Azəri
Tuesday 21st of May 2019
  755
  0
  0

YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR

YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR

Bə᾽zən belə təsəvvür olunur ki, Qur᾽anın nazil olduğu «yeddi hərf» və «yeddi oxunuş» üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.

Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.

1. Biz «yeddi hərf» və «yeddi oxunuş» üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;

2. Bu rəvayətlərin mö᾽təbərliyinə istinad etsək də belə, «yeddi hərf» və «yeddi oxunuş» üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlatmaq yerinə düşərdi. O deyir: «Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mö᾽təbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə və Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe᾽, Abdulla ibni Kəsir, Əbu Əmr Ə᾽la, Abdulla ibni Amir, Asim, Həmzə və Kəsai.

Bə᾽ziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu heç də belə deyildir... Alimlərin bə᾽ziləri hətta Əbu Bəkr ibni Mücahidi yeddi qiraət üsulunu mö᾽təbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.

Sonra əlavə edərək deyir: Əhməd ibni Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mö᾽təbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər mə᾽lumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbni Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...

Məşhur qiraət ustası İsmayıl ibni İbrahim ibni Məhəmməd Qurab «Şafi» kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.

Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları «Kitabus-səb᾽ə» (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.»

Əbu Məhəmməd Məkki deyir: «Alimlərdən bə᾽ziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bə᾽zilərini elmi baxımdan yeddi mö᾽təbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Qur᾽anın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə, bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda, bu qiraətləri yeddi Qur᾽an üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Mə᾽munun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yə᾽qub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbni Mücahid, Kəsaini, Yə᾽qub Həzrəminin yerinə tə᾽yin edir!!» (Tibyan, 82-ci səh).

Şərəf Musa deyir: «Bir çoxları qiraətlə yeddi Qur᾽an üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda kifayət qədər mə᾽lumat əldə edə bilmədikləri üçün yaranmışdır.»(Tibyan, səh.61.)

Qurtubi deyir: «Davudi və İbni Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.»

İbni Nuhas və başqaları bu haqda deyir: «Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da xəlifə Osmanın dövründə yığılmış Qur᾽an nüsxələridir. O ki, qaldı qiraət üslublarına, bu sonralar alimlər tərəfindən müəyyən olunmuş müxtəlif oxunuş qaydalarıdır.» (Təfsiri-Qurtubi, 1-ci cild, 46-cı səh).

İbni Cəzri də Kəsainin Qur᾽anın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki kifayət qədər mə᾽lumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mö᾽təbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.

Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüzilliyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüzilliyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüzillik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bə᾽ziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.

Hamının e᾽timadını qazanmış Əbu Ubeyd Qasim ibni Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibni Ubeyr ibni Məhəmməd Kufi (258-ci Hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.

Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibni İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı mə᾽lumat vermişdir. Onların siyahısında yeddi mö᾽təbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci Hicri) «Əl-cam» adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı mə᾽lumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibni Əhməd ibni Əmr Dağuyi (324-cü Hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cə᾽fər Təbərinin də on mö᾽təbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibni Musa ibni Abbas ibni Mücahid (324-cü Hicri) ilk dəfə bu qiraətləri yeddi mö᾽təbər qiraət adlandırmışdır. O öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı mə᾽lumat vermişdir.

Qiraət barəsində kitab yazmış İbni Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: «Qiraətlərin tarixi haqda ətraflı mə᾽lumat verməkdən əsas məqsəd, kifayət qədər mə᾽lumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.»

Çünki onlar, Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi «yeddi hərf» və «yeddi oxunuş» üslubu ilə yeddi mö᾽təbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bə᾽zi mə᾽lumatsız şəxslər belə güman edirlər ki, mö᾽təbər hesab olunan qiraətlər yalnız «Əşşatibiyyə» və «Əttəysir» adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş «yeddi hərf» və «yeddi oxunuş» hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mö᾽təbər və əsassız hesab etmişlər. Halbuki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bə᾽zi qiraətlər onların bir çoxundan daha mö᾽təbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların «Qur᾽an yeddi üslubda nazil olmuşdur» hədisindən çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bə᾽zi mə᾽lumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş» üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Keçmişdəki bir çox alimlər İbni Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki mə᾽lumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.

Əbu Şammə deyir: «Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə olan ifadələr nəzərdə tutulur. Halbuki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış fikrə bu haqda heç bir mə᾽lumatı olmayan cahil insanlar əsaslanırlar.» (Əl-İtqan (Süyuti), 1-ci cild, 138-ci səh).

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.

Demək, mö᾽təbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:

1. Bütün qarilərin mö᾽təbər olub-olmaması;

2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.

Gələcək fəsillərdə biz onların hər biri haqda ətraflı söhbət açacağıq.

  755
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment