Azəri
Saturday 20th of April 2024
0
نفر 0

İMAMƏT

Dar qesmat vasad az left aval item akhar.

 

İMAMƏT

Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur.

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi rəhbər də sayılırdı.

Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.

Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi tə'yin etmişdir?

Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.

İMAMƏTİN MƏ'NASI

İmamət ərəb sözü olub, rəhbərlik mə'nasını daşıyır. Dini termində isə «İmamət» sözünü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola də'vət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır.»

QUR'AN VƏ İMAMƏT

Qur'ani-kərimin bir sıra ayələrinə nəzər saldıqda imamət və rəhbərliyin xüsusi əhəmiyyət daşıdığını körür və bununla da aşağıdakı nəticələri almaq olar:

1-Qur'ani-kərimin buyurduğuna görə, Allah təala İbrahim peyğəmbərə peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının böyük əhəmiyyət daşıdığını göstərir. 

2-İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir. 

3-Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır. 

4-Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq mö'minlərin duasıdır.  

İMAMƏTİN LÜZUMU

Qeyd etdiyimiz kimi, İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm 23 il peyğəmbərlikdən sonra vəfat edib, əbədi diyara köçdü.

Peyğəmbərimizin isə özündən sonra xalq üçün imam (rəhbər) tə'yin etməməsi heç bir ağıl və düşüncə ilə uyğun gəlmir.

Kiçik bir dəstəni başçısız və rəhbərsiz təsəvvür etmək mümkün olmadığı bir halda böyük İslam ümmətini rəhbərsiz fikirləşmək və onun üçün başçı tə'yin etməmək ağıl və məntiqlə uyğundurmu?

Bir gün İmam Sadiq əleyhissalamın şagirdlərindən biri olan Hişam ibni Həkəm, Bəsrə şəhərində yaşayan Mö'təzilə e'tiqadlı sünnü alimi Əmr ibn Übeydin evinə gəldi, amma Əmr onu tanımadı. hişam üzünü ona tutub soruşdu?

Nə üçün Allah sənə iki göz verib?

-Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.

-hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?

-Əmr inbi Übeyd: Onların vasitəsi ilə eşitmək üçün.

-Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?

-Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək üçün.

Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?

-Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim etmək və onlara bir növ rəhbərlik etmək üçün.

Hişam ibni həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən üzvləri üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul etməyərək (həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər tə'yin etmədiyini iddia edirsən!?)  

Elə buna əsasən peyğəmbərdən sonra İslam ümməti üçün imam (rəhbər) tə'yin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.

Bu haqda inadkarlıq edib ayrı sözlər danışanlar isə daha ətraflı fikirləşməli və məntiqə uyğun sözə tabe olmalıdırlar. Qur'ani-kərim bu haqda belə buyurur:

«Ey peyğəmbər! Müxtəlif sözlər eşidib onların ən yaxşısına tabe olanlara müjdə ver. » 

Bu isə məhz Allah kəlamıdır və Allah kəlamı istər əhli sünnət, istərsə də şiə tərəfindən qəbul olunmuş bir kəlamdır.

Buradan belə nəticə alırıq ki, Həzrət Peyğəmbər (s) özündən sonra ümmət üçün rəhbər və ya rəhbərlər tə'yin etmişdir. Bu rəhbərlərin kimlər olduğu barədə isə «Həzrət peyğəmbərin canişinləri» bəhsində söhbət açacağıq.

İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ

Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə'zisi aşağıdakılardan ibarətdir:

1-İmamın Allah tərəfindən tə'yin olunması:

Əhli sünnət e'tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə'yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə'yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə'kid etmişdir.

2-İmamın ilahi biliklərə yiyələnməsi:

Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

3-İmamın mə'sum olması:

Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

4-İmamın ədalətli olması:

Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.

5-İmamın xalqdan təmənnasız olması:

İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.

İMAMIN TƏ'YİN OLUNMASI

İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən tə'yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur.

Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsi ilə tə'yin olunmasının tərəfdarıdır.

Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən tə'yin olunmasını qəbul edir və məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər.

Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt şura və seçki vasitəsilə tə'yin ola bilməz.

Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər.

Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.

Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Əbbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi sü'ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir.

İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə'yin olunması hamıya aydındır.

Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər vasitəsilə deyil, məhz Allah tərəfindən tə'yin olunması, məntiqlə uyğun gələn bir əqidədir.

İLAHİ RƏHBƏRİN VƏZİFƏLƏRİ

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar aşağıdakılardan ibarətdir:

1-Qur'ani-kərimin mə'nalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;

2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;

3-Ümmət arasında e'tiqadi azğınlığın qarşısını almaq;

4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;

5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti yaratmaq;

6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək; 

Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız Allah-taala tə'yin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu özü üçün imam seçə bilməz.

Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində olmuş və o həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara) tapşırılmışdır. Lakin həzrət peyğəmbərimizin ayrı bir vəzifəsi də var idi ki, o vəzifə imamlara aid deyildir.

Həzrət Peyğəmbərin istisna olan bu vəzifəsi vəhy yolu ilə Allah göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allah izni ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə (imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.

İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR

İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

1-Maidə surəsi, ayə,55:

Allah təala bu ayədə buyurur:

«Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir.»

Həzrət peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql edir:

«Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən sənin peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey vermədi.

Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli əleyhissalam barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət Əli əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi:...İlahi! Qardaşım Musa əleyhissalam Səndən özü üçün qardaşı harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş bəndənəm.....Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və möhkəm dayaq qərar ver.

Əbuzər (r.ə) deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail əleyhissalam nazil olaraq bu ayəni (Nisa surəsinin 55-ci ayəsini) çatdırdı.»

Bu rəvayət təkcə şiələr tərəfindən deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur.

Mərhum Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir» kitabında gətirmiş və onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və s... kitablar buna nümunə ola bilər

2-Nisa surəsi, 59:

Allah təala bu surədə belə göstəriş verir:

«Ey mö'minlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin.»

«Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil olanda soruşdum: Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik. Həzrət Peyqəmbər (s) cavabımda buyurdu:

«Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.

Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni Əlidir ki, sən onu görəcəksən.

Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan.

Sonra Sadiq Cə'fər ibni Mühəmməd, sonra Musəbni Cə'fər, sonra Əliyyibni Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman əleyhimus-səlam)-dır.» 

3-«Əl-ğədir» hədisi:

Bir çox hədis mən'bələrində nəql olunmuş «Əl-ğədir» hədisinin məzmunu belədir:

«Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm hicrətin 10-cu ilində sonuncu həcc səfərindən qayıdarkən, «Qədir-Xum» adlı bir yerdə ona ilahi vəhy nazil oldu. Allah təala öz vəhyində buyurdu:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ...

 «Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan və Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır.» 

həzrət Peyğəmbər bu vəhyi aldıqdan dərhal sonra, təxminən 120-min nəfərə yaxın olan müsəlmanların bir yerə toplaşmasını əmr edib buyurdu: «Qabaqda gedənlər geri qayıtsın və arxada qalanlar özlərini bura çatdırsınlar».

Müsəlmanlar bir yerə toplaşdıqdan sonra o həzrət uca bir yerə qalxaraq söhbətə başladı və xütbə oxuduqdan sonra buyurdu:

من كنت مولاه فهذا على مولاه...

«Mən hər kəsə rəhbər idimsə, Əli də onun rəhbəridir.

İlahi! Əlini dost tutanları dost, düşmən tutanları düşmən tut, onu sevənləri sevib, ona qəzəb edənlərə qəzəb et. (İlahi!) Əliyə kömək edənlərə kömək ol, onu zəlil etmək istəyənləri zəlil et və hər bir yerdə haqqı onunla birgə et.»

Mərhum Əllamə Əmini (r.ə) bu hədisi əhli sünnətin altımışdan artıq mö'təbər kitablarından nəql etmiş, onların müəllifini, və dəqiq ünvanlarını da qeyd etmişdir.

Daha sonra müsəlmanlar bir-bir imam Əli əleyhis-salamla görüşüb bey'ət edir və bununla da öz gələcək rəhbərlərinə bu məqamı təbrik deyirdilər.

Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm üzünü müsəlmanlara tutaraq bu xəbəri başqalarına çatdırmağı da göstəriş verdi.

Qeyd etməliyik ki, Əllamə Əmini (r.ə) «Əl-ğədir» hədisini Həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Ayişə və sairlər də gözə dəyir. 

Bə'zi inadkar şəxslər bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş «mövla» sözünə rəhbər deyil, dost mə'nası verirlər.

Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb «Əli mənim dostumdur» sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!

Halbuki bu iş, ilahi peyğəmbərdən deyil, adi bir insandan da baş versəydi, gülünc bir iş olardı. Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin bu sözləri tə'kidlə buyurması və s.. əlamətlər inadkarların iddia etdiyi sözün əsassız olmasını yetirir.

4-Səfinə hədisi:

Bu hədisə əsasən Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm öz Əhli-beytini həzrət Nuhun gəmisinə bənzədərək buyurur:

«Agah olun! Şübhəsiz mənim Əhli-beytim Nuh peyğəmbərin öz milləti arasında olan gəmisi kimidir ki, o gəmiyə minən nicat tapar, ondan üz döndərən isə qərq olar.» 

Mə'lum olur ki, peyğəmbərimin (s) Əhli-beytindən üz döndərmək, şiddətli tufanlar qarşısında qurtuluş gəmisindən üz döndərmək kimidir.

Qeyd etmək lazımdır ki, Mərhum Mir hamid hüseyn (r.ə) «Səfinə» hədisini özünün «Əbəqatul -ənvar» kitabında 90-a yaxın əhli sünnət alimlərindən nəql etmişdir. 

5-Səqəleyn hədisi:

İmamət və rəhbərliyə aid olan əhəmiyyətli rəvayətlərdən biri də «Səqəleyn» hədisidir.

həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm bu hədisdə belə buyurur:

اِنّى تارِكٌ فِيكُمُ الثِقْلَيْن ما إِنْ تَمَسَّكْتُمْ بِهِما لَنْ تَضِلُّوا: كِتابَ اللهِ عِتْرَتى أَهْلَ بَيْتى

“Mən sizin aranızdan gedərkən, iki )ağır əmanəti( qoyuram ki, o iki əmanətdən itaət etsəz, heç vaxt yolunuzu azmayacaqsınız. )O iki əmanət( Allahın kitabı (Qur’an) və mənim Əhli-beytimdir”. 

Mərhum Mir Hamid Hüseyn (r.ə) bu hədisi 3-13-cü əsrlərdə yaşamış 200-ə yaxın əhli sünnət alimlərindən nəql etmişdir. 

Bura qədər qeyd olunmuş ayə və rəvayətlərə kifayətlənir və imamət haqda mövcud olan bir çox ayə və rəvayətlərin mütaliəsini öz öhdənizə qoyuruq.

Nəql olunmuş ayə və rəvayətlər, Həzrət peyğəmbərimizdən sonra başqalarının deyil, yalnız o həzrətin Əhli-beytinin rəhbərliyini təsdiq edir və imamətin (ilahi rəhbərliyin) yalnız Əhli-beyt [əleyhis-salam]-a məxsus olduğunu yetirir.

PEYĞƏMBƏRİMİZİN ƏHLİ-BEYTİ

Həzrət Peyğəmbərin (s) pak Əhli-beytini ilahi rəhbərlik üçün qəbul edənlər şiə adlanırlar. Onlar peyğəmbərin (s) vəfatından sonra başqa şəxslərin deyil, yalnız Əhli-beytin rəhbər olmasının tərəfdarıdırlar.

Əhli-beyt əleyhimus-salam Allahın seçilmiş bəndələri olub, hər növ günah və çirkinlikdən pak olmuş dahi şəxslərdir. Necə ki, Qur'ani-kərimin Əhzab surəsində oxuyuruq:

«Şübhəsiz Allah istəyir ki, Hər cür çirkinliyi siz Əhli-beytdən kənar etsin və sizi Hər bir eybdən pak və uzaq qərar versin.»

Nəql olunmuş mö'təbər hədislərə əsasən, bu ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları deyil, yalnız Əhli-beyti barədə nazil olmuşdur. Belə hədisləri aşağıda adları sadalanan sünni və şi'ə hədis kitablarında mülahizə etmək olar:

1-«Musnədi İbni Əhməd», 1/708 və s..

2-«Xəsaisul-İmam Əmirul-mö'minin», 23/70

3-«Tarixu Dəməşq», 1/184, 249

4-«Şəvahidut-tənzil», 2/50, 670

5-«Təfsirut-Təbəri», 12/7

6-«Əd-Durrul-mənsur», 6/403

7-«Kənzul-ummal», 13/645

8-«Yənabiul-məvəddət» 1/329

9-«Əl-mənaqib, Xarəzmi», səh-60

10-«Kəşful-ğummə», 1/40

11-«Ehqaqul-həqq», 2-501/562

12-«Əmali» (Səduq), səh-124

13-«Əmali» (Tusi), səh-352,727

14-«Biharul-ənvar», 35\260 və s...

Qurani kərimdə buyurulur:

«Bu Qur'an çox böyük və uca kitabdır (ki) pak əllər [və pak düşüncələrdən] savayı heç bir kəs ona əl vurmaz (və dərk edə bilməz).» 

İbni Abbasın (r.ə) Həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, ayədə buyurulmuş «paklar»-dan məqsəd, Allahın müqərrəb və yaxın bəndələridir. 

Elə buna görə də, Qur'ani-kərim və digər dini maarifin izahını öz şəxsi düşüncəmiz, başqa və kənar şəxslərdən deyil, yalnız Allahın bütün çirkinliklərdən pak etdiyi müqərrəb bəndələri olan Əhli-beyt əleyhimus-salamdan almalı və dinləməliyik.

ON İKİ İMAM

Bu barədə olan mühüm məsələlərdən biri də canişinlərin sayıdır. Mə'lum məsələdir ki, peyğəmbərdən sonra neçə imamın olacağı hamını maraqlandıran suallardandır.

Qeyd etmək lazımdır ki, bu haqda həzrət Peyğəmbərin özü tərəfindən çoxlu hədis və rəvayətlər nəql olunmuşdur.

O həzrət (s) buyurur:

 «Mən asiman, Əhli-beytimdən olan imamlar isə ulduzlardır. Onların birincisi Əli, sonuncusu isə Məhdidir və onlar on iki nəfərdir.» 

Həzrət peyğəmbər (səlləllahu ələyhi və Alihi və səlləm) digər hədisdə buyurur:

«(həqiqətən) məndən sonra on iki rəhbər olacaqdır.» 

Bunu da diqqətinizə çatdırırıq ki, indiyədək müsəlmanlara rəhbərlik etmiş «Bəni Üməyyə» və «Bəni Abbas» xəlifələri bu hədisə uyğun gəlmir.

Çünki «Bəni Üməyyədən olan xəlifələr 12 nəfərdən az, «Bəni Abbas»-dan olan xəlifələr isə 12 nəfərdən çox olmuşdur.

Həzrət peyğəmbərin (s) hədisi ilə uyğun gələn yeganə şəxslər, mə'sum imamlar və peyğəmbərimizin pak Əhli-beytidir.

Bu isə Əhli-beyt məktəbinin həqiqət və doğru olduğunu göstərir.

İndi isə on iki ilahi rəhbərin adı və ləqəbini diqqətinizə çatdırırıq:

1-İmam Əliyyibni Əbi Talib, Əmirəl-mö'minin (əleyhissalam);

2-İmam Həsən ibni Əli, Müctəba (əleyhissalam);

3-İmam hüseyn ibni Əli, Seyyidüş-Şühəda (əleyhissalam);

4-İmam Əliyyibni Hüseyn, Zeynül-Abidin (əleyhissalam);

5-İmam Mühəmməd ibni Əli, Baqirul-Ulum (əleyhissalam)

6-İmam Cə'fər ibni Mühəmməd, Sadiq (əleyhissalam);

7-İmam Musəbni Cə'fər, Kazim (əleyhissalam);

8-İmam Əliyyibni Musa, Riza (əleyhissalam);

9-İmam Mühəmməd ibni Əli, Cavad (əleyhissalam);

10-İmam Əliyyibni Mühəmməd, Hadi (əleyhissalam);

11-İmam həsən ibni Əli, Əskəri (əleyhissalam);

12-İmam Mühəmməd ibni Həsən, Məhdi (əleyhissalam).

O həzrət hal-hazırda sağdır və Allahın izni ilə zühur edib, yer üzündə ədaləti bərpa edəcək və rəhbərliyi ələ alacaqdır.

Belə bir sual yaranır ki, nə üçün haqq olan on iki imamın adları Qur'anda aşkar şəkildə qeyd olunmamışdır?

Xatırladırıq ki, belə bir sual keçmiş zamanlarda da imamlarımızdan soruşulmuş və o həzrətlər də onların cavabını vermişlər.

Beləki, Əbu Bəsir İmam Sadiq (əleyhissalam)-dan soruşur:

Yəbnə Rəsulilllah, cammat bizə deyir ki, nə üçün Allah-taala Qur'ani kərimdə Əli və onun Əhli-beytinin adlarını çəkməmişdir?

İmam buyurdu: Onlara belə cavab verin ki, həqiqətən Rəsuli-Əkrəmə namaz hökmü nazil oldu, amma Allah-taala onun üç və ya dörd rəkət olmasını bəyan etmədi. Həzrət Peyğəmbər (s) də özü camaat üçün rəkətlərin sayını bəyan etdi.

həmçinin, zəkatın hökmü ümumi şəkildə nazil oldu, amma onun incəlikləri və hansı halda vacib olması bəyan olunmadı və Peyğəmbər özü şəxsən onları aydınlaşdırdı.

Habelə, Allah-taala həccin vacib olmasını əmr etdi, amma neçə dəfə təvaf etməyin vacib olmasını bəyan etmədi və Peyğəmbər bunu da özü camaata bəyan etdi. Həmçinin Allah taala «Allaha, Onun Rəsuluna və əmr sahiblərinə itaət edin»[97] ayəsini nazil etdi, amma əmr sahiblərinin kimlər olduğunu bəyan etmədi və bunun aydınlaşdırılmasını Peyğəmbərin öhdəsinə qoydu. Həzrət Peyğəmbər müxtəlif hadisələrlə əlaqədar olaraq əmr sahiblərinin, (yə'ni özündən sonra ümmətin imamları və özündən sonra haqq canişinlərinin kimlər olduğunu) dəfələrlə bəyan etmiş və islam ümmətinə çatdırmışdır.» 

İMAM ZAMAN (əleyhis-salam)

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin on ikinci canişini müəyyən səbəblər üzündən qeybə çəkilmiş və Allahın icazəsi ilə zühur edib dünyada olan zülmkarlığı aradan aparacaq, həmçinin dünyada ədaləti bərqərar edəcəkdir.

hal-hazırda (yə`ni 2002-ci ildə) həzrət Məhdi əleyhissalamın 1168 yaşı vardır və Allah taalanın istədiyi vaxt zühur edəcəkdir.

Lakin bə'zi şəxslər o həzrətin (ə) indiyə qədər sağ qala bilməsi barəsində şübhə edirlər. Allah taala Qur'ani kərimdə buyurur:

«(Onlar) dünyanın zahirindən başqa bir şey bilmir və onlar axirət (əbədi) həyatdan qafildirlər.» 

Həzrət Məhdi (əleyhis-salamın) indiyədək sağ qalmasını inkar edənlər də yalnız dünyanın zahirindən xəbərdar olanlardır. Onlar Allahın qüdrətini unudaraq insanların yalnız 60-70 il yaşadığını güman edir və o həzrətin bu qədər uzun müddətli həyatını dərk edə bilmirlər.

Qur'ani-kərimə nəzər saldıqda, İmam Zaman əleyhissalamın bu qədər ömür sürməsini Allahın qüdrətində adi bir iş olduğunu görürük. Belə ki, Allah taala Nuh peyğəmbəri 950 il öz qövmu arasında yaşatmış, Əshabi-kəhfi 300 ildən artıq mağarada yuxu halında saxlamış, İsa əleyhissalamı neçə əsr bundan qabaq göylərə aparmış və hələ də yerə qaytarmamışdır.

Allah-taala kainatı, günəş sistemini, planetləri, müxtəlif qalaqtikaları və sair varlıq aləmlərini Öz tükənməz qüdrəti ilə yaratmışdır.

İmam Zaman əleyhissalamın da bu qədər ömür sürməsi heç də Allah üçün çətin bir məsələ deyildir.

On ikinci imam həzrət Məhdi əleyhissalam beş yaşında ikən qeyb olmuşdur ki, O, Həzrətin iki növ qeybi olmuşdur.

1-Qısa müddətli qeyb, (Qeybəti-süğra);

2-Uzun müddətli qeyb, (Qeybəti-kubra);

O həzrətin qısa müddətli qeybi, qəməri tarixi ilə 260-329-cu illərdə baş vermiş və bu qeyb 69 il davam etmişdir. Bu müddət ərzində o həzrətlə (ə) xalq arasında olan rabitə aşağıdakı dörd nəfər vasitəsi ilə olmuşdur:

1-Osman ibni Səid Əmri, (5il);

2-Mühəmməd ibni Osman ibni Səid Əmri, (40 il);

3-Əbul-Qasim Hüseyn ibni Ruh Nubəxti (21 il);

4-Əbul-Həsən Əliyyibni Mühəmməd Səməri, (3 il);

Həzrət Məhdi əleyhissalamın uzun müddətli qeybi isə Əliyyibni Mühəmməd Səmərinin vəfatından sonra başlamış və bu günədək davam etməkdədir. 

Şiə və sünnü alimlərinin əqidəsinə görə dünyanın axırlarında Həzrət Məhdi əleyhissalam zühur edib, ədalət və İslamı bütün dünyada hakim edəcəkdir.

Nəql olunmuş rəvayətlərə əsasən, o Həzrət zühur etdikdən sonra göylərə aparılmış İsa peyğəmbər də yerə enəcək və imam Məhdi əleyhissalamın ən yaxın köməkçilərindən biri olacaqdır.

Dünyada ədaləti bərpa edən imam Zaman əleyhissalama təkcə müsəlmanlar deyil, həm də qeyri-müsəlmanlar inanırlar.

Məsələn; miladi tarixi ilə 1000-ci illər ərəfəsində dünyada böyük bir dəyişikliyin intizarını çəkib, ruhi həyəcanlara düşmüş yəhudi və məsihilər 2000-ci ilin ərəfəsində bir daha həyəcanlanmış və bu ildən sonra nə isə böyük bir hadisənin baş verəcəyini gözləyirlər.

həzrət Məhdi əleyhissalamın zühuru Qur'ani-kərimdə və Əhli-beytin rəvayətlərində də gəlmişdir.

Qur'ani-kərimdə oxuyuruq:

«Allah təala sizlərdən iman gətirib saleh əməllər verənləri onlardan qabaqkılar (peyğəmbərlər) kimi yer üzərində hakimiyyətə çatdırmağı və'də vermişdir.» 

Bir çox təfsirlərdə bu ayənin həzrət Məhdi əleyhissalam haqqında nazil olması qeyd olunur və bu haqda çoxlu rəvayətlər nəql olunmuşdur.

Əyyaşi öz təfsirində bu ayənin izahında həzrət Peyğəmbərin bu hədisini nəql' etmişdir:

«Dünyanın axırına bircə gün qalsa belə Allah təala o günü o qədər uzadacaq ki, adı mənim adım və özü Əhli-beytimdən olan bir nəfər gələrək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və insafla dolduracaqdır.» 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment