Azəri
Wednesday 26th of June 2019
  832
  0
  0

QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU

QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU

YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ

Qur᾽anın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Əhli-sünnə alimlərinin bir qismi belə bir fikirdədirlər ki, yeddi qiraət üsullarının hamısı Peyğəmbərin (s) özünə gedib çatır. Yə᾽ni Peyğəmbər (s) özü Qur᾽anı bu üsullarla tilavət etmişdir.

Şiə alimləri bu fikirdədirlər ki, mütəvatir olaraq nəql olunmuş yeddi qiraət üsulu və onların Peyğəmbərə (s) aid olması heç də qəti deyildir. Əhli-sünnə alimlərinin bir qismi də belə bir nəzəriyyəni qəbul etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha e᾽tibarlıdır.

Müsəlmanlar arasında əqidə ixtilafının olmasına baxmayaraq, onların hamısı bu fikirdədirlər ki, Qur᾽an [və onun qiraəti] yalnız mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər.

Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək demişlər:

«Qur᾽an İslam dininin əsasını təşkil etdiyi və peyğəmbərlərin həqiqətini təsdiq edəcək İlahi mö᾽cüzə olduğu üçün bütün sahələrdə böyük əhəmiyyət kəsb edir.»

Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və səbəb də, təbii olaraq çox olmuşdur. Belə ki, daha çox əhəmiyyət kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması üçün bir çox mühəddis və ravilər tərəfindən nəql olunur.

Bu səbəbdən də hər hansı bir hadisə və ya xəbər mütəvatir şəkildə deyil, «vahid xəbər» formasında nəql olunarsa, bir o qədər də əhəmiyyət kəsb etmədiyi üçün Qur᾽an hesab olunmayacaqdır.

Süyuti deyir: Qazi Əbu Bəkr özünün «İntisar» adlı kitabında yazır: «Fiqh və kəlam alimlərinin bir qismi belə bir əqidədədirlər ki, əgər hər hansı bir ayə «vahid xəbər» formasında nəql olunsa, qətiyyətlə onu Qur᾽anın bir hissəsi hesab etmək olmasa da, Qur᾽an hökmündə olacaqdır.

Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil olduğunu bir daha sübuta yetirir. Çünki hər hansı bir mövzu bir neçə səbəblər üzündən «vahid xəbər» formasında nəql olunarsa, özünün yalan olduğuna dəlalət edəcəkdir. Çünki əgər mö᾽təbər olsaydı, mütəvatir olaraq nəql olunardı.

Məsələn, əgər padşahın şəhərə daxil olacağını bir-iki nəfər xəbər verərsə (Bir halda ki, padşahın şəhərə daxil olmasının gizli qalması şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmin xəbəri bu iki nəfər şəxsdən savayı başqaları bilməzsə, xəbəri eşidən digər şəxslər özlərində şəkk-şübhəyə yol vermədən bunun yalan olduğunu qəbul edəcəklər. Təbiidir ki, belə bir vəziyyətdə padşahın şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir.

Buradan belə mə᾽lum olur ki, hər hansı bir mətləb «vahid xəbər» formasında bəyan edilərsə, Allah kəlamı və Qur᾽an ayəsi hesab olunmaz. Yalan olduğu sübuta yetirildikdə isə, onun şər᾽i hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır.

Məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar belə bir əqidədədirlər ki, Qur᾽an ayələrinin sabit olması yalnız onun mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd edək ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə bunun üçün heç bir lüzum da yoxdur. Qur᾽an ayələri mütəvatir olsa da, qiraət üsullarının mütəvatir olmaması tamamilə təbii bir haldır. Çünki Qur᾽anın mütəvatir olmasını qiraət üsullarının mütəvatir olması üçün dəlil hesab etmək olmaz. Belə ki, qiraət üsullarının mütəvatir olmasını inkar edən dəlillər Qur᾽an ayələrinin mütəvatir olmamasına dəlil hesab olunmur. Növbəti fəsillərdə bu barədə ətraflı söhbət açacağıq.

Qiraət üsullarının mütəvatir olmaması haqda mövcud olan mühüm bəhslərdən biri də qarilərin özü ilə tanışlıq və onların qiraətlərini nəql edən şəxslərin e᾽tibarlı olub-olmamasıdır. Ən məşhur Qur᾽an qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər biri haqda ətraflı mə᾽lumat verdikdən sonra, onların siyahısına əlavə olunan daha üç qari haqda söhbət açacağıq.

1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ

Adı: Abdulla ibni Amir Dəməşqi;

Kunyəsi: Əbu Umran;

Ləqəbi: Yəhsəbi.

Abdulla ibni Amir Qur᾽anı Muğəyrət ibni Əbi Şəhabdan öyrənmişdir.

Heysəm ibni Umran deyir: Abdulla ibni Amir Əməvi xəlifəsi Vəlid ibni Əbdülməlikin hakimiyyəti dövründə məsciddə imamlıq vəzifəsini daşıyırdı.

Heysəm belə hesab edir ki, Abdulla Bəni-humeyr qəbiləsindən olmuşdur və buna görə də o bə᾽zən ona irad tutardı.

Əbu Əmr Dani deyir: Abdulla ibni Amir Bilal ibni Əbi Dərdadan sonra Şama baş qazi tə᾽yin olundu... Şam camaatı Qur᾽an qiraətində onu özlərinə başçı tə᾽yin hesab edirdi.

İbni Cəzri deyir: İbni Amirin qiraəti haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bə᾽zən onların sayı doqquza çatır. Lakin, mö᾽təbər yazıçılardan bə᾽zilərinin dediklərinə görə İbni Amirin qiraəti kimdən öyrənməsi dəqiq mə᾽lum deyildir.

Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat etmişdir.

İBNİ AMİRİN RAVİLƏRİ

İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu iki şəxs Hişam və Zəlvandır.

1. Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni Musəyrə olmuşdur. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir.

Rical* alimləri Hişamın kimliyi haqda iki müxtəlif nəzəriyyə irəli sürmüşlər. Yəhya ibni Muin Hişam haqda deyir: «O, mö᾽təbər kəslərdən idi və ona e᾽tibar etmək olardı.»

Nəsai deyir: «Onun şəxsiyyətində heç bir eyb və nöqsan olmamışdır.»

Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: «Hamı ona ehtiram qoyar və söylədiklərinin həqiqiliyinə kimsə şübhə etməzdi.»

Amma bütün bunların əksinə olaraq, bə᾽zi rical alimləri onu kəskin şəkildə tənqid etmişlər. Acuri, Əbi Davuddan nəql edərək deyir: «Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha mö᾽təbər olmuşdur. Çünki Hişamın istinad etdiyi hədislərdən dörd yüzü həqiqətə uyğun deyildir.»

İbni Davud deyir: «Bir zamanlar belə qərara gəlmişdim ki, Hişamın söylədiyi hədisləri nəql etməyəm. Çünki o, hədis dəllalı idi!»

Saleh ibni Məhəmməd deyir: «Hişam hədis nəql etmək üçün pul alardı. İstədiyi məbləği əldə etməyincə hədis nəql etməzdi.»

Mə᾽ruzi deyir: « Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi: «O, ikiüzlü və sadəlövh bir insan idi.» Sonra onun, Qur᾽anın məxluq olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək sözlərini bu ifadələrlə başa vurmuşdur: «Onun arxasında namaz qılan şəxs, namazını yenidən qılmalıdır!»

Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin kimlər tərəfindən nəql olunduğunu bilmək üçün, oxuculara «Təbəqatul-qurra» adlı kitaba nəzər salmağı daha məqsədəuyğun hesab edir.

2. İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı Abdulla, atasının adı Əhməd ibni Bəşir olmuşdur. Bə᾽zən onu Bəşir ibni Zəkvan da adlandırırlar. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.

Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan qiraəti ondan öyrəndi.»

İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə vəfat etmişdir.

Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi tanınmışdır.

İBNİ KƏSİR MƏKKİ

Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan ibni Hermez, Məkkənin «Dar» qəbiləsindən olmuşdur. Əslən iranlı olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.

Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun doğruluğuna istinad etmişlər. Lakin Hafiz Əbu Əla bu məsələyə şübhə ilə yanaşmış və bunu o qədər də mö᾽təbər hesab etməmişdir. İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam ibni Abbasa təqdim etmiş və onlar tərəfindən təsdiq olunmuşdur.

İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci ilində elə oradaca vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, 443-cü səh).

Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, e᾽tibarlı və inanılmış kəslərdən idi.» İbni Sə᾽d onun mö᾽təbər olduğuna işarə etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla ibni Saib Məz᾽ufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən öyrəndiyi də göstərilir və bu xəbər daha mö᾽təbərdir. (Təhzibut-təhzib, 5-ci cild, 37-ci səh).

İBNİ KƏSİRİN RAVİLƏRİ

İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql etmişdir.

1. Bəzi – Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni Nafe᾽ ibni Ubey Əsl, adı isə Bəşardır. Əsli İranın Həmədan vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur.

Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür.

İbni Cəzri deyir: İbni Kəsir illər boyu Qur᾽anı tədris etmiş və müəllimlik vəzifəsində çalışmışdır. Onun güclü hafizəsi və Qur᾽an elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş, 250-ci ilində isə vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, 119-cu səh).

Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən Əhməd ibni Məhəmməd ibni Ələqədən və Əbul Əxrix Vəhəb ibni Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan öyrənmişdir. (Ənnəşr fi qiraatil əsir, 1-ci cild, səh.119).

Əqili deyir: «İbni Kəsir yalançı və e᾽tibar olunmayan bir şəxs olmuşdur.»

Əbu Hatim deyir: «O hədis nəql etməkdə mö᾽təbər olmadığı üçün mən ondan hədis nəql etmirəm.» (Lisanul-Mizan, 1-ci cild, səh.120).

Müəllif:

Qiraət ustalarının kimliyi haqda daha dəqiq mə᾽lumat əldə etmək üçün «Təbəqatul-qurra»ya müraciət edin.

2. Qənbəl – Məhəmməd ibni Əbdürrəhman, Xalid ibni Məhəmməd, Əbu Əmr künyəsi ilə tanınmışdır. Məxzum tayfası tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək Məkkədə yaşamışdır.

Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və onun hüzurunda tilavət etmişdir. Sonralar Əhməd ibni Məhəmməd onu öz yerinə Məkkədə qiraət ustadı tə᾽yin etmişdir. Qənbəl, Bəzidən də qiraət nəql etmişdir və hicazda Qur᾽anın tədris olunmasını ona həvalə etmişdir. O, Məkkədə xəlifə ordusunun hərbiçilərindən sayılırdı. Hicrətin 195-ci ilində doğulmuş, 291-ci ilində vəfat etmişdir. (Təbəqatul-qurra, 2-ci cild, 119-cu səh).

Qənbəl, sonralar nizami orduya sərkərdə tə᾽yin olunur. Elə bu səbəbdən də qiraət üsulunda dəyişikliyə yol verir və yaşlandıqca qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır. Belə ki, vəfatından yeddi il əvvəl Qur᾽an tədrisini və müəllimliyi tərk etməli olur. (Lisanul-Mizan, 5-ci cild, 249-cu səh).

Müəllif: Digər ravilər arasında olan ixtilaf, Qənbəlin qiraətini nəql edən ravilərdə də nəzərə çarpır.

ASİM İBNİ BƏHDİLƏ KUFİ

Əbu Bəkr ibni Əbinnucud Əsədi Kufə şəhərində yaşamış və Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.

Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və Əbu Əmr Şeybanidən öyrənmiş və onların qarşısında tilavət etmişdir.

Əbu Bəkr ibni Əyyaş deyir: «Günlərin bir günündə Asim mənə dedi: Qur᾽an qiraətini mənə tədris edən kəs yalnız Əbdürrəhman Sələmi olmuşdur. Onun yanından qayıtdıqdan sonra eşitdiklərimi Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.»

Həfs deyir: «Asim nəql edir ki, Qur᾽an qiraətindən sənə tədris etdiyim bütün incəlikləri Əbdürrəhman Sələmidən o isə Əli ibni Əbi Talib Fəradan öyrənmişdir. Və Əba Bəkr Əyyaşa tədris etdiyim şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məs᾽uddan öyrənmişdir.»

İbni Məs᾽ud deyir: «Asim mö᾽təbər kəslərdən idi. Əməşin hafizəsi ondan daha güclü idi.»

Abdulla ibni Əhməd atasından nəql edərək deyir: «Asimin özünəməxsus qiraət üslubu var idi. E᾽tibarlı olduğu üçün Xəlifə Osman tərəfindən Qur᾽an qarilərinin rəhbəri tə᾽yin olunmuşdu.»

Yə᾽qub ibni Süfyan deyir: «Mö᾽təbər bir şəxsiyyət olmasına baxmayaraq, nəql etdiyi hədislərdə bə᾽zi nöqsanlar da nəzərə çarpır.»

İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və rəvayət nəql edən şəxslər hamılıqla zəif hafizəyə malik olmuşlar.»

Nəsai deyir: «Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni Xərraş onun nəql etdiyi hədisləri qətiyyətlə rədd edirdi.

Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da onun hafizəsinin zəif olmasıdır.

Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə deyir: “Asim ömrünün son illərində hədis və rəvayətləri mö᾽təbərlik baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin doğulduğu il mə᾽lum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində baş vermişdir.”

ASİMİN RAVİLƏRİ

Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun özündən nəql etmişlər.

1. Həfs ibni Süleyman Bəni-Əsəd qəbiləsindən olmuşdur.

Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa da, Qur᾽an qiraəti sahəsində bir o qədər də e᾽tibarlı hesab olunmurdu. Onun qiraəti yazılı şəkildə saxlanılırdı. Həfs deyərdi: Qiraətdə Asimilə heç bir ixtilafımız olmamışdır. Qiraətdə olan cüz᾽i fərq, yalnız Rum surəsinin 54-cü ayəsində nəzərə çarpır.

Ayədə deyilir:

(Allahulləzi xələqəkum min zə᾽fin.)

Həfs «zə᾽f» kəlməsini zəmmə ilə, yə᾽ni «zo᾽fin», Asim isə fəthə ilə, yə᾽ni «zo᾽fin» kimi qiraət etmişdir.

Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı ilində vəfat etmişdir. (Təbəqatul-qurra, 1-ci cild, səh.254).

  832
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment