Azəri
Friday 29th of March 2024
0
نفر 0

İKİNCİ XӘLİFӘ ÖMӘR İBNİ XӘTTAB

17. İKİNCİ XӘLİFӘ ÖMӘR İBNİ XӘTTAB

Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin vəfatından sonra onun vəsiyyəti ilə İslam xilafətini böyük səhabələrdən biri olan Ömər ibni Xəttab öz öhdəsinə götürdü.

Bir daha xatırlatmaq istəyirik ki, bu araşdırmalar ixtilaf salmaq, düşmənçilik yaratmaq məqsədi daşımır. Həmçinin qeyd etməyi lazım bilirik ki, bu məsələlərdə ümumiyyətlə ixtilaf doğuran heç bir cəhət yoxdur. Sadəcə olaraq burada müqəddəs dinimizin tarixi araşdırılır, hər kəs elmi və məntiqi əsaslarla öz fikrini bəyan edir. Məsələn, Ömər ibni Xəttabın Məkkə şəhərində hökm sürən ağır günlərdə iman gətirməsi, ulu Peyğəmbərimizin (s) səhabəsi olması heç kim tərəfindən təkzib olunmur. Söhbət yalnız xilafət məsələsində bəzi anlaşılmazlıqlardan gedir.

Әhli-sünnə qardaşlarımızın etiqadına görə Ömər ibni Xəttab Әbu Bəkrdən sonra xilafət məqamına layiq olan ən çıxarlı bir şəxs idi. Onlar bu seçimi əqli və nəqli dəlillərə əsasən məqbul bir hakimiyyət üsulu hesab edirlər.

Biz də öz növbəmizdə bu üstünlüyün hansı dəyərlərə əsaslandığını araşdırmaq və mülahizə etmək hüququndan məhrum deyilik.

İslam dininə görə hər hansı bir şəxsin başqaları ilə müqayisədə daha üstün və əfzəl olması yalnız və yalnız onun iman və elmi ilə bağlıdır.

Ömər ibni Xəttabın iman baxımından başqalarından ən üstün olduğunu demək ən azı mə᾿lumatsızlıq və ya diqqətsizlik sayılır. Әhli-sünnənin öz mö᾿təbər kitablarını vərəqlədikcə, tarixi faktlara, hədislərə nəzər saldıqca həqiqətin bu deyilənlərlə fərqli olduğunu anlamaq heç də çətin deyil. Burada əhli-sünnə kitablarında yazılmış və Ömər ibni Xəttabın iman dərəcəsindən xəbər verən bir neçə faktı yazmaqla kifayətlənirik:

Məşhur əhli-sünnə alimləri Ömər ibni Xəttabın həzrət Məhəmmədin (s) peyğəmbərliyində dəfələrlə şəkk etdiyini yazmışlar.

İbni Məcazili Şafei «Әl-mənaqib» kitabında və Hafiz Әbu Abdullah Məhəmməd ibni Әbi Nəsr Həmidi «Әl-Cəm bəynəs-səhihəyn» kitabında yazır:

«Ömər ibni Xəttab buyurdu: Hüdeybiyyə günündə şəkk etdiyim kimi Məhəmmədin (s) peyğəmbərliyində şəkk etməmişdim».

Cümlənin məzmunundan belə çıxır ki, Ömər dəfələrlə şəkk etmişdi, lakin «Hüdeybiyyə» günü daha böyük şəkkə düçar olmuşdur.

Әziz oxuculara maraqlı olduğu üçün «Hüdeybiyyə» sülhü barədə qısa mə᾿lumat veririk:

Hicrətin 6-cı ilində Peyğəmbər (s) yuxuda öz səhabələri ilə birlikdə Məkkəyə getdiklərini gördü. Həzrətdən yuxunun yozumunu soruşduqda, inşallah Məkkəyə gedəcəklərini buyurdu. Lakin Peyğəmbər (s) bu ziyarətin nə vaxt baş tutacağı barədə bir söz demədi. Həmin il Həzrət (s) öz səhabələri ilə birlikdə Məkkəyə tərəf hərəkət etdi. «Hüdeybiyyə» quyusunun yanında Məkkə müşrikləri silahlı qoşunla onların qarşısını kəsdi. Peyğəmbər (s) döyüş niyyəti ilə gəlmədiyi üçün müşriklərlə sülh razılaşması (Hüdeybiyyə sülh müqaviləsi) əldə edib geri qayıtdı.

Bu zaman Ömər ibni Xəttab öz dediyinə əsasən, həzrətin peyğəmbərliyində şəkk etdi. Peyğəmbərin (s) hüzuruna gedib soruşdu: Ey Allahın Rəsulu, bəs siz buyurdunuz ki, Məkkəyə gedəcəyik, orada ziyarət əməllərini yerinə yetirib başımızı qırxacağıq?! (Baş qırxmaq həcc əməllərindən biridir) Peyğəmbər (s) onun cavabında buyurdu:

«Mən müəyyən bir vaxt təyin etməmişdim. Dediklərim həqiqətə çevriləcək. Biz Məkkəyə daxil olub ziyarət edəcəyik.»

Bu zaman Cəbrail nazil olub bu ayəni gətirdi:

«And oldsun ki, Allah-taala Öz Rəsulunun yuxusunun çin olduğunu təsdiq etdi. Siz Allahın istəyi ilə əmin-amanlıq içində, başınızı qırxdırmış (və ya) saçınızı qısaltmış halda və qorxmadan Məscidul-hərama (Məkkəyə) daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi də bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə də bəxş edəcəkdir».

Ömər ibni Xəttabın iman və etiqadının Әhli-sünnənin təsəvvür etdiyi dərəcədə olmadığını bəyan edən faktlardan biri də Peyğəmbərin (s) ömrünün son günlərində baş verən hadisələrdir.

1. Buxari «Səhih» kitabında (2-ci cild);

2. Müslim «Səhih» kitabında (vəsiyyət);

3. Həmidi «Әl-cəm bəynəs-səhihəyn» kitabında;

4. İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında;

5. İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında;

6. Kermani «Şərhu Səhih Buxari» kitabında;

7. Nuvi «Şərhu Səhih Müslim» kitabında;

8. İbni Həcər «Әs-səvaiqul-mühriqə» kitabında;

9. Qütbiddin Şafei «Kəşful-ğüyub» kitabında;

10. İmam Ğəzzali «Sirrul-aləmin» kitabında yazırlar:

«Peyğəmbər (s) son həcc ziyarətindən qayıtdıqdan sonra xəstələnib ölüm yatağına düşmüşdü. Səhabələrdən bir dəstəsi həzrətin görüşünə getdilər. Peyğəmbər (s) buyurdu: “Mənə ağ kağız və mürəkkəb verin; sizə vəsiyyətimi yazılı şəkildə verim ki, məndən sonra yolunuzu azmayasınız…»

Ömər ibni Xəttab ucadan dedi: «Boşlayın bu kişini, o sayaqlayır. Allahın kitabı bizə kifayət edər....»

Səhabələrdən bəziləri Öməri müdafiə etdilər, digər səhabələr isə müxalifətçilik edib ona öz etirazlarını bildirdilər. Yaranan səs-küydən narahat olan Peyğəmbər (s) buyurdu:

«Buranı tərk edin, mənim yanımda münaqişə etmək yaxşı iş deyil».

Әziz oxucuların diqqətini Ömər ibni Xəttabın təkcə bu bir cümləsinə cəlb etmək istəyərdik:

«Boşlayın bu kişini, o sayaqlayır. Allahın kitabı bizə kifayət edər...»

Qurani-Kərimin göstərişinə əsasən Peyğəmbəri (s) müxtəlif ləqəblərlə, hətta adı ilə deyil, «Allahın Rəsulu» deyə çağırmaq lazımdır:

«Məhəmməd sizlərdən heç kimin atası deyil. O, yalnız Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur». (Әhzab–40).

Ömər ibni Xəttab Qurani-Kərimin göstərişinə zidd olaraq Allahın peyğəmbərinə «bu kişi» deyir.

Qurani-Kərim Peyğəmbərin (s) özündən heç bir şey demədiyini, buyurduqlarının yalnız ilahi vəhy olduğunu bəyan edir:

«O, öz nəfsindən (ürəyi istəyən bir şey) danışmır.

Onun danışdıqları vəhydən başqa bir şey deyil».

Ömər ibni Xəttab isə Peyğəmbərin (s) buyurduğu cümləni vəhy kimi qəbul etmək əvəzinə «O sayaqlayır» deyir. Təkcə bu cümlə onu söyləyənin iman və mərifətinin nə dərəcədə olduğunu başa düşmək üçün kifayətdir. Necə ki, Qazi İyaz Şafei «Şifa» kitabında, Kermani «Şərhu Səhih Buxari» kitabında, Nuvi «Şərhu Səhih Müslim» kitabında bu cümləni deyən şəxsin kimliyindən asılı olmayaraq iman və mərifətinin zəif olduğunu açıq şəkildə yazmışlar.

Cümlənin sonunda deyilir: «Allahın kitabı bizə kifayət edər». Bu cümlənin nə qədər məntiqsiz olduğu gün kimi aydındır. Әvvəla, hamıya mə᾿lumdur ki, «Qurani-Kərim» bir kitab olaraq, təkbaşına insanların hidayəti üçün kifayət etmir. Әgər belə olsaydı, xüsusi bir peyğəmbərə ehtiyac olmazdı. Allah-taala Öz kitabını bilavasitə Öz bəndələrinə göndərər, hər kəs özü bildiyi kimi bu kitabdan istifadə edərdi.

Məşhur əhli-sünnə alimi Qütbiddin Şafei «Kəşful-ğüyub» kitabında yazır:

«Mən xəlifə Ömərin (rəziyəllahu ənhu) bu cümləsinə çox təəccüb edirəm. Elə bil ki, onu anlamayan bir şəxs deyir: Bu kitab mənə kifayət edər, mənim həkimə ehtiyacım yoxdur».

Digər tərəfdən, əgər Allahın kitabı kifayət edərsə «icma və səsvermə» üsulu nəyə lazım idi?

Nə üçün əziz qardaşlarımız özlərini «Әhli-Quran» yox, əhli-sünnə adlandırırlar?

Gördüyünüz kimi əhli-sünnə məzhəblərindən olmaqlarına baxmayaraq, bir çox həqiqi elm sahibləri Ömər ibni Xəttabın iman və etiqadının təsəvvür olunan qədər fövqəladə olmadığını təsdiq edirlər.

Xəlifə Ömərin elmi keyfiyyətləri barədə növbəti bəhsimizdə söhbət açacağıq.

18. ÖMӘR İBNİ XӘTTABIN ETİRAFI

Qeyd olunduğu kimi hər hansı bir şəxsin başqalarına nisbətən üstünlüyü yalnız onun iman və elmi ilə bağlıdır.

İkinci xəlifə Ömər ibni Xəttabın iman və etiqadı barəsində söhbət açan tarixi sənədlərə baxarkən mə᾿lum oldu ki, onun başqaları ilə müqayisədə elə də yüksək bir üstünlüyü yoxdur.

İndi isə ikinci xəlifənin elmi keyfiyyətlərini araşdıraraq, onun bu nöqteyi-nəzərdən başqalarından üstün olub-olmadığına nəzər salaq.

Әhli-sünnət kitablarında Ömər ibni Xəttabın öz xilafəti dövründə dəfələrlə elmi xətalara düçar olduğunu, çətinliyə düşəndə Әli (ə)-dan kömək aldığını və Әli (ə)-ın müqabilində öz zəifliyini etiraf etməsini açıq şəkildə yazmışlar.

Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Zəməxşəri «Kəşşaf» kitabında, Әbu Bəkr Baqilani «Ğəraibul-Quran» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Həmidi «Әl-cəm bəynəs-səhihəyn» kitabında, İbni Məcazili «Mənaqib» kitabında yazır:

«Bir gün Ömər ibni Xəttab müsəlmanların qarşısında xütbə oxuyaraq dedi: Hər kəs öz arvadına 400 dirhəmdən artıq mehriyyə təyin etsə, şallaq vurdurub mehriyyənin artığını beytul-mala daxil edəcəyəm.

Bir qadın ayağa qalxıb Qurani-Kərimin bu ayəsini oxudu:

«Öz arvadınızı boşayıb yeni arvad aldığınız zaman birinciyə təyin etdiyiniz mehriyyə çox olsa da, ondan heç nə almayın!»

Ömər bu ayəni eşitdikdə dedi: Sizin hamınız, hətta qadınlar da Ömərdən savadlıdırlar.»

«Әl-cəm bəynəs-səhihəyn» kitabının müəllifi yazır:

«İkinci xəlifənin dövründə beş kişini tutub Ömərin hüzuruna gətirdilər. Onların zina etdikləri isbat olundu. Xəlifə ilahi hökmün dərhal icrası üçün onların daş-qalaq olunmasına əmr etdi. Bu zaman Әli (ə) oraya çatıb hökmün səhv olduğunu buyurdu. Ömər - sən bizdən daha savadlısan - deyə, hökm etməyi Әli (ə)-a tapşırdı.

Әli (ə) birinci şəxsin boynunu vurdurdu, ikinci şəxsin daş-qalaq olunmasına, üçüncü şəxsə 100 şallaq, dördüncüyə 50 şallaq, beşinciyə 25 şallaq vurulmasına əmr etdi. Ömər hökmün bu qədər müxtəlif olmasına təəccüb edərək bunun səbəbini soruşdu. Әli (ə) onun cavabında dedi: Birinci şəxs İslam hökumətinin himayəsində olan kafir idi. O, müsəlman qadınla zina etdiyi üçün bizim himayədarlığımızdan xaric olaraq ölümə məhkum olundu.

İkinci şəxs evli halda zina etdiyi üçün daş-qalaq olundu.

Üçüncü şəxs subay halda zina etdiyi üçün 100 şallaqla cəzalandı.

Dördüncü şəxsə, qul olduğu üçün azad insanların cəzasının yarısını, yə᾿ni 50 şallaq vuruldu.

Beşinci şəxs isə axmaq və ağıldan kəm olduğu üçün rəsmi cəza almamalıdır; yalnız tənbeh üçün 25 şallaq vurmaq olar. Ömər Әli (ə)-ın bu elmindən heyrətlənərək dedi: Әli (ə) olmasaydı Ömər həlak olardı.»

Nurəddin Maliki «Әl-füsulul-muhimmə» kitabında, Gənci Şafei «Kifayətul-talib» kitabında yazırlar:

«Bir gün Ömər ibni Xəttab Həzifə ibni əl-Yəmanla rastlaşaraq soruşdu: Bu gecəni necə sübh etdin?

Həzifə onun cavabında dedi: And olsun Allaha! Elə bir halda sübh etdim ki, haqdan acığım gəlir, fitnəni sevirəm; görmədiyimə inanır, yəhudi və xristianların sözlərini təsdiq edirəm; mənim yer üzündə elə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur...

Xəlifə Ömər bu sözlərdən əsəbləşib onu cəzalandırmaq istədi. Bu zaman Әli (ə) onlara yaxınlaşaraq dedi:

Onun dedikləri bir həqiqətdir.

-Haqqdan acığım gəlir, yə᾿ni ölümdən acığım gəlir...

-Fitnəni sevirəm, yə᾿ni övladlarımı sevirəm. Әnfal surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, sizin malınız və övladlarınız fitnədirlər...»

-Görmədiyimə inanıram, yə᾿ni gözlərin görmədiyi Allaha, qiyamətə inanıram...

-Yəhudi və xristianların sözünü təsdiq edirəm, yə᾿ni onların bir-birinin haqqında dediklərini təsdiq edirəm. Bəqərə surəsinin 113-cü ayəsində buyurulur: «Yəhudilər dedilər, xristianlar bir şey deyillər və xristianlar dedilər, yəhudilər bir şey deyillər...»

-Mənim yerlərdə bir şeyim vardır ki, Allahın göylərdə ondan yoxudur, yə᾿ni mənim arvadım var, Allahın isə yoxdur...

Ömər təəccüb edərək dedi: Әli olmayan (zamanda qarşılaşacağım) çətinlikdən Allaha pənah aparıram...»

İslam xəlifələri dövründə baş vermiş yüzlərlə bu kimi maraqlı hadisələri sadalamaq olar.

Burada yalnız Ömər ibni Xəttabın Әli (ə)-ın müqabilində elmi cəhətdən aciz olduğunu etiraf etməsini təsdiqləyən bəzi əhli-sünnət kitablarının adlarını yazmaqla kifayətlənirik.

1. «Təhzibut-təhzib» - İbni Həcər Әsqəlani;

2. «İbtalul-batil» - Qazi Fəzlullah;

3. «Tə᾿vilu-müxtələfil» hədis – İbni Qüteybə;

4. «Әs-səvaiqul-muhriqə» - İbni Həcər Məkki;

5. «Usdul-ğabə» - İbni Әsir;

6. «Tarixul-xülafə» - Cəlaləddin Siyuti;

7. «Әl-füsulul-mühimmə» - Nurəddin ibni Səbbağ;

8. «Әl-mənaqib» - Xətib Xarəzmi;

9. «Müsnəd» - İmam Әhməd ibni Hənbəl;

10. «Kəşful-bəyan» - İmam Sə᾿ləbi;

11. «Turuqul-həkəmiyyə» - İbni Qəyyim;

12. «Sünən» - İbni Macə;

13. «Şərhu-fəthil-mubin» - Məhəmməd Termezi;

14. «Yənabiul-məvəddə» - Şeyx Süleyman Hənəfi;

15. «Cəvahirul-əqdəyn» - Səmhudi.

Adları çəkilən və digər onlarla kitablarda Ömər ibni Xəttabın bu cümləsi yazılmışdır:

«Әli (ə) olmasaydı Ömər həlak olardı.»

19. HӘZRӘT FATİMӘ RAZI DEYİLSӘ...

İslam xəlifələri Әbu Bəkr ibni Әbu Qəhafə və Ömər ibni Xəttab barəsində müəyyən qədər mö᾿təbər mə᾿lumatlar verdik. Lakin bütün dediklərimizə göz yumsaq belə, onların Peyğəmbərin (s) yeganə yadigarı həzrət Fatiməyə qarşı etdikləri səhvləri unutmaq olmur. Həzrət Fatimənin kim olduğu barədə kifayət qədər mə᾿lumat vermək təkcə bu kitabın deyil, onlarla xüsusi kitabın həcminə sığmaz. Təkcə onu deyə bilərik ki, bu əziz xanımın dünya və axirət xanımı olması, onun razılığının Allah-taalanın razılığı, qəzəbinin ilahi qəzəb olmasını bütün şiə və əhli-sünnət kitabları təkrar-təkrar yazmışlar.

Hafiz Әbu Bəkr Beyhəqi «Tarix» kitabında, İbni Әbul-birr «İstiab» kitabında, Mir seyyid Әli Həmədani «Məvəddətul-qurba» kitabında yazırlar:

Peyğəmbər (s) təkrar-təkrar buyurardı:

«Fatimə mənim ümmətimin qadınlarının ən yaxşısıdır.»

İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında, Әbu Bəkr Şirazi «Nüzulul-Quran fi-Әli» kitabında, İbni Әbdul-birr «İstiab» kitabında və Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddəh» kitabında öz sənədləri ilə nəql edirlər:

Peyğəmbər (s) buyurdu:

«Dünya xanımlarının ən yaxşıları dörd qadındır: Məryəm (İsanın anası), Asiya (Fir᾿onun arvadı), Xədicə (Peyğəmbərin həyat yoldaşı) və Fatimə.»

Hafiz Әbu Musa «Mö᾿cəm» kitabında, İbni Həcər Әsqəlani «İsabə» kitabında, Sibt ibni Cuzi «Təzkirə» kitabında və İbni Həcər Məkki «Әs-səvaiqul-muhriqə» kitabında yazır:

Peyğəmbər (s) öz qızına üz tutub buyurdu:

«Ey Fatimə! Allah-taala sənin qəzəbinə qəzəblənər və razılığına razı olar.»

Buxari «Səhih» kitabında  yazır:

Peyğəmbər (s) buyurdu:

«Fatimə mənim canımın bir hissəsidir. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.»

Həzrət Fatimənin dəfələrlə Әbu Bəkr və Ömər tərəfindən inciməsini əksər tarixçilər öz kitablarında qeyd etmişlər.

Xüsusilə, Peyğəmbərin (s) öz qızına hədiyyə etdiyi Fədək bağının onun əlindən alınması xəlifələrin ən böyük səhvlərindən biri idi.

Fədək bağı döyüşlərin birində əldə olunmuş qənimətlərin bir hissəsi idi. İmam Әhməd Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə» kitabında, Hakim Həskani «Şəvahidut-tənzil» kitabında (Qeyd olunan kitablar Quranın təfsirləridir) və İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında yazır:

«Öz yaxınlarının haqqını ver...»

Bu ayə nazil olan kimi Peyğəmbər (s) Fədək bağını həzrət Fatiməyə hədiyyə etdi.»

Göründüyü kimi Fədək bağı Peyğəmbərin (s) öz həyatı dövründə öz qızına bağışladığı xüsusi bir mülk idi. Lakin Әbu Bəkrin xilafəti dövründə bu bağ həzrət Fatimədən alınıb beytul-mala daxil edildi. Әbu Bəkr Fədək bağının irs yolu ilə həzrət Fatiməyə çatdığını deyir, peyğəmbərlərdən isə heç kəsə irs qalmadığını iddia edirdi. O, bu iddiasına dəlil gətirərək deyirdi:

Peyğəmbərdən (s) özüm eşitdim ki, buyurdu:

«Peyğəmbərlərdən heç kimə miras qalmaz.»

Әbu Bəkrin nəql etdiyi bu hədisin səhv olduğunu sübut etmək üçün çoxlu sayda dəlillər gətirmək olar. Lakin həzrət Fatimənin özünün bəyan etdiyi dəlilləri və xanımın öz hüquqlarını necə müdafiə etdiyini oxuculara təqdim etməyi məqsədəuyğun sayırıq.

-Әbu Bəkr Әhməd Cövhəri «Səqifə» kitabında, İbni Әsir «Nihayə» kitabında, Məs᾿udi «Әxbaruz-zaman» kitabında və İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Fədək bağı həzrət Fatimədən alındıqdan sonra xanım, Әli (ə)-la birlikdə məscidə gedib öz haqqını tələb edərək buyurdu: Әgər Fədəkin irs olduğunu qəbul etsək, bu irs nə üçün mənə çatmamalıdır? Deyirsiniz ki, peyğəmbərlərdən heç kimə irs çatmaz...? Bəs nə üçün Qurani-Kərimdə peyğəmbərlərdən irs qalması bəyan edilir?

«Süleyman (peyğəmbər) Davudun (peyğəmbər – Süleymanın atası) irsinə sahib oldu.»

«(Zəkəriyyə peyğəmbər dua edərək: İlahi,) Öz mərhəmətindən mənə bir övlad ver ki, mənim və Yə᾿qubun övladlarının irsinə sahib olsun...»

Ey Әbu Qəhafənin oğlu (Әbu Bəkr), Allahın kitabında yazılıb ki, sən öz atandan irs apara bilərsən, mən yox?

Həqiqətən böyük bir iftira yaxmısan. Qəsdən Allahın kitabını tərk edirsiniz. Allah mənim atamı irs qanunundan istisna etdiyi ayəni sizəmi göndərib? Yoxsa siz mənim atamdan və əmim oğlundan (Әli) Qurana daha arifsiniz? Bilin ki, ən yaxşı hakim Allah, ən yaxşı himayədar Məhəmməd (s) və ən yaxşı üzləşəcəyiniz yer qiyamətdir. O gün batil kəslər ziyana uğrayacaq. Lakin peşmançılıq sizə fayda verməyəcək. Hər şeyin öz vaxtı var, tezliklə görərik kimi əzab çulğalayacaq...»

İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində əlavə edir:

«Həzrət Fatimənin xütbəsindən sonra Әli (ə) da dəlillərini bəyan etdi. Onlar getdikdən sonra Әbu Bəkr xalqı sakitləşdirmək üçün mənbərə çıxıb dedi: O, bir tülküdür ki, öz quyruğu ona şahidlik edər (kimi nəzərdə tutduğu aydındır). O, Ümmi Təhal (məşhur zinakar qadın) kimidir ki, öz yaxınları ilə zina etməyi xoşlayar.»

Doğrudan bu cümlələri oxuduqda onu söyləyənin kim olmasına baxmayaraq, təəccüb edirsən. Әslində təkcə biz yox, məzhəbindən asılı olmayaraq, bütün insaflı və imanlı şəxslər bu cümlələrə təəccüb etmişlər.

İbni Әbil Hədid Mö᾿təzili yazır:

«Xəlifənin bu sözlərini eşidəndə təəccübümü gizlədə bilmədim. Öz müəllimim Әbu Yəhya Nəqib Cəfər əl-Bəsridən soruşdum: Xəlifə bu cümlədə kimi nəzərdə tutur? Ustad buyurdu: Burada qaranlıq bir şey yoxdur. Dedim: Әgər qaranlıq bir şey olmasaydı soruşmazdım. Ustad gülümsəyərək buyurdu: Әli ibni Әbu Talibi nəzərdə tutmuşdur. Bir daha soruşdum: Bu sözlər hamısı Әli (ə)-a aiddir?! Ustad cavab verdi: Oğlum, hakimiyyət və səltənət belədir!!»

Ötən bəhslərimizdə Әli (ə)-dan bey᾿ət almaq üçün onun evinə hücum olunduğu, bu zaman Peyğəmbərin (s) əziz qızının incidilməsi barədə geniş söhbət açmışdıq.

Әbu Məhəmməd Abdullah Bahili Deynuri «Tarixul-xüləfa ər-raşidin» kitabında bu hadisəni geniş şəkildə yazmışdır. Hadisə zamanı həzrət Fatimənin dediyi bir cümlə xanımın Әbu Bəkr və Ömərdən narazı olduğunu açıq şəkildə bəyan edir:

«Atacan! Ey Allahın rəsulu! Səndən sonra Әbu Qəhafənin oğlu (Әbu Bəkr) ilə Xəttabın oğlundan (Ömər) biz nələr çəkdik...»

Həmin iman və insaf əhli olan əhli-sünnət alimi (Deynuri) öz kitabında, həmçinin İbni Әbil Hədid «Şərhu-nəhcil-bəlağə» kitabında yazır:

«Fatimənin ömrünün son günlərində Ömər, Әbu Bəkrə dedi (və ya əksinə): Gəl birlikdə gedib Fatimədən halallıq alaq, biz onu qəzəbləndirmişik. Onlar Fatimənin evinə gəldikdə xanım onlara görüş icazəsi vermədi. Onlar Әli (ə)-dan xahiş edərək evə daxil oldular. Xanım üzünü divara çevirib sakit dayandı. Әbu Bəkr dedi: Ey Peyğəmbərin (s) əzizi, and olsun Allaha ki, səni qızım Aişədən çox istəyirəm. Kaş Peyğəmbərdən (s) sonra ölmüş olaydım. Mən sənin kim olduğunu hamıdan yaxşı bilirəm.

Həzrət Fatimə Әli (ə)-a dedi: Onlardan soruş: Eşitməmişdiniz ki, Peyğəmbər (s) buyurdu: «Fatimənin razılığı mənim razılığım, qəzəbi mənim qəzəbimdir. Qızım Fatiməni sevən məni sevmişdir...»

Әbu Bəkr və Ömər cavab verdilər: Bəli, Peyğəmbərdən (s) bu sözləri eşitmişik. Həzrət Fatimə buyurdu: Mən Allahı və Onun mələklərini şahid tuturam ki, siz məni incitdiniz, mən sizdən razı deyiləm. Atam Peyğəmbəri (s) görən kimi sizdən şikayət edəcəyəm. Onlar bu sözləri eşidəndə şiddətlə ağlamağa başladılar.

Həzrət Fatimə için-için ağlayaraq buyurdu: And olsun Allaha ki, hər dəfə namaz qılanda sizə nifrin edirəm...

Әbu Bəkr dözə bilməyib nalə çəkərək çölə çıxdı.»

Peyğəmbərin (s) əziz qızı cəmi 18 il miskin və qərib bir həyat sürərək atasından 75 və ya 95 gün sonra (bəzi ehtimallara görə 6 ay sonra) vəfat etdi. Xanım öz vəsiyyətində buyurdu: Ya Әli, bunlardan heç biri mənim dəfnimdə iştirak etməsinlər...

Məni gecənin qaranlığında, gözlər yumulub yatandan sonra dəfn edərsən.

Səhih Buxari kitabında yazıldığı kimi Әli (ə), xanımın vəsiyyətinə uyğun olaraq onu gecə yarı keçdikdən sonra torpağa tapşırdı.

Ulu Peyğəmbərimizin (s) haqq də᾿vətinə ləbbeyk deyib ona iman gətirən bütün müsəlmanlar bu sualın cavabı haqqında düşünməlidirlər:

«Görəsən Peyğəmbərimizin (s) cigər parası, əziz qızı Fatimənin müqəddəs məzarı haradadır, bu məzar nə üçün bu günədək gizli qalmışdır?»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment