Azəri
Sunday 24th of March 2019
  876
  0
  0

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR

İKİNCİ CAVAB

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR

QUR᾽AN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə e᾽tibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.

Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:

1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:

Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,* «Tövbə» surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında «Bismillah» olmadan yerləşdirmisiniz, halbuki, onların hər ikisi “Tival”* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bə᾽zi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, “Ənfal” və “Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni “Tival” surəsindən sonra aralarında «Bismillah» olmadan yerləşdirdik.

2. Təbərani və İbni Əsakir, Şə᾽bidən nəql edərək deyir: Qur᾽an, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. həmin şəxslər Ubey ibni Kə᾽b, Zeyd ibni Sabit, Məaz ibni Cəbəl, Əbu Dərda, Sə᾽d ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə᾽ ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Qur᾽anı bir yerə yığa bilmişdir.

3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Qur᾽anın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubeyy ibni Kə᾽b, Məaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.

4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məs᾽ud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki Peyğəmbər (s) bizlərə Qur᾽anı ondan, Salim Məazdan və Ubeyy ibni Kə᾽bdən öyrənməyimizi tövsiyə etmişdir.

5. Nəsai, mö᾽təbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Qur᾽anı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Qur᾽anı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽an, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.

İRAD VƏ CAVAB

Deyə bilərik ki, Qur᾽anın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Qur᾽anın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Halbuki, Peyğəmbərin (s) zamanında Qur᾽an hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Qur᾽anın yığılması deyildikdə, onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Qur᾽an hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki, qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.

Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Qur᾽anı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğuna tə᾽kid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Qur᾽an hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Qur᾽anı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyr! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.

NƏTİCƏ

Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?

Bir anlıq fərz edək ki, elə doğrudan da Qur᾽an Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Qur᾽anın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Qur᾽anın tədrisinə tə᾽yin olunan Abdulla ibni Məs᾽uda, Muasa, Ubey ibni Kə᾽bə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki, qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Qur᾽anın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri idi və Qur᾽anla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tə᾽rifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mö᾽təbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Qur᾽an Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.

  876
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment