Azəri
Monday 17th of June 2019
  1023
  0
  0

HƏDİSLƏRİN MƏTNİ

«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ARAŞDIRILMASI

HƏDİSLƏRİN MƏTNİ

Əhli-sünnə alimləri öz kitablarında Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş»u haqda bir çox hədis və rəvayətlər nəql etmişlər. Burada onlardan bir neçəsini araşdırmağı məqsədəuyğun görürük.

1. Təbəri, Yunus və Əbi Kəribdən, onlar da İbni Şəhabdan, o da İbni Abbasdan və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:

Peyğəmbər (s) buyurur: «Cəbrail Qur᾽anı mənə yalnız bir səbkidə oxudu. Mən də onu bir müddət həmin səbkidə oxuyurdum. Sonra mən ondan bunun sayını artırmasını xahiş etdim. O da, qiraətlərin sayını artırıb yeddiyə çatdırdı.»

Bu hədisi Müslim öz kitabında Hərmələdən, o da İbni Vəhəbdən və o da Yunusdan nəql etmişdir. (Səhih Müslüm. 2-ci cild, 202-ci səh).

2. Buxari, Əbi Kəribdən, o da Əbdürrəhman ibni Əbi Leyladan, o da babası Ubeyy ibni Kə᾽bdən nəql edərək yazır: «Məsciddə idim, bir şəxs daxil olub namaz qılmağa başladı. Qiraəti xoşuma gəlmədiyi üçün ona bir neçə irad tutdum. Sonra başqa birisi daxil olub tam başqa bir qiraətlə namaz qılmağa başladı. Mən onun da qiraətinə irad tutdum. Yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün hər üçümüz Peyğəmbərin (s) yanına getdik. O həzrəti gördükdə dedim: Bu iki nəfər məsciddə qiraətləri bir-birindən fərqli namaz qılırdılar və mən hələ bu vaxta qədər onların qiraətinə bənzər qiraət eşitməmişdim. Peyğəmbər (s) onların qiraətlərini dinləyib hər ikisini alqışladı. Bu əhvalat məndə şübhə hissi yaratdı, lakin bu hiss, cahiliyyət dövründəki hisslərimdən fərqli idi. Peyğəmbər (s) mənim nigaran qaldığımı görüb əlini ahəstəcə sinəmə qoydu. Xəcalət hissi bütün vücudumu bürüdü. O həzrət buyurdu: “Ey Ubeyy! Mənə, Qur᾽anın yalnız bir səbkidə oxunması əmr olundu. Lakin mən, bunun ümmətim üçün bir qədər asan olmasını istədim. İkinci dəfə əmr olundu və mən yenə də öz xahişimi təkrar etdim. Bu əhvalat üç dəfə təkrar olundu və mən öz xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Qur᾽anın yeddi səbkidə oxunması əmr olundu. Sonra mənə dedilər: İstəklərin tə᾽xirə düşdüyü üçün onların hər birinin müqabilində bir şey istəyə bilərsən. Belə olduqda mən ikinci istək olaraq, Allah-taaladan ümmətin bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının mənə ehtiyacı olacağı günə saxlamışam.»

Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql etmişdir. Təbəri də digər ravilərə istinad edərək bu rəvayəti bir qədər fərqli şəkildə öz kitabında gətirmişdir.

3. Təbəri, Əbi Kəribdən, o da Süleyman ibni Sərddən və o da Ubeyy ibni Kə᾽bdən nəql edərək deyir: «Günlərin bir günündə məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz qılanların qiraətini dinləməyə başladım. Lakin, onlardan birinin qiraəti məni lap təəccübləndirdi. Ondan bu qiraəti kimdən öyrəndiyini soruşdum. O, «Peyğəmbərdən (s)»-deyərək cavab verdi. Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini dinləməsini xahiş etdim. Peyğəmbər (s) onu dinlədikdən sonra öz razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz qiraət bu şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu: «Həm onun, həm də sənin qiraətin tamamilə düzgündür.» Dedim: Ya Rəsuləllah! Həm mənə, həm də ona afərin deyirsiniz?!

Sonra əlini sinəmə vurub bu duanı etdi: “İlahi! Ubeyin qəlbindəki şəkk-şübhəni ondan uzaq et!”

Ubeyy deyir: Qorxu hissi büs-bütün vücudumu bürüdü. Sonra Peyğəmbər (s) buyurdu: «Günlərin bir günündə yanıma iki mələk gəldi. Onlardan biri Qur᾽anı yalnız bir səbkidə oxumağımı əmr etdi, ikinci mələk isə dedi: Bir qədər də əlavə et! Dedim: Bu xahişi mən də ondan etdim. Dedi: Elə isə iki səbkidə oxu! Biz bu xahişi bir neçə dəfə təkrar etdik. Səbkilərin sayı yeddiyə çatdıqda daha ondan heç bir şey istəmədik.»

4. Təbəri, Əbu Kəribdən, o da atasına istinad edərək Əbdürrəhman ibni Bəkrədən və o da Peyğəmbərdən (s) nəql edərək deyir: «Cəbrail nazil olub dedi: Qur᾽anı yalnız bir səbkidə oxu! Mikayıl (mələk), ondan əlavə etməsinə xahiş etməyimi məsləhət gördü. Mən də ondan əlavə etməsini xahiş etdim. Cəbrail dedi: Elə isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana qədər ondan xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri mə᾽na baxımından rəhmət (bağışlama) və rəhmət ayələri əzab ayələrinə çevrilməsin.»

5. Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən, o da atasından nəql edərək deyir: «Günlərin bir günündə bir şəxs Ömər ibni Xəttabın qarşısında Qur᾽an oxuyur. Ömər bu qiraətə qane olmayıb ona e᾽tiraz edir. həmin şəxs deyir: Peyğəmbər (s) mənim qiraətimi dinləmiş və düzgünlüyünü təsdiq etmişdir. Ömər bu sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır. həmin şəxs deyir: Ya Rəsuləllah! Məgər mən hüzurunuzda Qur᾽an oxuduqdan sonra siz qiraətimin düzgünlüyünü təsdiq etmədinizmi? Peyğəmbər (s) buyurur: «Bəli!» Ömər bu əhvalatdan çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir və əlini sinəsinə qoyub üç dəfə bu sözləri təkrar edir: Şeytanı özündən uzaq et!» Sonra buyurur: «Ömər, bu qiraətlərin hamısı tamamilə düzdür. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri mə᾽na baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələrinə çevrilməsin.»

Təbəri buna oxşar başqa bir əhvalatı, Ömər ibni Xəttab və Hişam ibni Həkəm arasında baş verdiyini də Yunus ibni Əbdül Ə᾽ladan nəql etmişdir.

Bu əhvalatı Buxari, Müslüm, Termizi də öz kitablarında gətirmişlər.

6. Təbəri, Məhəmməd ibni Musənnadan, o da İbni Əbi Leyladan, o da Ubeyy ibni Kə᾽bdən nəql edərək deyir: «Peyğəmbər (s) Ğəffar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir və deyir: «Ya Rəsuləllah! Allahın sənə Qur᾽anı öz davamçılarına yalnız bir səbkidə öyrətməyini və onların bu səbkidə oxumalarını əmr edir. Peyğəmbər (s) buyurur: «Allahın bizə rəhm etməsini istəyirəm. Çünki mənə iman gətirmiş şəxslər belə bir ağır hökmü icra etməyə qadir deyildirlər.» Ubeyy deyir: Cəbrail ikinci dəfə yerə enərkən ona bu xəbəri çatdırır: Allahın sənə Qur᾽anı iki səbkidə oxumağını əmr edir. Peyğəmbər bir daha həmin xahişi təkrar edir. Bu əhvalat bir neçə dəfə təkrar olur və nəhayət Cəbrail dördüncü dəfə nazil olduqda Peyğəmbərə (s) Qur᾽anı yeddi səbkidə oxumaq icazəsini verir. Bu qiraətlərin hər birindən istifadə edən şəxs, onların tamamilə düzgün olmasına əmin olmalıdır. (Səhihi Müslüm. 2-ci cild, 203-cü səh.).

7. Təbəri, Əbi Kəribdən, o da Zərrdən, o da Ubeydən nəql edərək deyir: «Peyğəmbər (s) Məra-əhcar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir. Peyğəmbər (s) ona deyir: «Mən heç bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq göndərilmişəm.» Cəbrail onun nə demək istədiyini başa düşüb deyir: «Elə isə Qur᾽anı yeddi səbkidə qiraət edin.» (Səhihi-Termiz,. 11-ci cild, 64-cü səh.).

8. Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı əzab ayələri mə᾽na baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.»

9. Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da Əbu Hüreyrədən nəql edərək deyir: «Peyğəmbər (s) buyurur: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim, Ğəfur, Rəhim kimi ifadələr bir-birinin yerində işlənmişdir.»

10. Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məs᾽uddan nəql edərək deyir: «Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə daxil olduqda, Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə haqdasa söhbət etdiyini gördük. Mətləbi açıqladıqda qəzəbdən Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu: «Keçmiş ümmətlər bu kimi mə᾽nasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan getmişlər.» Bizdən ayrılıb Əliyə (ə) təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu: «Allahın peyğəmbəri Qur᾽anı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.» (Təfsiri-Təbəri, 1-ci cild, 9-15-ci səh).

11. Qurtubi, Əbu Davuddan, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Mənə Qur᾽anın bir və ya iki səbkidə oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif olundu. Mələk yenə də yanıma gəlib üç səbkidə oxumağı tövsiyə etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Qur᾽anın oxunma səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən “Əliymən”, istərsən “Səliymən”, istərsən “Əziyzən”, istərsən də “Həkiymən” oxu. Lakin əzab ayələrini rəhmət ayələri ilə əvəz etmə.»

Qur᾽anın müxtəlif səbkilərdə oxunmasına dair nəql olunmuş rəvayətlərin xülasəsini nəzərinizə çatdırdıq. Gələcək fəsillərdə bu rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.

  1023
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment