Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ISLAM FILOSOFLARI BAXIMINDAN

ISLAM FILOSOFLARI BAXIMINDAN

Islam filosofları bu məsələni başqa cür bəyan ediblər. Amma əldə etdikləri nəticə bizim ayə və rəvayətlərdən əldə etdiyimiz nəticə ilə uyğundur. Әbu Әli ibni Sina belə deyir:

«Insanlar cismi sağlamlıq və bədənlərinin gözəlliyi baxımından üç qrupa bölünürlər. Onların bir qrupu tam sağlam və ya gözəlliyin tam zirvəsində olurlar. Başqa bir qrup isə çirkinlik və ya xəstəliyin son həddində olurlar. Bu iki qrupun hər ikisi azlıq təşkil edirlər. Çoxluq təşkil edən qrup, sağlamlıq və xəstəlik, gözəllik və çirkinlik baxımından orta vəziyyətdə olanlardır. Onlar nə tam sağlam və nə də naqis yaradılmış varlıq kimi həmişə xəstə olurlar və həmçinin nə həddindən artıq gözəl və nə də həddindən artıq çirkindirlər.

Insanlar mə`nəvi və ruhi cəhətdən də belədirlər. Bir qrup həqiqət vurğunu, bir qrup isə həqiqətin qatı düşmənidir. Üçüncü qrup əksəriyyət və ortabab olanlardır ki, nə birinci qrup kimi həqiqət vurğunu və nə də ikinci qrup kimi həqiqət düşmənidirlər. Bunlar həqiqətə çatmayan insanlardırlar. Həqiqət onlara təqdim edilsə, onlar onu qəbul etməkdən boyun qaçırmazlar.»

Başqa sözlə desək, onlar islami və fiqhi baxımdan müsəlman deyildirlər, amma həqiqət baxımından «müslim», yə`ni ona təslim olanlar və ona qarşı inadkarlıq göstərməyənlərdir».

Әbu Әli bu bölmədən sonra belə deyir:

«Allahın rəhmətini geniş bil və onu az saylı bir qrupa məxsus hesab etmə!»

Molla Sədranın «Әsfar» kitabının xeyir-şər bəhslərində gətirdiyi iradlardan biri də budur:

«Siz xeyrin şərdən çox olmasını necə deyirsiniz, halbuki, kainatın ən şərəflisi olan insana nəzər salanda görürük ki, onların əksəriyyəti əməl baxımından çirkin əməllər, e`tiqad baxımından isə batil və puç əqidə və nadanlığa düçardırlar, çirkin əməllər və puç əqidələri məad işlərini xarab edərək onları bədbəxtliyə salıb. Deməli varlığın meyvəsi və gülü olan insanın aqibəti bədbəxtçilikdir».

Molla Sədra bu iradın cavabında Әbu Әlinin sözlərinə işarə edərək belə deyir:

«Insanlar o dünyadakı sağlamlıq və səadətləri baxımından bu dünyadakı sağlamlıqları kimidirlər. Bu dünyada tam sağlam, tam gözəl və həmçinin tam xəstə və tam çirkin azlıq təşkil etdiyi və çoxluq, nisbi sağlamlığa malik ortabablarla olduğu üçün, o dünyada da kamillər — Qur`anın dili ilə desək, «Әs-sabiqun» ilədir və həmçinin bədbəxtlər — Qur`anın dili ilə desək, «Әshabuş-şimal» azdırlar və əksəriyyət Qur`anın «Әshabul-yəmin» adlandırdığı ortabab insanlarla olacaq. Molla Sədra bu sözünün davamında belə deyir: Deməli hər iki dünyada çoxluq rəhmət və sağlamlıq əhli ilədir».

Filosoflar demək istəyirlər ki, Islam dinini qəbul etməyə nail olanların az olmalarına baxmayaraq, fitri Islama malik olan insanlar və Islam ilə məhşərə gətirilənlər əksəriyyət təşkil edir.

Bu əqidə tərəfdarlarının fikrincə, Qur`anda peyğəmbərlərin, dinlərini bəyəndikləri şəxslərə şəfaət edəcəkləri barəsindəki mətləbdən məqsəd, qüsur nəticəsində çata bilmədikləri və inadkarlıq da göstərmədikləri kəsb edilməli olan din deyil, fitri dindir.

MÜSӘLMANLARIN GÜNAHLARI

Indi isə müsəlmanların günahları barəsində danışacağıq. Bu məsələ eynilə birinci məsələnin (yə`ni qeyri-müsəlmanların xeyir işləri məsələsinin) əksidir və keçən bəhsin yekunu sayılır. Sual budur ki, müsəlmanların günahlarının cəzası qeyri-müsəlman şəxslərin cəzası kimi olacaq, yoxsa yox?

Keçən bəhsimiz elmi əqidə olduğu üçün onun irəli sürülməsi zəruri idi, amma bu məsələnin irəli sürülməsi əməli bir zərurətdir. Çünki indiki əsrdə müsəlman cəmiyyətlərin tənəzzülə uğraması və məhv olmasının səbəblərindən biri, son zamanlarda müsəlmanların bir qrupunda, xüsusilə şiələrin əksəriyyətində yaranmış yersiz qürurdur.

Әgər onlardan «şiə olmayanların yaxşı əməlləri Allah dərgahında qəbul ediləcək?» deyə soruşulsa, onların çoxu «yox» cavabını verəcəklər. Onlardan «şiələrin pis və günah işlərinin hökmü nədir?» deyə soruşulanda isə onlar «şiələrin bütün pis və günah işləri bağışlanacaq» deyə cavab verirlər.

Bu iki cümlədən belə mə`lum olur ki, dəyəri olmayan yeganə şey əməldir. Onun nə mənfi və nə də müsbət bir dəyəri var. Səadət və xoşbəxtliyin yeganə lazımi və zəruri şərti, insanın öz adını şiə qoymasıdır.

Bu qrup adamlar adətən belə dəlil gətirirlər:

1. Әgər bizimlə başqalarının günahları bir cür nəzərə alınaraq hesablanacaqsa, bəs onda şiə ilə qeyri-şiə arasında nə fərq var?

2. Belə məşhur bir rəvayət var: «Әlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.»

Onların birinci dəlillərinin cavabında demək lazımdır ki, şiə ilə qeyri-şiə arasındakı fərq, şiə öz rəhbərlərinin verdiyi proqramlara, qeyri-şiə də öz dini proqramlarına əməl edəndə mə`lum olur. Bəli, onda həm dünya və həm də axirətdə şiənin başqalarından üstün olması aydınlaşır. Fərqi mənfi deyil, müsbət cəhətlərdə axtarmaq lazımdır. «Şiə ilə qeyri-şiə, dini poqramlarını ayaq altına qoyanda fərqə malik olmalıdırlar və onlar arasında fərq olmasa, bəs şiə ilə qeyri-şiə arasında nə fərq var?» demək lazım deyil.

Bu eynilə iki xəstənin həkimə müraciət etməsi kimidir. Həmin xəstələrdən biri dərin mə`lumatlı həkimə, digəri isə səthi mə`lumatlı həkimə müraciət edir, amma həkimdən nüsxə alandan sonra onların heç biri ona əməl etmirlər. Sonra birinci xəstə gileylənir ki, bəs mənimlə dərin mə`lumatı olmayan həkimə müraciət edən xəstə arasında nə fərq var? Nə üçün mən də onun kimi xəstə qalmalıyam, halbuki mən dərin mə`lumatlı həkimə, o isə səthi mə`lumatlı həkimə müraciət edib?!

Indi bizim də Әli (ə) ilə başqalarının fərqini biz o həzrətin göstərişlərinə əməl etməyəndə ziyan görməyəcəyimizdə, onların isə öz rəhbərlərinin sözlərinə əməl etsələr də, etməsələr də ziyan görəcəklərində görməyimiz düz deyil!

Imam Sadiqin (ə) səhabələrindən biri o həzrətə deyir ki, sizin şiələrinizdən bə`ziləri yollarından çıxıblar və haramları halal sayaraq deyirlər ki, əsas məsələ ancaq imamı tanımaqdır, imamı tanıdınsa, istədiyin işi görə bilərsən. Imam Sadiq (ə) onun cavabında belə buyurur:

«Inna lillah və inna iləyhi raciun! Bu kafirlər bilmədikləri şeyi öz ağılları ilə yozurlar. Söhbət bundan gedir ki, imamı tanı və sonra itaət olunası əməllərdən nə istəyirsənsə et, Allah qəbul edəcək, çünki Allah-taala agahlıqla olmayan əməli qəbul etmir.» (Müstədrəkul-vəsail; 1-ci cild; səh. 24.)

Məhəmməd ibni Marid imam Sadiqdən (ə) soruşur ki, siz doğrudan da «Imamı tanıyandan sonra istədiyini et» cümləsini demisiniz?

Imam deyir ki, bəli demişəm.

Məhəmməd ibni Marid deyir ki, hər əməl, hətta zina, oğurluq və içki içmək?!

Imam buyurur: «Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Allaha and olsun ki, bizim barəmizdə insafsızlıq ediblər. Biz öz əməllərimizə məs`uliyyət daşıyırıq, bizim şiələrimizin məs`uliyyətlərinin götürülməsi necə mümkündür? Mən demişəm ki, imamı tanıyan kimi istədiyin qədər xeyir iş gör, qəbul olacaq».

«Әlinin(ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günahı zərər gətirməz.» hədisinə gəldikdə isə, onun təfsirinin nə olmasını araşdırmaq lazımdır. Böyük alimlərdən biri - deyəsən Vəhid Behbəhani - bu hədisi xüsusi bir tərzdə təfsir edib. O buyurub ki, hədisin mə`nası budur ki, əgər Әlinin (ə) məhəbbəti düzgün məhəbbət olsa, günah insana heç vaxt zərər gətirməz, yə`ni insanlıq, ibadət, itaət və əxlaqın kamil nümunəsi olan Әlinin məhəbbəti, yalançı və qondarma deyil, həqiqi məhəbbət olsa insanın günah etməsinə mane olar. Bu məhəbbət mühafizə yaradaraq xəstəliyin insana yol tapmasına mane olan peyvənd kimidir. Әməl, təqva və pərhizkarlıq simvolu olan Әli kimi rəhbərin məhəbbəti, adamı onun rəftarının vurğunu edir, günah fikrini onun başından çıxardır. Әlbəttə bunların hamısı məhəbbətin həqiqi olması şərti ilədir. Әlini (ə) - onun təqvasını, ah-nalələrini, gecə yarısı olan nalələrini dərk edən, ona məhəbbət bəsləyən şəxsin həmişə təqva və əmələ sifariş edən Әlinin (ə) göstərişlərinə zidd işlər görməsi qeyri-mümkündür. Hər bir aşiq öz sevgilisinin istəklərinə hörmət bəsləyir və onun göstərişlərini əziz tutur. Sevgiliyə tabe olaraq onun göstərişlərinə əməl etmək düzgün məhəbbətin zərurətlərindəndir. Bu təkcə Әliyə (ə) aid deyil və Peyğəmbərə (s) olan düzgün və həqiqi məhəbbət də belədir. Deməli «Әlinin (ə) məhəbbəti elə bir gözəllikdir ki, onun olması ilə insana heç bir günah zərər gətirmir» hədisinin mə`nası budur ki, Әlinin məhəbbəti günahın insana zərər vurmasına mane olur, yə`ni günahın insana yol tapmasına mane olur. Bəli həmin hədisin mə`nası nadanların güman etdikləri şey, yə`ni Әli məhəbbətinin hər bir günahı tə`sirsiz edən bir şey olması deyil.

`zi dərvişlər bir tərəfdən Allahın dostu olmalarını iddia edir, digər tərəfdən isə bütün günahkarlardan çox günah edirlər. Onlar da yalançı iddiaçılardırlar.

Imam Sadiq (ə) buyurub: «Allah məhəbbəti iddiası ilə Ona asi olursan; Canıma and olsun ki, bu çox təəccüblü işlərdəndir; əgər sənin məhəbbətin həqiqi məhəbbət olsaydı, ona itaət edərdin; çünki hər bir dostun öz dostuna tabe olması təbiidir».

Әmirəl-mö`minin (ə) həqiqi dostları həmişə günahlardan uzaqlaşıblar. O həzrətin vilayəti günaha təşviq və sövq edən deyil, günahdan saxlayan bir amildir.

Imam Baqir (ə) buyurub:

«Bizim vilayətimizə yaxşı əməl və günahdan çəkinməkdən başqa heç bir şey ilə çatmaq mümkün deyil».

Indi də bu mətləbi təsdiq edən bir neçə rəvayətə nəzər salaq.

1. Tavus Yəmani deyir:

Mən Әli ibni Hüseyni axşamdan səhərə kimi Allah evinin başına təvaf edən və ibadətlə məşğul olan halda gördüm. O, ətraf sakitləşən kimi heç kəsin olmadığını görüb göyə baxaraq belə dedi: «Ilahi, ulduzlar göydən yoxa çıxdılar, camaatın gözü yuxuya getdi və Sənin qapıların dua edənlərin üzünə açıqdır...»

Tavus o həzrətin bu barədəki təvazökar və abidanə olan dualarından çoxlu cümlələr nəql edərək belə deyir: O həzrət münacatının ortasında bir neçə dəfə ağladı və sonra torpağın üstünə düşdü və səcdə etdi. Mən onun yanına gedib başını dizimin üstünə qoyub ağladım. Gözlərimdən yaş axdı və damcılar o həzrətin üzünə düşdü. O ayağa durub oturdu və məndən soruşdu ki, sən kimsən ki, məni Allahla danışmaqdan ayırdın? Dedim ki, mən Tavusam, ey Peyğəmbərin oğlu! Bu nalə və ağlamaqlar nə üçündür? Biz belə etməliyik, çünki, günahkar və cəfakarıq? Sənin atan Hüseyn ibni Әli (ə), anan Fatimeyi-Zəhra, baban isə Allahın Peyğəmbəridir. (Yə`ni belə şərəfli əsil-nəcabətə malik ola-ola sən nədən qorxursan?) O həzrət mənə baxıb belə dedi: «Xeyr, xeyr, ey Tavus! Әsil-nəcabət məsələsini kənara qoy. Allah cənnəti itaətkar və xeyirxah olanlar üçün yaradıb, o, hətta qara qul olsa belə ! Atəşi isə Onun fərmanından çıxan üçün yaradıb, hətta Qureyşin şahzadələrindən olsa belə! Məgər Allahın bu sözünü eşitməmisən ki, buyurub: «Sur çalınanda əsil-nəsəblər aradan gedir və bir-birlərindən heç nə soruşmurlar. Allaha and olsun ki, bu gün göndərdiyin əməldən başqa sənə heç nə xeyir verməyəcək».

2. Islam Peyğəmbəri (s) Məkkənin fəthindən sonra Səfa dağının başına çıxaraq belə fəryad etdi: Ey Haşim oğulları! Ey Әbdul-Müttəlib oğulları! Haşim və Әbdul-Müttəlib övladları toplaşdılar. Onlar hamısı toplaşandan sonra o həzrət onlara xitab edərək belə buyurdu:

«Mən Allahın sizə göndərdiyi elçisiyəm, mənim sizə ürəyim yanır. Məhəmməd bizdəndir - deməyin, Allaha and olsun ki, sizin və sizdən başqalarının arasından yalnız pərhizkarlar mənim dostlarımdırlar. Məbada qiyamət günü siz çiyninizdə dünyanı daşıdığınız, başqaları isə axirəti daşıdıqları halda gələsiniz. Mən özümlə siz və sizinlə Allah arasında heç bir üzr yeri qoymadım. Bizim hər birimiz üçün yalnız öz əməlimiz qalacaqdır.»

3. Tarix kitablarında yazılıb ki, əziz Islam Peyğəmbəri ömrünün son günlərində, bir gecə təkcə çölə çıxaraq Bəqi qəbristanlığına gedir və Allahdan orada yatanların günahlarının bağışlanmasını istəyir. Sonra səhabələrinə belə deyir: Cəbrail Qur`anı mənə hər il bir dəfə gətirərdi, bu il isə iki dəfə gətirib, məncə bunun səbəbi ölümümün yaxınlaşmasıdır. Səhəri gün minbərə çıxaraq ölümünün yaxınlaşmasını e`lan etdi və dedi ki, kimə nə və`d vermişəmsə, gəlsin yerinə yetirim və kimə borcluyamsa, gəlsin borcunu qaytarım.

Sonra sözünü belə davam etdirdi:

«Ey camaat! Allahla heç kəs arasında əməldən başqa heç bir qohumluq əlaqəsi və ya digər bir bağlılıq yoxdur ki, Allah ona görə həmin adama xeyir yetirsin və ya ondan şəri uzaqlaşdırsın. Heç kəs əməldən başqa bir şeyin ona xeyir gətirəcəyini iddia etməsin, arzulamasın və güman etməsin. Məni peyğəmbərliyə göndərən Allaha and olsun ki, əməllə Allahın rəhmətindən başqa heç nə insana nicat verməyəcək. Әgər mən də günah etsəydim, süqut edərdim. Ilahi! Öz vəzifəmi yerinə yetirdiyimə şahid ol».

4. Həzrət Әli ibni Musa Rzanın (ə) Zeydunnar adlı bir qardaşı olub. Imam bu qardaşının rəftarından elə də razı deyildi. Imam Mərvdə olanda bir gün çoxlu adamın iştirak etdiyi bir məclisdə söhbət edirdi. Zeyd də həmin məclisdə idi. O həzrət söhbət əsnasında onun bir dəstəyə üz tutub peyğəmbər nəslinin məqamından dəm vurmasını və qürurla «biz belə etdik, biz elə etdik» söyləməsini eşitdi. Imam söhbətini yarımçıq kəsib Zeydə üz tutaraq belə dedi: «Bu nə sözlərdir danışırsan? Әgər sənin sözlərin düz olsa və peyğəmbər övladları istisnai şəraitə malik olsalar, Allah onların pis iş görənlərinə əzab verməyərək onlara mükafat versə, onda sən Allah yanında atan Musa ibni Cə`fərdən (ə) daha əzizsən? Çünki o, Allaha bəndəlik etməklə Ona yaxınlıq məqamına nail olub, amma sən güman edirsən ki, Allaha bəndəlik etmədən Musa ibni Cə`fərin məqamına çata bilərsən!»

Imam sonra Kufə alimlərindən olan və həmin məclisdə iştirak edən Həsən ibni Musa Vəşşaya üz tutaraq belə buyurdu: Kufə alimləri «Qalə ya Nuhu...» ayəsini necə qiraət edirlər?

O dedi: Onlar bu ayəni «Innəhu əməlu ğəyri salih» şəklində oxuyurlar. (Yə`ni o, sənin oğlun deyil, sənin nütfəndən deyil, o zinakar bir kişinin oğludur.)

Imam buyurdu: Xeyr, belə deyildir, onlar ayəni səhv oxuyur və yanlış də təfsir edirlər. Ayə belədir: (Innəhu əməlun ğəyru salih» Yə`ni sənin övladın özü nasaleh adamdır. O, doğrudan da Nuhun (ə) oğlu idi. Onun Allah dərgahından qovularaq boğulmasının səbəbi, özünün nasaleh olmasıdır. Deməli, peyğəmbər və ya imamın oğlu olmaq və ya onlara bağlılığın heç bir xeyri yoxdur, bunun üçün saleh əməl lazımdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ

 
user comment