Azəri
Friday 22nd of March 2019
  635
  0
  0

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN ARAŞDIRILMASI

İSLAM PEYĞƏMBƏRİNİN MÖ᾽CÜZƏSİNİN DİGƏR PEYĞƏMBƏRLƏRİN MÖ᾽CÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ

Bu haqda mə᾽lumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽anın, keçmiş peyğəmbərlərin mö᾽cüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Qur᾽anın bə᾽zi mö᾽cüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin mö᾽cüzələrindən daha üstün olduğuna dair qısa mə᾽lumat verdik.

Lakin Peyğəmbərin (s) mö᾽cüzəsi yalnız Qur᾽anın nazil olması ilə bitmir. Qur᾽ani-Kərimdən başqa onun digər mö᾽cüzələri də olmuş və bə᾽zi xüsusiyyətləri ilə onlarla şərik idi. Qur᾽an isə ona xas olan əbədi və ilahi mö᾽cüzədir.

Qur᾽anın digər mö᾽cüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər mö᾽cüzələri ilə keçmiş peyğəmbərlərin mö᾽cüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:

1. Mütəvatir hədis və rəvayətlər;

Müsəlmanlar Peyğəmbərin (s) mö᾽cüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb-yaratmışlar.

Peyğəmbərin (s) mö᾽cüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:

a) Zaman yaxınlığı;

Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda mə᾽lumat əldə etmək bir o qədər də çətin deyildi.

b) Hədislərin mütəvatirliyi və çoxluğu.

Peyğəmbərə (s) iman gətirmiş və onun mö᾽cüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduğu üçün onların mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.

Demək həzrət İsa və Musanın (ə) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.

2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.

Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin mö᾽cüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi mö᾽cüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün, o özünün digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi mö᾽cüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bə᾽zi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bə᾽zi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan mö᾽cüzə tələb olunmasın deyə, mö᾽cüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Qur᾽an ayələrini müxtəlif mə᾽nalarda yozmağa cəhd göstərmişlər.

YANLIŞ TƏSƏVVÜR

Bə᾽zi inadkar şəxslər peyğəmbərlərin mö᾽cüzələrə malik olmasını qətiyyətlə rədd etdikləri kimi, heç bir elm və məntiqə əsaslanmayan nadan və cahil şəxslər də həzrət Məhəmmədin (s) mö᾽cüzələrinin yalnız Qur᾽andan ibarət olduğunu və onun digər başqa mö᾽cüzələrə sahib olmadığını iddia edirlər. Hətta bə᾽zi sadəlövh insanlar əldə etdikləri yanlış mə᾽lumatlara əsaslanaraq – öz nəzərlərində – bu mətləbə toxunan Qur᾽an ayələrinə istinad edirlər.

Onların istinad etdikləri ayələrdən bir neçəsinə işarə edib, məntiqi dəlillərlə belə bir təfəkkür tərzinin yanlış olduğunu sübuta yetirəcəyik.

وَمَا مَنَعَنَا أَن نُّرْسِلَ بِالآيَاتِ إِلاَّ أَن كَذَّبَ بِهَا الأَوَّلُونَ وَآتَيْنَا ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُواْ بِهَا وَمَا نُرْسِلُ بِالآيَاتِ إِلاَّ تَخْوِيفًا

«Bizə mö᾽cüzələr göndərməyə mane olan şey ancaq, əvvəlkilərin [keçmiş ümmətlərin] onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö᾽cüzə olaraq dişi [maya] dəvə verdik, lakin onlar ona zülm etdilər [dəvəni tutub kəsdilər]. Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik.»

Onlar deyirlər: Ayədən belə mə᾽lum olur ki, Məhəmmədin (s) Qur᾽andan savayı başqa bir mö᾽cüzəsi olmamışdır. Və Allah-taala ona Qur᾽andan başqa ayrı bir mö᾽cüzə vermədiyi üçün, keçmiş ümmətlər öz gözləri ilə gördükləri mö᾽cüzələri təkzib edir və onun qarşısında təslim olmurdular.

Cavab: Ayədən məqsəd, heç də Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrə malik olmaması deyildir. Sadəcə olaraq o həzrət müşriklərin yersiz tələblərini rədd etmiş və onlara mö᾽cüzə göstərməkdən boyun qaçırmışdır.

Başqa sözlə desək, Peyğəmbər (s) müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrdən imtina etmiş və onların istəklərini yerinə yetirməkdən boyun qaçırmışdır.

Demək ayədən məqsəd, Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələri rədd etməsi olmuşdur.

Ayənin özündə dediklərimizi sübuta yetirəcək bir neçə əsaslı dəlillər vardır:

1. Ayədə əlamət və nişan mə᾽nasını verən «ayə» sözünün cəm formasından, yə᾽ni «ayat» sözündən istifadə olunmuş, özü də müəyyənlik formasında, yə᾽ni «əlif-lam» ilə işlənmişdir. Bu səbəbdən də burada «əlif-lam»ın istifadə olunmasına dair üç ehtimal verə bilərik:

a) «Əlif-lame cinsi»;

Bu halda ayənin mə᾽nası aşağıdakı kimi olacaqdır. Allah-taala Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir dəlil və mö᾽cüzə göndərməmişdir. Demək, Allah tərəfindən göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məs᾽uliyyət düşməmiş və onların fəaliyyəti hədər yerə olmuşdur. Çünki peyğəmbərlik iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun iftirası aşkara çıxarılacaqdır.

b) «Əlif-lame cəm᾽i»;

Bu mə᾽na da peyğəmbərliyi sübuta yetirən mö᾽cüzə ayələrinin bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki ehtimal kimi batil və əsassızdır.

v) Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki, ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mə᾽nasında işlənmişdir. Buradan belə mə᾽lum olur ki, Qur᾽anın inkar etdiyi mö᾽cüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir.

2. Əgər müşriklərin inkar və təkzib etmələri onların mö᾽cüzə göstərməsinə mane olsaydı, Peyğəmbərin (s) ən böyük mö᾽cüzəsi olan Qur᾽ani-Kərim də nazil olmazdı. Çünki ümumi bir qanun olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə gəlirik ki, Qur᾽anın inkar etdiyi və ya daha dəqiq desək, qadağan etdiyi mö᾽cüzələr peyğəmbərlərin bütün mö᾽cüzələri deyil, yalnız müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzədir.

3. Ayədə mö᾽cüzənin göstərilməməsi keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o zaman qəbul etmək olar ki, mö᾽cüzənin həyata keçməsinə ehtiyac duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın. Qeyri halda isə mö᾽cüzənin baş verməməsini nə iləsə əlaqələndirmək heç bir mə᾽na daşımayacaqdır. Məsələn biz, od olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə bilmərik. O ki, qaldı mö᾽cüzənin həyata keçməsinə, bunun üçün yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi isə insanların istək və tələbləridir.

İlahi hikmətin iki səbəbi vardır:

1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə bir iş görməz.

2. Əgər insanları təkzib etmək mö᾽cüzənin qarşısını alsaydı, peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.

İkinci əsas səbəbə, yə᾽ni insanların istək və tələblərinə gəldikdə isə, qeyd etməliyik ki, insanlar mö᾽cüzəni gördükdən və bütün lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də əyləncə məqsədilə mö᾽cüzə görmək istəyirdilər. Belə bir halda mə᾽lum məsələdir ki, Allah-taala onlara mö᾽cüzə göstərməyəcəkdir.

Nəticə: Qeyd olunan ayə peyğəmbərlərin haqq olmasını sübuta yetirmək üçün göstərdikləri mö᾽cüzələrə deyil, müşriklərin mö᾽cüzələr gördükdən sonra onlardan əyləncə məqsədilə tələb etdikləri mö᾽cüzələrə dəlalət edir.

Burada belə bir sual meydana gəlir. Keçmiş ümmətlərin mö᾽cüzəni təkzib etmələri sonralar baş verəcək mö᾽cüzələrin qarşısını necə ala bilərdi?

Cavab: Onların mö᾽cüzəni təkzib etmələri şiddətli əzaba düçar olmaları ilə nəticələnə bilərdi. Belə ki, əgər onlar mö᾽cüzə tələb edib sonra onu təkzib etsəydilər, dərhal Allahın qəzəbinə gələr və şiddətli əzaba düçar olardılar. Bunu da bilirik ki, Allah-taala öz peyğəmbərlərinə öz ümməti arasında olduğu müddət ərzində yer üzərinə əzab göndərməyəcəyinə söz vermişdir.

وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ

«Sən onların arasında ola-ola Allah [sənə hörmət əlaməti olaraq] onlara əzab verən deyil.» (Ənfal-33).

Bu səbəbdən də əzaba düçar olmamaları üçün Allah tərəfindən heç bir mö᾽cüzə göndərilməmişdir.

İnsanlar tələb etmədən peyğəmbərlərin həqqaniyyətini sübuta yetirmək və onların özləri haqda hidayət məqsədilə baş verən mö᾽cüzələrin təkzib olunması heç də peyğəmbərlərin özlərinin təkzib olunmasından az deyildı. İstər peyğəmbərlərin, istərsə də mö᾽cüzələrin insanlar tərəfindən təkzib olunması axirət əzabından başqa ayrı bir şeylə nəticələnmir. Amma əgər əyləncə məqsədilə göstərilən mö᾽cüzə də insanlar tərəfindən təkzib olunsaydı, onlar həm axirət, həm də dünyəvi əzaba düçar olmuş olardılar. Çünki həqiqətə nail olmaq istəyən şəxs, gördüyü birinci mö᾽cüzəyə iman gətirər və bununla da kifayətlənər.

Əgər bir şəxs mö᾽cüzə görmək istəyirsə, əslində bununla o, peyğəmbərlik iddiası edən şəxsin həqqaniyyətini dərk etmək istəyir. Əgər həmin şəxs bundan sonra yenə də peyğəmbəri təkzib etsə həm dünyəvi, həm də axirət əzabına düçar olacaqdır. Çünki o, bu əməli ilə peyğəmbəri istehza etmiş və öz istəyinin əksinə çıxmış olur.

Tələb olunan mö᾽cüzələr təkzib olunduğu üçün Allah-taala bu kimi mö᾽cüzəni ayənin sonunda «qorxuducu mö᾽cüzələr» adlandırır. Beləliklə, Allah-taala insanlara peyğəmbərləri və onların mö᾽cüzələrini təkzib etdikləri üçün ciddi xəbərdarlıq edir. Qeyd etməliyik ki, belə bir xəbərdarlıq bütün hallarda deyil, yalnız insanları haqqa hidayət edən və peyğəmbərlərin həqqaniyyətini sübuta yetirən mö᾽cüzələrdə də müşahidə edilə bilər.

4. Ayənin mətninə diqqət yetirdikdə bir daha bu həqiqətin şahidi oluruq ki, Allah tərəfindən qadağan olunan mö᾽cüzələr ümumi xarakter daşımır və məhz inadkar insanların əyləncə məqsədilə tələb etdikləri və insanlara xəbərdarlıq məqsədilə göstərilən mö᾽cüzələrə aiddir.

a) İsra surəsinin 58-ci ayəsində insanların inadkarlıq üzündən düçar olduqları fəlakətlərə toxunulur.

وَإِن مَّن قَرْيَةٍ إِلاَّ نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَلِك فِي الْكِتَابِ مَسْطُورًا

«Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda [lövhi-məhfuzda] yazılmışdır.»

b) həmin ayədə Səmud qövmünün düçar olduğu fəlakətə işarə olunur.

v) Bu mö᾽cüzələr həmin xəbərdarlıq ayələri altında qeyd olunmuş və «Biz mö᾽cüzələri yalnız [bəndələrimizi] qorxutmaq üçün göndərdik» ifadəsilə sona çatır.

Bütün deyilənlərdən belə mə᾽lum olur ki, qadağan olunan mö᾽cüzələr deyildikdə, inkar edilməsi ilahi əzabla nəticələnən mö᾽cüzələr nəzərdə tutulur.

5. Bu mətləbə toxunan digər Qur᾽an ayələrində də qadağan olunmuş mö᾽cüzələrin müşriklərin əyləncə məqsədilə görmək istədikləri mö᾽cüzələrə aid olduğuna dəlalət edir. Bu ayələri diqqətlə araşdırdıqda mə᾽lum olur ki, müşriklər özləri üçün əzab göndərilməsini istəmiş və ya tələb etdikləri mö᾽cüzəni təkzib etməklə keçmiş ümmətlərdə olduğu kimi, əzaba düçar olmuşlar.

Bu məzmunda nazil olmuş ayələr ümumi şəkildə üç qismə bölünür.

1. Bəla istənilən ayələr;

2. Əyləncə məqsədilə tələb və sonralar təkzib olunan mö᾽cüzələr haqda nazil olmuş ayələr;

3. Mö᾽cüzələr təkzib olunduqdan sonra gəlmiş bəlalar haqda nazil olmuş ayələr.

  635
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment