və zəruri hesab edirlər.[11]

Və bu barədə ən gözəl sözləri Ömərin oğlu Abdullah və Təfsirul-mənarın müəllifi şeyx Məhəmməd Əbduh demişlər.

Abdullah ibni Ömər deyir: Peyğəmbərin (s) buyruqlarına tabe olmalı, ya Ömərin dediklərinə?!

Şeyx Məhəmməd Əbduh isə öz təfsirində bu barədə (Əttəlaqu mərrətan) Ri᾽ci təlaq vermə [boşama] ayəsinə istinad edir.

İRS AYƏSİNİN NƏSXİ

وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا

Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər tə᾽yin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir.) (Nisa-33).

Ayənin mə᾽na və məfhumu haqda müxtəlif nəzərlər verilmişdir.

Müfəssirlərin bə᾽ziləri (Vəlləzinə əqədət əymanukum) cümləsini ayədən hesab edərək demişlər: Bu cümlə ayənin əvvəli ilə əlaqəli deyildir və bu səbəbdən də onun haqda ayrılıqda söhbət açmaq lazımdır. Digər tərəfdən isə ayənin sonundakı (nəsib) kəlməsini yardım, kömək, nəsihət və xeyirxahlıq kimi mə᾽nalandırmışlar. Beləliklə [hər iki mətləbi nəzərə alaraq] ayə belə bir mə᾽na daşıyacaqdır: «Əhd-peyman bağladığınız şəxslərə nəsihət, xeyirxahlıq və yardım edin».

Bu səbəbdən də ayə nəsx olunmaz sabit bir hökmü əhatə edir.

Digər təfsir alimləri (Vəlləzinə əqədət) cümləsinin ayənin əvvəli ilə əlaqəli olduğunu bildirmişlər və (nəsib) kəlməsini də «irs» [vərəsə] mə᾽nasında təfsir etmişlər. Lakin onların özləri ayədəki (əqdəmin) ifadəsi haqda müxtəlif nəzərlər vermişlər. Bə᾽ziləri buradan cahiliyyət dövründə bağlanılan qardaşlıq və ya digər əhd-peymanların nəzərdə tutulduğuna işarə etmişlər. Belə ki, əhd-peyman bağlayan şəxslər bir-birlərindən irs aparmaq hüququna malik olmuşlar. İslam dini zühur etməklə bu ayədə həmən [vərəsəlik] qanununu rəsmi olaraq təsdiq etmişdir.

“Ənfal” surəsinin 75-ci ayəsi nazil olduqdan sonra vərəsəlik qanunu nəsx olundu. Ayədə deyilir:

وَأُوْلُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّه

“Qohumlar Allahın kitabında [lövhi məhfuzda və ya Qur᾽anda] irs [varislik] baxımından bir-birlərinə daha yaxındırlar.)

Göründüyü kimi bu ayədə varisliyin qohumlara məxsus edildiyi göstərilir və haqqında söhbət açdığımız ayədə varisliyə səbəb olan qardaşlıq və digər əhd-peymanlar bu ayə vasitəsilə varislik qanunundan çıxarılaraq nəsx olunur. Təfsir alimlərinin bə᾽zilərinin fikrikcə, “əqdi-yəmin” deyildikdə, yalnız bağlanınlan əhd-peymanın [əhd-peyman iştirakçılarının] istər xeyrində, istərsə də zərərində bir-birləri ilə şərik olmaları nəzərdə tutulur. Bu da fiqhi termin olaraq (zamin ğərifə) adlanır. Belə bir təfsirə əsasən, əgər əhli-sünnə alimlərinin bir çoxunun ğərirə zəmanətinin varislik üçün əsas amil hesab etmədiklərini qəbul edəriksə, deməliyik ki, haqqında söhbət açdığımız ayə, «irs» ayəsi ilə nəxs olunmuşdur.[12] Lakin əgər Əbu Hənifə və onun davamçılarının nəzərlərini qəbul edəriksə – onlar ğərirə zəmanətini varislik üçün əsas səbəb və amil hesab edirlər – ayənin nəsx olunmadığını və hələ də qüvvədə qaldığını hesab etməliyik. Əbu Hənifə və onun davamçıları “əqdi-yəmin” (and içmə əhd-peymanı) ifadəsini bu ayədə “zamin ğərirə” kimi təfsir və onu varisliyin amili olduğunu hesab etmişlər və nəticədə onlar ayənin nəsx olunmadığına belə istinad edirlər: İrs ayəsi ilə haqqında söhbət açdığımız (zamin ğərirə) üçün irsin bəhrəsi tə᾽yin olunur. Və belə olduqda ayə ilə nə ziddiyyət təşkil edəcək, nə də nəsx olunmasına səbəb olacaqdır. Çünki irs ayəsi yalnız qohumları varislik hüququna malik olmaqda başqalarından üstün tutur və bu heç də o demək deyildir ki, qohum olmayanlar varislikdən məhrum və ayənin özü də nəsx olunmuş olsun.[13]

Müəllif:

Qeyd etdiyimiz kimi, ayənin mə᾽na və məfhumu və onun nəsx olunması haqda bir neçə nəzəriyyə irəli sürülmüşdür və biz onlardan dördü haqda qısa izah verdik. Lakin bizim nəzərimizcə, ayənin zahiri mə᾽na və məfhumu bundan ibarətdir ki, [bağlanılan] əhd-peyman «irsə» [varisliyə] səbəb olur. Demək ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqda və eyni zamanda əməl olunmaqdadır.

İzah:

1. Ayənin ümumi məzmunundan belə bir nəticəyə gəlmək olur ki, «nəsib» kəlməsi ayədə «irs» mə᾽nasını daşıyır və onu «kömək», «yardım» kimi mə᾽nalandırmaq ayənin zahiri mə᾽nası ilə tam ziddiyyət təşkil edir.

2. Diqqət yetirmək lazımdır ki, ayədə üç qrupun (ata-ana, qohumlar, həmpeymanlar) adlarının çəkilməsi heç də onların varislik hüququna malik olmalarına dəlalət etmir. Məsələn, övladlar öz ata-analarından irs aparırlar və vəfat etmiş şəxsin övladları olduğu bir halda onun digər qohumları varislik hüququna malik olmurlar. Və biz ayənin məzmunundan belə bir qənaətə gəlirik ki, yalnız bu üç qrup varislik hüququna malik olmağa qadirdirlər. Lakin bu ayələrin heç birində varislərin birinin digərindən üstün və əvvəl, və ya əksinə, bir qədər az əhəmiyyət kəsb etmələri haqda heç bir nəticəyə gəlmək olmur. Bu hökmləri isə biz digər ayə və rəvayətlərdən əldə edirik.

Haqqında söhbət açdığımız ayədə varislər və onların bir-birindən [övladların öz ata-analarından, qohum və əhd-peyman bağlayanların bir-birlərindən] irs aparmaları haqda ümumi mə᾽lumat verilmişdir. Lakin onların eyni səviyyədə və ya bir-birlərindən fərqli olaraq irs aparmaları haqda söhbət getmir və bu barədə ətraflı mə᾽lumat əldə etmək üçün digər ayə və rəvayətlərə müraciət etməliyik.

İzah:

Bə`zi vaxtlarda varislik məsələsi və irs qanunları qohumluq əlaqələri əsasında olur. Ata-ana, övladlar və digər qohum-əqrəbaları buna misal çəkmək olar. Bu qanunlar bə᾽zən dörd yolla yaranan əhd-peymanlar əsasında olur ki, burada da varislik və irs aparmalar həmin şəraitlərin yaranması ilə həyata keçirilir.

1. Evlənmə – ailə qurulduqdan sonra ərlə-arvad bir-birlərindən irs aparma hüququna malik olurlar;

2. Bey᾽ət – Belə bir əhd-peymana «Vilayət əhd-peymanı və ya Vilai-İmamət» də deyilir. Peyğəmbər (s) və imamların vilayətini [rəhbərliyini] buna misal çəkmək olar. Belə bir əhd-peymana əsasən, onlar öz davamçılarından irs aparırlar. Dinindən fərqi olmayaraq hər bir müsəlman belə bir əhd-peymana tabe olduğuna e᾽tiraf edir. Əhli-sünnə mənbələrində Peyğəmbərdən (s) bu məzmunda nəql olmuş rəvayətlərdən birində deyilir:

(Ənə varisun mən la varisə ləh – Mən o şəxsin varisiyəm ki, onun varisi yoxdur.)

Belə bir əhd-peymanın xəlifə və vəsilərə (Peyğəmbərin (s) əməli-saleh davamçılarına) aid olunmasına da şübhə ilə yanaşmaq lazım deyildir. Çünki əldə etdiyimiz qəti və inandırıcı dəlillərlə deyə bilərik ki, Peyğəmbərin (s) canişinləri hər cəhətdən onun malik olduğu xüsusiyyətlərə yiyələnmiş, söylədikləri hər bir söz və gördükləri bütün işlər onunku kimi e᾽tibar kəsb etmişdir. Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlər və İmamiyyə alimlərinin verdikləri nəzəriyyələr bunu bir daha sübuta yetirir.

3. Bə᾽zən birinin başqa birisini azad etməsilə onların arasında varisliyə səbəb olacaq əhd-peyman yaranır.

Məsələn, əgər birisi öz köləsini azad edərsə onların arasında əhd-peyman yaranır və bu əhd-peymana «azadlıq əhd-peymanı» deyilir. Belə ki, kölə sahibi [azad edən şəxs], azad etdiyi kölədən irs aparma huququna malik olur. Şiə alimləri arasında bu barədə heç bir ixtilaf nəzərə çarpmır və əhli-sünnə alimlərinin bir qismi varisliyə səbəb olacaq belə bir əhd-peymanı e᾽tibarlı hesab edirlər.

4. Zəmanət əhd-peymanı. Belə bir əhd-peymana əsasən, hər hansı bir [iqtisadi] məsələdə bir-birləri ilə şərik olan şəxslər ziyana uğradıqları zaman bir-birlərinin xəsarətini ödəyəcəklərinə, iqtisadi böhrandan çıxaracaqlarına əhd-peyman bağlayırlar. Bir sözlə, onlar xəsarətə uğradıqda bir-birlərilə zamin olacaqları barədə əhd-peyman bağlayırlar. Əbu Hənifə və onun davamçıları bu məsələyə dair müsbət fikirdə olmuşlar. Beləliklə, haqqında söhbət açdığımız ayənin nəxs olunması iki mühüm mətləbdən asılıdır:

a) Ayənin son hissəsi mə᾽na baxımından ayrı və müstəqildir. Çünki belə olduqda «nəsib» ayədə yardım, xeyirxahlıq mə᾽nasını daşıyacaqdır və belə bir mə᾽na bir qədər əvvəl qeyd etdiyimiz kimi nəsx olunası deyildir.

b) «Əqdi-yəmin» deyildikdə, yalnız «zimani ğərirə», yə᾽ni, xəsarətdəki əhd-peyman nəzərdə tutulur. Bu şərtlə ki, belə bir əhd-peymanı hələlik irs üçün səbəb hesab etməyək və ya burada qardaşlıq və digər əhd-peymanları nəzərdə tutaq. Belə ki, bütün müsəlman alimlərinin fikrincə, irs belə bir əhd-peymanla sabit olunmur. Bütün bu hallarda biz irs ayəsinin bu ayəni nəsx etməsini hesab edə bilmərik. Çünki haqqında söhbət açdığımız ayə bu kimi əhd-peymanlar üçün irs qanununu sübuta yetirir. Halbuki, onlardan heç biri irs ayəsinə əsasən, irsə səbəb olmur. Bu səbəbdən də deməliyik ki, ayənin hökmü, irs ayəsi ilə nəsx olmamışdır.

Demək ayənin nəsx olunması üçün bir neçə əsas şərt lazımdır. Halbuki, onların hər biri tamamilə batil və əsassızdır.

Birinci şərt:

Ayənin sonu müstəqil mə᾽na daşısın. Bu isə heç də düzgün deyildir. Çünki bir qədər əvvəl işarə etdiyimiz kimi, ayənin sonu onun əvvəli ilə tam əlaqəlidir.

İkinci şərt:

«Əqdi-yəmin – əhd-peyman» deyildikdə yalnız «ziman ğərirə» ilə, [xəsarətlə] qarşılaşdıqda hər iki tərəf ziyanın aradan qaldırılmasında zamin (şərik) olmuş olsun. Bunun da təsəvvür olunması qeyri-mümkündür.

Əvvəla ona görə ki, əhd-peyman deyildikdə yalnız «ziman ğərirə» deyil, bir qədər əvvəl işarə etdiyimiz digər əhd-peyman növləri də nəzərdə tutulur. Digər tərəfdən əhd-peyman deyildikdə, yalnız «ziman ğərirə» nəzərdə tutulduğunu fərz etsək də belə, əhd-peymanın bu növü nəsx olmamış və hal-hazırda öz qüvvəsində qalmaqdadır. Bizim fikrimizcə, bu, irsin əsas amil və səbəblərindən birini təşkil edir.



[1] “Müsnәdi-Әhmәd ibni Hәnbәl”, 2-ci cild, 95-ci sәh.

[2] ““Sәhihi-Müslüm””, 4-cü cild, 36-cı sәh «Umrә ziyarәtindә Müt᾽ә» fәsli.

[3] “Beyhәqinin sünәni”, 1-ci cild, 206-cı sәh, “Müt᾽ә” fәsli.

[4] Beyhәqinin sünәni, 1-ci cild, 206-cı sәh. Müt᾽ә fәsli.

[5] “Sәhihi-Müslüm”, 5-ci cild, 133-cü sәh «Müt`ә» fәsli.

[6] Әhkamul-Qur᾽an, Cәssas, 146-cı sәh.

[7] Tәfsirul-mənar, 13-16-cı sәh.

[8] Әttar, 1-ci cild, 66-cı sәh.

[9] «Tәcrid»in şәrhi, İmamәt fәsli.

[10] Әhkam fi usulil-еhkam, 4-cü cild, 222-ci sәh.

[11] Fәqinin Muntәqiyә yazdığı haşiyә, 2-ci cild, 519-cu sәh.

[12] Nasix vә Mәnsux, Nuhas 101-ci sәh.

[13] Әhkamul-Qur᾽an, Cәsas, 2-ci cild, 175-ci sәh.

  568
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment