Azəri
Monday 19th of August 2019
  1133
  0
  0

TƏHRİFİN MƏ᾽NA VƏ NÖVLƏRİ TƏHRİF NƏDİR?

TƏHRİFİN MƏ᾽NA VƏ NÖVLƏRİ

TƏHRİF NƏDİR?

Təhrif – lüğətdə bir neçə mə᾽na daşıyır. Bu mə᾽naların bə᾽zilərinə Qur᾽anda da rast gəlirik.

1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mə᾽nasında deyil, digər mə᾽nalarda işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa surəsinin 46-cı ayəsində bu haqda deyilir:

مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ

«Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»

Biz təhrifə Qur᾽ana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir çox bid᾽ətçi və batil əqidələrin sadiq davamçıları öz əqidələrini sübuta yetirmək üçün, Qur᾽an ayələrinin təfsirində təhrifə yol verərək, öz batil əqidələrini onun üzərində tətbiq etməyə çalışmışlar. İmamlar və onların davamçıları bu məsələyə ciddi yanaşmış, Qur᾽anda təhrifə yol verməyi qətiyyətlə qadağan etmişlər. Məsələn, İmam Baqirin (ə) Sə᾽d Xəyrə yazdığı məktubda deyilir:

«Onlar Qur᾽andan üz çevirib ayələrin mə᾽nalarını təhrif edirlər. Gecə-gündüz Qur᾽an oxuyar, lakin onun göstərişlərinə əməl etməzlər. Dar düşüncəli şəxslər Qur᾽anı üzündən oxumaqla zövq alar, alimlər isə ona əməl olunmadığını görəndə kədərlənərlər.» (Vafi «Namaz» fəslinin sonu, 5-ci cild, 284-cü səh.).

2. Hərf və hərəkələrdəki təhriflər;

Əgər kəlmələrdən bə᾽zilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mə᾽nada heç bir dəyişiklik baş verməsə də təhrifə yol vermiş oluruq.

On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. Müxtəlif səbəblər üzündən meydana gəlmiş on qiraət üsullarında bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən də onlardan yalnız birini Qur᾽anın orijinal nüsxəsi ilə tətbiq etmək mümkündür.

3. Kəlmələrdəki təhriflər;

Əgər Qur᾽anın kəlmələrindən bə᾽zilərini oradan çıxarsaq və ya ayrı bir kəlməni oraya əlavə etsək, mə᾽nasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol vermiş oluruq.

Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qur᾽ana yol tapa bilmişdir.

Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır:

1. Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər birinə yeni yazılmış Qur᾽anın bir nüsxəsini göndərməklə, bu nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin yandırılmasını əmr edir. Buradan belə mə᾽lum olur ki, Osmanın xilafəti dövründə Qur᾽anın yazılış baxımından bir-birindən fərqli nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları nəzərə alaraq bu nüsxələrin yandırılmasını əmr etmişdir.

2. Əbu Davud Səcestani özünün tə᾽lif etdiyi «Sünəni-ibni Davud» adlı kitabında o dövrün Qur᾽an nüsxələrində mövcud olmuş ixtilafları müəyyən etmişdir.

 Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Qur᾽an nüsxələrində kəlmələrin oxunuş və yazılış formasında nəzərə çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri, Qur᾽anın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən uyğun idi və xəlifə Osmanın tətbiq etdiyi Qur᾽anlar məhz bu nüsxədən köçürülmüşdür.

 İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə əsaslanır ki, hal-hazırda hamı tərəfindən mütəvatir olaraq tilavət olunan Qur᾽an nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif nüsxələrdə mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət edilmişdir. Xəlifə Osman bütün nüsxələrin yandırılmasını və yalnız Qur᾽anın orijinal nüsxəsinin saxlanılmasını əmr edir.

Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Qur᾽an nüsxələrinin mütəvatir və sonralar yazılmış nüsxələri təhrif olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan Qur᾽an nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər.

Çünki Təbəri və bu kimi əqidəyə əsaslanan bə᾽zi müfəssirlər öz kitablarında Qur᾽anın yeddi səbkidə nazil olduğunu və Ömərin xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər.

4. Ayələrdəki təhriflər;

Əgər hər hansı bir ayə və ya surəni Qur᾽ana əlavə etsək, yaxud oradan çıxarsaq, mə᾽na baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də Qur᾽ana yol tapdığının şahidi oluruq. Məsələn, «Bismillahir-rəhmanir-rəhim» ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində oxunmasına baxmayaraq, bu ayənin, Qur᾽anın bütün surələrinin bir hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.

Belə ki, əhli-sünnə alimlərinin bir qismi «Bismillah» ayəsini Qur᾽an ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib namazlarda «həmd» surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli-sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, «Bismillah» ayəsini Tövbə surəsi istisna olmaqla, Qur᾽anın bütün surələrinin tərkib hissəsi hesab edirlər. Həmd surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.

5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;

Əgər Qur᾽ana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Qur᾽anın mə᾽na və mahiyyətinə xələl gətirər və nəhayətdə onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi təhriflər Qur᾽ana yol tapmamışdır və bu hər bir müsəlmanın zəruri hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.

6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.

Təhrifə səbəb olan məsələlərdən biri də Qur᾽anın ayə və ya kəlmələrini ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bə᾽ziləri belə bir iddia irəli sürmüşlər ki, Qur᾽an ayələri zaman keçdikcə müxtəlif amillər üzündən bə᾽zən ixtisara düşmüş və nəticədə Qur᾽an öz orijinallığını itirmişdir.

Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Qur᾽anın Peyğəmbərə (s) nazil olunduğu surətdə qorunub saxlanıldığına e᾽tiqad bəsləyirik.

MÜSƏLMANLAR QUR᾽ANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI ƏQİDƏYƏ ƏSASLANIRLAR

Mə᾽lum oldu ki, müsəlmanların əksəriyyəti Qur᾽ani-Kərimdə istər əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad etməmişlər.

Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Qur᾽anın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu Cə᾽fər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.

Qur᾽anın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də «Məcməul-bəyan» təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı mə᾽lumat vermişdir.

Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kəşful-ğitanın» müəllifi Şeyx Cə᾽fər, «Urvətul-vüsqa»nın müəllifi Əllamə Şəhşəhani Qur᾽anın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum molla Möhsin Feyz, «Alaurrəhman» təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər.

Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Qur᾽anın təhrif olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün İslam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində tə᾽lif etdikləri əsərlərə nəzər saldıqda, Qur᾽anın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü xəlifənin dövründən sonra Qur᾽an nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir.

Ümumiyyətlə, Qur᾽anın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli-sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: «Şəxsi nəzəri olmayan bə᾽zi kəlam alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, Qur᾽anın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər.» (E᾽cazul-Qur᾽an, 41-ci səh.).

Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Qur᾽anın təhrifi haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir mə᾽lumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.

  1133
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment