Azəri
Friday 29th of March 2024
0
نفر 0

QANUNUN QORUNMASI

QANUNUN QORUNMASI

Indi isə düzgün şəfaətin nədən ibarət olmasına nəzər salaq. Qanunu gücləndirərək onu qoruyan düzgün şəfaət iki cürdür. Qeyd etmək lazımdır ki, həm sünnü və həm də şiə mənbələrində bu şəfaətləri təsdiq edən çoxlu rəvayətlər vardır:

1. Rəhbərlik və ya əməl şəfaəti;

2. Bağışlanma və ya lütf şəfaəti.

Birinci növ şəfaət əzabdan qurtulmaq, ne`mətlərə doğru irəliləmək və məqamın yüksəlməsinə səbəb olan şəfaətdir. Ikincisi isə əzabın aradan aparılması, günahların bağışlanması, savab və ne`mətlərə çatılmasına səbəb olan şəfaətdir və bu şəfaət insanın məqamını yüksəltmir. Bu, Peyğəmbərin (s) barəsində «Mən şəfaətimi ümmətimin böyük günahlara mürtəkib olanları üçün saxlamışam, amma yaxşı iş görənlər məzəmmət edilməyəcəklər» buyurduğu həmin şəfaətdir.

RӘHBӘRLIK ŞӘFAӘTI

Bu növ şəfaəti izah etmək üçün bundan əvvəlki fəsildə «axirət əzabı» adı ilə bəhs etdiyimiz bölmədəki bir mətləbi xatırlatmaq istəyirəm. Biz həmin söhbətimizdə dedik ki, insanın dünyadakı əməl və rəftarları, o biri dünyada cilvələnərək zühur edir və həmin əməllərin əsl həqiqəti orada canlanır. Indi həmin mətləbə bunu da artırmaq istəyirəm ki, axirətdə təkcə əməllər deyil, «rabitələr» də canlanır. Bu dünyada, insanlar arasında olan mə`nəvi əlaqələr, o biri dünyada özünün həqiqi və mələkuti formasını alır. Bir nəfər başqa birinin yola gəlməsinə səbəb olanda, onlar arasında olan rəhbərlik və tabeçilik əlaqəsi, qiyamətdə həqiqi və gerçək şəklinə düşür və yola gətirən başçı, yola gələn isə ardıcıl kimi zahir olurlar. Kimsəni yoldan çıxarmaq və azdırmaq barəsində də məsələ eynilə belədir.

Qur`ani-kərim Isra surəsinin 71-ci ayəsində belə buyurur:

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُوْلَـئِكَ يَقْرَؤُونَ كِتَابَهُمْ وَلاَ يُظْلَمُونَ فَتِيلاً

«Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq...»

Hamı öz başçısı, yə`ni əməldə ilham aldığı şəxs ilə məhşərə gələcək.

Axirətdə Fir`onun öz qövmü üçün rəhbər şəklində zahir olması barədə belə buyurulur:

يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ

«Fir`on qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq....»(Hud-98).

Bu dünyada azğınlar üçün başçı və örnək olmuş Fir`on o biri dünyada da onların başçı və rəhbəri kimi zahir olacaqdır. Fir`on həm dünyada və həm də axirətdə öz qövmünün şəfaətçi və vasitəsi olacaqdır. O, dünyada günah və azğınlıq, axirətdə isə cəhənnəmə çatdırmaq vasitəsi olacaqdır. Onun axirətdə öz qövmü üçün şəfaətçi və vasitə olması, dünyada qövmünü azdırmaq vasitəsi olmasının təzahürüdür.

Qur`anın tə`birləri arasında maraqlı nöqtələrdən biri də budur ki, bu ilahi kitab Fir`onun öz qövmünü cəhənnəmə salacağını bildirir. Qur`an bu ifadəsi ilə Fir`onun, öz qövmünün azğınlığındakı tə`sirini xatırladaraq buyurur ki, Fir`on onları dünyada azğınlığa saldığı kimi, axirətdə də cəhənnəmə salacaqdır. Ümumiyyətlə, Fir`onun onları axirət dünyasında cəhənnəmə salması, onun öz qövmünü bu dünyada azğınlıq yoluna salmasının təzahür və cilvəsidir.

Әlbəttə, aydındır ki, bu dünyada haqq və batil rəhbərlər müxtəlif qisimlərə bölündüyü kimi, o dünyada da həmin qisimlər olacaqdır. Məsələn, Peyğəmbərin (s) hidayət nurundan istifadə edən və onun mübarək şəriətindən bəhrələnən şəxslərin hamısı qiyamətdə də onun arxasınca gedəcəklər. O həzrət orada əməli-saleh insanların bayraqdarı olacaqdır.

Şəfaətin bu mə`nasında Peyğəmbər (s), Әmirəl-mö`minin (ə), həzrət Fatmeyi-Zəhra (s.ə.), imam Həsən, imam Hüseyn (ə) və digər imamlar öz şagird və davamçılarının şəfaətçisi olacaqlar. Burada məqam və dərəcələr arasındakı silsiləvi ardıcıllıqlar öz yerindədir, mə`sum və pak imamların şəfaətçi olmaları da həzrət Peyğəmbər tərəfindəndir.

Bu hesabla, hətta alimlər dərs verdikləri və hidayət etdikləri şəxslərə şəfaət edəcəklər. Burada bir-birinə bağlı olan bir silsilə yaranır və kiçik qruplar böyüklərlə birləşir və nəhayət onların hamısının başında həzrət Peyğəmbər (s) durur.

Hədislərdə imam Hüseynin (ə) çoxlu insanlara şəfaət edəcəyi barədə danışılmasının səbəbi, o həzrətin məktəbinin bu dünyada dinin dirçəldilməsi və ayrıları ilə müqayisədə daha çox insanların hidayətinə səbəb olmasındadır.

Bundan əvvəl dediyimiz kimi, imam Hüseynin (ə) şəfaəti Allahdan Onun razı olmadığı bir şeyi istəməsi formasında deyildir. O həzrətin şəfaəti iki cür olacaq. Onun şəfaətlərindən biri bu dünyada yaratdığı və axirət dünyasında zahir olacaq hidayətlər, digəri isə bir qədər sonra bəyan edəcəyimiz formada olacaq.

Imam Hüseyn (ə) öz məktəbində hidayət yoluna gələnlərin şəfaətçisidir. Bəli, o həzrət onun məktəbini azğınlıq vasitəsi edənlərin şəfaətçisi deyil.

Bu nöqtəni də yaddan çıxarmaq olmaz ki, Qur`an vasitəsi ilə bir qrup doğru yola gəldiyi, digər bir qrup isə yolunu azdığı kimi, imam Hüseynin (ə) məktəbi vasitəsi ilə də bir dəstə insan hidayətə gələcək, digər bir dəstə isə yolunu azacaqdır. Bu məsələ insanların özündən asılıdır.

Allah-taala Qur`andakı məsəllər barəsində belə buyurur:

إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ

«Әlbəttə, Allah (Qur`anda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. Iman gətirənlər bunun Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: Allah bu məsəllə nə demək istəyir?-deyirlər. Allah bu məsəllə bir çoxlarını düz yoldan azdırır, bir çoxların isə doğru yola aparır». (Bəqərə-26).

Mövləvi bu məsəl barəsində çox gözəl bir təmsil deyib. Məzmunu belədir: Allahdan bu nöqtəni istə ki, sürüşüb lap aşağı enməyəsən; bir çoxları Qur`an vasitəsi ilə yollarını azdılar, bu ip vasitəsi ilə bir çoxları quyuya düşdülər; ey inadkar, ipin heç bir günahı yoxdur, çünki sən özün yuxarı qalxmaq istəmirdin.

«Rəsən» – risman, yə`ni ip mə`nasındadır. Iplə həm quyudan çıxmaq və həm də quyuya düşmək olar, bu bizim onlardan hansını seçməyimizdən asılıdır.

Qur`an və Hüseyn məktəbi bəşəriyyəti bədbəxtçilik quyularından xoşbəxtlik qülləsinə aparmaq qüdrətinə malik iplərdir. Onların biri Allah, digəri isə insan tərəfindən olan ipdir. Indi kiminsə bu iki ilahi ipdən pis istifadə etməsinin günahı həmin iplərdə deyil, həmin şəxsin özündədir və bunun mə`nası odur ki, onun özü yuxarı qalxmaq sövdasında deyil. Әlbəttə bu cür adamlar Qur`an və Hüseyn məktəbi vasitəsi ilə cəhənnəm quyusunun dibinə aparılırlar və bu həqiqət, o biri dünyada aşkar olacaq, onlar Qur`an və imamların göstərişi ilə cəhənnəmə atılacaqlar. Budur «cənnət və cəhənnəmi bölən» olmağın mə`nası! Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilir:

«Qur`an şəfaəti qəbul edilən şəfaətçi və xəbəri təsdiqlənmiş xəbər verəndir.»

Bu doğrudan da çox maraqlı bir ifadədir. Buyurur ki, Qur`an həm mö`minləri xoşbəxtlik cənnətinə aparan şəfaətçi və həm də kafir və günahkarları cəhənnəmə aparan amildir. Qur`an bir qrupu gözəl cənnətə, digər bir qrupu isə qorxulu cəhənnəmə aparan vasitədir.

Bu növ şəfaəti rəhbərlik şəfaəti adlandırmaq yaxşı olar. Onu «əməl şəfaəti»də adlandırmaq mümkündür. Çünki, burada insanın xoşbəxtlik və bədbəxtliyinə səbəb olan əsas amil onun yaxşı və ya pis əməlidir.

Şəfaət barəsində tutulan iradların heç birinin bu növ şəfaətə aid olmaması mə`lum bir məsələdir. Xüsusilə bu mə`nada olan şəfaət, ilahi ədalətlə nəinki ziddiyyətdə deyil, hətta onu təsdiq də edir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment