Azəri
Tuesday 21st of May 2019
  588
  0
  0

QUR᾽ANDA ƏDƏBİ SƏHVLƏR

QUR᾽ANDA ƏDƏBİ SƏHVLƏR

Qur᾽an öz müxaliflərini daim mübarizə meydanına çağırmış və onlardan iddialarını sübuta yetirmək üçün öz ayələrinə bənzər heç olmasa kiçik bir nümunə gətirmələrini tələb etmişdir. Lakin, onlar həmişə olduğu kimi, buna qadir olmadıqlarını görüb bu işin qarşısında aciz olduqlarını e᾽tiraf etmişlər.

Rüsvayedici məğlubiyyətə uğrayan müxaliflər yeni-yeni mübarizə yollarına əl atır və bu ağır məğlubiyyət ilə heç cür razılaşa bilmirdilər. Onların növbəti iradı, guya Qur᾽anda ədəbi səhvlərin mövcud olması idi.

Təəssübkeş və inadkar insanların Qur᾽ana tutduqları və heç bir məntiqə əsaslanmayan ədəbi səhvlər haqqında:

1-ci səhv;

Onlar deyirlər ki, Qur᾽anda istifadə olunan bə᾽zi cümlələr ərəb dilinin leksika, orfoqrafiya, fəsahət və bəlağət elmləri ilə tamamilə ziddiyyət təşkil edir. Onların irəli sürdükləri belə bir əsassız iddianı biz iki yolla batil edə bilərik:

1. Qur᾽an fəsahət və bəlağət incəliklərinin sirlərinə yiyələnmiş şair və ədiblərin yaşadıqları zaman və məkanda [Məkkədə] nazil olmuşdur. Əgər belə bir şeyə yol verilsəydi, dövrün söz ustaları tərəfindən diqqətlə araşdırılar və ən əlverişli mübarizə üsullarından birinə çevrilərdi. Beləliklə, onlar qarşılaşdıqları maneəni birdəfəlik dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu tarixi kitablarda və ya heç olmasa müxaliflər tərəfindən nəql olunmuş «rəvayətlərdə» görərdik. Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir cərəyanın baş verdiyini müşahidə etmirik.

2. Qur᾽an nazil olarkən hələ ərəb dilinin qrammatikası bir elm kimi formalaşmamışdı və o dövrün məşhur ədib və şairləri tərəfindən qrammatik təhlillər aparılmırdı. Bu sahədə yalnız Qur᾽an nazil olub qurtardıqdan sonra araşdırma və təhqiqatlar aparmağa ehtiyac duyuldu. Beləliklə, ərəb dilinin qrammatik qanunları tərtib olundu və burada Qur᾽an ən başlıca me᾽yar götürüldü.

Demək, Qur᾽anla tətbiq olunmayan qrammatik qanunlar nöqsanlı və e᾽tibarsız hesab olunur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Qur᾽anda istifadə olunan «ziddiyyətli ifadələri» yalnız o zaman fərz etmək olardı ki, o bütün Qur᾽an qariləri tərəfindən təsdiq olunmuş olsun. Yox əgər ixtilaf onlardan birinin qiraətində müşahidə olunarsa, bunu ümumilikdə deyil, yalnız onun özünün batil qiraətə yiyələndiyini deyə bilərik. Və kimlərinsə yanlış qiraəti Qur᾽anın böyüklüyünə heç bir xələl gətirə bilməz. Çünki bütün mö᾽təbər qiraətlərə, Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdə işarə olunmuşdur.

QUR᾽ANIN E᾽CAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI DEYİLDİR

2-ci səhv:

Onlar deyirlər ki, insanlar Qur᾽an kimi ikinci bir kitab gətirə bilməsələr də biz heç bir fəsahətli kəlamı mö᾽cüzə adlandıra bilmərik. Çünki fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya deyil, yalnız bu sahədə iste᾽dad və bacarığı olan şəxslərə müyəssər olur. Halbuki, mö᾽cüzə göstərən şəxsləri təsdiq etmək, daha dəqiq desək, onlara iman gətirmək üçün, mö᾽cüzəni hamı dərk edib başa düşməlidir.

Cavab:

İrəli sürülən bu iddia da birinci iddia kimi olduqca zəif və əsassızdır. Çünki onların təsəvvür etdikləri kimi mö᾽cüzəni tanımaq üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən dərk olunması deyildir. Əgər biz belə bir şərti qəbul edəriksə, onda peyğəmbərlər tərəfindən göstərilən mö᾽cüzələri mö᾽cüzə hesab etməməliyik. Çünki mö᾽cüzələrdən hər biri bir və ya bir neçə baxımdan hamı üçün dərk olunası olmamışdır.

Mö᾽cüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş və sonralar başqalarına da onlar tərəfindən mütəvatir və ardıcıllıqla nəql və sübut olunmuşdur. Qur᾽an isə, bir qədər əvvəl dediyimiz kimi, ilahi peyğəmbərlərin mö᾽cüzələrindən fərqli olaraq, özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, peyğəmbərlər ehtiyac duyularkən xüsusi şəraitlərdə mö᾽cüzələr göstərmiş və zaman keçdikcə ya unudulmuş, ya da öz tə᾽sirini itirmişdir. Nə vaxta qədər ki, müsəlman ümməti və ərəb dilinin incəliklərinə yiyələnən şəxslər var, Qur᾽an əbədi mö᾽cüzə olaraq yaşayacaqdır.

QUr᾽ANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ?

3-cü səhv:

Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Qur᾽anda istifadə olunan və ya onlara oxşar ifadələrdən istifadə etməklə Qur᾽ana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər.

Cavab:

Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki bir şəxsin Qur᾽anda istifadə olunan ifadələrdən istifadə etməsi heç də o demək deyildir ki, o, Qur᾽an kimi ikinci bir kitabı tərtib etməyə qadir və bacarıqlıdır.

İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan hər bir şəxs uca və gözəl saraylar tikə bilərmi? Əgər onların irəli sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün ərəb dilli xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək fəsahətli və bəlağətli xütbələr oxuyar və dinləyiciləri heyran qoyardılar.

Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» nəzəriyyəsini irəli sürməklə irad tutmaq istəmişlər. Nizamçılar belə bir əqidəyə əsaslanırlar ki, Qur᾽an kimi ikinci bir kitab yazmaq qeyri-mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, Allah-taalanın bu yolda çalışanları hədəflərinə çatmaqda nakam qoymasıdır. Amma bütün bunlar Qur᾽anın mö᾽cüzə olmasına əsla dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı səbəbə görə qəbul etmək qeyri-mümkündür.

1. Əgər «Sərfə» dedikdə, Allah-taalanın bütün insanlara Qur᾽an kimi ikinci bir kitab yazmaq bacarığı verə bildiyi halda, bunu heç kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. Lakin belə olduqda «Sərfə» nəzəriyyəsi təkcə Qur᾽ana deyil, peyğəmbərlərin bütün mö᾽cüzələrinə şamil olardı.

Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Qur᾽an kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil olduğu asanlıqla hamıya bəlli olar. Çünki bir çoxları Qur᾽anla mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını maneə ilə almamışdır. Onlar bütün sə᾽y və cəhdlərindən istifadə etmiş, lakin son mərhələdə Qur᾽anın fəsahət və bəlağətinin qarşısında aciz olduqlarını e᾽tiraf etmişlər.

2. Əgər Qur᾽anın e᾽cazı «Sərfə» ilə bağlı olsaydı, yə᾽ni Allah-taala Qur᾽anı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən məhrum etsəydi, onda heç olmasa Qur᾽an nazil olmazdan əvvəl yaşamış söz ustalarının əsərlərində Qur᾽anda istifadə olunan ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Qur᾽an müxalifləri öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə olunmadığı üçün mə᾽lum olur ki, Qur᾽anın e᾽cazı yalnız onun özünə aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün qeyri-mümkün bir işdir.

QUR᾽AN ƏVVƏLKİ SƏMAVİ KİTABLARLA MÜXALİFDİRmi?

4-cü səhv:

Deyirlər ki, Qur᾽anın mö᾽cüzə olduğunu qəbul etməyi, onu gətirən şəxsin doğruluğuna dəlil hesab edə bilmərik. Çünki Qur᾽anda nəql olunmuş əhvalatlar Tövrat və İncildə nəql olunmuş əhvalatlarla tamamilə ziddiyyət təşkil edir. Halbuki, Tövrat və İncil də Allah-taala tərəfindən göndərilmiş səmavi kitablardır.

Cavab:

Qur᾽an, Tövrat və İncildə nəql olunmuş qondarma dastanlarla müxalif olmaqla yanaşı, onları tənqid atəşinə tutaraq qətiyyətlə rədd edir və beləliklə qəlblərdəki şəkk-şübhələri aradan aparmaqla öz həqiqətini bəşəriyyətə sübut edir.

Çünki Qur᾽an, batil və xurafi əqidələrlə mübarizə aparan, Allah və Onun peyğəmbərlərinin müqəddəsliyinə xələl gətirən amillərə qarşı çıxan yeganə səmavi kitabdır.

Buna əsasən deyə bilərik ki, Qur᾽anın Əhdeyn kitabları ilə müxalif olması, onun həqiqi səmavi kitab olmasına tutarlı bir dəlildir.

Ötən fəsillərdə Tövrat və İncildə nəql olunmuş xurafi dastan və əhvalatlar haqda ümumi mə᾽lumat verib, onlardan bə᾽zilərinə işarə etdik. Orada sübuta yetirildi ki, hal-hazırda mövcud olan Tövrat və İncil Musaya və İsaya (ə) nazil olmuş həqiqi ilahi vəhylər toplusu deyildir. Qur᾽anın Allah tərəfindən nazil olmuş Tövrat və İncilə qarşı münasibətinə gəldikdə isə, qeyd etməliyik ki, Qur᾽an nəinki onlarla müxalifətçilik etmir, hətta onları tamamilə təsdiq edən ən mö᾽təbər bir sənəd də sayılır.

QUR᾽ANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR

5- ci səhv:

Deyirlər ki, Qur᾽anda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi kitab olduğuna dair şəkk və şübhə yaradır.

Məsələn, Ali-İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması əlaməti üç gün göstərilir.

قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا

«[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə [əl, baş və gözlə] danışmaq olacaqdır.»

Lakin başqa bir yerdə həmin əlamət üç gecə göstərilib.

قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا

«[Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışa bilməyəcəksən.» (Məryəm-10).

Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir.

Cavab:

Ərəb dilində «yovm» kəlməsi yalnız günün ağlığı (gün çıxandan gün batana qədər olan zaman) mə᾽nasında işlənilir.

69-cu surənin 7-ci ayəsində deyilir:

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا

«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.»

Göründüyü kimi, burada «yovm» kəlməsi gündüz, «ləyl» isə gecə mə᾽nasında işlədilmişdir.

Bə᾽zən də «yovm» kəlməsinin gecə ilə onun gündüzü mə᾽nasında işlədilməsinin şahidi oluruq:

تَمَتَّعُواْ فِي دَارِكُمْ ثَلاَثَةَ أَيَّامٍ

«[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin.» (Hud-65).

Bə`zən də, «ləyl» kəlməsi günəşin üfüqdə gizlənmə müddətinə deyilir:

وَاللَّيْلِ إِذَا يَغْشَي

«And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» (Şəms-1).

سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا

«Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7).

Bə᾽zən də «ləyl» gecəninqaranlığı ilə onun gündüzünə deyilir.

وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً

«[Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik və᾽də vermişdik.» (Bəqərə-51).

Göründüyü kimi, birinci ayədə «yovm» gecə ilə gündüz, ikinci ayədə isə «ləyl» gecə-gündüz, yə᾽ni bir gün mə᾽nasında işlənmişdir.

Bu iki ifadə - «yovm və ləyl» Qur᾽ani-Kərimin digər ayələrində də gecə-gündüz mə᾽nalarında işlənmişdir.

Buradan belə mə᾽lum olur ki, ayədə istifadə olunan bu ifadələrin hər biri eyni mə᾽na daşıyır. Demək, ayədə ziddiyyət deyil, əksinə uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və təfsir edir.

Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə yalnız gündüz mə᾽nasını daşımış olsun. Halbuki, «ləyl», həm də «yovm» gecə və gündüz mə᾽nalarını verir və belə olduqda heç bir ziddiyyətdən söhbət açmaq olmaz.

Bu, inkarolunmaz bir həqiqət olsa da, bə᾽zi inadkar və təəssübkeş insanlar Qur᾽anın əzəmətinə xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın İncilində də müşahidə edirik.

Orada deyilir: «Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən sonra cəsədinin yerdə yalnız üç gün dəfn olunacağı haqda xəbər verdi.» (12-ci fəsl).

Lakin həmin kitabın digər fəsillərində və digər İncillərdə bu haqda deyilir: «Məsih çox qısa bir müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi günləri yerdə dəfn olundu.

Bu İncilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy adlandıran şəxslərdən soruşun: Dediyiniz üç gecə-gündüz ilə İncildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?!

Təəccüb doğuran burasıdır ki, qərb alimləri xürafat və mövhumatlarla dolu olan İncil və Tövrata iman gətirib, haqq-ədalət me᾽yarı olan Qur᾽andan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk etmək istəmirlər.

Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur.

İKİNCİ:

Onlar deyirlər: Qur᾽anda nəzərə çarpan ikinci ziddiyyətli məsələ bundan ibarətdir ki, bə᾽zən insanların öhdəsinə düşən vəzifə yalnız onların özlərinə aid edilir:

فَمَن شَاء فَلْيُؤْمِن وَمَن شَاء فَلْيَكْفُرْ

«Kim istəyir inansın, kim də istəyir inanmasın [kafir olsun]» (Kəhf-29), bə᾽zən də bütün işlərin Allahın ixtiyarında olduğu bəyan edilir.

وَمَا تَشَاؤُونَ إِلَّا أَن يَشَاء اللَّهُ

«Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (İnsan)-30).

Ümumilikdə götürsək, Qur᾽anın bə᾽zi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bə᾽zi ayələrdə də onların heç bir ixtiyara malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə həyata keçməsi bildirilir.

Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək olmaz.

Cavab: Qur᾽an insanların öhdəsinə düşən vəzifələrin bə᾽zən onların özlərindən, bə᾽zən də Allahın istək və iradəsindən asılı olduğunu bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır.

1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bə᾽zi işləri öz ixtiyarı ilə görməyə qadir olduğu kimi, onu tərk də edə bilər.

Bu səbəbdən də əql və düşüncə sahibləri insanları onların gördükləri saleh əməl və xeyirxah işlərə görə daim tə᾽rifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə aid olan işlərdə azad olsa da, görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun ixtiyarından xaricdir.

Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət bəsləməsini buna misal çəkmək olar. Diqqət yetirilsə mə᾽lum olar ki, insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə, həmin işlərin müqəddiməsini isə Allah-taalanın istək və iradəsi ilə əlaqələndirmək olar.

2. Kəlam elmində sübuta yetirilmişdir ki, aləmdə mövcud olan varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə, qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam etdirməkdə də labüd olaraq Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.

Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şe᾽rə də bənzədə bilərik. Belə ki, həmin şe᾽r üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.

Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.

Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi, aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır.

Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir.

Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari (azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və iste᾽dadlardan istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bə᾽zi səbəblərə görə Allahdan asılıdır.

Qur᾽an da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır. Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun beynəl-əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq «cəbr» (yə᾽ni, insan bütün işləri ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yə᾽ni, insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal çəkməyi daha məqsədə uyğun görürük.

Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun qolunu hərəkətə gətirməklə bə᾽zi işləri görməkdə ona kömək edir. O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynəl-əmreyn» prinsipi əsasında qəbul edəcəyik. Çünki xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.

Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və nə də təfviz adlandırırlar. Onların fikrincə, insan görmək istədiyi işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də buna tə᾽sir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb olunur. Qur᾽anda rast gəldiyimiz bir çox ayələr bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə yanaşı, Allahın da istək və iradəsinin tə᾽sirli olması açıq-aşkar bəyan olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar.

Hədislərdən birində deyilir:

«İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz bəndələrini xoşagəlməz işlərə vadar edirmi?

Buyurdu: Xeyr.

Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı?

Buyurdu: Xeyr.

Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin.

İmam (ə) buyurdu: Allah-taala Öz lütf və mərhəmətini öz bəndələrinin üzərindən bir an olsun belə, kəsmir və insanlar gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət edirlər.» (Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynəl-əmreyn fəsli).

İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bu nə cəbrdir, nə də təfviz, (ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir.» (Həmin mənbə).

Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, Qur᾽an ayələri zahirdə cəbr və ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni mə᾽na və eyni məqsəd daşıyırlar. Bu ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və təfsir edir. Belə ki, ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm də Allahın istək və iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynəl-əmreyn» yoludur.

  588
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment