Azəri
Saturday 20th of April 2019
  665
  0
  0

ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK OLARMI?

QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA

ŞƏRİƏT MƏSƏLƏLƏRİNDƏ YEDDİ QİRAƏT ÜSLUBU İLƏ İSTİDLAL ETMƏK OLARMI?

1. Alimlərin bə᾽ziləri bütün qiraət üslublarını mö᾽təbər hesab edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri «Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin» ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər. Göründüyü kimi onlar «yəthurnə» kəlməsini təşdidlə, yə᾽ni «yəttəhhərnə» oxumuşlar. Yə᾽ni «heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin».

Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:

Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;

İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şər᾽i dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi. Bu haqda gələcək fəsillərdə ətraflı söhbət açacağıq.

2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin e᾽tibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mö᾽təbərliyinə dəlalət edəcəkdir.

Cavab: Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rə᾽y və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bə᾽zi alimlərin bu mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.

Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir daha özünü sübuta yetirir. İbni Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə Qur᾽an ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan şəxslər Qur᾽anı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir ayə Qur᾽an nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət üsulları meydana gəldi.

Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Qur᾽anın orijinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (Mənahilul-irfan, 402-ci səh).

2.Ravinin vahid xəbər formasının doğruluğuna dair mö᾽təbər hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki onların şərh-halı artıq e᾽timad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.

3. Bütün qiraətlərin şəxsi rə᾽y və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün qarilərin e᾽timad olunası şəxs olduqlarını fərz etsək də, onların tamamilə mö᾽təbər olduqlarını qəbul edə bilmərik. Çünki əldə etdiyimiz icmali elmin vasitəsilə belə mə᾽lum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz e᾽tibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun e᾽tibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına əsasən, tamamilə zidd olacaqdır.

Əgər bütün qiraətlərin mö᾽təbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan edən və mə᾽na baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq. Çünki əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri mə᾽na baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.

İcmali olaraq qiraətlərdən birinin mö᾽təbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət edək. Çünki zahiri mə᾽nanı nəzərə alaraq onlardan birini digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mö᾽təbər hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mö᾽təbər olub-olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa, artıq onlardan heç birini mö᾽təbər saya bilmərik. Çünki belə olduqda onlar sənəd baxımından bir-birindən fərqlənməyəcək.

YEDDİ QİRAƏT ÜSLUbLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?

İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət üslubu ilə, bə᾽ziləri isə mövcud olan on və ya daha çox qiraət üslubları ilə namaz qılmağı düzgün hesab edirlər.

Lakin, namazda Qur᾽an ayələrinin düzgün tələffüz edilməsinin vacib şərtlərdən olmasını nəzərə alaraq deyə bilərik ki, qiraətə olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü təsdiq olunan qiraətlərdən istifadə olunmalıdır. Demək, düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Qur᾽an adlandırmaq olmaz və insan, üzərinə düşən məs᾽uliyyəti elə yerinə yetirməlidir ki, nəticədə ona olduğu kimi əməl etməsinə yəqinlik hasil etsin. Diqqət yetirsək mə᾽lum olar ki, ya gərək qiraətlərin sayı miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya ifadə müxtəlif tələffüz formalarında təkrar edilsin. Yalnız belə olduqda insan üzərinə düşən məs᾽uliyyəti olduğu kimi yerinə yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm «Maliki yəvmiddin», həm də «Məliki yəvmiddin» şəklində oxunsun.

Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, gərək qiraətində heç bir ixtilaf olmayan surələr oxunsun.

Bir anlıq imamların tövsiyələrinə nəzər salaq. Onlar zəmanələrində istifadə olunan qiraətlərin düzgünlüyünə nəzarət edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə edirdilər. «Öyrəndiyiniz kimi oxuyun», «Sən də camaat oxuduğu kimi oxu». (Kafi, “nəvadir” fəsli, Qur᾽anın fəziləti).

Qiraətlərdən bə᾽zilərinin yasaq olunmasına gəldikdə isə, qeyd etməliyik ki, bu barədə onlar tərəfindən rəvayət nəql olunmamışdır. Və əgər nəql olunsaydı, təbii ki, mütəvatir və ya vahid xəbər formasında bizlərə gəlib çatardı.

Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Qur᾽an qiraətlərini yeddi və ya on üsluba ayırmaq heç bir mə᾽na kəsb etmir. Yə᾽ni, insan qondarma və qeyri-mö᾽təbər qiraətləri çıxmaq şərti ilə namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, «Maliki yəvmiddin» ayəsini«mələkə yəvməddin» kimi oxumaq düzgün deyildir.

 «İnnəma yəxşəllahə min ibadihil uləmau» ayəsindəki Allah kəlməsini zəmmə ilə «yəxşəllahu» və «uləma» kəlməsini fəthə ilə «uləmaə» kimi oxumaq tamamilə yanlış və səhv qiraət üsuludur. Bu qiraəti Əbu Hənifə, Xəzaidən nəql etmişdir. (Ayənin mə᾽nası belədir: «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.» Xəzainin qiraətindən isə bunun tam əks mə᾽nasını əldə edirik. Yə᾽ni, «Alimlərdən qorxan yalnız Allahdır.»)

Qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, imamların zamanında mövcud olmuş, düzgünlüyü onlar tərəfindən təsdiq edilmiş qiraətlərdən gündəlik namazlarda istifadə etmək tamamilə doğru və düzgündür.

  665
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Characteristics and Qualities of the Imam Mehdi (A.S)
      Tawheed and Imamate of Imam Mahdi (A.S.)
      The Twelfth Imam, Muhammad ibn al-Hasan (Al-Mahdi-Sahibuz Zaman) (as) (The hidden Imam who is ...
      Sayings of Imam Mahdi (A.T.F.)
      A Supplication from Imam Mahdi (A.T.F.)
      Saviour of Humanity
      Imam Mahdi (A.S.), the Twelfth Imam, the Great Leader and Peace-Maker of the World
      The Deputies of the Imam of the Age Hazrat Hujjat ibnil Hasan al-Askari (a.t.f.s.)
      Imam Mahdi (A.J.)
      A brief biography of Imam Al-Mahdi (pbuh)

 
user comment