Azəri
Tuesday 21st of May 2019
  523
  0
  0

IKI DÜNYA ARASINDAKI ӘLAQӘ

IKI DÜNYA ARASINDAKI ӘLAQӘ

Keçən söhbətimizdən bu dünya ilə axirət dünyasının quruluşu arasındakı fərqlər aydınlaşdı. Indi isə bu iki dünya arasındakı əlaqənin nədən ibarət olmasına baxaq.

Dünya ilə axirət arasında əlaqə bərqərar olmasında heç bir şəkk-şübhə yoxdur. Onların arasında çox möhkəm bağlılıq və əlaqə vardır. Dünya ilə axirət arasındakı əlaqə bir ömürün iki hissəsi və ilin iki fəsli kimidir. Bir fəsildə əkmək, digər fəsildə isə biçmək lazımdır. Ümumiyyətlə, onlardan biri əkin, digəri isə biçin, biri toxum, digəri isə meyvədir. Axirətdəki cənnət və cəhənnəm burada yaranır. «Təfsirul-mizan» kitabının 13-cü cildinin 23-cü səhifəsində nəql edilmiş bir hədisdə belə deyilir:

«Cənnət hal-hazırda heç bir əkini olmayan boş bir səhradır. Burada deyilən «Subhənallahi vəlhəmdu-lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la quvvətə illa billahil əliyyil əzim» zikrləri orada əkilən ağaclardır».

«Vəsailuş-şiə» kitabının 2-ci cildinin 1208-ci səhifəsində əziz Islam Peyğəmbərindən (s) nəql edilmiş digər bir hədisdə belə deyilir:

«Me`rac gecəsi cənnətə daxil oldum və gördüm ki, mələklər qızıl və gümüş palçıqla bənnalıq edir, bə`zən isə işdən əl çəkirlər. Onlara dedim ki, nə üçün gah işləyir, gah da dayanırsınız? Dedilər ki, tikinti mallarının gəlməsini gözləyirik. Soruşdum ki, tikinti malları nədir? Onlar dedilər ki, tikinti malları mö`minin dünyada dediyi «Sübhənallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər» zikrləridir. Mö`minlər həmin zikrləri deyəndə biz tikir, dayananda isə əl saxlayırıq.»

Həmin kitabın 1206-cı səhifəsində, Peyğəmbərin (s) belə buyurduğu nəql edilib:

«Allah-taala cənnətdə (mö`minlərin bu dünyada dedikləri) «Sübhanəllah», «Әlhəmdu-lillah», «La ilahə illəllah» zikrlərinin hər biri üçün bir ağac əkər.

Qureyş qəbiləsindən olan bir kişi dedi: Onda bizim cənnətdə çoxlu ağaclarımız var.

O həzrət buyurdu: Bəli, amma diqqətli olun ki, od göndərərək onları yandırmayasınız. Bunun dəlili Allah-taalanın bu ayəsidir ki, buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ

«Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxarmayın!» (Məhəmməd-33).

`ni bu dünyadakı yaxşı işlərinizlə cənnət ağacları yaratdığınız kimi, pis işlərinizlə cəhənnəm odu yaradırsınız və həmin od öz yaxşılıqlarınızla yaratdıqlarınızı məhv edə bilər.

Digər bir hədisdə isə belə buyurub: «Od ağacı yandıraraq külə döndərdiyi kimi, həsəd də insanın imanını yandırıb məhv edər.»

Bütün bunlardan mə`lum olur ki, cəhənnəm də, cənnət kimi boş səhradır. Orada olan od və əzablar, insanın öz əli ilə yandıraraq göndərdiyi günahların cilvəsidir.

Zahid məni aldatma, Cəhənnəmdə od olmaz

Onlar ki, yanarlar, odu burdan apararlar.

Təqva və yaxşı işlərdən cənnətin huri, qəsr və əbədi ne`mətləri yarandığı kimi, çirkinlik və murdarlıqlardan da cəhənnəmin ilan, kərtənkələ, qaynar su və zəqqum yeməkləri yaranır. Allah-taala cəhənnəm əhli barəsində belə buyurur:

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُوْلَئِكَ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ

«Bizi aciz buraxacaqlarını (əzabımızdan qaçıb canlarını qurtara biləcəklərini) zənn edərək ayələrimizi (batil etməyə) cəhd göstərənlər isə şiddətli bir əzaba düçar olacaqlar». (Səba-5).

ÜÇ NÖV CӘZA

«Iki dünya arasındakı fərqlər» və «iki dünya arasındakı əlaqə» başlıqlı söhbətlərimiz indi barəsində danışmaq istədiyimiz məsələ, yə`ni cəzaların növləri barəsindəki söhbətimiz üçün müqəddimə idi. Biz indiki söhbətimizdə axirətdəki cəza növlərinin dünyadakı cəza növlərindən fərqli olmasını sübut etmək istəyirik. Cinayətlə cəza arasında tənasüb olmaması barəsində edilmiş iradın cavabı bu fərqin başa düşülməsindən asılıdır.

Cəza üç növdür:

1. Şərti cəza; (tənbih və ibrət).

2. Günahla təbii və birbaşa əlaqəsi olan cəza; (dünyadakı cəzalar).

3. Cinayətin öz cilvəsi olan və ondan başqa bir şey olmayan cəzalar (axirət əzabları).

TӘNBIH VӘ IBRӘT

Birinci cəza növü insan cəmiyyətlərində ilahi və ya qeyri-ilahi qanunvericilər tərəfindən müəyyənləşdirilmiş cəza qanunlarıdır. Həmin cəza növlərinin iki faydası vardır. Onlardan biri cəzadan yaranan qorxu nəticəsində, həmin cinayətkarların yaramaz işlər törətmələrinin qarşısının alınmasıdır. Buna görə də həmin cəza növlərini tənbih adlandırmaq olar. Onun digər faydası isə, zərər çəkmiş tərəfin sakitləşməsi və təsəlli tapmasıdır. Bu fayda, cinayət başqalarına qarşı törədildikdə və onların haqlarının pozulduğu təqdirdədir.

Insanda intiqam və ondan yaranan rahatlanma hissi çox güclüdür və həmin hiss deyəsən ibtidai icma quruluşları vaxtı, indikindən də güclü olub. Әgər canini qanun yolu ilə cəzalandırmasaydılar, cəmiyyətdə həddindən artıq çox pozğunçuluq və özbaşınalıq yaranardı. Bu hiss insanda indi də vardır və ən azı mütərəqqi cəmiyyətlərdə bir az zəif və ya gizlidir. Zülmə mə`ruz qalmış insanda, ruhi gərginlik yaranır və əgər onun həmin gərginliyi aradan qaldırılmasa o bilərəkdən və ya bilmədən bir gün cinayət törədə bilər. Amma cinayətkarı onun gözü qarşısında cəzalandıranda, onun gərginliyi aradan gedir və ruhu, kin-küdurətlərdən təmizlənir.

Cinayətkarların tərbiyə olunmaları və cəmiyyətdə nizam-intizam yaradılması üçün cəza qanunlarının olması lazım və zəruridir və heç bir şey onun yerini tuta bilməz. Bə`zilərinin «cinayətkarı cəzalandırmaq əvəzinə tərbiyə etmək və həbsxana əvəzinə tərbiyə evləri yaratmaq lazımdır» sözləri bir növ «söz oynatmaq» kimidir. Cinayətkarı tərbiyə etmək və tərbiyə evləri yaratmaq şübhəsiz ki, lazımlı və zəruri bir işdir və düzgün tərbiyənin, cinayətin sayını azaltması qətidir. Unutmaq olmaz ki, cinayətlərin baş verməsinin səbəblərindən biri, ictimai qarışıqlıqlar olduğu kimi, düzgün ictimai, iqtisadi və mədəni sistemlərin yaradılmamasıdır və belə mərkəzlərin yaranması cinayətlərin azalmasında mühüm rola malikdir. Amma bunların heç biri digərinin yerini tutmur. Nə tərbiyə və ədalətli quruluş cəzanın canişini ola bilir və nə də cəza, düzgün tərbiyə və ictimai quruluşun yerini tuta bilir.

Tərbiyə nə qədər düzgün və ictimai quruluş nə qədər ədalətli və sağlam olsa da, yenə azğın və itaətsiz insanlar tapılırlar və onların qarşısının alınmasının yeganə yolu, bə`zən hətta çox ağır formalı cəzalardır.

Imanı gücləndirmək, düzgün tərbiyə üsulu yaratmaq, cəmiyyəti saflaşdırmaq və cinayətin yaranma səbəblərini aradan aparmaqla cinayətlərin sayını çox azaltmaq olar və həmin yollardan istifadə edilməsi zəruridir. Amma inkar etmək lazım deyil ki, cəza da öz yerində lazımdır və başqa şeylərin heç biri, onun göstərdiyi tə`sirə malik deyil. Bəşəriyyət hələ ki, nəsihət vermək, yol göstərmək və digər tə`lim-tərbiyə vasitələri ilə bütün insanları tərbiyə etməyə nail olmayıb və bəlkə heç bundan sonra da olmayacaq və indiki maddi həyat tərzi və mədəniyyətin belə bir iş görəcəyinə, heç vaxt cinayət törədilməycək bir şərait yarada biləcəyinə ümid də yoxdur. Bu günki mədəniyyət, cinayətləri nəinki azaltmayıb, hətta onları daha da çoxaldıb.

Qədimdə aftafa oğurluğu, cib kəsmək və yol kəsmək formasında həyata keçirilən cinayətlər, bu gün minlərlə görünən və görünməyən, gizli və aşkar formalarda baş verir. Müasir dövrdə böyük ticarət gəmilərinin, avtomobil və təyyarələrin oğurlanması halları ilə rastlaşırıq.

Dediyimiz dəlillərə görə, insan cəmiyyətləri üçün şərti cəza qanunlarının zəruri və xeyirli olmasını qəbul etmək lazımdır. Amma əvvəldə qeyd etdiyimiz kimi, cəza qanunlarını müəyyənləşdirənlər, cinayətlə cəza arasındakı uyğunluqlara riayət etməlidirlər.

Amma maraqlı burasıdır ki, axirət dünyasında bu cür qanunların olması ağıla batan deyil. Çünki, orada nə cinayətin təkrarlanması və nə də intiqamdan yaranan rahatlıq hissi məsələsi var və nə də axirət əməl yeri deyil ki, insanı cəzalandırmaq onun ikinci dəfə həmin çirkin əmələ mürtəkib olmaması məqsədi daşısın. Həmçinin Allah-taalada intiqam və ondan yaranan rahatlıq hissi yoxdur ki, O, ürəyini soyutmaq üçün intiqam alsın. Orada məzlumların, xüsusilə Allah övliyaları və geniş ilahi rəhmət təzahürlərindən zülmə mə`ruz qalanların ürəklərini soyutmaq məsələsi də mövcud deyil. Mə`lumdur ki, Allah övliyalarından olmayan şəxs üçün belə, həmin dünyada bir az xeyir, rəhmət və bağışlanma əldə etmək, düşməndən intiqam almaqdan daha üstündür.

Bundan əlavə bütün əzablar insanların hüquqlarına aid olmadığı üçün, ilahi ədalətin, məzlumların zalımlardan intiqam almaqla razı salınmasını tələb etməsini demək olmaz. Әzabların mühüm bir hissəsi şirk, riya, Allaha ibadətin tərk edilməsi kimi insanların haqqı deyil, Allahın haqqı ilə bağlı məsələlərdə olacaq. Belə olan şəraitdə, dünya cəzalarında dediyimiz iki tə`sir və xüsusiyyətin heç biri mövcud olmur.

DÜNYA CӘZALARI

Cəzaların ikinci növü cinayətlə səbəb-nəticə əlaqəsinə malik olan cəzalardır. Yə`ni həmin cəza görülmüş cinayətin nəticə və təbii məhsuludur. Bu cəzaları «əməlin cəzaları» və ya «günahın vəz`i əsəri» adlandırırlar. Günahların çoxu, bu dünyada ona mürtəkib olana xoşagəlməz vəz`i tə`sirlər göstərir. Məsələn, şərab içmək ictimai ziyanlara səbəb olmasından əlavə, şərab içənin ruhi və cismi vəziyyətinə bir sıra zərərlər də gətirir. Şərab içmək sinirlərin pozulması, qanın laxtalanması və qara ciyər xəstəliklərinin yaranmasına səbəb olur. Fahişəlik bir çox cinsi və infeksiya xəstəlikləri yaradır.

Bunlar günahın zati tə`sirləridir və qanuni cəzalar olmadıqları üçün cinayətlə cəza arasında tənasübün riayət edilməsi məsələsi burada irəli sürülə bilməz. Nəsihət verənin sözlərinə qulaq asmayan və öldürücü zəhəri başına çəkən şəxs mütləq öləcəkdir. Həmin ölüm zəhər içməyin təbii nəticəsi və vəz`i tə`siridir. Indi burada kiminsə «bu yazıq yalnız beş dəqiqə günah iş gördü, nə üçün ölümə düçar oldu və varlığını əldən verdi?» deməsi səhv bir işdir. Әgər birinə «özünü dağdan atsan öləcəksən» desələr, onun «mənim özbaşınalığımla bu ağır cəza arasında nə tənasüb və uyğunluq var?» deyib e`tiraz etmək haqqı yoxdur. Burada, məsələ səbəb-nəticə qanunu məsələsidir. Özünü dağdan atmaq və ya zəhər içmək səbəb, ölmək və məhv olmaq isə onun nəticəsidir. Həmin səbəblərin nəticəsi budur və bundan başqa cür ola da bilməz.

Cinayətlə cəzanın tənasüblüyü məsələsi, əlaqələri zati və gerçək olmayan şərti cəzalara aiddir. Amma təbii cəzalar əməlin nəticəsi və ayrılmaz hissəsidir və bu kitabın ikinci fəslində dediymiz kimi, dünyanın səbəb-nəticə qanununda hər bir şeyin öz yeri var və həqiqi səbəbin həqiqi nəticəyə səbəb olmaması qətiyyən mümkün deyil.

Dünya ilə axirətin fərqlərindən danışarkən dedik ki, dünya əkin, axirət isə biçim mövsümüdür. Amma bə`zi əməllər öz nəticələrini elə bu dünyada göstərirlər, necə deyərlər, biçin elə burada olur. Әlbəttə bu, yə`ni əməlin nəticəsinin burada alınması və biçinin burada olması, ilahi cəzanın bir növüdür. Amma bu kamil cəza deyil. Dəqiq hesab və tam cəza axirətdə olacaq. Dünya əməl evidir və onda bə`zən cəza da görünür. Amma axirət yüz faiz cəza və hesab evidir və orada əmələ heç bir imkan yoxdur.

Allahın yaratdıqları məxluqlarla bağlı işlər – istər xalqa xidmət olsun, istərsə də pislik — adətən onun axirət cəza və mükafatından heç bir şey əskilmədən bu dünyada cəza və mükafatlandırılır.

Valideynə pislik bu dünyada cəzalandırılır, xüsusilə əgər həmin pislik valideyni öldürmək olsa. Hətta insanın ata və anası fasiq və kafir olsalar belə, onlara qarşı edilmiş pislik nəticəsiz qalmır.

Abbasi xəlifələrindən olmuş Müntəsir atası Mütəvəkkili öldürdü və qısa bir müddətdən sonra özü də öldürüldü. Halbuki Mütəvəkkil çox xəbis və alçaq bir adam idi. Mütəvəkkil özünün şənlik məclislərində Әmirəl-mö`minin Әli əleyhissalamı məsxərə edirmiş. Onun təlxəkləri özlərini o həzrətin şəklinə salır və onu yamsılayaraq məsxərə edirmişlər və öz şe`rlərində Әli əleyhissalama qarşı nalayiq sözlər işlədirmişlər. Müntəsir atasının Həzrət Zəhra (s.ə.)-nı söyməsini eşidir və böyük şəxsiyyətlərin birindən, onun cəzasının nə olmasını soruşur. Həmin şəxs deyir ki, onun cəzası öldürməkdir, amma bil ki, atasını öldürənin ömrü qısalar. Müntəsir deyir ki, mən Allahın itaətində ömrümün qısalmasından qorxmuram. O, atasını öldürür və ondan sonra yeddi aydan çox yaşamır. (Səfinətul-bihar, 10-cu cild, səh.296).

Әli əleyhissalam xalqa yaxşılıq və xidmət etməyin bu dünyadakı əksül-əməli barəsində belə buyurub:

«Birinə yaxşılıq etdikdən sonra onun sənə təşəkkür etməməsi və ya nankorluq etməsi, səni yaxşı işlər görməkdən soyutmasın. Sən öz mükafatını, həmin şəxsdən almaq istədiyindən də çox miqdarda, heç bir yaxşılıq etmədiyin digər birisindən alacaqsan. Hər halda dünya sənin mükafatını qaytaracaq, hətta sən heç vaxt gözləmədiyin yerdən olsa belə!»

Mövləvi əməl və əksül-əməl barəsində belə deyir:

Məzmunu belədir: Bu dünya dağ, əməllərimiz isə nidadır; dağdan bizə tərəf səs qayıdıb gələr.

Başqası isə dünyanın cəza və mükafatları barəsində belə deyib:

Məzmunu belədir: Mən öz gözümlə gördüm ki, bir keçiddə bir quş qarışqanın canını aldı; amma o, başını ovdan qaldırmamışdı ki, başqa bir quş gəlib onun işini bitirdi; pislik edəndə onun afətindən amanda olmağını güman etmə ki, təbiətə cəza vermək vacib edilib.

Әlbəttə, bir nəfər və ya qrupa zərər və ziyan dəyəndə, belə fikirləşməməliyik ki, həmin zərər-ziyan, mütləq onların əməllərinin cəzasıdır. Çünki bu dünya müsibətlərinin digər fəlsəfələri də vardır. Hər halda, bizim fikrimizcə bu dünyada əməlin cəzası məsələsi mövcuddur.

  523
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment