Azəri
Saturday 23rd of March 2019
  670
  0
  0

QUR᾽ANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI

QUR᾽ANIN OSMANIN XİLAFƏTİ DÖVRÜNDƏ TƏHRİF OLUNMASI

Osmanın xilafəti dövründə Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyə, digər nəzəriyyələrdən daha əsassızdır.

1. Osmanın xilafəti dövründə müsəlmanlar elə bir inkişaf mərhələsinə çatmışdılar ki, nə Osman, nə də başqa birisi Qur᾽anı təhrif etməyə cür᾽ət edə bilməzdi.

2. Osmanın, Qur᾽anın siyasi xarakter daşımayan ayələrini təhrif etməyə heç bir səbəb olmamışdır. O ki, qaldı xilafət mövzusuna dəlalət edən ayələrə, biz belə bir ayənin təhrif olunduğunu müşahidə etmirik. Əgər belə bir ayə mövcud olsaydı, Osmanın xilafəti dövrünədək müsəlmanlar yaşayan məntəqələrdə yayılar və təhrifə yol verilməsin deyə, Osmanın xəlifəliyə tə᾽yin olunmasının qarşısı alınardı. Və ya heç olmasa bu işdə Osmana irad tutular və onunla müxalif olan şəxslərin əlində sübut və dəlilə çevrilərdi.

3. Əgər Osman həqiqətən də Qur᾽anı təhrif etmiş olsaydı, bu onu qətlə yetirən şəxslərin əlində ən gözəl bəhanələrdən birinə çevrilərdi. Belə ki, onlar Osmanı beytul-maldan sui-istifadə etməkdə günahlandırmış və bu səbəbdən də onu qətlə yetirmişlər.

4. Əgər Qur᾽an xəlifə Osman tərəfindən təhrif olunsaydı, ondan sonra xəlifə tə᾽yin olunmuş Əli (ə) bunların qarşısını alar və lazımı düzəlişlər aparardı. Lakin bu barədə xəlifəyə hətta onun müxalifləri belə e᾽tiraz etməmişlər.

Əli (ə) öz çıxışlarının birində, üçüncü xəlifənin beytul-maldan sui-istifadə etməsi haqda deyir: «And olsun Allaha! Əgər ərə gedən qadınların mehriyyəsi və alınan kənizlərin pulu beytul-maldan ödənilmişsə, mən onu yenidən buraya qaytaracağam. Çünki ədalətin əhatə dairəsi çox genişdir. Ədalət kölgəsi altında həyat ona dar gələn şəxslərə, zülm kölgəsi altında daha da dar gələcəkdir.» (Nəhcül-bəlağə).

Beytul-mala belə bir əhəmiyyət verən və onu əvvəlki vəziyyətinə qaytarmaq istəyən bir şəxs, sözsüz ki, Qur᾽anda təhrifə yol verilmiş olsaydı, onun qarşısını alaraq əvvəlki vəziyyətinə qaytarmağa çalışardı.

QUR᾽ANIN SONRAKI DÖVRLƏRDƏ TƏHRİF OLUNMASI

Qur᾽anın təhrif olunmasına dair irəli sürülmüş üçüncü nəzəriyyədə bunun sonrakı dövrlərdə baş verdiyinə işarə olunur. Lakin artıq bizə mə᾽lumdur ki, kimsə tərəfindən belə bir iddia və ya nəzəriyyə irəli sürülməmişdir.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları bu barədə deyirlər: Həccac ibni Yusif qiyam etdikdən sonra, Qur᾽anda Bəni-Üməyyənin əleyhinə nazil olmuş ayələri çıxararaq, oraya bə᾽zi əlavələr edir. Sonra nüsxələrin sayını artırıb böyük şəhərlərə (Məkkəyə, Mədinəyə, Bəsrəyə, Kufəyə, Şama və Misrə) göndərilməsini əmr edir. Köhnə nüsxələr isə yığılır və onlardan hətta bir nüsxə belə saxlanılmır. Sonralar oxunan və tədris olunan Qur᾽anlar, məhz bu Qur᾽anlardan köçürülürdü. (Mənahicul-irfan, 257-ci səh).

Cavab: Həccac adi bir Bəni-Üməyyə hakimlərindən olmuş və onun belə bir böyük dəyişikliyə yol verməsi sadəcə olaraq qeyri-mümkün idi. O nəinki Qur᾽anda, hətta şəriətin adi məsələlərində belə dəyişiklik aparmağa qadir deyildi. Bir anlıq fərz edək ki, elə doğrudan da Həccac bütün Qur᾽an nüsxələrini yığdırıb oraya bə᾽zi əlavələr etmiş və bütün köhnə nüsxələrin yandırılmasını əmr etmişdir. Ətraf məntəqə, şəhər və ölkələrdə Qur᾽an sədası altında yaşayan yüz minlərlə müsəlman necə, bütün bunlara göz yumub xəlifəyə öz e᾽tirazlarını bildirmirdilərmi?!

Necə ola bilər ki, belə bir mühüm hadisə heç bir tarixçi tərəfindən nəql olunmamış və Qur᾽an mütəxəssislərinin tə᾽lif etdikləri yüzlərlə əsərdə araşdırılmamış qalsın?!

Daha təəccüb doğuran burasıdır ki, müsəlmanlar hətta Həccacın hakimiyyəti dövründən sonra belə heç bir tədbirə əl atmamış və onun yolunu davam etdirmişlər.

Həccac bütün Qur᾽an nüsxələrini yığıb məhv etməyə qadir olduğu kimi, onu müsəlman məntəqələrində yaşayan yüz minlərlə Qur᾽an hafizlərinin sinələrindən pozmağa da qadir idimi?!

Bütün bunlarla yanaşı bunu da qeyd etmək lazımdır ki, əgər Qur᾽anda Bəni-Üməyyə əleyhinə ayə olmuş olsaydı, Həccacdan əvvəl iqtidarda olan və daha çox nüfuza malik olan Müaviyə, Mərvan və digər xəlifələr də belə tədbirə əl atardı. Və əgər onlar da belə bir iş görmüş olsaydılar, Əli (ə) və onun tərəfdarları onlara qarşı öz e᾽tirazlarını bildirər, verdikləri hökmlərin əsassız olduğuna dair məntiqi dəlillər gətirərdilər. Belə ki, onlar dəfələrlə Müaviyənin çıxardığı digər hökmlərə qarşı öz e᾽tirazlarını bildirmiş və qismən də olsa bunun qarşısını ala bilmişlər.

Göründüyü kimi, «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının irəli sürdükləri bu fərziyyə təkcə Qur᾽an və sünnə ilə deyil, sağlam əql, düşüncə ilə də tam şəkildə ziddiyyət təşkil edir.

TƏHRİFƏ DAİR DƏLİLLƏR

Təhrif nəzəriyyəsinin tərəfdarları Qur᾽anın təhrif olunmasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.

1. Tövrat və İncilin təhrif olunması:

Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yə᾽ni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Qur᾽anda da görəcəyik.

Mərhum Şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da İmam Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar, 4-cü cild, 8-ci səh).

Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qur᾽ana da yol tapa bilmişdir.

Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.

1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mö᾽təbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur.

Demək, bu kimi rəvayətlərə istinad etməklə Qur᾽anın Tövrat və İncil kimi təhrifə mə᾽ruz qaldığını qəbul etmək olmaz.

2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qur᾽ana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir halda ki, Qur᾽ana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.

3. O ki, qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Fir᾽on və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz mö᾽cüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Halbuki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər.

Buna əsasən müsəlmanlar, Qur᾽anın batini mə᾽naları ilə ziddiyyət təşkil edən zahiri mə᾽nalara istinad etməklə təhrifə yol vermiş olurlar.

Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat tə᾽yin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhihi-Termizi, 6-cı cild, 29-cu səh).

Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.

4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Qur᾽anın təhrif olunduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə mə᾽ruz qalarsa, təkrara yol verilmiş olunur. Halbuki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.

Bütün bunları nəzərə alaraq Qur᾽anın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə mə᾽ruz qaldığına necə iddia etmək olar?!

ƏLİ (Ə)-IN YAZDIĞI QUR᾽AN NÜSXƏSİ

İkinci dəlil: Təhrif nəzəriyyəsinin tərəfdarları mö᾽təbər hesab etdikləri bir çox hədis və rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Qur᾽an nüsxələrindən bir qədər fərqli ayrı bir Qur᾽an nüsxəsi olmuşdur. Belə ki, orada olan bə᾽zi surə və ayələr digər nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır. Hal-hazırda mövcud olan Qur᾽an nüsxələri isə həcm baxımından həmin Qur᾽an nüsxəsindən kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı və digər şəriət məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim ixtiyarımdadır. (Təfsiri-Burhan, 28-ci səh).

Başqa bir yerdə deyilir: Qur᾽anın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz, nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri-Safi, 6-cı müqəddimə, 11).

Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:

Cabir, İmam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Qur᾽anın nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir. (2-ci cild, 72-ci fəsil, 130-cu səh).

Cavab: Əli (ə)-ın yazdığı Qur᾽an nüsxəsinin hal-hazırdakı Qur᾽an nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr (əlbəttə əgər olmuşsa) bə᾽zi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.

İzahat: Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «tə᾽vil» və «tənzil» kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün mə᾽nalandırılmaması olmuşdur. Çünki onlar «tənzil» deyildikdə yalnız Qur᾽anın nazil olmasını, «tə᾽vil» deyildikdə isə orada istifadə olunan ifadələrin izahını nəzərdə tuturlar.

Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən mə᾽na yeni terminologiyaya daxildir və onlar özlərinin lüğəvi mə᾽nalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminoloji mə᾽nasında işlətməməliyik. O ki, qaldı «tə᾽vil» kəlməsinin əsl mə᾽nasına, məsdər xarakteri daşıyan bu kəlmə «təf᾽il» vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mə᾽nası «qayıtmaq» və ya «qaytarmaqdır». Belə ki, ərəblər el arasında deyirlər: «Əvvilil-hukmə ila əhlih» yə᾽ni (hər bir şeyi öz sahibinə qaytarın).

«Tə᾽vil» bə᾽zən bir işin sonu, aqibəti mə᾽nasında da işlənir. Məsələn:

وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ الأَحَادِيثِ

«Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).

نَبِّئْنَا بِتَأْوِيلِهِ

«Gəl bu yuxunu bizə yoz» (Yusif-36).

هَـذَا تَأْوِيلُ رُؤْيَايَ

«Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).

ذَلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا

«Sənin səbir edib dözə bilmədiyin şeylərin daxili [batini] mə᾽nası budur» (Kəhf-83).

Göründüyü kimi, bu ayələrin hamısında «tə᾽vil» (işin sonu) «aqibət» mə᾽nasında işlənmişdir.

«Tənzil» – məsdər xarakteri daşıyır və «təf᾽il» vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya endirmək mə᾽nasını daşıyır. Və bə᾽zən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.

Məsələn:

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ فِي كِتَابٍ مَّكْنُونٍ لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ  تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ

«Sizə oxunan bu kitab [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır. Ona yalnız pak olanlar toxunar» «O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-77-80).

Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Qur᾽an nəzərdə tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında (enmə mə᾽nasında) işlənmişdir.

Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Qur᾽an nüsxəsinə. Əgər biz burada bə᾽zi əlavələr görəriksə, heç də onu Qur᾽an ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qur᾽ana verilən təfsir və ya izahatlardır.

Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Mə᾽lum olduğu kimi Qur᾽ani-Kərimdə onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ gətirmək və qəlblərində İslama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bə᾽zilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki, qaldı Qur᾽anda adı çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.

3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Üçüncü dəlil:

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Qur᾽anın təhrif olunmasına dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək qətiyyətlə deyə bilərik ki, Qur᾽an təhrifə mə᾽ruz qalaraq öz orijinallığını itirmişdir.

Cavab: Əvvəla bu məzmunda nəql olunmuş hədis və rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda, heç də Qur᾽anın təhrif olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu rəvayətlərin sənəd baxımından heç bir e᾽tibarı yoxdur. Çünki bu rəvayətlərin əksəriyyəti Əhməd ibni Məhəmməd Səyyarinin və Əli ibni Əhməd Kufinin tə᾽lif etdikləri kitablarda nəql olunmuşdur. Halbuki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə kimi qətiyyətlə rədd olunmuşlar. Lakin bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mö᾽təbər rəvayətlər də vardır. Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, onların necə dəlalət etmələrinə diqqət yetiririk. Və belə bir nəticəyə gəlirik ki, rəvayətlər mə᾽na və dəlalət baxımından dörd hissəyə bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Qur᾽anın təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq.

1. Birinci hissə:

«Təhrif» kəlməsi istifadə olunan və burada məhz Qur᾽anın nəzərdə tutulduğuna dair nəql olunmuş rəvayətlərin sayı otuzdan artıq deyildir.

Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik:

1. Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi rəvayətlərdən birində deyir: «Bə᾽zilərinin üzləri ağ, bə᾽zilərinin üzləri isə qara olacağı gündə...» ayəsi nazil olarkən, Peyğəmbər (s) buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş [müxtəlif] bayraq və əlamətlərlə daxil olacaqlar. Sonra mən onlardan Səqəleyn – yə᾽ni Qur᾽an və Əhli-beyt – ilə necə rəftar etdiklərini soruşacağam.

Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük əmanəti [Qur᾽anı] təhrif və sonra hissə-hissə edirdik. Orada verilən hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. Kiçik əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara qarşı zülm və müharibə belə edirdik.

2. Seyyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən Samiriyə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Peyğəmbər (s) Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda bu sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Qur᾽anı və mənim sünnətimi əvəz etmək istərlər.

3. Sə᾽d ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da İmam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) Minada* olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun ki, əgər onlara sığınarsınızsa heç vaxt haqq yoldan azmayacaqsınız. Bu iki əmanət Allahın Kitabı [Qur᾽an] və Əhli-beytimdir və onlarla yanaşı Allahın evi Kə᾽bəyə də ehtiramla yanaşmalısınız».

İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin camaat Allahın Kitabını təhrif etmiş, Əhli-beyti qətlə yetirmiş, Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar.

4. Şeyx Səduq özünün «Xisal» adlı kitabında Cabirə istinad edərək və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub camaatdan şikayət edəcək. Onlar Qur᾽an, məscid və mənim Əhli-beytimdir. Qur᾽an deyəcək: İlahi! Camaat məni təhrif edib əzəmət və müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-beytim deyəcək: İlahi! Camaat bizi qətlə yetirir, yerimizdən, yurdumuzdan didərgin salırdı...

5. Koleyni (Üsuli-Kafidə) və Şeyx Səduq Əli ibni Suveydə istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət Əbul Həsən Musa ibni Cə᾽fər (ə) zindanda olarkən bir məktub yazdım. O da məktubun cavabında yazdı: Camaat Allahın Kitabını əmanət olaraq qəbul, lakin sonra xəyanət edərək onu təhrif etdilər.

6. İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət İmam Hüseyn (ə) Aşura günü xütbə oxudu. Orada buyurdu: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq düşmüş bir camaatsınız. Qur᾽andan üz çevirib, Şeytandan ilham alırsınız. Sizlər günahlarınızla fəxr edər, Allahın Kitabını təhrif edərsiniz.

7. İbni Quləvəyh özünün «Kamiluz-ziyarat» adlı kitabında Həsən ibni Ətliyyəyə istinad edərək İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu: İlahi! Peyğəmbərlərini təkzib edən kəslərə lə᾽nət et.

8. Həcal Qutbə ibni Məymundan o da Abdul Ə᾽ladan nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri (yə᾽ni onu digər dillərdən üstün tutan kəslər) Qur᾽anı təhrif edərlər.

Cavab: Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Qur᾽anın sözün əsl mə᾽nasında təhrif olunduğu nəzərdə tutulmur və bunun bir qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə heç bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin qiraətində olan ixtilaflar, – belə ki, bu da təhrifin bir növü hesab olunur – ya bə᾽zi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe tutaraq bə᾽zi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın Kitabını təhrif etmiş və onu istədikləri kimi mə᾽nalandırmışlar...

Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mə᾽nəvi sarsıntı keçirər, nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan «təhrif üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.

İkinci hissə:

«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Qur᾽anın orijinal nüsxəsində bə᾽zi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.

1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.

2. Əyyaşi, İmam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Qur᾽an indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.

3. Koleyni «Üsuli-kafi»də və Əyyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Qur᾽an dörd hissədən ibarət olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri haqda nazil olmuşdur. Qur᾽ana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.

4. Koleyni İmam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:

«Əgər bəndəmizə [Məhəmmədə] Əli barəsində nazil etdiyimizə [Qur᾽ana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.»

Cavab: İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də Qur᾽anın təhrif olunduğunu iddia etmək olmaz.

Yox, əgər təhrifdən savayı heç bir mə᾽na əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər, Qur᾽anın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mö᾽təbər rəvayət kimi istinad olunmamalıdır. Deməli, ilk növbədə ayənin məzmununa diqqət yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə, nə bu məzmunda nəql olunmuş rəvayətlərə istinad, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.

Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.

1. Hamı tərəfindən mö᾽təbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan «Qədir» hədisindən bir daha mə᾽lum olur ki, Əli (ə)-ın adı Qur᾽ani-Kərimdə birbaşa çəkilməmişdir. Çünki Əli (ə)-ın «Qədir» hədisi vasitəsilə xilafətə tə᾽yin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan sonra Peyğəmbərə (s) bütün işlərində kömək etməli və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.

Əgər Əli (ə)-ın adı Qur᾽anda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə («Qədir» hadisəsində) xilafətə tə᾽yin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Qur᾽anda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir» hadisəsindən bir daha bizə mə᾽lum olur ki, Əli (ə)-ın adı Qur᾽ani-Kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat həccətul-vidada, Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki, Qur᾽an demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmış idi.

2. Əli (ə)-ın adının Qur᾽ani-Kərimdə çəkilməsinə dəlalət edən bə᾽zi rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Halbuki, həmin ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.

3. Əbu Bəkr adlı bir ravinin «Üsuli-kafi»də İmam Sadiq (ə)-dan nəql etdiyi hədis də Əli (ə)-ın adının Qur᾽ani-Kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa surəsinin

أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Allaha, Peyğəmbərə və özünwzdən olan ixtiyar sahiblərinə itaət edin!» ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Qur᾽anda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rə᾽kət qılınacağı barəsində bir ayə də olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər (s) tərəfindən izah olundu. (Vafi, 2-ci cild, 30-cu səh).

Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yə᾽ni Əli (ə)-ın adı Qur᾽anda çəkilməmişdir. Lakin bə᾽zi ayələrin təfsir və ya izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.

4. Əbu Bəkrə bey᾽ət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın Qur᾽anda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Qur᾽anda çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad edər və onun iste᾽fasını tələb edərdilər.

ÜÇÜNCÜ HİSSƏ

«Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup iddia edirlər ki, müsəlmanlar Peyğəmbərdən (s) sonra Qur᾽anın bə᾽zi ayələrində müəyyən dəyişikliklər aparmışlar. Belə ki, ayələrdə istifadə olunan ifadələrdən bə᾽ziləri ya oradan çıxarılmış və ya başqa bir ifadələrlə əvəz olunmuşdur.

Misal olaraq bu məzmunda nəql olunmuş bir neçə rəvayətə işarə edirik.

1. Əli ibni İbrahim Qummi, Hureyzdən və o da İmam Sadiqdən (s) nəql etdiyi hədisdə deyir: Fatihə surəsinin altıncı ayəsi belə nazil olmuşdur:

«Siratə mən ən`əmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyrizzallin.»

2. Əyyaşi, Hişam ibni Salimdən nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)-dan

إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

«Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərinə seçilmiş [üstün] etdi.» İmam (ə) buyurdu: Ayə əslində belə nazil olmuşdur: «İbrahim övladı və Məhəmməd ailəsini...» göründüyü kimi burada «İmran ailəsi», «Məhəmməd ailəsi» ilə əvəz olunmuşdur.

Cavab: Əvvəla bu rəvayətlər sənəd və e᾽tibar baxımından olduqca zəif və əsassızdır. Digər tərəfdən də Qur᾽anın bir çox ayələri bu məzmunda nəql olmuş və mö᾽təbər hədis və rəvayətlər, həmçinin Qur᾽anın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə istinad edən hər bir müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə dair tə᾽lif etdikləri əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Qur᾽anda bircə hərfin də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə gələrək deyirlər: «Hal-hazırkı Qur᾽an nüsxələri Peyğəmbərə (s) nazil olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək kifayət qədər hədis və rəvayət vardır.

DÖRDÜNCÜ HİSSƏ

«Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Qur᾽anda bə᾽zi ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmazlıqlar meydana gəlmişdir.

Cavab: Bu məzmunda nəql olunmuş rəvayətlər də digər rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə gəlməliyik. Yə᾽ni biz onları Qur᾽anın təhrif olunub-olunmadığına dair nəql olunmuş rəvayətlə və ya Qur᾽anın öz ayələri ilə tətbiq etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu rəvayətələr Qur᾽an və mö᾽təbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, digər qeyri-mö᾽təbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad olunmamalıdır.

Məşhur Qur᾽an təhqiqatçılarından biri olan Kəlbasi bu haqda deyir: Qur᾽anın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bə᾽ziləri istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur. Qur᾽anda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. Əgər bu, həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq dairəsinə çevrilərdi. Çünki bu heç də kiçik və az əhəmiyyətli məsələ deyildir.

Belə bir nəzəriyyə Bağdadi və Kərəki kimi digər təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Kərəki, Qur᾽anın təhrif olunmadığına dair tə᾽lif etdiyi kitabda yazır: Qur᾽anda təhrif və ya nöqsana yol verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı və mö᾽təbər sənəd kimi istinad olunmamalıdır. Çünki bu kimi rəvayətlər Qur᾽an ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş hədislərlə, müsəlman icmasının e᾽tiqadı, əqidəsilə tamamilə ziddiyyət təşkil edir.

Müəllif: Mərhum Kərəki bir qədər əvvəl, bizim haqqında söhbət açdığımız mətləbə toxunmuş və bu rəvayətlərin Qur᾽an, hədis və icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mö᾽təbər olduğunu bildirmişdir.

Şeyx Səduq, İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib, çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbir edib, təmkinli olmanız daha məqsədəuyğun olar. Çünki hər bir həqiqətin öz me᾽yar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Qur᾽an da həqiqət me᾽yarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir sözü Qur᾽anla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, əks təqdirdə onu tərk etməyə çalışın.» (Vəsailuş-şiə, 3-cü cild, 380-cı səh).

2. Qutb Ravəndi, İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları Qur᾽anla müqayisə və tətbiq edin. Qur᾽anla müvafiq olanı qəbul, digərini isə rədd edin.» (Vəsailuş-şiə, 3-cü cild, 380-cı səh).

  670
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment