Azəri
Friday 19th of April 2019
  478
  0
  0

İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI

İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ

Bu haqda mə᾽lumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽anın, keçmiş peyğəmbərlərin mö᾽cüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Qur᾽anın bə᾽zi mö᾽cüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik.

Lakin Peyğəmbərin (s) mö᾽cüzəsi yalnız Qur᾽anın nazil olması ilə bitmir. Qur᾽ani-Kərimdən başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik idi. Qur᾽an isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir.

Qur᾽anın digər mö᾽cüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər mö᾽cüzələri ilə keçmiş peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:

1. Mütəvatir hədis və rəvayətlər;

Müsəlmanlar Peyğəmbərin (s) mö᾽cüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb-yaratmışlar.

Peyğəmbərin (s) mö᾽cüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:

a) Zaman yaxınlığı;

Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək bir o qədər də çətin deyildi.

b) Hədislərin mütəvatirliyi və çoxluğu.

Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduğu üçün onların mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.

Demək həzrət İsa və Musanın (ə) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.

2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.

Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi mö᾽cüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün, o özünün digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi mö᾽cüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bə᾽zi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bə᾽zi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Qur᾽an ayələrini müxtəlif mə᾽nalarda yozmağa cəhd göstərmişlər.

YANLIŞ TƏSƏVVÜR

Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) mö᾽cüzələrinin yalnız Qur᾽andan ibarət olduğunu və onun digər başqa mö᾽cüzələrə sahib olmadığını iddia edirlər. Hətta bə᾽zi sadəlövh insanlar əldə etdikləri yanlış mə᾽lumatlara əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər.

Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.

وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا

«Bizə mö᾽cüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö᾽cüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.»

Onlar deyirlər: Ayədən belə mə᾽lum olur ki, Məhəmmədin (s) Qur᾽andan savayı başqa bir mö᾽cüzəsi olmamışdır. Və Allah-taala ona Qur᾽andan başqa ayrı bir mö᾽cüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri mö᾽cüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.

Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır.

Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.

Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur.

Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:

1. Ayədə əlamət və nişan mə᾽nasını verən «ayə» sözünün cəm formasından, yə᾽ni «ayat» sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yə᾽ni «əlif-lam» ilə işlənmişdir. Bu səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:

a) «Əlif-lame cinsi»;

Bu halda ayənin mə᾽nası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və mö᾽cüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məs᾽uliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.

b) «Əlif-lame cəm᾽i»;

Bu mə᾽na da peyğəmbərliyi sübuta yetirən mö᾽cüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.

v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mə᾽nasında işlənmişdir. Buradan belə mə᾽lum olur ki, Qur᾽anın inkar etdiyi mö᾽cüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir.

2. Əgər müşriklərin inkar və təkzib etmələri onların mö᾽cüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽ani-Kərim də nazil olmazdı. Çünki ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Qur᾽anın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi mö᾽cüzələr peyğəmbərlərin bütün mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir.

3. Ayədə mö᾽cüzənin göstərilməməsi keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, mö᾽cüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə mö᾽cüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir mə᾽na daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki, qaldı mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

İlahi hikmətin iki səbəbi vardır:

1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.

2. Əgər insanları təkzib etmək mö᾽cüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.

İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar mö᾽cüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə mö᾽cüzə görmək istəyirdilər. Belə bir halda mə᾽lum məsələdir ki, Allah-taala onlara mö᾽cüzə göstərməyəcəkdir.

Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri mö᾽cüzələrə deyil, müşriklərin mö᾽cüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri mö᾽cüzələrə dəlalət edir.

Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri sonralar baş verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi?

Cavab: Onların mö᾽cüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ

«Sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil.» (Ənfal-33).

Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir mö᾽cüzə göndərilməmişdir.

İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən mö᾽cüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az deyildı. İstər peyğəmbərlərin, istərsə də mö᾽cüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnmir. Amma əgər əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər.

Əgər bir şəxs mö᾽cüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.

Tələb olunan mö᾽cüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi mö᾽cüzəni ayənin sonunda «qorxuducu mö᾽cüzələr» adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən mö᾽cüzələrdə də müşahidə edilə bilər.

4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan mö᾽cüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir.

a) İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.

وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا

«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda [lövhi-məhfuzda] yazılmışdır.»

b) həmin ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.

v) Bu mö᾽cüzələr həmin xəbərdarlıq ayələri altında qeyd olunmuş və «Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır.

Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur.

5. Bu mətləbə toxunan digər Qur᾽an ayələrində də qadağan olunmuş mö᾽cüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda mə᾽lum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.

Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.

1. Bəla istənilən ayələr;

2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr;

3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.

1. BƏLA İSTƏNİLƏN AYƏLƏR

وَإِذْ قَالُواْ اللَّهُمَّ إِن كَانَ هَـذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاء أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ

«Bir zamanda: Ya Allah! Əgər [Qur᾽an] Sənin tərəfindən gəlməsi haqdırsa, onda başımıza göydən daş yağdır və ya şiddətli bir əzab göndər. Halbuki, sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyildir. [Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz.» (Ənfal, 32-33).

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ اللّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

“Sən onların arasında ola-ola Allah onlara əzab verməz, onlar istiğfar etdikləri halda da Allah onlara əzab göndərən deyil.”

قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ

«De ki: Bir deyin görək əgər Allahın əzabı sizə gecə, yaxud gündüz gəlsə [nə edərsiniz?] Günahkarlar buna [əzabın gəlməsinə] niyə tələsirlər?» (Yunus-50).

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَى أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ

«Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, [istehza ilə]: «Bu əzabı gecikdirən [ona mane olan] nədir?» deyəcəklər.» (Hud-8).

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَجَاءهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

«Müşriklər [istehza ilə] səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər [bunun üçün] əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir.» (Ənkəbut-53).

وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ سَيُصِيبُ الَّذِينَ أَجْرَمُواْ صَغَارٌ عِندَ اللّهِ وَعَذَابٌ شَدِيدٌ بِمَا كَانُواْ يَمْكُرُونَ

«Onlara bir ayə gəldiyi zaman: «Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, mö᾽cüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik!» – deyərlər. Allah peyğəmbərliyi hara [kimə] göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar.» (Ən᾽am-124).

فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الأَوَّلُونَ

«[Onlar belə dedilər. Əgər o həqiqi peyğəmbərdirsə bunu sübut etmək üçün] qoy əvvəlki peyğəmbərlər kimi bizə bir mö᾽cüzə gətirsin!» (Ənbiya-5).

فَلَمَّا جَاءهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَى أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَى مِن قَبْلُ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ

«Dərgahımızdan müşriklərə haqq [Qur᾽an və peyğəmbər] gəldikdə onlar: «Musaya verilən [mö᾽cüzələr] nə üçün eynilə ona da verilmədi?» – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: «İki sehr [Tövrat və Qur᾽an] bir-birilə köməkləşdi [və ya iki sehrbaz – Musa və Məhəmməd bir-birinə yardım etdi]», yaxud da: «Biz onların hər birini [Tövratı, Qur᾽anı, Musanı və Məhəmmədi] inkar edirik!» – deməmişdilərmi?» (Qəsəs-48).

3. MÖ᾽CÜZƏLƏR TƏKZİB OLUNDUQDAN SONRA GƏLMİŞ BƏLALAR HAQDA NAZİL OLMUŞ AYƏLƏR

قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ

«Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də bilmədilər ki, əzab onlara haradan gəldi.» (Nəhl-26).

كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَاهُمْ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

«Onlardan [Məkkə müşriklərindən] əvvəlkilər də [peyğəmbərləri] təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi.» (Zümər-25).

Dediklərimizin xülasəsi.

Haqqında bəhs etdiyimiz ayə bir qrup inadkar insanların, peyğəmbərlərin həqqaniyyətini dərk edərək onların mö᾽cüzələrini öz gözləri ilə müşahidə etdikdən sonra, bir daha mö᾽cüzə tələb etmələrinə dəlalət edir. Əslində isə onlar nə həqiqət axtarır, nə də ona nail olmaq istəyirdilər.

Ayədən mə᾽lum olur ki, bu kimi mö᾽cüzələr heç bir peyğəmbər tərəfindən həyata keçməmişdir.

Bütün deyilənlərlə yanaşı ayənin məzmununu şərh edəcək istər sünnü, istərsə də şiə mənbələrində nəql olunmuş bir çox hədis və rəvayətlərlə qarşılaşırıq. Lakin biz onlardan ikisi ilə kifayətlənirik.

1. İmam Baqir (ə) buyurur: «Müşriklərdən bir neçəsi Peyğəmbərdən (s) mö᾽cüzə göstərməsini istədi. Cəbrail nazil olub Peyğəmbərə (s) dedi: Ya Məhəmməd! Allahın buyurur ki, onların istəklərinə (yə᾽ni mö᾽cüzənin göstərilməsinə) mane olan şey yalnız keçmiş peyğəmbərləri təkzib etmələridir. Əgər Qüreyş camaatının istəyini nəzərə alaraq onlara mö᾽cüzə göstərsəydik və onlar da keçmiş ümmətlər kimi mö᾽cüzələrimizi təkzib etsəydilər, onlara da əzab nazil edərdik. Bu səbəbdən də biz mö᾽cüzələri bir qədər tə᾽xirə salırıq.» (Təfsir burhan. 1-ci cild, 607-ci səh).

2. İbni Abbasdan nəql olunmuş hədisdə deyilir: «Məkkə camaatı Peyğəmbərdən (s) mö᾽cüzə yolu ilə Səfa dağını qızıla çevirməsini və ətrafdakı dağları əkinçiliyə əlverişli olsun deyə yox və ya yer ilə bərabər etməsini tələb edirdilər. Dərhal Allah tərəfindən belə bir vəhy nazil oldu: Əgər istəyirsənsə onların istəklərini bir qədər tə᾽xirə salım. Bəlkə də onların arasında kimsə iman gətirmiş olsun. Yox əgər istəyirsənsə onların istəklərini yerinə yetirim. Amma əgər təkzib edərlərsə keçmiş ümmətlər kimi onları da hamılıqla həlak edəcəyəm. Peyğəmbər (s) buyurdu: İlahi! Bir qədər onlara möhlət ver! Sonra Allah-taala bu ayəni nazil etdi. Mö᾽cüzənin göndərilməsinə mane olan yeganə şey varsa, o da keçmiş peyğəmbərlərin təkzib olunması və əzabın göndərilməsidir.» (Təfsiri Təbəri, 15-ci cild, 74-cü səh).

Bu haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Maraqlananlar hədis kitablarına müraciət edə bilərlər.

MÖ᾽CÜZƏNİ RƏDD EDƏN İKİNCİ AYƏNİN ARAŞDIRILMASI

İstinad etdikləri ayələrdən başqa birisi, İsra surəsinin 90-93-cü ayələridir.

وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا  أَوْ تُسْقِطَ السَّمَاء كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِيَ بِاللّهِ وَالْمَلآئِكَةِ قَبِيلاً  أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَى فِي السَّمَاء وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّى تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَّقْرَؤُهُ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنتُ إَلاَّ بَشَرًا رَّسُولاً

«[Qur᾽anın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər] belə dedilər: «Biz yerdən [Məkkədən] bir bulaq çıxarmayınca: Yaxud [ağacları] arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağı olmayınca, və yaxud iddia etdiyi kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud da Allahı və mələkləri [peyğəmbərliyinin doğruluğuna şahid olaraq] açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (sənə) iman gətirməyəcəyik. Əgər oxumaq üçün bizə [səmadan] bir kitab endirməyəsən, göyə qalxmağına da əsla inanmayacağıq!» [Ya Məhəmməd!] De ki, Rəbbim pak və müqəddəsdir! [Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!] Mən isə yalnız peyğəmbər olan bir insanam!» [Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!]

Deyirlər: Ayənin məzmunundan belə bir nəticəyə gəlirik ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzələr göstərməsini tələb etmiş, O isə buna qadir olmadığını bu ifadələrlə bəyan etmişdir.

Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır.

Cavab: Bu məsələyə dair bir neçə cavab vermək olar.

1. Ayədəki müşriklərin tələb etdikləri mö᾽cüzələr əsassız olaraq Məkkə müşriklərinin inadkarlıqla, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə bənzəyir. Bir qədər əvvəl biz bu kimi mö᾽cüzələrin hansı şəraitdə baş verdiyini və nə ilə nəticələndiyini qeyd etmişdik. Deməli, bu ayə də, peyğəmbərlərin öz həqqaniyyətini sübuta yetirmək üçün gətirdikləri ibtidai mö᾽cüzələrə deyil, inadkar müşriklərin əyləncə və bəhanə olaraq tələb etdikləri mö᾽cüzələrə dəlalət edir. Çünki onlar həqqaniyyətlərini sübuta yetirmək üçün peyğəmbərlərin qarşılarına müəyyən şərtlər qoyur, hətta hansı mö᾽cüzəni göstərmələrini belə, əvvəlcədən tə᾽yin edirdilər. Əgər onlar doğrudan da həqiqəti bilmək istəsəydilər, zəmanə peyğəmbərlərinin göstərdikləri mö᾽cüzələrlə kifayətlənməli və onlara iman gətirməli idilər. Belə olduqda, peyğəmbərlərdən mö᾽cüzə tələb etmək və mö᾽cüzələrin birini digərindən üstün tutmağa heç bir lüzum olmayacaqdı. Bütün bunlarla kifayətlənməyən Məkkə müşrikləri, Peyğəmbərdən (s) mö᾽cüzə yolu ilə göyə qalxmağı və Allah tərəfindən peyğəmbərliyini təsdiq edəcək məktub gətirməsini tələb edirdilər.

Görəsən Peyğəmbərin (s) göyə qalxması bir mö᾽cüzə kimi onlara kifayət etmirdimi?! İnadkarlıq üzündən irəli sürdükləri puç və əsassız iddialar təbii ki, onları həqiqəti dərk etməkdən məhrum etməli idi.

2. Peyğəmbər (s), «Rəbbim pak və müqəddəsdir» deməklə, heç də bu işin qarşısında aciz olduğunu bildirmək istəməmişdir. O həzrət belə bir ifadədən istifadə etməklə Allahın bütün eyb və nöqsanlardan uzaq və mümkün olan hər bir şeyə qadir olduğunu bəyan etmək istəmişdir. O, uca və münəzzəh olduğu üçün gözlərə görünməz və cism olaraq bizim gözlərimiz önündə canlanmaz. O, təsəvvür olunandan daha uca və daha qüdrətlidir. Demək Onun, insanların şəxsi meyl və istək üzündən tələb etdikləri mö᾽cüzələrin qarşısında aciz qalması qeyri-mümkündür. O ki, qaldı Peyğəmbərə (s), o da adi bir insandır. Görəcəyi bütün işlərdə Allahın əmrini gözləyir və Onun izni olmadan nə bir mö᾽cüzə göstərir, nə də [dini məsələlərdə] kimsəyə əmr edirdi. Bütün işlər Allahın istək və iradəsindən asılıdır. O istədiyini edir və nəzərdə tutduğu hər bir işi peyğəmbərlərinin vasitəsilə həyata keçirir.

3. Ayəyə diqqət yetirdiıdə mə᾽lum olur ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrin bir qisminin həyata keçməsini qeyri-mümkün, digərlərini isə Peyğəmbərin həqqaniyyətini təsdiq edəcək amillər kimi qəbul etmək olmaz. Bu səbəbdən də, hətta əgər əyləncə və şəxsi istək üzündən tələb olunan mö᾽cüzələrin həyata keçməsi vacib olarsa, yenə də bu kimi istəklər cavabsız qalacaqdır.

İzah: Müşriklərin tələb etdikləri mö᾽cüzələrin altısından üçünün həyata keçməsi mümkün olsa da, onları peyğəmbərlərin həqqaniyyətinə dəlil olaraq qəbul edə bilmərik.

1. Göylərin yerə enməsi;

Göy cisimlərinin parçalanaraq yerə tökülməsi qeyri-mümkün olan bir işdir. Çünki göy cisimlərinin parçalanaraq yer kürəsinə tökülməsi, yer əhalisinin hamılıqla məhvinə səbəb ola bilərdi.

Belə bir hadisə isə yalnız dünyanın sonunda, yə᾽ni qiyamət günündə baş verəcəkdir. Allah-taala bu hadisəni öz peyğəmbərlərinə qabaqcadan xəbər vermişdi. Belə ki, ayədə gətirilmiş «düşündüyü kimi» ifadəsi də Peyğəmbəri (s) baş verəcək bu böyük hadisədən xəbərdar edirdi. Qur᾽ani-Kərimdə bu mətləbə dəfələrlə toxunulmuş və bu haqda bəşəriyyətə ciddi xəbərdarlıq edilmişdir.

إِذَا السَّمَاء انشَقَّتْ، إِذَا السَّمَاء انفَطَرَتْ، إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِّنَ السَّمَاء

«Göy yarıldığı zaman.» (İnşiqaq-1). «Göy parçalandığı zaman.» (İnfitar-1). «Əgər istəsək onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik.» (Səba-9).

Göylərin parçalanmasının və ya yerə enməsinin qeyri-mümkün olduğunu dedikdə, heç də Allahın buna qadir olmadığını təsəvvür etməməliyik. Sadəcə olaraq bu hadisələrin baş verməsi üçün lazımi şərait yaranmalıdır. İnsanların təkamülü hər şeydən önəmli olduğu üçün ilahi hikmət prinsipləri tələb edir ki, bu prosesin həyata keçməsi üçün müəyyən zaman və şərait yaranmış olsun. Hər şey başa çatdıqdan sonra isə Allahın əmri ilə yer və digər səma cisimləri öz hərəkət dairəsindən xaric olub şiddətli toqquşma və dəyişikliklərə səbəb olacaqdır. Bu ilahi əmr daim qüvvədə olmuş və olacaqdır. Hər şeyə qadir olan Allahın isə Öz və᾽dəsinə xilaf çıxması qeyri-mümkündür.

2. Allahın gətirilməsi;

Müşriklər deyirdilər: “Sənə yalnız o zaman iman gətirəcəyik ki, Allahı bizim yanımıza gətirəsən və biz Onu öz gözlərimizlə görək.” Bu isə qeyri-mümkündür. Çünki əgər Allah gözlə görünsəydi, müəyyən rəngə, ölçüyə və cismə xas olan digər xüsusiyyətlərə malik olmalı idi. Cisim olmadığı üçün Onun gözlə görünməsi qeyri-mümkündür. Demək, cismə xas olan xüsusiyyətləri də Ona aid etmək qeyri-mümkün olmalıdır.

3. Allahdan məktub gətirmək.

Bu da qeyri-mümkün olan bir işdir. Çünki onların istədikləri adi məktub deyil, Allahın öz dəsti-xətti ilə yazmış olduğu məktubdur. Yox əgər adi məktub istəsəydilər, bunun üçün göyə qalxmağın heç bir zərurəti olmazdı.

Digər tərəfdən isə, Allahın insan kimi əli və digər bədən üzvləri olmadığı üçün Onun əlinə qələm götürüb məktub yazması da təbii ki, qeyri-mümkün olmalıdır.

Allah-taala belə işlərdən daha uca, daha ali və münəzzəhdir.

Həyata keçməsi mümkün olan, lakin əqli baxımdan əsassız sayılan tələblər isə bunlardan ibarət idi:

1. Çeşmənin qaynaması və yerdən su çıxması;

2. Meyvəli və çeşməli bağlara malik olmaq;

3. Qızıl evə malik olmaq.

Peyğəmbər (s) bütün bunlara yiyələnsəydi də bunu, onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil hesab etmək olmazdı. Çünki adi insanların bir çoxu bu kimi var-dövlətə yiyələnsə də, biz onlardan heç birini peyğəmbər hesab etmirik. Başqa sözlə desək, bu iki şeyin arasında heç bir əlaqə yoxdur. Demək var-dövlət peyğəmbərlərin həqqaniyyətini təsdiq edəcək bir amil deyildir. O ki, qaldı dünyəvi sərvət və əyləncəyə, bütün bunlar fani və müvəqqətidir. Peyğəmbərlərin yiyələndikləri ne᾽mət isə ilahi hikmət və elmdir. Onların gördükləri bütün işlər və söylədikləri bütün sözlər dərin hikmətə əsaslanır.

Bə᾽ziləri belə təsəvvür edə bilərlər ki, var-dövlət adi yol ilə əldə edildiyi üçün bunu, peyğəmbərlərin həqqaniyyətinə dəlil hesab etmək olmaz. Əgər qeyri-adi yol ilə əldə olunarsa, biz bunu [İlahi] mö᾽cüzə hesab etməli və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etməliyik. Belə bir təsəvvür tərzi tamamilə batil və əsassızdır. Çünki peyğəmbərlərin qeyri-adi yolla var-dövlət sahibi olması onun həqqaniyyətinə dəlalət edən dəlil kimi hesab edilsə də, müşriklərin istəkləri təkcə bu deyildi. Onlar belə güman edirdilər ki, peyğəmbər adi yolla var-dövlət sahibi olmalı və peyğəmbərlik də yoxsul insanlara verilməməlidir.

Zuxruf surəsinin 31-ci ayəsində bu haqda buyurulur:

وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ

«Onlar dedilər: Məgər bu Qur᾽an iki şəhərdən [Məkkə və Taifdən] olan böyük bir adama [ya Vəlid ibni Müğəyrə, yaxud da Ürvan ibni Məs᾽uda] nazil edilməli deyildimi?»

Belə bir yanlış təsəvvür və əqidəyə əsaslanan Məkkə müşrikləri Peyğəmbərdən (s) var-dövlət sahibi olmasını tələb edirdilər.

Dediklərimizi sübuta yetirəcək məsələ müşriklərin, Peyğəmbərin (s) meyvəli bağlara və qızıl evə malik olmasını tələb etmələridir. Onlar Peyğəmbərdən (s) başqa bir mö᾽cüzə istəmirdilər. Əgər onlar Peyğəmbərin (s) bütün bunlara qeyri-adi yolla malik olmasını və bunu onun peyğəmbərliyinin həqqaniyyətinə dəlalət edən amil kimi qəbul etmək istəsəydilər, belə bir uzun və zəncirvari şərtlər heç bir məna-məfhum kəsb etməzdi. Çünki peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün bir salxım üzümün və ya bir misqal qızılın mö᾽cüzə olaraq gətirilməsi kifayət edərdi və belə bir qeyri-adi işi onun peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirəcək amil kimi qəbul etmək olardı. Və belə olduqda, meyvəli bağların və qızıl evin yaradılmasına heç bir ehtiyac duyulmazdı.

O ki, qaldı yerdən su çıxarmasına, onlar bunu heç də özləri üçün istəmirdilər. Onların niyyəti bu idi ki, Peyğəmbər (s) yerdən çeşmələr qaynatmaq və s. vasitələrdən istifadə etməklə öz imkanlarını artırsın və peyğəmbərlik üçün lazım olan şeylərə malik olsun.

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ

«Müşriklər: «Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi tərəfindən bir mö᾽cüzə nazil edəydi!» – deyirlər. Onlara belə cavab ver: «Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin.» Doğrusu mən də sizinlə birlikdə gözləyirəm!» (Yunus-20).

Onlar deyirlər: Ayənin məzmunundan belə mə᾽lum olur ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzə gətirməsini istədikdə o, mö᾽cüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır. Bu məzmunda ayələrə Qur᾽anın digər surələrində də rast gəlirik. Məsələn Rə᾽d surəsinin 1-ci və Ən᾽am surəsinin 37-ci ayəsində deyilir.

«Kafir olanlar: «Məgər ona Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?» – deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] vardır.» (Rə᾽d-7).

«[Məkkə müşrikləri] dedilər: “Məgər ona [Peyğəmbərə Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?” De ki: Allah mö᾽cüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir mö᾽cüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!» (Ən᾽am-37).

Müşriklərin istinad etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.

Birinci cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan mö᾽cüzələr Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklərin tələb etdikləri mö᾽cüzələr peyğəmbərlərə iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail olmaq üçün idi.

Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.

Qur᾽ani-Kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.

وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ

«Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?» (Ən᾽am-8).

وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil edilən kəs! Həqiqətən sən divanəsən! (Hicr 6-7).

وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا

«Müşriklər dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyildimi?

أَوْ يُلْقَى إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib-dolanmaq üçün bir bağı olmalı deyildimi? Zalimlər [müşriklər mö᾽minlərə] dedilər: “Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe olursunuz!”» (Furqan 7-8).

Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli dəlillərə əsaslanmamışdır. O ki, qaldı Peyğəmbərə (s), o da müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki qeyd etdiyimiz kimi, müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən edirdilər. Bu səbəbdən də əgər onlar, mö᾽cüzələrdən hər birini Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Qur᾽anı bir mö᾽cüzə olaraq onların qarşısına qoyar və mübarizə meydanına də᾽vət edərdi.

Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik:

1. Peyğəmbər (s) öz ixtiyarında olan mö᾽cüzələrdən yalnız biri ilə, yə᾽ni Qur᾽anla müşriklərin mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki əbədi peyğəmbərlik əbədi mö᾽cüzəyə əsaslanmalıdır və belə bir əbədi və mö᾽cüzəvi xüsusiyyətə yalnız Qur᾽an malikdir. Digər mö᾽cüzələr isə müvəqqəti və məhduddur. Yə᾽ni bütün insanlara deyil, bə᾽zi zaman və ərazilərdə yaşamış millətlərə şamildir.

2. Mö᾽cüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə tə᾽yin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.

Bu xüsusiyyət yalnız həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də mö᾽cüzə göstərmişlər. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلاَّ بِإِذْنِ اللّهِ لِكُلِّ أَجَلٍ كِتَابٌ

«Allahın izni olmadıqda heç bir peyğəmbər mö᾽cüzə gətirə bilməz.» (Rə᾽d-38).

وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ

«Heç bir peyğəmbər Allahın izni olmadan mö᾽cüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.» (Mu᾽min-78).

Bunu da qeyd etmək lazımdır ki, Qur᾽anda [bə᾽zi] mö᾽cüzələri inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.

Məsələn:

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

«Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin mö᾽cüzəsi ilə] parçalandı.

وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ

Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir mö᾽cüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-2).

وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ

«Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, mö᾽cüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.» (Ən᾽am-124).

Hər iki ayədə istifadə olunan «ayə» kəlməsindən məqsəd Qur᾽an ayəsi deyil, mö᾽cüzə və onun əlamətləridir. Yə᾽ni «ayə» sözü hər iki ayədə mö᾽cüzə mə᾽nasında işlənmişdir. Çünki əgər Qur᾽an ayəsi nəzərdə tutulsaydı, «parçalanmaq» və «görmək» fe᾽lindən deyil, «eşitmək» fe᾽lindən istifadə olunardı. Ayənin məzmunu da Qur᾽an ayələri ilə deyil, mö᾽cüzə ilə əlaqəlidir.

Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələri də olmuşdur və «uzun müddət davam edən sehrdir» cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun mö᾽cüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə bölə bilərik.

1. Müvəqqəti olaraq mö᾽cüzələrin dayandırılmasına dəlalət edən ayələr;

2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nazil olmuş ayələr.

  478
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment