Azəri
Friday 19th of April 2024
0
نفر 0

OSMANIN ƏMISI HƏKƏM IBNI ƏBIL-ASIN OĞLANLARI-MƏRVAN VƏ HARIS

2-3-OSMANIN ƏMISI HƏKƏM IBNI ƏBIL-ASIN OĞLANLARI-MƏRVAN VƏ HARIS

Bilazəri yazır: Həkəm ibni Əbil-as cahiliyyət dövründə Pey‌ğəmbərin qonşusu idi və Islam dövründə o həzrətə verdiyi əzab-əziyyət daha çox artmışdı. Həkəm Mədinəyə Məkkənin fət‌hindən sonra gəlmişdi və həmin halda da düzgün dinə ma‌lik deyildi. Belə ki, bə`zən Peyğəmbərin arxasınca yol ge‌dir və onu yamsılayırdı. Peyğəmbər namaz qılanda onun arxa‌sın‌da dayanır və öz barmaqları ilə onu məsxərə edirdi. Nə‌ha‌yət bir gün Peyğəmbərin evində axtarış aparmağa başladı və həzrət onu tanıyıb əsa ilə qovdu və buyurdu: «Kim məni bu kərtənkələnin şərindən qurtarar?! (Sonra buyurdu:) O və onun övladları mənim yanımda olmamalıdırlar!» Bundan son‌ra onların hamısını Taif şəhərinə sürgün etdi. Peyğəmbər və‌fat etdikdən sonra Osman Əbu Bəkrdən xahiş etdi ki, onu Mə‌dinəyə gətirsin, amma Əbu Bəkr qəbul etməyib dedi: «Mən elə bir adam deyiləm ki, Peyğəmbər tərəfindən sürgün olu‌nanlara pənah verəm!« Ömər xilafətə çatan zaman Osman öz is‌təyini yenidən təkrarladı, o da Əbu Bəkrin sözünü dedi. Nəhayət özü xilafətə çatan zaman onu Mədinəyə gətirdi.»[1]

O, Mədinəyə paltarları cırılıb köhnəlmiş halda daxil ol‌du və o zaman qabağında bir keçini də gətirirdi. Camaatın ha‌mı‌sı ona baxırdı. O gəlib xəlifənin yanına daxil oldu. Çox çəkmədi ki, xəz jiletdə və fəxrli bir qəbada çölə çıx‌dı.[2]

Həmin günün axırında Osman müsəlmanların bazarında ver‌gi və sədəqə işlərinə baxan şəxsə dedi: «Bu işləri Hə‌kə‌mə tapşır.»[3] Sonra onu Qüzaə qəbiləsinin vergi və sədəqə‌lə‌rinin toplanmasına tə`yin etdi ki, onların miqdarı üç yüz min dirhəmə çatırdı. O qayıtdıqda, Osman həmin pulların hamısını onun özünə bağışladı[4] və dünyadan getdikdə, onun qəbrinin üzərində bir xeymə qurdu.[5]

Həkəmin oğlu Mərvan Osmanın qızı Ümmü Əbanı aldı. Onun digər bir oğlu Haris də Osmanın Ayişə adlı bir qı‌zı ilə evləndi. Peyğəmbər ¡ çoxlu hədislərdə Həkə‌mi[6] və onun övladlarını lə`nətləmiş, məzəmmət edərək buyur‌muş‌du: "Vay olsun mənim ümmətimə! Bunun (Həkəmin) sülbündə olanların əlin‌dən!"[7]

Həmçinin buyurmuşdu: "Allahın lə`nəti ona və onun sülbündən gə‌l‌ən kəslərə olsun! Yalnız onlardan az saylı mö`minlər istisnadır."

Yenə buyurmuşdur: "Hər vaxt Əbil-as övladları otuz nəfərə çat‌salar, Allahın dinini pusqu, Allah bəndələrini qul edər və Allah ma‌lını özlərinə sərf edərlər."

Yenə buyurmuşdur: "Mən yuxuda gördüm ki, Əbil-asın övladları mey‌mun şəklində mənim minbərimə dırmaşırlar!" Peyğəmbər ¡ bun‌dan sonra ömrünün axırına qədər gülərüz müşa‌hidə olun‌madı.[8]

Həmçinin Hakim Əbdür-Rəhman ibni Ovfun belə dediyini nəql edir: Elə bir körpə dünyaya gəlmirdi ki, onu Peyğəm‌bə‌rin yanına gətirməsinlər və o həzrət onlar üçün dua etməsin. Am‌ma Mərvan ibni Həkəmi gətirdikləri zaman Peyğəmbər buyur‌du: "Bu, kərtənkələ oğlu kərtənkələ, məl`un oğlu məl`undur!"[9]

Bura qədər üç xəlifənin xüms və Peyğəmbərin mirası barə‌sindəki ictihadlarını qeyd etdik.

IMAM ƏLI -IN XÜMS VƏ PEYĞƏMBƏRIN MIRASI BARƏSINDƏ TUTDUĞU YOL

Ibni Abbas belə nəql edir: Peyğəmbərin dövründə xüms beş yerə bölünürdü: Allaha və Peyğəmbərə bir pay, «zil-qurba»‌ya bir pay, yetimlərə bir pay, miskinlərə bir pay və «ibnus-sə‌bi‌‌lə» (yolda qalanlara) bir pay. Bundan sonra Əbu Bəkr, Ömər və Osman onu üç yerə böldülər: Peyğəmbərlə «zil-qurba»‌nın pa‌yı‌nı çıxartdılar və yerdə qalan üç qrupun arasında böl‌dülər.

Bundan sonra Əli ibni Əbi Talib (kərrəməllahu vəchəh) onu Əbu Bəkr, Ömər və Osmanın bölüşdürdüyü kimi bölüşdü‌rür‌dü.»[10]

Imam Baqir -dan soruşdular: «Əli (kərrəməllahu vəchəh)-in xüms barəsindəki nəzəri nə idi?» Buyurdu: «Onun xüms barəsindəki nəzəri öz Əhli-beytinin nəzəri idi. Lakin o, Əbu Bəkr və Ömərlə müxalifət etməyi xoşlamırdı!»[11]

Məhəmməd ibni Ishaq deyir ki, Əbu Cə`fər Mühəmməd ibni Əlidən soruşdum: «Əli ibni Əbi Talib bu ümmətin və‌liy‌yi-əmrliyini qəbul etdiyi zaman «zil-qurba» payı barəsində ne‌cə rəftar edirdi?» Həzrət buyurdu: «Əbu Bəkr və Ömərin üslubunu davam etdirirdi.» Soruşdum: «Necə? Halbuki, sizin nəzəriniz tamam başqadır?!» Buyurdu: «Onun Əhli-beti onun rə`yindən başqa heç nə deməmişlər.» Dedim: «Buna nə mane olmuşdur?» Buyurdu: «Allaha and olsun! Onu Əbu Bəkr və Ömərin müxalifi adlandırmalarını istəmirdi!»[12]

«Sünəni Beyhəqi» kitabında nəql ounan digər bir rəvayətə görə belə buyurdu: «Çünki Əbu Bəkr və Ömərlə müxalif qərar verilməsini istəmirdi.»[13]

Bu rəvayət göstərir ki, imam Əli ondan qabaq‌kı‌la‌rın xüms və Peyğəmbərin mirası barəsində yolunu dəyiş‌dir‌mə‌di. Çünki onu dəyişdirməyə qüdrəti yox idi!

«Sünəni Beyhəqi» kitabında imam Sadiq -dan, o da ata‌sından nəqlən belə buyurur: «Həsən, Hüseyn, Ibni Abbas və Əbdül‌lah ibni Cə`fər (rəziyəllahu ənhum) Əlidən istədilər ki, onların xümsdən olan payını versinlər. O buyurdu: «O si‌zin haqqınızdır, lakin indi mən Müaviyə ilə müharibə ha‌lın‌dayam. Əgər istəsəniz, ondan olan haqqınızdan keçər‌si‌niz.»[14]

Müəllif: Bu rəvayət göstərir ki, Imam xümsü Müavi‌yə‌‌nin əleyhinə ordunun yaraqlandırılmasında xərcləyərdi.

XÜMS və PEYĞƏMBƏR ¡-IN MIRASI BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRINin DÖVRÜNDƏ

Rəvayətlərin zahiri göstərir ki, Müaviyə xümsü Bəni Ha‌şi‌mə verməməkdə və Peyğəmbər övladlarını onun irsindən məh‌rum etməkdə eynilə əvvəlki üç xəlifənin ictihadlarına ox‌şar nəzər vermişdir. Onların fərqi burasındadır ki, Müa‌viyə özünəməxsus ictihadının nəticəsini də ona əlavə et‌miş‌di. Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Ömər ibni Əb‌dül-Əziz fərman verdi ki, xümsün bir qismini Bəni Ha‌şimə qaytarsınlar. Onlardan bir qrupu toplaşıb məktub yaz‌dılar və nümayəndə hey`əti ilə onun yanına göndərdilər ki, onların barəsində etdiyi sileyi-rəhim xatirinə təşəkkür etmiş olsunlar. Çünki onlar Müaviyənin dövründən o günə qədər yoxsul və çox ağır vəziyyətdə dolanırdılar.»[15]

Həmçinin demişdir: Əli ibni Əbdüllah ibni Abbas və Əbu Cə`fər Mühəmməd ibni Əli demişlər: «Müaviyənin döv‌rün‌dən indiyə qədər bizim aramızda heç bir xüms bölüşdürül‌mə‌miş‌dir.»[16]

Amma Müaviyənin bu barədəki xüsusi ictihadlarının nə‌ti‌cəsinə gəldikdə isə, Hakim «Müstədrək» kitabında, Zəhəbi «Təl‌xis» kitabında, Ibni Sə`d «Təbəqat»da, Ibni Əbdül-Birr «Istiy`ab»da, Ibni Əsir «Usdul-ğabə»də, Həkəm ibni Əmrin tər‌cümeyi-halında, eləcə də Təbəri, Ibni Əsir, Zəhəbi və Ib‌ni Kəsir 50-ci hicri ilinin hadisələrində qeyd etmişlər. Ha‌kim yazır: «Ziyad, Həkəm ibni Əmr Qəffarini bir ordu ilə Xo‌ra‌sana göndərdi və onlar çoxlu qənimət əldə etdilər. Ziyad onlara yazdı: «Əmma bə`d. Əmirəl-mö`minin (Müaviyə) fərman ver‌mişdir ki, qızıl-gümüşləri onun üçün yığıb ayırsınlar, on‌lar‌dan heç bir şeyi müsəlmanlar arasında bölüşdürməsin‌lər!»

«Tarixi Təbəri» kitabında da belə qeyd olunur: «Əmirəl-mö`‌minin (!) fərman verdi ki, bütün qızılları və gümüşləri, nə‌fis əşyaları onun üçün ayırıb saxlasınlar, bunları ayır‌mayınca heç bir şeyi yerbəyer etməsinlər.»

 Həkəm ibni Əmr ona belə yazdı: Amma bə`d. Məktubun gə‌lib çatdı. Mö`minlərin əmiri göstəriş verir ki, bütün qı‌zıl‌ları, gümüşləri və nəfis əşyaları onun üçün ayırıb sax‌la‌yam və bunları ayırmamış heç nəyi bir-birinə qarışdır‌ma‌yam. Halbuki, Allahın fərmanı mö`minlərin əmirinin fərmanından yüksəkdir. Allaha and olsun, əgər göylərin və yerlərin yolları bir bəndənin üzünə bağlansa və o da Allah‌dan qorxub təqvalı olsa, şübhəsiz, mütəal Allah onun üçün nicat yolu qərar verəcəkdir!» Sonra öz ordusuna dedi: «Sübh çağı öz qənimətlərinizi əldə etmək üçün hazır olun.» On‌lar gəlib qənimətin xümsünü ayırdılar, yerdə qalanlar isə onların arasında bölüşdürüldü. O deyir: Ziyad ona belə yazdı: «Al‌laha and olsun! Əgər diri qalsam, oynaqlarını bir-birin‌dən ayırıb səni tikə-tikə edəcəyəm!»

Hakim yazır: Müaviyə Həkəmin qənimətləri necə bölmə‌sin‌dən agah olduqdan sonra ona tərəf bir mə`mur göndərdi ki, onu tutub həbs etsin. O, Həkəmi tutmaq istədiyi halda öldü və dəfn edildi. Ölməmişdən qabaq dedi: «Mən şikayət edə‌cə‌yəm!» «Təhzibut-təhzib» kitabında, onun tərcümeyi-halında be‌lə yazılır: Müaviyə başqa bir mə`mur göndərdi və o, Həkəmi tu‌tub həbs etdi və o, əl-qolu bağlı halda dünyadan getdi.[17]

Təbəri və başqaları yazırlar: Həkəm dedi: «Pərvərdigara! Əgər Sənin dərgahında bir xeyir əməlim varsa, məni öldür!» O, Xorasanın Mərv əyalətində dünyadan getdi.

Müəllif: Alimlərin bə`ziləri bu xəbəri xoşlamadıqları üçün onu natamam və təhrif olunmuş şəkildə qeyd etmişlər. O cümlədən, Zəhəbini qeyd etmək olar ki, onun tarixində belə ya‌zı‌lır: Sonra ona belə yazdı: Heç bir qızıl və gümüşü bö‌lüş‌dürmə.» O isə cavabında yazdı: «Allaha and olsun, əgər asi‌man‌lar bağlanarsa...»

Ibni Kəsir belə yazır: Ziyadın məktubu ona çatdı. Mək‌tubda Müaviyənin dilindən deyilmişdi ki, qənimət olaraq əl‌də olunan qızıl və gümüşləri Müaviyə üçün və onun beytül-malına qatılmaq üçün ayırıb bir kənara qoysun.

Ibni Həcər Həkəmin tərcümeyi-halında, habelə «Təhzib» və «Isabə» kitablarında yazır: Müaviyə onu Xorasana vali tə`yin etdi və sonra bir şey barəsində onu məzəmmət etdi, başqa bir mə`muru göndərdi. O, Həkəmi həbs edib əli-qolu bağlı halda zindana atdı və onun özü həmin yerdə öldü.

Bu, Həkəm ibni Əmrin hadisəsi idi. Bə`ziləri səhv olaraq de‌mişlər ki, bu hadisə Rəbi ibni Ziyad Harisi ilə əlaqə‌dar‌dır, halbuki, Rəbi, Hücr ibni Ədinin qətlə yetirilmə xəbə‌ri‌ni eşidən kimi dedi: «Pərvərdigara! Əgər Rəbi üçün Sənin ya‌nın‌da bir xeyir (əməl) varsa, onu öldür.» O, elə oturduğu hə‌min yığıncaqda vəfat etdi.[18]

Bu, Müaviyənin dövründə xümsün vəziyyəti idi. Amma Pey‌ğəm‌bəri Əkrəm ¡-in mirasının onun dövründə necə ol‌ma‌sına gəldikdə isə, Ibni Əbil Hədid «Nəhcül-bəlağə»nin şər‌hində belə rəvayət edir: Müaviyə Həsən ibni Əlinin vəfa‌tın‌dan sonra Fədəkin üçdə birini Mərvanın mülkiyyətinə ver‌di və digər üçdə birini Əmr ibni Osman ibni Əffana, qa‌lan üçdə birini isə Yezid ibni Müaviyəyə verdi. Onlar hə‌mi‌şə Fədəki əldən-ələ dolandırırdılar, nəhayət onların ha‌mısı Mərvana qismət oldu.[19]

Ibni Sə`d «Təbəqat» kitabında yazır: Müaviyə, Mərvanı Mədinə valiliyindən çıxardıb ona qəzəbləndiyi zaman Fədəki ondan aldı və uzun müddət onun Mədinədəki vəkilinin ixtiyarında idi. Nəhayət Vəlid ibni Ütbə ibni Əbi Süfyan onu istədi və Müaviyə qəbul etmədi. Bundan sonra Səid ibni As istədi və Müaviyə onun da istəyinə müsbət cavab vermədi. Digər dəfə olaraq Mərvanı Mədinəyə hakim tə`yin etdiyi zaman onu Mərvanın tərəfindən heç bir istək olmadan ona bağışladı və onun keçmiş məhsullarını da Mərvana verdi, axıra kimi də Mərvanın ixtiyarında qaldı.»[20]

Müəllif: Bə`ziləri səhv olaraq belə güman etmişlər ki, Mü‌a‌viyə Fədəki Mərvanın mülkiyyətinə verən ilk şəxs ol‌muş‌dur. Halbuki, Osman Müaviyədən öncə onun mülkiyyətinə ver‌mişdi. Bəlkə də səhvin mənşəyi bu ola bilər ki, Fədəki Mər‌vana qaytaran axırıncı şəxs Müaviyə olmuşdur!

MÜAVIYƏDƏN SONRA BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRININ DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz istisna olmaqla Bəni Üməyyə xəli‌fə‌ləri xümsü öz şəxsi mülkiyyətləri hesab edir və bə`zən onu is‌tə‌diyi şəxsə bağışlayırdılar. Bə`zi vaxtlar da onu əldə et‌dikləri digər mal-dövlətlə birlikdə öz xəzinələrində bir yerə yığırdılar. Belə ki, Vəlid ibni Əbdül-məlik («Sünəni Nəsai» kitabında nəql olunana əsasən) onu öz oğlu Ömərə bağışladı.

O deyir: Ömər ibni Əbdül-Əziz bir məktub yazaraq Ömər ib‌ni Vəlidə dedi: – ...Və sənin atan bütün xümsü sənin payın qə‌rar vermişdir, halbuki, atanın payı adi bir müsəlmanın pa‌yı qədərdir! Xümsdə, Allahın haqqı, Peyğəmbərin haqqı, Pey‌ğəmbərin qohum-əqrəbaları, yetimləri, miskinləri və yolda qa‌lan‌ları üçün tə`yin edilmişdir. Atandan haqq tələb edənlər nə qədər də çoxdur! Bu qədər düşmənin varlığı ilə, bunla‌rın əlindən necə qurtara bilər?! Həmçinin, sənin musiqi və ləhv alətləri ilə həmdəm olmağın Islamda qoyulan bir bid`ət‌dir. Buna görə də qərara almışam ki, bir nəfəri sənə doğru göndərim, sənin çirkin məclislərinin kökünü kəssin.»[21]

Biz bu rəvayətdən əlavə, elə bir hədis tapmamışıq ki, Müa‌viyədən sonra Ömər ibni Əbdül-Əzizin vaxtına qədər xüms və Peyğəmbərin mirası barəsində, eləcə də onun Müa‌viyənin vaxtında olduğu vəziyyətin dəyişdirilməsi barəsində bir söz demiş olsun.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz Mədinənin qazisi Əbu Bəkr ibni Mə‌həmmədə yazdı ki, Kətibə (Xeybər qalalarından biridir) ba‌rə‌sində araşdırma aparıb görsün ki, o, Peyğəmbərin Xey‌bər‌dən olan xümsüdur, yoxsa o həzrətin şəxsi əmlakındandır. O, təhqiqat aparıb belə cavab yazdı: «Kətibə Peyğəmbərin xüm‌südür.» Ömər ibni Əbdül-Əziz dörd, yaxud beş min dinar qı‌zıl pulu onun üçün göndərdi və fərman verdi ki, Kəti‌bə‌dən əldə etdiyi beş-altı min dinar qızıl pulu da ona əlavə edib on min dinara çatdırsın və onu Bəni Haşim arasında – qadın-kişi, böyük-kiçik arasında heç bir fərq qoymadan – bölüş‌dürsün. O da belə əməl etdi.[22]

Ibni Sə`d, Cə`fər ibni Məhəmməddən belə rəvayət etmiş‌dir: «Ömər ibni Əbdül-Əziz «zil-qurba» payını Əbdül-Müt‌təlib övladları arasında bölüşdürdü və onların Əbdül-Müt‌t‌əlib övladlarından olmayan arvadlarına heç bir pay ver‌mə‌di.»

Həmçinin rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əzizin mək‌tubu Mədinənin valisinə çatdıqda xümsü Bəni Haşimin ara‌sında bölüşdürdü. Vali qərara aldı ki, Əbdül-Müttəlib öv‌ladlarını xümsdan məhrum etsin, amma bu zaman dedilər: «On‌lar almasa, biz də bir nəfər kimi almayacağıq!» Vali onu Ömər ibni Əbdül-Əzizə xəbər verdi və o, cavabda dedi: «Mən on‌ları bir-birindən ayrı hesab etmirəm. Onlar qədim pey‌manda Əbdül-Müttəlib övladlarından hesab olunurlar. Belə isə, onları da Əbdül-Müttəlib övladlarından hesab et.» Bun‌dan sonra onlara da pay verildi.[23]

Əbu Yusif «Xərac» kitabında rəvayət edərək deyir: Ömər ibni Əbdül-Əziz Peyğəmbərin payını və «zəvil-qurba»nın payını Bəni Haşim üçün göndərdi.[24]

Ibni Sə`d deyir: Hüseynin qızı Fatimə bir məktub ya‌za‌raq onun bu tədbiri qarşısında təşəkkür etdi və yazdı: «Hə‌qi‌qətən, xadimsizlərə xidmət etdin, çılpaqlara paltar ge‌yin‌dirdin!» Ömər ibni Əbdül-Əziz bu sözdən sevinib şad ol‌du. Həmçinin, deyir: Ömər ibni Əbdül-Əziz belə demişdir: «Əgər diri qalsam, sizin hüquqlarınızın hamısını özünüzə qayta‌racağam.»[25]

FƏDƏKIN TALEYI

Yaqut Həməvi «Mö`cəmül-büldan» kitabında yazır: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman özünün Mədinədəki iş‌çilərinə yazaraq fərman verdi ki, Fədəki Fatimənin nəvələrinə qaytarsınlar.[26]

«Nəhcül-bəlağənin şərhi»ndə deyilir: Əbu Bəkr ibni Həzəm onun işçilərinə cavab olaraq yazdı: «Fatimə -ın nəvələri ali-Osman, ali-filan və ali-filanda doğulmuşlar. Fədəki onlardan hansı birinə qaytaracaqsan?» Cavabında yazıldı: «Əmma bə`d. Mən əgər yazsam və fərman versəm ki, bir qoyunu qurbanlıq et, mənim üçün yazacaqsan ki, buynuzlu olsun, yoxsa buynuzsuz?! Əgər göstəriş versəm ki, bir inək qurbanlıq edəsən, məndən soruşacaqsan ki, hansı rəngdə olsun? Bu məktubum sənə çatan kimi Fədəki Fatimənin Əlidən olan övladları arasında bölüşdür! Vəssəlam!»

O deyir: Bəni Üməyyə Ömər ibni Əbdül-Əzizin bu tədbi‌rini xoşlamadılar və onu danlayaraq dedilər: «Şeyxeynin (Əbu Bəkr və Ömərin) işini qəbahətli etdin!»

Kufə əhalisindən bir qrupu e`tiraz əlaməti olaraq onun yanına getdilər və bu işlə əlaqədar onu danladılar, o dedi: «Siz də bilmədiniz, mən də bilmədim: siz unutdunuz, mən xa‌tır‌ladım! Həqiqətən Əbu Bəkr ibni Ömər ibni Həzəm ata‌sın‌dan, o da babasından mənim üçün rəvayət etmişdir ki, Pey‌ğəm‌bəri Əkrəm ¡ buyurmuşdur: "Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir, hər kəs onu sevindirsə, məni sevindirmişdir." Fədək Əbu Bəkr və Ömərin dövründə Peyğəmbəri Əkrəm ¡-in safiyəsi və xalisəsi idi. Ondan sonra Mərvanın ixtiyarına keçdi və o, Fədəki atam Əbdül-Əzizə bağışladı, mən və qardaşlarım da onu irs apardıq. Mən qardaşlarımdan istədim ki, öz paylarını mənə satsınlar. Onların bə`ziləri satdı, bə`ziləri isə bağışladı. Nəhayət onun hamısı mənim ixtiyarıma keçdi. Mən qərara aldım ki, onu Fatimənin nəvələrinə qaytarım.» Onlar dedilər: «Əgər belədirsə, onda əslini saxla, taxılını isə onların arasında bölüşdür.» O, belə etdi.[27]

Digər rəvayətdə deyilir: Ömər ibni Əbdül-Əziz xilafətə çatan zaman onun qaytardığı ilk məzalim Fədək idi. O, Əli ibni Hüseyni çağırdı və Fədəki ona qaytardı. Fədək Ömər ibni Əbdül-Əzizin hakimiyyəti dövründə Fatimənin nəvələri‌nin əlində idi.»[28]

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Ömər ibni Əbdül-Əzizdən sonra xüms barəsində heç bir söhbət olunmur. Amma Fədəkə gəldikdə isə, Yaqut Həməvi və Ibni Əbil Hədid belə yazırlar: Yezid ibni Atikə (Yezid ibni Əbdül-məlik)[29] hakimiyyətə çatan zaman onu Fatimə -ın övladlarından aldı və yenə də mərvanlıların ixtiyarına verdi. Onlar da bunu, xilafəti əldən verdikləri vaxta qədər əldən-ələ dolandırdılar. Onlardan sonra Əbu Cə`fər Mənsur imam Həsən -ın nəvələrinin qiyamından sonra onu öz ix‌ti‌yarına keçirtdi, daha sonra Mənsurun oğlu Mehdi onu Fa‌timə övladlarına qaytardı. Ondan sonra Musa ibni Meh‌di və onun qardaşı Harun onu geri aldılar və axıra qə‌dər – Mə`munun hakimiyyəti dövrünə qədər – onların ixti‌ya‌rında oldu. Mə`mun onu Fatimə övladlarına qaytardı.

Əbu Bəkr Məhəmməd ibni Zəkəriyyadan, o da Mehdi ibni Sabiqdən rəvayət edir ki, belə demişdir: Mə`mun məzalimi qaytarmaq üçün bir məclis təşkil etdi. Əlinə çatan birinci məktuba baxdı və ağladı. Onun başı üstündə dayanan adama dedi: «Car çəkərək belə de: Fatimənin vəkili haradadır?!» Bu zaman ləbbadə və əmmamə geymiş qoca bir kişi ayağa qalxaraq irəli gəldi və onunla Fədək barəsində mübahisəyə başladı. Mə`mun onun üçün bir dəlil gətirdi, o da Mə`muna dəlil gətirdi. Sonra fərman verdi ki, Fədəki onların adına keçirtsinlər. Yazıldıqdan sonra ona oxundu və Mə`mun onu möhürlədi. Di`bil ayağa qalxıb Mə`muna xitabən bir neçə şe`r oxudu ki, onun əvvəli belədir:[30]

اَصْبَحَ وَجْهُ الزَّمَانِ قَدْ ضَحِكَا                        بِرَدِّ مَاْمُونَ هَاشِمَ فَدَكًا

"Ruzigarın siması nə qədər gülərüz oldu!

Fədək Mə`mundan Haşimə qaytarıldı."

«Fütuhul-büldan»ın müəllifi Mə`munun yazısını şərh et‌miş və demişdir: 210-cu hicri ilində Harun ər-Rəşidin oğlu əmirəl-mö`minin Mə`mun fərman verdi ki, Fədəki Fati‌mə‌nin nəvələrinə qaytarsınlar. O, özünün Mədinədə olan iş‌çi‌lərinə belə yazdı: «Əmma bə`d. Həqiqətən əmirəl-mö`minin Al‌la‌hın dini, Peyğəmbərin xilafəti və onunla qohumluğa gö‌rə malik olduğu məqama əsasən, onun sünnəsinə əməl etməyə, fər‌manını qüvvəyə mindirməyə hamıdan artıq layiqdir ki, onun bağışladıqlarını təslim edib, sədəqələrini yerində təs‌bit etsin. Əmirəl-mö`mininin tovfiqi və isməti Allah‌dan‌dır və Allaha doğrudur. Bu işi Allahın dərgahına yaxın‌laş‌maq üçün yerinə yetirir, onun sədəqəsi qaytarılır. Bu, Pey‌ğəm‌bər Əhli-beytinin arasında məxfi saxlanan bir məsələ idi və onun barəsində heç bir ixtilaf yox idi. Buna ən çox haq‌lı olan şəxsə (yə`ni Fatiməyə) hədiyyə edilmişdi və Fa‌timə də onu tələb edirdi. Indi əmirəl-mö`minin qərara alır ki, onu Fatimənin varislərinə qaytarsın, onlara təhvil ver‌sin ki, bununla da Allaha və Peyğəmbərə yaxınlaşsın, Ilahi ədalət və haqqı bərqərar etsin, Peyğəmbərin sədəqə və fər‌ma‌nı‌nı qüvvəyə mindirsin. Buna görə də fərman verir ki, bu hök‌mü onun divanlarında qeydə alsınlar və onu e`lan şək‌lin‌də bütün işçilərinə çatdırsınlar. Əgər Peyğəmbərin vəfa‌tın‌dan sonra hər bir mövsümdə sədəqə bağışlanan, hədiyyə ve‌ri‌lən, bir şeyə və`də verilən şəxslər səslərini qaldırsalar və onların sözləri təsdiqlənsə, onların və`dəsinə əməl olun‌sa, şübhəsiz, Fatimə (rəziyəllahu ənha)-nın onun üçün nəzərdə tu‌tul‌muş şey barəsindəki sözünü təsdiqləmək daha yaxşı olar‌dı.

Buna görə də mö`minlərin əmiri Fədəkdəki xidmətçisi və işçisi Mübarək Təbəriyə fərman verir ki, Fədəki bütün sər‌həd‌ləri, onda xərclənən pullar, işçilər və məhsullarla bir‌lik‌də Peyğəmbərin qızı Fatimənin varislərinə qaytarsın və onu Məhəmməd ibni Yəhya ibni Hüseyn ibni Zeyd ibni Əli ib‌ni Hüseyn ibni Əli ibni Əbi Talibə və Məhəmməd ibni Əb‌dül‌lah ibni Həsən ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbi Ta‌libə qaytarsın ki, mö`minlərin əmiri bu ikisini həmin əra‌ziyə sərpərəst tə`yin etdi ki, sahiblərinin işçiləri olsun.

Bil ki, mö`minlərin əmirinin bu tədbiri Allah-taaladan Ona itaət etdiyinə, Onun dərgahına yaxınlaşdığına və Pey‌ğəm‌bərə sileyi-rəhim etdiyinə görə verilən bir ilhamdır. In‌di onu (Mübarək Təbəri) agah et və Məhəmməd ibni Yəhya və Məhəmməd ibni Əbdüllah ilə də Mübarəklə rəftar etdiyin ki‌mi rəftar et. Fədəkin tə`mir olunub islah edilməsində, taxı‌lının artmasında kömək ol, inşaallah, vəssəlam!»

Bu hökm 210-cu hicri ili, Zil-qə`də ayının ikisində çər‌şən‌bə günü yazıldı. Amma Mütəvəkkil Ələllah Mə`munun cani‌şini olan zaman fərman verdi ki, onu Mə`mundan qabaq ma‌lik olduğu vəziyyətə qaytarsınlar.[31]

Ibni Əbil Hədid bu rəvayətin ardını xatırladaraq deyir: Fədək bu minvalla həmişə onların əlində oldu, nəhayət Mü‌tə‌vək‌kilin dövrü çatdı və onu Əbd ibni Ömərə qaytardı. Fə‌dək‌də on bir xurma ağacı var idi ki, Peyğəmbəri Əkrəm ¡ onu öz əli ilə əkmişdi. Fatimənin nəvələri onun xur‌masını dərir və hacılar gələn zaman onlara hədiyyə ve‌rir‌dilər. Buna görə də onlara çoxlu mal-dövlət çatırdı. Əbd ib‌ni Ömər Büşran ibni Əbi Üməyyə Səqəfini Mədinəyə gön‌dərdi ki, onların hamısını kökündən kəssin. Sonra Bəsrəyə qayıtdı və orada iflic oldu.[32]

Bura qədər qeyd olunanlar xəlifələrin xüms və Fədək barəsindəki nəzəri idi. Amma onların alimlərinin bu barə‌dəki nəzərləri isə, aşağıda qeyd olunur:

XÜLƏFA MƏKTƏBININ ALIMLƏRININ XÜMS BARƏSINDƏKI NƏZƏRLƏRI

Bura qədərki bəhsdə xüləfa məktəbinin xüms barəsindəki nə‌‌zər‌ləri, eləcə də onların biri digərindən sonra gördüyü təd‌‌birləri bəyan etdik, onların bir-birilə aşkar zid‌diyyət‌lə‌ri‌‌ni müşahidə etdik. Xüləfa məktəbinin alimlərinin xüms ba‌‌rə‌‌sindəki nəzəri elə xəlifələrin tədbirlərinin davamıdır. Be‌‌lə ki:

Ibni Rüşd yazır: «Alimlər xüms barəsində ixtilafa dü‌çar olaraq dörd məşhur yola ayrılmışlar:

Şafei deyir: «Xüms şərif ayənin aşkar buyurduğuna əsa‌sən, 5 yerə bölünməlidir.»

Digəri deyir: «Xüms 4 yerə bölünməlidir.»

Üçüncü bir nəfər deyir: «Hal-hazırda üç yerə bölünür. Çünki Peyğəmbərin və «zil-qurba»nın payı Peyğəmbərin vəfa‌tı ilə qüvvədən düşmüşdür.»

Dördüncü dəstə deyir: «Xüms eynilə «fey`» kimidir ki, həm fə‌qirə, həm də varlıya verilməlidir.»

Dörd, yaxud beş yerə bölünməsini deyənlər Peyğəmbərin və «zə‌‌vil-qurba» payının onun vəfatından sonra harada xərc‌lən‌mə‌si barədə ixtilafa düşmüşlər. Onlardan bə`ziləri demiş‌lər ki, haqq sahibi olan digər siniflərə qaytarılacaqdır. Di‌‌‌gər‌‌ləri demişlər ki, əksinə, ordunun qalanlarına veril‌mə‌lidir. Başqa biri isə demişdir: Peyğəmbərin payı ima‌ma məx‌susdur, «zəvil-qurba» payı isə imamın qohum-əqrə‌basına ça‌tır. Digər bir qrupun nəzərinə görə bu iki səhm silah alın‌masına və ordunun təchiz edilməsinə sərf olunur. Həmçinin, «zəvil-qurba», Peyğəmbərin qohumları və onların kim olması barəsində də ixtilaf etmişlər.»[33]

Ibni Qudamə «Muğni» kitabında Əbu Bəkrin xümsü üç ye‌rə bölməsini rəvayət etdikdən sonra deyir: Bu, rə`y səhabə‌lə‌ri‌nin – Əbu Hənifə və onun ardıcıllarının nəzəridir ki, de‌yir‌lər: Xüms üç yerə bölünməlidir: Yetimlərə, miskinlərə və «ib‌ni səbil»ə (yolda qalanlara). Peyğəmbərin və onun qohum‌la‌rı‌nın səhmi də o həzrətin vəfatı ilə qüvvədən düşdü.

Malik deyir: «fey`» və xüms birdir və beytül-malda qərar ve‌ril‌məlidir.» Süfyan Suri və Həsən Bəsri deyir: «Imam onu Allah-taalanın buyurduğu yerdə xərcləyir.»

Həmçinin deyir: Əbu Hənifənin nəzərinə gəldikdə isə, o, xüms ayəsinin zahiri mə`nası ilə müxalifdir. Çünki mütəal Al‌lah Peyğəmbərin və onun qohumlarının adlarını çəkmiş və onlar üçün də yerdə qalan üç qrup kimi, haqq ayırmışdır. O həzrətlə müxalifət edən şəxs də Qur`anın aşkar buyruğu ilə müxalifət etmiş olur. Əbu Bəkr və Ömərin «zil-qurba» pa‌yı‌nı Allah yolunda sərf etmələrinə gəldikdə isə, onu Əh‌mə‌din (Ibni Hənbəlin) yanında xatırlatdığı zaman sükut edərək başını yelləmiş, onu qəbul etməmiş və belə nəzər vermişdir ki, Ibni Abbas və onun müvafiqlərinin sözü daha layiq‌lidir. Çünki bu, Allahın Kitabı və Peyğəmbərin sünnə‌si ilə uyğun gəlir.»[34]

Əbu Yə`la və Mavərdi belə nəzər vermişlər: «Xümsün sərf olun‌ma yerinin tə`yin olunması xüləfanın ictihadına bağ‌lı‌dır.»[35]

Indi ki, bizim sözümüz xüləfanın xüms və Peyğəmbərin qı‌zı‌nın haqqı barəsindəki ictihadları genişləndi, məsə‌lənin daha ətraflı dərk olunması və nəticə alınması üçün bu bəhsi yekunlaşdırıb onu xülasə şəkildə izah edirik.



[1] «Ənsabul-əşraf», 5-ci cild, səh.27.

[2] «Tarixi Yə`qubi», 5-ci cild, səh.163.

[3] Yenə orada, 2-ci cild, səh.168.

[4] «Ənsabul-əşraf», 5-ci cild, səh.28.

[5] Yenə orada, 5-ci cild, səh.səh. 27.

[6] Yenə orada, 5-ci cild, səh.126; «Müstədrəki Hakim», 4-cü cild, səh.481.

[7] «Usdul-ğabə», 2-ci cild, səh.34, Həkəmin tərcümeyi-halı.

[8] «Müstədrək», 4-cü cild, səh.479-481.

[9] Yenə orada.

[10] «Əl-xərac», səh.23.

[11] Yenə orada; «Əl-əmval», Əbu Übeyd, səh.332; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.63.

[12] Yenə orada.

[13] «Sünəni Beyhəqi», 6-cı cild, səh.343.

[14] Yenə orada. Sonra Şafei belə demişdir: Bu hədisi Əbdül-Əziz ibni Məhəmməd üçün bəyan etdim. O dedi: Ravi düz demişdir və Cə`fər (imam Sadiq ) onu bu cür bəyan etmişdir.

[15] «Təbəqati ibni Sə`d», Avropa çapı, 5-ci cild, səh.289.

[16] Yenə orada.

[17] «Müstədrəki Hakim» və onun xülasəsi haşiyədə, 3-cü cild, səh.442; «Təbəqati ib‌ni Sə`d», Avropa çapı, 7-ci cild, 1-ci hissə, səh.18; «Istiy`ab», 1-ci cild, səh.118; «Us‌dul-ğabə», 2-ci cild, səh.36; «Tarixi Təbəri», Avropa çapı, 2-ci cild, səh.111; «Tarixi ib‌ni Əsir», Avropa çapı, 3-cü cild, səh.391; «Tarixi Zəhəbi», 2-ci cild, səh.223; «Tari‌xi ibni Əsir», 8-ci cild, səh.47; «Təhzibut-təhzib», 5-ci cild, səh.288. Həmçinin «Həkə‌min tərcümeyi-halı», «Təqribut-təhzib», 1-ci cild, səh.192; «Cəvamius-sirə», səh.306-ya baxa bilərsiniz.

[18] «Usdul-ğabə», 2-ci cild, səh.164, Rəbinin tərcümeyi-halı.

[19] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.80.

[20] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288.

[21] «Sünəni Nəsai», «qismul-fey» babı, 2-ci cild, səh.178; «Tarixul-xüləfa», Süyuti, səh.223-224. Orada deyilir: Vəlid (Ömər ibni Əbdül-Əzizin atası) çox zalım bir şəxs idi, danışanda çoxlu ədəbi səhvlər buraxırdı. 86-cı hicri ilində xilafətə çatmış və 96-cı hicri ilinin Cəmadiul-axir ayının ortalarında əlli bir yaşında dünyadan getmişdir.

[22] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.287-288. Biz onun xülasəsini qeyd etdik. Əbu Həfs Ömər ibni Əbdül-Əziz Mərvan Əməvi 63-cü hicri ilində dünyaya gəlmiş, 99-cu hic‌ri ilində onunla bey`ət olunmuş və xilafəti iki il beş ay davam etmişdir. 101-ci ilin Rəcəb ayında vəfat etmişdir. Onun tərcümeyi-halı Ibni Sə`din «Təbəqat» kita‌bın‌da 5-ci cild, səh.243; «Tarixül-xüləfa», Süyuti, səh.228 və «Əl-ibər», 1-ci cild, səh.120-də qeyd olunmuşdur. Əbu Bəkr ibni Məhəmməd (Mədinənin qazisi) 120-ci hicri ilin‌də vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. «Təq‌ribut-təhzib», 2-ci cild, səh.399.

[23] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.289.

[24] «Əl-xərac», səh.25.

[25] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288-289.

[26] «Mö`cəmül-büldan», «Fədək» maddəsi.

[27] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.103.

[28] Yenə orada, 4-cü cild, səh.81.

[29] Yezid ibni Əbdül-məlik Mərvanın anası Atikə Yezid ibni Müaviyənin qızıdır. O, Ömər ibni Əbdül-Əzizdən sonra xilafətə çatmışdı və qardaşı Süleymanın vəsiy‌yə‌ti‌‌nə əsasən Ömər ibni Əbdül-Əzizin tutduğu yolla getməli idi ki, onun ətrafında olan‌lar 40 nəfər şeyxi onun yanına gətirdilər, onlar şəhadət verdilər ki, xəli‌fə‌lə‌rə hesab-kitab və əzab yoxdur. Onun Hübabə adlı mə`şuqəsi valiləri işə tə`yin edir, iş‌dən götürürdü və digər hökumət işlərini ələ almışdı. Bir gün məst halda dedi: «Mə‌ni buraxın, havada uçum!» Onun mə`şuqəsi dedi: «Bu ümməti kimə tapşırırsan?» De‌di: «Sənə!» Bu qadın vəfat edən zaman üç gün onun cənazəsini buraxmadı və onun üs‌tü‌‌nə düşüb, iyləyir, öpür və ağlayırdı. Özü də ondan bir neçə gün sonra, hicrətin 105-ci ilində dünyadan getdi. Deyilmişdir ki, o, eşqinin şiddətindən öldü. Ondan başqa heç bir xəlifə eşq yolunda ölməmişdir. Bax: «Fehresti Əğani», «Tarixi ibni Əsir», 5-ci cild, səh.90-93; «Tarixul-xəmis», 2-ci cild, səh.318; «Mir`atul-cənan», 1-ci cild, səh.224-225.

[30] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81; «Fütuhul-büldan» «Fədək» maddəsi.

[31] «Fütuhul-büldan», «Fədək hadisəsi», səh.37-38.

[32] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81.

[33] «Bidayətül-müctehid», Ibni Rüşd, «xumsun hökmləri», 1-ci cild, səh.407.

[34] «Əl-muğni», Ibni Qudamə; «təsmiyətul-fey vəl-qənimət» babı, 7-ci cild, səh.301.

[35] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.126; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.120.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment