Azəri
Saturday 23rd of March 2019
  767
  0
  0

MÜSƏLMAN İCMASININ QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI

BEŞİNCİ VƏ ALTINCI CAVAB

MÜSƏLMAN İCMASININ QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI

MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QUR᾽ANIN İSBAT OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİR

Qur᾽anın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı səbəblər üzündən əsassız olduqları barədə bə᾽zi izahatlar verdik. Bu fəsildə də biz həmin rəvayətlərin beşinci və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri aradan qaldırmağa çalışacağıq.

Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə ixtilaflarını kənara qoya bilməmişdir.

1. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;

2. Qur᾽anda təhrifə yol verilməməsinin qəbul olunması.

Lakin, bir qədər əvvəl Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bu iki məsələ ilə tamamilə ziddiyyət təşkil edir. Müsəlman icması Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı nüsxələrin həqiqətən Qur᾽an ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Qur᾽an mütəvatir rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Qur᾽anın yalnız mütəvatir rəvayətlərlə isbat olunduğu bir halda, görəsən bə᾽zilərinin vahid xəbər formasına istinad etmələrinə hansı amillər səbəb olmuşdur?

Təəccüb doğuran burasıdır ki, İbni Həcər və onun kimi bə᾽zi mühəddislər, rəvayətlərdə qeyd olunan «şəhadət» kəlməsini «yazmaq» və «qorumaq» kimi mə᾽nalandırmışlar.

Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

1. Belə bir təfsirin Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti «qorumaq» və ya «yazmaq» kimi mə᾽nalandıra bilmərik.

2. Bu o deməkdir ki, Qur᾽anı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qur᾽ana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Qur᾽an ayələri olduğu mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən bə᾽zi ayələr Qur᾽anın əsl nüsxəsinə daxil edilmişdir.

3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Qur᾽an ayəsi olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmin ayələr Qur᾽ana əlavə olunmayacaqdır. Demək, Qur᾽anın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç bir əhəmiyyəti olmayacaqdır.

Nəticə: Müsəlman icmasının Qur᾽anın mütəvatirliyinə olan e᾽tiqadlarını, Qur᾽anın öz ayələrini və nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Qur᾽anın yığılmasına dair nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mö᾽təbərliyinə istinad etməməliyik.

MÜSƏLMAN İCMASI QUR᾽ANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİR

Əgər Qur᾽anın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətləri mö᾽təbər hesab edəriksə, (belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları bunu iddia edirlər) Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə lazımı şərait yaratmış olarıq. Belə olduqda təhrif istər nöqsan və ya ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun, bunun heç bir fərqi olmayacaqdır.

Əgər Peyğəmbər (s) Qur᾽anın yığılmasına şəxsən nəzarət etməsəydi, sonrakı dövrlərdə təbii ki, oraya bə᾽zi əlavələr və ya ixtisarlar olunardı. Bu isə Qur᾽anın əzəmətinə xələl gətirə bilərdi. Halbuki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və yalnız Qur᾽anın toxunulmazlığına istinad edir. Belə bir tərz-təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi üçün, bunu rəvayətlərin növbəti zəif xüsusiyyətlərindən biri kimi qəbul etməliyik.

İRAD VƏ CAVAB

Bə᾽ziləri deyə bilər ki, Qur᾽an qeyri-adi xüsusiyyətlərə (bu xüsusiyyətlərdən biri də orada istifadə olunan ifadələrdir) malik olduğu üçün, oraya Qur᾽an ayələrindən savayı hər hansı bir ifadə və ya kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi ayələrdən fərqlənər. Bu xüsusiyyətlərinə görə Qur᾽anın təhrif olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin olmayacaqdır.

Başqa sözlə desək, Qur᾽anın, əsas me᾽yar hesab etdiyimiz mö᾽cüzəvi xüsusiyyətləri (e᾽cazı) bütün biganə ifadələrin Qur᾽ana əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara gəldikdə isə, biz bu xüsusiyyətləri əsas me᾽yar hesab edə bilmərik. Çünki əldə olunmayan bir şeyi hər hansı bir me᾽yar ilə müqayisə və ya tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif nəzəriyyəsinin tərəfdarları Qur᾽ana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, nöqsan və çatışmazlığa yol verildiyini qəbul edirlər.

Cavab: Qur᾽an özünün e᾽caz və bəlağəti ilə, oraya hər hansı bir surənin əlavə olunmasının qarşısını ala bilibsə də, bir və ya iki cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının qarşısını ala bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir ehtiyac duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün qeyri-adi xüsusiyyətləri ilə digər ifadələrdən fərqlənərdi.

Belə bir qənaətə gəlirik ki, Qur᾽anın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasını qəbul edənlər təbii ki, təhrif nəzəriyyəsinə istinad edəcəklər və bizə mə᾽lumdur ki, təhrif deyildikdə Qur᾽ana edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi müsəlman icmasının e᾽tiqad və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.

NƏTİCƏ

QUR᾽ANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, Qur᾽an Peyğəmbərin (s) zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər isə, əsassız olmaqla yanaşı Qur᾽an, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir. Belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları qeyd olunan qeyri-mö᾽təbər rəvayətlərlə irəli sürdükləri əsassız iddiaları isbat edə bilməzlər.

Qur᾽anın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də belə, bu məzmunda nəql olunmuş rəvayətlərin nəql olunma səbkisi öz mö᾽təbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki Qur᾽an ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar arasında sənəd baxımından mö᾽təbər olaraq qəbul edilmişdir. Bunun nəticəsində müsəlmanlar Qur᾽anla daha çox ünsiyyətdə ola bilmiş və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına salınmasında böyük rol oynamışlar.

Bəli, Osmanın xilafəti dövründə Qur᾽anın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin, bu heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına salmışdır. Osman yalnız Qur᾽anın müxtəlif səbkilərdə oxunmasının qarşısını almış və fərqli səbkilərdə yazılmış Qur᾽an nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm «tövhidul məsahif» adlandırıldı.

Əhli-sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: Camaat belə güman edir ki, Qur᾽an Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.

Müəllif: Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq (yeddi qiraət səbkisi barəsində nəql olunmuş rəvayətlər daxil olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir.

Bəli, bu, Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tə᾽rifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.

Biz ötən fəsillərdə Peyğəmbərdən (s), Qur᾽anın müxtəlif səbkilərdə oxunmamasına və bunu qətiyyətlə qadağan etməsinə dair nəql olunmuş hədislər barəsində ətraflı mə᾽lumatlar verdik. Bütün bunları nəzərə alaraq, xəlifənin İslam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin, xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən oxunuşunda fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan bə᾽ziləri ona öz e᾽tirazlarını bildirsələr də, heç bir nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra olundu.

Bu səbəbdən də onu «hərracul məsahif», səhifələri yandıran adlandırdılar.

Nəticə: Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla, özünü bu böyük xürafat uçurumundan xilas etmiş olar.

  767
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment