Azəri
Sunday 26th of May 2019
  535
  0
  0

ZÜHURUN ZƏMİNƏ VƏ ƏLAMƏTLƏRİ

İKİNCİ BÖLMƏ

ZÜHURUN ZƏMİNƏ VƏ ƏLAMƏTLƏRİ

İmam Məhdi (ə)-ın zühurunun müəyyən şərtləri və nişanələri vardır ki, onları «zühurun zəminələri və əlamətləri» ünvanı ilə qeyd etmək olar. Bu ikisinin fərqi ondan ibarətdir ki, zəminələr zühurun gerçəkləşməsində həqiqi və bir başa tə`sirə malikdir, belə ki, onların yaranması ilə eyni zamanda imamın zühuru da baş verəcəkdir və onlar olmadıqda, zühur baş verməyəcəkdir. Lakin əlamətlərin zühurda heç bir rolu yoxdur, əksinə, yalnız müəyyən nişanələrdən ibarətdir ki, onların vasitəsi ilə zühurun yaxınlaşmasını dərk etmək olar.

Qeyd olunan fərqlərə diqqət yetirməklə anlamaq olar ki, zəminə və şəraitlərin əlamət və nişanələrə nisbətən daha artıq əhəmiyyəti vardır. Buna görə də gərək əlamətləri axtarmaqdan öncə, zəminələrə diqqət yetirək və öz bacarığımız dairəsində onların həyata keçməsinə çalışaq. Buna görə də əvvəlcə zühurun zəminə və şəraitlərini izah edirik, sonda isə zühur əlamətlərinin bə`zilərini ixtisarla xatırladacağıq.

ZÜHURUN ZƏMİNƏLƏRİ

Dünyada hər bir hadisə və varlıq onun zəminə və şəraitlərinin həyata keçməsi ilə vücuda gəlir, onlar olmadıqda heç bir varlıq üçün vücud imkanı olmur. Hər torpaq bitkinin cücərib böyüməsi üçün zəmin və şəraitə malik deyil, hər su və hava bitkinin inkişafı üçün münasib deyildir. Əkinçi o vaxt torpaqdan yaxşı məhsul əldə etməyə ümidvar olar ki, məhsulun əldə edilməsi üçün lazım olan şəraitləri tədarük etmiş olsun.

Bu əsasa görə, hər bir inqilab və ictimai hadisə də onun zəminə və şəraitlərinə bağlıdır. İran İslam inqilabı da onun müqəddimati işlərinin gerçəkləşməsi ilə qələbəyə çatdı. İmam Məhdi (ə)-ın dünya səviyyə ki, ən böyük hərəkat olan inqilab və qiyamı da həmin qanuna tabedir və onun zəminə və şəraitləri həyata keçmədən gerçəkləşməyəcəkdir.

Bu sözdən məqsəd budur ki, İmam Məhdi (ə)-ın qiyam və hökumət işi dünyaya hakim olan qarşılıqlı əlaqə prinsipindən istisna olunmur və o həzrətin islahatçı hərəkatı adi amil və səbəblər olmadan mö`cüzə yolu ilə, həyata keçəcəyi təsəvvür olunmamalıdır. Əksinə, Qur`an tə`limləri və mə`sumların buyurduqlarına görə ilahi qayda-qanunlar bu əsasda olmuşdur ki, dünyanın bütün işləri özünün təbii məcrası, adi səbəbləri vasitəsi ilə həyata keçsin.

İmam Sadiq (ə) buyurur: «Allah Təala işləri yalnız (onun üçün olan təbii) səbəblər vasitəsilə icra edir.»[1]

Bir nəfər İmam Baqir (ə)-a ərz etdi: «Deyirlər ki, İmam Məhdi (ə) qiyam edən zaman bütün işlər onun iradəsinə uyğun olaraq baş verəcəkdir.» İmam buyurdu: «Əsla belə deyildir! Canım əlində olan şəxsə and olsun ki, əgər bir kəs üçün işlərin öz-özünə sahmana düşməsi qərara alınsaydı, onda Peyğəmbəri Əkrəm(s) də belə edərdi.»[2]

Əlbəttə, qeyd olunan kəlamın mə`nası bu deyildir ki, Məhdi (ə)-ın böyük qiyamında qeybi və asimani köməklər olmayacaqdı; əksinə məqsəd bundan ibarətdir ki, ilahi köməklərlə yanaşı, adi zəminələr, amil və şəraitlər də həyata keçməlidir.

Bu müqəddimədən sonra əvvəlcə zühurun zəminələrini tanımalı, sonra onun həyata keçməsi uğrunda hərəkət etməliyik.

İmam Məhdi (ə)-ın dünya səviyyəli inqilab və qiyamının ən mühüm zəminəsi dörd şeydən ibarətdir ki, hər birini ayrı-ayrılıqda araşdıracağıq.

A) Proqramlar

Aydındır ki, hər bir islahatçı və mütərəqqi qiyam və hərəkatın iki proqrama ehtiyacı vardır:

1-Cəmiyyətdə mövcud olan əyriliklərə və eybəcərliklərə qarşı hərtərəfli mübarizə aparmaq üçün kamil bir proqram; bu da qüvvələrin daha yaxşı sahmana salınması yolu ilə baş verə bilər.

2-Cəmiyyətin bütün ehtiyacları ilə mütənasib olan kamil bir qanun belə ki, bu ədalətli bir hökumət quruluşunda insanların fərdi və ictimai hüquqlarının hamısına təzminat verir, cəmiyyətin inkişafa doğru hərəkatını (ideallara çatmaq) üçün təcəssüm edir.

Həqiqi islamdan ibarət olan Qur`an tə`limləri və mə`sumların sünnəsi İmam Zəman (ə)-ın ixtiyarında olan ən yaxşı qanun və proqramlardan ibarətdir və o Həzrət həmin əbədi ilahi proqramlar əsasında əməl edəcəkdir.»[3]

Elə bir kitab ki, onun ayələrinin məcmusu insan həyatının bütün yönlərini, onun maddi və mə`nəvi ehtiyaclarını tə`min edəcək bir şəkildə böyük Allah tərəfindən nazil olmuşdur. Buna əsasən, o həzrətin dünya səviyyəli inqilabı hökumət qanunları və proqramları nəzərindən misilsiz əsaslara malikdir və heç bir islahatçı hərəkat və qiyamlarla müqayisə olunası deyildir. Bu müddəanın şahidi budur ki, bugünkü dünya bəşər qanunlarını təcrübə etdikdən sonra onların zəif və süst olmasını etiraf etmiş və tədrici olaraq asimani qanunları qəbul etməyə hazırlaşır.

Amerika siyasətçilərinin müşaviri Alavin Tafler dünya cəmiyyətlərini islah və bu böhranı həll etmək üçün «üçüncü dalğa» adlı nəzəriyyəni irəli sürmüşdür.[4] Lakin eyni halda, bu barədə çox qəribə etirafları vardır. O cümlədən deyir:

Bizim –qərb cəmiyyətlərinin qarşılaşdığı problemlərin siyahısı sona yetməzdir. Sənaye və mədəniyyət qurumlarının biri digərinin ardınca süqut etməsini onların layaqətsizliyini və fəsadını görməkdən əlavə, onun əxlaqi süqutunun izləri də insan vicdanına əziyyət verir. Nəticədə əsaslı dəyişikliklər etmək üçün təzyiq və narazıçılıq dalğaları fəzanı doldurmuşdur. Bu təzyiqlərə cavab vermək üçün minlərlə proqram və layihə tökülmüşdür və hamısı da iddia edir ki, əsaslı və hətta inqilabı yönə malikdirlər. Amma dəfələrlə yaradılan qayda-qanunlar, proqramlar, layihələr və yeni-yeni göstərişlər –hamısı bizim problemlərimizi həll etmək məqsədi ilə yaradılmışdır –sadəcə gümandan başqa bir şey deyildir və bizim problemlərimizin vəziyyətini daha da gərginləşdirir. Bu acizlik və ümidsizlik hisləri baş alıb gedir və heç bir faydası da yoxdur, heç bir əsaslı tə`sirə malik deyildir. Bu hisələr hər bir demokratik quruluş üçün təhlükəlidir. Ağ atalı süvarinin varlığı ilə əlaqədar atatlar sözünü daha çox irəli çəkirlər.»[5]

B) Rəhbərlik

Bütün qiyamlarda rəhbərə olan ehtiyac həmin qiyamın ən ibtidai və zəruri məsələlərindən biridir. Qiyam nə qədər geniş səviyyəli, nə qədər yüksək hədəflərə malik olsa, qüdrətli və o hədəflərə mütənasib olan bir rəhbərin varlığına da daha artıq ehtiyac duyulur.

Dünya səviyyəsində zülm və haqsızlıqla mübarizə, haqq-ədalətin və bərabərliyin hakimiyyəti üçün agah, bacarıqlı və ürəyiyanan bir rəhbərin varlığına ehtiyac duyulur ki, düzgün və qətiyyətli idarəçiliyə malik olsun. Bu da inqilabın əsl dayaqlarından biridir. Bütün peyğəmbərlərin və ilahi övliyaların xülasəsi olan həzrəti Məhdi (ə) böyük qiyamın rəhbəri ünvanı ilə sağ olub hər bir şeyə nəzarət edir. O, yeganə bir rəhbərdir ki, qeyb aləmi ilə əlaqəyə malik olmasına görə bütün aləmə və onda mövcud olan əlaqələrə tam agahdır, öz zamanının insanları arasında ən elmli bir şəxsdir. Peyğəmbər (s) buyurmuşdur: «Agah olun! Məhdi bütün elmlərin varisidir. O, bütün elmlərə əhatəlidir.»[6]

O yeganə bir rəhbərdir ki, bütün qeydlərdən və şərtlərdən azaddır, yalnız Pərvərdigari-aləmin razılığını nəzərdə tutur. Buna əsasən, onun dünya səviyyəli qiyam və hökuməti də rəhbər baxımından ən yaxşı bir şəraitdə qərar tutur.

V) Köməkçiləri

Zühurun gerçəkləşməsi üçün lazım olan zəminə və şəraitlərdən biri də layiqli köməkçilərin varlığıdır ki, onlarda dünya səviyyəli hökumətin idarə olunması və qiyama arxa durmaq üçün lazımdır. Dünya səviyyəli inqilab asimani rəhbərin vasitəsilə baş verən zaman onunla mütənasib olan köməkçilər də tələb edir. Digər tərəfdən köməkçi olmaq iddiası edən hər kəsində meydanda hazır olması müyəssər olmaz. Bu barədə aşağıdakı hadisəyə diqqət yetirin:

İmam Sadiq (ə)-ın şiələrindən olan Səhl ibni Həsən Xorasani o həzrətə deyir: «Sizə nə mane olmuşdur ki, öz danılmaz haqqınızı (ümmətə rəhbərliyi) əlinizə almırsınız, halbuki yüz minlərlə şiə atına minmiş və əlində qılınc tutmuş halda sizə kömək etməyə hazırdır?!» İmam göstəriş verdi ki, təndirdə od yandırsınlar, atəş şö`lələnməyə başlayanda Səhlə buyurdu: «Ey Xorasanlı! Gir təndirin içinə və otur!» İmamın ona qəzəbləndiyini güman edən Səhl bəhanə gətirərək dedi: «Ağa, məni bağışlayın, bu odla mənə işgəncə verməyin!» İmam buyurdu: «Sənin günahından keçdim!»

Bu zaman İmamın həqiqi şiələrindən olan Harun Məkki içəri daxil olub salam verdi. İmam onun salamını aldıqdan sonra heç bir müqəddimə olmadan buyurdu: «Təndirə gir otur!»

Harun Məkki dərhal və heç bir sual soruşmadan bu işi yerinə yetirdi! İmam Sadiq (ə) həmin halda xorasanlı kişi ilə danışır və Xorasan barəsində müəyyən xəbərlər verirdi. Sanki bu işləri özü şahid olmuşdur. Bir müddətdən sonra Səhlə buyurdu: «Ey Xorasanlı, ayağa qalx və təndirin içinə bax!» Səhl ayağa qalxıb təndirin içinə baxır və Harunu görür ki, odun şö`lələri arasında diz üstə oturmuşdur!

İmam Səhlə buyurdu: «Xorasanda Harun kimi neçə nəfər tanıyırsan?!» Xorasanlı şəxs deyir: «Allaha and olsun ki, bir kəs belə tanımıram!» Həzrət buyurur: «Agah ol! Biz beş nəfər belə köməkçi tapmadığımız bir vaxtda qiyam etmərik. Biz hansı bir vaxtın qiyam üçün münasib olduğunu daha yaxşı bilirik!»[7]

Buna əsasən, yaxşı olardı ki, İmam Məhdi-ın (ə) köməkçilərinin xüsusiyyətlərini din rəhbərlərinin rəvayətləri əsasında araşdıraq, nəticədə öz məqamımızı tanıyaraq nöqsanlı hallarımızı aradan qaldırmaq fikrində olaq.

1-Mə`rifət və itaət

Məhdi (ə)-ın köməkçiləri Allah və öz imamları barəsində dərin mə`rifətə malik və kamil agahlıqla haqq səhnəsində hazır olmuşlar. İmam Əli (ə) onların barəsində buyurmuşdur: «Onlar elə kişilərdir ki, Allahı layiqli şəkildə tanımışlar.»[8]

Onların imama qarşı mə`rifət və e`tiqadları da ruhlarının dərinliklərinə işləmiş, bütün vücudlarını əhatə etmişdir. Onların malik olduqları bu mə`rifət imamın adını, nişanəsini və nəsəbini bilməkdən müqayisə olunmaz dərəcədə yüksəkdir. Bu mərifəti imamın vilayət haqqına və onun varlıq aləmindəki yüksək məqamına olan bir mə`rifətdir. Bu da onları İmama qarşı məhəbbətlə sirab edən bir mə`rifətdir ki, ona qeydsiz-şərtsiz itaət edərək fərmanlarına qulaq asırlar. Çünki bilirlər ki, İmamın sözü Allahın sözü, İmama itaət etmək Allaha itaət etməkdir. Peyğəmbəri Əkrəm (s) onları vəsf edərək buyurmuşdur: «Onlar öz imamlarına itaət etməkdə ciddiyyətlə çalışırlar.»[9]

2-İbadət və mətinlik

Həzrəti Məhdi (ə)-ın köməkçiləri ibadətdə öz rəhbərlərindən nümunə götürərək, gündüzləri və gecələri Haqqın şirin zikri ilə keçirirlər. İmam Sadiq (ə) onların barəsində buyurur:« (Onlar) gecəni ibadətlə sübhə, gündüzləri orucla axşama çatdırırlar[10].» Başqa bir rəvayətdə isə buyurdu: «Atların üstündə də Allaha təsbih deyirlər.»[11]

Məhz Allahın bu cür yad edilməsi onlardan polad kimi möhkəm olan insanlar düzəltmişdir ki, heç bir şey onların möhkəm iradələrini və mətinliklərini sındıra bilməz. İmam Sadiq (ə) buyurur: «Onlar elə kişilərdir ki, qəlbləri sanki polad parçalarıdır.»[12]

3-Canını fəda etmək və şəhadət arzusu

İmamın köməkçilərinin o həzrət barəsində dərin mə`rifət əldə etmələri onların qəlblərini öz imamlarına qarşı eşq-məhəbbətlə doldurmuşdur. Buna görə də müharibə meydanında imamı üzük qaşı kimi dövrəyə alaraq öz canlarını ona gələn bəlalara sipər edirlər. İmam Sadiq (ə) buyurur: «(İmam Məhdinin köməkçiləri) döyüş meydanında pərvanə kimi onun ətrafına dolanar, öz canları ilə onu qoruyub-saxlayarlar.»[13]

Həmçinin buyurur: «Onlar Allah yolunda şəhadətə çatmağı arzu edərlər.»[14]

4-Şücaət və rəşadət

Həzrəti Məhdi (ə)-ın köməkçiləri öz mövlaları kimi, şücaətli və polad kimi iradətli insanlardır. İmam Əli (ə) onları vəsf edərək buyurmuşdur: «Onların hamısı meşədən çıxmış şirlər kimidir; Əgər iradə etsələr, dağları yerindən qopararlar.»[15]

5-Səbir və təmkinlilik

Aydındır ki, dünya səviyyəsindəki zülm ilə mübarizə aparmaq və ilahi ədalətin bərqərar edilməsi özü ilə çoxlu əzab-əziyyət və məşəqqətlər də gətirəcəkdir. İmamın köməkçiləri o həzrətin dünya səviyyəli proqramlarının həyata keçməsi üçün bütün çətin problemlərə və xoşagəlməzliklərə cani-dildən sinə gərir, lakin ixlas və təvazökarlıqlarına görə öz əməllərini çox kiçik dəyərləndirirlər. İmam Əli (ə) buyurmuşdur: «Onlar elə bir qrupdur ki, Allah yolunda (özlərindən göstərdikləri) səbir və helmlərinə görə Allah-Taalaya minnət qoymur, öz canlarını Allah-Taalaya təqdim etməklə iftixar etmir və onu böyük bir əməl saymırlar.»[16]

6-İttihad və həmrəylik

İmam Əli (ə) Məhdi (ə)-ın köməkçilərinin ittihad və həmrə`yliyini belə buyurur: «Onların qəlbləri bir və özləridə bir-birləri ilə həmahəngdirlər.»[17]

Onların eyni fikirdə olmasının səbəbi budur ki, onlarda özlərini bəyənmək, nəfsi şəxsi istəklər tabe olmaq və s. kimi mənfi xislətlərdə heç bir əsər-əlamət yoxdur, onlar düzgün etiqadla, bir bayraq altında və vahid bir hədəflə qiyam etmişlər. Bu da onların müqabil cəbhəyə qələbə çalma amillərindən biridir.

7-Dünyaya məftun olmamaq və təqva

İmam Əli (ə) Məhdi (ə)-ın köməkçilərini vəsf edərək buyurmuşdur: «O, öz köməkçilərindən (bu əsasda) bey`ət alır ki, qızıl və gümüş toplamasınlar, buğda və arpa ehtiyat etməsinlər.»[18]

Onlar çox yüksək hədəflərə malikdirlər, böyük ideyaların həyata keçməsi üçün ayağa qalxmışlar, buna görə də dünyanın maddi işləri onları öz hədəf və ideallarından saxlamamalıdır. Odur ki, dünyanın bər-bəzəklərini, qızıl-gümüşlərini görmək onları heyrətə salmır, qəlblərini sapdırmır və bu kimi işlər imamın xüsusi köməkçilərinin arasında heç bir əhəmiyyət kəsb etmir.

Qeyd olunanlar imam Məhdi (ə)-ın köməkçilərinin bə`zi xüsusiyyətləri idi ki, onlar bu xüsusiyyətlərə malik olduqları üçün rəvayətlərdə çox böyük əzəmətlə yad edilmiş, mə`sum rəhbərlər onları çox tə`rifləmişlər. Peyğəmbəri Əkrəm (s) onları vəsf edərək buyurur:

اُولئِكَ هُمْ خِيار الْاُمّةِ

«Onlar (mənim) ümmətimin ən yaxşılarıdır.»[19]

Digər bir rəvayətdə İmam Əli (ə) buyurur:

فَبِاَبى وَاُمّى مِنْ عِدّةٍ قََليلَةٍ اَسْمائُهُمْ فِى الْاَرْضِ مَجْهُولَةُ

«Atam-anam yer üzərində tanınmayan az bir qrupa fəda olsun!»[20]

Əlbəttə, İmam Məhdi (ə)-ın köməkçiləri özlərinin malik olduqları ləyaqətə görə müxtəlif təbəqələrdə qərar tuturlar. Rəvayətlərdən aydın olur ki, o həzrətin 313 nəfər xüsusi köməkçisindən əlavə, qiyamın əsas aparıcıları olan on min nəfərlik orduya da malikdir. Bundan əlavə, gəlişini gözləyən minlərlə mö`min də onun köməyinə tələsəcəkdir.

Ğ) Ümumi hazırlıq

Mə`sum imamların həyat tarixinin müxtəlif dövrlərində müşahidə olunur ki, insanlar imamın hüzurundan daha yaxşı istifadə etmək hazırlığına malik olmamışlar. Onlar müxtəlif dövrlərdə mə`sumun hüzur feyzindən bəhrələnməyin qədrini bilməmiş, onların hidayət çeşməsinin zülalarından layiqincə istifadə etməmişlər. Mütəal Allah Özünün sonuncu höccətini gizlətmişdir ki, hər vaxt onun qəbul edilməsi üçün ümumi hazırlıq olarsa zahir olsun, hamını ilahi mərifət sərçeşməsindən sirab etsin.

Buna əsasən, ümumi hazırlığın vücuda gəlməsi və`dəsi verilmiş xilaskarın zühuru üçün çox mühüm şərtlərdən biridir. Çünki yalnız ümumi hazırlıq əsasında o həzrətin islahatçı hərəkatı istənilən nəticəyə çata bilər.

Qur`ani-Kərimdə Bəni-İsraildən olan kiçik bir qrup-Calutun zülm və işgəncələrindən cana gələn insanlar barəsində qeyd olunur ki, onlar peyğəmbərlərindən istədilər ki, onlar üçün bir rəhbər tə`yin etsin, onun əmri və fərmanı arasında Calutla müharibəyə getsinlər.

أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ [21]

«Məgər Bəni-İsraildən olan bir cəmiyyəti müşahidə etmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: «Bizim üçün bir rəhbər (sərkərdə) seç ki, (onun fərmanı altında) Allah yolunda cihad edək.» Peyğəmbərləri dedi: «Bəlkə sizə cihad hökmü veriləndə (imtina edərək) Allah yolunda cihad etməzsiniz?!» Dedilər: «Necə mümkün ola bilər ki, Allah yolunda cihad etməyək, halbuki öz ev-eşiklərimizdən və övladlarımızdan (ayrılıb) qovulmuşuq (bizim şəhərlərimiz düşmən vasitəsilə işğal edilmiş, övladlarımız əsir tutulmuşdur)?!»

Amma onlara cihad hökmü verilən zaman az bir qrup istisna olmaqla, hamısı imtina etdilər. Allah zalımlara agahdır.»

Müharibə üçün bir nəfərin sərgərdə tə`yin edilməsi istəyi onlarda bir növ hazırlıq nişanəsidir, baxmayaraq ki, onların arasında çoxları yol əsnasında süstləşdilər və çox az bir qism mübarizəni axıra çatdırdılar. Deməli, zühur işi o zaman həyata keçəcəkdir ki, hamı cani-dildən cəmiyyətdə ədalət və əmin-amanlığın bərqərar olmasını istəsin, əxlaqi və ruhi cəhətdən təhlükəsizliyi tə`min olunsun, mə`nəvi cəhətdən çiçəklənib inkişaf etmək istəsinlər. İnsanlar ədalətsizlikdən, ayrı-seçkilikdən bezdikləri, zəif xalq gütlələrinin hüquqlarının qüdrət sahibləri və sərvətlər tərəfindən tapdalandığını maddi imkanların bir ovuc insanın əlində təmərküzləşdiyini, ümumixalq fərdlərinin çoxunun gündəlik çörəyə möhtac olduqlarını, başqa bir qrupun isə özlərinə göydələn saraylar tikdiyini, öz yığıncaqlarında həddindən artıq yemək və pul xərclədiyini gördükdə, ədalətsevərlik hisləri özünün son zirvəsinə çatacaqdır.

Əxlaqi pozğunluqların müxtəlif növlərdə rəvac verildiyini, əxlaqa və insaniyyətə zidd olan işlərin yerinə yetirilməsində bir-biri ilə yarışdığını, özlərinin çirkin əməlləri ilə iftixar etdiyini, yaxud insani və ilahi prinsiplərdən həddindən artıq uzaq düşdüklərini, iffətə zidd olan əməlləri «qanun» halına salıb nəticədə ailənin müqəddəs və möhkəm sütunlarını süstləşdirib başsız övladları cəmiyyətə tökdüyünü gördüyü zaman əxlaqi sağlamlığı, təhlükəsizliyi bəşəriyyətə hədiyyə edən bir rəhbərin zühuruna olan eşq həddindən artıq çoxalacaqdır. İnsanlar bütün maddi ləzzətləri sınaqdan keçirib, lakin öz həyat və məişətlərinə razı olmadıqları, mə`nəviyyatdan bəhrələnən bir dünya ardınca olduqları zaman İmam Zaman (ə)-ın lütf və mərhəmət çeşməsindən sirab olmaq üçün teşnəlikləri qat-qat artacaqdır. Aydındır ki, İmamın hüzuruna çatmaq şövqü o zaman özünün ən yüksək həddinə çatacaqdır ki, bəşəriyyət müxtəlif bəşər dövlət quruluşlarını və sistemlərini gördükdən sonra anlasın ki, aləmə fəsaddan, puçluqdan nicat verən yeganə şəxs-Allahın yer üzündəki canişini Həzrəti Məhdidir, pak həyatın yeganə proqramlarını da insanlara ərməğan gətirən də yalnız ilahi qanunlardır. Buna əsasən, bütün vücudları ilə imama olan ehtiyacı dərk edəcək, bu dərkin ardınca da zühurun zəminələrini yaratmaq üçün tam ciddiyyətlə sə`y göstərəcək və mövcud maneələri aradan qaldırmaq əzminə gələcəklər. Bu da yalnız fərəcin və qurtuluşun yarandığı bir zamandır.

Peyğəmbəri Əkrəm (s) zühurdan əvvəlki və axirəz-zaman dövrünün vəsfində belə buyurmuşdur: «Bir zaman gələr ki, mö`min insanın heç bir pənahgahı olmaz ki, zülmün və puçluğun şərindən ona pənah aparsın. (Belə bir zamanda) Allah Taala mənim xanədanımdan olan bir şəxsi seçər.»[22]

ZÜHURUN ƏLAMƏTLƏRİ

İmam Məhdi (ə)-ın dünya səviyyəli qiyam və inqilabının müəyyən nişanələri vardır. Bu nişanələri bilməyin çox mühüm tə`sirləri vardır. Bu nişanələr Ali-Muhəmmədin Məhdisinin fərəcinin müjdəsini verdiyinə görə, onların hər birinin baş verməsi intizarçıların qəlbinə ümid nuru saçacaq, inadkarlar və inhirafçılar üçün ciddi bir xəbərdarlıq olacaqdır ki, bəlkə özlərinin çirkin və yaramaz işlərindən əl çəkələr. Eləcə də bu iş müntəzilərə, zühuru görüb o həzrətlə yanaşı olmaq üçün qabiliyyət kəsb etmək, mə`sum imamla yanaşı olmaq üçün daha artıq hazırlayacaqdır. Bunu da nəzərə alaq ki, gələcəkdə baş verəcək hadisələrdən agah olmaq, onlarla daha yaxşı qarşılaşmaq üçün münasib bir proqram tökülməsini tələb edir. Belə ki, bu əlamətlər yalandan Məhdilik iddiası edənləri ayırd etməkdə gözəl bir me`yardır. Deməli, əgər bir şəxs Məhdilik iddiası etsə, lakin onun qiyamı bu əlamətlərlə yanaşı olmazsa, onun yalançı olmağını çox sadə şəkildə dərk etmək olar.

Mə`sum imamların rəvayətlərində zühur üçün çoxlu əlamətlər zikr olunmuşdur ki, onların bə`ziləri təbii və adi, bə`ziləri isə mö`cüzəli və qeyri-adi şəkildə baş verəcəkdir.

Bu əlamətlərin arasında əvvəlcə mö`təbər mənbələrdə və rəvayətlərdə daha qabarıq şəkildə qeyd olunanları qeyd edəcək, sonra isə digər əlamətlərin bir qismini ixtisarla bəyan edəcəyik.

İmam Sadiq (ə) bir rəvayətdə buyurmuşdur: «Qaimin qiyamının beş əlaməti vardır: Süfyaninin xürucu (qiyamı), yəmaninin xürucu, asimani səs, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi və Beyda çölündə qoşunun yerə batması.»[23]

Rəvayətlərə diqqət yetirməklə, çoxlu rəvayətlərdə də təkarar olunan bu beş əlaməti izah edəcəyik, baxmayaraq ki, onlarla əlaqədar hadisələrin incəliklərinin hamısı bizim üçün sübuta yetməmişdir.

A) Süfyaninin xüruc (qiyam) etməsi

Süfyaninin xüruc etməsinə çoxlu rəvayətlərdə işarə olunmuşdur. O, Əbu Süfyanın nəslindən olan bir nəfərdir ki, zühurdan azacıq öncə Şam diyarında qiyam edəcəkdir. O, cinayətkar bir adamdır və günahsız şiələri kütləvi şəkildə qırmaqdan heç bir qorxusu yoxdur. Öz düşmənləri ilə də faciəli şəkildə rəftar edəcəkdir. İmam Sadiq (ə) onu vəsf edərək buyurmuşdur: «Əgər Süfyanini görsən... insanlar arasında ən çirkin bir adamı müşahidə etmiş olarsan.»[24]

O, Rəcəb ayında qiyam edəcək sonra hücum edərək Şamı və onun ətraf məntəqələrini –İraqa qədər – öz ixtiyarına keçirəcək və orada kütləvi qırğınlara əl atacaqdır.

Bə`zi rəvayətlərdə qeyd olunur ki, onun qiyamı ilə qətlə yetirilməsi on beş ay çəkəcəkdir.[25]

B) Beyda çölündə qoşunun batması

Xəsf-yerə batmaq mə`nasınadır, Beyda isə Məkkə-Mədinə arasında olan bir məntəqənin adıdır.

Beydada baş verən xəsf dedikdə məqsəd budur ki, Süfyani bir qoşunu imamla mübarizə aparmaq üçün Məkkəyə tərəf göndərəcək, onun qoşunu Beyda çölünə çatan zaman mö`cüzəli şəkildə yerə batacaqdır. İmam Baqir (ə) bu barədə buyurmuşdur: «Süfyani ordusunun sərkərdəsinə xəbər çatacaqdır ki, Məhdi (ə) Məkkəyə tərəf getmişdir. Onun ardınca bir ordu göndərəcəkdir, lakin onu tapmayacaqlar... Süfyani ordusu Beyda çölünə çatan zaman asimandan bir nida edən şəxs belə deyəcəkdir: «Ey Beyda çölü, onları məhv et!» Bundan sonra səhra ordunun hamısını udacaqdır.»[26]

V) Yəmaninin xürucu

Yəmən ölkəsindən bir sərdarın qiyam etməsi zühur əlamətlərindən digər biridir ki, zühurdan azacıq öncə baş verəcəkdir. Saleh və mö`min bir şəxs olan Yəməni pisliklərin, azğınlıqların əleyhinə qiyam edəcək, və var-qüvvəsi ilə onlarla mübarizə aparacaqdır. Əlbəttə, onun hərəkat və tədbirlərinin dəqiq incəlikləri bizim üçün aydın deyildir.

İmam Baqir (ə) bu barədə buyurmuşdur: «Məhdinin qiyamından qabaq qaldırılan bayraqlar arasında Yəmaninin bayrağından da yaxşı hidayət edən bir bayraq yoxdur; çünki o, hidayət bayrağıdır və sizi sahibinizə (İmam Məhdiyə) doğru də`vət edir.»[27]

E) Asimani səs

Zühurdan qabaq baş verəcək əlamətlərdən biri də asimani «səyhə» qorxunc səsdir. Bə`zi rəvayətlərə uyğun olaraq Həzrət Cəbrail (ə) tərəfindən verilən bu asimani nida mübarək Ramazan ayında eşidiləcəkdir.[28] Həzrəti Məhdi (ə)-ın qiyamının dünya səviyyəli bir qiyam olduğuna və hamının onun gəlişini gözlədiyinə görə dünya xalqlarının bu hadisədən agah edilməsinin bir yolu da həmin asimani səsdən ibarətdir. İmam Baqir (ə) buyurmuşdur: «Qaimin qiyamı yalnız o zaman baş  ki, asimandan bir münadı (nida edən şəxs) nida etsin, bütün məşriq və məğrib əhli onu eşitsin[29]

Bu asimani səs mö`minlər üçün bir sevinc bəxş edən səs olmaqla yanaşı, bəd əməl sahibləri üçün də bir növ ciddi xəbərdarlıqdır ki, öz çirkin işlərindən əl çəksinlər və dünya xilaskarının köməkçiləri dəstəsinə qoşulsunlar.

Bu asimani sədanın nədən ibarət olması barəsində müxtəlif rəvayətlər nəql olunmuşdur. O cümlədən imam Sadiq (ə) buyurur: «Asimandan nida edən bir şəxs Qaimin özünün və atasının adı ilə səs verər.»[30]

Ğ) Nəfsi Zəkiyyənin qətlə yetirilməsi

«Nəfsi Zəkiyyə» kamal həddinə çatmış» yaxud günahsız və pak bir şəxs mə`nasınadır ki, o, heç bir kəsi şəxsi qətlə yetirməmişdir. Nəfsi Zəkiyyənin qətlə yetirilməsi dedikdə məqsəd budur ki, İmam Məhdi (ə)-ın qiyamından azacıq öncə Həzrətin müxaliflərinin əli ilə bir görkəmli və günahsız şəxsiyyət qətlə yetiriləcəkdir.

Bu hadisənin nə vaxt baş verməsinə gəldikdə isə, bə`zi rəvayətlər də imam Məhdi (ə)-ın qiyamından on beş gecə öncə olacağı deyilir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: «Ali-Məhəmmədin Qaiminin qiyamı ilə Nəfsi Zəkiyyənin qətlə yetirilməsi arasında yalnız on beş gecə fasilə vardır.»[31]

Rəvayətlərdə digər əlamətlər də qeyd olunmuşdur ki, onların bə`ziləri budur: Dəccalın xürucu (çoxlu insanları yoldan azdıran çirkin və hiyləgər bir varlıq). Mübarək Ramazan ayında ayın və günün tutulması, fitnə-fəsadın aşkar olması və Xorasandan bir kişinin qiyam etməsi.

Qeyd etmək lazımdır ki, bu nişanələrin izahı və təhlil olunması müffəsəl kitablarda özünə yer almışdır.[32]



[1] Mizanul-hikmət, beşinci cild, hədis 8166

[2] Qeybəti Nömani, 15-ci bab, hədis 2

[3] İmam Baqir (ə), İmam Məhdi (ə)-ı vəsf edərək buyurur: «O həzrət Allahın kitabı – Qur`an əsasında əməl edəcək və qarşılaşdığı elə bir çirkinlik olmayacaqdır ki, onu inkar etməsin.» «Biharul-Ənvar», 51 cild, səh. 141

[4] O inanır ki, indiyə qədər dünya səviyyəsində iki böyük inqilab – əkinçilərin inqilabı və sənətkarların inqilabı icad olunmuşdur. Üçüncü dalğa isə sənayenin fövqündə olan elektoronik inqilaba yetişməkdədir

[5] İntizar jurnalı, 2-ci il 3-cü nömrə səh 98, Taflerin «Yeni mədəniyyətə doğru» kitabından, Məhəmməd Rza Cə`fərinin tərcüməsi.

[6] Nəcmus-saqib, səh. 193

[7] Səfinətul-bihar, 8-ci cild, səh. 681

[8] Müntəxəbül-əsər, 8-ci fəsil, birinci bab, ikinci hədis, səh. 611

[9] Yövmül xəlas, səh. 223

[10] Yövmul-xəlas, səh. 224

[11] Biharul-ənvar, 52-ci cild, səh. 308

[12] Yenə orada.

[13] Yenə orada.

[14] Yenə orada.

[15] Yovmul-xəlas, səh. 224

[16] Yenə orada səh 224

[17] Yenə orada səh 223

[18] Müntəxəbul-əsər, 6-cı fəsil, 11-ci bab, 4-cü hədis, səh. 581

[19] Yovmül-xəlas, səh. 224

[20] Mö`cəmu əhadisil İmamil-Məhdi, ikinci cild, səh. 101

[21] Bəqər surəsi 246

[22] Əqdüd-dürər, səh 73

[23] Qeybəti Nömani, 14-cü bab, 9-cu hədis, səh. 261

[24] Kamalud din, 2-ci cild, 57-ci bab, hədis 10, səh. 557

[25] Qeybəti Nömani, 18-ci bab, 1-ci hədis, səh. 310

[26] Yenə orada, 14-cü bab, 67-ci hədis, səh. 289

[27] Yenə orada, 13-cü hədis, səh. 264

[28] Yenə orada, səh. 262

[29] Yenə orada, 14-cü hədis, səh. 256

[30] Yenə orada, 10-cü bab, hədis 29, səh. 187

[31] Kamalud din, ikinci cild, 57-ci bab, ikinci hədis, səh. 554

[32] Biharul-ənvar, 52-ci cild səh 181-278

  535
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment