Azəri
Tuesday 26th of March 2019
  1005
  0
  0

RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ

RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ

Qur᾽anın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli-sünnə mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.

1. Bu rəvayətlər Zürarənin İmam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir: «Qur᾽an birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.» (Üsuli-kafi, Nəvadir fəsli, 12-ci rəvayət).

Fəzl ibni Yəsar İmam Sadiqdən (ə) Qur᾽anın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə) cavabında deyir: «Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Qur᾽an bir olan Allah tərəfindən yalnız bir səbkidə nazil olmuşdur.» (Üsuli-kafi, Nəvadir fəsli, 13-cü rəvayət).

Qur᾽an və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən mö᾽təbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir. Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.

Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir əhəmiyyət kəsb etməməlidir.

2. Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz e᾽tibarını itirməsinə səbəb olur.

1) Məsələn, rəvayətlərdən birində deyilir: «Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Qur᾽anı bir səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.

2. Rəvayətdən birində deyilir: Ubeyy məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.

3. Bə᾽zən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbni Məs᾽udun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.

4. Qur᾽anın yeddi müxtəlif səbkilərdə nazil olması mə᾽na və məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Qur᾽anın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də ziddiyyətli mə᾽nalar verməsinə səbəb ola bilər. Qur᾽anın ən başlıca hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.

YEDDİ OXUNUŞ SƏBKİNİN MƏ᾽NA VƏ MƏFHUMU

Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bə᾽zilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.

1. SİNONİM KƏLMƏLƏR

Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mə᾽nalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.

Məsələn, «əccil», «əsri᾽» və «is᾽ə» kəlmələrinin hər üçü «tələsmək» mə᾽nasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Qur᾽anı, eyni mə᾽na daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni mə᾽na daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Qur᾽an nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Qur᾽anın orijinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtubi və İbni Əbdul-Birr Qur᾽anın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.

NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR

Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.

1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Sə᾽d ibni Museyyib deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Qur᾽anı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və «əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: «Elə yazdıqların düzdür.» Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bə᾽zən bunu özünə böyük fəxr bilib deyərdi: «Peyğəmbər (s) ayələrdə istifadə olunan bə᾽zi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.»

2. Ənəsin dediklərinə istinad edərək deyir:

 O, «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Qur᾽an oxumaq, dua etmək] daha münasibdir!» ayəsindəki «əqvəm» kəlməsini «əsvəb» kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə «əsvəb» deyil, «əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni mə᾽na daşıyır.»

3. İbni Məs᾽udun qiraətinə istinad edərək deyir:

«[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu» ayəsində «səyhətən vahidətən» birləşməsini «zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə» eyni mə᾽nalı sözlər olub, dəhşətli və tükürpədici səs mə᾽nasını daşıyır.

4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda «Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir» ayəsində «təamul əsim» birləşməsini «təamul yətim» kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mə᾽nasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki «facir» və «əsim» kəlmələri eyni mə᾽na daşıyır.

5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Qur᾽an, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mə᾽nalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.

Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Qur᾽anın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mə᾽nalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!

2) Qur᾽an öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi mö᾽cüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mə᾽nalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?

Mə᾽lum məsələdir ki, sonuncu səmavi kitab olan Qur᾽an Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mö᾽təbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs Kitabın orijinallıq və toxunulmazlıq məsələsidir. Əgər Qur᾽anda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu Kitab nə orijinal sayılar və nə də onun mö᾽cüzə olmasından danışmağa dəymir. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin» surəsinin bir neçə ayəsini məhz Qur᾽anın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.

“Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai. Əla təriqin səviyy. İnzalil həmidil kərim. Lituxəvvifə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.”

Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs Kitabda belə dəyişikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Qur᾽anın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.

Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.

Allah-taala Öz peyğəmbərinə xitabən buyurur:

قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي

«Onlara de ki: Mən onu özbaşına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram».

 Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!

Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: «Və nəbiyyukəlləzi ərsəltə». Bərra burada «nəbi» kəlməsini «rəsul» sözü ilə əvəz edir. Bu sözlərin mə᾽na baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan, 58-ci səh.).

Şəxsən özü tə᾽lim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına və᾽də verilən Qur᾽an ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Qur᾽anı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

«Şübhəsiz ki, Qur᾽anı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırılıb-azalmadan] qoruyub saxlayacağıq.» (Hicr-9).

2. Rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽anın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bə᾽ziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Qur᾽anın orijinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.

Buradan bir neçə nəticəyə gələ bilərik.

1. Qur᾽anın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.

Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mö᾽təbərliyinə istinad edə bilmərik. Bir halda ki, bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bə᾽zi hallarda qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti nəzərdən keçirdik, növbəti fəsillərdə bu mövzuya bir daha qayıdacağıq.

2. Müsəlmanların Qur᾽anı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki İslamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb idilər və Qur᾽anın orijinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin İslamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.

3. Rəvayətlərdən belə mə᾽lum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Qur᾽an oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük ne᾽mət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.

Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?!!

Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu e᾽tiraf etmişlər. (Tibyan 61-ci səh).

Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.

İkinci nəzər: Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məs᾽uddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Qur᾽an isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Qur᾽anın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.

Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.

1. Rəvayətlərin zahiri mə᾽nasından mə᾽lum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;

2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məs᾽ud rəvayəti nəql edərək deyir: Allah-taala Qur᾽anı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;

3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki zəcr və haram sözləri eyni mə᾽na daşıyır. Demək, Qur᾽andakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Qur᾽anda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, mə᾽ad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mə᾽naları aşkar olduğu üçün bütün mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Qur᾽anı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki Qur᾽ani-Kərimdə bəyan olunan mövzular mə᾽na baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).

Üçüncü nəzər: Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Qur᾽an ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.

  1005
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment