Azəri
Sunday 18th of August 2019
  826
  0
  0

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ

1. KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ

وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّاراً حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُواْ وَاصْفَحُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

«[Ey mö᾽minlər!] Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın [onlardan üz çevirməyin]. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.» (Bəqərə-109).

İbni Abbas, Qətadə və Sudeydən nəql olunmuş rəvayətə görə bu ayə Tövbə surəsinin 29-cu ayəsilə nəsx olunmuşdur. Orada deyilir:

قَاتِلُواْ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللّهُ وَرَسُولُهُ وَلاَ يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حَتَّى يُعْطُواْ الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَ

«Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərin haram buyurduqlarını haram bilməyən və haqq dini [İslamı] qəbul etməyənlərə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.»

Müəllif: Qeyd olunan ayənin nəsx olunduğunu qəbul edəriksə, iki əsassız fərziyyəni qəbul etməliyik:

1. İlk növbədə müvəqqəti hökmün vaxtı sona çatdıqdan sonra onu nəsx adlandırmalıyıq (yə᾽ni nəsx olunmuş ayələr sırasına daxil etməliyik). Halbuki, nəsx yalnız daimi hökmlərin əvəz olunmasına deyilir. Çünki hökm e᾽lan olunduğu zaman onun [qüvvədə olunduğu] müddətdə işarə olunarsa, artıq o daimi deyil (müvəqqəti və qeyri-sabit olaraq qəbul ediləcəkdir). Tə᾽yin olunmuş müddət başa çatdıqdan sonra isə öz qüvvəsini itirir.

Hər hansı bir sabit və müvəqqəti hökmün müddətinin bəlli olmasının isə nəsx ilə heç bir əlaqəsi yoxdur. Çünki nəsx deyildikdə biz müvəqqəti hökmün qüvvədə olduğu müddətin sona çatdığını bəyan etmək deyil, daimi hökmlərin [zaman və şərait tələb etdiyi təqdirdə] başqa hökmlərlə əvəz olunmasını nəzərdə tutmalıyıq.

Fəxri Razinin fikrincə, müvəqqəti hökmün qüvvədə qaldığı müddətin ayə və rəvayətlə bəyan olunması nəsx olunmuş ayələr qəbilindəndir. Lakin bu tamamilə yanlış və heç bir elmi əsası olmayan nəzəriyyədir. Verilmiş ilk hökmün daimi olduğu bəyan edildikdə belə, nəsx heç bir mə᾽na və məfhum kəsb etməyəcəkdir. Nəsx yalnız daimi və müvəqqəti hökmün müddəti bəyan və müəyyən olunduqda öz tə᾽sirini göstərə bilər. Yə᾽ni, yeni hökm sadir olmaqla verilmiş ilk və müvəqqəti hökmün müddəti başa çatdığı bildirilir. Digər tərəfdən isə sonradan nazil olmuş ayələrin [ilk ayələri] nəsxedici xarakter daşıdığını qəbul ediriksə, cihad hökmünün kitab əhlinə də şamil olduğunu qəbul etməliyik. Belə ki, ilk növbədə onlar İslama və təkallahlığa də᾽vət olunmalı, qəbul etmədikdə isə cihad hökmü verilməlidir. Lakin cihad hökmü yalnız üç halda verilə bilər:

1. Müsəlmanlara qarşı müharibə e᾽lan etmiş olsunlar; Qur᾽ani-Kərimdə bu haqda buyurulur:

وَقَاتِلُواْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ

«[Ey mö᾽minlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz!» (Bəqərə-190).

2. Müsəlmanlar arasında fitnə, ictimai və fərdi qarşıdurma yaratmış olsunlar;

وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ

«[Müşriklərin] fitnə[si] qətldən daha şiddətlidir.» (Bəqərə-191).

3. Cizyə verməkdən boyun qaçırmış olsunlar.

«Öz əlləri ilə cizyə verməyincəyə qədər vuruşun.» (Tövbə-29).

Cihad hökmü kitab əhlinə qarşı yalnız bu üç halda verilə bilər. Göründüyü kimi sonradan nəsx olunsun deyə onların küfr etmələrinə görə cihad hökmü verilməmişdir.

Demək qeyd olunan ayələrdə nəsx hökmü verilməmişdir. Hər iki ayənin hökmü sabit və dəyişilməzdir və onlar bir-birlərini nəinki nəsx etmir, əksinə olaraq təfsir və izah edir. Hər iki ayənin məfhumu bundan ibarətdir ki, kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı (birinci ayədə deyildiyi kimi) və yalnız yuxarıda qeyd olunan zəruri hallarda cihad hökmü verilməlidir (necə ki, ikinci ayədə buna dair qəti hökm verilir).

Bunu da qeyd etmək lazımdır ki,

حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ

«Hətta yə᾽tiyəllahu bi əmrihi – yə᾽ni, Allahın əmri gələnə qədər...» nəsx olunmuş əfv ayəsindəki (əmr) kəlməsi ki, göstəriş və fərman kimi mə᾽nalandırmaqla ayədən belə bir mə᾽na əldə etmişlər ki, cihad hökmü verilməyincə kitab əhli əfv olunmalı və onlarla sülh və əmin-amanlıqda yaşanmalıdır. Bu səbəbdən də nəsx nəzəriyyəsinin tərəfdarları belə bir qənaətə gəlmişlər ki, cihad hökmü verilməklə Bəqərə surəsinin 109-cu «əfv» ayəsi nəsx olunmuş və öz qüvvəsini itirmişdir.

Lakin belə bir nəzəriyyənin həqiqət olduğunu fərz etsək də belə, onu heç də nəsx ilə əlaqələndirməməliyik. Çünki hökmün müvəqqəti olduğu elə ilk ayədən bəlli olur.

Ayədəki «əmr» kəlməsi isə heç də «göstəriş» və «fərman» mə᾽nasını daşımır. Buradan əsas məqsəd «təqdir» və «aqibət»dir. Belə olduqda ayədən belə bir mə᾽na əldə edəcəyik. «Kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşayın və onlarla xoş rəftar edin. İslam zəfər çalacağı günə qədər (ilahi təqdir həyata keçənədək). Sizinlə düşmənçilik etdikləri zaman bütün pisliklərinə qarşı dözümlü olub əfv edin. O gün artıq onlar sizə qarşı düşmənçilik edə bilməzlər. Nəhayət siz onların qərəzli niyyətlərindən asudə xatir olaraq əmin-amanlıqda qalacaqsınız.

Demək «əmr» ayədə «fərman» və «göstəriş» mə᾽nalarında deyil, «təqdir» və «aqibət» mə᾽nasını daşıyır. Ona görə ki, əvvəla bu kəlmə «göstəriş» və «fərmandan» daha çox ayədə istifadə olunan «ityan – gətirmək, yerinə yetirmək» ifadəsi ilə münasibdir.

Digər tərəfdən isə ayənin sonunda

اِنَّ اللهَ عَلَي كُلِّ شَيْءٍ قَدِير

«Həqiqətən Allah hər şeyə qadirdir!» Allah-taala bu kimi ifadələrlə vəsf olunur. Və mə᾽lum məsələdir ki, «bacarığı» (qadir olmağı), əmr edib, hökm sadir etməkdən daha çox müsəlmanları qalib, düşmənlərini məğlub etməklə əlaqələndirmək olar.

Bütün bu dəlillərə istinad edərək deyə bilərik ki, ayədəki «əmr» kəlməsi «fərman» və «göstəriş» mə᾽nasında deyil, əvəz olunmaz ilahi təqdir və aqibət mə᾽nasında işlənmişdir. Beləliklə, ayənin nəsx olunma nəzəriyyəsi öz e᾽tibarını itirir.

  826
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment