Azəri
Sunday 21st of July 2019
  1005
  0
  0

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN CAVABLAR

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN CAVABLAR

BİRİNCİ CAVAB

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN NÖQSAN VƏ ÇATIŞMAZLIQLAR

Əvvəlki fəsildə Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətləri nəzərdən keçirdik. Belə ki, bə᾽zən bu rəvayətlərdən şəxsi məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç birinin mö᾽təbər olduğu nəzərə çarpmır. Bə᾽zən «təhrif nəzəriyyəsi»nin tərəfdarları da bu rəvayətlərə istinad edərək, Qur᾽anın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər. Mö᾽təbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz demək tamamilə əsassız olacaqdır. Biz bu fəsildə rəvayətlərin zəif xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların mö᾽təbər olmadıqlarını sübuta yetirəcəyik.

Birinci xüsusiyyət:

Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və ziddiyyətlər.

BİRİNCİ SUAL:

QUR᾽AN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR?

Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci rəvayətdən belə mə᾽lum olur ki, Qur᾽an Osmanın xilafəti dövründə kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü rəvayətlərdə bunun Əbu Bəkrin xilafti dövründə həyata keçirildiyinin şahidi oluruq. Yeddinci və on ikinci rəvayətlərdə isə Qur᾽anın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil, Ömərin xilafəti dövründə göstərilir.

İKİNCİ SUAL

ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QUR᾽ANIN YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ GÖTÜRMÜŞDÜR?

Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibni Sabitə həvalə olunduğu göstərilir. Dördüncü rəvayətdə isə deyilir: Bu işi Əbu Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibni Sabit isə onun göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı düzəlişlər aparırdı. Beşinci rəvayətdə isə belə mə᾽lum olur ki, bu iş Ömər və Zeyd ibni Sabitə həvalə olunmuşdur.

ÜÇÜNCÜ SUAL

QUR᾽ANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ OLUNMUŞDURMU?

Birinci rəvayətdən belə mə᾽lum olur ki, Əbu Bəkr Qur᾽anın yığılmasını Zeyd ibni Sabitə həvalə etmişdir. Orada deyilir: Əbu Bəkr Zeydə deyir: «Sən cavanlığından öz əql və dərrakənlə hamıdan fərqlənir və sədaqətinlə hamının e᾽timadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Qur᾽anla yaxından ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məs᾽uliyyətli işi öz üzərinə götür.» Buradan belə mə᾽lum olur ki, Qur᾽anın yığılması Zeyd ibni Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə isə bu işə başqalarının cəlb olunduğu göstərilir.

DÖRDÜNCÜ SUAL

QUR᾽ANIN BƏ᾽Zİ AYƏLƏRİ OSMANIN XİLAFƏTİ DÖVRÜNƏDƏK YAZILMIŞDIRMI?

Rəvayətlərin bir çoxundan bizə mə᾽lum olur ki, Qur᾽anın bütün ayələri pərakəndə olasa da, (hələ Peyğəmbərin (s) zamanında) dəri və kağız üzərinə yazılmışdır. Lakin ikinci rəvayətdə hələ Osmanın xilafəti dövründə ayələrdən bə᾽zilərinin kağız üzərinə köçürülmədiyi və onun hafizələrdə saxlanıldığı göstərilir.

BEŞİNCİ SUAL

OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ AYƏLƏRDƏN BƏ᾽ZİLƏRİNİ İXTİSARA SALIBMI?

Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək ayələrdən heç birinin ixtisara salınmadığı göstərilir. Lakin dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan nüsxələri məhv etməsi və bunun ətraf məntəqələrdə yaşayan müsəlmanlara da əmr olunması göstərilir.

ALTINCI SUAL

OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA BİLMİŞDİR

İkinci və dördüncü rəvayətlərdən belə mə᾽lum olur ki, Osman Əbu Bəkrin yığdığı nüsxələrə istinad etmiş və özünün nüsxəsini onun əsasında yığdırmışdır. Altıncı, on dördüncü və on beşinci rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki nəfər mö᾽təbər şəxsin şəhadət verməsi ilə yığdırdığı göstərilir.

YEDDİNCİ SUAL

QUR᾽ANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM İSTƏMİŞDİR?

Birinci rəvayətdə deyilir: Qur᾽anın yığılaraq kitab halına salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən istəmişdir. Lakin, Əbu Bəkr bundan imtina edir və yalnız Ömərin dəfələrlə israr etməsindən sonra buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibni Sabiti yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona da bildirir. Zeyd də bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir. Lakin onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə, Ömər və Zeyd tərəfindən edildiyi və Əbu Bəkrin əshabla məşvərət etdikdən sonra onlara müsbət cavab verdiyi göstərilir.

SƏKKİZİNCİ SUAL

QUR᾽ANIN ƏSL NÜSXƏSİ HANSI XƏLİFƏ TƏRƏFİNDƏN YIĞILMIŞDIR VƏ BU NÜSXƏDƏN KÖÇÜRÜLDÜKDƏN SONRA HANSI ŞƏHƏRLƏRƏ GÖNDƏRİLMİŞDİR?

İkinci rəvayətdən, Qur᾽anın əsl nüsxəsinin Osman tərəfindən yığıldığı göstərilir. Lakin on ikinci rəvayətdə bunun Ömər tərəfindən həyata keçirildiyinə işarə olunur.

DOQQUZUNCU SUAL

TÖVBƏ SURƏSİNİN SON İKİ AYƏSİ HANSI XƏLİFƏNİN DÖVRÜNDƏ QUR᾽ANA ƏLAVƏ EDİLMİŞDİR?

Birinci, on ikinci və iyirmi ikinci rəvayətdən belə mə᾽lum olur ki, bu iki ayənin Qur᾽ana Əbu Bəkrin xilafəti dövründə əlavə olunduğu göstərilir. Lakin səkkizinci və digər rəvayətlərdə bu ayələrin Ömərin xilafəti dövründə Qur᾽ana əlavə olunduğu qeyd olunur.

ONUNCU SUAL

BU AYƏLƏRİ QUR᾽AN KATİBLƏRİNƏ KİM TƏHVİL VERMİŞDİR?

Birinci və iyirmi ikinci rəvayətlərdə biz, Əbu Xüzeymənin adı ilə rastlaşırıq. Lakin səkkizinci və on birinci rəvayətlərdə bu ayələrin Xüzeymə ibni Sabit tərəfindən xəlifəyə təhvil verildiyi göstərilir. İbni Əbdül Bərr bu haqda deyir: Əbu Xüzeymə və Xüzeymə ibni Sabit iki müxtəlif şəxs olmuşdur və onların arasında heç bir qohumluq rabitəsi olmamışdır.

ON BİRİNCİ SUAL

BU İKİ AYƏNİn HƏQİQƏTƏN QUR᾽AN AYƏSİ OLDUĞU HANSI YOLLA İSBAT OLUNUR?

Bu barədə rəvayətlər üç qismə bölünür:

1. Yalnız bir nəfərin şəhadəti ilə sabit olunur;

2. Doqquzuncu və iyirmi üçüncü rəvayətlərdə isə buraya Osmanın da əlavə olunduğu göstərilir;

3. On birinci rəvayətdə isə şəhadət verən kəslərin arasında Ömərin adının birinci çəkildiyinin şahidi oluruq.

ON İKİNCİ SUAL

OSMAN QUR᾽ANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR?

İkinci rəvayətdə Osmanın, Qur᾽anın imla olunmasını və yazılmasını İbni Zubeyr, Səid ibni Asa və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə tə᾽yin olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə ayələri imla etməyə tə᾽yin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun şahidi oluruq. Yə᾽ni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə tə᾽yin olunduğu göstərilir.

Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubeyy ibni Kə᾽bə, yazılmasının Zeyd ibni Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni Asın tə᾽yin olunduğu göstərilir. İyirminci rəvayət də bu məzmunda nəql olunmuşdur. Lakin, orada nüsxələrə nəzarət olunması işinin Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir.

 

  1005
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment